Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Balaca Çe Gevaralar


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Sərdar Amin


Aya uçan pərvanə

Bir az dayandı pəncərənin qabağında -
tut yarpağında.
Böcəklərin dövrə vurduğu lampaya baxdı,
sonra aya baxdı...
Ay təmizdi.
Pərvanə aya uçmaq istədi.
Aya uçmaq istəyən ilk pərvanə oldu o.
Belə pərvanə olmamışdı ondan qabaq.
O uçurdu; qarşıda ay tabaq.


Balaca Çe Gevaralar

Bəli dost, “uşaqlıq ömür səhrasının qüzeyidir,
bağlansa da yenə məsumluq muzeyidir”.
Budaq-budaq fəth edərdik hündür ağacları.
Zirvədən səslənərdik qonşu uşaqlara sarı.
Başımız ağaclarda quş yuvaları kimi,
Sağ əlimizdə budaq, solunda yumruq:
qışqırardıq balaca Çe Gevaralar kimi.
Söyərdik bir-birimizi tutlu, gilaslı dodaqlarla.
Sonra ağlardıq,
atalarımız endirərdi bizi - yastı budaqlarla.
O vaxt analar da tez-tez ağlayardılar
göz yaşını silməkçün
yaylıqlarını çənələrinin altında bağlayardılar.

Yazdan bənövşə ətrin,
payızdan meşə ətrin
çəkib ciyərimizdə saxlardıq qışa ətri.
Ölürdi güllər xoşumuza gəlməkdən ötrü.
Daşlar daşlardı,
kollar cızardı hər gün,
qucaqlamazdıq dizlərimizi.
Böyük ayaqqabılarımız tapdardı izlərimizi.
Razıydıq bizi gətirən leyləklərdən.
Cücə dimdiyilə yortduğutək,
dirsəyimizlə yırtıb çıxdıq balaca köynəklərdən.
Çıxarıb ayaqqabılarımızı
saldıq izimizi üfüq boyunca -
doyunca səhər-səhər.
Günəş gözümüzdə doğdu hər səhər.
XS
SM
MD
LG