Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Bir qocanın saatsaza oxuduğu şeir


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Furqan Sadıq


(Bir qocanın saatsaza
oxuduğu şeir)


Gəl zamana tərif verim,
sən də otur, qulaq as...
Divardakı saatlardan
birin götür, qulaq as...

Saatlar məcburdu vaxtın
leşini daşımağa...
Elə vaxt olur vaxt olmur
başını qaşımağa...

Ölərmi əqrəbi geri
dönsə saatlarının?!
Mən günlərimi sayıram,
sənsə saatlarını...


* * *

Əyildin...
Ömür boyu
onun-bunun qarşısında
səcdə edib əyildin...
Yox, səcdəyə bənzəmirdi
sənin bu əyilməyin -
nəsə əcaib idi...
Lap biədəb əyildin,
lap qəribə əyildin...
Sən əyilməyində ol!
Ömür də ötüb keçdi,
gün qüruba əyildi...
Daha qəm yemə, ağlama -
nə xeyri?!
Uzun sözün qısası,
səhv yaşamısan ömrü...
Gəl sənə məsləhət verim,
bax belə:
gəl sonuncu dəfə əyil,
bir səhv səcdəsi elə!
Vəssalam...
XS
SM
MD
LG