Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:40

Nazirlik: «Azərbaycanda 8 milyon kitab elektronlaşdırılıb»


E-book reader
E-book reader

-

Gözlə

No media source currently available

0:00 0:07:32 0:00
Direct-ə keçid

Jurnalist Zamin Hacı 5 il əvvəl kağızdan kitab oxumağa son qoyub. Həmin vaxtdan bəri onu maraqlandıran bütün kitabları «E-book reader» qurğusundan oxuyur. O, elektron kitab oxumanı bir çox göstəricilərinə görə ənənəvi kitab oxumadan üstün hesab edir:

«Onlarla kitab oxumuşam, hansı ki, belədə onların hamısını alıb evə yığmalı idim. Onlar da evdə xeyli yer tutacaqdı. Onlara xeyli pul verməli idim. Misal üçün Sorokin-in kitabı Bakıdakı kitab satış mərkəzlərində 20 manatdır, amma eyni kitabın elektron versiyası 4-5 manata satılır. Haradasa 3-4 dəfə ucuz. Bu da onu göstərir ki, elektron kitab daha sərfəlidir. Yəni, istədiyin qədər kitabı internetdən yükləyib, hara istəyirsən apara bilirsən, üstəlik kitabların korlanmasından da qorxmursan. Ağacların qırılmasının da qarşısı alınır».

Yazıçı Vüsal Nuru isə düşünür ki, yüz ildə keçsə, kağızdan kitab oxumanın yerini elektron kitab verə bilməz:

«Elektron kitab oxumaq o qədər də ləzzət etmir. Adam kitabı vərəqləyib oxuyanda daha çox ləzzət alır. Bundan başqa, oxuyanda istədiyin yerdə karandaşla qeydlər aparırsan. Azərbaycanda elektron kitab satışı da yox səviyyəsindədir. Bəlkə də bununla bağlı təbliğat zəifdir, ona görə vəziyyət belədir. Kitabxanadan kitab almaq internet üzərindən kitab almaqdan daha asandır. Bank, bankomat, kart və s. əməliyyatlar bir az uzun prosesdir. Həm də bizdə bu məsələlər hələ yoluna qoyulmayıb deyə, bu bir az çətin başa gəlir».

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası 2000-ci ildən yeni informasiya texnologiyaları vasitəsilə xidməti təmin etmək üçün bir sıra addımlar atıb. Kitabxana «Maşınla oxunan elektron kataloqun yaradılması» adlı layihə həyata keçirib. Avrasiya, Soros və s. fondlardan alınan maliyyə dəstəyi ilə 2005-ci ilin yanvarından Azərbaycan Milli Kitabxanasında Elektron resurslarının yaradılması şöbəsi fəaliyyətə başlayıb. Milli Kitabxananın elektron kataloquna uzaq məsafədən giriş 2006-cı ilin mart ayından mümkün olub.

Prezident Kitabxanası
Prezident Kitabxanası

«PREZİDENT KİTABXANASINDAKI RESURSLARIN HAMISININ ELEKTRON KATALOQU VAR»

Prezident Kitabxanasından AzadlıqRadiosuna verilən məlumata görə, onlarda olan resursların 100 faiz elektron kataloqu hazırdır. Qaldı kitabların tam elektronlaşdırılmasına, kitabxana direktoru Mail Əhmədov burda faiz göstəricisinin elə də az olmadığını deyir:

«Oxucuların daha çox maraqlandığı kitabların böyük bir hissəsinin elektron variantı yaradılıb. Yəni, bizim bu kitabxananın tərkibində bir elektron kitabxana da mövcuddur. Hazırda fundamental sahə üzrə istənilən kitabı axtarsanız, onun elektron variantının bir hissəsini bizim kitabxanada tapa bilərsiniz».

Mail Əhmədovun dediyinə görə, hazırda kitabxanaya ənənəvi gələnlərin 80 faizə qədərini tələbələr təşkil edir:

«Yerdə qalan oxucuların əksəriyyəti kitabxananın elektron bazasından istifadə edir. 2013-cü ildə bizim kitabxanaya 50 mindən çox giriş olub. Misal üçün, elə gün olur ki, hansısa kitabın elektron variantını sayta yerləşdirəndən bir iki gün sonra baxırsan ki, 40-50 dəfə baxış olub.

Foto: Arxiv
Foto: Arxiv

Bu da az göstərici deyil, bu, bir kitabın 50 dəfə oxunması deməkdir».

