Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:55

İsmayıllı məhbusunun körpəsi imkansızlıqdan əməliyyat olunmur...


Sergey Şaranov və Gülüstan Şaranova
Sergey Şaranov və Gülüstan Şaranova
-
İsmayıllı hadisələri ilə bağlı həbs olunanlardan Xəyal Şaranovun valideynləri ailənin çıxılmaz vəziyyətə düşdüklərini deyərək fəryad edirlər. Xəyal Şaranovun atası Sergey Şaranov deyir ki, artıq məhkəmədən də ədalətli hökm gözləmirlər:

«Bir ildən çoxdur ki, övladlarımız həbsdədir. Bunun bir sonu olmalıdır, deyilmi? Heç yerdə işləmirik. Mən özüm artıq neçənci prosesdir ki, Şəkiyə övladımın məhkəməsinə gedə bilmirəm. Həm imkan sarıdan, həm də xəstəyəm. Ailəmizdə bir işləyənimiz Xəyal idi. Mənə ümumiyyətlə işləmək qadağandır, həkim deyir işləmə. Onda belə çıxır ki, acından ölməliyik də».

«AXI İTTİHAM SÜBUT OLUNMADI»

Sergey Şaranov deyir ki, irəli sürülən ittihamlar özünü doğrultmur:

«Axı ittiham sübut olunmadı. Yaxşı övladlarımızı indi nəyə görə azad etmirsiniz? Ayıbdır, vallah, ayıbdır, insan taleyi ilə belə oynamaq olmaz. Mən dövlət başçımız cənab İlham Əliyevdən xahiş edirəm - Cənab prezident, məhkəmə çox qərəzli aparılır. Axı siz özünüz də həmişə məmurlara xitabən deyirsiniz ki, insanları günahsız yerə incitməyin. Faktiki Şəki Ağır Cinayətlər Məhkəməsində haqsızlıq edilir. Xahiş edirəm bunu nəzərə alasınız. Cənab prezident, xahiş edirəm övladlarımızı cavanlıqlarına, gəncliklərinə bağışlayıb əfv edəsiniz. Daha gedib gələ bilmirik, yollarda qalmışıq. Üstəlik də məmurlar bizi boğaza yığıblar».

«XƏYAL HƏLƏ OĞLUNUN ÜZÜNÜ GÖRMƏYİB»

Xəyal Şaranovun anası Gülüstan Şaranova:

«Xəyalın doqquz aylıq bir oğlu var. Xəyal hələ uşağın üzünü görməyib .Yoldaşım xəstədir, ona işləmək olmaz. Nəvəmin iki tərəfli «qrıjası» var, həkim deyir təcili əməliyyat olunmalıdır. Pul olmadığına görə əlacsız qalmışıq. Bilmirik Xəyalın dalınca gedək, yoxsa övladının? Bir ildən çoxdur ki, əzab çəkirik, nə yediyimizi, nə içdiyimizi bilirik».

«SAVADSIZLIQLARINA GÖRƏ ÖVLADLARIMIZ TORA DÜŞDÜLƏR»

Gülüstan Şaranova artıq əsəblərinin pozulduğunu da deyir:

«Fikirləşmirlər ki, axı bunların da ailəsi, uşaqları var. Adını da ədalət mühakiməsi qoyublar. Bura ədalət mühakiməsi yox, insanlara qarşı ədalətsizlik olunan bir laboratoriyadır. Sonra deyirlər ki, siz bizi tənqid edirsiniz. Hansı yaxşı işiniz var ki, tərif deyək? Gözümüzün qarşısında övladlarımızı günahsız yerə ittiham edirsiniz, onlara əzab verirsiniz, hələ bizdən tərif də gözləyirsiniz? Mən prezidentimizə səslənirəm. Cənab prezident, bir ana kimi sizə müraciət edirəm, İsmayıllı məhbuslarını bağışlayın. İsmayıllı hadisələri bir qrup məmurun oyunu idi, savadsızlıqlarına görə övladlarımız tora düşdülər».

İSMAYILLIDA NƏ BAŞ VERİB

2013-cü il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbi ilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG