Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:27

Vaqif Sultanlı. Ölüm yuxusu


Vaqif Sultanlı
Vaqif Sultanlı

-

Vaqif Sultanlı

ÖLÜM YUXUSU

Povest-illüstrasiya

Elə bil bu yerlər dünya yaranandan bəri yağış gör-məyib; istidən boynunu bükmüş ağaclar əlacsız-əlacsız torpağa baxır, çölün-biyabanın otları yanıb qupquruca çör-çöpə dönüblər, susuzluqdan torpağın sinəsi cadar-cadar olub...

O, bütün bunları görmür. Bu bürküdə yaddaşını kor-şaldan təkcə o uzaq səsdi.

O səsin hayandan gəldiyini bilmir, nə deyildiyini, nə danışıldığını anlayammır. Ancaq bu səsdə layla kimi istilik, doğmalıq duyur. Bir anlığa özündən ayrılaraq elə bilir ki, səs içərisindən başlayır və bu onun öz səsidi. O, bu səsin üstündən uzaqlara, lap uzaqlara baxır, elə uzaqlara baxır ki, yaddaşı dumanlanır, başı gicəllənir, yol gözlərində qarışır, qurtarır, itir...

Buldozer düzü-dünyanı səksəndirə-səksəndirə keçib gedir. Uzaqda, kəndin ətəyindəki qəbiristanlıqda torpaqdan göyərib qalxıbmış kimi qara-qara başdaşıları ucalır. Onun yaddaşında bu torpaq yovşan kollarından, quruyub gülləri tökülmüş yulğun topalarından, bir də qara-qara başdaşılarından ayrı dərkolunmazdı.

...Buldozerin çalovu başdaşına toxunub ət ürpədən xırçıltı qopardı. Elə bil bayaqdan bəri yuxu içərisindəydi, xırçıltı səsinə səksənib ayıldı. Var gücüylə əyləci basdı. Əli-qolu, ayağı, içi-içalatı büsbütün soyudu, sustaldı. İçərisindən soyuq bir gizilti keçdi. «Fələəək, qəbiristanlıqdan da yol salarlarmı, yol salarlarmı, yol salarlarmı?..».

Birdəncə yaddaşında ağrıdan sızıldayan, boğuq səslə imdad diləyən insan cəsədləri üstüylə uzanan yol ağardı. Ona elə gəldi ki, bu yolun üstündə dayanıb və ayaqlarının altı göynəyə-göynəyə hayana gedəcəyini bilmir; təzə ayaq açmış körpə kimi addımlarını atmağa qorxur. Ayağını tərpədən kimi torpağın altından fəryad və inilti səsləri qalxır. Az qalır dəli ola...

Kabinənin qapısını açıb yerə atıldı. Yoldan azca aralı iri çaylaq daşının üstündə oturdu. Yaşıl mamırlı, çopur-çopur qəbir daşlarına göz gəzdirdi. Baş-başa verib durmuş-dular. Farağat əmri verilmiş pərakəndə əsgər dəstələrinə bənzəyirdilər. Bir anlığa ona elə gəldi ki, indicə savaş əmri veriləcək, qəbiristanlıqda yaranılışdan bəri görünməmiş əlbəyaxa daş döyüşü başlayacaq, hər şey yerlə-yeksan olacaq. «Niyə insan tuşlandığı yolun səmtinin qəbiristanlıq olmağıyla barışammır, ayağı yer tutan gündən məzara sarı getdiyini unudur? Unudur və bilmir ki, bütün bu dava-dalaş, vuruş ölüm üçündü, ölümü yaxınlaşdırmaq üçündü, ölümün yolunu qət etmək üçündü. İnsan bu yolun mənzili başına yetişmək üçün bu dünyayla savaşa çıxdığını da unudur. Unudur və bilmir ki, keçdiyi dolaylar, aşdığı sədlər torpağa qarışmaq üçündü, torpağa layiq olduğunu sübut eləmək üçündü. Bilmir ki, xilqətin bircə yolu var – məzar yolu; bö-yüklü-kiçikli bütün yer üzü bu yoldadı.

Bəs onda başdaşı nə üçündü? Niyə insan izsiz-tozsuz torpağa tapşırılmır? Niyə insanın basdırıldığı yerdə ona başdaşı ucaldılır? Bəlkə başdaşı insanın ömrünə, həyatına, dərdinə ucaldılan abidədi, ömrün davamıdı, ölümdən sonrakı həyatdı? Bəlkə başdaşı təsəllidi, aldanışdı...».

Ona elə gəlir ki, başdaşıları da canlıdı, insan kimi bir-birilə söhbət eləyir, daş dilində pıçıldaşır, dərdləşirlər. Onların da özlərinə görə dərdləri, qayğıları var, sevirlər, sevilirlər. Ancaq işıqdanmı, insandanmı qorxduqları üçün gündüzlər daş yuxusuna gedirlər, onların həyatı gecələr başlayır. Ona görə də qəbiristanlıq gecələr vahiməli olur.

Bir vaxt necə də istəyirdi ki, bu böyük qəbiristanlıqda başqaları kimi onun da əzizi, doğması olsun, başqaları kimi o da bu qəbirləri göstərib öyünə bilsin. Uzaq uşaqlıq illərindən bəri qəbir üstə gələnlərə həsəd aparırdı. Və böyüdükcə bu dərd də arzu kimi, ümid kimi içərisində böyüyürdü...

Ancaq indi birdən-birə bütün qəbiristanlıq ona doğma-laşdı və uzaq uşaqlıq illərindən qəlbində doğulan, yaşa dolduqca ildən-ilə boy atıb böyüyən o nisgil ağır-ağır çəkilib getməyə başladı.

«Qəbiristanlığı uçurub başdaşılarını buldozerin ağzına vermək və hələ bu azmış kimi uçurulub dağılmış qəbirlərin üstündən yol çəkmək, qır tökmək, asfalt döşəmək, tfu... Bunu fikirləşən insandımı, məxluqdumu, ağlı-şüuru üstündədimi, bir papağını qabağına qoyub nə iş tutduğunu - bu cəhənnəm – ömrünün sonunu - sonrasını fikirləşirmi...».

Qəbiristanlığın aşağı başında iki-iki, üç-üç dəstə-dəstə qəbir qazırdılar. Bir həftəydi ki, qazhaqazdı. Meyitlərin sür-sümüyünü yığışdırıb, başqa yerə köçürürdülər. Kimi qardaşını, kimi bacısını, kimi ata-anasını, kimi övladını, qərəz köçhaköçdü. Səhər qəti tapşırıq alıb çıxmışdı; qəbiristanlıq büsbütün uçurulmalıydı. Neçə günüydü ki, çınqıl dolu maşınlar gəlib qayıdırdılar. İş ləngiyirdi. Ayın axırına kimi yol təhvil verilməliydi. Bu gün ikinci dəfəydi gəlirdi; səhər gələndə camaat axşama kimi möhlət istəmişdi. Qəbirləri vaxtında macal eləyib köçürməyənlər vardı. Bəziləri isə belə hadisə baş verəcəyinə inanmadıqlarından hələ qəbirlərə toxunmamışdılar. «Sən bir sözə bax: «Burdan tapşırıblar, burdan da çəkəciyik. Hökumətnən hökumətlik eləmək olmaz!». Camaata yol lazımdı deyin, guya ki, hö-kumət qəbiristanlığı ayaqaltı eləməlidi... Bəyəm hökumət deyir ki, camaatın qəbiristanlığını uçur, dədə-babalarının ruhunu təhqir elə?.. Bir də nə hökumət-hökumət salmısan. Bura bax, ə, hökumət kimdi? Bir məni başa sal görüm kimdi hökumət? Susursan?! Ə, hökumət sənsən, mənəm, Məmməddi, Həsəndi, Vəlidi...».

– Əmi, ay əmi!

Diksindi. Başını qaldırdı. Altı-yeddi yaşlarında nimdaş paltarlı bir uşaq idi. Əynindəkinə paltar da demək olmazdı, elə bil başdan-ayağa cır-cındıra bürümüşdülər. Dərdli-dərdli ağlayırdı və ağladıqca göz yaşları yanaqları aşağı axır, sifətinin tozunu-çirkini yuyub aparırdı. «İlahi, bu uşaq hardan peyda oldu? Bunun boyuna-buxununa bax, göz yaşlarına bax, bir əlcə uşaq da belə ağlayarmı? Bir əlcə uşaq da qəlbində dərd, nisgil gəzdirərmi? Elə ağlayır ki, deyirsən bu saat əriyib suya dönəcək, ovulub torpağa qarışacaq... ».

Uşağın ürəyini gözlərindən oxudu.

– Əmi, ay əmi! - Uşaq yenə sözünün dalını gəti-rəmmədi.

Qəhərləndi. Qalxıb uşağın qolundan tutdu, sərt, qa-barlı əllərilə saçlarına sığal çəkdi.

– Anamın qəbrini uçurma, ay əmi! Sən allah, uçurma. And iç ananın canına ki, uçurmayacaqsan.

İçərisində birdəncə gücsüzlük duydu və bu duyğu yuxu kimi, yorğunluq kimi ağır-ağır vücuduna yayılmağa başladı. Ona elə gəldi ki, indi, durduğu yerdə qəfildən ürəyi dayanacaq.

Uşaq inad eləyirdi:

– And içirsənmi? De görüm and içirsənmi?

«İndi nə cavab versin uşağa, necə başa salsın, nə yolla ovutsun onu. Nə cür desin ki, bu iş borcdu, tapşırıqdı, onlu da, onsuz da görülməlidi, ona qalsa, bircə qəbrə də toxunmaz, ona qalsa...».

Bir həftəydi ki, gecə yuxu nə olduğunu bilmirdi. Bir azca gözləri çimir alan kimi cəsədlər, skeletlər gəlib yuxusuna doluşurdu, gecəni səhər eləyənə qədər onunku ona dəyirdi.

Qəbiristanlıqda qızğın iş gedirdi. Adamlar bu saatca hər şeyin yerlə-yeksan olacağından qorxurdular. Bellə, külünglə torpağı qazıb tökür, sür-sümüyü xərək-xərək daşı-yıb Babalı bağının yuxarısındakı təzə qəbiristanlıq yerində basdırırdılar. Uzaqdan təzə qəbiristanlıq yerinə baxanda adama elə gəlirdi ki, bütün bu yaxın kəndlərə nə isə ağır, dəhşətli qırğın üz verib və bir belə insan cəsədinin birdəncə basdırılmağı da həmin fəlakətlə bağlıdı.

Hacı Mahmud babanın qəbrinin üstündə tikilmiş ağ günbəzi söküb təzə qəbiristanlıq yerinə daşımışdılar. Hacı Mahmud babanın qəbri də köçürülmüşdü. Günbəzin kərpic və dəmirlərini daşıyıb qəbrin ətrafına yığmışdılar, ara sakitləşən kimi tikintiyə başlanacaqdı.

Qalxıb buldozeri söndürdü. Camaat tamam dağılış-mamış işə başlamayacaqdı. İndi Miriş olaydı burda, onun buldozeri söndürməyini görəydi, böləydi itən vaxtı dəqi-qələrə, saniyələrə, sonra da vuraydı aya, günə. Onda oğul istəyirdi onun qabağında dayana. Çəkdiyi papirosun tüs-tüsünü gözlərindən buraxa-buraxa yeddi arxa dönəninə söyəcəkdi. Papirosu basıb gözündəcə söndürəsən əclafın...

Qəbiristanlıqda iş qurtarana qədər gözləyəcəkdi. Lap Mirişin dədəsi xortdayıb qəbirdən gəlsə yenə tələsən deyildi. Söyürsə, qoy söysün, havadı, küləkdi. Yeri gələndə adamı danlayarlar da, söyərlər də. Bu işdən min dəfə Mirişin söyüşü yaxşıdı. Qoy camaat heç olmasa rahat ölülərini köçürsün...

Traktorun gurultusu kəsiləndən sonra bel-külüng səsi apaydın eşidilirdi. Böyük-kiçik, arvad-uşaq bir-birinə qarış-mışdı. Elə bil bu çağacan qəbiristanlığın uçurulacağına inan-mırdılar. Buldozerin səs-küylə gəlib qəbiristanlığın yanında dayanmağı ümidlərini büsbütün qırmışdı. Birdəncə əl-həya düşmüşdülər. Ağlaşa-ağlaşa, təntiyə-təntiyə, söylənə-söylənə qazırdılar.

Bir həftə qabaq ilk dəfə buldozeri bura sürəndə ca-maat az qalmışdı daş-qalaq eləsin onu. Ağzının, burnunun qanını bir-birinə qatmışdılar. Kəndin ağsaqqalları yığışıb gəlincə kənd soveti sədri güclə camaatın əlindən almışdı.

– Ay camaat, - demişdi, - nə düşmüsünüz bu yetimin üstünə. O, öz kefiylə gəlibmi bura bəyəm? Bir dayanın, ağ-saqqallar yığışsın, görək neynirik. Yoxsa qəbiristanlıq oyun-oyuncaq deyil ki, hər yetən alsın buldozerin ağzına. Day mən heç, deyək qocalmışam, korşalmışam, sizə nə gəlib? Bir səbrinizi, hövsələnizi basın, qoyun rayon rəhbərləri gəlsin, soruşaq, öyrənək, biz də bilək bu nə məsələdi, nə qəzyədi. Yoxsa boş-boşuna qışqırıb-bağırmağın nə mənası? Bu da dəyirman deyil ki, atam balası, çevirib eləsinlər kababxana, içki məclisi, hər cür zatıqırığın yığnaq yeri. Bu qəbiristanlıqdı, cəmi ölənlərimizin müqəddəs yatağıdı. Müqəddəs olan şeyə də gərək toxunulmasın. Yoxsa, day bu nə müqəddəslik oldu ki...

Sonra sədr özü gəlmişdi:

– Sizə, - demişdi, - yaxşı bir qəbiristanlıq yeri ayırmı-şam. Köçürün ölülərinizi ora. Nə köməklik lazım olsa, elə-yəcəyik.

Camaat arasından kimsə:

– Olmazmı ki, yoldaş sədr, yol üçün elə bir yer ayırasınız, nə köməklik lazım olsa, biz özümüz eləyərik. Qəbiristanlıq da qalsın öz yerində.

Sədr əsəbiləşib özündən çıxmışdı:

– Əşi, mən sizə adam kimi söz dedim, day demədim ki, söz güləşdirək. Kişi təzə işçidi, heç bir ay deyil gəldiyi bu rayona. Duraq indi boş şeyin üstündə onunla üz-göz olaq…

– Necə yəni «boş şeyin üstündə». Qəbiristanlıq bəyəm balaca işdi? - Bunu da kimsə camaatın arasından demişdi.

Sədr bu sözə dözməmişdi:

– Qurtardıq, - demişdi, - daha bu məsələni qurtardıq. – Sonra isə özünün maşınına oturaraq: - Vallah, bu camaatla fələk də yola getməz, elə ki, mən gedirəm, - deyib acıqlı-acıqlı çıxıb getmişdi.

Qolunun-qabırğasının ağrısından beyni zoqquldayırdı. Ona elə gəlirdi ki, bircə addım atsa, ürəyi dayanacaq, üzü üstə yerə sərələnəcək. Kənd soveti sədrinin dediklərini sanki yuxuda eşidirdi. Buraya nə məqsədlə gəldiyini büsbütün unutmuşdu. Gözlərini qan örtmüş bu adamlar kinli-kinli ona baxırdılar. Onu əzişdirib şil-küt eləsələr də, ağız-burnunun qanını bir-birinə qatsalar da, bu adamlara qarşı içərisində nifrət duymurdu, ancaq yerbəyerdən ona dikilən gözlərin soyuq işığı bədəninə üşütmə saldığından qaçmaq, gizlənmək istəyirdi. Ayaqlarını torpaqdan qoparammırdı, ağzına dolan turş qanı uda-uda dayanıb dururdu.

Başını qaldırdı. Uşağı yanında görmədi. Uşağın getmə-sindən xəbər tutmamışdı. «Görəsən nə cavab verdi uşağa, necə yola saldı, ürək ovudan bir söz dedimi, barı?». Nə illah elədisə, yadına sala bilmədi.

... Bir vaxtlar uşaqlarla yığışıb qəbiristanlıqda oyna-yardılar. Hərdən də hamıdan xəbərsiz təmtəkcə gələr, qəbi-ristanlığı addımbaaddım gəzərdi. O zaman qəbiristanlığın bu başından o başınacan olan bu yol ona hədsiz uzun gələrdi. Qəbiristanlığı gəzib bir-bir qəbirlərin üstündəki qəmli, həzin şeirləri oxuyardı. Bu şeirlər dünyanın vəfasızlığı, ölümün, ayrılığn qaçılmazlığı haqqındaydı, bu şeirlərdə işıq, ümid, təsəlli yox idi, bu şeirlərin misraları boyasızdı, çılpaqdı. İndi də bir şeirin ilk misraları yadındaydı: «Bəxtimin gəmisi toxundu daşa, cavanlıq ömrümü vurmadım başa...». Dörd misralıq bu şeirin dalını yadına sala bilmirdi.

* * *

Əliş lümlüt qəbiristanlıqdan bir az aralı çayın yaxa-sıyla uzanıb gedən dikdirin üstündə oturmuşdu. Başı əllə-rinin arasında içinə çəkilmişdi; görmürdü, eşitmirdi. Əlişin bədənini ağappaq, narın tük basmışdı. Gözlərinin qarası da ağarmışdı və uzaqdan-uzağa Əlişin giləsi ağarmış gözlə-rindən soyuqluq yayılırdı. Ancaq Əlişin nə gözlərinin giləsinin ağarmağından xəbəri vardı, nə də gözlərindən yayılan və yayın cırhacırında baxanın canına üşütmə salan soyuqluqdan.

Qəbiristanlıqdakı bu səs-küyün, vurhavurun da nə olduğunu bilmirdi. Bir gecədə başına gələnlərdən başını itirmişdi. Bir adam axtarırdı soruşa, dərdləşə, danışa, ancaq içərisində hansı bir duyğusa qəbiristanlığa, ömrünü birgə keçirdiyi adamların içərisinə getməyə qoymurdu, onu hamıdan, hamıdan ayırırdı.

İndi Əliş oturub başına gələnləri təzədən yaşayırdı, elə bil olub keçənlərə inanmırdı, inanmaq istəmirdi. Bir də, bir də yaddaşından keçirirdi ki, bəlkə gördüklərinin yuxu, aldanış olduğunu xatırlaya...

...Gözlərini açanda qaranlıq idi, zülmət kimi qaranlıq idi. Tərpənmək, çevrilmək, heç olmasa düşdüyü yerin yönünü, səmtini tapmaq istədi, ancaq əli-qolu qalxmadı, elə bil əllərini bədəninə sarımışdılar. Bütün bunların mənasız olduğunu dərk eləyəndən sonra heç olmasa harda olduğunu xatırlamağa çalışdı, ha fikirləşdisə yadına sala bilmədi, elə bil yadına-yaddaşına da qaranlıq çökmüşdü. «Bu nə olan işdi, fələk? Belə qaranlıq yurd, hücrə olardımı? Elə bil cəhənnəmin yeddinci qatına düşüb. Bəlkə yuxudu görür?..».

Dəqiqələr, saniyələr ağır-ağır çıxıb gedirdi və çıxıb gedən vaxt özüylə birgə onun səbrini, dözümünü də alıb aparırdı. Nəfəsinin toxunub qayıtmağından və havanın qoxusundan hiss eləyirdi ki, onunla divarı ayıran məsafə çox yaxındı. Əllərini tərpədə bilsəydi, böyür-başını yox-layardı, harda uzanıb yatdığını dəqiqləşdirərdi. Ancaq əli-qolu ilə birlikdə elə bil bərini-bədənini də büküb sarı-mışdılar, nə illah eləyirdisə, sarıqdan açıla bilmirdi.

Bütün bunların yuxu olmadığını dərk eləyənə qədər aradan xeyli vaxt keçdi. Buna əmin olandan sonra olub ke-çənləri bir-bir yaddaşından keçirməyə başladı. Son günlər xəstə yatırdı, halsız idi, əməlli-başlı soyuqlamışdı. Bəs sonra? Sonra bir həftəydi evdən bayıra çıxmırdı, yatırdı, çarpayısı da pəncərənin qabağında qoyulmuşdu, təkcə axşamlar gün batanda içəri günəş işığı düşürdü. Orası da yadındadır ki, iştahası tamam çəkilmişdi. Bir də gecələr yaxşı yata bilmirdi, ağrıdan bəri-bədəni sızım-sızım sızıl-dayırdı. Bəs sonra? Sonra elə hey yatmaq istəyirdi, gözləri yuxudan açılmaq bilmirdi. Və yatdı da... Bundan sonrasını isə xatırlaya bilmirdi. Bəlkə hələ yuxudan oyanmamışdı? Yuxu bu qədər uzun çəkərdimi? Yox, belə cansıxıcı olmazdı yuxu...

Nəfəs almaq üçün havanın çatmadığını hiss edir və bu onu darıxdırırdı. Ancaq havadan gələn təzə torpaq ətri məlhəm kimi ruhuna, varlığına yayılırdı, yayıldıqca da əsəbləri sakitləşirdi və sakitləşən əsəblərilə birlikdə elə bil yavaş-yavaş özünə qayıdırdı.

Əllərində-ayaqlarında xoş bir taqətsizlik var idi. Elə bil əlləri, ayaqları hələ oyanmamışdı, oyanan təkcə beyni, düşüncəsiydi. Elə bil dünyanın səsi-küyü qeybə çəkilmişdi. Təkcə qulaqlarında bir səs var idi, bu səs yerin, torpağın təkindən gələn qəribə bir uğultuya bənzəyirdi. Bu uğultu elə dərindən, elə uzaqdan gəlirdi ki, onun cazibəsindən qopammırdı, ayrılammırdı və yadını-yaddaşını kəsib keçən bu səsdə ölüm kimi, dünya kimi, zülmət kimi bir əbədilik vardı.

İsti idimi, soyuq idimi, hiss eləmirdi, bədəninin yu-xusu hələ çəkilib getməmişdi. «Fələk, bu nə iş idi düşdü birdən-birə. Nə gecəsini bilirsən, nə gündüzünü. Nə bir səs eşidirsən, nə bir yana çevrilə bilirsən. Bu gen dünyada nə yer-yurd idi düşmüşdü?».

