Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:42

Rasim Qaraca. Adiləni yada salıb için-için ağladım...


Rasim Qaraca
Rasim Qaraca
-

Ancaq 3 gündən bir, tam bir gecə boyunca bu qadın mənim olurdu. Üç gecə Nəbinin, yalnız bir gecə mənim...


Rasim Qaraca


Nasos stansiyasında işləyən adam

İLQARIN HEKAYƏTİ


("On bir gecə" romanından parça)


Dostlar, mənim başıma gələn bu hadisəyə ancaq “Min bir gecə” nağıllarında rast gəlmək olar.

Mən Hacıqabul qəsəbəsində anadan olmuşam, orda böyüyüb boya-başa çatmışam. Atam Kamaz şoferi, anam evdar qadın, özümüz də ailədə 4 qardaş, 3 bacı olmuşuq, məndən kiçik 2 bacım, 1 qardaşım vardı.

Orta məktəbin 5-ci sinfində oxuyanda həyatımda qəribə bir dəyişiklik oldu. Çəpər qonşumuz Nəbi adlı kişi bir gün, yanında da mən tanımadığım yaşlı bir qadınla bizə gəldi, atamla və anamla söhbət etməyə başladı, arada bir mənim də adımı çəkdilər, qadın yanına çağırıb başımı sığalladı, üzümdən öpdü. Sən demə bu qadın Nəbinin qaynanası imiş. Bizə gəlməkdə də məqsədlərini onlar gedəndən sonra anamdan öyrəndim.

Nəbi dediyim bu qonşumuz bir gözü mayıf, şikəst bir adam idi. Həddən artıq arıqdı, qaraqabaq görkəmi vardı. Yaşı əllini keçsə də, həm kasıblıq üzündən, həm də şikəst olduğuna görə evlənə bilməmişdi. Lap bu yaxınlarda qohum-əqrəba yığışıb onu ev-eşik etmişdilər, Sabirabad rayonunun Axtaçı kəndindən ona özü kimi şikəst, iyirmi yaş da kiçik Adilə adlı bir qadını tapıb gətirmişdilər. Bu qadının eşitmə-danışma problemi vardı. Samit səsləri ifadə edə bilmirdi, qulağı da çox zəif eşidirdi. Amma çox işli-güclü, fərasətli bir qadındı. Ağlı, dərrakəsi yerindəydi.

Nəbinisə mən lap körpəlikdən tanıyırdım. Yaşlı olmasına baxmayaraq həmişə bizimlə gizlənpaç, yeddişüşə oynayardı. Hacıqabuldan 30 kilometr aralıda yerləşən nasos stansiyasında işləyərdi. Hər üç gündən bir gecə növbəsinə yollanardı.

Evləndikdən sonra belə bir problemi çıxmışdı – Nəbi gecə növbəsinə yollananda Adilə evdə tək qalmaqdan qorxurdu. Bir müddət qaynanası onlarda qalmışdısa da, qadının öz evi-eşiyi olduğuna görə artıq bu məsələyə bir çözüm tapılmalıydı. Oturub götür-qoy eləyiblər, axırda bu qərara gəliblər ki, qonşudan xahiş etsinlər, Nəbi növbədə olanda uşaqlardan biri gəlib gecə onlarda qalsın.

Bax beləcə mənim taleyim həll olunmuşdu, az qala ölümümlə nəticələnən bu qərar həyatımın axarını dəyişdirmişdi. Bundan sonra, hər dəfə Nəbi gecə növbəsinə yollananda mən Adiləyə hayan olmaqdan ötrü onlarda gecələməli idim. Ata-anam bu işə qol qoymuşdular. Nəbigil dədə-baba qonşumuzdu, rəhmətlik ata-anası bizimkilərə çox xətir-hürmət qoymuşdu, indi bunların qarşılığında mənim aradabir gedib onlarda gecələməyim çox normaldı. Həm də üç gündə bir dəfə olsa da, mənim axşam və səhər yeməyim qonşunun boynuna düşürdü, bizimkilər bunu da qənimət bilirdilər, buna görə də mənim Nəbigildə gecələməyim ürəklərindəndi.

Beləliklə mənim yeni həyatım başlamışdı. Hər 3 gündən bir Nəbi hasarın başından məni səsləyirdi: “İğar, İğar”. Başqa sözə ehtiyac yox idi, mən də öz işimi bilirdim, dəftər kitabımı yığıb qonşunun evinə yollanırdım. Aramızda torpaq yol vardı. Mən evdən çıxana qədər Nəbi döngədə dayanıb gözləyirdi, məni gördükdən sonra arxayın olub yoluna davam edirdi.

