Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:16

Daşkəsənli fermerin torpağında otarılan minlərlə qoyun-quzu kimindir?


Arxiv fotosu
Arxiv fotosu

“Məmurlar sakinlərin pay torpağını öz sürülərinin örüşünə çevirib”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə daşkəsənli fermer Nuriyyə Məmmədova danışır. O bildirib ki, ayrılmış pay torpaqlarından istifadə edə bilmirlər.

“Mən maldarlıqla məşğul oluram. Əkin-biçin sahəm var. Ancaq illərdir ki, torpaq sahələrimin xeyrini başqaları görür. Mənsə sənədlə, sübutla mənə məxsus olan torpaqlarıma yaxın düşə bilmirəm”.

"TORPAQLARIMIZ ƏLİMİZDƏN ALINIB SATILIR"

Fermerin sözlərinə görə, təsərrüfatla məşğul olmaq üçün kəndlilərə dövlət tərəfindən torpaq sahələri ayrılsa da, mülkiyyətdən istifadə edə bilmirlər. Deyir, kənd camaatının pay torpaqları satılır Kənar adamlara, məmurlara məxsus mal-qara, qoyun-quzu sürülərini gətirib yerli vətəndaşların, sahibkarların torpaqlarında otarırlar.

Şikayətçi:

“Bu yerlər rayon rəhbərləri tərəfindən kənardan gələn mal-qara, sürü sahiblərinə satılır və ya icarəyə verilir. Özümüz yerli ola-ola oradakı torpaqlarımızda mal-qara saxlaya bilmirik, amma kənardan bura mal-qara, qoyun-quzu sürüləri gətirilir. Hara müraciət ediriksə, baxmırlar. Hüququmuzu tələb edəndə isə polisin təzyiqi ilə üzləşirik”.

Sahibkarın dediyinə görə, pay torpağı özünün şəxsi əmlakı olsa da onun heyvanlarını iki gün postda (Daşkəsəndə hərbi hissələrə yaxın ərazilərdə postlar qoyulub-E.C.) saxlayaraq buraxmayıblar:

“Bu il mayın 25-də heyvanlar iki gün postda qaldı. DİN-in 102 xidmətinə müraciət etdim. Polis dedi icra başçısının tapşırığı var ki, mütləq buraxılış vərəqəsi olmalıdır. Dedim ki, mülkiyyət mənimdirsə, ondan istifadə eləməliyəm, niyə buraxılış vərəqəsi almalıyam. Bu, neçə illərdir ki, belədir. Şikayətimizə baxan yoxdur. Məhkəməyə müraciət edirik, deyirlər get Gəncəyə, Bakıya müraciət elə, nə istəyirsiniz edin”.

"RAYON MƏHKƏMƏSİ ŞİKAYƏTİ ÖZÜMÜZƏ QAYTARIR"

Fermerin deməsinə görə, rayon məhkəməsinə müraciət etsə də, məhkəmə şikayətini qəbul etməyib:

“Məhkəmədə mənə dedilər ki, siz kənar yerdən gələn sürüləri bura salıb ziyan vurursunuz, oradan istifadə edə bilməzsiniz. Amma hazırda həmin torpaqları bələdiyyələrlə Şahbaz Mehdiyev satır, mən yox. 20 hektar pay torpağım, 130 hektar bələdiyyə torpağım, 700 baş qoyun-quzum var. Öz torpağım ola-ola mal-qaramı saxlamaq üçün aparıb başqa adamlara vermişəm. Gədəbəydə “Gəlin qaya” adlanan yaylaq var, heyvanlarım hazırda oradadır”.

Nuriyyə Məmmədova rayon icra başçısı Əhəd Abıyevin üç dəfə qəbulunda olduğujnu bildirir:

“Dedi, sən heyvanı öz torpaq sahənə gətir, ora başqa adamın sürüsü gəlməyəcək. Dedim, bu adamlar mənə aid olan torpaq sahəsində üç sürü saxlayır, bir buraxılış vərəqəsinə üç dənə sürü yerləşdirib”.

FERMERİN TƏLƏBİ

Məhkəmə qətnamələrində göstərilib ki, barəsində danışılan torpaq sahəsinə sürü gələ bilməz. Nuriyyə Məmmədova isə bu qətnamələrlə razılaşmır:

“Tələbim odur ki, bu saxta qətnamələr araşdırılsın. Mənim bələdiyyə yerlərimi ləğv eləyirlər ki, ora sürü salına bilməz. Bu qətnamələr xahişə, rüşvətə yazılıb. Kənardan gələn sürüləri mənim adıma yazırlar ki, onları guya mən gətirirəm. Neçə illərdir məhkəmə qapılarında qalmışam. Eyni sözü, eyni xahişləri yerinə yetirirlər. Məndə kənardan gətirilən sürülərin çəkilişləri, kasetləri də var. Amma hüquqlarımı pozub bunu mənim adıma çıxarırlar. Deyirlər, guya filan nazirin, filan prokurorun heyvanıdır, burada otarmalıyıq”.

Şikayətçinin ikinci şikayəti mülkiyyətində olan qarajın sökülməsi ilə əlaqədardır:

“Rayon sakinlərindən bir neçə vətəndaşın, o cümlədən mənim mülkiyyətimdə olan qarajı icra başçısı sökdürüb: Yerində “Yeni həyat” şadlıq evi tikiblər. Başçı söz vermişdi ki, qarajlarınızı tikdirib verəcəm, abadlıq işi aparırıq, burda xeyir-şər evi tikirik. Biz də razılaşdıq. O vaxt qarajı təmir etmək üçün bankdan 10 min dollar kredit götürmüşdüm. Bu günə kimi icra başçısı nə qarajımı tikib özümə qaytarmadı, nə də mənə dəyən zərəri ödəmədi”.

Əhəd Abıyev
Əhəd Abıyev

ƏHƏD ABIYEV NƏ DEYİR...

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev isə razılaşmır:

“Heç bir məhkəmə qətnaməsi Nuriyyənin xeyrinə olmayıb. Hətta o, cərimə də olunub. Əgər deyilən ərazi, mal-qara doğrudan da ona məxsusdursa, buna görə sənəd, arayış təqdim etməlidir. Müəyyən adamların adını çəkir, sabah həmin şəxslər onu məhkəməyə verə bilər. Doğrudan da onun əlində hansısa videoçəkiliş varsa, mənə də təqdim etsin, araşdıraq, baxaq. O ki qaldı qaraj məsələsinə, həmin yerin heç bir sənədi, sərəncamı yox idi”.

XS
SM
MD
LG