Qolu ağrıyırdı. Deyəsən axı, qolunun üstə uzanıb yat-mışdı; ancaq sağ, ya sol qolu olduğunu bilmirdi. Dünyanın bu dar, qaranlıq hücrəsində ölçü və duyğu hissini tamamilə itirmişdi. Bir də ki, nə fərqi sağ, ya sol? Qolu ağrıyırdı, qolu ağrıdan sızıldayırdı, vəssəlam. O biri böyrü üstə çevrilə bilsə, ağrı çəkilib gedərdi.

Yavaş-yavaş başını qaldırdı. Və bir neçə dəfə başını qaldırıb qoydu. Elə bil başını qaldıra biləcəyinə inanmırdı.

Başının altında yastıq, balış yox idi. Sonra istədi çevrilsin, ancaq çevrilə bilmədi. Bədəninə bürünmüş o şey nəydisə, onu çevrilməyə qoymurdu. Əvvəlcə bunun içə-risindən çıxmaq lazımdı. Bəlkə də qaranlıq bunun içərisində idi. Burdan çıxa bilsə, hər tərəf işıqdı, aydınlıqdı. Ancaq bunun içərisindən çıxmaq mümkün idimi?..

Acmamışdı, ancaq susamışdı, dili, dodağı susuz-luqdan təpimişdi. Bir parç sərin bulaq suyu olsa, ləzzətlə başına çəkərdi. Nədənsə susuzluğunu tezcə də unutdu.

Vaxt ağır-ağır ötürdü. Gözləyirdi, elə bil nə isə baş verməliydi və saniyələr, dəqiqələr səssiz-səmirsiz ötüb keçdikcə get-gedə aydınlaşan beyninə qəribə şübhələr do-lurdu. Bu şübhələri özündən uzaqlaşdırmaq istəyirdi, ancaq nə illah eləyirdisə, bacarmırdı.

Əlilə bədəninə sarınmış bürüncəyin bir tərəfindən tutub var gücüylə dartdı. Bürüncək cırıldı, axtarıb cırıq yeri əlinə keçirdi, yenidən dartmağa başladı. Bürüncəkdən çıxan əlilə böyür-başını yoxladı. Dörd bir tərəf divar idi. Sonra əlini qorxa-qorxa çılpaq bədəninə çəkdi. «...Qəbir!!!» Və birdən... Ayaqları ilə kəfəni cırım-cırım elədi.

Qəribə, heybətli səslə qışqırırdı. Ancaq bu insan səsinə bənzəmirdi, qışqırığa bənzəmirdi. Elə bil ulayırdı.

Qışqırdıqca burnuna qəribə qoxu dolurdu. Sonra hiss elədi ki, burnundan qan fışqırır. Dodaqlarında qanın turş, ürəkbulandıcı dadını hiss elədi.

Qan axdıqca yüngülləşirdi. Bu nə yüngüllük idi belə? Qəribə işdi; bundan belə uzan, ağlın, şüurun kəsə-kəsə ölü-mün nə vaxt gəlib yetişəcəyini gözlə...

Təkcə yuxuladığı axşam yadındaydı, ondan sonrasını xatırlaya bilmirdi. Düz o yatan indi ayılırdı.

Bir azdan sonra tamam sakitləşdi. Burnundan fışqırıb axan qanla birlikdə susuzluğu keçib getmişdi. Hər şeyi necə vardısa dərk eləyəndən sonra yatıb təzədən ölmək istəyirdi. Yuxuda ölüm qat-qat asan idi; bu dar, qaranlıq hücrədə ayıq gözlə ölümü gözləməkdən dəhşətli heç nə olammazdı.

Yuxuda görürdü ki, kor ilan ayağından çalıb və nə illah eləyirsə, ayaqqabını şişib əndazədən çıxmış ayağından çıxara bilmir. Qıçı tamam keyləşmişdi. Hiss eləyirdi ki, zəhər bədənini dondura-dondura üzü yuxarı qalxır. Get-gedə nəfəsi tıxçanırdı. Tanımadığı qara geyimli bir qadın qarışla boyunu ölçürdü... Sonra necə oldusa birdən gözlərini açdı. Sağ qıçı tamam keyləşmişdi.

«Bu ilan hardan gəlib yuxusuna girdi... Qəbir evində də rahat buraxmayacaqmı onu, ilahi?».

Neçə il idi ki, ilan ona rahatlıq vermirdi. Hayana gedirdisə, gözlərinin qabağından çəkilib getmək bilmirdi. Və qəribəydi ki, ilanın hansı səmtdə durduğunu, harda gizləndiyini fəhmlə duyurdu, bəlkə elə buna görəydi ki, o da ilanı öldürməyə cəhd eləmirdi. Evdə oturub iştahla çörək yediyi yerdə birdən ona elə gəlirdi ki, kimsə hərəkətlərini izləyir. Handan-hana yadına düşürdü ki, ona göz qoyan ilandı; iştahası tamam küsürdü. Gecələr ilanın səsini eşidirdi; bilirdi ki, ilan evin damıyla tavanın arasında gecələyir. Hərdən fikirləşirdi ki, gecələrin birində tavan üstünə qopacaq, ilan düşüb bədəninə sarmaşacaq. İlanın soyuqluğunu uzaqdan-uzağa canında hiss eləyirdi. Beləcə ömür-gün qorxu və yuxusuzluq içində keçib gedirdi.

İndi bu dar və qaranlıq hücrədə ilanın vahiməsi iynə-iynə bədəninə doluşurdu. Bir vaxt kimdənsə eşitmişdi ki, ilan təzə meyitlərin gözlərini yeyir. Bunu düşünəndə gözlərinin giləsi göynədi.

Aradan nə qədər keçdiyini bilmirdi. Bəlkə bir gün, bir həftə, bəlkə də bir ay. «Görən indi günün hansı vaxtı olar? Gecəmi, gündüzmü?». Ona elə gəlirdi ki, dünyada ancaq zülmət var, qaranlıq var, işıq, aydınlıq deyilən şey yuxudu, əfsanədi, xəyaldı, vəssəlam.

Görəsən, insan aclığa, susuzluğa nə qədər dözə bilir? Lap tutaq ki, bir həftə, yaxud bir ay. Bəs sonra?

Təzədən qışqırmağa başladı. Ancaq səs çıxmağa, ün yetməyə bir yer vardımı görəsən? Bu, sadəcə təsəlliydi. Qış-qırıb-bağırandan sonra bir xeyli yüngülləşirdi. Və beləcə yüngülləşəndən sonra yatmaq, yuxulamaq istəyirdi. Heç ol-masa yuxularında işıq görmək istəyirdi.

Ancaq yuxuda da hər tərəf qaranlıq idi. Səmaya elə bil qapqara çarşaf çəkmişdilər; zülmətdən göz-gözü görmür-dü. Uzaqdan, lap uzaqdan bel-külüng tappıltısına bənzər bir səs gəlirdi, elə bil hardasa qazıntı aparırdılar. Səs elə küt, elə boğuq idi ki, hansı səmtdən gəldiyini sezmək qeyri-müm-kündü. Yaddaşında yuxuyla oyaqlıq bir-birinə qarışmışdı, ancaq hiss elədi ki, bu boğuq, küt tappıltı səsini yuxuda deyil, həqiqətdə eşidir. «Bəlkə də yaxınlıqda qəbir qazırlar. Əgər qəbiristanlıqdadırsa, burda tappıltı səsi başqa nə səbəbə gələ bilərdi ki... Görünür, indi bayırda günün günorta çağıdı, işıqdı, hər halda axşam olmaz, şər vaxtı qəbiristanlığa ölü gətirmək, qəbir qazmaq el adətinə ziddi – bunu bilir. Görən ömrünü bu dünyanın işıqlı günlərinə bağışlayıb ona qonşu gələn kimdi? – Tanıdıqları, bildikləri, kəndin ölüm ayağında olanları bir-bir gözlərinin qabağından gəldi keçdi. – Vaxtlımı ölüb, vaxtsızmı? – Bu nə sualdı özünə verir, vaxtlı da ölüm olarmı?».

Tappıltı kəsildi, xeyli bu səsi eşitmədi. Bir müddət sonra həmin boğuq, küt səs təzədən eşidilməyə başladı. Ancaq səs bayırdakına nisbətən bir qədər aydınlaşmışdı və qulaqlarına tappıltı səsiylə birgə nə deyildiyi anlaşılmayan danışıq səsləri də dəyirdi.

Nəfəsini udub dayandı. Astadan nə barədəsə yeyin-yeyin danışırdılar. Get-gedə aydın eşidilən tappıltı səsiylə birgə üstündəki qamış tərəcənin titrəməsindən qəti yəqin elədi ki, onun qəbrini qazırlar. «Aman allah?!». Niyə onun qəbrini qazırlar? Bəlkə diri olduğunu bilirlər? Bəlkə onu eləcə diri-diri torpağa basdırıblar? Bəlkə hələ də yuxu görür...».

Səsini çıxarmağa qorxurdu. Qəbrinin qazılmasının sə-bəbini heç cür özünə izah eləyə bilmirdi.

Bir azdan belin tappıltısı kəsildi. İçəri sərin hava dol-du. İndi dünya ilə, işıqla arasında qamış tərəcə qalmışdı.

Havanı acgöz-acgöz ciyərlərinə çəkdi. Səsini çıxar-mağa hələ də qorxurdu. Qorxurdu ki, xortdamış bilib bellə vurub öldürərlər. Dəmir tiyəni bircə dəfə təpəsinə endirsələr kifayətdi. Məsələni aydınlaşdırana kimi iş-işdən keçər.

Üstünə torpaq tökülməsin deyə çəpinə qoyulmuş tərə-cəni dartıb çıxardılar. Ay işığında gözləri qamaşdı.

– Qorxma, - deyirdi qalın səsli, - kəfəni cır, əvvəcə üzüyü dart çıxar. Üzük çıxmasa, kəs barmağını. Sol əlinin orta barmağında olmalıdı, meyit yuyulanda görmüşəm. Dişləri çıxarmaq çətin olacaq... Bir az əlli tərpən, vaxt keçir.

Cır səsli:

– Vallah, dizlərim əsir, qorxuram düşəm, qəbirdən çıxa bilməyəm.

Qalın səsli:

– Vaxt keçir. Hələ nə qədər yol getməliyik biz, - dedi.

Cır səsli:

–Yox, gəl özün düş, - dedi, Bura kimi mən eləmişəm, bundan sonrasını özün elə.

Qalın səsli:

– Ə, kişiliyin olsun, ölünün nəyindən qorxursan? Bir həftənin ölüsü dirilib yeməyəcək ha səni... - dedi.

«Bir həftə! Deməli, bir həftədi torpağa basdırıldığı... Ona bir əsr qədər uzun görünən bu vaxt cəmisi bircə həf-təymiş. Necə olub ki, bunu hiss eləməyib?.. Bəlkə torpağın altında qəbir evində vaxtın çərxi özgə cür fırlanır... Şükür kərəminə, ilahi?» – Əliş səslərini tanımadığı bu iki nəfərin danışığına qulaq asa-asa düşündü.

Cır səsli:

– Atam-qardaşım, bir qələtdi sənnən evdən çıxmışam, söz kəsmişəm, bura gəlmişəm. Bacarırsan, gəl özün gir, - deyə yalvarırdı.

Qalın səsli:

– Tfu, - dedi, - gör bir mən kimnən yola çıxmışam. Mənim ağzımı...

Özünü söyüş söyməkdən güclə saxladı. Sonra nə fi-kirləşdisə:

– Yaxşı, onda gəl meyiti qəbirdən çıxaraq, bayırda görək işimizi, buna sözün nədi... - dedi.

Cır səsli nə isə dedi, ancaq qulaqları almadı. Qalxıb qəbrin içində oturdu. Hələ qəbirdən xeyli aralıydılar, mü-bahisələri kəsməmişdi.

– Ay allah bəndələri, - dedi.

Ancaq bilmədi ki, səsini eşitdilər, yoxsa yox, çünki səsi özünə də qəribə gəldi.

Mübahisənin kəsməyindən bildi ki, səsini eşidiblər. Ancaq səsin qəbirdən gəlməyini heç biri ağlına gətirmə-diyindən elə bilirdilər ki, kimsə onları pusur, səs də har-dansa kənardan gəlir. Özlərini itirmiş halda yerə çökdülər.

Taqətsiz bədənini güclə dikəldərək əlləri ilə torpaqdan tutub qəbirdən çıxmaq istəyirdi, ancaq qəbrin qum kimi torpağı barmaqlarının altında axırdı.

– Ay allah bəndələri, - dedi, - kömək eləyin.

Ay işığında kölgələr ona sarı çevrildilər. Qəbrin içəri-sində çılpaq dayanıb baxırdı. Ağ saçları üz-gözünə tökül-müşdü. Əvvəlcə qorxa-qorxa, qorxudan inildəyə-inildəyə geri çəkildilər, sonra beli, kürəyi atıb qışqıra-qışqıra kəndə sarı qaçmağa başladılar.

– Ooooo...

– Uuuuuu...

Bu, insan səsinə bənzəmirdi.

Haray, qışqırıq səsləri kəndə çatanacan kəsilmədi.

Qalxıb torpaq topasının üstündə oturdu. Başdaşını çıxarıb böyrü üstə atmışdılar. Ay işığında adını-familiyasını oxudu. Doğum-ölüm tarixinə baxdı. Qırx yeddi il...

Düşüb qəbirdən kəfəni çıxaranda apaydın görünən qəbir çuxuruna, bir həftə gecə-gündüzün nə olduğunu bil-mədən yatdığı yerə baxdı. Qəbrin içərisi o dərəcədə vahi-məliydi ki, ixtiyarsız olaraq əli-ayağı titrəməyə başladı. Müvazinətini itirib yıxılmamaq üçün özünü güclə saxladı.

Handan-hana özünə gəldi. Onun varlığını sarsıdan bu qəbir yerində bir həftəni necə uzanıb qaldığına heyrət eləyirdi. Necə olmuşdu ki, ürəyi partlayıb ölməmişdi. Necə olmuşdu ki, qaranlıq, ümidsiz, bir yerdə bu qədər dözüb dayana bilmişdi. «Bəs onda niyə deyirlər insan ümidsiz yaşaya bilməz. O ki, heç nəyə ümid eləmirdi. Yerin təkində, əlini-qolunu güclə tərpədə bildiyi kəfən arasında axı heç nəyə ümid qalmırdı, uzanıb ölümü gözləməkdən savayı bir iş qalmırdı. Bunu bilə-bilə, bu acı həqiqəti dərk eləyə-eləyə necə oldu ki, sağ qaldı... ».

İndi qəbrin içərisində, onun vahimə doğuran divar-larına baxdıqca özü-özünün dözümünə, dəyanətinə heyrət eləyirdi.

Sonra kəfənin torpağını çırpıb qoltuğuna vurdu, birtəhər qəbir yerindən çıxdı.

Neçə gündən bəri kəfən içərisində uzandığı qəbrin bürküsündən sonra isti yay gecəsi belə ona soyuq gəlirdi. Səhərə yaxın olduğundan əsməyə başlayan xəfif mehdən üşüyürdü. Kəfəni çiyninə atdı ki, bir qədər canı qızsın.

Bütün bu əhvalatlardan sonra da hər şey ona yuxu kimi gəlirdi. Elə bil hələ yuxudan ayılmamışdı, haçansa ayılacaqdı və keçirdiyi bu qara-qorxular gülməli görünə-cəkdi özünə.

Qəbiristanlığa qeyri-adi bir səssizlik çökmüşdü. Bayaq qışqıra-qışqıra kəndə sarı qaçıb gedən o iki nəfərin səsi hələ də qulaqlarından getməmişdi. Uzaqdan, kəndin içərilərindən arabir itlərin hürüşmə səsləri gəlirdi.

Başdaşıları ayın solğun işığında qaralırdılar. Özgə vaxtlar gecənin bu vədəsi qəbiristanlığın yanından keçməyə ürək eləməzdi, ancaq indi səssiz-səmirsiz torpaq topası üstündə oturmuşdu və özünü, taleyini düşünürdü. Bilirdi ki, nə vaxtsa yenə bu yurda gələcək, bu torpağa qovuşacaq.

Cavanlıqda gözəl bir qaraçı qızı falına baxarkən iki dəfə öləcəyini söyləmişdi. O zaman iki dəfə ölməyin nə olduğunun fərqinə varmadığından cır-cındır içərisində işıq saçan qaraçı gözəlinin sözlərinə məhəl qoymamışdı. İndi illərin uzaqlığından birdən-birə hardansa qaraçı qızının sözlərini xatırladı.

«İndi evdə neyləyirlər görəsən? Bayaq o iki nəfərin söhbətinə görə basdırıldığı vaxtdan yeddi gün keçir, yəqin ki, sabah yeddisini verəcəklər. İndi güman ki, səhərin bütün hazırlıq işlərini görüblər. Arvadını yaxşı tanıyır, bu günün işini qətiyyən səhərə qoyan deyil, mini min söz desə də fərqi yoxdu, öz bildiyi ilə gedəcək. Sabah yəqin ki, həyət qohum-qonşuyla dolu olacaq. Zarafat deyil, qırx yeddi yaş nə ömürdü ki... İndi hamı arvadına vaxtsız dul qaldığı üçün təsəlli verir. Görəsən, uşaqlar neyləyir, atalarının ölümüylə barışa bilirlərmi? İllah da balacası? Onu elə istəyirdi ki, axşamlar işdən qayıdanda uşaq az qalırdı sevincindən dəli ola. Çox güman ki, anası onun öldüyünü uşaqdan gizli saxlayır. Hələ balacadı, ağlı kəsmir, birtəhər aldatmaq olar. Yəqin qızcığaz axşamlar, onun işdən qayıdan vaxtı kürrük eləyir. Görən anası onu necə ovundurur?.. İndi neyləsin? Gecənin bu vaxtı gedib evinin qapısını döysə, inanarlarmı dirilib gəlməyinə? Deməzlərmi bu vədə torpağın altından nə təhər çıxıb gəlmisən bura? Ancaq başqa çıxış yolu da yoxdu, indi getməsə, günün günorta çağı çıl-çılpaq necə qa-yıda bilər? Hər halda evə dönmək üçün kəndin yatmış vaxtı daha münasib olar...».

Düşüncələr birdən-birə onu elə qoynuna aldı ki, hər şeyi unutdu. İndi gecənin bir aləmi, bir vaxt uzaq səfərlərdən qayıtdığı kimi gözlənilmədən qapını döyüb evə girəcək. Uşaqlar atalarının gəlişinə yuxudan oyanacaqlar, sevindiklərindən uçmağa qanadları olmayacaq.

Ay qəfildən buludların arxasında gizləndi. Qəbiristanlığa qatı qaranlıq çökdü, bir andaca hər şey bu qatı qaranlığa qarışıb yox oldu. Bu qəfil qaranlıqdan sümükləri səksəndi, yerin altında, qəbirdə keçirdiyi o dəhşətli günlərin mənzərəsi bir andaca gözləri önündən keçib getdi. Ay buludların arxasından çıxıb ətrafı işıqlandırana kimi özünə gəlmədi.

Kəfənin bir ucunu çiyninə atdı, o biri ucunu belinə doladı. Ay işığında vahimə tökülən boş qəbrə son dəfə nəzər salaraq kəndə sarı yönəldi.

Qəbiristanlığı tamam qazıb tökmüşdülər, qəbirlərin yerindən qara-qara çuxurlar baxırdı. Ha fikirləşirdisə, bu qəbirlərdən nə üçün meyitlərin, sür-sümüklərin qazılıb çıxarıldığını anlaya bilmirdi. Qəbir çuxurlarına yıxılmamaq üçün addımlarını ehtiyatla atırdı.

Qəbiristanlığı keçib kəndə aparan yola çıxdı. Yol ağappaq ağırırdı. Bir həftə bundan qabaq tabutda, adamların çiynində bu yolu gəlmişdi, ancaq o zaman necə gəlməyindən xəbəri olmamışdı. İndi ağappaq ağaran yolla yeridikcə qəbiristanlığa gələn insan dəstəsi və bu dəstənin başı üzərindəki tabut gözləri önündə canlanırdı.

Kəndin işıqları sayrışırdı. Bayaq qışqıra-qışqıra kəndə sarı yüyürən o iki nəfərin səsinə qalxan itlərin hürüşməsi hələ də kəsməmişdi. Bu səs ona ürək-dirək verirdi.

Budur, gəlib kəndə girən yolların ayrıcında dayanır. Bu yolların ikisi kəndin içinə aparır, biri isə çayın yaxasıyla onun evinə gedir. Xoşbəxtlikdən evi kəndin ətəyindədi, itləri yuxudan eləməyəcək.

Çayın suyu tamam çəkilib; yayda az-az hallarda su olur burda. Ancaq qurbağaların səsi gəlir, hardasa çayın yatağındakı gölməçələrdə gecənin sərinliyindən, kimsəsizliyindən həzz ala-ala oxuyurlar. Gecənin səssizliyində bu səs ona o qədər doğma gəlir ki, sanki neçə illərin ayrılığından sonra ilk dəfə bu səsi eşidir.

Tini burulan kimi evinin yerləşdiyi səmtə baxdı. Gündüz olsaydı, evin damı apaydın görünərdi, ancaq indi ağacların arasından evin kirəmidli damını seçmək çətin idi. Təkcə yeridikcə ağacların arasından süzülüb gələn şüalardan bildi ki, eyvanın işığı yanır, arvadı həmişəki kimi işığı bilərəkdən söndürməyib.

Yavaş-yavaş evə yaxınlaşır. Bir azdan küçənin başına çatanda həyət qapısı aydın görünəcək.

Evə yaxınlaşdıqca özü də bilmədən ürəyi titrəyir. İndiyənəcən keçirmədiyi qəribə hisslər varlığını bürüyür. Get-gedə vücuduna dolmağa başlayan qorxu hissi onu əvvəlki kimi yeriməyə qoymur, saxlayıb düşünməyə, hərəkətlərini ölçüb biçməyə vadar eləyir.

Darvazaya çatıb dayandı. Kənardan baxanda küçədə, həyət qapısında, qapının taxtaları arasından həyətin görünən yerində heç bir dəyişiklik gözə dəymirdi. Elə bil bu evdə, bu həyətdə adam ölməmişdi, yas düşməmişdi, hər şey necə qoyub getmişdisə, eləcə qalırdı.

Eyvanın zəif işığı həyətin gündoğana baxan tərəfini işıqlandırır, sütunların və evin qənşərindəki əbrişim ağacla-rının kölgəsi həyət qapısınacan uzanırdı.

