Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:46

Güntay Gəncalp: "Pişəvəri saxta qəhrəmandır" [Debatda ona etirazlar]


Əjdər Tağızadə (ön planda) və Tariyel Faziloğlu
Əjdər Tağızadə (ön planda) və Tariyel Faziloğlu

-

Əjdər Tağızadə:

- Mən bilmirəm biz hansı xəstəliyə tutulmuşuq. Bu millətin böyüklərini qırıb, gözdən salıb qaralayırıq, Güney Azərbaycanda baş verən xalq hərəkatını şübhə altına alırıq...

DEBAT

Dekabrın 12-də İran azərbaycanlılarının müstəqillik elan etdiyi tarixdən – «21 Azər»dən 69 il ötdü.

Ortada onillərdir davam edən bir sual var: 1945-ci ildə İranda Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələnmiş bu hərəkata necə yanaşmalıyıq?

Milli hökumət, bəzi tarixçilərin dediyi kimi,imperiyanı genişlətmək, sovetlərin Hind Okeanına bir çıxış planı idi, yoxsa azərbaycanlıların uzunmüddətli müstəqillik mübarizəsinin nəticəsi?

«Pen Klub» dekabrın 18-də bu və bənzər suallara cavab axtardı.

Dünya Azərbaycanlıları Daimi Şurasının sədri Əjdər Tağızadə, tarixçi Tariyel Faziloğlu, Finlandiyada yaşayan, əslən İran Azərbaycanından olan tədqiqatçı Güntay Gəncalp və tarixçi Cəmil Həsənli də müzakirəyə qatıldılar.

Səadət Akifqızı

Pişəvərinin Bakıda Fəxri Xiyabanda
Pişəvərinin Bakıda Fəxri Xiyabanda

- Əjdər bəy, Pişəvərinin başçılığı altında “21 Azər” hərəkatının təkanverici qüvvəsi kim idi: sovet imperiyası, yoxsa İranda yaşayan azərbaycanlılar?

Əjdər Tağızadə

- Tam əminliklə demək olar ki, bu hərəkatın dayağı Azərbaycan türkləri idi. İndi Çörçilin, Stalinin, Mikoyanın bir rolu olubsa, bu hərəkatı onların adları ilə bağlamaq olmaz.

İran Güney Azərbaycan ərazisini talamış, əldən salmış, xalqı canına yığdırmışdı, dünyada imperialistlərin ayaq açması, İranda mərkəzi hökümətin zəifləməsi azərbaycanlıların da hərəkətə keçməsinə səbəb olmuşdu. Azərbaycan türkləri bu tarixi fürsətdən istifadə etdi. Sovet İttifaqı sadəcə Güney Azərbaycandan öz xeyrinə istifadə edirdi, talayırdı, siyasi məqsədləri üçün yararlanırdı, bu baxımdan Sovet hakimiyyətinin “21 Azər” hərəkatına yardımçı olduğunu demək doğru olmazdı.

Tariyel Faziloğlu

- Pişəvəri hərəkatı da, “21 Azər” hərəkatı da dünyada baş verən proseslərin tələbi idi, o hərəkatın təşkilatçılarından heç də asılı deyildi. 1939-cu ildə ilk dəfə Azərbaycan SSR-in rəhbəri Bağırovla Pişəvəri görüşür.

Bu görüşdə Bağırov Pişəvərini sovet hakimiyyəti ilə əməkdaşlığa razı salmağa çalışır. Pişəvəri ürəkdən kommunist idi. Ancaq o ilk başdan Bağırovla razılaşmır. Onun tarixi bir cümləsi var deyir: “Seyid, bir dəfə sizə inandıq, bizi yarı yolda buraxdınız, bir də inansaq axırımıza çıxacaqsınız”. 1939-cu ildən başlayaraq Güney Azərbaycana Bakıdan çoxlu yazıçı, şair, alim göndərilir, İranın 9 şəhərində qəzetlər, məktəblər, kitabxanalar açılır. 1945-ci ildə SSRİ dünya müharibəsində qalib gəlir və rus ordusunu İrana yeridirlər və orda rus ordusunun köməyilə üsyan təşkil olunur, üsyanda “21 Azər” hərəkatı qalib gəlir və 1946-cı ildə Azərbaycan Milli Höküməti qurulur.

Əjdər T.

