Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:12

İnternetin, Facebook-un kəşfini öncədən görmüş yazıçı


Arthur C. Clarke (1917-2008)
Arthur C. Clarke (1917-2008)

-

1964-cü ildə verilən proqnoz:

«Biz dostlarımızın fiziki olaraq dünyanın harasında, hansı nöqtəsində olduqlarını bilməsək də, onlarla əlaqə qura biləcəyik».

Proqnoz vermək cəsarətli olduğu qədər də riskli işdir.

Məsələn, «Sehirli xalat» filminə qalsa, insanın Marsa ayaq basmasından artıq 10 il keçməli idi.

Məşhur Britaniya yazıçısı, “2001-ci ilin kosmik odisseyası” və başqa elmi-fantastik əsələrin müəllifi Arthur C. Clarke düz 50 il qabaq - BBC-nin 1964-ci ildə çəkdiyi sənədli filmdə gələcək haqqında proqnozlar vermişdi.

Konkret olaraq 21-ci əsrin başlanğıcı üçün.

Yazıçı filmdə deyir ki, “tranzistor və peyklərin” inkişafı onunla nəticələnəcək ki, 2000-ci ildə “insanlar harada olmalarından asılı olmayaraq bir-biriləri ilə dərhal əlaqə yarada biləcəklər. Biz dostlarımızın fiziki olaraq dünyanın harasında, hansı nöqtəsində olduqlarını bilməsək də, onlarla əlaqə qura biləcəyik. Güman ki, 50 il sonra (yəni bu il – red.) insan özünün (Britaniyadakı – red.) biznesini Tahiti, yaxud Balidən də Londondan olduğu qədər rahat idarə edə biləcək”.

Bu, İnternetin, sosial şəbəkələrin öncədən görülməsi deyil, bəs nədir?

Clarke deyir ki, 21-ci əsrin başlanğıcında cərrah Edinburgh-da oturub Yeni Zellandiyadakı pasiyenti əməliyyat edə biləcək. Bu proqnoz qismən doğrulub. Cərrahın başqa məkandakı əməliyyat otağını görərək məsləhətlər vasitəsilə əməliyyatda iştirak etməsi ilk dəfə 2001-ci ildə gerçəkləşdirilib. Və İnternetin sürəti artdıqca daha da təkmilləşdirilməkdədir. Amma hələ ki cərrahın başqa məkandakı xəstəni birbaşa, yəni vasitəçi olmadan əməliyyat etməsi reallaşmayıb.

Yazıçının başqa bir proqnozu da “əşyaların dəqiq surətini çıxara bilən” aparatların ixtira olunacağı ilə bağlı idi. 3D printerləri bu gün artıq reallıqdır.

Clarke 2000-ci ilin şəhərini necə görürdü? Heç necə... çünki hesab edirdi ki, 21-ci əsrdə kommunikasiya sistemləri o qədər inkişaf edəcək ki, şəhərlərə - insanların bir araya gəldiyi böyük yaşayş məntəqələrinə ehtiyac qalmayacaq. Amma o ümid edirdi ki, bu, dünyanın böyük bir kəndə çevrilməsi ilə nəticələnməyəcək.

Clarke filmdə bildirir ki, insan övladı xəcalət çəkməlidir... Xəcalət çəkməlidi ki, bütün ev heyvanları 5 min il əvvələcən əhliləşdirilib. Yəni bunu onun əcdadları edib. Bəs müasir insan? Yazıçı düşünürdü ki, 21-ci əsrdə biomühəndislik o qədər inkişaf edəcək ki, insanlar meymun, delfin, balina və s. heyvanları da özünə xidmət etdirə biləcək. Məsələn, xidmət sferasında şüurlu meymunlar çalışacaq.

Gülünc gəlir? Yəqin 500 il əvvəlin insanına da desəydin ki, gün gələcək insanlar dəmir qutulara minib dünyanın bu başından o başına, hətta Aya uçacaq, o ya gülər, ya da bunu deyəni dəli sayardı...

XS
SM
MD
LG