Qapını yavaşca itələdi. Açılmadı, hiss elədi ki, cəftəni vurmaqdan əlavə arxasına dəmir ling söykəyiblər. Qapının cəftəsini bayırdan açmaq üçün barmağın zorla yerləşə biləcəyi balaca deşik vardı. Barmağını salıb yavaşca cəftəni itələdi. Cəftə açıldı. Sonra səssizcə qapını itələdi. Ancaq qapının arxasına söykənmiş dəmir ling onu açılmağa qoymurdu. Çiynini qapıya söykəyib var gücüylə itələdi. Qapı bir qədər aralandı və birtəhər özünü içəri saldı.

Həyətdə elə sakitlik idi ki, ürəyinin döyüntüsü eşidilirdi. Evin pəncərələrindən qaranlıq tökülürdü. Ayaqlarının ucunda yeriyirdi ki, səs-küy salmasın. Elə bil aradan bir həftə yox, uzun illər keçmişdi.

«...Niyə belə ehtiyatla yeriyir? Nədən çəkinir? Bu evi, həyəti öz əliylə qurub düzəltməmişdimi? Bəs niyə oğurluğa gedirmiş kimi qorxa-qorxa yeriyir?».

Ayaqlarının ucunda yataq otağının pəncərəsinə yaxın-laşdı. Başını pəncərənin dəmir şəbəkəsinə söykəyib içəri baxdı. İçəri qaranlıq idi və pəncərənin qabağına qoyulmuş güzgüdən başqa heç bir şeyi seçmək mümkün deyildi. Xeyli boylansa da, bir şey görə bilmədi. Pəncərənin qabağından çəkildi.

Ay işığında kölgəsi evin divarına düşürdü və hərəkət elədikcə uzanıb qısalan kölgəsinin vahiməsi onu basırdı, ona görə də kölgəsinin vahiməsindən qurtarmaq üçün qaranlığa çəkildi.

Bir müddət evin işıq tutmayan səmtində dayanıb gözlədi. Özü də bilmirdi ki, niyə gözləyir. Ona elə gəlirdi ki, indicə qapı açılacaq, onun pəncərədən baxdığını görən arvadı çıxıb içəri səsləyəcək. Ancaq vaxt keçir, qapı açılmırdı. Gözləməyə isə səbri çatmırdı.

Təzədən pəncərəyə yaxınlaşdı. Dəmir şəbəkələrin arasından içərini bir xeyli süzdü. Fərqi yoxdu, heç bir şey seçə bilmədi. Çağırmaq lazım idi, başqa cür evdəkiləri oyatmaq mümkün deyildi. Ancaq necə çağırsın? Burdan, pəncərənin qabağından çağırsa, ayılan kimi yuxulu-yuxulu onun kölgəsini görüb qorxa bilərlər. Bəs onda neyləməlidi?

Pəncərənin qabağından çəkilib evin qənşərindəki əbrişim ağacının yanında dayandı. Arvadını burdan səsləmək daha münasib olardı. Çünki arvadı çağırışına eyvana çıxan kimi onu görməliydi. Onu çağıranın kim olduğunu yəqinləşdirmək üçün eyvanda dayanıb gözləri ilə qaranlığı axtarmalıydı. O da eyvandan bir qədər aralı, evin qənşərindəki əbrişim ağacının altında hər şeyi necə var izah eləyə bilərdi. Güman ki, arvadını inandıra biləcək. Axı, burda nə vardı ki... Sadəcə olaraq onu sətəlcəm tutmuş, ölmüş bilib dəfn eləmişdilər. Taleyi elə gətirib ki, yerin altından, qəbir evindən təsadüf ucundan qurtara bilib. Yox, güman ki, arvadı bütün bunların baş verdiyinə inanacaq. Arvadını inandıra bilsə, uşaqları da inanacaq, inandırammasa heç.

Bütün gücünü toplayıb özünü ələ aldı, yavaşca arvadını səslədi:

– Qəmər...

Ancaq elə bil səsi çıxmadı, səsini təkcə özü eşitdi. Buna baxmayaraq bir xeyli gözlədi. Gözlədi ki, bəlkə çağırışına səs verələr.

Sonra bir də:

– Qəmər, - dedi və yenə nəfəsini udub gözlədi ki, indicə qapını açacaqlar. Ancaq içəridən səs gəlmədi. Bir anlığa ona elə gəldi ki, evdə heç kəs yoxdu, otaqlar bomboşdu, onun ölümündən sonra Qəmər uşaqlarını da yığışdırıb gedib atası evinə. Nahaq bu həyətdə qorxa-qorxa, çəkinə-çəkinə addımlayır. Bəlkə gedib eyvana çıxsın... Evin qapısının açıq olub-olmadığını yoxlasın... Ancaq getmədi, Qəmərin evdə olub-olmadığını yəqinləşdirmək üçün bu dəfə hündürdən:

– Qəmər! - deyə çığırdı.

Özü öz səsindən diksindi.

– Qəmər, ay Qəmər! - Bir də çağırdı.

Qapı yavaşca aralandı. Qəmər gecə paltarında saçları dağınıq halda eyvana çıxdı. Bir əlilə yaxasından tutaraq o biri əlilə qapını arxasınca çəkdi. Sürahının kənarına qədər gəlib həyət qapısına sarı:

– Ay adam, kimsən? - deyə soruşdu.

Söykənib dayandığı əbrişim ağacından aralanıb:

– Mənəm, Qəmər, - dedi.

Qəmər səsin darvaza səmtindən yox, evin qənşərindən gəldiyinə diksindi, söykəndiyi sürahıdan bir az geri çəkildi. Ancaq dayanıb gözlədi ki, həyətin ortasından gələn bu səsin, ona son dərəcə tanış gələn bu səsin sahibini tanısın.

Bir az da qabağa yeriyib qaranlıqdan çıxdı:

– Mənəm, Qəmər, - dedi, tanımadınmı? Əlişəm, dirilib gəlmişəm.

Qəmər ay işığında ağappaq kəfənə bürünmüş, başdan-ayağacan ağappaq tük gətirmiş, onun əri olduğunu deyən bu qəribə məxluqu görcək dəhşətli səslə çığırdı və qayıdıb otağa qaçmaq istədi. Ancaq dönməyə, qayıdıb özünü otağa salmağa imkan tapmadı, özündən gedərək tirtap yerə yıxıldı. Qəmərin çığırtısı gecənin səssizliyi boyunca yayılaraq əks-səda verdi.

İstədi eyvana çıxıb Qəmərin qolundan tutub evə aparsın, uşaqları oyatsın, hər şeyi necə varsa, olduğu kimi onlara başa salsın. Ancaq pilləkənləri yarıya qədər qalxmışdı ki, içəridən tuman-köynəkdə cavan bir adam çıxdı. Eyvanın işığında göz-gözə gəldilər; Əliş qapıbir qonşuları olan Məsinin oğlunu tanıdı və hiss elədi ki, oğlan gecənin bu vədəsi arvadın səsinə çıxıb eyvanda onu görməyiylə özünü itirib, o da arvadı kimi bu saat, bu dəqiqə özündən gedib yıxılacaq. Məsinin oğlu bunu hiss elədiyin-dənmi, yoxsa gecənin bu vədəsi ləzzətlə yatdıqları yerdə peyda olmuş bu qəribə məxluqdan qorxduğundanmı yavaş-yavaş dalı-dalı çəkildi və özünü içəri saldı.

Qəmər hələ də eyvanda yıxılıb qalmışdı, huşu özündə deyildi.

Pilləkəndəcə dayanıb durmuşdu, bilmirdi qalxıb Qəməri evə aparsınmı, ya yeddisi çıxmamış onun evinə soxulan, arvadıyla, eyş-işrətə qurşanmış Məsinin oğlunu boğub öldürsünmü, yoxsa necə gəlmişdisə eləcə çıxıb getsinmi? Çünki işin belə olacağını qətiyyən gözləmirdi. Ağlına da gətirməzdi ki, iyirmi beş illik ailə həyatı boyu sevib inandığı bir qadın yeddisi çıxmamış belə bir işə qurşansın, yaslı-yaslı evinə oynaş gətirsin.

Qapı təzədən açıldı. Məsinin oğlu əlində qoşalülə tüfəng evdən çıxdı. Qan beyninə vurdu. Bildi ki, bircə an ləngisə güllə təpəsinə çaxılacaq. Dəli kimi yerindən qopub həyət qapısına tərəf götürüldü. Sol əlilə dəmir lingi qapının arxasından götürüb selbələdi ki, bayıra çıxıb qaça bilsin. Qapıdan çıxhaçıxda güllə açıldı. Sol qolunun istiləşdiyini hiss elədi.

Qəbiristanlığacan dayanmadan yüyürdü. Yüyürə-yüyürə hərdən çevrilib arxasına baxırdı ki, əli tüfəngli arxadan onu qovurlarmı... Ancaq qaranlıqda gözləri heç nə seçmirdi. Səhər üzü olduğundan hava daha da qatı qaranlığa qərq olmuşdu.

Qəbiristanlığa çatıb dayandı. Sol qolunu əlilə sürtüb yoxladı; qan içərisində idi. Bayaq açılan güllə qoluna dəymiş, dirsəkdən azca yuxarı əzələsini deşib keçmişdi.

Ancaq qolunda ağrı hiss eləmirdi. Bir gecədə qısa zaman ərzində baş vermiş bu dəhşətli və gözlənilməz hadisələrdən tamam özünü itirmiş, hissləri, duyğuları korşalmışdı.

Qəbrin torpağı üstündə oturub bir neçə saat bundan qabaq ona vahiməli görünən çuxura baxırdı. İndi qəbir çuxuru adi bir quyu kimi gəlirdi ona. «...Ömür, həyat necə də mənasızmış... İnsan niyə gəlir dünyaya görəsən, niyə yaşayır, bu dünyadan apardığı nədi?.. Tale, alın yazısı nə olan şeydi, niyə insan bunlardan qaça bilmir, qurtula bilmir».

Hava get-gedə işıqlaşırdı. Uzaqda gündoğan səmtində göyüzü qızarmağa başlamışdı. Bir azdan bu qızartı bütün gündoğan səmtini bürüyəcək, səhər açılmağa başlayacaqdı. Torpağın altında neçə vaxtdan bəriydi ki, işıq, aydınlıq axtarırdı. Ancaq indi dan yeri qızardıqca hiss elədi ki, o, işıq, aydınlıq istəmir, bəlkə qırx yeddi illik ömründə ilk dəfə olaraq qaranlıq istəyir, zülmət istəyir...

Üstündə oturduğu qəbrin torpağından bir ovuc götürdü. Qazılıb çıxarılmasaydı, illərlə bu torpağın altında yatacaqdı, çürüyüb bu torpağa qarışacaqdı. Və birdən-birə qazılıb torpağın altından çıxarıldığına, taleyin bu qəribə, gözlənilməz oyununa acıdı. Özünə yazığı gəldi.

Gündoğan səmtində üfüqlər qan içindəydi. Səhərə az, lap az qalırdı. Bir azdan hava tamam işıqlaşacaqdı. «... Bəs o bundan sonra neyləyəcək, necə yaşayacaq, kimin üçün yaşayacaq?.. Onun sadə bir təsadüfdən xilas olduğuna, xortdamadığına inanacaqlarmı?.. Lap inansalar belə, bundan sonra yaşamağına dəyəcəkdimi? Axı bundan sonra evinə, ailəsinə qayıda bilməyəcəkdi...».

Hava işıqlaşdıqca, səbri tükənirdi. Nə edəcəyini bilmirdi. Eləcə qəbrin torpağı üstündə oturub gözlərini çuxura zilləmişdi. Elə bil yer üzündə tək o qalmışdı, bu başdaşları qalmışdı, bir də bir həftə gecə-gündüz nə olduğunu bilmədən yaşadığı bu qəbir çuxuru qalmışdı.

* * *

Bütün bu əhvalatlar bir də, bir də yaddaşından keçdikcə Əliş bunların öz başına gəldiyinə inanmırdı.

Bel-külüng səsləri birdəncə kəsildi. Başını qaldırdı. Adamlar əl saxlayıb Həlimə qarının tamaşasına durmuşdular. Çal saçları boyun-boğazına tökülmüş Həlimə qarı qucağında qara-qara daşlar ayaqyalın qəbiristanlığın içərisiylə fır-fır fırlanırdı. Bayaqdan bəri neçə dəfə qazılıb köçürülmüş qəbirlər arasında oğlunun qəbir çuxurunu tapıb itirmişdi.

Uşaqları xısın-xısın ağlaya-ağlaya analarının dalınca düşmüşdülər, ancaq arvad heç kəsi yaxına buraxmırdı.

Handan-hana axtarıb oğlunun qəbir yerini tapdı. Qazılıb tökülmüş yumşaq torpağın üstündə oturaraq qucağındakı daşları dizlərinin üstünə qoyub oxşamağa başladı. Qucağındakı daşları elə oxşayıb əzizləyirdi ki, deyirdin daşlar canlıdı, ətinin-canının ayrılmaz parçasıdı. Həlimə qarı oxuyurdu, oynayırdı, gülürdü, qucağındakı daşları sığallaya-sığallaya, oxşaya-oxşaya öz-özünə danışırdı, daşlarla söhbət eləyirdi.

– Oğul, - deyirdi, çox gözlədim yolunu, bilirdim gələ-cəksən, ananı gözü yolda qoymayacaqsan. Day gözlərim yığıldı yollardan, indi rahat ölə billəm.

Ətəyindəki daşlar oğlu Əvəzin qəbrindən çıxmışdı. Əvəzin necə öldüyü indinin özünəcən qaranlıqdı. Əsgərlikdən ölüm xəbəri alınandan bir həftə sonra meyiti iki nəfər əsgər qutudaca gətirmişdi. Dəfn zamanı qutunu açmağa icazə verilməmişdi. O iki əsgərin göstərişilə meyit elə qutudaca torpağa qoyulmuşdu.

İlahi, o vaxt Həlimə qarı nə müsibət açmışdı. Taxta qutunu dırnaqlarıyla necə didirdi, əlləri ilə necə sürtüb oxşayırdı, qutunun başına necə fırlanırdı. İndi qəbirdən oğlunun cəsədi əvəzinə daş-kəsək çıxdığını biləndə qarı havalanmışdı. Uşaqları nə illah eləmişdilərsə, analarından gizlədə bilməmişdilər. Hansı bir gizli qüvvəsə arvadı çəkib qəbiristanlığa gətirmişdi. İndi bilmirdilər daş-kəsəyi nə adla dəfn eləsinlər. Qəbir yerini itirmək ondan da ağırdı.

– Bizi qarğıyanı allah qarğısın, - Əvəzin böyük bacısı, qardışının ölümündən bu yana yas paltarını əynindən çıxar-mayan qaragünlü Sona əllərini göyə açıb qarğış tökürdü.

Uşaqları nə illah eləyirdilərsə, daş-kəsəyi arvadın əlindən alıb analarını evə qaytarammırdılar.

– Toxunmayın mənim oğluma, - deyirdi, - oğul doğmamısız mənimçün, yeri-göyü dağıdaram.

Qardaşının ölüm xəbəri gələndə nişanlı olan Sona düz iki il sonra ərə gedəndə də o qara paltarda gəlin köçmüşdü. Bu günəcən əynindəki o qara paltarı çıxarmağı qardaşı Əvəzə xəyanət bilirdi.

Qaragünlü Sona tamam başını itirmişdi. Ona elə gəlirdi ki, qardaşını qarğıyıb daşa döndəriblər. Həlimənin qucağındakı qara-qara daşlara qəribə bir qorxuyla baxırdı, elə bil daşlarda anlamadığı, dərk eləmədiyi bir sirr vardı.

Daşın üstündə oturub baxırdı. Adamların içərisində üst-başı toz-torpağa bulaşmış ərlə-arvad səhərdən bəri o yan-bu yana qaçırdılar. Qəbiristanlığı bəlkə azı min kərə belədən-belə gəzib dolaşmışdılar. Kirpiklərinəcən toz-torpağın içərisindəydilər. Adamlardan ayrılaraq bir kənarda dayanıb baxırdılar, sonra ər qabaqda, arvad əlində bel arxada qəbiristanlığa girirdilər, çala-çala qəbir yerlərinin arasıyla yavaş-yavaş keçib gedir, diqqətlə qəbir yerini axtarırdılar.

Sonra gəlib onun oturduğu daşın yanında dayandılar. Yolçuyla Pəriydi; əyin-başları elə gündəydi ki, ikicə addım-lıqdan tanımaq olmurdu.

Yolçuyla Pərinin uşağı təzə doğulmuşdu və xəstəxanadan çıxarandan bir həftə keçməmiş tələf olmuşdu. Uşaq boğulub ölmüşdümü, anasının altında qalmışdımı, bilinmirdi. Ancaq qonşular uşağın ölməyindən iki gün sonra xəbər tutmuşdular. Ata-ana körpəyə veriləcək yüz manat pulu əldən çıxarmamaq üçün onun ölməyini hamıdan, qohum-qonşudan belə gizləmişdi... Uşağı gecəykən yuyub qəbiristanlığa aparmışdılar. Qaranlıqda kimsəsiz qəbiristanlıqda ərlə arvad külünglə qəbir qazmışdılar. Cəmi yeddicə gün ömür sürmüş körpəni gizlicə yaş torpağa tapşırıb səhər üzü evə dönmüşdülər. Səhər evdə uşaqlara bərk-bərk tapşırmışdılar ki, körpənin keçindiyini heç kəsə deməsinlər. Kişi gedib körpəyə veriləcək pulu almışdı.

Camaat yalnız bundan sonra uşağın tələf olmağını bil-mişdi.

O gündən arvad yata bilmirdi, səhəri dirigözlü açırdı. Yuxusu qaçaq düşmüşdü, ha çalışırdısa gözlərinə yuxu get-mirdi. Əri aparmadığı həkim, göstərmədiyi baxıcı qalmamışdı. Deyirdilər ki, qorxub, keçib gedəcək. Ancaq yuxusuzluq keçib getmirdi, uzun gecəni səhər eləyənəcən onunku ona dəyirdi.

Gecənin bir aləmi arvad qalxıb yatağında otururdu. Əri də yatammırdı. Arvadı bu bəlaya düçar olandan onun da yuxusu çəkilmişdi.

– Uzan, gözlərini yum, - deyirdi, - yüzə qədər say.

Arvad ərinin dediyi sayaq uzanıb gözlərini yumurdu, başlayırdı saymağa.

– Bir, iki... on beş, otuz doqquz... yüz, yüz bir...

Fərqi yox idi, yuxusu gəlmirdi ki, gəlmirdi. Uşağı dəfn elədikləri gecə, o gecənin vahiməsi canına hopmuşdu, heç cür o qorxunu, vahiməni canından çıxara bilmirdi.

– Axı niyə qoymadın uşağı el adətilə dəfn eləyək, sənə demədimmi haram düşmür bizə.

– Sənin nə vecinə... Bir çətən külfət saxlayıram mən. Birini bilirsən, birini yox.

– Acından ölməyəcəkdik ki... Pis-yaxşı dolanırdıq.

– Yıxıl yat, arvad! Yum gözlərini, yuxuya gedənəcən say.

– Yata bilmirəm, Yolçu, başa düşürsən? Yuxusuzluq öldürür məni. Düz on gündü yata bilmirəm.

– Səhər aparacam səni Molla Məhəmmədin yanına.

– Yolçu, sən atanın goru, çıxar evdən o yüz manatı. İndiyəcən bizə nə gəlibsə tamahdan gəlib.

Beləcə arvad günlərlə gecəni dirigözlü açırdı. Səhər qalxıb görürdülər ki, arvad yatağının içində oturub.

– Gecə bayıra çıxmağa qorxuram, - deyirdi, - hara baxıramsa, uşaq gözlərimə görünür. Yoxsa çıxıb bayırda gəzərəm.

Qəbiristanlığın üstüylə yol çəkilməsinə arvad ayrı cür baxırdı. Elə fikirləşirdi ki, uşağı tamaha qurban verdikləri, el adətiylə basdırmadıqları üçün bu yol çəkilir.

– Sənə dedim axı o vaxt, çıxar tulla evdən o yüz manatı, gör bir başımıza nələr gətirdin...

Yolçu üst-başı toz-torpaq içində dayanıb baxırdı. Arvadının sözlərini eşitmədi. Onu fikir götürmüşdü. “Axı harda basdırmışdılar bu körpəni? İndiki kimi yadındaydı, gecə qəbiristanlığın qapısından keçib necə getdilər, hansı qəbirlərin yanından ötdülər. Sonra köhnə qəbirlərin arasında torpağı qurumuş otlardan təmizləyib külünglə balaca qəbir qazdılar. Üstünə də balaca başdaşı sancdılar ki, qəbrin yeri itməsin. İndi necə olmuşdu qəbir, hara qeyb olmuşdu?».

Qəbiristanlığın köçürülməsi söhbəti qalxandan ər-arvad əl-haya düşmüşdülər. Elə həmin günün səhəri ikisi də obaşdannan durub qəbiristanlığa gəlmişdilər. Bir ay bundan əvvəl basdırılmış uşağın qəbri yoxa çıxmışdı. Qəbiristanlığı aşağı-yuxarı neçə dəfə gəzmişdilər, ancaq qəbir tapılmırdı ki, tapılmırdı.

Evdən çıxıb həmin gecə uşağı dəfn eləməyə apardıqları yolla gəlirdilər. Hansı yolla keçib gəldiklərini fikirləşə-fikirləşə gəlib qəbiristanlığın ortasına çıxırdılar. Ancaq qəbir tapılmırdı, qayıdıb yolu bir də gəlirdilər. Fərqi yox idi. Sonra bir dəfə gecə yarısı arvadı Yolçunu durğuzub qəbiristanlığa gətirmişdi ki, bəlkə qaranlıqda gəldikləri yolu yaddaşında bərpa eləyə-eləyə qəbrin yerini tapa. Qaranlıqdan üşənə-üşənə o qədər yolu piyada gəlmişdilər. Ayın tutqun işığında qəbirlərin arasıyla dan yeri ağaranacan o qəbri axtarmışdılar. Ancaq yenə qəbri tapa bilmirdilər ki, bilmirdilər.

Yolçunun üst-başına baxdı, günəşdən yanıb qaralmış sifətinə baxdı; yazığı gəldi. Üz-gözünün ifadəsində tutduğu işdən it kimi peşiman olduğu bilinirdi. Və onu da hiss elədi ki, uşağın qəbrini tapıb köçürməyincə, arvadının özünə gələcəyinə, yaşayacağına inanmır.

Keçib onun yanında, daşın üstündə oturdu. Arvadı Yolçudan aralanıb adamlara qarışdı. Günün günortadan keçdiyini bildiyindən başa düşürdü ki, uşağın qəbri bu gün tapılmalıdı, hava qaralanacan tapılmasa, sonra gec olacaq.

