Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:35

Günel Eyvazlı. İstanbul


Günel Eyvazlı
Günel Eyvazlı
-

Günel Eyvazlı


Mono Liza

(Hekayə)


Deyilənə görə İstambul sözünün mənası İslam bol sözündən götürülüb. Osmanlı dövrünün Türkiyə üçün ən böyük ərmağanı İstambul idi. Qədim Konstantinopol, İslam abu-havasından fərqli libas geyinmişdir əyninə. Bu libas onu daha da cazibədar və özünəməxsus göstərirdi. İstambul, sinəsində xaçı gizlədib, özünü müsəlman kimi qələmə verən və inamını, dinini eşqinə qurban verən xanıma bənzəyirdi. İstambul mənə bənzəyirdi.

Mən Deyala Salvador Vera sadə xristian ailəsində anadan olmuşam. Kiçik evmizin üç sakiniyik. Atam, anam və mən. İstambulda mən hələ körpə ikən məskunlaşmışdıq. Yadıma gəlir, ilk dəfə avtomobildən enəndə şəhər mənim üçün nəhəg görünmüşdü. Hətta heyrətimdən və qorxumdan ağlamışdım da. Evin tək övladı olduğumdan valideynlərim məni çox ərköyün böyütmüşdü desəm yanılmaram. Böyük qız olana qədər atamın dizlərinin üzərində otururdum. Deyəsən atam böyüməyimin fərqində deyildi. Mən onun üçün balaca, şıltaq Deyala olaraq qalırdım.

Hər bazar günü kilsəyə keçib dua edirdik bütün xristianlar kimi. Həftə içi isə heç boş vaxtım yox idi. Dərslərim, fransız dilindən hazırlığım və evdəki şıltaqlığım. Hər şey çox gözəl davam edirdi həyatımda Mustafa peyda olana qədər.

Biz ikimizdə Fransız dilini öyrənmək üçün kursa yazılmışdıq. Qrup elə iki nəfərdən ibarət idi. Məndən və Mustafadan. Həddindən-ziyadə ciddi olan müəlliməmiz mis Forleni razı salmaq çətin məsələ idi. Mustafa qəliz Fransız sözlərini türk ləhçəsinə uyğun olmadığından düzgün tələfhüz edə bilmirdi. Bu səbəbdən Mis Forlenin nazik çubuğu hər dərs Mustafanın kafasına dəyərdi. Mən isə Mustafanı pərt etməmək üçün gülüşümü içimdə boğurdum. Doğrudur, hərdən bu məndə alınmırdı. Çünki, həddindən ziyadə güləyən idim. Mustafa isə utandığından qızarardı.

O qəribə oğlan idi. Qaraqabaq, qaradinməz. Bu qədər hayranım olduğu halda Mustafanın təmkin nümayiş edib mənə baxmaması məni qıcıqlandırırdı. Olsun. Mən özüm də çox lovğa birisi idim. Mustafanın çöhrəsinə ya bir dəfə baxmışdım, ya da heç baxmamışdım.

Bəzən öz-özümə düşünürdüm - bu yaraşıqlı göygöz, sarışıt türk erkəyi məni sevsə və mən onu sevsəm belə nə olacaq ki? Bir xristian qızının, bir müsəlman bəy əfəndisinə aşıq olmağı nə dərəcədə doğrudur? Yani mənim onu sevməyim yasaqdan yasaq idi. Bu o demək deyil ki, biz müsəlmanları sevmirdik. Yox. Hətta onların bayramlarını belə qeyd edirdik. Ramazan, Novruz, Qurbanlıq. Artıq adətlərimiz qarışıq idi. Və ya Pasxa bayramında müsəlman cocukları qapımıza gəlib bayramınız kutlu olsun deyərkən, biz də şirniyyatlar verərək onların könlünü xoş edirdik. Biz onlarla mehribancasına, birgə yaşayırdıq. Sadəcə ayrı-ayrı mədəniyyətlərin nümayəndələri idik.

Mustafanın atası ziyalı idi. Mustafa fars, ərəb dillərini mükəmməl bilirdi. Üstəgəl avropa elmlərini öyrənirdi və Fransız dilinə bələd olmaq istəyirdi. Onun çox yaxşı rəsm çəkmək qabiliyyəti var idi. Bir dəfə sinfi tərk edəndə dəftərini vərəqləmişdim, sonuncu səhifədə məni cızmışdı, sonra isə qaralamışdı.
O mənə mən güləndə baxardı. Atam da həmişə sənin çox gözəl təbəssümün var deyərdi. Mən də saatlarla güzgü önündə dayanıb gülüşümün necə olmasını yoxlayardım. Belə gülsəm yaxşıdır, yoxsa bir başqa cür. Dərsə gəlməmişdən öncə güzgü önündə pozalarımı yoxlayırdım. Və dərs boyu Farnsız dili bir kənarda qalardı, mən isə Mustafa qarşısında poz verirdim. Doğrusu bu Mustafanın çox xoşuna gələrdi. Onun mənə baxan ciddi, guya laqeyid baxışları mənim də xoşuma gəlirdi.