Evimiz dəmir yolunun qırağındaydı. Nəbi əlində boxça dəmir yolunu keçib təpəyə qalxır, magistral yolda dayanıb avtobus gözləyirdi. Adətən təpəyə çıxandan sonra qanrılıb bir daha evə tərəf boylanırdı, məni görüb əl edirdi.

Nəbiylə lap uşaqlıqdan mehribançılığımız vardı, məni öz uşağı kimi bilirdi. Bəzən eynilə atam kimi, hirslənib ərklə üstümə qışqırardı. Nəbidən qorxmurdum, istəyəndə cavab qaytarırdım, hətta şillə-təpik atsaydı mən də cavabsız qalmazdım. Buna baxmayaraq bu qaraqabaq adamda özümə qarşı bir məhəbbət hiss eləyərdim.

Bir dəfə öz məhəlləmizin uşaqlarıyla başqa bir məhəlləyə futbol yarışına getmişdik. Qarşı tərəflə sözümüz çəp gəlmişdi. Bir dəstə uşaq məni çırpmaqdan ötrü araya almışdı. Bir dəqiqə sonra ağzım-burnum qan içində olacaqdı. Birdən təsadüfən Nəbini yaxınlıqdan keçən gördüm. Dəli kimi qışqırdım: “Nəbiii!”. Məsələnin nə yerdə olsuğunu o saat başa düşdü, yerdən bir ağac qapıb uşaqların üstünə qolaylandı. Hamısı pərən-pərən düşdü. O gündən artıq Nəbini öz doğma adamım bilirdim. Bu yaxşılığını heç vaxt unutmazdım. Artıq bir neçə il keçmişdi, bax indi mən onun bu yaxşılığının əvəzini qaytardığıma görə məmnun idim.

Ancaq Adilə mənə yad idi. Demək olar ki tanımadığım bu qadınla gecə bir evdə qalmaq mənə çox qəribə görünürdü. Bizim evlə müqayisədə kiçik bir evdi bu, bir otaqdan və bir də aynabənddən ibarətdi. Burda dərslərimə daha yaxşı hazırlaşa bilirdim, öz evimizdən, bacı-qardaşlarımın səs-küyündən uzaqda bu ev mənə cənnət kimi görünürdü. Üstəlik Adilə hər dəfə dadlı yeməklər bişirərdi. Bizim evdə bir toyuğun əti səkkiz uşağın arasında bölünərdisə, burada demək olar ki yeməyin hamısı mənim ixtiyarımdaydı. Adilə qarınqulu deyildi, mənə kasada yemək çəkər, özünəsə nəlbəkidə. Həmişə az yeyərdi. Nəfsi tox qadın idi. Masanın üstündə həmişə yuyulmuş meyvə olardı. Çayın yanında mürəbbə verərdi. Səhər yeməyinə isə qayğanaq bişirərdi.

Adilə demək olar ki, danışmazdı. Səssiz səmirsiz iş-gücünü görərdi. Aynabənddəki divanın üstündə yerimi salardı, yatağa girəndən sonra ana kimi gəlib üstümü örtər, hər şeyin qaydasında olduğuna baxardı. Sonra içəridəki otağa girib yatardı.

Bir müddət biri-birimizə isinişə bilmədik. Demək olar ki mənimlə danışmazdı. Sonralar başa düşdüm ki dili pəltək olduğuna görə utanır danışmağa. Bir neçə ay beləcə keçmişdi. Mən də növbəyə gedirmiş kimi, hər üç gündən bir Nəbigilə yollanırdım, bəzən Nəbi məni çağırmadan, hələ o evdəykən gedərdim. Artıq sanki onların uşağıydım, yeri gələndə işə-gücə də buyurardılar.

Günlərin bir günü Adilə mənim kitab-dəftərimlə maraqlanmağa başladı. “Lal-kar” olduğuna görə məktəbə qoymamışdılar. Ona əlifba öyrətməyimi istədi. Bundan sonra dostlaşmağa başladıq. Bir müddət sonra artıq o qədər mehribanlaşdıq ki, Adilə hər dəfə məni görəndə üzümdən öpürdü. Aramızda 17 yaş fərqi vardı, övladı yerində sayılırdım. Həm də artıq Nəbi ilə evlilikdən uşaqları olmurdu. Qadın sözün həqiqi mənasında mənə mehrini salmışdı, açıq-aşkar övladı gözüylə baxırdı. Bizim evin külfəti ağır olduğuna görə anam da mənim bu evə bağlanmağıma çox sevinirdi.

