Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:34

«Ümidim var ki, liseylərin bağlanması ilə bağlı qərara yenidən baxacaqlar»


Nailə Bağırova
Nailə Bağırova

-

Gözlə

No media source currently available

0:00 0:04:40 0:00
Direct-ə keçid

Xalq arasında «türk liseyləri» kimi tanınan və bu il Azərbaycan Dövlət Neft Şirkətinin nəzdindəki Beynəlxalq Təhsil Kompleksinin tabeliyinə keçən keçmiş «Çağ Öyrətim İşlətmələri» liseyləri burada oxuyan şagirdlərin valedynlərini gözlənilməz suallarla üzləşdirib: «Uşaqlarımız indən belə harada təhsil alacaq?», «Bu liseylərə ödədiyimiz və heç də az sayılmayan təhsilhaqqı necə olacaq?» və s. və i.a.

Övladı sözügedən liseylərdən birində – Qafqaz Özəl Gimnaziyasında təhsil alan Nailə Bağırova bir valideyn kimi narahatlığını AzadlıqRadiosu ilə bölüşüb.

- Nailə xanım, niyə məhz keçmiş «Çağ Öyrətim»ə məxsus liseyi seçmişdiniz?

- Qızım Bakı məktəblərinin birində təhsil alırdı. 4-cü sinfədək narazılığımız olmadı. Amma sonra gördük ki, uşaq təhsildə geriləyir, yaxşı dərs keçilmir. Atasıyla bu qərara gəldik ki, təhsilini başqa məktəbdə davam etdirək. Bu arada «Çağ Öyrətim»in elanlarını gördük. Qızım da təşəbbüs göstərdi ki, imtahan verib biliyini yoxlasın. Mən bilirdim ki, bu liseylərdə oxuyan uşaqlar ali məktəbə qəbulda yüksək nəticə göstərirlər. Beləcə, qızım imtahan verib, qəbul olundu. Təbii, ortastatistik bir Azərbaycan vətəndaşı üçün oranın təhsilhaqqı çox yüksək idi – illik 6 min 500 manat ödəmək lazım gəlirdi. Düşündük ki, onsuz da uşağı təlimçi-müəllim yanına göndərməliyik. Hər ay dörd-beş fəndən hazırlığa ödəyəcəyimiz pul elə bu qədər idi. Fikirləşdik ki, uşaq repetitor evlərini dəyişincə elə bu məktəbə getsin. Qızım adi məktəbdə rus dilində təhsil alsa da, liseydə onunla necə işlədilərsə, bir neçə aydan sonra Azərbaycan dilini və tarixini yüksək səviyyədə mənimsəməyə başladı.

- Belə liseylərdə oxuyanların ali məktəbə qəbul zamanı yüksək nəticə göstərdiyini bildiyinizi söylədiniz...

- Elədir. Oğlumdan bilirəm. O da Bakı orta məktəblərinin birində oxuyurdu, onu da eyni səbəblə o məktəbdən çıxardıq. Artıq liseyi bitirib və xaricdə təhsil alır. Oğlumun adi məktəbdə ən nifrət etdiyi fənn biologiya idi. Anlaya bilmirdi bu fənni. Amma liseydə onda bu fənnə necə sevgi yaratdılarsa, biologiyadan beynəlxalq olimpiadaya qatılmaq hüququ qazandı və bu sahəni özünə peşə seçdi. İndi xaricdə gen mühəndisliyi oxuyur.

- Övladı həm adi orta məktəbdə, həm də «Çağ Öyrətim» liseyində təhsil alan bir valideyn kimi, bu təhsil sistemləri arasında hansı fərqləri görürsünüz?

