Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:56

İxtisara düşdü, ürəyi partlayıb öldü...


Foto: Arxiv
Foto: Arxiv
-
«İşdə ona deyiblər ki, ixtisara düşürsən – ayın 15-dən ərizəni alıb səni işdən çıxaracağıq. O da gəlib evə, fikirdən o qədər stress keçirib ki, ürəyi dayanıb, rəhmətə gedib».

«BEŞ BAŞ AİLƏ QALIB HAVADA»

Yanvarın 2-də vəfat etmiş İsmayıl Umudovun qardaşı Qurbanxan AzadlıqRadiosuna onun ölümündən danışır. 55 yaşlı İsmayıl Salyan rayon Kürsəngi kəndində yaşayırdı:

«Ailə başçısı idi, ondan başqa ailədə işləyən yox idi. Krediti vardı. İndi ailə qalıb havada. Beş baş ailədir. Fikirləşib ki, indi nə təhər yaşayacağam».

Qohumlarının dediyinə görə, İsmayıl Umudov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tamponaj idarəsində işləyirmiş.

BEYNƏLXALQ STANDARTLARA UYĞUN FƏALİYYƏT

ARDNŞ dekabrın son günlərində bildirib ki, qurum strukturca təkmilləşdirildiyindən Kompleks Qazma İşləri İdarəsinin 7 tresti bağlanır. apa-nın məlumatına görə, bunu şirkətin prezidenti Rövnəq Abdullayev jurnalistlərə belə söyləyib:

«İndi sovet dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan. Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq standartlara cavab vermir. Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika idarələrində, həmçinin «Azəriqaz» İstehsalat Birliyində də aparılacaq».

ARDNŞ rəhbəri onu da vurğulayıb ki, trestlərin ləğvi nəticəsində ixtisara düşən 1100 işçinin çoxu yenidən işlə təmin olunacaq və qalanlarına təzminat ödənəcək.

«FAĞIRLARI ÇIXARIB YERİNƏ ÖZ ADAMLARINI GÖTÜRÜRLƏR»

Azər Quliyev
Azər Quliyev
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin hüquqşünası Azər Quliyev deyir ki, ştatların ləğvinə dair işçilərə 2 ay öncədən xəbərdarlıq edilməli, işdən çıxanda onlara biraylıq müavinət verilməlidir. Həmin işçi yeni işə düzələ bilmədiyi və məşğulluq idarəsindən arayış gətirdiyi halda, ona azı 5 aylıq müavinət ödənməlidir:

«ARDNŞ bəyan edib ki, müəssisələr ləğv olunur. Müəssisə hüquqi şəxsdir, ancaq qazma idarəsinin trestləri hüquqi şəxs deyil. Onda onların ləğvindən danışmaq olmaz. Onda gərək qazma idarəsi özü ləğv olunsun. Yəni burada işçilərin və ştatların ixtisarından söhbət gedir».

Hüquqşünas ixtisarların düzgün istiqamətdə, qanuni əsasla aparılmadığını düşünür. Əks halda, onun sözlərinə görə, neft şirkətində illərdir davam edən islahatlar müsbət nəticəsini göstərərdi:

«Artıq 5 ildir hər il ARDNŞ-dən minlərlə işçi ixtisar olunur. Bəs niyə neft şirkətinin işçilərinin sayı azalmır? Çünki fağırları, adamsızları işdən çıxarıb yerlərinə öz adamlarını, qohum-əqrəbalarını götürürlər. Neft şirkəti bir tərəfdən müəssisələri ixtisar edir, digər tərəfdən yeni müəssisələr yaradır. Bir tərəfdən deyir «mənə uşaq bağçaları, yataqxanalar lazım deyil», digər tərəfdən, məsələn, neft şirkətinin 50 faiz pay sahibi olduğu yeni yaranan gəmiqayırma zavodunda uşaq bağçaları, digər müəssisələr yaradılır».

ƏVVƏL MÜDDƏTLİ MÜQAVİLƏ, SONRA...

«Bahar Energy Operating Company» (BEOC) şirkəti də yanvarın 1-də rəsmi məlumat yayaraq, 2014-cü ildə 147 əməkdaşla əmək müqaviləsini yenidən bağlamayacağını bildirib.
Foto: Arxiv
Foto: Arxiv
Şirkət qərarı «biznes prosesini avtomatlaşdıran daha effektiv şirkətə çevrilmək səyləri ilə» izah edib. İxtisara düşənlərə yarımillik əməkhaqqı həcmində kompensasiya təyin olunub.

Hüquqşünas Azər Quliyev deyir ki, «Bahar Energy»də ixtisar olunanlarla müddətli müqavilə bağlanıbmış və həmin əməkdaşlar bununla əvvəlcədən razılaşmamalı idilər.

Şirkətin ixtisarlara dair rəsmi məlumat yaysa da, ixtisara düşənlərin bir çoxu işə qaytarılacağına ümid edir və bu səbəbdən şikayətlərini ictimailəşdirməkdən çəkinir. Onlar ümidlərini yanvarın 7-də şirkət rəhbərliyi ilə görüşə bağladıqlarını söyləyirlər.

«FƏHLƏNİ NİYƏ ÇIXARIRSAN?»

Adının çəkilməsini istəməyən bir əməkdaş:

«Kim işləyirsə, onu çıxarıblar. Quyunun, mədənin işini aparanlar var. Avtomatlaşdırırsan, yuxarıda boş-boş gəzənləri, 3-5 min alanları çıxar, fəhləni niyə çıxarırsan?».

İxtisar xofundan ürəyi partlamış İsmayıl Umudovun qardaşı Qurbanxan isə ailənin sonrakı taleyindən narahatdır:

«Heç idarə rəhbərliyindən kimsə gəlib maraqlanmayıb. Hüzrə gələydilər, heç olmasa. Ancaq iş yoldaşları gəlmişdi. Bir yardım göstərən də yoxdur. Kasıb ailədir... başçısı getdisə, deməli, ailə də getdi də...».
XS
SM
MD
LG