Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:35

Əmək müqaviləsi yoxdursa...


Arxiv fotosu
Arxiv fotosu
Bakı sakini Cavad Həmidov “Qaynar xətt”ə şikayət edib ki, Türkandakı “Külüng” kooperativinə məxsus daş karxanalarından birində uzun müddət traktorçu işləyəndən sonra əmək haqqısının böyük hissəsini ödəmədən onu işdən qovublar. Deməsinə görə, onu işə götürmüş Anar Abbasov adlı şəxsin indi ona azı 2500 manat artıq borcu var. 3 ildən artıqdır ki, pulunu tələb etsə də, ala bilmir.

“2007-ci ilin avqust ayının 8-də onların özünün xahişi ilə mən ora traktorçu kimi işə düzəlmişəm. 2011-ci ilin iyul ayının 25-nə kimi işlədim. Bir gün də Anar Abbasov dedi ki, daha traktorçuya ehtiyac yoxdur, sabahdan işə gəlmə. Həmin vaxta qədər isə mənə 2600 manata qədər borcu yığılmışdı. O pulu ödəməkdən yaxa qurtarmaq üçün məni səbəbsiz işdən qovdu”.

Cavad Həmidov deyir ki, əmək haqqısını gündəlik şəklində alırdı. Hər iş gününə görə ona 20 manat ödənilirdi. Ancaq son aylar karxana sahibi əmək haqqısını növbəti gün ödəyəcəyini vəd edirmiş. Günün üstünə gün gəldikcə karxana sahibinin traktorçuya borcu da üst-üstə yığılıb.

"KARYER İŞLƏMƏDİ GÜNLƏRDƏ DƏ İŞƏ GEDİRDİM"

“Karyer işləmədiyi günlərdə də mən işə gedirdim. Anar Abbasovla əvvəldən danışığımız belə olmuşdu ki, iş olsa da, olmasa da mənim gündəlik haqqımı ödəyəcək. Ancaq indi yanına gedəndə deyir sən kimsən, mən səni tanımıram”.

Cavad Həmivodun sözlərinə görə, onunla karxana sahibi arasında əmək müqaviləsi olmayıb.

Anar Abbasov “Qaynar xətt”ə bildirib ki, Cavad Həmidov adında nəinki işçisi olmayıb, ümumiyyətlə, belə bir adam tanımır:

“O, məndən polisə də yazıb, getmişəm, araşdırılıb, mən belə adam tanımıram. Harda yazılıb ki, mənim belə bir işçim olub?”

Cavad Həmidov Daxili İşlər Nazirliyinə də şikayət edib. Onun ərizəsi araşdırılmaq üçün karxananın yerləşdiyi ərazi üzrə Xəzər rayon polis idarəsinin 1-ci polis bölməsinə göndərilib. Bölmənin əməliyyatçısı Asif Zeynalov deyir ki, araşdırma aparıb və işdə dələduzluq faktı olmadığına görə şikayətçiyə məhkəməyə müraciət etməsini tövsiyə edib:

“Mən Cavad Həmidova rəsmi məktub göndərmişəm ki, işdə cinayət tərkibi yoxdur, mülki işdir və mülki qaydaya Xəzər rayon Məhkəməsində karxana sahibinə qarşı iddia qaldırsın. Polis mülki işə baxmır”.

SÜBUTU OLMAZSA...

Hüquqşünas Namizəd Səfərov deyir ki, əmək müqaviləsi olmadan işlədiyinə görə Cavad Həmidova məhkəmədə həmni karxanada işlədiyini sübut etmək çətin olacaq:

“Ona çoxlu əlavə sübutlar lazım olacaq. Məhkəmə ondan əlavə şahidlər istəyəcək, karxanada işlədiyini sübut edə biləcək videogörüntü, ya fotogörüntü və başqa sübutlar olmalıdır. Bunlar olmasa Cavad Həmidovun məhkəməyə müraciəti perspektivsizdir”.

Cavad Həmidov məhkəməyə müraciət edəcəyini deyir. O, fakt, sübut məsələlərində isə onunla birlikdə karxanada işləmiş fəhlə yoldaşlarına arxayındır.
XS
SM
MD
LG