Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:46

«Qanun»a sual: «Sənin bu kitabı tərcümə etməkdə məqsədin nə idi?»


«Qanun» nəşriyyatının kompüter və sənədləri aparıldı
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

«Qanun» nəşriyyatının kompüter və sənədləri aparıldı

-
Hər şey ötən ilin noyabrında Vergilər Nazirliyi əməkdaşlarının «Qanun» nəşriyyatının ofisinə gəlməsindən başlanıb. Nazirliyin əməkdaşları nəşriyyatın kompüterlərini, mühasibatlıqda olan rəsmi və qeyri-rəsmi sənədləri götürüb.

Sənədlərin götürülməsinə etiraz olaraq nəşriyyat 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib. Nəşriyyatın rəhbərliyinin sözlərinə görə, heç bir məhkəmə qərarı olmadan sənədlərin zorla götürülməsini təsdiqləyən videogörüntü və şahid ifadələri olsa və 7 dəfə məhkəmə baxışı aparılsa da, «Qanun»un iddiası təmin edilməyib. Məhkəmə Vergi Nazirliyinin xeyrinə qərar çıxarıb.

Nəşriyyatdan götürülmüş sənədlər və sənəd hesab edilməyən qeydlər əsasında Vergi Audit Departamenti yoxlama apararaq, nəşriyyata 150 min manat cərimə kəsib.

NƏŞRİYYATIN DİREKTORU: «37-Cİ İLDİR?»

«Qanun»un direktoru Şahbaz Xuduoğlu deyir ki, nəşriyyat cərimə qərarından şikayət etsə də, onlara qarşı dərhal cinayət işi açılıb. Direktorun sözlərinə görə, bütün işçilər, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar, korrektorlar – yaradıcı və texniki heyətin bütövlükdə 100-dək üzvü cinayət təqibinə məruz qalıblar. Redaksiya əməkdaşları martın 3-də gecə 9-dək istintaqa ifadə veriblər. Yazıçı və tərcüməçiləri istintaq sorğu-suala tutur:
Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

«Bizimlə işləyən, sənədlərdə adları çəkilən hər kəsə zəng edərək istintaqa çağırırlar. İstintaqın belə qərəzli aparılması bizi rahatsız edir. Bunları təkcə «Qanun» nəşriyyatına deyil, ümumiyyətlə kitaba qarşı təzyiq sayırıq. Təsəvvür edin, tərcüməçini çağırıb soruşurlar ki, sənin bu kitabı tərcümə etməkdə məqsədin nə idi? Sanki adamı tərcümə fəaliyyətinə görə qınayırlar. Onları 4-5 saat buraxmır, təzyiq edir, ifadə alırlar. Bizi bu narahat edir ki, vergi istintaqı qanunları pozaraq kimin sifarişini icra edir? Hansı ildir? 37-ci ildir?».

Vergi yoxlamalarının qərəzli aparıldığını təkrar-təkrar vurğulayan Şahbaz Xuduoğlu heç bir hüquqi əsası olmayan bu yoxlamanın hansısa qrupların marağına xidmət etdiyini iddia edir. Amma baş verənlərin arxasında kimin və nəyin dayandığını bilmədiyini də sözlərinə artırır.

Bu işlə bağlı keçirilən məhkəmədə Vergi Audit Departamentinin nümayəndəsi Rac Qədimov yoxlama zamanı heç bir qanunsuzluğun olmadığını bildirib.

«İNSANLARIN MAARİFLƏNMƏSİNİN QARŞISINI ALMAQ İSTƏYİRLƏR»

Hüquqşünas Əlabbas Rüstəmli vergi yoxlamalarının qanunsuzluğunu göstərən faktların mövcudluğuna diqqət çəkir:
Foto: Arxiv
Foto: Arxiv

«Belə faktlar həddindən artıq çoxdur. Elektrik enerjisi üçün bazar qiymətini tətbiq edirlər. Hazırda başlayıblar çayxana və beton istehsalı zavodları ilə bağlı yoxlamalara. Halbuki qanunvericilikdə belə hallar nəzərdə tutulmur. Yoxlamalar zamanı yüzlərlə fakt var ki, heç bir qanuna əsaslanmadan, ehtimallar əsasında vergi hesabatı və cinayət işi açırlar. Nəşriyyata gəlincə... ümumiyyətlə hakimiyyətdə narahatlıq var və insanların maariflənməsinin qarşısını almaq istəyirlər».

Vergi yoxlamaları nəticəsində 150 min manat cərimə edilən «Qanun» nəşriyyatına qarşı Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanıb.

Nəşriyyat əvvəlcə Apelyasiya Məhkəməsinə, iddiası təmin edilməsə, daha sonra Avropa İnsan Haqları Məhkəməsinə üz tutacağını bildirib.

Şahbaz Xuduoğlu şahid kimi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsinə çağırılıb. Dindirmə martın 5-də keçiriləcək.

1992-ci ildən fəaliyyət göstərən və Azərbaycanın ilk müstəqil və özəl çap müəssisələrindən sayılan «Qanun» nəşriyyatı dünya ədəbi mirası ilə yanaşı, özəlliklə hüquq və demokratiya mövzularında silsilə tərcümə kitablarıyla məşhurlaşıb.
XS
SM
MD
LG