Hə, Mustafa da məhz mənim gülüşümə heyran qalmışdı. Şıltaq gülüşümə. Bəs mən Mustafada nəyi sevmişdim? Deyim ki, savadlı olsa da nisbət baxımından məndən savadı az idi. Mən Fransızcanı tum kimi çırtlayanda, Mustafa hıqqanırdı. Doğru ərəbi, farsı onun kimi mükəmməl bilmirəm. Amma, yenədə mən ondan qat-qat savadlı və bilikli idim.

Həm də o çox qaraqabaq idi. Bəs nə idi bizi bir-birimizə bağlayan? Niyə mən onu unuda bilmirdim? Niyə beynimin içində həmişə o yaşayırdı? Niyə onu görəndə ürəyim titrəyirdi? Niyə o məni görəndə üzümə baxa bilmirdi? Niyə əlləri əsirdi, dili titrəyirdi? Niyə bu qaraqabaq oğlan mənim üzümə baxarkən çöhrəsində gülüşünü gizləyə bilmirdi? Niyə onu görəndə içimdə sankı kəpənəklər uçuşurdu?

Mustafa. Bir adı bəs edirdi ki, mən milyon dəfə rəng alıb, rəng verirdim.
Biz ikimizdə gənc idik. Mənim ona hər gün daha çox öyrəşməyim əslində düzgün deyildi. Mən bunu bilirdim. O mənim dostumdur sözünü bəlkə yüz dəfə özümə əzbərlədirdim. Amma, yox, alınmırdı. Axı o da mənə qarşı laqeyd deyildi. Oğlanlar mənə baxanda, söz atanda əlinin necə yumuruğa döndüyünü görürdüm. Qısqanclığını hiss edirdim. Axı o məni qoruyurdu. Hər şeydən. Onun mənə baxışı bir başqa baxış idi.

Hə, sevirəm demirdi. Heçnə demirdi. Bəlkədə deməyəcəkdi də. Demədi də. İnsan sevəndə deyirmi? Bax bunu bilmirəm. Bəlkə həqiqi eşq elə buna deyirlər.
Mən onun emalatxanasında olmuşdum. Doğrusu oraya getməyi o mənə təklif etmişdi. Mən də razılaşmışdım. Atam bilsəydi. Nə yaxşı ki, bilmədi.
Valideynlərim mənim Mustafaya olan hisslərimdən şübhələnmişdirlər. Amma, keçəridir deyə düşünürdülər. Keçəri olmurdu. Mən Mustafadan sevirəm sözünü eşitmək ümidi ilə mənə doğru gələn hər kəsi özümdən uzaqlaşdırırdım. Amma, o, heç nə demirdi. Demirdi.

Əgər məndən uzaq dur desəydi, əgər hər şeyi mənə öncədən başa salsaydı belə olmazdı. Məni hər evə ötürəndə, gələn dəfə olmasın, istəmirəm deyərdim. Amma, ötürmələr davam edirdi. Bu hərəkətlər, hər gün onunla söhbət məni ona bağlayırdı. Elə onu da mənə.

Ara-sıra yazdığı məktublarını evin bir köşəsində saxlasam da, sonra yenidən-yenidən oxumaqla məhv olurdum. Bir xanıma nə lazımdır? Diqqət. Mən onun diqqətinin, tatlı sözlərinin içərisində üzürdüm. Mən Mustafadan soruşmuşdum “Sevdiyin varmı?” deyə. O yox demişdi. Hə, indiki kimi yadımdadır, yox demişdi. İndi hisslərimin ona açıq-aydın olan zamanında, ona bu qədər öyrəşəcəyim bir anda məni qəflətən özündən uzaqlaşdırması məni məhv edirdi.

Mənim ətrafım insanla dolu olduğuna baxmayaraq, mən içimdəkilərlə sızlayırdım. Ölürdüm. Onun isə vecinə də deyildi.

Yəqin bütün erkəklər kimi düşünmüş. Mustafa məni kullanmak istəmişdi. Yaraşıqlı, intellektual, kompleksdən uzaq bir xanım. Öyləmi Mustafa? Amma, bu kimə nəsib olmuşdu ki, indi sənin də aklından keçmiş. Benimi kullanmak istədin, Mustafa?

