Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:40

Naxçıvanda yeni fenomen: «Təhkimçi» alıcılar var?


Pos-terminal
Pos-terminal

-

Naxçıvanda büdcədən maliyyələşən təşkilatlarda çalışanların yüksək vəzifəli şəxslərə məxsus olduğu deyilən ticarət mərkəzlərində alış-verişə məcbur edildiyi bildirilir. Bu haqda AzadlıqRadiosuna yerli sakinlər şikayətləniblər. Şikayətçilərin sözlərinə görə, həmin ticarət mərkəzlərində nağdsız alış-veriş həyata keçirən POS-terminallar quraşdırılıb. Şikayətçilər deyir ki, çalışdıqları müəssisələrin rəhbərliyi onlardan maaş kartı ilə aldıqları məvacibin ən az yarısını həmin ticarət mərkəzlərində xərcləməyi tələb edir. Təhlükəsizliyi baxımından çalışdığı müəssisənin adını açıqlamayan sakin Murad Qafarov bildirir ki, əks halda onları işdən qovulacaqları ilə hədələyirlər:

“İŞDƏN ÇIXARIRLAR, YAXUD, MAAŞI AŞAĞI SALIRLAR”

“Məcbur edirlər ki, ayın axırında POS-terminal quraşdırılan mərkəzlərdən mal aldığımızla bağlı qəbzləri rəhbərliyə təqdim edək. Olmazsa işdən çıxarırlar, yaxud, maaşı aşağı salırlar. Bu bizim sərbəst alış-veriş hüququmuzun pozulmasıdır. Mən 400 manat maaş alıram. Bu pulun 250 manatına hər ay bank krediti ödəməliyəm. İndi məndən tələb edirlər ki, maaşımın yarısını, yəni 200 manatını POS-terminal quraşdırılan maketdə xərcləyim.

Yerdə qalan pul da krediti ödəməyə çatmır. Mən nə etməliyəm? Öz maaşım kifayət etdiyi halda hər ay kimdənsə 50 manat borc alıb kredit ödəyirəm. İkinci də, həmin mərkəzlərdə qiymətlər çox bahadır. Deyək ki, başqa dükanlarda 150 manatlıq alış-veriş bir aya mənə yetirdisə, indi 250 manatlıq alver yetmir”.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən yerli tacirlərdən biri deyir ki, dükanına POS-terminal quraşdırılması üçün bir neçə dəfə Muxtar Respublika İqtisadi İnkişaf Nazirliyinə müraciət edib. Ancaq bundan bir nəticə hasil olmayıb:

“HƏMİN VAXTDAN BİZİM ALVERİMİZ DƏ XEYLİ ZƏİFLƏYİB”

“Ancaq öz dükanlarına verirlər. Maaş alanları da məcbur edirlər ki, onlardan alver etsinlər. 3-4 aydır ki, bu qayda tətbiq olunub. Həmin vaxtdan bizim alverimiz də xeyli zəifləyib. Hər kənddə hərəsinin 1-2 dükanı var, onlara quraşdırırlar. Niyə ayrı-seçkilik qoyurlar? Biz də insanıq, bizim də ailəmiz var axı”.

Naxçıvan Muxtar Respublika İqtisadi İnkişaf Nazirliyindən yerli sakinlərin şikayətləri ilə bağlı suallarımızı cavablandırmaq istəmədilər.

Mərkəzi Bankın Naxçıvan İdarəsindən verilən məlumata görə isə, hazırda muxtar respublikada 692 ədəd POS-terminal quraşdırılıb.

Bankların əhaliyə təqdim etdiyi ödəniş kartlarının sayı isə, 200 minə yaxındır. Məlumata görə, təkcə avqust ayında POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmi 1 milyon 325 min manatdan artıq olub.

XS
SM
MD
LG