- Əvvəla, «Çağ Öyrətim» liseylərində akademik mühit var. Uşaqlar dərsdən sonra evə gələndə, onlara «dərs oxu!» deməyə ehtiyac qalmırdı. Buna necə nail olduqlarını bilmirəm. Müəllimlərlə şagirdlər arasında dost münasibətləri var. Dərsi oxumaq üçün hər hansı təpki və basqıdan söz getməzdi. Yetər ki uşaq oxumaq istəsin, ona yardımlarını əsirgəmirdilər. Yəni bizim məktəblərdə müəllim 45 dəqiqə dərsini deyəndən sonra vəzifəsini bitmiş sayır, amma orda elə deyildi. Təhsildən başqa təlim-tərbiyə işləri də yüksək səviyyədə qurulmuşdu. Bir tədbir keçiriləndə, milçək uçsa, vızıltısı eşidilərdi. Bu o demək idi ki, uşaqlara ictimaiyyət arasında necə davranmağı öyrədirdilər. Təhsil sistemi isə heç müqayisəyə gəlməz. Bu liseylərdə dərslər, əsasən, ingilis dilində keçirilirdi və müəllimlər nüfuzlu universitet məzunları idi.

- Nailə xanım, keçmiş «Çağ Öyrətim» liseylərində şagirdlərin bəlli bir dini təriqətə yönləndirilməsi barədə söylənənlərə necə yanaşırsınız?

- Belə şeylə üzləşməmişəm. Bu məktəblərdə dini dərslər keçirilmirdi. Yalnız Təhsil Nazirliyinin mənəviyyat dərsi vardı, onu da çox vaxt riyaziyyat fənni ilə əvəz edirdilər. Bu məktəblərdə şagirdlər namaz qılmırdı, heç namaz otaqları da yox idi. Fikrimcə, insanlar elmə mükəmməl yiyələnirsə, təbiət elmləri ilə, fizika və kimya ilə maraqlanırsa, onu aldatmaq çətin məsələdir. Ancaq savadsız adamı aldadıb nəyəsə yönəltmək olar. Uşaqlarım dindən uzaqdırlar, hətta mən bəzən dindən nəyisə misal çəkəndə dərhal deyirlər ki, sübut elə. Heç vaxt bu məktəbdə təriqət təbliğiylə rastlaşmamışam. Ona görə də bütün bunları şayiə sayıram. Yeri gəlmişkən, Azərbaycanda qanunsuz dini təriqətlərin yayılması ilə bağlı xəbərlər eşidirik. Onların məktəbimi var? Amma təriqətlərini yaya, ətraflarına adam toplaya bilirlər.

- Beynəlxalq Təhsil Kompleksi bu liseyləri bağladı. Bir valideyn kimi nə düşünürsünüz – qızınızın 11-ci sinifi bitirməsi üçün yenidən adi məktəbəmi qaytaracaqsınız, yoxsa bir özəl məktəb seçəcəksiniz?

- Qızımı özəl məktəbə qoymaq niyyətində deyiləm, axı o vəsaitə dəyəcək səviyyədə təhsil verəcəklərinə inanmıram. Hələ sentyabra var, ümid edirəm ki, bu qərara yenidən baxacaqlar. Bəlkə qərar verəcəklər ki, indiyə qədər qəbul olunan uşaqlar təhsillərini davam eləsinlər, yeni qəbul aparılmasın. Qərarlarını dəyişməsələr, məcbur qalıb bir məktəb seçəcəyəm. Yəqin, repetitorla hazırlaşacaq. Ondan narahatam ki, tam başqa mədəniyyət və mühitdə tərbiyə almış qızım bizim məktəblərdəki mühitdə özünü yad hiss edəcək. Axı 4 ildir o bilməyib ki, rüşvət nədir, əliəyrilik nədir, süpürgəpulu nədir. Məncə, bu liseylərdə oxuyan uşaqlar orta məktəblərə köçürülsə, bəzi problemlər ortaya çıxacaq. Çünki bu uşaqların hazırlıq səviyyəsi, dil bilikləri orta məktəb müəllimlərinin səviyyəsindən yüksəkdir. Amma yenə də ümidim var ki, liseylərin bağlanması ilə bağlı qərara yenidən baxacaqlar.

XS
SM
MD
LG