Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:02

Azərbaycan kommunistləri Putin-ə məktub yazdılar


Telman Nurullayev
Telman Nurullayev
-
Bu günlərdə Azərbaycan Kommunist Partiyası adından Rusiya prezidenti Vladimir Putin-ə müraciət ünvanlanıb. Müraciətdə Suriya və Ukrayna ilə bağlı Rusiyanın sərgilədiyi mövqe təqdir olunur. Diqqət çəkən bir məqam da odur ki, müraciətdə Qərbin qarşısında duruş gətirmək üçün keçmiş Sovet İttifaqına bənzər bir birliyə ehtiyac olduğu vurğulanır.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Telman Nurullayevin AzadlıqRadiosuna müsahibəsini diqqətinizə yetiririk.
- Rusiya prezidentinə partiya üzvləri ilə yanaşı, bir qrup ictimaiyyət nümayəndəsi adından da üz tutduğunuzu bildirmisiniz. O ictimaiyyət nümayəndələrini tanıda bilərsinizmi?

- Onu mən sizə deyə bilmərəm. Yaxşı ziyalılar, sovet alimləri, sovet vətəndaşlarıdır onlar...

- Heç bəzilərinin də adını açıqlamaq olmaz?

- Adlarını açıqlamaq olmaz.
- Kommunistlər konspirasiyanı – gizliliyi saxlamaq ənənələrinə, eləcə də anti-Qərb kursuna sadiqdirlər yəqin. Sizin müraciətdə ən çox diqqəti çəkən anti-Qərb mövqeyinizdir. Sizcə, Qərb demokratiyasının heç bir üstün özəlliyi yoxdur?

- Qərb demokratiyasının üstünlüyün görmək istəyirsinizsə, Azərbaycana baxın. Əgər siz Azərbaycanda demokratiyanın üstün cəhətini görürsünüzsə, mən də sizə qoşuluram.
- Bəs sizcə, gerçək demokratiya necə olmalıdır?

Dünyada sosialist ölkələri olan Çin, Kuba, Vyetnam, Koreya və b. var. Bəzi Amerika ölkələri də sosializm istiqamətində irəliləyirlər. Avropa ölkələrinin də bəziləri sosializmə üz tutublar. Bu ölkələr görür ki, kapitalizmin demokratiyası ilişib, «buksovat» edir. Demokratiya belə yaxşı olsaydı, Avropanın milyonlarla zəhmətkeşi ard-arda nümayiş keçirməzdilər. Demokratiyanın özünün çərçivəsi var. Biri var kapitalizmin demokratiyası, bir də var sosializmin. Biz sosializmi kökündən kəsib atırıq, sonra deyirik ki, yeni demokratiya qururuq. Hələlik, bizə qarışıq demokratiya lazımdır.
- Ancaq müraciətinizdə yenidən SSRİ kimi bir birlik yaradılmasını təklif edirsiniz. Bu birlikdə demokratiyaya yer tapılacaq?

- 1991-ci il martın 17-də sovet xalqının 70 faizi SSRİ-nin qalmasına səs verdi. Buna məhəl qoymadılar. 3 nəfər getdi, hansısa razılaşmaya qol çəkib bu boyda dövlətin müqəddəratını həll etdi («Belovej sazişi» – Rusiya, Ukrayna və Belarus prezidentlərinin Sovet İttifaqının dağılmasını rəsmiləşdirən razılaşma nəzərdə tutulur – red.). Belə də demokratiya olar?

- Bəs dediyiniz 70 faiz niyə ayağa qalxıb SSRİ-nin qalmasını tələb etmədi? Axı həmin referendumda kütləvi saxtakarlığa yol verildiyini göstərən faktlar da var...

- Hər bir cəmiyyətdə «5-ci kolon» var. Bu, həmişə olub və olacaq. Düz deyirsiniz, 19 milyon kommunist vardı və heç biri qalxmadı. Məsələ bundadır ki, M.Gorbachev 1985-ci ildən bəri xalqı yuxuya vermişdi. Daha çox demokratiya, daha yaxşı yaşayış vəd edirdi. Xalqı inandıra bilmişdi ki, yeni quruluş yaxşı olacaq. SSRİ dağılandan sonra isə gördülər ki, heç bir cəmiyyət SSRİ ilə müqayisə oluna bilməz. Demokratiya adı ilə insanları qapaz altında saxlamaq olmaz. Bunlar arxada qalıb. İndi biz demokratik təsisatları inkişaf etdirib, Avropa İttifaqına inteqrasiya olunmalıyıq.
- Rusiya prezidentinə müraciətinizdə Gömrük İttifaqına qoşulmaq istəyinizi dilə gətirir, indi də Avropaya inteqrasiyadan söz açırsınız. Sizin fikirləriniz bir-birini inkar etmir?

