Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:30

Valideynləri: «NİDA-çıların vəziyyəti yaxşı deyil»


NİDA fəallarının məhkəməsi
NİDA fəallarının məhkəməsi
«Zaurla telefonla danışmışam, vəziyyətləri yaxşı deyil. Zaur deyir ayaq üstə dayana bilmirəm, başım hərlənir. Zaurda qan problemi var. Bundan başqa deyir vitamin çatışmazlığına görə hamının əllərinin, ayaqlarının dərisi soyulur. O biri uşaqların da vəziyyəti pisdir. Ancaq deyirlər ki, mayın 15-ə - məhkəməyə qədər aclığı davam etdirəcəklər».

Bunu AzadlıqRadiosuna hazırda həbsdə aclıq aksiyası keçirən Zaur Qurbanlının anası Səkinə Qurbanova deyib.

NİDA Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü 12 gündür aclığı davam etdirir.
Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov AzadlıqRadiosuna deyib ki, bir neçə gün əvvəl NİDA-çı gənclərlə görüşüb:

«Səhhətlərindən şikayət etmirdilər. Bir də onlar müəssisə rəhbərliyinə aclıq etmələri ilə bağlı yazılı şəkildə müraciət etməyiblər. Onla görə də digər məhbuslardan təcrid olunmayıblar. Ancaq bununla belə həkim onlara nəzarət edir».

Vüqar Məhərrəmov deyir ki, təcridxananın tibb hissəsinin rəisi ilə mütəmadi əlaqə saxlayır:

«Həkim də vəziyyətlərinin normal olduğunu deyir. Ötən şənbə gününə olan məlumata görə vəziyyətləri yaxşı idi. Günün sonunda yenə əlaqə saxlayacağam».

NİDA-çı gənclər aprelin 17-dən ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi aclıq aksiyasına başlayıb. Onların valideynləri də övladlarının azad edilməsi üçün aprelin 20-dən aprelin 24-ə qədər aclıq aksiyası keçirmişdi.

Dövlət ittihamçısı NİDAçılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib.
Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International NİDA-çıları «vicdan məhbusları» adlandırıb, onların azad olunması üçün kampaniyaya başlayıb.
XS
SM
MD
LG