Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:00

90-cı illərdə dava, mübahisəli parlament iclasları 2010-cu illərdə necə yadda qalıb?


Milli Məclis
Milli Məclis
-
«Bəzi millət vəkilləri bizneslə məşğuldur, deputat toxunulmazlıqdan istifadə edib, öz bizneslərini qoruyur və inkişaf etdirirlər. Qanuna zidd olaraq bir çoxları icraedici hakimiyyətdə təmsil olunurlar, bu da maraqlar münaqişəsi yaradır».

«Şəffaflıq-Azərbaycan» təşkilatının parlamentin vəziyyətini araşdıran hesabatında belə deyilir. Hesabat «Milli Şəffaflıq Sisteminin qiymətləndirilməsi» layihəsi çərçivəsində hazırlanıb.

Hesabatda qanunverici hakimiyyətin – parlamentin öz əsas funksiyalarını kifayət qədər yerinə yetirmədiyi, müstəqil qərar qəbul etmədiyi bildirilir:

Tarixçə - Azərbaycan parlamenti

Tarixçə:

Azərbaycanda ilk parlament 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra yaradılıb. Sovet İttifaqı dağılandan sonra 26 noyabr 1991-ci ildə Azərbaycan Ali Sovetinin barışıq komissiyasının qərarı ilə Milli Məclis adı ilə yenidən bərpa edilib. Milli Məclis birpalatalı qanunvericilik orqanıdır. Bərabər, sərbəst, birbaşa seçki əsasında şəxsi və gizli səsvermə yolu ilə beş il müddətinə seçilən 125 deputatdan ibarətdir. Parlamentin İntizam və Hesablayıcı komissiyalarından əlavə 11 daimi komitə var. Milli Məclis – Azərbaycanın ali qanunverici orqanıdır.
«Qanunverici orqan kənar qüvvələrin, özəlliklə, icra hakimiyyətinin təsirindən azad və müstəqil qəbul edilmir. 2010-cu ildə keçirilən son parlament seçkiləri hakim partiyanın təmsilçiliyini tam bərqərar edib və iri müxalifətin partiyalarını qanunverici orqandan kənarda qoyub. Üstəlik, bir çox qanunların qanunverici orqandan kənarda hazırlandığı və ətraflı müzakirə olunmadan parlamentdə təsdiq edildiyi hesab edilir. Bundan başqa millət vəkilləri icmaların ehtiyaclarının təmsilçiliyində rollarını dərk etmək əvəzinə fərdi seçicilərin konkret problemlərinin həllindəki rollarına daha çox diqqət ayırırlar».

«BİZNES SEKTORU ÜZƏRİNƏ GİZLİLİK PƏRDƏSİ ÇƏKƏRƏK...»

Hesabatda parlamentin 2013-cü ildə deputat mandatı əldə etmək vasitəsi kimi rüşvətxorluq, səsvermə prosesində saxtakarlıq, eləcə də millət vəkillərinin davranışında etik problemlərlə yadda qaldığı yazılır. Hesabatda ciddi müzakirə aparmadan məhdudlaşdırıcı qanunların qəbul edilməsi vurğulanır:

«Biznes dairələrinin təzyiqi altında, 2012-ci ilin iyununda parlament «biznes sektoru üzərinə gizlilik pərdəsi çəkərək» informasiya əldə etmə hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdıran dəyişikliklər qəbul edib. Bu dəyişikliklərə əsasən, hüquqi şəxslərin təsisçiləri və maliyyə mənbələri, onların nizamnamə kapitalının həcmi və digər oxşar məlumatları ancaq hüquq mühafizə orqanları əldə edə biləcək. Bu müddəalar Azərbaycanın üzərinə götürdüyü digər beynəlxalq öhdəliklərə, o cümlədən 2012-ci ildə qoşulduğu Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün və «İnformasiya əldə etmək haqqında» qanunun irəli sürdüyü şəffaflıq prinsipinə ziddir».

PARLAMENT MÜBAHİSƏ, İNTRİQA VƏ POLEMİKA MEYDANI DEYİL?

Hesabatda sonuncu – 2010-cu il parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının qanunverici hakimiyyət üzərində nəzarəti daha da möhkəmləndirdiyi qeyd olunur. Milli Məclisin Ombudsman, Hesablama Palatası, Mərkəzi Seçki Komissiyasının sədrlərinin təyinatında ciddi rol oynamadığı, icra hakimiyyətinin satınalmalarına nəzarət etmədiyi, araşdırma komissiyaları yaratmaq səlahiyyətindən səmərəli istifadə olunmadığı yazılır.
Spiker Oqtay Əsədov səs verir
Spiker Oqtay Əsədov səs verir

Eləcə də, hökumətin parlamentə hesabatlarında ciddi tənqidlərin eşidilmədiyi bildirilir. Tək-tük tənqidi fikir səsləndirən millət vəkillərinin «sözü kəsilir». 2013-cü il hesabatının müzakirəsi zamanı Ədalət Partiyasının sədri millət vəkili İlyas İsmayılova qarşı olanlar yada salınır:

«Həmin müzakirədə millət vəkilinin tənqidinə cavab olaraq, parlament sədri etik və hüquqi qaydaları pozaraq onun kobud şəkildə sözünü kəsmiş və millət vəkilini «öz işləri ilə məşğul olmağı» tövsiyə etmişdir. Mediada yayılan məlumata görə, parlament sədri parlamenti «mübahisə, intriqa və polemika meydanı» kimi görmür».

