Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:53

Gülər Əhmədova: «Əsəbdən ürəyim partlayacaq»


Gülər Əhmədova
Gülər Əhmədova
-
Aprelin 28-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın məhkəməsi davam edib. Məhkəmədə ekspertlər dindirilib.

Ekspert Hümbət Vəliyev ifadəsində deyib ki, Sevinc Babayevanın eksperimental səs nümunəsinin olması barədə rəydə yazılanlar texniki səhvdir. Ekspert birinci təqdim olunan diskdə bəzi kəsilmələrin olduğunu, səsin itdiyini bildirib.

Gülər Əhmədovanın vəkilləri ekspertə sual verəndə, dövlət ittihamçısı sualların bəzilərinin cavablandırılmasına etiraz edib.

Gülər Əhmədovanın prokurorun etirazına reaksiyası belə olub:

«Heç kimə danışmağa imkan vermirsiniz. Əsəbdən ürəyim partlayacaq».

Başqa bir ekspert Lətif Əliyev videomaterialların montaj olub-olmaması sualına cavab olaraq deyib ki, buna istintaq qiymət verməlidir.

Fasilədən sonra ekspert Məmməd Ramazanov dindirilib. O da videomaterialın montaj olub-olmadığını deyə bilməyəcəyini bildirib: «Bu, qeyri-müəyyəndir».

Gülər Əhmədova isə deyib ki, «sizin bu qeyri-müəyyənliyinizə görə 1 il 2 aydır həbsdəyəm. 13 fevralda həbs olunmuşam. 13 sualım var, 13-13 hara gedir, bilmirəm».

Məhkəmə aprelin 29-da davam edəcək.

Ötən il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. 2013-cü ilin fevralında tutulan Gülər Əhmədova külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.

Apellyasiya şikayətində Gülər Əhmədovaya bəraət verilməsi xahiş olunur.
XS
SM
MD
LG