Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:50

Qəçrəşdə pay torpaqları hasarlara alınır... [Video]


Qəçrəşdə pay torpaq mübahisəsi...
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

-

Qəçrəş Qubanın ən səfalı kəndlərindəndir. Buradakı torpaqların yerli sakinlərdən dəyər-dəyməzinə alınıb istirahət mərkəzlərinə çevrildiyi deyilir. Müxtəlif situasiyalarla üz-üzə qalan torpaq sahiblərinin çoxunun bu alqı-satqıya məcburiyyətdən razılaşdıqları bildirilir. Bir sözlə, Qəçrəşin səfasını kənardan gələn turistlər, cəfasını yerli sakinlər çəkir.

Ancaq kənddə əmlakından keçmək fikri olmayanlar da var. Məsələn, Salahovlar... Bu ailə uzun illərdir yerli bələdiyyə ilə torpaq çəkişməsindədir.

TORPAQ ÇƏKİŞMƏLƏRİ...

Quba, Qəçrəş
Quba, Qəçrəş

14 il əvvəl kəndin hündürlüyündə Salahovlara 76 sot pay torpağı ayrılıb. Ancaq elə o vaxtdan da Raziyyə Salahovanın adına rəsmiləşdirilmiş torpağa nə özü, nə də ailə üzvləri qədəm qoya bilir:

«Bələdiyyə torpaqlarımızı zəbt edib, hasara alıb. Çox yerlərə şikayət etmişik, bununla belə, hasarları söküb torpağımızı qaytarmır».

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də əraziyə baxış keçirib və torpağın ailəyə məxsus olması barədə akt bağlayıb.

Ailə üzvü Aydın Novruzovun sözlərinə görə, nəinki özləri, hətta müraciət etdikləri qurumlar da bələdiyyə sədrinin çəkdiyi hasarları aşırmaq gücündə deyil:

«HARA ŞİKAYƏT EDİRİKSƏ GÜCLƏRİ ÇATMIR»

«76 sotun 35 sotu zəbt olunaraq hasara alınıb. Deyir dədə-baba torpağımdır. Torpaq islahatları 2000-ci ildən gedib. O vaxtdan torpaqdan istifadə edə bilmirik. Deyir, torpaq hansısa yüksək təbəqənin nümayəndəsinə pay-püşk edilib. Özü etiraf edir ki, hədiyyə vermişəm».

Aydın Novruzov deyir ki, hər dəfə bələdiyyə sədri ilə torpaq söhbəti ortaya çıxanda, o onlara torpağı yüksək təbəqədən olan şəxsə pay verdiyini bildirir:

Aydın Novruzov:

«Ancaq belə görünür ki, deyəsən doğurdan da bu torpaq kiməsə pay verilib. Çünki hara şikayət ediriksə gücləri çatmır».

BƏLƏDİYYƏ SƏDRİ: TORPAQ MƏNİMDİR

Kənd bələdiyyəsi
Kənd bələdiyyəsi

Bələdiyyə sədri Faiq Mirzəliyev isə Salahovlara məhkəmənin yolunu göstərir:

«Ulu öndərimizin fərmanı ilə torpaqlar adamlar arasında bölüşdürülüb. Mən də qəçrəşliyəm, onlar da. Pay torpaqlarımız da qonşudur.

- İddia edirlər ki, siz onların torpaqlarını əllərindən alıb vəzifəli adamlara pay vermisiz...

- O torpaq mənim dədə-baba torpağımdır. Onların həmin əraziyə aidiyyətləri yoxdur.

- Torpağı siz harasa aldırmısınız?

- Bəli.

- Ancaq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə onlara akt verib ki, hasara alınmış torpaq da onlara məxsusdur...

- O vaxt Torpaq Komitəsində başı çıxmayan insanlar olub və məsələ bu yerə gəlib çıxıb. Onlar polisdə də olublar, Ədliyyə Nazirliyində də məktubları var. Versinlər məhkəməyə, gedim orda nə sualları var cavab verim də...»

- Elə hüquqşünas Vaqif Alıyev də bu mübahisənin yalnız hüquqi müstəvidə həllini görür:

«Əgər vətəndaşın əlində həmin torpaq sahəsinə görə dövlət aktı varsa və o torpaq başqası tərəfindən hasara alınıbsa, bu, artıq zəbt olunmuş hesab edilir. Vətəndaş həmin zəbt eləyənə qarşı məhkəmə iddiası qaldıra bilər».

XS
SM
MD
LG