Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:45

Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi [Video]


-

İqtisadçı-ekspert Natiq Cəfərli və hüquqşünas Xalisə Şahverdi AzadlıqRadiosunun yeni araşdırmasını müzakirə edirlər.

Araşdırma: Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi

«MƏMURLAR SİYASİ HAKİMİYYƏTDƏN İSTİFADƏ EDİB BİZNESLƏRİNİ QURURLAR»

Natiq Cəfərli deyir ki, vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin bizneslə məşğul olması Azərbaycanda adi hala çevrilib:

«Bu araşdırma məni təəccübləndirdi. Adətən biz daha geniş biznesi görməyə alışmışıq. 90-cı illərin əvvəlindən vəzifədə olan birinin bu qədər az biznesi var. Araşdırmadan göründüyü kimi, Əli Həsənov öz kurasiyasına uyğun sahələrdə biznes yaradıb. Azərbaycanda vəzifəli şəxslərin övladlarının biznes qurması adi hala çevrilib. Dövlət qulluqçuları siyasi hakimiyyətdən istifadə edərək özlərinə, yaxınlarına biznes yaradırlar...».

«Xarici serialların yayımının dayandırılması çox qəribə qərar idi. Teleseriallara qadağanı Şamxal Həsənlinin anası Sona Vəliyevanın da üzv olduğu Milli Teleradio Şurası qoyub. Ancaq nəzərə alınmalıdır ki, tamaşaçılar peyk antenalarla, kabel televiziyalarıyla xarici serialları izləməyə davam edirlər. Şamxal Həsənli rəhbərlik etdiyi «Kaspi Global» Azərbaycan telekanallarında xarici teleseriallara qoyulan qadağadan yararlanan prodakşn şirkətlərindən biridir. Aydındır ki, məqsəd onun biznesini inkişaf etdirmək olub...».

«Belə fikirlər var ki, «Çağ öyrətim»in məktəblərinin bağlanması Sona Vəliyevanın təsisçisi olduğu «Kaspi» liseylərinə qəbulun başlanmağı ilə bağlıdır. Ancaq «Çağ öyrətim» şirkəti birdən-birə nüfuz qazanmayıb. Hər il onların kurslarında, liseylərində təhsil alanların nəticələrinin yüksək olduğunu görüb inanıblar valideynlər. Bu baxımdan «Kaspi» liseyinə şagirdləri cəlb etmək niyyəti baş tutmaya bilər. Bu liseyin uğur qazanması üçün zaman lazımdır».

«MƏMURLAR GƏLİRLƏRİ BARƏDƏ İCTİMAİYYƏTƏ DEKLARASİYA VERMƏLİDİRLƏR»

Xalisə Şahverdi deyir ki, bu cür araşdırmanı hüquq-mühafizə orqanları diqqətə almalıdır:

«Bir qadının bizneslə məşğul olması çox müsbət haldır. Ancaq Sona Vəliyeva Əli Həsənovun xanımıdır. Dövlət qulluqçusunun bizneslə məşğul olması qadağandır. Korrupsiyayla bağlı cinayətlər iki cür olur: vəzifəli şəxsin bilavasitə özünün sui-istifadəsi və çevrəsinə, yaxınlarına şərait yaratması. Əli Həsənovun yaxınlarına bizneslərini qurması üçün şərait yaradıb. Mətbuatın bu cür araşdırmalarını hüquq-mühafizə orqanları nəzərə almalıdır. Qeyd olunan hallar sübut olunarsa, həmin vəzifəli şəxs məsuliyyətə cəlb olunmalıdır. Hər bir məmur gəlirləri barədə ildə bir dəfə deklarasiya verməlidir. Xüsusilə, belə bir araşdırma ortaya çıxıbsa, Əli Həsənov və onun ailə üzvləri ictimaiyyətə açıqlama verməlidir».

XS
SM
MD
LG