Tez-tez şahidi olduğum, qəlbimi çox ağrıdan və məni Adiləyə daha çox bağlayan bir məsələ də vardı: bəzən Nəbi qadını ölüncəyədək döyərdi. Səbəbini bilmirdim, ancaq Adilənin saatlarca sızıldadığını, ah-nalə etdiyini görürdüm, öz pəltək dilində anlaşılmas sözlər deyib qarğış yağdırırdı. Dava-dalaş halları bizi daha da yaxınlaşdırırdı, anadangəlmə bədbəxt doğulmuş bu qadın məni qucaqlayıb göz yaşı tökürdü.

Bir ara mən daha Nəbigilə getmədim. Yadıma gəlir, qış ayları idi. Adilə növbəti dəfə döyüldükdən sonra acıq edib öz evlərinə, ata ocağına qayıtmışdı. Bu arada mən də möhkəm xəstələndim, qızdırmadan yanır, öskürürdüm. Mənim atam da daxil olmaqla bir dəstə adam qonşu rayona minnətə getmiş, Adiləni alıb yenidən Nəbinin evinə gətirmişdi. Adilənin üzü gülmürdü, yeganə təsəllisi mən idi. Xəstə olduğumu eşidib bizə gəlmişdi, danışmağa utanırdı, səssizcə üzümdən öpür, tumarlayır, duz kimi yalayırdı. Sağalıb ayağa durandan sonra yenidən vəzifəmi yerinə yetirməyə başladım. Adilə mənə anamdan da artıq baxırdı, anam da bunu hiss edir və bu mehribançılıq onun ürəyindəndi.

Sanki bu dünyada məndən əziz heç kimsəsi yox idi Adilənin. Hər nazımı çəkir, yeməyimə xüsusi fikir verirdi. Küsüb qayıdandan sonra artıq məni öz yanında yatızdırırdı. Anlaşılmaz xoşbəxt bir hiss yaşayırdım. Səssiz, dilsiz, gizli bir xoşbəxtlik idi bu. Ana öz övladını qucağında yatızdırar kimi ağuşuna alardı məni. Cılız bədənim Adilənin qüvvətli baldırları arasında yoxa çıxırdı, nəfəsimi çəkməyə qorxaraq onun enerjisini canıma hopdurardım. Qeyri-adi istilik idi bu. Sadəcə uzanıb xoşbəxtlik içərisində yuxuya gedirdik.

Adilə anam deyildi, sevgilim də deyildi, adını bilmədiyim bir varlıq idi, həyatımda tanıdığım ilk və son qadın idi. Günləri, saatları sayardım yenidən onun qucağında yatmaqdan ötrü. Sanki mən də Adilə kimi dilsiz olmuşdum, öz aləmimə qapanmışdım, xoşbəxtliyimi əlimdən alarlar deyə ağzımdan artıq bir söz çıxacağından qorxurdum. Adiləni sevirdimmi, bilmirəm. Əgər qısqanclıq sevginin ölçü vahidi ola bilərdisə, o zaman mən onu sevirdim, çünki günlər keçdikcə Nəbiyə qarşı şiddətli qısqanclıq hiss edirdim. Mən evdə olmadığım günlərdə Nəbinin Adiləylə yatdığını düşünəndə içim sızıldayırdı. Uşaq təsəvvürümdə qadınla kişi arasında olan münasibətlərə dair xəyali şeylər vardı. Artıq 12 yaşım olanda cinsi əlaqə zamanı kişinin alətinin qadının içərisinə daxil olması haqqında dumanlı bir təsəvvürüm vardı, kişi qadının içərisinə işəməli və bundan da uşaq əmələ gəlməli idi. Nəbinin bu işi Adilənin başına gətirdiyini düşünəndə qəlbimi dəhşətli kədər bürüyürdü.

Ancaq 3 gündən bir, tam bir gecə boyunca bu qadın mənim olurdu. Üç gecə Nəbinin, yalnız bir gecə mənim. Öz evimizdə olduğum günlərdə vaxtın tez keçməsini arzulayırdım. Nəbinin hasardan boylanıb “İğar, İğar” çağırışını eşidəndən ürəyim dup-dup döyünürdü. Bu çağırışdan bir saat sonra da onlara yollana bilərdim, çünki mənim Nəbigildə gecələməyimin səbəbi gecələr Adilənin yalnız qalmamasıydı.