Göz-gözə gəldilər, hiss elədi ki, Yolçu danışmağa, dərdini bölüşməyə adam axtarır. Ancaq o danışmaq istəmirdi, heç kəslə kəlmə belə kəsmək istəmirdi. Gördüyü bu mənzərə o qədər sarsıdıcıydı ki, danışmağa özündə güc belə duymurdu.

Aradan nə qədər keçdiyini bilmədi. Bir də başını qaldıranda gördü ki, Pəri tozun-torpağın içərisində adamlardan ayrılıb ona sarı gəlir. Gəlib ərinin qabağında dayandı:

– Nə oturmusan burda, görmürsən axşam düşür, bəsdi dincəldin, qalx görək neynirik. - Arvad bunu deyib əlini qaşına qoyaraq günbatan səmtə baxdı ki, görsün günün hansı vaxtıdı.

Yolçunun tükü də qımzanmadı, elə bil arvadının sözlərini eşitmirdi.

– Səninlə deyiləm? Görmürsən qaş qaralır?

– Gəl otur dincini al, həlak eləmə özünü, cəhənnəm olsun hər şey...

– Başına at təpibdi nədi, uşağın qəbri tapılmasa, dəli ollam bu gün haqqı, - arvad əllərinin ikisini də birdən günəşə sarı uzatdı.

– Yekə arvadsan, ağlını başına yığ, bir həftəlik uşaqdan ötrü özünü həlak eləmə. Yazıqsan, bir çətən külfətimiz var axı. Özünə yazığın gəlmir, barı balalarına yazığın gəlsin.

– O uşaqsız mənə ömür yoxdu, olmayacaq, bu su kimi aydındı sənə, sənin deməyin artıqdı.

– Gəl otur, sən atanın goru, görək bir dünyanın hara-harasıdı. Bir həftədi işimdən-gücümdən olub düşmüşəm sənin dalınca. Gecə də yuxuma qəbir girir, başdaşı girir. Bir bizdə görünməyib ki... Camaat heç bu yaşda öləni qəbiristanlığa gətirmir...

Arvad bir gözü qəbiristanlıqda:

– Sənə dedim həyətdə, bağın ayağında basdıraq uşağı, – dedi. - Qoymadın, dedin aparaq qəbiristanlığa. Bu da sənin qəbiristanlığın. Di, tap görüm necə tapırsan...

– Bəlkə elə belə xeyrədi. Uşaqdı da, nə yaşamışdı ki, nə də yadda qala...

– Doqquz ay onu bətnimdə gəzdirmişəm, canımda gəzdirmişəm, sənə nə var ki...

Yolçu dinmədi, daha doğrusu bilmədi nə cavab versin. Uşağı gecəynən gətirib qəbiristanlıqda basdırdıqları gündən bəri hər şey yaddaşında bir-birinə qarışmışdı və varlığını sarsıdan bu qarmaqarışıqlıqdan nə yolla xilas olacağını bilmirdi.

Qəfildən isti külək qalxaraq, bir andaca qəbiristanlığı ağ dumana bürüdü. Toz-torpaq sütunu göyə milləndi. Boğanaq qəbiristanlıq yerinin bu başından vurub o başından çıxdı, burula-burula uzanıb nazildi, sonra hiss olunmadan çıxıb getdi. Ancaq qəbiristanlığın üstündən ağ toz dumanı xeyli vaxt çəkilmədi.

Küləyin, boğanağın qalxmasıyla kəsilən səslər təzədən oyandı, bellər, külünglər əvvəlki ritmiylə işləməyə başladı.

Arvad gözlərini qəbiristanlığın üstündən asılıb qalan toz dumanından çəkmədən:

– Ürəyimə damıb ki, uşağın qəbri torpaq altda qalıb. Bu qədər qəbri ki qazıb töküblər, onun altında bilək boyda başdaşının itməsinə nə var ki...

Yolçu yenə dinmədi, çünki daha canında taqət qalma-mışdı, indi də qazılıb tökülən torpaq yığınının altında qəbri axtarmağa başlasalar, bu işə tab gətirməzdi. Ancaq arvad inad eləyirdi:

– Yolçu, dur, ürəyim partlayır mənim. Heç olmasa gedək o yerləri bir də axtaraq. Yadındadımı, gecə hardan keçib gəlmişdik...

Durub qəbiristanlığın içərisinə tərəf getdi. Gedə-gedə fikirləşirdi ki axı, bu dünya niyə belədi; birinin özünə dərd elədiyini o biri vecinə almır. Biri başdan-başa çirkab içəri-sindədi, o biri ən xırda məsələdə heysiyyətinin tapdanmasına belə dözmür, dözə bilmir. Bax, elə bu qəbirlər, bu qəbir daşları bir-birindən niyə bu qədər seçilir?..

– Ay oğul, bu daşın ucundan yapış aparaq? - Boş qəbrin başında dayanmış qoca bir kişi ona sarı döndü.

Daşın o biri ucundan tutdu. Bir xeyli getdilər. Qocanın daşı aparmağa gücü çatmırdı, yol boyu ayaqları titrəyirdi, az qalırdı yıxıla.

Dayandı, daşı yavaşca yerə qoydular:

– Tələsmə, əmi, - dedi.

– Qorxuram, oğul, qaş qaralır, sonra gec olar. Bir də başdaşını necə düzəltdirərəm? Üz-gözüm də öyrəşib buna. Əlimi sürtəndə elə bil ciyərparamın kürəyini sığallayıram. Bu başdaşını ora aparammasam, rahat olammaram.

Qocanın səsi elə titrək idi ki, sanki danışmır, ağlayırdı. Tük basmış sifəti göz yaşlarına bulaşdığından par-par yanırdı. Görürdü ki, qoca dincəlmək üçün dayansa da, yerində dura bilmir, başdaşını təzəcə sökülüb dağılmış qəbiristanlıq yerindən çıxarmaq istəyir.

– Oğul, - dedi, - belə rahat gəzməyindən deyəsən qəbiristanlıqda bir adamın yoxdu.

– Yox, əmi, – dedi, – mənim heç kəsim yoxdu.

Qoca başını bulaya-bulaya:

– Xoşbəxtsən ki, oğul, heç kəsin yoxdu. Bu qəbri söküb daşımaq bilirsən nə zillətdi... Kimlərdənsən, oğul?

– Mənim heç kəsim yoxdu, əmi...

Bunu deyib başdaşını təkbaşına qaldırıb aparmaq istədi, ancaq yerindən tərpədə bilmədi.

– Dayan, oğul, tək apara bilməzsən, qoy ucundan tutum. Mənim belə qocalığıma baxma. Oğlumdu axı, nə qədər ağır olsa, mən tək qaldıra billəm, ancaq sən yox. - Qoca bunu deyib başdaşının ucundan tutdu. Təzədən getməyə başladılar.

...Həlimə qarının səsi qəbiristanlığı başına götürmüşdü. Arvad ağzını göyə tutub qarğış yağdırırdı. Uşaqları arvadın dalınca tökülərək bayaqkı kimi qaytarıb evə aparmağa çalışırdılar. Ancaq arvad heç kəsə məhəl qoymurdu.

– Bu yazığı dəli elədilər, – bunu qoca dedi və başdaşının ağırlığı altında titrəyən ayaqlarının bü-küləcəyindən qorxub dayandı. Təzədən daşı yerə qoydular.

– Hə, oğul! Bu uşağın sümüklərini bir-bir əllərimlə yığmışam torbaya. Düz bir torba ağzına kimi sümük elədi. Sümükləri torpaqdan ayırıb yığdıqca uşaqlığı gəlirdi yadıma. Balaca olanda deyirdi ki, ata, bilirsən, mən nə olacağam? Saçlarını sığallayırdım, soruşurdum, quzum, nə olacaqsan? Deyirdi, ata, dərviş olacağam. Deyirdim oğul, niyə dərviş, yer üzündə sənət qəhətdimi, bəyəm, gəlib dərviş olasan? Deyirdi, yox, ata, mən dərviş olacağam, gəzəcəyəm qarış-qarış yer üzünü. Deyirdim, oğul axı, niyə dərviş olacaqsan, bir desənə, mən də bilim. Deyirdi ki, bunu sonra, mən dərviş olanda biləcəksən. Nə illah eləyirdim, bir söz qopara bilmirdim. Elə uşaqlıqdan dərviş paltarı geyirdi, yerişi-duruşu, hərəkətləri, rəftarı ilə özünü dərvişlərə oxşadırdı. Bilmirəm, harda görmüşdü bu bədbəxt dərviş tayfasını, niyə dərviş olmaq istəyirdi? Sonra gəldi belə oldu. Birdən-birə ayaqları tutuldu, erkən yaşlarından yatağa düşdü. Hayana apardımsa, dərdinə bir çarə tapılmadı. Bədbəxt gözlərimin qabağındaca əriyib getdi. İndi qəbrindən sümüklərini çıxaranda baxıram, baxıram, sümüklər o illəri geri qaytarır. Fikirləşirəm ki, insan niyə belə bədbəxtdi, ömür, həyat niyə belə mənasızdı. Uşağın əllərini basdırmadım, apardım evə. Dünən axşam əllərinin sümüklərini qabağıma qoyub o ki var ağlamışam. Bir vaxt bu əllərin necə canlı olduğunü gözlərimin qabağına gətirdikcə nəfəsim tutulurdu. Gördüm ki, əllər evdə mənə rahatlıq verməyəcək, təzədən gətirib basdırdım.

Təzə qəbiristanlıq yerinə nə vaxt gəlib çatmaqlarından xəbəri olmadı. Qocanın söhbəti o qədər cazibəli idi ki, nə yolun uzunluğunu, nə də başdaşının ağırlığını duymamışdı. Təkcə başdaşını yerə qoyanda hiss elədi ki, xeyli yol gəliblər və yorğunluqdan əlləri-ayaqları sızıldayır.

Təzə qəbiristanlıq yerində xeyli məzar vardı; qəbirlərin bəziləri sıra ilə, bəziləri tələm-tələsik, necə gəldi salınmışdı. Yaxın qohumları yanaşı basdıra bilmək üçün bə-zi yerlər iplə, məftillə əhatəyə alınmışdı. Bir xeyli yeni köçürülmüş qəbirlərin arasıyla gəzib təzədən qocanın yanına qayıtdı. Qoca:

– Allah səni xoşbəxt eləsin, oğul, – dedi, – Yaman karıma gəldin. Sən olmasaydın, bu qədər yolu çətin ki, gəlib çıxa biləydim.

– Dəyməz, əmi, – dedi, – allah sənə də ömür versin.

Qocanın başdaşını basdırmasına kömək eləyə bilərdi. Ancaq hiss elədi ki, dayana bilmir, dözə bilmir. Təzə qəbi-ristanlıq yerindən ayrılıb gəldiyi yolla geri qayıtdı.

Köçürülməmiş bir qəbrin böyründə hardansa gələn səs onu saxladı. Başını qaldırdı. Qarşısındakı qəbrin torpağının ilbəil göyərib solan otlarından hiss olunurdu ki, indiyəcən bir dəfə də olsun yada salınmayıb, üstünə ayaq basılmayıb. Ancaq bilirdi ki, bu qəbrin sahibi Cəlal kişi torpağa qoyulandan sonra unudulmayıb, hələ sağlığında, əli qazanc gətirməkdən kəsilən gündən, qocalığın onu sürükləyib ölüm yatağına saldığı gündən, içində ölüm gəzdirə-gəzdirə evin-ailənin artığına çevrildiyi gündən unudulub.

Cəlal kişi bu yurdda qərib idi. Cavanlığında düzü-dünyanı yora-yora çox yerlər gəzmişdi, aranı dağa, dağı arana qatmışdı, ancaq ahıllaşdıqca yavaş-yavaş köçəri həyat onu yormuş, xoş-naxoş bu kənddə yurd salıb ev tikdirmişdi. Oğlanlarını ev-eşik eləyib, qızlarını ərə verəndən sonra bu yerlərə birdəfəlik bağlanmışdı. Belə-belə bir də baxıb görmüşdü ki, kəndin camaatına qoşulub.

Ancaq ömür keçdikcə vətən, torpaq çəkir, qoca təzə yurd yerinə heç cür bağlanammırdı. Qəribçilik dərd olub içərisini qovururdu, elə hey oturub-durub vətənindən, elindən, camaatından danışırdı. Ona elə gəlirdi ki, dədə-baba yurdu qırx-qırx beş kilometr aralıda deyil, çox-çox uzaqlardadı, dünyanın gedilməklə çatmaq, yetişmək mümkün olmayan bir səmtindədi.

Cəlal kişi ölənəcən gözlərini dağ səmtindən yığam-mamışdı. Qışın qapını kəsdirdiyini dağları örtən qardan bilərdi, havanın necə keçəcəyini dağın dumanından seçərdi. Hərdən dərdini dağıtmaqçün tütəyə dəm verərdi. Doğma yerlər yadına düşəndə elə çalardı ki, dilsiz-ağızsız heyvanların da ürəyinə qəribçilik toxumu düşərdi, torpaq ayaqlarının altından qaçardı. Sürü ağzını otdan ayırıb həsrət-həsrət dağlara sarı boylanardı. Beləcə qoca gözü dağda, özü aranda qəribçiliklə ömür sürmüşdü.

Bir qış kişi var-dövlətini yığıb-yığışdırıb arvadını və sonbeşiyini götürüb baş almışdı vətəninə. Səksən yaşında qolunu çırmalayıb kərpic kəsmişdi, palçıq qatmışdı, ev tikmişdi, tövlə düzəltmişdi, nə zillətlə kolxozdan yer alıb bağ salmışdı. İki ilin içərisində bir cah-cəlal yaratmışdı ki, gəl görəsən? Ancaq nə fayda? O iki ildə arvadıyla qızı kişiyə göz vermişdilər, işıq verməmişdilər. İş o yerə gəlib çatmışdı ki, kişinin qazanıb gətirdiklərini hazırlayıb qabağına qoymurdular. Xörək bişirilib ondan gizlində yeyilirdi. Süfrəyə gətirib qoyduqları təkcə yavan çörək olurdu ki, kişinin ondan da gözü doymurdu, yedikcə elə hey yemək istəyirdi. Qışın zəlov-zəlovunda kişi xəstələnmişdi, səksən illik ömründə ilk dəfə xəstəxana görmüşdü. Xəstəxanada ola-ola arvad kişini buraxıb qayıtmışdı əvvəlki yurdlarına. Kişi xəstəxanadan çıxandan sonra qoyub getdiyi yurdu boş görmüşdü, quruca canını götürüb o da arvada qoşulmağa məcbur olmuşdu. Beləcə ay dolanmış, il ötmüşdü və Cəlal kişi baxıb görmüşdü ki, əvvəlki yurdundadı. Daha qocalmışdı, yaş o yaş deyildi, kolxozun naxırını otarmağa halı qalmamışdı. Heç nə olmayıbmış kimi başlamışdı öz sürüsünü otarmağa.

Səhər-axşam süfrəyə oturanda xəstəxanadakı günləri yadına düşürdü:

– Gedəcəyəm xəstəxanaya, – deyirdi, qoy işin əl-ayağını bir tərəfə yığım... Bu il mütləq gedəcəyəm.

Evdə yaxşı bilirdilər ki, onu xəstəxanaya çəkən xəstəliyi yox, gündə üç dəfə verilən, çoxlarının yeyə bilmədiyi isti xörəkdi... Çünki xəstəxana adı gələndə qocanın gözləri işıqlanırdı, ağzı sulanırdı. Di gəl ki, işdən heç cür macal eləyə bilmirdi, bir də başını qaldırırdı ki, il tamam olub, qış kəsdirib qapının ağzını. Ancaq yenə ümidini üzmürdü, torpağı, payızın qovurub-qızartdığı otu-ənciri örtməyə başlayan bəyaz qarın o üzündə gizlənən baharı görürdü və inanırdı ki, havalar isinən kimi işin əl-ayağını yığıb mütləq xəstəxanaya gedəcək.

Öləndə vəsiyyət eləmişdi ki, vətənində, dədə-baba yurdunda basdırsınlar, ancaq övladları kişinin vəsiyyətinə əməl eləməmişdilər. «Öz elidi, camaatıdı, qərib olanda nolar, – demişdilər, ömrü burda keçib, bu adamlarla çiyin-çiyinə yaşayıb, hər necə olsa, camaat xeyrinə-şərinə yarıyıb. İndi övladları, bir bölük nəvə-nəticələri burda ola-ola kişini aparıb dədə-baba yurdunda dəfn eləmək el-obaya hörmətsizlikdi. Dost var, düşmən var... Böyüyüb ərsəyə gətirdiklərinin hamısı böyründə-başındadısa nəyi qürbətdi buranın. Bir də öləndən sonra harada basdırılmağının nə fərqi varmış ki... Bir ruhudu, o da bizi bağışlayar...».

«...Mənim ömrüm qəribçiliklə keçib, atam balası, qərib torpaqda yeriməkdən ayaqlarımın altı göz-göz yaradı, hələ də sönmək bilmir. Qəribçilik ömür olmayıb, zülüm olub mənə. Öləndə barı məni vətənimə aparmadılar, sözümü, vəsiyyətimi də qəribçiliyə saldılar. İndi də qərib yurdda uyuyuram, atam balası. İnsan qürbətdə ölmürmüş, diri-diri torpağa qoyulurmuş; mən diri-diri torpağa qoyulmuşam. Qürbət torpaqda yatdığımı düşünəndə hələ də sümüklərim sızıldayır, nə illah eləyirəm ərimək bilmir, çürümək bilmir... Yerin altında tüstüm ərşə çıxır, ha əlləşirəm torpağa qarışammıram».– Səs hərdən qırılır, sonra yenidən dalğa-dalğa qalxırdı; ona elə gəlirdi ki, səs bir əlçim bulud kimi qəbrin üstündəcə asılıb durub və elə bil bu səsi eşitmir, görür. – «Uçurun başdaşımı, atam balası, bir insan ki, qürbətdə qəbrə qoyuldu, bir insan ki, doğulduğu torpağa qarışammadı, ona başdaşı haramdı, o insan izsiz-tozsuz basdırılsın gərək...» – və səs get-gedə yavaşıyaraq yaddaşında çağlayan əbədi uğultuya qarışıb eşidilməz oldu. Qəbrin üstündəcə asılıb duran o bir əlcə bulud damcıyamı, göz yaşınamı dönüb torpağa hopdu.

…Səfinin qəbrinin üstündəki mərməri oğurlayıb aparmışdılar. Dünən qəbri söküb sümüklərini təzə qəbiristanlıq yerində dəfn eləmiş, qəbrinin üstündəki mərmər başdaşıyla sinədaşını vaxt eləyib köçürə bilməmişdilər. Fikirləşmişdilər ki, hələ bir gün ixtiyarlarında var, səhər gəlib apararlar. Bu gün isə qəbiristanlığa gələndə başdaşıyla sinədaşını yerində görməmişdilər. Səhərdən bəri qəbiristanlığın bu başından vurub o başından çıxırdılar, ancaq daşların hayana aparıldığını, kimin apardığını tapa bilmirdilər.

– Onu götürənin əli qurusun. – Səfinin arvadı qarğış tökürdü.

Oğlu anasını sakitləşdirməyə çalışırdı:

– Yaxşı biabır eləmə bizi. Başdaşı kimin nəyinə gərəkdi. Oyun-oyuncaq döyül ki, götürələr.

– Məsələ oğurluq məsələsi deyil, adama sataşmaqdı bu. – Arvad heç cür sakit olmaq bilmirdi. – Allah bilir, sürüyüb hansı qəbir çuxuruna salıblar. Üstünü də torpaqlayıblar ki, bütün günü avara-sərgərdən olaq burda.

– Sən otur, dincini al, mən bir qəbiristanlığı fırlanım. -Səfinin oğlu bunu deyib qəbir çuxurlarını axtarmağa getdi.

Səhərdən bəri baxmadıqları qəbir daşı qalmamışdı. Dünən qəbiristanlıqdan hava qaralanda getmiş, səhər günəş adam boyu qaxmamış gəlmişdilər. O vaxtdan bura bir-bir qəbir daşlarına baxıb keçirdilər. Hər bir daşın üstündə də ölənin adı-familiyası, doğum-ölüm tarixləri o qədər aydın yazılmışdı ki, şübhə yeri qalmırdı.

İndi Səfinin oğlu uzaqdan anasının qarğış səslərini eşidə-eşidə qəbir çuxurlarına baxırdı. O bu işə mat qalmışdı. qəbir daşlarını gecəynən kim apara bilərdi, həm də belə bir vaxtda bu qəbir daşları kimin nəyinə gərəkdi.

Qəbiristanlığı bir də başdan-başa dolaşıb anasının yanına qayıtdı. Anası əvvəlki kimi qazıb köçürdükləri qəbir çuxurunun başında oturmuşdu.

– Tapa bilmədim, – dedi, – qəbir çuxurlarına bir-bir baxdım, heç yerdə yoxdu.

Anası cavab vermədi, dodağının altında nə isə mızıl-dandı. Bir xeyli beləcə dayandılar. Heç biri nə edəcəklərini bilmirdi.

– Sənə dedim ki, dünən qəbir daşlarını köçürək, qoymadın məni öz ağlımla gedəm. – Bayaqdan bəri dillənməyən anası dedi.

Cavab vermədi, eləcə başını qaldırıb anasının üzünə baxdı.

Səfinin oğlu başını qaldıranda balaca qardaşının qaça-qaça onlara tərəf gəldiyini gördü. Uşaq təngnəfəs halda özünü yetirib:

– Dədənin başdaşını Seyfinin uşaqları oğurlayıblar...

Anası:

– Necə, necə? Başa düşmədim...

– Deyirəm, dədənin başdaşını oğurlayan Seyfinin uşaqlarıdı.

Anası sıçrayıb yerindən qalxaraq:

– Kim dedi bunu sənə? - soruşdu.

Uşaq:

– Zeynəb xala gəlmişdi, o dedi. Oturub evdə gözləyir. Məni göndərdi ki, səni çağırım...

Üçü də dərhal yola düzəldilər.

Uşaq nəfəsi təngiyə-təngiyə:

– Zeynəb xala deyir ki, başdaşını rayonda pambıq məntəqəsinin yanına qoyub satırmışlar. Uşaqlar onu görən kimi qaçıb gizləniblər. Deyir, yaxınlaşıb başdaşının o üz bu üzünə çevirib baxdım. Üstünün yazısını tərtəmiz siliblər.

Arvadın sifəti qəfildən dəyişib eybəcər hala düşdü.