Mustafanın atası ziyalı olduğu qədər də qatı dindar və millətçi idi. O öz dinindən, millətindən, dilindən olmayan birisini özünə gəlin etməzdi. Mən sonralar bildim ki, Mustafanın göbəkkəsdisi var imiş. Bizdən bir az aralı məhlədə yaşayırmış. Mustafa demək ki, hər məni evimizə ötürdükdən sonra sevgilisinə də baş çəkərmiş. Məni özünə bağlamaqla, ondan da əl çəkməzmiş.
Mən o qızı Mustafanın emalatxanasında gördüm günlərin bir günü. Rənglərin, fırçaların arasında, kağızların üzərində. Bütün rənglərə bulaşmış bədənlər məni görcək şaşırmışdılar. Mustafanın sirrini bulmuş olmuşdum.

Mustafa əslində hətta hökmran valideynlərini belə razı salmağı bacaran birisi imiş. Hətta istəsəydi məni də özünə övrət etməyi bacarardı. Sadəcə içindəki balaca vicdan onun yolunu kəsirdi. Göbəkkəsdisi Nazlı ona təslim olmuşdu günlərin bir günü. Mustafa küçücük qızın bakirəliyini pozduğundan özünü günahkar bilmiş və ona sahiblənəcəyinə söz vermişdi. İndi məni sevərək, məndən uzaqlaşmış, vaxtı-vaxtında Nazlıya erkək olaraq borcunu ödərmiş. Emalatxanasında. Xanımlara layıq yerdə. Kağızların, fırçaların üzərində.
Kim bilir bəlkə bir zamanlar məsum görünən Mustafa məni də emalatxanasına bu niyyətlə dəvət etmişdi. Zavallının başına açdığı oyunumu mənimlə təkrarlamaq istəyirdi? Bilmirəm. Onun dinməz baxışları, susqun görkəmindən heç nə anlamamışdım. Məndənmi jest gözləyirdin, Mustafa? Bu jesti kim görmüşdüki? Məgər sən məni tanımırdınmı, Mustafa?

Bu hadisə kimi pərişan etməz ki? Bir qızın hissləri ilə oynamaq, sonra guya vicdanı oyanırmış kimi onu özündən uzaqlaşdırmaq. Körpə bir qızın mənəviyyatını, arzularını öldürmək hansı erkəyə yaraşar? Erkək deyilən bir adam belə edərmi?

Demə onları bu vəziyyətdə tək mən görməmişdim. Artıq bütün oba xəbərdar idi.

Bəs mən? Mən? Necə qıydın?

Bu gün yenə külək əsir. Dənizdən əsən külək, dənizin duzunu dodaqlarıma vururdu. Bu insanı çox susadır.

Evə dönmək və hər şeyi yenidən başlamaq zamandır. Zaman, kimi çökdürmək istəməz ki? Məni yox. Bacarmaz.

Mən Mustafanın toyunda iştirak da elədim. Sonra onların oğul övladları dünyaya gəldi. Sonra onlar ayrıldılar. Sonra Mustafa tək qaldı. Mənim kimi.
Bu gün Mustafanın rəsm sərgisi var. Getmək istəmirdim Marta məcbur etdi. Bəlkə də istəməsəydim getməzdim. İstədim getdim. Sərgi salonunun qapısı ilə üzbəüz böyük bir portret asılmışdı.

Leonardo da Vinçidən sonra Mono Lizanı çox rəssamlar işləmişdilər. Amma, bu cür təbəssümü heç kim yarada bilməmişdi. Çünki, müəllifi Mustafa olan Mono Lizanın üzünə qonmuş təbbəssüm, onun vaxtilə məndən oğurladığı təbbəssüm idi.
Deyilənə görə İstambul sözünün mənası İslam bol sözündən götürülüb. Osmanlı dövrünün Türkiyə üçün ən böyük ərmağanı İstambul idi. Qədim Konstantinopol, İslam abu-havasından fərqli libas geyinmişdir əyninə. Bu libas onu daha da cazibədar və özünəməxsus göstərirdi. İstambul, sinəsində xaçı gizlədib, özünü müsəlman kimi qələmə verən və inamını, dinini eşqinə qurban verən xanıma bənzəyirdi. İstambul mənə bənzəyirdi.

İndi, İstambulun tarixində bir xristian qızının da göz yaşı əbədiləşib. Amma, içində axan bir göz yaşı.

İndi Deyala Salvador Vera, İstambul üçün sadəcə təbəssümü oğurlanmış Mono Liza idi.
XS
SM
MD
LG