DEPUTATLARIN MAAŞI YÜKSƏKDİR...

Milli Məclisin 2012-ci ildə ümumi büdcəsi təxminən 18 milyon 560 min manat təşkil edib. Milli Məclis öz büdcəsini özü təsdiqləyir və illik büdcə müzakirələri zamanı növbəti il üçün öz xərclər smetasını müəyyənləşdirir. Deputatların vəzifə maaşları yerli standartlara görə çox yüksəkdir. Parlament üzvlərinin ortalama aylıq maaşları 2 min manatdır. Hesabatda deyilir ki, deputatların əmlak və gəlirləri haqda hesabatlar ictimaiyyətə açıq deyil. Halbuki, vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlarının təqdim edilməsi qaydaları tələb edir ki, Milli Məclisin sədri və deputatları öz əmlak və gəlirlərinə dair bəyannamələrini Korrupsiyaya Qarşı Mübarizə üçün Komissiyaya təqdim etsinlər. Üstəlik, deputatlar maliyyə xarakterli məlumatları Milli Məclisin müəyyən etdiyi quruma da təqdim etməlidirlər. Hesabatda nə belə bir qurumun müəyyən edildiyi, nə də məlumatların təqdimatı üçün zəruri sənədlərin formaları hazırlandığı bildirilir:

«Gəlirlər və əmlak barədə bəyannamələrin ictimaiyyətə açıqlanmasına dair heç bir müddəa yoxdur. Hətta qanunda göstərilir ki, millət vəkillərinin təqdim etdikləri maliyyə məlumatları şəxsi həyat sirri hesab olunur və konfidensiallığı qorunur. Göstərilən məlumatlar yalnız korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı Baş Prokurorluğun və ya məhkəmələrin əsaslandırılmış qərarları əsasında tələb edilə bilər».

Parlament dövlət büdcəsi vəsaitindən əlavə ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) öz resurs bazasını möhkəmlətmək üçün beynəlxalq maliyyə dəstəyi alıb. 2007-2011-ci illərdə Azərbaycan parlamentinin səmərəliliyini və təmsilçilik qabiliyyətini gücləndirməyə yönəldilmiş proqramda 125 yerli nümayəndəlik ofisinin yaradılması və parlamentin İnternet səhifəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Baş nazir Milli Məclisdə hesabat verir
Baş nazir Milli Məclisdə hesabat verir


Hesabatda bir neçə mühüm qanunun hələ də qəbul olunmadığı qeyd olunur. Qəbul olunması zəruri olan qanunlar sırasında maraqların toqquşması, korrupsiya şahidlərinin qorunması və dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəzaların tətbiq olunması haqda qanunlar göstərilir.

MÜSTƏQİL VƏ AZAD PARLAMENTİN OLMASI ÜÇÜN....

Hesabatın sonunda qanunverici hakimiyyətin icraedici hakimiyyətdən müstəqilliyini təmin etmək məqsədilə aşağıdakı tövsiyələr verilir:

- 2015-ci ildə keçiriləcək növbəti parlament seçkilərinin azad və ədalətliliyini təmin etmək;

- Əhəmiyyətli məsələlər haqda müzakirələri milli televiziya kanalında və ya İnternet TV-də canlı yayımlamaq;

- İnsanların fərdi qaydada parlament iclaslarında iştirak edib müzakirələri izləməsinə imkan yaradan qanunvericilik dəyişiklikləri etmək;

- Deputat köməkçilərinin seçki dairələrində fəal işi vasitəsilə seçicilərin maraqlarının parlamentdə daha yaxşı təmsil olunmasını təmin etmək;

- Parlamentdən kənarda qalan müxalifət qüvvələri ilə forumlar, dəyirmi masalar, daimi işçi qrupları vasitəsilə müzakirələr təşkil etmək; parlament komitələrinin iclaslarında yeni qanun layihələrinin müzakirəsi məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakını təmin etmək;

- Milli Məclisin İntizam komissiyasının qanun pozuntuları ilə bağlı aşkarladığı nəticələr və verdiyi cəzalar barədə məlumatları dərc etmək və millət vəkillərinin maliyyə məlumatlarını təqdim etməsinə nail olmaq.
XS
SM
MD
LG