Oysa mən hələ hava işıqlıykən qonşu evin kandarını kəsdirirdim. “Adilə xala, gəldim!” demək həm onu salamlamaq, həm də hal-əhvalını soruşmaq anlamında idi. Qadın çətinliklə danışırdı, buna görə də susmağa üstünlük verirdi, susmaq onda vərdiş halını almışdı. Ona xala deyirdim. Ancaq belə dilsiz münasibətdə “xala” demək məcbiriyyətim qalmırdı. Məndən boyca iki dəfə hündür olan bu qadın qeyri-adi bir sevinc mənbəyi idi, onun yaxınlığında olmaq qəlbimə sonsuz fərəh verirdi, üstəlik gecələr onun qucağına girib yatmaq, döşlərinin yumşaqlığını hiss etmək sözlə ifadə edilməyəcək həzz idi.

Adilə məni gülər üzlə qarşılayırdı. Üzümdən öpür, nəsə mızıldanırdı. Daha çox əl hərəkətləriylə çatdırırdı fikirlərini. Get-gedə onun dilini daha yaxşı başa düşürdüm. Hətta deyə bilərəm, hər kəsdən daha yaxşı başa düşürdüm. Aramızda daha dərin bir dil vardı, onun nə istədiyini işarətsiz belə anlayırdım. Sadəcə duruxub üzümə baxması yetərdi, qəlbindən keçənləri oxuya bilirdim.

Damdan soğan gətirmək, hamamın işığını söndürmək, toyuqları hinə salmaq, termosa isti su tökmək, baltanı yerinə qoymaq lazımdır. Bəzən də anamla Adilə arasında poçtalyon olurdum. “Get Adilədən 1 manat borc pul al, denən sabah yumurta satıb qaytaracam”, “Get Adilə xalandan toyuqlara bir kasa dən al gətir, dənimiz qurtarıb”. Atamın da öz buyuruqları vardı: “Get Nəbidən bir dənə qələmyonan al gətir, üzümü qırxacam”. Atam lezvaya “qələmyonan” deyirdi. Bəzən Nəbi də Adiləni bizə dilək dalısıyca göndərərdi. Rəndə, kəlbətin, qırxılıq kimi şeylər. Anam tez çağırardı, gəl gör Adilə xalan nə deyir. Çünki Adilənin dilini məndən başqa kimsə bilmirdi.

Bir dəfə anamın könlü mərciplov istəmişdi. Məni çağırıb qonşuya göndərdi:

-Get Adilə xalandan bir istəkan mərci al gətir mamaya.

Adilə mərcini verəndə üstündə bir az da düyü verib məni başa saldı ki, plov hazır olanda bir qab da ona gətirim. Mən də bunu anama çatdırdım. Ancaq nədənsə anam fikrini dəyişib mərciplov deyil, mərci şorbası bişirmişdi. Düyünü mənə verib geri göndərmiş, lazım olmadı demişdi. Axşam gecələmək üçün Nəbigilə gələndə baxdım ki, Adilə özü mərciplov bişirib. Şişməkdən qorxub... Belə bir inancı vardı Adilənin.

Nəbinin növbə günləri mənim üçün üç qaranlıq gündən sonra necə işıqlı bir səhər idisə Adilə üçün də azad nəfəs almaq günləriydi. Fəqir-füqara bildiyimiz Nəbi allahın bəlasıydı. Qadına göz verib işıq vermirdi. Mənim yanımda nəsə ciddi bir mübahisə etdiklərini görməmişdim, ancaq Nəbiylə yaşamağın Adilə üçün necə cəhənnəm əzabı olduğunu bilirdim. Mən Adilədən deyil, öz anamdan və bizim çardağa toplaşan məhəllə arvadlarından eşitmişdim, guya uşağı olmadığına görə Nəbi Adiləni boşamaq istəyirdi. Həddən artıq kasıb bir ailənin qızı olan Adilənin başqa sığınacaq yeri olsaydı yəqin ki bir gün də dözməzdi bu əzab-əziyyətə.

