Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:00

Həsən kişinin Stalinlə vurmağı


Ayxan Ayvaz
Ayxan Ayvaz

-

- Axır-axırda cibimə pul basdı, dedi ki, sən haralısan, Hasan. Dedim, iz Qruzii. Dedi, pah, doğurdanmı, mən də Gürcüstanlıyam...

Ayxan Ayvaz

MÜHARİBƏ XATİRƏLƏRİ

Bizim kənddə bir Həsən kişi vardı, çoxdan olar rəhmətə gedib. Qaş qaralanda uşaqları başına yığıb müharibədən danışardı. Onun həqiqəti öz bildiyi kimi nağıl eləməyi bizə xoş gəlirdi. Ağzımız arala Həsən kişiyə qulaq asırdıq.

Əsasına söykənib mızıldana-mızıldana danışırdı:

- Müharibədən təzəcə qayıtmışdım. O illər getsin, bir də gəlməsin. Yaman aclıq illəri idi. Kənd camaatı başıma yığışdı. Hərə bir yerdən sual verir, mən də cavab verməyə ərinirəm. Axırda, onları başımdan eləmək üçün dedim ki, aya, bu nemeslər elə atır, elə atır, qorxmurlar birinin gözünü deşərlər.

Həsən kişi elə bilirdi, hamı onun danışdığına inanır. Amma neyləyəsən?! Kənd yeri, bekarçılıq, bütün günü işığı keçmiş otaqda darıxa-darıxa oturmaqdan bezirsən. Uşaqlar da artıq Həsən kişinin gopladığının fərqində idi, ancaq nə iş idisə top oynamaqdan, “klass-klass”dan əllərini üzüb qocanın böyür-başına doluşurdular.

Hə, səsinizi kəsin, Həsən kişinin ağzı yenə gapa qızışıb:

- Sizə danışmışammı, bilmirəm. Bir dəfə yoldaş Stalin məni yanına çağırdı. Rəngim ağappaq oldu. Niyə? Nəyə görə? Nağarmışam mən? Nəysə, yola düzəldim. Ayaqlarım gedir, amma ürəyim pır eləyib köksümdən uçacaq. Elə-belə şey döy e, Stalin kimi kişinin qabağına gedirəm. Hə, elə ki, məni bəzəyib-düzəyib Stalinin qabağına gətirdilər, əlim üzümdə qaldı. Kopya bizim Abbas kişiyə oxşayırdı. Dedim, bəlkə məni üştəyə qoyurlar. Ağzımı açıb nəsə demək istəyirdim ki, yanımdakı dümsüklədi ki, kiri, yoldaş Stalin söz vermədən danışma. Vaxt ötüb keçmir ki, elə bil yerindəcə durub. Bu Stalin yaman acımasız adammış! Ağzına su alıb oturub, qabağındakı kağız-kuğuza baxır elə...

Həsən kişi inciməsin, burda onun sözünü kəsməliyəm. Yaman da söyüşcül adamdır, yəqin məni bağışlayar. Deməli, bizim kənddən Elçibəy demiş, rus-alman müharibəsinə gedən Həsən kişi tez-tez danışdığı əhvalatı yarıdan başlayır. Ona görə heç nə anlaya bilmirik. Bir-birimizə göz eləyir, dümsük vururuq ki, bunu Stalin niyə yanına çağırıb. Axırı, aramızdan bir kəlləli oğlan dedi ki, o vaxt Həsən kişinin ayağı azca yaralanıbmış, hospitala göndəriblər, bu da dörd divarda dura bilməyib, qaçıb gəlib kəndə. Allah balalarını saxlasın! Ay sağol, indi sözü Həsən kişiyə vermək olar:

- Stalinin yanına gətiriləcəyimə inanmırdım. Uzağı komandir bir-iki ağız deyinib, baş-beyin aparacaqdı, vəssalam. Bu boyda kişini işindən-gücündən niyə ayırırsız? Bu saat bu Germaniyanı-zadı fikirləşir. Bunu məni gətirən iki qoluzorlu oğlana deyirəm, onlar da göz ağardırlar ki, kiri, day olan olub, keçən keçib. Hə, gəldik çıxdıq mətləb üstünə. Nağıl dili yüyrək olar. Elə ki Stalin qağa məni gördü, yerindən dik atıldı. Gəlib ikiəlli mənnən görüşdü. Yer göstərdi oturdum, məni gətirən oğlanlara təpindi ki, bə savaxtan mənə niyə demirsiniz Həsən kişi gəlib. Tezbazar süfrə qurdurdu, möhkəm yemək-içmək oldu. Mən uje keflənmişdim, amma o, kötük kimi qabağımda durub gülür, bığını eşirdi. Axır-axırda cibimə pul basdı, dedi ki, sən haralısan, Hasan. Dedim, iz Qruzii. Dedi, pah, doğurdanmı, mən də Gürcüstanlıyam. Bu rusların yanında boynu-bükük qalmışam. İnşallah dava-şava qurtarsın, gələcəm vətənimə, hamınızı ağ günə çıxaracağam. Allah rəhmət eləsin, yaxşı kişiydi! Stalin kimisi bir də havaxt gələr dünyaya?!

Həsən kişinin ağzı gapa qızışdımı, susmayacaq. Hava yaman soyuyub, qaranlıq qatılaşır. İtlər bir tərəfdən hürməyə başlayır. Evimiz də uzaq. Vaxt itirmədən getsəm yaxşıdır, yoxsa qurda-quşa yem olacağam.

Bizim kənddə bir Həsən kişi vardı, çoxdan olar rəhmətə gedib. Goplasa da, bizi öz əhvalatları ilə aldatsa da kənddə hamı onu sevirdi. Gərək, yolum düşəndə bir qəbrini ziyarət edim. Ona danışacağım xeyli əhvalat var. Həqiqi əhvlatlar. Bu uydurulmuş müharibə xatirələri deyil.

XS
SM
MD
LG