* * *

Ətrafı qəribə bir üfunət bürümüşdü. Və bu üfunət çıxıb getmək bilmirdi, qəbiristanlığın üstündə bulud kimi asılıb qalmışdı.

Bir az o yanda Abış kişi qəbiristanlığı bürüyən bu üfunət qoxusundan xəbərsiz özünə qazdığı qəbrin başında oturub tənbəkisini tüstülədir. Üzünün, alnının qırışları səyriyə-səyriyə duru, sulanmış gözlərilə harasa baxır. «Bir də çətin özümə gor qaza billəm, - düşünür, düz altı ay əlləşmişdim bunun üstündə, bütün zəhmətim püç olub getdi. Gözümə durub bir də təzədən gor qazmaq. Heç bilmirəm ömür möhlət verəcəkmi buna...».

Çolaq Səftər ayağını çəkə-çəkə ona yaxınlaşır:

– Niyə özünü günün altında bişirirsən, qoca, çıxıb ge-dəmmirsənmi evinə-eşiyinə. Kim sağlığında özünə gor qaz-mışdı səndən savayı? Sənə demədimmi qazma, düşər-düşməzi olar. Altı ay özünü həlak elədin burda, axırı noldu? Sən tanrın, yığış get evinə-eşiyinə, nə tövrü vəsiyyət eləsən, eləcə də qazacağıq gorunu.

– Necə arxayın olum gedim. Gor qazmaq deyil sizinki. Ölünü ölü yerinəmi qoyursunuz? Heç düşməni də torpağa bu sayaq quylamırlar, necə ki, siz quylayırsınız.

Abış kişi tənbəkisinə dəm verir. Dişsiz ağzından çıxan tüstü başının üstündə sual işarəsi kimi burulur, burulur, sonra yavaş-yavaş çıxıb gedir. Bütün keçmişi ağır-ağır içərisindən keçir və sanki tüstü burumlarına qarışaraq həmişəlik olaraq yadından-yaddaşından çıxıb gedir. Abış kişi yadından-yaddaşından həmişəlik çıxıb gedən keçmişini, gəncliyini qaytarmaq istəyir, ancaq nə illah eləyirsə bacarmır. Təkcə onu bilir ki, içərisindən nə isə ayrılıb gedir və o, bunu qaytarmaqda, saxlamaqda gücsüzdü.

Çolaq Səftər dayanıb mat-mat baxır. Elə bil o tüstüyə qarışa-qarışa qocanın yadından-yaddaşından çıxıb gedən keçmişini görür.

Çolaq Səftər yenə:

– Çıx get evinə, sən allah, - deyir və ayağını çəkə-çəkə uzaqlaşır.

«Təzə qəbiristanlıq yeri heç cür ürəyimə yatmır. Bil-mirəm orda necə rahat olacam. Burda heç olmasa, bilirdim kimnən qonşuyam. Orda onu da biləmməyəcəm». Qoca günəşə baxa-baxa düşünür.

Günəş isə qocanın gözlərində ölürdü. Kürəyini torpağa söykəyib oturmuşdu. Heç kəs ona fikir vermirdi. Adamlar işində-gücündəydilər.

Abış kişi ölürdü. Qoca özü də görürdü ki, çıxıb gedir. Qışqırmaq istəiyrdi, köməyə çağırmaq istəyirdi, ancaq səsi çıxmırdı, təkcə işığını itirməkdə olan gözləri baxırdı. Bayaq başının üstündə sual işarəsi kimi burulan tənbəki tüstüsü yayılıb havaya qarışmaqdaydı. Gözlərini havaya qarışmaqda olan tüstü topasından çəkəmmirdi. Tüstü get-gedə daha da görünməz olurdu.

Bir azdan tüstü tamam gözdən itəcək, büsbütün yayılıb havaya qarışacaqdı. İnsan da belədir, doğulur, qocalıb ölür, sonra da çürüyüb torpağa qarışır.

Bütün ömrü ona yuxu kimi gəlirdi, elə bil yaşamamışdı, ömür sürməmişdi, nə isə özünün də dərk eləmədiyi sirli, anlaşılmaz bir yuxu görmüşdü.

Abış kişi yaşayıb yorulmuşdu. Çoxdannan bəriydi ki, dünyaynan halallaşmışdı. Başdaşını yondurub üstünə ad-fa-miliyasını, doğum gününü yazdırmışdı, təkcə ölüm tarixi qa-lırdı, ancaq nə sirdisə, bu çağacan öləmmirdi, ölüm ondan qaçırdı. İndi birdən-birə qoca ölməyə başladığını, ölümün içərisinə yayıldığını hiss eləyirdi. Ölüm vücuduna yayıldıqca yavaş-yavaş yüngülləşirdi.

Bayaqdan bəri düzü-dünyanı yandırıb-yaxan günəş indi canını qızdırmırdı. Qoca üşüyürdü. İçərisinə yayılan soyuqdan bədəni uçunurdu. Və soyuq bərinə-bədəninə yayıldıqca tabı-taqəti çəkilib gedirdi. Bir belə adamın içərisində hamıdan xəbərsiz çıxıb getmək istəmirdi. Gözlərilə kimisə axtarırdı, ancaq kimi axtardığını özü də bilmirdi. Heç kəs səssiz-səmirsiz dünyadan çıxıb gedən qocaya məhəl qoymurdu.

Başının üstündə göy üzü dəniz kimi dalğalanırdı. Səmanı belə təmiz, aydın, dalğalı gördüyü yadına gəlmirdi. Dünyanın belə sonsuz-intəhasız olduğunu da indiyəcən aydın dərk eləməmişdi. İndi ölüm qabağı bu nəydi belə? İnsan son gününəcən kor olurmuşmu, ilahi? Yulğun topalarına kimi ona tanış, doğma olan bu torpağamı qarışacaq?

Ürəyi uçundu.

Ölüm varlığına yuxu kimi yayılırdı. Ona elə gəlirdi ki, ölmür, nə isə sirli, əsrarəngiz bir yuxuya gedir. Və bu yuxu –ölüm onu öz qoynuna elə bir qüvvə ilə çəkirdi ki, özgə heç nəyin barəsində fikirləşəmmirdi.

Adamlar yanından ötüb keçirdilər. Heç kəsin ağlına gəlmirdi ki, gündüzün günorta çağında qəbiristanlığın ortasında, hamının gözü qabağında ölmək olar. Abış kişi ölümünə özü də inanmırdı. Ölüm onunçün sirli, qorxunc bir varlıq idi. Fikirləşirdi ki, ölüm üçün gecə lazımdı, təklik, kimsəsizlik lazımdı, ölümün sirri, vahiməsi də elə bundadı.

O qədər səs-küyün içərisində təkcə Həlimə qarının səsini eşidirdi. İkicə addımlığında olan qarının səsi ona çox-çox uzaqlardan gəlirdi. Ancaq qoca bu səsdəki fəryadı duyurdu.

İstəyirdi ki, yanı üstə çevrilib üzü günbatana uzansın, gözüylə günəşi son mənzilinəcən ötürsün, amma bacarmırdı. O yuxu gəldikcə ağrısı-acısı yavaş-yavaş canından çıxırdı, elə yüngülləşirdi ki, sanki indicə anadan olmuşdu.

Göyün görünməzliyində nöqtə kimi seçilən qartallar dövrə vura-vura qəbiristanlığı seyr edirdilər. Quşlar heç vədə qəbiristanlıqda bu qədər insanı bir yerdə görməmişdilər. Qartalları heyrətləndirən oydu ki, qəbiristanlığa yığılmış bu adamlar ölüləri, dəfn olunmuş cəsədləri çıxarırdılar. Dünyanın qanad çaldıqları bu səmtində baş verən bu əhvalat onları heyrətə gətirmişdi. Və qartallar göyün dibsiz dərinliklərində dövrə vura-vura qəbir çuxurlarına, daşınan insan cəsədlərinə sonsuz heyrətlə baxırdılar.

İçərisini bürüyən maraq və heyrətin gücüylə qartalların biri dəstədən ayrılaraq xeyli aşağı enmişdi. Quşun heyrəti elə güclüydü ki, dil açıb insanca danışmaq, baş verən bu əhvalatların sirrini, səbəbini öyrənmək istəyirdi.

Qartal aşağı şığıyıb alçaqdan qəbiristanlığın üstüylə süzərək yenidən göyün əngilliklərində dövrə vuran quşlara sarı baş aldı.

Aşağıda kor ilan başını dimdik tutub Cəvahir qarının qəbri üstə dayanmışdı. İstidən, bürküdən nəfəsi təngiyirdi. Neçə gün idi ki, rahatlıq nə olduğunu bilmirdi, hansı qəbirdə gizlənirdisə, hansı yuvaya soxulurdusa, bel-külüng səsinə səksənib oyanırdı. Yerin altıyla dolanbac yollarla nəfəsi kəsilənəcən sürünürdü. İlan neçə gün idi ki, Cəvahir qarının qəbrində gizlənirdi. Qorxurdu ki, bu qəbri də sökərlər, gizlənməyə yer tapammaz. Ancaq Cəvahir qarının qəbrini köçürmək heç kəsin yadına düşmürdü.

Cəvahir qarı kəndin hamamında xadimə işləyirdi, kimi-kimsənəsi yoxdu. Kənddə hamam tikiləndən bu yana Cəvahir qarının günü burda keçirdi, gecə-gündüz yuyurdu, təmizləyirdi, qazancı da hamama gələnlərin qəpik-quruşuydu; hamamdakı işinə görə maaş almırdı, heç kəs onu burda işləməyə məcbur eləmirdi. Amma Cəvahir obaşdannan, hamamın fit səsi eşidiləndən ta gecənin bir vaxtı hamam boşalanacan işləyirdi. İşə bir dəqiqə də gecikməzdi. Hamamçı Ağaisa ona neçə kərə işə girməyi təklif eləmişdi. Demişdi heç bir sənəd-filan lazım deyil, oturaq, bir ərizə yazaq, qol çək, səni rəsmi işə keçirim, onsuz da bu əziyyəti çəkirsən, günün gözü çırtlamamış gəlib şər qarışanda gedirsən. Handa bir nümunəvi işçi belə işləyəmməz. Ancaq nə illah eləmişdisə, arvadı razı sala bilməmişdi. «Qocalmışam, - demişdi qarı, - təqaüdə çıxan vaxtımdı, day bundan sonra mənim nəyimə yaraşar təzədən ərizə yazam, qulluğa girəm». Və arvad axıracan da inadından dönməmişdi.

Cəvahir qarı ömrü boyu dilənçi kökündə yaşamışdı. Özünün dediyinə görə, qardaşı vardı, hardasa uzaq bir şəhərdə böyük qulluqdaydı. Bunun uydurma olduğunu bütün kənd bilirdi. Amma Cəvahir qarı özünün uydurmasına elə inanırdı ki, bunu üzünə vursan dəli olardı.

Cəvahir qarının Xasay adında əri olmuş, özündən xeyli qabaq ölmüşdü. Xasayın sağlığında Cəvahir o qədər də dərd çəkməzdi, övladsızlığının fikrini eləməzdi. Təkliyin, züryətsizliyin nə demək olduğunu ilk dəfə Xasayın ölümündən sonra qaranlıq daxmada tək-tənha qalanda, səhəri dirigözlü açanda dərk eləmişdi. Və Cəvahir qarının - küçədə dilənçi kökündə gəzən bu qadının günlərin birində al-qumaşa büründüyünü görmüşdülər. Görənlər gözlərinə inanmamışdılar. Cəvahir qarı cavanlığından, gəlinlik vaxtından bu çağacan qoruyub saxladığı pal-paltarını geyinib qızıllarını düzmüşdü. Qarı elə bəzənmişdi ki, deyirdin qırx qul-qaravaş qulluğunda durmuşdu.

Kəndin içiylə az qala uça-uça gedirdi. Soruşanda:

– Qardaşımı görməyə gedirəm, - deyirdi, - qardaşım məni qonaq çağırıb...

Bir gün əvvəl qapıbir qonşusu Nazlı qarıgilə gedib yu-xusunu ona danışmışdı:

– Qardaşım iki gündü yuxumdan çıxmır. «Necə bacısan, – deyir, – bu neçə ildə bircə dəfə də olsun gəlib mənə baş çəkməmisən. Oturub gözləmisən ki, mən gəlib səni yoxlayım? Bəs, fikirləşmirsən ki, iş-güc adamıdı, macal eləyə bilmir, ya bəlkə xəstədi, gəlməyə imkanı yoxdu». Dedim, gələcəm, qardaş, mütləq gələcəm. Beləcə bir xeyli gileyləndi. İstədim hal-əhval tutam, uşaqlarını soruşam. Gör bir nə vaxtdı ki, görmürəm, ancaq birdəncə tutqun kölgəyə dönüb yoxa çıxdı. İndi bilmirəm neyniyim, işdən də macalım yoxdu.

Nazlı qarı bilməmişdi nə cavab verə:

– Bu günlərdə gedib baş çəkərsən, - demişdi, - fikir eləmə.

– İstəyirəm, sabah obaşdannan yola çıxım. İşdən də gərək iki-üç günlüyə icazə alam, yoxsa bir günə gedib qayı-dammaram, uzaq yoldu.

Demişdi və cavab gözləmədən çıxıb getmişdi. Nazlı qarı onun dalınca baxa-baxa qalmışdı. Və o gedən Cəvahir düz bir ay gözə dəyməmişdi. Bir ay keçəndən sonra Cəvahir dilənçi kökündə qayıdıb gəlmişdi. Ayaqyalın, başıaçıq kəndin içiylə kimisə söyə-söyə, yamanlaya-yamanlaya gedirdi. Cəvahir qarı dəli olmuşdu, qardaşını axtara-axtara havalanmışdı.

Havalanandan sonra hər gün qəbiristanlığa gələr, saatlarla oturub zəif, gücsüz əllərilə özünə qəbir qazardı. Aradan xeyli vaxt keçəndən sonra Cəvahir qarının meyitini qazdığı qəbrin içindəcə tapmışdılar. Qəbrin üstünü torpaqlayıb başdaşı ucaltmışdılar.

Ölümündən sonra danışırdılar ki, hamamın daş divarları içərisindən Cəvahir qarının səsi gəlir. Guya deyirdilər ki, səs suyun şırıltısına qarışaraq daş divarlarda əks-səda verir. Və bu səsin vahiməsindən kənd hamamına gələnlərin sayı get-gedə azalmağa başladı, sonra tamam əl-ayaq kəsildi.

Hamamçı Ağaisa axşama kimi hamamın qabağında boş-bekar oturub müştəri gözləyirdi.

– O sözü çıxardanın atasına lənət, - deyirdi. - Divardan da səs gələrmi? Dəli olub ölmədimi Cəvahir gözünüzün qabağında? Özünüz öz əlinizlə torpaqlayıb başdaşı qoymadınızmı? Ayda filan qədər dövlətə plan verməliyəm mən. Özünüz gəlmirsiniz, cəhənnəm, gələni də qoymursunuz, bütün rayona yaymısız bu söz-söhbəti.

Ancaq o sözün kəndə yaydığı qorxu və vahimə necə güclüydüsə, camaat hamamçının sözlərinə məhəl qoymur, damda, daşda, tövlədəcə yuyunub təmizlənir, hamama gəlməyə ürək eləmirdi.

...Kor ilan bayaqdan bəri yuvadan çıxmışdı, səksəkə içərisində Cəvahir qarının qəbrinin üstündə oturub ətrafa göz gəzdirirdi. Bir az o yanda ilantutan ovsun oxuya-oxuya ilanları yuvalarından çıxarır, uzaq şəhərə aparıb zəhər almaq üçün qalın salafan torbalara yığırdı. Torbada bir-birinin bədəninə sarmaşan, tükürpədici səslə mələşən ilanları gördükcə qorxudan az qalırdı ürəyi dayana. Kor ilan qorxurdu ki, birdən onu da tutub salafan torbaya salarlar, zəhər almaq üçün uzaq şəhərə apararlar. Ötən yay iki qardaşını beləcə tutub aparmışdılar. O vaxtdan insan ayağının səsi gələndə canına vəlvələ düşür, qaçıb özünü hansı yuvaya gəldi toxuyurdu. İlan ən çox o ovsundan qor-xurdu. Qardaşlarını da alladan ovsun olmuşdu. «İlahi, o ov-sunda nə cazibə vardı elə? Niyə qardaşları o yalan vədlərə aldandılar? Bəs onun niyə birdən-birə dili-ağzı bağlandı, qardaşlarını çağırammadı, qaytarammadı. Bir-birinə qoşulub kor kimi o səsin dalınca getdilər, bir daha geri dönmədilər. Niyə onda lal kimi dayanıb dururdu?».

Ötən yay qardaşlarını yoldan çıxaran o iki nəfərin birini kürəyindən çalıb öldürmüşdü. Kənd bir-birinə dəymişdi. Şəhərdən həkim gəlib çıxanacan sancdığı adam canını tapşırmışdı. O birindən isə qorxurdu. Elə qorxurdu ki, arxadan yaxınlaşmağa belə ürək eləmirdi. Ən çox da onun soyuq gözlərindən qorxurdu. Bir dəfə sancmaq üçün arxadan yaxınlaşanda o, soyuq gözlər kürəyinin arasından necə baxmışdısa, daş kimi mıxlanıb yerində qalmışdı. Nə illah eləmişdisə, qaçıb gizlənməyə özündə güc tapmamışdı. Xoşbəxtlikdən o zaman insan otların arasından onu seçəmməmişdi.

İndi qəbiristanlığı başına götürmüş bu səs-küyün içəri-sində kor ilan o ovsundan savayı heç nə eşitmirdi. Ovsun oxunduqca ilan kövrəlirdi, yumşalırdı, məst olurdu, qardaşlarını tutub uzaq şəhərə aparan o soyuq gözlərə qarşı bütün kinini, nifrətini unudurdu. İlan ixtiyarsız olaraq o səsə doğru sürünürdü. «Ona nələr vəd olunur, ilahi? Bu yoldan qayıtmaqmı olar? O səs necə doğmadı, necə şirindi, elə bil layla çalınır. Əgər qorxduğu bu səsdisə, niyə aldanır, niyə qayıtmır, niyə dayanmır? Onu özündən alıb aparan nədi belə?..».

İlantutan dodağının altında ilanların anlayıb eşidəcəyi bir dildə ovsun oxuyurdu. İlanlar onların beynini dumanlandıran o ovsunu yaxından eşitmək üçün sərin yuvalarından çıxırdılar.

Kor ilan nə vaxt yuvasından çıxdığını bilmirdi. Nəfəsini içəri çəkib ruhuna, varlığına yuxu kimi yayılan o səsi dinləyirdi. Ovsunda nə cazibə vardısa, özünü, aldanmış qardaşlarını büsbütün unutmuşdu, o səsdən savayı heç bir şey eşitmirdi. Bir də baxıb gördü ki, ilantutanın ayaqları altındadı. O sirli əsrarəngiz dünya ilantutanın uzun, nazik qıçları arasından daha aydın görünürdü. «O nə rəngdə dünyayadı elə? Bəs o göyüzünü örtən gömgöy duman nədi? Görən ona nələr vəd olunur, ilahi? Az qalır xoşbəxtlikdən qəşş eləyə”. Başı elə gicəllənir ki, elə bil kimsə quyruğundan yapışıb var gücüylə fırlayır.

Boynundan tutan dəmir maşadan açılammır. Uzun nazik qıçların arasından görünən o sirli-sehrli dünya birdən-birə göy dumana bürünür.

...Briqadir Qaraş Qumrunun qəbri üstündə oturub əllərilə üzünü örtmüşdü. Qaraş hər dəfə bu qəbrin üstə gələndə Qumrunun yoxluğunu unudurdu, dünyada ölüm, ayrılıq adına bir varlığın mövcudluğuna inanmırdı.

Qumrunun Qaraşın istəklisi olduğunu bütün kənd bilirdi. Aralarında on yaş fərq olsa da, bir-birini uşaqlıqdan istəyirdilər. Qumru yetim idi, ata üzü görməmişdi. Anası təkbaşına onu nə illətlə böyütmüşdü, bir allah bilirdi. Qumrunun istəklisi olduğunu bilə-bilə Bəkirin ona elçi göndərməsi və elçilərinə «yox» cavabı verilən gününcə səhəri söhbət camaat arasına çıxmamış onu yoldaşları ilə qaçırıb zorla özünə arvad eləməsi yatsa Qaraşın yuxusuna da gəlməzdi. O əhvalatdan sonra Qaraş büsbütün sarsılmışdı, təkcə içərisində Bəkirə qarşı buz kimi soyuq bir nifrət gəzdirirdi. Və bu nifrəti ona görə bu günəcən gətirib gəlmişdi ki, Qaraş Qumrunu heç cür unuda bilmirdi.

Ərə gedəndən sonra Bəkir Qumrunu işə qoymurdu. Qaraş bütün günü pambıq sahələrini gəzir, Qumrunu fikrindən, düşüncəsindən qovub çıxarmağa çalışırdı. Qumrunun işlədiyi sahənin kənarına onun adı yazılıb vurulmuş taxta lövhə, tez-tez altına çəkilib söhbət elədikləri qoşa söyüd hər gün yaddaşındakı xatirələri təzələyirdi. Ona elə gəlirdi ki, səhərlər maşın siqnal verə-verə camaatı işə səsləyəndə günlərin birində Qumru əlində zənbil Bəkirin evindən çıxıb adamlara qarışacaq. O nə vaxtdan bəriydi bu günü qorxu və həyəcanla gözləyirdi. Ancaq günlər ötür, Qumru gözə dəymirdi. İllər keçdikcə Qaraş yavaş-yavaş özü də istəmədən Qumrunun yoxluğuna alışmışdı. Ancaq sahə-nin kənarında Qumrunun adı yazılmış taxta lövhəni dəyiş-məmişdi.

Bəkirdən Qumrunun boynuna düşən altı uşağın altısı da doqquz aylığında ana bətnində boğulub ölmüşdü. Yeddinci uşaq isə sağ-salamat doğulmuşdu. Elə rahat olmuşdu ki, Qumru bu uşağın doğulmasını özü də hiss eləməmişdi.

Qumru bu uşağı əllərinin içərisində böyüdürdü. Uşaq böyüdükcə, dil açıb danışdıqca onun ana qəlbini sevinc qarışıq qorxu bürüyürdü. Ürəyinə dammışdı ki, günlərin birində uşaq yuxu içində birdəncə quşa çevrilərək pırıltı ilə uçub gedəcək, bir daha qayıtmayacaq. Və beşiyə baxdıqca elə bil ki, uşağın quşa çevrildiyini, gizlin-gizlin qanad çıxardığını görürdü.