- Bu, ziddiyyət deyil. Biz Gömrük İttifaqına ona görə getməliyik ki, 5 milyon azərbaycanlını Rusiya saxlayır. Məhsullarımızın əsas bazarı da Rusiyadır. Gömrük İttifaqında müəyyən güzəştlər olacaq ki, məhsullarımızı gömrükdən rahat keçirək. Bu ittifaqa girməsək bütün məhsullarımız qalıb çürüyəcək. Siz gömrüyə girin, Avropanın da yaxşı cəhətlərini götürün. Əslində, Avropa da çat verib artıq. Aləm qarışıb bir-birinə. Aİ-yə girmək istəyiriksə, maaşlarımızı, mədəniyyəti çatdırsınlar o səviyyəyə. Bu cəhətdən Avropaya yaxınlaşmaq lazımdır. 100-150 manat müavinətlə Avropaya getmək olmaz. Bizə çörəyi Rusiya verir. Qoy vətəndaşlarımız getsin Avropa ölkələrində işləsinlər də. Getmirlər. Çünki, Avropa çörək vermir.
- Məsələ təkcə çörək deyil, axı. Bəs müstəqillik?

- Mən də deyirəm ki, müstəqillik statusunu saxlamaqla müəyyən təşkilatlara qoşulmaq lazımdır.
- Ancaq, sizin təklif etdiyiniz təşkilat deyil. Siz konkret olaraq SSRİ-nin bərpasını istəyirsiniz.

- Avropa İttifaqı dağılmaq üzrədir, dağılacaq da. Lukashenko da deyirdi ki, əgər Gömrük İttifaqı SSRİ səviyyəsində olsa, dəstəkləyəcəyik. Hələ bu tezdir. SSRİ tez bir zamanda bərpa oluna bilməz ki. Çünki postsovet ölkələrinin hamısı kapitalistləşib. Lakin müəyyən yaxşı cəhətlərdən istifadə etmək olar. Bizim Qarabağ problemimiz var. Bu problemi həll etmək üçün Rusiyayla birliyə getməliyik. Bizim elə ordumuz yoxdur ki, özümüz bu problemi həll edək.
- Sözünüzdən belə çıxır ki, SSRİ bərpa olunarsa, işğal altındakı Qarabağ bizə qaytarılacaq?

- Bəli, mən bunu 100 faiz deyirəm. Dünyanın bütün siyasətçiləri də deyir ki, Qarabağın açarı Rusiyanın əlindədir.
- Sözlərinizdən belə çıxır ki, Qarabağ probleminin yaranmasında Rusiyanın əli var. Bu belədirsə, yenə Rusiyaya böyük qardaş deyib, niyə yeni SSRİ-yə qoşulmalıyıq ki?

- Sonradan iməkləyə-iməkləyə getməliyik? Bu gün neftimiz var deyə, Rusiya da bizimlə hesablaşar. İndi birliyə qoşulub şərtlərimizi də deməliyik. Sabah neftimiz bitəndən sora bizi heç kim saya almayacaq. Onda da iməkləyə-iməkləyə Rusiyaya tərəf gedəcəyik. Biz öz ideyalarımızı yaşadırıq. Heydər Əliyev bizim kumirimizdir. O, əsl kommunist idi. Biz ondan çox şeylər öyrənməliyik.
- Yeri gəlmişkən, Heydər Əliyevin bir fikri də vardı, axı – «Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir»...

- Dünyada müstəqil bir ölkə varmı? Biz təklif edirik ki, yeni yaranacaq birlikdə ikinci katib rus olmasın. Biz istəyirik ki, yeni birlikdə bütün respublikalar bərabər olsun. Amma bu birliyə daxil olmaq Azərbaycan oliqarxlarına sərf eləmir. Referendum keçirilsə, görərik ki, xalqın əksəriyyəti bu birliyin tərəfdarıdır. Biri var gedib uzaq Avropaya qoşulasan, biri də var qonşu Rusiyaya.
- Cənab Nurullayev, məncə siz hər şeyi bir rəngdə, kommunistlərin çox sevdiyi qırmızı rəngdə görürsünüz...

- Bir rəngdə görmək elə də pis deyil. Lakin mən iki rəngdə görürəm, bəziləri kimi alabəzək görmürəm. Bizim bəzi siyasətçilər 7 rəngdə görürlər. Azərbaycanın müstəqilliyi hamımıza lazımdır. Ancaq baxır hansı tərəfə yıxılırsan. Niyə Amerikaya, İngiltərəyə yıxılmalıyıq? Onları gördük də.
- Bayaq «5-ci kolon»dan söz açdınız. Bəziləri sizi də «5-ci kolon» sayır...

- Azərbaycan millətinin xüsusiyyəti belədir. Nə oxuyuruq, nə mütaliə edirik. Sosial şəbəkələrdə hamı ağzınagələni yazır. Belə demokratiya olar? Budur da demokratiya...
XS
SM
MD
LG