Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:43

Arabam sınıq-sınıq…


Arxiv foto
Arxiv foto
-
“Zirzəmidə yaşayıram. 2-ci qrup əliləm. Arabam sınıq-sınıqıqdır. Neçə dəfə aşıb, yıxılmışam. Bir araba istəyirəm”.

Bu istəyini AzadlıqRadiosunun “Qaynar xətt”i vasitəsilə elan edən 51 yaşlı Kübra Əliyevadır. 6 yaşında ikən keçirdiyi avtomobil qəzası onu ömürlük əlil arabasına pərçim edib. Deyir, yadında qalanlar budur ki, bu yaşa qədər 2 əlil arabası dəyişib. İlk araba ona Sovet hökuməti vaxtı Sosial Müdafiə Nazirliyi tərəfindən verilib. İkinci və hazırda işə yaramayan arabanı 25 il əvvəl dayısı hədiyyə edib. Deyir, dayı da çoxdan bu dünyada yoxdur. İndi ümidini hökumətə və xeyirxah adamlara bağlayıb:

“Hökumətə demirəm mənə ev versin, demirəm yemək versin, bilirəm ki, desəm də verən deyil. Ancaq bu araba ki var, əlil üçün hava və su kimi şeydir”.

Kübra Əliyeva deyir, 10 il əvvələ qədər adda-budda ayağa qalxıb evdə gəzirmiş. 10 ildir ki, tamamilə gəzə bilmir. Qarşıda isə onu cərrahiyyə əməliyyatı gözləyir. Həm də bahalı əməliyyat:

“Həkimlər deyirlər ayağım kəsilməli, protez qoyulmalıdır. Hardasa 25 min manata başa gəlir. Hara, kimə deyim, bilmirəm. Heydər Əliyev Fonduna da, prezidentə də yazmışam. Cavab yoxdur. Ayda 52 manat əlillik pensiyası alan əlil 25 min manatlıq əməliyyata necə girsin”?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəd edir ki, 2014-cü ildə alınacaq əlil arabasından bu əlilə də düşəcək.

Əməliyyatın xərclərinə gəlincə, əlil xanım gözünü xeyirxah adamların əlinə dikib.
XS
SM
MD
LG