Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:55

Nils Muižnieks: «Nazir dedi ki, hakim pozuntuya yol veribsə, cəzalanacaq»


Nils Muižnieks
Nils Muižnieks

-

Gözlə

No media source currently available

0:00 0:04:51 0:00
Direct-ə keçid

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks oktyabrın 22-24-də Azərbaycana səfər edib. Komissar səfərinin yekunlarına dair AzadlıqRadiosuna müsahibə verib. Cənab Muižnieks-in dediyinə görə, səfərinin ilk məqsədi Kürdəxanı təcridxanasında saxlanan hüquq müdafiəçiləri ilə görüşmək olub:

«Mən Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və Anar Məmmədli ilə görüşdüm. Bu şəxslər mənim Ofisimin və Avropa Şurasının mühüm tərəfdaşlarıdır. Elə Bakıya səfərimə bu yay bir neçə partnyorumuzun saxlanması, həbsi səbəb oldu. Bu şəxslərlə həmrəylik göstərmək, saxlanma şəraitlərini öyrənmək və hər birinin cinayət işinə dair informasiya toplamaq istəyirdim. Bu həbslər bizim Azərbaycandakı fəaliyyətimizə ciddi əngəllər törədir, bundan çox narahatam».

«HƏBS MÜDDƏTİNİN UZADILMASINI PİSLƏYİRƏM»

Cənab Muiznieks deyir ki, həbsdə olan hüquq müdafiəçiləri onunla görüşdə saxlanma şəraitindən gileylənməyib, ancaq onlar saxlanma faktının özündən narazıdırlar. Komissar Bakıda olarkən həbsdəki hüquq müdafiəçiləri – Rəsul Cəfərov, Leyla Yunus və İntiqam Əliyevin həbs müddəti daha 3 ay uzadılıb:

«Bu şəxslərin həbs müddətinin uzadılmasına heç bir əsas görmürəm. Bu qərarları pisləyirəm. Məncə, Leyla Yunusun durumuna xüsusi diqqət ayrılmalıdır. Onun səhhətində ciddi problemlər var. Təcridxanada səhhəti daha da pisləşib, onun sağlıq durumu ilə saxlanma şəraiti arasında uyğunsuzluq var. Təkcə fiziki deyil, psixi durumu da yaxşı deyil. Onunla görüşəndə ciddi emosional stress içindəydi».

Muiznieks deyir ki, Leyla Yunus ona təcridxanada döyülməsindən də danışıb:

«Bunu yoxlamaq imkanında deyiləm, ancaq gördüyüm odur ki, təcridxanada qalmaq onun səhhətini daha da ağırlaşdırır. Hakimiyyəti Leyla Yunusu tezliklə buraxmağa çağırıram».

Hüquqşünas İntiqam Əliyevin oktyabrın 25-də məhkəmədə vəziyyətinin pisləşməsinə gəlincə, komissar Muiznieks bu hüquq müdafiəçisinin səhhətində də problemlər olduğunu vurğulayır:

«Üstəlik, onun işində ən pis məqam odur ki, Avropa İnsan Haqları Məhkəməsinə gedən işlərin çoxu, sənədlər müsadirə olunub, özünümüdafiədə həmin sənədlərə çıxışı yoxdur. Bütün tərəfdaşlarımızın həbsindən narahatam».

VENESİYA KOMİSSİYASI QHT QANUNUNA RƏY VERƏCƏK

- Ədliyyə naziri ilə görüşünüzdə bu məsələləri qaldırdınızmı?

- Nazirlə görüşümdə bu işlərin çoxundan, eləcə də QHT qanunvericiliyinin pozulması hallarından danışdım. Saxlananlar qanunsuz sahibkarlıq, səlahiyyətdən sui-istifadə, vergidən yayınmada ittiham olunur. Nazirə xatırlatdım – hakimiyyətə xəbərdarlıq etmişdim ki, QHT fəaliyyətinə məhdudiyyətlər qanun pozuntularına gətirəcək. Nazirə dedim ki, normal QHT fəaliyyətini kriminallaşdırmaq Azərbaycanda insan hüquqları işini tamamilə mümkünsüz edir. Dedim ki, proqnozlarım özünü doğrultdu və sizi QHT qanununa yenidən baxmağa, parlamentin təklif etdiyi son dəyişiklikləri qəbul etməməyə çağırıram. Söhbət çox çətin keçdi. Məncə, nazir mövqeyimi anladı. Ümid edirəm növbəti bir neçə ay ərzində QHT qanunu və onun tətbiqinə yenidən baxmaq imkanları yaranacaq. Venesiya Komissiyası da QHT qanunvericiliyi ilə bağlı rəyini açıqlayacaq. Bu, Azərbaycanla Avropa Şurası arasında Fəaliyyət Planında nəzərdə tutulub.

«NAZİR DEDİ Kİ...»