Uşaq səhərdən axşama, axşamdan səhərə kimi evin bir tərəfindəcə tavandan asılmış beşikdə yırğalanırdı. Nə sirdisə, başqa heç yerdə rahatlıq tapammırdı.

Beşik Bəkirin ulu nənəsindən qalmışdı və iki əsr idi ki, beləcə yırğalanırdı. Beşiyin asıldığı hörmə kəndirin birini hörümçək toru elə tutmuşdu ki, deyirdin beşiklə birgə bu hörümçək toru da ulu nənəsindən qalmadı. Bu beşikdə uşaq üzü gündoğana uzanmalıydı və gündoğana açılan dəmir milli pəncərədən uşağın üzünə ovuc içi boyda işıq düşməliydi, yoxsa rahat olammazdı. Ayrı yerdə uşağın sifəti meyit rəngi alırdı və baxan deyərdi ki, bu saat uçub gedəcək. Beşiyə uzadan kimisə rəngi üstünə gəlir və uşağı yuxu aparırdı. Uşağın yuxu gördüyünü yanaqlarında kölgələnən ləkələrdən, üzünün, dodaqlarının qeybə çəkilən təbəssümündən, bət-bənizinin torpaq rəngi almasından bilirdi. Qumru bütün günü beşiyin başında oturar, gözlərini uşağa zilləyərdi, elə bil yuxunu uşağın üzündəncə oxumaq istəyirdi.

Beşik yırğalandıqca xatirələr onu tilsim kimi çəkib keçmişə aparırdı. Bir anlığa uşağı unudurdu, ona elə gəlirdi ki, yırğalanan beşikdəki özüdü və anası beləcə başının üstündə dayanıb onun yuxularına qarışmaq istəyir.

Uşaq oyanıb qışqırdıqca o da diksinir, qorxudan rəngi-ruhu uçurdu. Hər dəfə qəfil qışqırtıdan sonra uşağı yenidən yuxu aparırdı və nə illah eləyirdisə, oyada bilmirdi. Uşağın çöhrəsində səssiz bir kölgə gəzirdi və elə bil bu kölgə tuluqlanmış qan idi, çıxmağa yer, səmt axtarır, ancaq tapammırdı.

Ana qəlbilə duyurdu ki, uşağın çöhrəsindəki o tutqun kölgə nədisə balasının həyatı ondan asılıdı. Kölgə uşağın gözlərinin həndəvərində dolaşırdı, elə bil bəbəklərin çıxmağa ən münasib yer olduğunu kəsdirmişdi.

Uşaq gözlərini açan kimi ürəyi üstünə gəlirdi:

– Nə çox yatdın, qurban?

– ...

Uşaq cavab vermirdi və təzədən gözlərini yumurdu. Ən çox qorxduğu bu sual onu tilsim kimi yuxunun qoynuna çəkirdi. Qalxıb ehtiyatla balasının başını qolları üstünə alırdı. Yuxu könülsüz-könülsüz gözlərindən çəkilirdi.

– Yuxu görürdün, yenə, quzu?

– Deməyəcəyəm, bildin, deməyəcəyəm, əl çək məndən!

Uşağın dişləri yaşına sığmayan əsəbiliklə qıcanırdı.

Qumrunun bəbəklərində bir cüt göz yaşı mun-cuqlanırdı. Əlacsız-əlacsız yaş süzülən gözlərini uşağın çöhrəsinə dikirdi. Bilirdi ki, uşağa nə zaval gəlmişdisə, yuxudan gəlmişdi. Yuxuda nə demişdilərsə, neyləmişdilərsə, gözünün qabağındaca sönüb gedirdi. O yuxu nəydisə sirr olaraq qalırdı. Bilirdi ki, uşağın əcəli o sirli yuxuyla bağlıdı, sirri açsa, güman ki, yaşayacaqdı.

– Nə görürdün yuxuda, qurban? Bax indi əmin gələcək, sabah özüylə səni meşəyə gəzməyə aparacaq. Bircə de görüm nə görürüdün yuxunda...

– Yox, deməyəcəyəm!

– Adam heç anasından sözmü gizləyər? Nə görürdün yuxunda, hə, qurban?

O əl çəkmir, uşaq inad eləyirdi. Uşağın inadını qırmaq çətin idi, yaman çətin idi. Ancaq bilirdi ki, uşağın taleyi inadındadı, inadını sındıra bilsə, yaşayacaq balası, sındırammasa heç...

O bütün gecələrini sübhə kimi uşaqla birgə qalmağa razıydı, təki uşaq yatmasın, o sirli, vahiməli yuxunu bir daha görməsin. Ancaq uşaq yatmaq istəyirdi, uşaqda yuxuya qəribə təşnəlik vardı, yerinə uzanan kimi bir əlcə daş parçasına dönürdü, ha çağırırdı, silkələyirdi, oyanmaq bilmirdi.

Gecə itlər səs-səsə verib ulaşanda uşağın taleyilə bağlı qorxu və vahimə bürüyürdü onu. Ona elə gəlirdi ki, o ulaş səslərilə uşağın yuxusu arasında nə isə sirli, anlaşılmaz bir əlaqə var və bu qərib, müdşih səs onu sehrinə salıb aparmaq istəyir.

Gecənin bir vədəsi uşaq gözlərini açır, sorğulu baxışlarını anasına zilləyirdi.

– Məəm qardaşım vaar, əmmə?

– Yox, qurban...

– Var, altı qardaşım var, məəm...

Onu heyrət bürüyürdü, çünki bircə dəfə olsun uşağın yanında bu barədə danışılmamışdı. «Hal aparır uşağı, nədi, fələk... bu nə dərddi mən düşmüşəm. Bunu kim xəbər verib ona?».

Dan yeri onun yuxusuz gözlərindən başlayırdı. Yorğunluğunu, səhəri diri gözlü açdığını yalnız dan üzü hiss eləyirdi. Və bu yorğunluqla, yuxusuzluqla birgə səhərin açılması ona sonsuz fərəh gətirirdi. Sübhün toranında yuxusuz gözlərilə uşağın çöhrəsinə baxırdı. Üzünün ləkələrindən, göz qapaqlarının titrəyişindən, dodaqlarında uçuşan təbəssümdən yuxusunun qorxulu olub-olmadığını bilmək istəyirdi.

Uşağın ömrü yuxudaca gəlib keçirdi və nə böyü-yürdüsə, yuxuda böyüyürdü, gözlərini açan kimi sanki uşaq kiçilirdi, solurdu.

Bir gecə uşağın səsinə dimdik atılmışdı. Görmüşdü ki, uşaq beşiyin içində oturub qorxudan tir-tir titrəyir. Ana balasını qucağına almışdı.

– O kimdi orda əmmə? – uşaq əlilə otağın qaranlıq küncünü göstərirdi.

Bircə anda mürgü ananın gözlərindən çəkilmişdi.

– Heç kəs yoxdu orda, quzu, gözünə görünür, nədən qorxursan...

Uşaq gözlərini qaranlıq küncə dikib dururdu. Qaranlıqda çılpaq, əcaib bir vücud onu ağuşuna çağırırdı. Dişiylə dırnaqlarını çeynəyə-çeynəyə onu hədələyirdi. Uzun kirpikləri yer süpürən bu qorxunc vücud hər gecə yuxularına gəlir, onu aldadıb aparmaq istəyirdi. Qorxudurdu ki, yuxusunu açsa, canını alacaq.

– Qoyma, üstümə gəlir, əmmə! – Uşaq anasının qucağına elə qısılır ki, deyən köksünü yarıb içəri girəcək.

– Qorxma, quzu, sənə heç kəs heç nə eləyəmməz, – ana təşvişlə qaranlığa baxır. – O yanda atandı, burda mən, nədən qorxursan axı? İstəyirsən işığı yandırım...

Uşağın qışqırığı ananı vahiməyə salır.

– Qoyma, öldürdü məni, əmmə, atamı çağıııır!..

– Bəkir!!! – Arvadının çağırışına Bəkir dik atıldı. – Dur işığı yandır, hal aparır uşağı. Bir az əlli tərpən!

– Ataaa!!! – Uşaqdan elə qışqırıq qopur ki, daş-divar səksənir.

Bəkir qalxıb işığı yandıranda uşaq Qumrunun qucağında solub getməkdəydi. Elə bil kimsə ikiəlli uşağın hulqumundan tutub canı çıxıncaya qədər boğmuşdu.

Uşağın ölümündən sonra Bəkir Qumrunun gününü göy əskiyə düymüşdü. «Sənnən mənə arvad olmayacaq, – deyirdi, nə qədər ki, gözün o piyaniskə köpək oğlundadı, uşaq üzünə həsrət qoyacaqsan məni...». Qumrunu elə döyürdü ki, yerinə bir başqası olsaydı, səsi ərşə dayanardı. Ancaq Qumrunun cınqırı da çıxmırdı. Elə bil bədənində sümüyü yox idi və Bəkirin yumruqları, təpikləri ona əsər eləmirdi. Bəkirin ayaqları altında halsız-halsız inildəyirdi. Ərinin bu vəhşiliklərindən sonra da evdən çıxıb getməyə həvəsi gəlmirdi. Qumrunun heç nəyə həvəsi qalmamışdı. Uşağın ölümü ömrünün yarpağını salmışdı. Eləcə gözləyirdi. Gözləyirdi ki, nəsə olacaq. Elə gözləyə-gözləyə də əriyib getmişdi.

Qumrunun ölümündən sonra Bəkir təzədən evlənmidi. Bəkir Qaraşın hər gün Qumrunun qəbri üstə gəldiyini bilirdi. Arvadının qəbrinin köçürülməməyinin əsl səbəbi də buydu — qəbri Qaraşa qısqanırdı. İstəyirdi ki, qəbir uçurulub yerlə-yeksan ola, tamam itib gedə, bəlkə onda Qaraş Qumrunu büsbütün yadından çıxararardı.

... Qəbiristanlığın ortasında bir dəstə adam dayanıb söhbət eləyirdilər. Qaraşın gözləri bu adamların arasında Bəkiri aldı. Bəkir də Qaraşı gördü və istədi gözlərini ondan yayındıra, özünü görməməzliyə vura. Ancaq gördü ki, gözlərini Qaraşdan ayırammır və uzaqdan-uzağa Qaraşın baxışları qarşısında kəsilə-kəsilə dayanıb durur.

Qaraşın yaxınlaşmağıyla söhbət kəsildi. Bəkir ovsunlanıbmış kimi hələ də gözlərini ondan ayırammırdı.

Qaraş alçaqdan:

– Sənə sözüm var, Bəkir, - dedi, - bir dəqiqəliyə bura zəhmət çək.

Bəkir istədi desin ki, mənim bu adamlardan gizlin işim yoxdu, nə sözün var de, amma nə düşündüsə, səsini çıxarmadı, adamlardan ayrılıb qorxaq addımlarla Qaraşa sarı getdi. Qəbiristanlığın içərisilə dinməz-söyləməz xeyli yanaşı yeridilər.

Sonra Qaraş nə fikirləşdisə ayaq saxladı və birdəncə dönüb:

– Niyə Qumrunun qəbrini köçürmürsən, Bəkir? -dedi.

Bəkirdən səs çıxmadı. Bayaqdan, Qaraşı uzaqdan-uzağa gördüyü andan Bəkirin dalağı sancmışdı və Qaraşın ona nə deyəcəyini yaxşı bilirdi. Ancaq elə bil bu fikir bayaq Bəkirin ürəyinə dammamışdı. Bəkir bu sözləri ilk dəfəydi eşidirdi, ona görə də quruyub qalmışdı, bilmirdi nə cavab verə. Qumru ilə evləndiyi gündən bu yana ilk dəfəydi ki, Qaraşla kəlmə kəsirdi.

– Düz on il arvadlıq eləyib sənə, evinin çırağını yandırıb. Sənin üstündən aşıb bu işi görsəm, camaatın ağzından qurtara bilməzsən. Nə qədər ki, gec deyil, vaxt ikən qaz köçür qəbri.

Sözünə ara verib:

– Belə sakit danışmağıma baxma, - dedi, - qəbri köçürməsən, sümüklərini xıncım-xıncım elərəm.

Bəkir eynən bayaqkı sayaq heykəl kimi dayanıb durmuşdu. Ağzını açıb dillənməyə ürək eləmirdi. Bilirdi ki, artıq-əskik bir söz desə Qaraş doğrudan da sümüklərini xıncım-xıncım eləyər.

Qaraş çevrilib getdi.

...Babalı bağından isti meh əsməyə başlamışdı və meh əsdikcə qalınlığın çürük yarpaq və qabıq qoxusu qəbiristanlığın üfunət iyinə qarışaraq kəndə yayılırdı. İlan kimi bir-birinə sarmaşıb durmuş ağaclar sirli-sirli pıçıldaşırdılar. Qəbiristanlıqdan gələn bel-külüng səsləri gündüzün kirimişliyində ağacların bu sirli pıçıltılarını eşitməyə qoymurdu. Gecələr bu pıçıltılara qurdların ulaş səsləri də qarışacaq və bu səs kəndin ab-havasına çökmüş qorxu və vahiməni çəkilib getməyə qoymayacaqdı.

İki qoca əllərində əsa qəbiristanlıq yerini gəzirdilər. Qocaların birinin əlindəki əsanı qabağa uzada-uzada yeri-məsindən hiss olunurdu ki, ya tamam kordu, ya da gözləri yaxşı görmür. Kənardan baxanda adama elə gəlirdi ki, bu saat ayaqları sürüşüb qəbir çuxuruna yıxılacaqlar və bir daha ordan çıxa bilməyəcəklər. Bir-bir qəbirlərin başında dayanır, nisbətən gümrah olanı gözləri zəif qocaya qəbir sahibinin kim olduğunu deyirdi. Gözləri zəif olan qoca isə yanındakına inanmırmış kimi yaxınlaşıb əllərini başdaşına sürtürdü. Axtardığı adamın başdaşı olmadığını yəqinləşdirəndən sonra:

– Yox, bu deyil, - deyirdi və əl-ələ tutub başqa qəbirlərə tərəf gedirdilər.

Uşaqlar qəbiristanlıq yerində gizlənpaç oynayırdılar. Qazılıb tökülmüş çuxurların qəbir yeri olduğunu ağıllarına gətirmədən qaçıb gizlənirdilər. Ayrı vaxt olsaydı, böyüklər onları qəbirsitanlıq yerinə buraxmazdılar, ancaq indi böyüklərin başı ölülərinə qarşıdığından qəbir çuxurlarında gizlənpaç oynayan bu uşaqlar yada düşmürdü.

Uşaqların bütün bu qəbiristanlıq əhvalatlarından xəbərsiz sevinib əylənməyi ona qəribə gəlirdi. O heç vaxt belə uşaqlıq keçirməmişdi, heç vaxt bu uşaqlar kimi ürəkdən sevinməmişdi. Uşaqlara tamaşa elədikcə, başa düşürdü ki, o, uşaq olmayıb, uşaq sevinciylə sevinməyib, heç vaxt qayğısızlığın nə olduğunu bilməyib.

Bəs səhərdən bəri onun yanına gəlib gedən, anasının qəbrinin uçurulacağından qorxan o uşaq kimdi? Niyə bəs o, bu uşaqlar kimi gülüb sevinməyin nə olduğunu bilmir. Və indi hiss elədi ki, anasının qəbrinin uçurulacağı üçün vahiməyə düşən o uşaqla onu nələr bağlayır. Hiss elədi ki, o uşağa baxanda özünün keçmişini görür, uşaqlığını görür, ömrünün o illərini görür ki, yaşıdlarından fərqli olaraq sevinə bilmirdi, çiyinləri vaxtsız, erkən qayğıların ağırlığına dözmürdü. O, əvvəllər də, indi də uşaq qayğısızlığının, səbəbsiz sevincin nə olduğunu dərk eləyə bilmirdi.

Bütün bunları düşünə-düşünə gözləri ilə qəbiristanlıq yerində o uşağı axtarıb tapmaq istədi. Ancaq nə qədər o yan-bu yana boylandısa gözlərinə dəymədi.

* * *

Günbəzin kərpiclərinin yığıldığı yerdə iki nəfər bir-biri ilə danışırdı.

– Nə oldu, niyə kömək eləmirsən, bu qədər daşı ordan bura təkbaşına daşımışam. Ayrı vaxt bircə nəfər günbəzin içinə səndən icazəsiz girəndə az qalırsan təpəsini dağıdasan. Camaatın verdiyi nəzir-niyazı elə qamarlayırsan ki, elə bil dədənin halalca malıdı. Günbəzin təmirinə gələndə isə bircə dəfə cibindən bir qəpik çıxarıb verməmisən. Elə camaatın cibini soymağı bilirsən. Çək yaxanı dur qıraqda, tikilib hazır olandan sonra gəlib dədə malı kimi sahib olarsan.

– Dayan, dayan, qabaqdangəlmişlik eləmə, - bayaqdan bəri qarşısındakının təhqirlərinə sakitcə dözən yumrusifət, saqqallı kişi axır ki, dilləndi:

– «Dayan, dayan...». Niyə dayanmalıyam? Dayanıb sənin moizələrinə qulaqmı asmalıyam? Özünü mənə tanıdacaqsan? Sənin arvadın deyildi, üç manat nəzirdən ötrü qəbiristanlıqda saçyolmasına çıxan? Bunu kənddə bilməyən yoxdu, yoxsa bunu da danacaqsan?..

– Əşi, qurtar sən allahın bu söz-söhbəti, qoy ölümüzü köçürək.- Yumrusifət, saqqallı kişi mübahisəni kəsmək istədi.

– Belə gündə öz ölünü yaddan çıxarmazsan. Ancaq günbəzi köçürməyə gələndə özünə iş tapacaqsan. Ta ki, işdən yaxanı kənara çəkəsən. Tikilib hazır olandan sonra isə... Əşi, bunları deməyin nə mənası var? Sənin nə vecinə, deyirəm, öz başım ağrıyır. Çıx get, sən olasan allahın əsəbiləşdirmə məni.

Yumrusifət, saqqallı kişi bu sözə bəndmiş kimi ondan aralandı. Ancaq xeyli müddət arxadan onu təhqir eləyən səsi eşitdi.

– Bunlar kəndin camaatından deyil, ayrı xəmirdən yoğrulub. Tfu...

Yumrusifət, saqqallı kişi bu sözü eşidəndə dayandı, qayıtmaq istədi, ancaq qayıtmadı, təzədən yoluna davam elədi.

* * *

Həlimə qarının dəli qəhqəhəsi qəbiristanlığı başına götürmüşdü. Bu səs dalğalana-dalğalana kəndin əl-ətəyinəcən gedib çatırdı. Qarının qəhqəhəsində sirrə, sehrə bənzər nə vardısa, adamı iliyinəcən sarsıdırdı, əlini büsbütün dünyadan üzürdü, ovsunlayırdı. Bu səs adamları sanki uzun illərin sərxoşluğundan bir anlığa ayırırdı, ayıldırdı. Və adamlar dünyaya ayıq gözlə baxmaqdan çəkindiklərindənmi, nədəndi, bu səsdən hürkürdülər, hövllənirdilər. Bu səsdən sonra adamlar biri-birindəncə xoflanırdılar, özlərindəncə xoflanırdılar, özləri-özlərindən qaçmaq istəyirdilər. Qeyri-ixtiyari əl saxlayırdılar, bel-külüng səsləri tamam kəsilirdi. Səs çəkilənəcən beləcə dayanıb dururdular, işləyəmmirdilər. Və çəkilib gedən qəhqəhə səsi əllərin, qolların tabını-taqətini də özüylə alıb aparırdı.

Umuxanımın qəbrinin önündə dayandı. Başdaşının üstündə, xırda hərflərlə qazılmış doğum-ölüm tarixinə baxdı. Cəmi otuz yaş! Vəssəlam! Ömrünün çiçək kimi açılan vaxtında solmuşdu. Bir zamanlar gözəlliyilə bütün mahalda məşhurdu. Yoldan keçəndə tamaşasına durardılar. Bütün ətraf kənd-kəsəyin cavanları Umuxanımın həsrətindən ölərdilər. Bir vaxt bu qadının adı gələndə kişilərin qəlbinə gizilti dolardı, yuxuları ərşə çəkilərdi.

O yola nə vaxt düşdüyü bilinmirdi. Və Umuxanımın elə bil uşaqlığı, yetkinliyi olmamışdı, eləcə birdən-birə gözəl qadın donunda, mələk donunda göydən nazil olmuşdu. Bu kənddə Umuxanımın keçmişini tanımırdılar, harda böyüyüb ərsəyə çatdığını bilmirdilər. Umuxanım elə gözəl idi ki, bu gözəlliyin işığı onun keçmişini görməyə qoymurdu. Umuxanım bu kəndin, bu mahalın həyatına birdəncə daxil olmuşdu.

Təkcə onu bilirdilər ki, Umuxanım dünyanın qayğısız günlərindən birində özü də duymadan aldanmışdı. Aldandığını özündən gizləyə-gizləyə bir xeyli yaşamışdı. Sonra başqa birisinə aldanmışdı. Sonra da bir başqasına. Umuxanım beləcə-beləcə aldana-aldana yaşamışdı və bir də baxıb görmüşdü ki, bütün bu ətraf kənd-kəsəkdə məşhurdu. Gecəsi-gündüzü olmayan bu həyat onu bezdirmiş, ölümündən bir az qabaq ərə getmişdi.

Ancaq Umuxanım ailə həyatına dözə bilməmişdi. Günlər ötdükcə qızlığını, gəlinliyini itirdiyi o illərin ağrısını çəkir, adam arasına çıxmağa utanırdı. Əri nə illah eləyirdisə onu evə-eşiyə bağlaya bilmirdi.

– Burax məni, qoy çıxım gedim, - deyirdi, - dözə bil-mirəm. Niyə axı, məni məcbur elədin ərə gedim. İndi mənə görə sən də camaat içinə çıxa bilmirsən.

Ancaq əri buna razı olmurdu ki, olmurdu:

– Heç kəsə fikir vermə, - deyirdi, - başını aşağı sal uşaqlarımızı böyüt.

Umuxanım görürdü ki, əri belə desə də, içində əzab çəkir, ona rast gəldiyinə, onunla evləndiyinə min kərə, milyon kərə peşimandı.