Özündən az qala 20 yaş böyük olan kişiyə uyğunlaşmaqdan ötrü əlindən gələni edirdi, mən buna şahid idim. Bişirdiyi yeməklərə, evinin səliqə-sahmanına söz ola bilməzdi. Adilə gələndən bəri həyətdə toyuq-cücə aşıb daşırdı, inək saxlayırdı, sağını əksik etmirdi, süd-yumurta satıb pul qayırmağı bacarırdı. Gözəlliyi də yerində idi. Caydaq bədənli, yarımdünya bir qadın idi. Yeri gələndə, Nəbi onun yanında cücəyə oxşayırdı. Ancaq bu zalım kişinin bu qadından nə alıb-verəcəyi var idisə hər kəsə qaranlıq idi.

...Hadisə baş verəndə artıq 16 yaşım vardı. Adilə gecələr qorxmasın deyə hər üç gündə bir dəfə onlarda gecələməyə davam edirdim. Hiss olunmadan böyümüşdüm, bığ uyerim tərləmişdi, qoltuğumun altında tüklər çıxmağa başlamışdı. Yenə də Nəbi həyətimizi çevrələyən qamış hasardan boylanıb iki dəfə “İlğar, İlğar” deməsiylə mən öz vəzifəmin başına keçirdim. Bu uşaqsız evdə mənim ayrıca hörmətim vardı. Hər şey təbiiliyindən gəlişmişdi, mən özüm də fərqinə varmadan özümü ərkyana aparırdım, əlimi masaya vururdum, “mənə çay gətir” deyirdim. Qəribədi ki, Adilə də bundan xoşlanırdı, demək olar ki hər nazımla oynayırdı.

Ən qəribəsi isə, yekə kişi olduğuma baxmayaraq, hələ də gecələr onun qucağında yatırdım. Bizim bu yatışımız bir ayin şəklini almışdı; Adilə sağ böyrü üstə uzanır, mən də soyunub elə sağ böyrü üstəcə onun qucağına girirdim. Və ya adətən tərsinə olurdu, əvvəlcə yatağa mən girərdim, Adilə işlərini tamamlayıb soyunar, yatağa girib arxadan məni qucaqlayardı. Səssiz, dilsiz bir anlaşmamız vardı sanki. İllərdir bu anlaşmanı pozmadan yaşayırdıq. Mən öz aləmimdə bunu sevişmək kimi başa düşürdüm. Gecə köynəyində yatağa girən Adilənin yumşaq məmələri kürəyimə toxunanda istər-istəməz kişilik orqanım sərtləşir, Adilə də bunu hiss edərək alətimi əliylə yavaşca tutardı.

Bir müddət beləcə ürək döyüntülərimizi eşidərdik. Ancaq hər ikimiz bundan artığına cəsarət etmirdik. Adilə yavaşca boynumun arxasından öpərdi, bu, “artıq yat” demək olardı və mən şirin yuxuya gedərdim. Nəbi işdən günorta saatlarında qayıdardı. O vaxtacan yataq yığışılmış olardı. Əvvəllər bunun fərqinə varmamışdım, Adilə üçün bizim birlikdə yatmağımız gizli bir hal idi, səhər açılan kimi birlikdəliyimizin mümkün olan bütün izlərini itirərdi, mənim aynabənddə yatmış olmağım təəssüratı yaradardı. Uşaq yaşlarımdan alışdığım bu hala mən təbii baxırdım, hər hansı günah və ya qəbahətli bir iş tutduğumu sanmırdım. Ancaq nə üçün bu barədə, anama, qardaş-bacılarıma və ya məktəb yoldaşlarıma danışmırdım, bunu bilmirəm, görünür Adilə ilə intim yaxınlıq haqqında kimsənin bilməməli olduğunu fəhmlə hiss edirdim. Bəlkə də Adilənin çəkingənliyi, ərindən qorxması, mənim aynabənddə yatmağım təəssüratı yaratmaq istəməsi şüuraltımda izlər buraxmış və məni qaydalarını bilmədiyim bir oyunda ehtiyatlı olmağa vadar etmişdi.

Bütün bunlara baxmayaraq yenə də hər şey faciə ilə nəticələndi. Heç bir şey xatırlamıram, hadisənin necə baş verdiyindən də xəbərim olmayıb. Ancaq məhkəmə prosesində Nəbinin və digər şahidlərin ifadəsindən aldığım bilgilərə görə məsələnin nə yerdə olduğunu öyrənmişəm. Məhkəmədə mən də iştirak edirdim, ifadələr verirdim. Hər şeyi olduğu kimi danışmağa məcbur olmuşdum. Ancaq artıq ağlım kəsdiyinə görə bəzi məqamları gizlətməyi bacarmışdım. Adilə mənim ikinci anam idi, deyirdim. Məni çox sevdiyini və mənim də onu çox sevdiyimi söyləyirdim. Onunla ana-övlad kimi eyni yataqda yatdığımı da etiraf etmişdim.