AZƏRBAYCANDA 8 MİLYONA YAXIN KİTAB ELEKTRONLAŞDIRILIB

Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun məsləhətçisi Kəmalə Əliyarovanın dediyinə görə, bu gün Azərbaycanda 64 rayon və şəhər üzrə bütün mərkəzi kitabxanalar elektronlaşdırılmış iş rejimi ilə işləyir:

«Həmin kitabxanaların hamısının internetə çıxışı var. Bununla bağlı Milli kitabxana informasiya mərkəzi yaradılıb. O səhifədə Azərbaycanın interaktiv xəritəsi üzərində hansı rayonun üzərinə tıklamaqla istənilən kitabxananın resurslarından istifadə edə bilərsiniz. Bu layihəni Mədəniyyət və Turizm Nazirliyi maliyyələşdirir. Prezidentin 2008-2013-cü illər üzrə kitabxana informasiya sistemlərinin avtomatlaşdırılması ilə bağlı imzaladığı Dövlət Proqramından sonra bu işlərə başlanıb. Təxminən bu sistem 2011-ci ildən işə düşüb».

Kəmalə Əliyarovanın bildirdiyinə görə, 2014-cü il iyunun 30-a qədər Azərbaycanda ümumilikdə 8 milyona yaxın kitab elektronlaşdırılıb.

Elçin Hüseynov
Elçin Hüseynov

«AZƏRBAYCANDA ELEKTRON KİTAB SATIŞI KOMMERSİYA BAXIMINDAN ƏLVERİŞLİ DEYİL»

Azərbaycanda anl.az , preslib.az, kitabxana.net, 1001kitab.az, kitabklubu.org, e-book.az və s. saytlar üzərindən elektron kitabları yükləyib oxumaq mümkündür.

Amma hələ ki elektron kitab ticarəti Azərbaycanda o qədər də inkişaf etməyib. Kitab Klubunun meneceri Elçin Hüseynov bunun bir sıra səbəblərini sadalayır. Deyir, əsas səbəb Azərbaycanda elektron kitab satışının kommersiya baxımından əlverişli olmamasıdır:

«Bu, kitabların ənənəvi satışına mane olur. Yəni, elektron kitabların qiyməti digər yolla satılan kitabların qiymətindən haradasa iki dəfə ucuz olur. İkincisi də heç Azərbaycanda onlayn kitab satışı mərkəzi yoxdur. Bizim Kitab Klubunda az sayda var, o da tam fəaliyyət göstərmir. Bundan başqa, müəllif hüquqları məsələsi var. Adətən müəlliflər istəyir onların kitab mağazalarına verdiyi kitablar satılsın. Misal üçün, mən elektron kitabı alıram, sonra internetə yükləyirəm və hamı ondan istifadə edir. Bununla da həmin müəllifin mağazalara verdiyi kitabın satışı bəlkə də 10 dəfə ləngiyir. Bu mənada hər ikisi kitabın satışına yönəlsə də, bunların biri o birinə mane olur».

Aydın Xan Əbilov
Aydın Xan Əbilov

«PROBLEM KİTABA MARAĞIN AZALMASIDIR»

Kitabxana.net portalının rəhbəri Aydın Xan Əbilov hesab edir ki, Azərbaycanda internet üzərindən kitab satışına marağın zəif olması, ümumiyyətlə, kitab oxumağa marağın azalması ilə bağlıdır.

«Belə bir vəziyyətdə hökumətin elektron resursların inkişafı ilə bağlı proqramı olmalıdır. ABŞ, Kanada və Avstraliya kimi ölkələrdə internet resurslarının inkişafı üçün 10 il ərzində 30 milyard dollar vəsaitin xərclənməsi ilə bağlı proqramlar həyata keçirilir. Düzdür, Azərbaycanda prezidentin sərəncamı ilə 2013-cü il internet ili elan olunub. Amma bizim gözləntilərimiz özünü doğrultmadı. Çünki dövlət qurumlarına müəyyən vəsaitlər ayrılsa da, QHT-lərin bu sahə üzrə layihələri demək olar ki, maliyyələşdirilməyib. Dövlətin ayırdığı pullar əsasən Mədəniyyət və Turizm Nazirliyinə ayrıldı ki, onlar da öz idarələri vasitəsilə müəyyən kitabxanaların saytlarını yaratdı. Həmin saytlardakı kitablar isə bir-birini təkrarlayır. Hamısı Axundov adına Kitabxananın elektron kitablarından istifadə edib. Bizim maliyyə imkanlarımız aşağıdır. Müxtəlif qurumlardan alınan vəsait hesabına biz hər dəfə 50-60 kitabı öz portalımızda yerləşdirə bilirik».

Aydın Xan Əbilov kitabların elektronlaşdırılması sahəsində ciddi problemlərin olduğunu deyir. Yazar hesab edir ki, Azərbaycan dilli resursların elektronlaşması həll olunmasa, yaxın gələcəkdə Azərbaycanda intellektual böhran yaşana bilər.

XS
SM
MD
LG