Evlərinə gələnlərin əksəriyyəti ilə Umuxanım görüşmüşdü, bunu Umuxanımın əri də yaxşı bilirdi. Bu adamlar Umuxanıma özgə gözlə baxırdılar. Heç nə deyib danışmasalar da, Umuxanım onların gözlərindən elə şeylər oxuyurdu ki, ərinin üzünə baxa bilmirdi. Umuxanım hiss eləyirdi ki, evlərinə gəlib-gedən,bir vaxt onun həsrətindən yanıb qovrulan bu adamlar ona yuxarıdan aşağı baxır. Umuxanım hiss eləyirdi ki, ailə həyatı onun əlini-qolunu bağlayıb, ailə onu heç cürə rahatlıq bilmədiyi dar bir qəfəsə salıb və asanlıqla bu dar qəfəsdən qurtarmaq mümkün olmayacaq. Umuxanım belə şeylərə vərdiş eləməmişdi, ailə həyatı çox böyük əzab hesabına başa gəlirdi. Ərə getməklə Umuxanım hökmünü, zabitəsini itirmişdi, qürrəsini, gözəlliyini itirmişdi. İndi elə bil heç kəs Umuxanımın gö-zəlliyini görmürdü, görmək istəmirdi, göz-gözə gəldiyi adamlar yalnız onun keçmişini bildiklərini hiss elətdirir, hansısa bir sözləmi, işarəyləmi o günləri unutmadıqlarını xatırladırdılar. Belədə Umuxanım özünü alçalmış sanırdı, özünə yazığı gəlirdi, ərinə yazığı gəlirdi. Bəlkə də uşaqları olmasaydı, hər şeyə tüpürər, təzədən əvvəlki həyatına qayıdardı. Ancaq uşaqlar əl-qolunu bağlamışdı, ha fikirləşirdisə, bir çıxış yolu tapa bilmirdi.

Hərdən kəndin uşaqları küçədən onun adını qışqıra-qışqıra keçirdilər. Umuxanım uşaqların qışqırıq səsində evinə gəlib-gedən adamların gözlərində duyduğu ifadələri duyurdu. Uşaqların səsində, qışqırığında sözlə izaha gəlməyən nə isə gizlənirdi. Ər-arvad qışqırıq səslərini eşitməzliyə vururdular; biri radionun səsini qaldırır, o biri özünü məşğul kimi göstərirdi. Tək bircə dəfə uşaqlar onun adını qışqıra-qışqıra küçədən keçəndə əri dözə bilməmiş, əlinə ağac alaraq qışqırışan uşaqları küçənin yuxarı başınacan qovmuşdu.

Son günlər Umuxanım səhərdən axşamacan həyətdə olurdu. Əri nə vaxt işdən qayıdırdısa, onu evin qənşərindəki tut ağacının altında görürdü. Körpənin beşiyini də gətirib tut ağacından asmışdı. Bütün günü kürəyini ağaca söykəyib beşiyi yırğalaya-yırğalaya gözlərini harasa zilləyib baxırdı. Elə bil nə isə olmalıydı, kim isə gəlməliydi; hər xışıltı səsinə dönüb baxır, heç nədən diksinirdi. Gecələri də çətin keçirdi; səhərəcən gözlərini qırpmadan qaranlığa baxırdı, özünü unutduğundanmı, yoxsa ərinə oyaq olduğunu bildirməməkdən ötrüydümü, axşamdan daş kimi düşüb qalır, yatağında belə çevrilmirdi.

Ancaq bir gün...

Bir gün əri işdən qayıdanda Umuxanımı həyətdəki tut ağacından özünü asmış görmüşdü.

Meyitin iki addımlığındaca quruyub qalmışdı.

Umuxanımın gözəl sifəti qapqara, kösöv rəngindəydi, açıq gözlərinin qarası axıb gizlənmişdi, zərif boynu bədəninin ağırlığına dözməyib uzanmışdı. Ağzının bir tərəfindən gələn qan çənəsinə kimi axıb nazik şırım salmışdı və Umuxanımın qaralıb kösövə dönmüş sifətində qurumuş qan şırımı zorla seçilirdi.

Uşaqların kiçiyi tut ağacının o biri budağından asılmış beşikdə yatırdı, böyüyü isə ağacdan sallanan meyitin ayaqları altında oturub anasının düşüb qalmış ayaqqabıları ilə oynayırdı.

Əri handan-hana özünə gələndə gətirib meyiti ağ mə-ləfəyə bürümüşdü. O gecə uşaqları yatızdırıb səhərə qədər tut ağacının dibində tükürpədici səslə ulayan itlə birgə arvadının meyitinə keşik çəkmişdi. Meyit o biri gün günorta üstünəcən, milis idarəsindən bir dəstə adam gəlib çıxanacan tut ağacından asılı qalmışdı.

...İndi qəbrini büsbütün unudublar. Qəbiristanlıq uçurulanda son xatirə – qəbir daşı da uçurulub dağılacaq, bu qadınla bağlı son nişanə də yer üzündən silinəcək.

Umuxanımın qəbrinin dörd bir yanı çala-çala qazılmışdı və bu çalaların hər birindən qorxu baxırdı, vahimə baxırdı. Bu çalalardan ölümün soyuq, sərt üzü görünürdü və adam inana bilmirdi ki, bir vaxt gələcək,o da bütün canlılar kimi torpağın altında, belə qaranlıq, vahiməli qəbir çuxurunda məskən salacaq.

…Uşaq yumşaq torpağın üstündə oturmuşdu. Rəngi-ruhu, üst-başıyla torpaqdan seçilmirdi. Gözlərini məchul bir nöqtəyə dikib durmuşdu, sanki ətrafında, böyür-başında qazılan qəbirlərin, daşınan insan cəsədlərinin ona dəxli yox idi. Sanki uşaq deyildi, yaşlı idi, ahıl idi, yaşayıb yorulmuşdu, dünyanın sirrinə, sehrinə inamını itirmişdi. Sanki uşaq ikən qocalmışdı. Və uşağın çöhrəsində dünyaya qarşı elə bir soyuqluq və etinasızlıq duyğusu vardı ki, ona yaxınlaşıb bir söz soruşmağa ürək eləmədi.

Qəbiristanlığın içərisilə, adamların və başdaşılarının arasıyla yavaş-yavaş addımlayır. Bir həftə bundan qabaq az qala onu daş-qalaq eləmək istəyən bu adamlar indi elə bil onu görmürlər, bəlkə bilərəkdən özlərini görməzliyə vururlar, bununla demək istəyirlər ki, ona da, onu buraya göndərənə də nifrət eləyirlər. Bəlkə onu özlərinə tamam yad, uzaq bir insan hesab eləyirlər; düşünürlər ki, o, insan deyil, onu insan doğmayıb, qəlbi, ürəyi yoxdu. Bəlkə elə güman eləyirlər ki, bu boyda qəbiristanlıqda bircə nəfər doğması, əzizi olmadığı üçün bunun qisasını alır. Axı insanlar cürbəcürdü, hərə bir şey fikirləşə bilər və bunu insanlara qadağan eləmək qeyri-mümkündü. Kim bilir, ola da bilsin ki, bu qəbiristanlıq yerindəki doğmalarının, əzizlərinin qəbrini köçürən bu insanların doğrudan da başı öz dərdlərinə qarışıqdı, içərilərinə çəkiliblər, özgə heç kəsi görmürlər, görmək istəmirlər. Bunu dərk eləmək üçün gərək o adamların ömrünü yaşayasan, özünü onların yerinə qoya biləsən.

Qəbiristanlığın içərisilə addımladıqca bu adamlara qarışmaq istəyirdi, onların dərdinə şərik olmaq istəyirdi, ancaq bacarmırdı, elə bil dili-ağzı bağlanmış, hissiz, duyğusuz bir canlıya çevrilmişdi. Köçürülən qəbirlərdən düşüb qalan insan sümükləri qəbiristanlığın qara, yumşaq torpağı üzərində ağarırdı. Adamlar bunun insan sümükləri olduğuna məhəl qoymadan üstündən yeriyib keçirdilər; insan sümükləri insan ayaqlarının altında xırçıldayırdı. Bu xırçıltı səsi yaddaşındakı bütün qeyri səsləri batırır, beyninə, iliyinə işləyirdi; əti çimçəşirdi, sanki insanların ayaqları altında qalan onun cəsədi, onun sümükləriydi və o ayaqların ağrısını, ağırlığını sinəsində, qabırğalarının üstündə hiss eləyirdi.

Əgər bu qəbirləri özünə doğma bilirdisə, niyə onları köçürən insanlardan uzaqdı... Niyə özüylə bu insanlar arasında yaxınlıq, bağlılıq tapa bilmir.

– Səhərdən qəbirlərin arasıyla veyil-veyil gəzir. – Sü-mükləri xərəyə yığıb aparan iki qocanın hansısa dilləndi.

Çevrilmədi, dönüb onara sarı baxmadı. “Görən onun veyil-veyil gəzməyi qocaları niyə belə narahat eləyir? Bəlkə onlara kömək lazımdı, axı sinnin, yaşın bu çağında bu dərinliyinə qəbri qazıb sümükləri çıxarmaq, sonra da xərəyə doldurub təzə qəbiristanlıq yerinə aparmaq ağır işdi. Bəlkə qayıdıb onlara kömək eləsin, heç olmasa təzə qəbiristanlıq yerində qəbir qazar». Ancaq qayıtmadı, özü istəsə belə qayıda bilmədi.

...Çolaq Səftərin gəlhagəliydi. Bilmirdi nə sürətlə işləsin. Təzə qəbiristanlıq yerində bu gün iyirmiyə qədər qəbir qazmışdı, hər birini də əlli manata. Ayrı vaxt Çolaq Səftər qəbrin birini iyirmi beşdən yuxarı qazmazdı, ancaq indi sifariş verən o qədər çox idi ki, istər-istəməz məzəndəni qaldırmışdı. Çolaq Səftərlə vaxtında behləşə bilməyənlər isə, ölüləri üçün qəbri özləri qazırdılar, çünki bu axırıncı gün idi və Səftər özü istəsə belə bundan artıq qəbir qaza bilməzdi.

Çolaq Səftər işin öhdəsindən gəlmək üçün uşaqlarını da qəbiristanlıq yerinə tökmüşdü. Hamısı bir vaxtda doğulubmuş kimi eyni boy-buxunda olan bu uşaqların hərəsi əllərində bel Səftərin nişan verdiyi yeri didələyirdilər. Səftər hər işini buraxıb uşaqlara baş çəkir, onlara yalandan vədlər verməklə həvəsləndirirdi.

Səftər elə sürətlə işləyirdi ki, heç kəsi görmürdü. Qəfildən başını qaldırıb Abış kişinin oturduğu səmtə baxdı, ancaq onu yenə görmədi. Bayaq qocayla aralarındakı söhbəti xatırlayaraq başını buladı.

...İri tut gövdəsindən başdaşı vurulmuş başqa bir qəbrin önündə dayandı. Üstündəki yazıya baxmamış da sahibini tanıdı – Faiq müəllimin qəbriydi. Dəyirmandan bir az yuxarıda, şumun qırağında döyülməkdən qançır olmuş meyit, meyitin əynindəki torpaq rəngli pal-paltar, bir tərəfə düşüb qalmış ayaqqabı tayları... Bunlar indiki kimi yadındaydı. Faiq müəllimi xatırlayanda ilk gözünün qabağına gələn döyülməkdən qançır olmuş həmin meyit və meyitin sinəsindəki güllə yaraları olurdu.

Faiq müəllimin ölümü sirr idi, gecə kimi, zülmət kimi sirr idi və bu çağacan da sirr olaraq qalırdı, ən qəribə də burasıydı ki, heç kəs bu sirrə əl aparmaq istəmirdi. Bu ölümdə adamı ağrıdan nahaqdan mühakimə olunmaqdan savayı, bir də Faiq müəllimin yadların-yaxınların nəzərində «oğru” kimi qalmağıydı.

«...Mən pulla basdırılmışam, əzizlərim, torpaqla yox. Pul altında yatmaq çətindi, pulun ağırlığı altında nəfəsim çatlayır. Dəyməyin qəbrimə, qoyun üstümdən yol çəksinlər, asfalt döşəsinlər. Qoyun çürüyüm, əriyim, qum olum, torpaq olum, görünməyim, bilinməyim. – Səs sanki daşa dəyib əks-səda verir, dalğa-dalğa yayılaraq boğuq bir uğultuya çevrilirdi. – Elə bilməyin ki, unudulmağım ağrıdır məni. Elə bilməyin ki, kimdənsə gileyliyəm. Yox, qətiyyən yox! Bu qərib yurdda bir kəsdən gileylənməyə haqqım yoxdu. Mən oğruyam, əzizlərim, qoyun oğrusuyam, uzaq olun məndən. Uçurun başdaşımı, mən başdaşına layiq deyiləm, qoyun mənim varlığımdan xəbər tutmasınlar...» - yerinmi, yaddaşınmı təkində səs birdən-birə kəsildi.

Hər dəfə bu ölümü xatırlayanda yaddaşını göynədən bir də o üç nəfərin – qətldə təqsirli bilinən iki oğul və atanın havada kor-kor gəzən, ağrıdan büzüşən, maqqaşla dırnaqları çıxarılmış barmaqlarıydı. Bu barmaqlar qanla örtülüydü, gücsüz və köməksizdi. Bu barmaqlar lal idi, səssiz idi, yetim idi. Atanın dırnaqlarını çəkib çıxaranda canını dişinə tutub dözmüşdü, amma gözlərinin qabağında oğlanlarının dırnağının çıxarılmasına dözəmməmişdi, eləmədiyi cinayəti boynuna götürmüşdü. Ancaq oğlanları bu yaşda atalarının tutulmasına razı olmamışdılar, öz aralarında razılığa gəlmişdilər; kiçiyi cinayəti boynuna götürmüşdü – həyatını, cavanlığını, gələcəyini qurban verərək on yeddi yaşında məhbəsə yollanmışdı.

On il sonra azadlığa çıxanda erkən gənclik illərində qoyub getdiklərini büsbütün başqa boy-biçimdə görəcəkdi. Bəxtindən, qismətindən zorla qoparılıb alınan on illik ömür onu bir əsr qocaldacaqdı, yaşıdlarından ayrı salacaqdı. Yuxu kimi, xəyal kimi uzaq və əlçatmaz olan o qayğısız illəri həsrətlə xatırlayacaq, ömrünü kəsib keçən uçurumun dərinliyi, keçilməzliyi, vahiməsi vaxt-bivaxt başını gicəlləndirəcəkdi.

Qayıdıb gələndən sonra otuz yaşlarında həyatını yenidən qurmağa çalışacaqdı – ev tikəcək, evlənəcək, hardasa yüngül bir işə düzələcəkdi, amma eləmədiyi cinayətin ləkəsini, damğasını ömrü boyu üstündə gəzdirməyə məcbur olacaqdı. Bu ləkə, bu damğa onu için-için yeyəcək, bütün ömrünü zəhərləyəcəkdi. Qışqırıb bağırsa da, haqq səsini eşitməyəcəkdilər. İçəridən kəsilə-kəsilə qalacaqdı. Bu ömür qismətindən xilas olmaq üçün neçə dəfə özünə ölüm diləyəcəkdi. Ancaq həyatın şirinliyinə aldana-aldana dözəcəkdi, dözəcəkdi və ömrünün elə bir vədəsi gələcəkdi ki, yavaş-yavaş özünün günahsızlığına şəkk eləməyə başlayacaq, qatil olduğuna inanacaqdı. Onda yaşamaq o qədər də çətin olmayacaqdı.

* * *

Sümsük bir it avara-avara çuxurların arası ilə dolaşırdı. Məsələnin qətiləşdiyi bu bir həftəni it qəbiristanlıqda keçirmişdi. Əvvəllər də bura tez-tez gələrdi. Sahibi öləndən sonra hər gün qəbiristanlığa baş çəkər, vaxtının xeyli hissəsini burada keçirərdi. O vaxtdan itin yiyə duranı yox idi, başlı-başına kəndin-kəsəyin küçələrini dolaşırdı. Hayana gedirdisə, hansı qapıya üz tütürdüsa, daşa basırdılar. «İtiniz ollam, insanlar, - deyirdi, - qovmayın məni qapınızdan, qoyun həyət-bacanızı qoruyum, nə qədər istəyirsiniz arxayınca yıxılıb yatın, yuxuma haram qatıb ev-eşiyinizə keşik çəkim. Niyə məni qapınızıdan qovursunuz, niyə başa düşmürsünüz ki, itlik eləmək istəyirəm. Bəs siz itliyə götürməsəniz mən neyniyə billəm...». İtin gözlərindən eşidilən bu səsi hər dəfə daş-kəsək batırırdı. Üstünə insafsızcasına yağdırılan daş-kəsəkdən qaçıb canını qurtararaq qəbiristanlığa gəlirdi, başını qəbrin torpağı üstə qoyub zarıyırdı, elə bil sahibiylə qabaq-qənşər oturub söhbət eləyirdi. Hərdən qəribsəyəndə ona elə gəlirdi ki, sahibi səsini-sədasını eşitmir. Belə çağlarında başını torpaqdan qaldırıb yetim-yetim ulayırdı.

İt neçə gün idi ki, qəbiristanlığın qazılıb köçü-rüldüyünü görürdü və sahibi sarıdan bərk narahatçılıq keçirirdi. Buldozerlərin çığır-bağırla gəlib qəbiristanlığın bir tərəfində dayanması onun ümidlərini büsbütün qırmışdı. İt başa düşürdü ki, buldozer buraya elə-belə gəlməyib, qəbiristanlıq uçurulmalıdı, başqa köçürülməmiş qəbirlər kimi sahibinin qəbri də yerlə-yeksan olmalıdı. Və bunu başa düşdüyündən heç cür özünə yuva tapa bilmir, bir yerdə qərar tutammırdı.

İndi birdən-birə it qəti qərara gəlmişdi. O, çala-çuxurların böyür-başı ilə qəbrə sarı tələsirdi.

Uzaqdan sahibinin qəbri çala-çuxurların arasında kimsəsiz görünürdü. «...Torpağın insanı bərabərləşdirdiyi yalanmış... Bu dünyada yetim olan o dünyada da yetimmiş. Yiyəsiz hər iki dünyada yiyəsizmiş...».

İt qəbrə çatıb dayandı. Qəbrin böyür-başına fırlanıb ayaqları ilə qazmaq üçün münasib yer axtarıb tapdı. Sonra sinəsi üstə çöküb qazmağa başladı. Neçə günün aclığından sonra ona qəribə bir qüvvə, ehtiras gəlmişdi. Və sahibinin qəbrini eşib tökdükcə bu qüvvə və ehtiras soyumaq əvəzinə artırdı.

İt birdən dayanıb ətrafına göz gəzdirdi. Adamlar bir-birinə məhəl qoymadan tələsə-tələsə işləyirdilər. Özgə vaxt olsaydı, sahibinin qəbrini eşməsinə təəccüblənərdilər, amma indi bu kənd-kəsəyi, bu ətraf yerlərin sakinlərini belə şeylərlə heyrətləndirmək olmazdı.

İti bunlar qətiyyən maraqlandırmırdı. Onu təşvişə salan gələcək kimsəsiz həyatıydı. Çünki it bu dünyada tək idi, sahibi, yiyə duranı yox idi, üz tutub ağlamağa, dərdini yüngülləşdirməyə bu qəbirdən savayı yer tanımırdı. Sahibinin qəbrini köçürəmməsə, tək-tənha, kimsəsiz qalacaqdı. İt bunu fikirləşdikcə tükləri qabarıb qalxırdı. «...Dünyanın sonu budursa, niyə bir-birinizin qanını sorursunuz, ay allah bəndələri? Mən itəm, it ağlımla dərk eləyirəm ki, hər şeyin sonu, həddi torpaqdı, torpaqdan o yana həyat yoxdu. Niyə siz bunu insan ağlınızla dərk eləyəmmirsiniz? Çəpər-çəpər, kənd-kənd, ölkə-ölkə, sərhəd-sərhəd didişirsiniz, ay allah bəndələri?».

Üfüqdə yana-yana, allana-allana çıxıb gedən günəş qüssə və ayrılıq qoyub gedirdi.

* * *

– Deyir, rəhmətlik Əminənin qəbrini köçürəndə arvadın başını tapmayıblar, meyit də üzü qibləyə tərəf deyil, əks tərəfə qoyulubmuş.

– Heç Səltənətin meyitini yerli-dibli tapmayıblar. Bir həftədi sağı-solu qazıb tökürlər. Elə bil meyit yağlı əppək olub göyə çəkilib.

– Ə, eşitməmisiniz, deyir, Əliş xortdayıb gedib evinə, gecənin bir aləmi döyüb qapını, arvadı çıxıb eşiyə, ərini görən kimi qışqırıb özündən gedib. Məsinin gədəsi olardaymış – türmədən qayıdanı deyirəm. Deyir, elə Əlişin üçü günü qaş-gözlə alışıb verişiblərmiş. Sözüm onda deyil, arvadın qışqırığına tüfəngi götürüb çıxır. Əliş görəndə ki, iş o işdən deyil, götürülür. Gədə bir daraq gülləni qaranlığa boşaldır. Arvad səhərə yaxın ancaq özünə gəlib, ancaq dili açılmır ki, açılmır. Doqqazın ağzından qəbiristanlığın aşağı başınacan yol qan ləkəsidi, görünür, güllə tutub amma öldürməyib, qaçıb qurtarıb...

– Ə, bə bu gün Əlişin yeddisiydi axı... Vallah, indi ya-dıma düşür. Ora gedəniniz olmamışdı ki...

– Mən günorta üstü baş çəkdim. Baş çəkdim deyəndə elə çəpərin üstündəncə həyətə boylandım. Gözümə bir kəs dəymədi. Baş aça bilmədim nə məsələdi bu...

– Əlişin xortdaması xəbəri bütün kəndə yayılıb. Deyir, camaat gəlir, uzaqdan-uzağa baxır qayıdır, heç kəs həyətə girməyə ürək eləmir...

– Vallah, inanmağım gəlmir, ancaq xortdayıbsa, innən belə yuxu haram olacaq bizə...

– Səftər deyir ki, səhər obaşdannan bura gələndə gördüm, oturub qəbrinin başında çılpaq. Başını salıb aşağı, ovcunda torpağı ovub tökür. Bədənini də ağappaq tük basıb. Deyir, əvvəl-əvvəl görmürdüm. Hardan ağlıma gələrdi ki, Əliş xortdayıb çıxa bilər. Başımı aşağı salıb gedirdim. Qəfildən gözüm sataşdı. Qıçlarım tutuldu, istədim qayıdam, nə illah elədim ayağım torpaqdan aralanmadı. Deyir, nəfəsimi udub elə beləcə dayandım. Ovcunda torpağı ovxalaya-ovxalaya dodağının altında nə isə pıçıldayırdı. Sonra deyir, nə isə hiss eləyib birdən arxaya döndü, məni görən kimi kəfənini qapıb güllə kimi aradan çıxdı.