Məhkəmədə Nəbinin yalnız boynunun ardını görə bilirdim. Qap-qara, meymun kimi qıllı və balaca başı vardı. Hakim ondan sözü maqqaşla çəkirdi.

-Nə üçün arvadını öldürmək qərarına gəldin?

-Şübhələnirdim.

-Nəyindən şübhələnirdin?

-Mənimlə soyuq rəftar edirdi.

-Soyuq rəftar edirdi, yəni nə edirdi?

-Mənə yaxınlıq vermirdi.

-Yəni sənə bir qadın kimi yaxınlıq vermirdi?

-Hə, bir qadın kimi yaxınlıq vermirdi.

-Sonra nə edirdi?

-Yeməyi qabağıma qoymurdu.

-Bəs hara qoyurdu?

-Stolun o başına qoyurdu.

-Sonra nə edirdi?

-Çayı stola yavaş qoymurdu.

-Necə qoyurdu?

-Tak deyə bərkdən qoyurdu.

-Və buna görə də sən arvadından şübhələnməyə başladın?

-Hə, şübhələnməyə başladım.

-Sonra nə etdin, danış!

Nəbi danışırdı. İşə çox əsəbi yollanıb. Gecə növbəsində əsəbləri kəllə-çarxa çıxıb. Kompressor stansiyasını başlı-başına buraxaraq yola düzəlib. Yoldan keçən maşınlara əl edərək gecə yarısı gəlib Hacıqabula çatıb. Bayır tərəfdən ilgəyi çəkərək həyətə girib. Evin qapısını da açmağın çəmini bilirmiş. Arvadını öldürmək fikri olmayıb. Sadəcə ona göz qoyub geri qayıdacaqmış. Aynabəndə girəndə məni divanda yatan görməyib. Fikirləşib ki, yəqin öz evimizdə gecələmişəm. İçəri otağa keçəndə isə dəhşətə gəlib. Yarımqaranlıq otaqda yorğanın altından dörd ayaq görünürmüş. Ağlı başından çıxmış halda həyətə yüyürüb. Əl damından bir gün əvvəl itilədiyi baltanı qaparaq evə qayıdıb. Artıq səsə oyanaraq ayağa qalxmış Adilənin başının tən ortasında zərbəylə vurur. Qadının qışqırıq səsinə mən yuxudan oyanıram. Havaya qalxan baltanı görüb qışqırıram və əllərimi yuxarı qaldırıram. Nəbinin söyləməsinə görə, son anda məni tanıyıb və qolları boşalıb. Məhkəmədəki ifadəsinə görə, yataqdakı adamın mən olacağımı heç cür ağlına gətirməyib. Ancaq balta havaya qalxmış və başıma enmişdi. Sağ qolumu çaparaq çiynimə düşmüşdü. Huşumu itirərərk yerə sərilmişdim. Bundan sonra Nəbi izi itirmək məqəsdiylə evə benzin tökərək yandırmış və iş yerinə qayıtmışdı. Möcüzə sayəsində sağ qalmışdım. Alovun istisindən huşum qayıtmış, özümə gəlmişdim. Yaramdan sel kimi qan axırdı. Özümdə güc tapıb arxa pəncərədən bağçaya yuvarlanmışdım. Yanğını görüb haya gələn qonşular məni tapıb xəstəxanaya çatdırmışdılar.

Məhkəmədən yadımda qalan bir epizodu da sizə danışmaq istəyirəm. Adilənin cəsədini yaran ekspertlərin rəsmi rəyinə görə qadın ümumiyyətlə bakirə olmuşdu. İnanılası deyildi. Ancaq bu bir gerçək idi.

Bu hadisə məni çox sarsıtdı. Uzun aylar Adiləni yada salıb için-için ağladım. Məsum, sözün əsl mənasında dilsiz-ağızsız bir qadın idi.

Ondan sonra həyatımda heç bir qadın olmayıb. Məktəbi quratarandan sonra əsgərliyə çağırdılar. Sonra da müharibə başladı.
XS
SM
MD
LG