Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:01

Daxili İşlər Nazirliyindən gənc fəalın polisdə döyülməsi ilə bağlı reaksiya


.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Azadlıq Radisunun sorğusuna cavabında "müvəkkilinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində guya qeyri-insani rəftara, işgəncəyə məruz qalması barədə vəkilin söylədiklərini onun növbəti dəfə faktları təhrif etməyə, ictimai rəyi çaşdırmağa, gündəmdə zorla qalmaq üçün məqsədyönlü şəkildə dezinformasiya yaymağa, polisin işgüzar nüfuzuna qəsdən kölgə salmağa və mövzu ətrafında yersiz hay-küy, süni ajiotaj yaratmağa yönəlmiş hərəkət kimi qiymətləndirib":
"Orxan Eyyubzadə və məntəqədə saxlanılan digər şəxslər barədə eyni xarakterli və məzmunlu dezinformasiyaların yayılması ilk dəfə deyil. Xatırlayırsınızsa, Orxan Eyyubzadə haqqında belə şayiələr o, cari ilin əvvəllərində sözügedən məntəqəyə ilk dəfə düşərkən də yayılmışdı. O zaman da bu gəncin işgəncəyə məruz qaldığı iddia edilirdi. Ancaq vəkil nə o zaman, nə də indi polis tərəfindən saxlanılan və İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə qəbul edilən Eyyubzadənin özünü çox aqressiv, ədəbsiz formada aparmasından, hazırda saxlandığı qapalı tipli müəssisənin daxili nizam-intizam qaydalarını pozmasından, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə nümayişkaranə tabe olmamasından, bəzən onlara müqavimət göstərməsindən heç zaman söz açmayıb və təbii ki, açmaz da. Bunun səbəbi aydındır.

Lakin bu bir faktdır ki, vəkilin belə canıyananlıqla, canfəşanlıqla müdafiə etdiyi həmin gənc hələ ilk saxlama zamanı polisin qanuni tələblərirnə tabeçilik göstərməməsi ilə bərabər, saxlandığı kamerada dövlət əmlakına da müəyyən zərər yetirməsi, özü bir tərəfə, başqalarını da bu işlərə təhrik etmək istəyi ilə də seçilib. Ona görə məntəqə rəhbərliyi tərəfindən hər iki saxlama müddətində mövcud qaydalar çərçivəsində ona qarşı müəyyən tənbeh tədbirləri tətbiq olunub, intizama dəvət edilməsi, əməkdaşlara qarşı nəzakətli rəftarı üçün müəssisə rəhbərliyi tərəfindən Eyyubzadə ilə çoxsaylı profilaktiki söhbətlər də aparılıb.

Ancaq görünən odur ki, o, nə tənbeh tədbirlərindən, nə də profilaktiki söhbətlərdən özü üçün nəinki lazımi nəticə çıxarmayıb, əksinə, sanki kimlərinsə məsləhəti və təhriki ilə həmin dözülməz davranışını daha qaba formada davam etdirməkdə qərarlı olub. Əgər belə olmasaydı, Eyyubzadə təxminən bir həftə öncə bilərəkdən və heç bir ciddi səbəb olmadan yenidən məntəqənin əməkdaşlarına qarşı kobud davranmaz, bu dəfə onlara zor tətbiq etməklə müqavimət göstərməz, əlbəyaxa olmazdı.

Təbii ki, bu cahil gəncin polis əməkdaşlarına qarşı növbəti demarşı da diqqətdən kənarda qalmayıb, məsələ sənədləşdirilərək müvafiq araşdırmanın aparılması üçün təhqiqat orqanına, oradan isə hüquqi qiymət verilməsi məqsədilə rayon prokurorluğuna göndərilib.

Prokurorluq toplanmış matereiallarda və Eyyubzadənin aqressiyadan qaynaqlanan hərəkətlərində cinayət əməlinin tərkibi olduğu qənaətinə gəldiyinə görə faktla bağlı CM-in müvafiq maddəsilə cinayət işinin başlanılması barədə qərar qəbul edib, O.Eyyubzadə barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Müvəkkilinin həbsdən çıxandan sonra polis barədə şikayət verə biləcəyi səbəbindən sonuncuların guya özlərini sığortalamaq üçün Eyyubzadədən əvvəl məhkəməyə müraciət etmələri barədə vəkilin söylədikləri isə olduqca gülünc iddiadır və hüququn əlifbasından bixəbər insanın açıqlamasına bənzəyir.

Zənnimcə, xatırlatmağa ehtiyac yoxdur və yuxarıda söylədiklərimdən də görünür ki, polis əməkdaşları Eyyubzadədən məhkəməyə şikayət etməyiblər. Şikayət etmək polisin işi deyil. Faktla bağlı cinayət işini prokurorluq başlayıb və Eyyubzadə barədə həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə sözügedən orqan müraciət edib.
XS
SM
MD
LG