Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:42

«Səttar müəllim gözütox, ədalətli adamdır»


Səttar Mehbalıyev
Səttar Mehbalıyev
-
Ötən həftə özünü yandırmış Qarabağ əlilinin ölümünə görə, hələlik, heç kimin cəzalandırılmaması ölkə mediasında və sosial şəbəkələrdə müzakirə mövzusudur. Zaur Həsənovun intiharına gətirib çıxaran səbəblərin araşdırılmamasını özəlliklə sosial şəbəkə fəalları, eləcə də vətəndaş cəmiyyəti üzvləri pisləyirlər.

Dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) binası önündə üstünə benzin tökərək özünü yandıran Zaur Həsənov 3 gün sonra keçinib. O, 1995-ci ildən bəri Bibiheybətdə işlətdiyi kafenin AHİK-in iddiası ilə sökülməsinə etiraz edib.

Olayla bağlı hələlik cinayət işi açılmayıb. Baş Prokurorluq ötən həftə yaydığı açıqlamada fakt üzrə «məhkəmə-tibbi ekspertizanın təyin edildiyini» deməklə kifayətlənib.

15 İLLİK SƏDR FƏALİYYƏTİ

AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevi istefaya çağıran fikirlər də səslənir. Konfederasiyadan AzadlıqRadiosuna bildirilib ki, qurum seçkili orqandır və Mehbalıyevi qurultay seçdiyindən, qurultay da geri çağıra bilər.

1993-cü ilin fevralından – AHİK yaranandan bəri qurumun sədri olan Mehbalıyev bu il konfederasiyanın beşinci dönəm sədri seçilib. Bəs son olayı gözə alarkən, növbədənkənar qurultayın keçirilməsi nə dərəcədə real görünür? Özünü Səttar Mehbalıyevin köməkçisi kimi tanıdan şəxs sualı qurumun mətbuat xidmətinə ünvanlamağı məsləhət görsə də, xidmətdən cavab almaq mümkün olmadı.

Səttar Mehbalıyev bu günlərdə publika.az-a açıqlamasında Zaur Həsənovun ailəsinə dövlət yardımından bəhs edib və özünün günahkar olmadığını bildirib:

«İndi bu məsələdə kimlərsə məni günahkar sayır. Ancaq mən nə üçün günahkar olmalıyam? Məgər mən məhkəməyəm? Məhkəmənin qərarı olub. Axı bu məsələdə mənim nə günahım olmalıdır?».

HÜSEYN ABDULLAYEV MÜQAYİSƏSİ

Aslan İsmayılov
Aslan İsmayılov
Hüquqşünas Aslan İsmayılov olaya görə heç kəsin cəzalandırılmamasının səbəbini cəmiyyətin münasibətində görür. O, fikrini Sumqayıtdakı tortkəsmə mərasiminə Zaur Həsənovun dəfnindən daha çox adam gəlməsiylə əsaslandırır.

Hüquqşünas hadisəylə bağlı hələ də cinayət işinin açılmamasını belə şərh edir:

«Milli Məclisin sessiyası çağırılaraq, Səttar Mehbalıyevin deputat toxunulmazlığı götürülməli, haqqında cinayət işi qaldırılmalıydı. Necə olur ki, nazirləri tənqid etdiyinə görə Hüseyn Abdullayevin başına torba keçirib apardılar. Həmin gün onun toxunulmazlığını götürərək haqqında cinayət işi açdılar, amma Səttar Mehbalıyevə bunu edə bilmirlər? Hərçənd, bu gün cinayət işinin açılmasına olan əsaslar qədər sübut bəlkə də heç vaxt olmayıb».

«MEHBALIYEVİ HƏDƏFƏ ALMAQ DÜZGÜN DEYİL»

«Məhkəmə mübahisəsi şəxsən Səttar Mehbalıyevlə deyil, onun rəhbərlik etdiyi konfederasiya ilə tikililərə icazə verən bələdiyyə arasında getdiyindən Mehbalıyevi hədəfə almaq düzgün deyil». – Bunu AzadlıqRadiosuna Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyir. Deputat məsələyə hüquqi yanaşmada yanlışlıq olduğuna diqqət çəkir:

«Mən haqqın tərəfdarıyam. Biz Səttar Mehbalıyevi mətbuat terroru, mənəvi terror altında saxlamamalıyıq. Bu adamı tanıyıram. Səttar müəllim gözütox, ədalətli adamdır. Məsələ məhkəmə prosesində həll olunmalıydı».

Mübariz Qurbanlı
Mübariz Qurbanlı
Mübariz Qurbanlı eyni zamanda Qarabağ veteranının özünüyandırma həddinə çatmaması üçün tədbirlər görülə biləcəyini, bu hadisəni önləməyin mümkün olduğunu da söyləyir. Onun sözlərinə görə, Qarabağ müharibəsində əlil olanların sayı 11 minə qədərdir, onlardan təxminən 500-ü ağır zədə almışlardır. Zaur Həsənov da belələrindən idi.

«ALI MƏHKƏMƏDƏ O İDDİAYA MÜRACİƏT VAXTI BİTDİYİ ÜÇÜN BAXILMAYIB»

Hüquqşünas Aslan İsmayılov isə düşünür ki, Səttar Mehbalıyevlə yanaşı, ədalətsiz məhkəmə qərarları çıxaranlar, bu göstərişi verənlər da günahkardır. Hüquqşünas özəlliklə Ali Məhkəmənin sədri Ramiz Rzayevin məsuliyyətə cəlb olunmasını vacib sayır. Axı Ramiz Rzayev Zaur Həsənovun işinə Ali Məhkəmədə baxılmadığını söyləsə də, İsmayılov işə Ali Məhkəmə üzvü Azər Hüseynovun sədrliyi ilə baxıldığını bildirir.

Ali Məhkəmənin sözçüsü Allahverən Məmmədli bunun əksini deyir:

«Azər Hüseynovun sədrliyi ilə keçilən iclasda o iddiaya vaxtı bitdiyi üçün baxılmayıb, rədd olunub. Yəni müraciət vaxtı bitdiyinə görə Ali Məhkəmə məsələyə baxmayıb. İşə birinci instansiya məhkəməsi, apellyasiya məhkəməsi baxıb».

«BÜTÜN MEXANİZM CƏZALANARSA, BAŞQALARINA DA DƏRS OLAR»

Aslan İsmayılovun sözlərinə görə, hadisəyə görə cəzanı yalnız bir şəxs çəkməməlidir:

«Burda mən Səttar Mehbalıyevdən daha çox məhkəmə sisteminin günahını görürəm. Bilirsiniz, hamısı dekorasiyadır, istəyirsən Mehbalıyevi həbs etmə, ayağından as, heç bir təsiri olmayacaq. Yalnız bütün mexanizm cəzalanarsa, başqalarına da dərs olar».

Dekabrın 30-da bir gün öncə Zaur Həsənovun ölümüylə bağlı etiraz aksiyası keçirmiş gənclərə günlük həbslər və pul cərimələri kəsilib. Etirazçılar Qarabağ veteranının ölümünə görə günahkarların cəzalandırılmasını istəyiblər.
XS
SM
MD
LG