- Nədənsə gənc alimlərimiz, ziyalılarımız tariximizdə qara nöqtələr axtarırlar. Məgər, Azərbaycan türkləri indoneziyalılardan, İsveçlilərdən azdırmı, bu xalqın öz çıxarları yox idimi? Nədəndir, millətimizin ziyalıları Güney Azərbaycanda o xalqın bir azadlıq istəyi olduğunu görmür? Sovet adamları bilmirdimi ki, dağlarda, çöllərdə fars ordusu ilə didişən bir qüvvə vardı? Mən əminliklə deyirəm ki, Pişəvəri Stalinin necə bir insan olduğunu, sovetin necə pis bir yer olduğunu çox yaxşı bilirdi.

Tariyel F.

- Tarixi faktlar elə bir şeydir ki, onları inkar etmək olmaz, burda bütün faktlar ortadadır.

Əjdər T.

- Axı, hansı faktdan danışırsınız. Hardadır o faktlar. Bütün dünya bilir ki, Pişəvəri hərəkatı haqda sənədləri İran höküməti heç kimə vermir. Bu hərəkatın arxivini rus dövləti vermirsə, Amerika höküməti vermirsə, İngiltərə vermirsə, necə bu haqda faktlardan danışılır?

Daha sonra verilişə Finlandiyada yaşayan, İran Azərbaycanından olan araşdırmaçı Güntay Gəncalp qoşulub.

Güntay Gəncalp

Güntay Gəncalp
Güntay Gəncalp

- Deyilənlərin çoxunun heç bir tarixi əsası yoxdur, oxuduğum kitablarda elə şeylərə rast gəlməmişəm. O zaman millətimizin qırılmasına təəssüf edirəm və o hərəkata rəhbərlik edən Pişəvərini şiddətlə qınayıram.

Çünki, tarix məğlubları qəbul etməz. Bir hərəkatı incələmək üçün o hərəkatın rəhbərlərinin düşüncə tarixini izləmək lazımdır. Pişəvəri 1918-ci ildə Qafqazda Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması zamanı ona qarşı mübarizə aparmış, onun dağılmasında iştirak etmişdi. Deyirdi ki, bura İrandır, burda niyə Azərbaycan adında dövlət qurursunuz? O, türk kimliyinə nifrət edirdi. Pişəvərinin türk kimliyinə qarşı yazıları var.

Saxta qəhrəmanlarla tarixi doldurmaq lazım deyil. Pişəvəri 1931-ci ildə həbs olunana qədər sovet səfirliyində işləyirdi, orda müəllimlik edirdi. Sovetin tam güvəndiyi bir şəxsiyyət idi. Başqa alternativ yox idi, İrandakı başqa azərbaycanca danışan inamlı kommunist yox idi. Pişəvərinin hərəkatı sovetlərin orta Asiya ilə bağlı planının bir parçası idi.

Səadət A.

- “21 Azər” hərəkatında azərbaycanlıların rolu var idimi?

Güntay Gəncalp

- Cəmil Həsənli Milli Təhlükəsizlik Nazirliyinin arxivindən Pişəvərinin xatirələrini tapmışdı, Elçibəy mənə dedi ki, sən doktorluq işini bundan yaz. O əlyazmanı Cəmil Həsənlidən alıb oxudum. Onu oxuduqdan sonra içim acıdı. Orda yazır ki, biz hər tərəfə farsca teleqram göndərirdik, xalq bizə türkcə cavab verirdi, anladıq ki, xalqın öz dilinə və azadlığına ehtiyacı var. O əlyazmalardan görünür ki, Pişəvərinin dünya görüşü zəif idi, o ancaq sovet düşüncəsinə qapılmışdı.

Tariyel F.

- SSRİ şimali İranı işğal edib neftlə zəngin yerləri ələ keçirmək istəyirdi. Stalinin Azərbaycanı birləşdirmək kimi bir arzusu yox idi, o çox asanlıqla bu fikrindən əl çəkdi. Sadəcə, o zamankı üsyana qalxmış xalq bu hərəkatın kimin tərəfindən təşkil olunmasını bilmirdi, heç onlar sovetin Milli Hökümətlə əlaqəsiylə maraqlanmırdılar da.

Əjdər T.

- Mən bilmirəm biz hansı xəstəliyə tutulmuşuq. Bu millətin böyüklərini qırıb, gözdən salıb, qaralayırıq, Güney Azərbaycanda baş verən xalq hərəkatını şübhə altına alırıq. Sovet ittifaqı “21 Azər” hərəkatına xəyanət edib, ingilislər də, amerikanlar da bu hərəkatın boğulmasını istəyirdi. O hərəkatda öldürülən də türkdür, əzilən də türkdür...

Debatın videoyazısı

XS
SM
MD
LG