Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:14

Azərbaycan hakimiyyətindən Britaniya siyasiləri üçün “kürü ziyarətləri”


BuzzFeed saytının Azərbaycana dair məqaləsindən görüntü.
BuzzFeed saytının Azərbaycana dair məqaləsindən görüntü.
Amerika internet saytı BuzzFeed Azərbaycanın korrupsiyalı diktaturasına yaxın lobbiçilər Britaniya millət vəkillərini “kürü səfərinə” çıxarıblar” adlı məqalədə yazır ki, Bakı Londonda nüfuz qazanmağa çalışır.

“Britaniyanın 12 millət vəkili son seçkidən bəri bu ölkənin insan haqları sahəsindəki vəziyyətinə rəğmən, onun hakim diktatura elitasına yaxın əlaqələri olan lobbiçilərdən minlərlə funt sterlinq dəyərində “qonaqpərvərlik” qəbuil ediblər” – deyilir məqalədə.

BuzzFeed saytının əməkdaşı Jon Stone yazır ki, Avropa Azərbaycan Cəmiyyəti Britaniya parlamentinin on üzvü üçün Bakıya haqqı tamamilə ödənmiş səfərlər təşkil edib, millət vəkillərinə saatı 300 funt sterlinqdən məşvətərətçi maaşı ödəyib və hətta bir deputata “kraliçanın brilyant yubileyinin yundan toxunma dəbdəbəli şərfini” bağışlayıb.

Təmənnalı qonaqpərvərlik

Məqalədə deyilir ki, bu “qonaqpərvərliyin” müqabilində bəzi millət vəkilləri parlamentdə Azərbaycanla ticarətə sərf edən suallar səsləndiriblər və bu suallardan biri hətta baş nazirə ünvanlanıb.

Müəllif yazır ki, bu, Azərbaycanın Britaniya hökumətində nüfuzu satın alması kimi qiymətləndirilə bilər və bu hal ciddi narahatlıq yaradıb.

Avtoritar Azərbaycan hakimiyyətini uzun müddət kəskin tənqid etmiş millət vəkili, leyborist Paul Flynn deyir ki, bir qrup millət vəkilini “kürü səfərinə” çıxaran Azərbaycan hazırda Britaniya parlamentində hər hansı başqa ölkədən daha güclü lobbiçilik gündəliyinə malikdir.

Baş nazirə sual neçəyədir?

Məqalədə deyilir ki, Avropa Azərbaycan Cəmiyyəti müstəqil lobbiçi qrup olduğunu bəyan etsə də, onun Azərbaycan rejiminə bağlılığı çoxdan bəllidir.

Jon Stone yazır ki, Azərbaycanın ən enerjili müvəkkili parlamentdə Partiyalararası Azərbaycan Qrupunun Mühafizəkarlar Partiyasından olan sədri Christopher Pincher-dir.
Avropa Azərbaycan Cəmiyyəti onun 2012 və 2013-cü illərdə Azərbaycana iki səfəri üçün 7 min funt sterlinq xərcləyib.

“Bu ayın əvvəllərində Pincher David Cameron-u Azərbacanla neft və qaz ticarəti müqaviləsinin müddətini uzatmağa çağırıb – yazır BuzzFeed, - O bundan əvvəl xarici işlər nazirinin Azərbaycana səfəri üçün lobbiçilik edib və parlamentdə Azərbaycan hökumətinin insan haqlarını pozması barədə debatlarda Bakının müdafiəsinə qalxıb”.

Jurnalist yazır ki, Azərbaycan Partiyalararası Qrupuna sədrlik etdiyini gizlətməyən Pincher eyni zamanda Britaniya parlamentində Energetika Komitəsinin üzvüdür.

Onda gərək heç kimlə münasibət qurmayasan…

Parlamentin Mühafizəkarlar Partiyasından millət vəkili Mark Field Avropa Azərbaycan Cəmiyyəti üçün hər saatı 312 funta hər gün 8 saat məsləhətçilik edib.

O da Britaniya parlamentini Azərbaycanın “dəyərli alternativ neft və qaz təchizatçısı olduğuna” inandırmağa çalışıb.

O parlament iclaslarında daim nazirlərə sual verərmiş: “Britaniya Azərbaycana kifayət qədər vəsait yatırırmı?”

Cənab Field BuzzFeed saytına bildirib ki, millət vəkilləri Azərbaycan kimi ölkələrlə də əlaqə qurmalıdırlar.

“Siz deyənə inansaq, onda gərək dünyanın üçdə ikisi ilə münasibət qurmayasan” – deyib Mark Field.

Əl əli yuyar…

Lakin Azərbaycanın qatı tənqidçisi, leyborist Paul Flynn bir qrup millət vəkilinin Azərbaycana səfərinin ardınca parlamentdə keçirilmiş müzakirələri xatırlayır.

O deyir ki, bu debatlarda Azərbaycanı dəstəkləyənlərin hamısı bu ölkəyə müftə səfər edən şəxslər idi.

Cənab Flynn bunu da əlavə edib ki, bu cür millət vəkilləri parlamenti cəmiyyətin gözündən salırlar.

BuzzFeed saytı yazır ki, 2010-cu ildən bəri Avropa Azərbaycan Cəmiyyətinin pulu ilə bu ölkəyə 10 millət vəkili səfər edib: keçmiş müdafiə naziri Liam Fox, onun mühafizəkar həmkarları Mark Menzies, Christopher Pincher, Jason McCartney, Andrew Stephenson, Craig Whittaker, Bob Blackman və Nick de Bois. Şotlandiya Millətçi Partiyasından Angus MacNeil və leyboristlərdən Stephen Hepburn də belə səfərlərdə olublar.

Tək bircə deputat - Jeremy Lefroy Avropa Azərbaycan Cəmiyyətindən pul almayıb. Onun səfər pulunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyası ödəyib. Bu təşkilat da ölkə rejimi ilə bağlıdır.

Qutunun içindəkilər

2012-ci ildə leyborist Fiona MacTaggart-a Windsor Atçılıq Sərgisində içində min funt sterlinqlik hədiyyə olan qutu bağışlanıb. Mərasim zamanı verilən bufet ziyafətində iştirakçılara pulsuz yemək-içmək, hədiyyə kitabları, suvenirlər və xatirə şərfləri bağışlanıb.

Müəllif qeyd edir ki, Avropa Azərbaycan Cəmiyyətinin təsisçi sədri, ölkənin ən qüdrətli naziri olan Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.

“Azərbaycanın adından başqa nəyi varsa korrupsiya və diktatorluqla bağlıdır” – yazır Jon Stone.
XS
SM
MD
LG