Komissar ədliyyə naziri Fikrət Məmmədovla REAL Hərəkatının lideri İlqar Məmmədov barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarını da müzakirə etdiyini söyləyir:

«Soruşdum ki, bu qərar yerli ədliyyə sistemində digər işlər, özəlliklə də törətdikləri cinayətlərə görə deyil, susdurmaq üçün saxlanmış və ya məhkum edilmişlərin işləri barədə geniş müzakirələrə yol açdımı? İlqar Məmmədov barəsində qərar məhz bu məqamı üzə çıxarıb. Nazir dedi ki, hakim pozuntuya yol veribsə, cəzalanacaq. Məhkəmə bu işlərə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası məsələsinə yenidən baxacaq. Onları çağırdım ki, bu qərarı xəbərdarlıq siqnalı kimi qəbul edib insanların şübhəli dəlillərlə saxlandığı və ya məhkum olunduğu digər işlərə yenidən baxsınlar».

VƏD VERMƏ, İŞ GÖR

- Sizdə növbəti bir neçə ay ərzində həbsdəki bəzi şəxslərin buraxılacağına əminlik yarandımı?

- Mən əmin deyiləm. Vədlərə deyil, əməllərə inanıram. Azərbaycan hakimiyyətindən insan haqlarının durumunu yaxşılaşdırmaq üçün konkret işlər gözləyirəm. Vədlər yaxşı səslənir, ancaq onların yerinə yetirilməsi vacib amildir.

Bu həftə işini bərpa etmiş İnsan Haqları üzrə Birgə İşçi Qrupla bağlı komissar deyir ki, konkret nəticə görməyənədək, bu barədə mövqe bildirmək istəmir:

«Məncə hakimiyyət ancaq vədlə kifayətlənməsə, bir neçə konkret addım atsa, Avropa Şurasında sədrliyini müsbət notla tamamlaya bilər».

Komissar deyir ki, İşçi Qrup onun mandatına daxil olmadığı üçün həmin görüşə qatılmayıb. Baş nazir Thorbjørn Jagland həmin görüşə xüsusi müşahidəçi təyin edib və komissar ümid edir ki, bunun təsiri olacaq.

HƏLƏ ŞANS VAR

- Azərbaycanın Avropa Şurasında sədrliyi sona yaxınlaşır. Ötən 6 ayı Azərbaycan və Avropa Şurası üçün necə xarakterizə edərdiniz?

- Özəlliklə iyul və avqust aylarında olan həbslərdən, əsasən mənim Ofisimlə işləyən şəxslərin saxlanmasından dərin narahatlığımı bildirmişəm. Bu səbəbdən Azərbaycana gəldim. Hakimiyyəti çağırdım ki, sədrlik dövründə bu mənfi tendensiyanı dəyişməyə hələ də şansı var. Bəzi müsbət addımlar atıla bilər - İlqar Məmmədovla bağlı hökm yerinə yetirilə bilər, həbs-qətimkan tədbirləri ləğv oluna bilər, QHT qanununa dəyişiklər qüvvəyə minməyə bilər, Birgə İşçi Qrup konkret işlər görə bilər.

KÜRDƏXANILI KOMİSSAR

- Komissar vəzifəsini həyata keçirdiyiniz dövrdə dəfələrlə Azərbaycan hakimiyyətini öhdəliklərinə əməl etməyə çağırmısınız. Heç bir irəliləyişin olmadığını dilə gətirirsiniz. Bunun səbəbini nədə görürsünüz?

- Son illər Azərbaycanda durumun niyə pisləşdiyi mənə də aydın deyil. Bu ölkəyə 3 dəfə səfər etmişəm. Hər dəfə də Kürdəxanı təcridxanasında saxlanan fəallar, jurnalistlərlə görüşməli oluram. Ümid edirəm, 4-cü dəfə gələndə Avropa Şurasının dostları və tərəfdaşlarını görmək üçün Kürdəxanıya getməli olmayacağam. Məncə, bunu həyata keçirmək şansı qalır. Hakimiyyət öhdəliklərinə ciddi yanaşmalı, Avropa Məhkəməsinin qərarlarını icra etməli, anlamalıdır ki, tərəfdaşı rolunda dinamik vətəndaş cəmiyyətinin olması özünün xeyirinədir. Bu şəxslərə casus, xarici agent, inqilabçı kimi baxmamalı, onların ölkədə demokratiyanı təkmilləşdirmək istəyən tərəfdaşlar kimi görməlidir.

LOBBİÇİLİK ALINMAYA DA BİLƏR

AŞPA üzvlərindən biri Nazirlər Komitəsinə sorğu göndərərək sədr ölkə olan Azərbaycanın peşəkar lobbiçilərdən istifadə etməsinin nə dərəcədə məqsədəuyğun olmasını soruşub.

AŞ insan haqları komissar Nils Muižnieks lobbiçiliyin öhdəliklərin icrasına təsiri barədə deyir ki, bu sualı cavablandırmaq onun səlahiyyətində deyil:

«Özüm heç vaxt lobbiçilik fəaliyyətinin subyekti olmamışam. Bu sualı AŞPA rəhbərliyindən soruşmaq olar, çünki lobbiçilik varsa, ancaq o səviyyədə ola bilər. Məni isə heç kəs öz tərəfinə çəkməyə cəhd etməyib. Heç etsəydi də, alınmayacaqdı».

XS
SM
MD
LG