Bel-külüng səsləri öləziyəndə adamların danışığı eşidi-lirdi. Adamların səsi küləyin uzaqdan gətirdiyi səsə bənzəyirdi.

...Yerbəyerdən qazılıb köçürülmüş qəbirlərin arasında bir başdaşı ucalırdı. Yaxınlaşıb üstünü oxudu – Sultanzadənin qəbriydi. Sultanzadənin meyitini altı ay bundan qabaq Bakıdan gətirib dəfn eləmişdilər. Vəsiyyət eləyibmiş ki, öləndə kənddə basdırsınlar. Arvadı vəsiyyətinə əməl eləmək istəmirmiş. Mərhumun vəsiyyətini dostları yerinə yetiriblər.

Sultanzadə iyirmi yaşlarında bu kənddən çıxıb getmişdi, harda oxumuşdu, oxuyub nə olmuşdu, bunu bilmirdi. Böyüklərdən eşitdiyi buydu ki, Sultanzadə bu kəndin fəxridi, adı-sanıdı. Kənddə danışılanlardan onu da bilirdi ki, Sultanzadə yazıçıdı, alimdi, kitab yazırdı, adı-sorağı çox-çox uzaqlara yayılmışdı. Rayonda Sultanzadənin yaxın qohumlarından bacıları, dayısı uşaqları qalmışdı. Nə qədər ki, kişi sağ idi, işləri keçirdi, kəndə gələndə orda oturma, burda otur, onu yemə, bunu ye, day nə bilim pərvanə kimi başına dolanırdılar. Öləndən sonra kimə gərəkdi ki... Kişini basdıranda Bakıdan iki avtobus dolusu adam gəlmişdi. Qəbrinin üstündə bir mitinq olmuşdu ki, gəl görəsən. Rayonun bütün böyükləri tökülüb gəlmişdilər.

Dəfnindən sonra qonaqlar yığışıb ata yurduna getmiş-dilər. Ata yurdu da ki, qapısı bağlı. Yiyəsiz yurddan nə olasıdı ki... Uşaqların biri qaladan aşıb böyük darvazanı içəridən açmış, qonaqlar həyətə doluşmuşdular.

Sultanzadəni ilk dəfə bu həyətdə görmüşdü. Evin qən-şərindəki üzüm çardağının altında stol arxasında oturub nə isə yazırdı. O vaxta qədər elə bilirdi ki, kitab beləcə açıq-aşkar stol arxasında oturub yazılmamalıdı, kitab yazmaq qeyri-adi, müqəddəs, ilahi bir işdi və o iş mütləq gizli görülməlidi.

Həyətə neçə il idi ki, insan ayağı dəymirdi. Bu həyətin gur çağlarını görmüşdü, indi onu insansız təsəvvürünə gətirə bilmirdi.

Qonaqlar donub qalmışdılar. Gələnlərin çoxu bu evdə dəfələrlə olmuşdu, mərhumun sağlığında bu həyətin gur çağlarını görmüşdü.

Sultanzadənin arvadı da gəlmişdi. Qapqara paltarda əlləri qoynunda həyətin bir tərəfində donub qalmışdı. Elə bil o, bu evin sakini deyildi, başqaları kimi uzaq, yad bir adamın yasına gəlmişdi.

Qonaqlar iki-iki, üç-üç həyəti dolanır, sapsarı yarpaqlarla örtülmüş həyətdə mərhumun həyatı ilə bağlı nişanə axtarırdılar. Həyətdəki suyu çəkilmiş su daşı, daşın altındakı pas tutmuş vedrə, bir tərəfdə atılıb qalmış köhnə yovşan süpürgə, qapısı taybatay açılmış toyuq hini, yağışın yuyub apardığı torpaq təndir adamda qəribə bir qüssə oyadırdı. Sultanzadənin dayısı oğlanları, şəhərdə ərdə olan bacıları da həyətdəydilər.

Kənddə mərhumun evində kiçik də olsa bir süfrə açmaq lazım idi; bunu əvvəlcədən Sultanzadənin yeznələri, dayısı uşaqları fikirləşməliydilər. Qonaqlar uzaq yoldan gəlmişdilər. Mərhum adlı-sanlı bir adam idi, kəndin, tanış-bilişin, qohum-əqrəbanın çox işlərinə kömək olmuşdu. Başının tükü sanı bu adamlara yaxşılıqları keçmişdi. Dəfn son borcdu, bu borcu yerinə yetirmək bir belə adamın əlində su içmək kimi asan idi. Əvvəllər sağlığında Sultanzadə kəndə gəlməmişdən neçə gün qabaq sorağını alardılar, maşın tutub qabağına çıxardılar. Bir-birindən xəbərsiz neçə evdə qoyun kəsilərdi, süfrə açılardı. Qərəz kişini bir dəqiqə sakit buraxmazdılar, qaldığı beş gündə, bir həftədə doğma ev-eşiyini, ata-anasının dərdini-əhvalını so-ruşmağa vaxt tapmazdı. Tanış-biliş, qohum-əqrəba da ki, çoxdu, getməyəndə xətirlərinə dəyirdi, məcburdu heç birinin sözünü yerə salmasın. Uşaqlı-böyüklü bütün kənd Sultanzadəyə həsədlə baxardı. Amma Sultanzadə özünü bədbəxt hesab eləyirdi. “Elə bilməyin, - deyirdi, - kitab yazmaq, alim olmaq, uzaq şəhərdə yaşamaq xoşbəxtlikdi. İndi mən and içib aman eləsəm də siz buna inanmayacaqsınız. Ancaq inanın, düz sözümdü, əsil xoşbəxt sizsiniz. İnsan doğulub boya-başa çatdığı torpaqdan uzaqda heç bir şeydi. Kənddən çıxan gündən hər gecə yatağıma girəndə ilk ağlıma gələn bu olur ki, görəsən, haçansa, biryolluq doğma yerlərə qayıda biləcəyəmmi?».

Sultanzadə danışırdı, məclisdəkilər heyrətlə qulaq asırdılır. Sultanzadə danışarkən olduqca gücsüz görünürdü. Elə bil o, bu kəndin-kəsəyin dağdan ağır dərdlərini aşıran, açılmaz qapılarını açan bir şəxs deyildi, əlindən heç bir iş gəlməyən, dünyanın ən köməksiz və ən bədbəxt adamıydı. «Sizdən bir xahişim var, - deyirdi, öləndə məni bu torpaqda basdırın. Ömrüm qəribçilikdə keçdi, heç olmasa qoymayın qəbrim qəribçiliyə düşsün. Bir-iki ilə qayıdasıyam. Qayıdıb ömrümün qalanını burda yaşayacağam. Deyirəm, bəlkə əcəl aman vermədi, onda qoymayın məni qərib yerdə basdırsınlar».

Qonaqların Sultanzadənin həyətində donub qaldıqları həmin gün birdən-birə bu sözlər hardan gəlib yadına düşmüşdü?

Həyətin ortasında böyük daş çarhovuz vardı. Bunu Sultanzadə öz əllərilə düzəltmişdi. Həyətin bir tərəfini kəsib keçən balaca, ensiz çayın sahili boyu söyüd ağacları sıralanmışdı. Bunlar da Sultanzadənin öz əllərinin məhsuluydu. Həyətdə nar, armud, heyva acağlarının sayı-hesabı yoxdu.

Bura gələnlər həmişə Sultanzadəni bu həyətdə görmüşdülər. İndi adamlara elə gəlirdi ki, bu saat möcüzə baş verəcək, evin qıfıl vurulmuş qapıları birdəncə açılacaq və Sultanzadə ev paltarında eyvana çıxıb qonaqları qarşılayacaq. Qonaqlar gözləyirdilər, ancaq möcüzə baş vermirdi.

Sultanzadənin övladı olmurdu. Ər-arvad evlənmələrindən on il keçənədək gözləmişdilər, başa dü-şəndə ki, daha uşaqları olmayacaq, uşaq evindən körpə bir qız götürüb saxlayırdılar. Qonşular Sultanzadənin uşaq götürüb saxladığını bilirdilər. Uşağın qulağına çatmasın deyə evlərini də dəyişməyə məcbur olmuşdular.

Sultanzadə bu qızı canından artıq istəyirdi. Qız da onu dəlicəsinə istəyirmiş... Qızı yağ içində böyrək kimi böyüt-müşdülər. Qız da ki, nə qız – dünya maralı, baxan bir də dönüb baxmaq istəyirdi.

İyirmi yaşına kimi xəbər tutmamışdı. Ancaq bir gün... qohum-qonşulardan kimsə, nə məqsədləsə bu sirri qıza açmışdı. Bunu kimin elədiyini Sultanzadə ölənəcən bilməmişdi. O da bilinməmişdi ki, qız bu xəbəri niyə belə dəhşətlə qarşılamışdı. Burda Sultanzadənin nə günahı ola bilərdi ki... Uşaq evindən körpəcə bir qızcığazı, əslini-nəslini tanımadığı bir uşağı iyirmi il əllərinin içərisində böyütmüşdü, o eləməsə də başqa birisi eləyəcəkdi bunu, bəlkə də yiyə duran olmayacaqdı, uşaq evində atasız-anasız böyüyəcəkdi. Pislikmi eləmişdi?! Öyrənib-biləndən sonra da qız heç nəyi üzə vurmamışdı. Qızın əhvalatı başa düşdüyünü Sultanzadə özü hiss eləmişdi, o da üzə vurmamış, özünü bilməməzliyə qoymuşdu. Ancaq bir axşam Sultanzadə işdən dönəndə qızı evdə görməmişdi – yazı stolunun üstünə bir məktub qoyulmuşdu. Qız evdən getmişdi. Bu əhvalatdan sonra Sultanzadə birdən-birə qocalmışdı.

Axşam dəfnə gələn qonaqlar qatarla qayıtmışdılar. Sultanzadənin arvadı isə qayıtmamışdı, o gecəni təmtəkcə kimsəsiz yurdda qalmışdı, otağın işığını yandırmadan səhəri dirigözlü açmışdı. Üç otağıydı və otaqların birinin açarını həmişə cibində gəzdirərdi. Bu Sultanzadənin şəxsi otağıydı, arvadı bu evə gəlin gəlmişdi. Gəlinlik cehizi – köhnə qədim pianodan tutmuş bufetin qab-qacağınacan qurulu necə vardısa qalırdı, evin bir çöpünə də toxunulmamışdı. Arvadının bir cüt xalçası divardan asılmışdı. Sultanzadə Bakıdakı evinin əşyalarını qab-qaşığına kimi təzədən alıb yığmışdı. Və Sultanzadənin anası bu otağın qapısını ən əziz qonağa belə açmazdı.

O gecə qohum-qonşunun təkidinə baxmayaraq Sultanzadənin arvadı evdən çıxmamıdı. Baldızları da nə illah eləmişdilərsə, onu razı sala bilməmişdilər; nə bir yana getmiş, nə də bir kimsənin yanında qalmağına razı olmuşdu. «Əl çəkin məndən, - demişdi, - qoyun öz dərdimi dərd kimi özüm çəkim. Sabah cəhənnəm olub gedəcəyəm, sonra o ev, o da siz, bir çöpü də gərəyimə deyil. Ancaq bu gecəlik məni sakit buraxın. O bircə qardaşınızın qəbrinə and verirəm, mənim bu gecəmə toxunmayın». - Bu sözdən sonra baldızları dinməz-söyləməz çəkilib getmişdilər.

O gecə Sultanzadənin arvadı səhərə kimi yatmamışdı. Səhərə kimi pəncərənin qabağında dayanıb gözlərini qaran-lıqdan çəkməmişdi. Səhərə kimi aran çayının səsinə qulaq asmışdı və bu bir gecədə Sultanzadə ilə keçirdiyi otuz beş illik ömrünü təzədən yaşamışdı; otuz beş illik ömür çayın, suyun səsinə qarışıb bir gecədə ömründən təzədən axıb keçmişdi.

Səhərisi gün onu qəbiristanlıqda görmüşdülər. Günün gözü əyilənəcən Sultanzadənin qəbrinin üstündə oturub səssiz-səssiz ağlamışdı. Sonra isə hayana çıxıb getdiyini bilən olmamışdı. Elə bil arvad yağlı əppək olub göyə çəkilmişdi. Ancaq gecələr Sultanzadənin qəbri üstə xırdaca yovşan dəstələri qoyulardı. Bunu kimin gətirib qoyduğunu heç kəs bilmirdi. Ancaq qəbrin üstə düşən ləpirlər Sultanzadənin arvadının ayaq izlərinə bənzəyirdi. Bir müddət sonra qəbrin üstündən yovşan dəstələri də yığışdı – Sultanzadənin qəbri beləcə unuduldu.

Qazılıb meyitləri köçürülmüş vahiməli qəbir çuxurlarının əhatəsində biləkdən azca uzun başdaşı vurulmuş uşaq qəbri qalmışdı. Üstündə ad-filan, tarix yazılmamışdı. «Görünür, az yaşayıb, lap az, bəlkə qırx gün, bir ay, bəlkə də lap az. Görən niyə bəs başdaşına bir şey yazılmayıb? Bəlkə az yaşadığı üçün özlərinə dərd eləmək istəməyiblər. Eləcə adsız-ünvansız torpağa tapşırıblar? Bəlkə də torpağa beləcə adsız basdırılmağın nə isə gizli bir səbəbi var?».

Başını qaldıranda uşağı qarşısında gördü. Uşağın üst-başı torpağa elə bulaşmışdı ki, yerdən güclə seçilirdi. «Bəlkə uşaqdan soruşsun, görən bilərmi? Hardan biləcək, körpə uşaqdı, bu az yaşında bir belə qəbrin hansı birisini tanısın?».

Uşaq onu gözləmədən:

– O mənim qardaşımdı, - deyir, - yeddi qurbanla tapmışıq. Onun qəbrini uçursan, mən qardaşsız neyniyə billəm? - deyir və üzünü çevirib harasa qeyb olur.

Yadına düşür. Yeddi qurbanla tapılmış bu uşağın taleyi ona tanışdı. Yadındaydı, qırx gün ona ad qoyulmamışdı. Qırxı tamam olan günü uşağın ilk qurbanı kəsilmiş, həmin gün dayısı uşağın adını Məzahir qoymuşdu. Səhəri gün isə uşaq tələf olmuşdu.

Qırx gün! Cəmisi qırx gün! Ömrə bir bax? Qırx gündən ötrü dünyaya gəlmək... Dünyanın suyundan, bərəkətindən, havasından qırx gün dadmaq. Cəmisi qırx gün! Buna ömürmü demək olar,həyatmı demək olar, fələk? Doqquz ay bətnində uşaq gəzdirəsən, doqquz ay həsrətlə, qorxuyla övlad yolu gözləyəsən, ancaq qırxca gün yaşaya, vəssəlam. Qırx gündən sonra onu əzizlədiyin əllərinlə aparıb torpağa tapşırasan. Qırx gündən sonra onu evə, ailəyə bağlayan nə varsa, özün öz əllərinlə məhv eləyəsən. Sən bir ömrə bax, fələk? Qırx gün!..

O yeddi qurbanın yeddisini də kəsmişdilər. Düz yeddi il hər dəfə qurban kəsiləndə anası körpənin qəbri üstə pay gətirmişdi. Düz yeddi il o qəbir – qırx günlük körpənin qəbri əzizlənmişdi. Yeddi ildən sonra isə yavaş-yavaş unudulmuşdu.

Bəs niyə uşaq bu qəbri qardaşınınkı hesab eləyir? Axı dəqiq bilir ki, bu onun qardaşı deyil. Bəlkə qəbrini uçurtmamağı xahiş elədiyi qadın da anası deyil, tamam yad, uzaq bir adamdı. Bəlkə də anasıdı. Axı, bunu necə bilmək olar?

Uşağa bu barədə işarə vursan, onsuz da kövrək olan qəlbinə xal düşəcək. İnanırsa, qoy inansın... Axı həyat elə çoxları üçün yalandı, aldanışdı. İnsan bir şeyə inanıb təsəlli tapa bilirsə, bu özü həyatdı, ömrün, həyatın puçluğuna etirazdı. Qoy necə düşünür, düşünsün, təki bununla təskinlik tapsın, təkliyini, yetimliyini unuda bilsin.

Qəbiristanlığın yuxarı başına keçib çayın sahilinə endi. Uzaqdan baxanda adamın ağlına belə gəlməzdi ki, belə isti, bürkülü yerdən çay axa bilər.

Yazqabağı dağlarda qarlar əriyəndə çay daşar, qəbiris-tanlığın yuxarı tərəfi suyun altında qalardı. O zaman camaat elliklə tökülüb gələr, çayın sol sahili boyu bənd atardılar. Ancaq gələn yaz sel bəndi təzədən yuyub aparar, qəbiristanlığın yuxarı tərəfi suyun altında qalardı. Yazqabağı suların kükrəyib qalxdığı o çağları xatırlayanda inanmaq olmurdu ki, bu həmin çaydı.

Çayın yatağındakı balaca gölməçələrdə su həddən artıq qızdığından qurbağalar çıxıb sahilin gün tutmayan künclərinə çəkilmişdilər. Qurbağaların dəriləri qupquru qurumuşdu, istiyə, bürküyə, susuzluğa dözə bilmirdilər, günün dönməyini gözləyirdilər ki, suyun istisi çəkilsin, girib dərilərini islatsınlar.

Qalxıb çay aşağı getməyə başladı. Bilirdi ki, bu çay aran düzlərini keçib dolana-dolana, burula-burula gedib Kürə qovuşur. İndi çayın dibinə baxdıqca qurumuş torpaqda səssiz-səssiz axan suyun izini görürdü. İllər uzunu suyun altında qalan bu torpaq indi günəşin hərarətinə dözə bilmirdi.

Çayın yaxasıyla ensiz cığır uzanırdı. Cığırı tutub gedirdi. Qarşıda bir dəstə adam çayın kənarında durmuşdu. Yaxınlaşanda gördü ki, Həlimə qarı qucağında qara-qara daşlar çayın içərisinə düşüb gölməçədəki suyla daşları yuyur. Uşaqları yuxarıda dayanıb ağlaşırdılar.

Həlimə qarı qucağındakı daşları böyrünə yığmışdı. Gölməçənin isti suyunda daşları oxşaya-oxşaya yuyur, sonra tumanının ətəyiylə, əynindən cırıb çıxardığı çit qoftasıyla silirdi. Arvad bu işi elə ehtiyatla görürdü ki, deyirdin oğlunun meyitini yuyur.

Çayın yatağındakı gölməçənin dibi lil olduğundan su bulanmışdı və Həlimə qarı daşları lilli suda yuyurdu.

Dözə bilmədi, üzün çevirib qəbiristanlıq səmtə getdi. Bayaq Həlimə qarını qəbiristanlığın içərisində görmüşdü və qarının qəhqəhələri indi də qulaqlarıdan çəkilib getmək bilmirdi.

Adamlar bayaqkı kimi işləyirdilər. İsti olduğundan tər dabanlarından süzülüb gedirdi. Pal-paltarları suyun içindəydi. Əlləri, sir-sifətləri tərdən, torpaqdan yapışqana dönmüşdü...

... İt ağzında sahibinin kəlləsi təzə qəbiristanlıq yerinə qaçırdı. Bayaqdan bəri bu yolu aşağı-yuxarı o qədər qaçmışdı ki, tamam əldən düşmüşdü. Bir anlığa dincini almaq üçün sümüyü yerə qoyanda dili ağzından bir qarış çıxırdı.

«...Niyə insanlar yaxınlarının, əzizlərinin qəbrinin yol altında qalıb unudulmasına dözə bilmirlər? Axı onsuz da bu köçürülən qəbirlər haçansa unudulacaq, haçansa dağılıb, ovulub torpağa qarışacaq, izi-tozu büsbütün itəcək. Axı, bu dünyanın yaşını hələ heç kəs bilmir... İnsan niyə belə yazıqdı, nə vaxta qədər taleyin əlində oyuncaq olacaq? Nə vaxta qədər insan özünün gücsüzlüyünü, acizliyini dərk eləməyəcək? Nə vaxtacan dərk eləməyəcək ki, o bir heçdi, dünyanın milyon illik yaddaş salnaməsində qum zərrəsindən də kiçikdi. Görəsən, bu qəbiristanlıqda əlləşib vuruşan, doğmalarının qəbirlərini söküb təzə qəbiristanlıq yerinə aparan bu insanlar fikirləşirmi ki, on ildən, on beş ildən, lap uzağı otuz ildən sonra onların da yeri təzə qəbiristanlıqda olacaq, bir vaxt köçürdükləri qəbirlərlə qonşu düşəcəklər. Onların da qəbirlərinin üstündə bu başdaşılarından seçilməyən daşlar olacaq, onların da yanından keçəndə doğum-ölüm tarixlərinə baxıb, ömrün, həyatın puçluğunu, mənasızlığını xatırlayıb başlarını bulayacaqlar...».

Bel-külüng səslərinin ahəngi altında işləyən bu adamların sifətində, çöhrəsində o hissi, duyğunu görmürdü. Geyimi, əyin-başı, sir-sifətləri torpaqdan seçilməyən bu adamlar həyata o qədər bağlıydılar ki, inana bilmirdi, onlar insandı və nə vaxtsa onların ömrünün sonu, nəhayəti olacaq.

Camaatın arasında iyirmi-iyirmi iki yaşlarında bir qız da vardı, geyimindən bura adamına bənzəmirdi, görünür, qəbiristanlıq əhvalatını eşidib yaxınlarından, qohumlarından kiminsə qəbrini köçürmək üçün gəlmişdi. Ancaq qəbirlərin arasında ora-bura vurnuxur, deyən axtardığı başdaşını tapa bilmirdi. Qızın bir suyu ona şirin gəlirdi, elə bil hardasa gör-müşdü. Qəfildən yadına düşdü: Sultanzadənin uşaq evindən götürüb saxladığı qız idi. Sultanzadənin evində bu qızın uşaqlığını görmüşdü. Aradan bu qədər vaxt keçsə də, qız boy-buxununda, hərəkətlərində uşaqlıq illərinin cizgilərini qoruyub saxlayırdı.

Qız səhərdən bəri əlindəki balaca çınqılla bir-bir qəbi-ristanlıqdakı başdaşılarını döyəcləyib sonra qulağını daşa söykəyirdi. Elə bil torpağın altında yatan diriydi, onun başdaşını döyəcləməsini eşidəcəkdi, səsinə səs verəcəkdi.

Qızın hərəkətlərindən hiss olunurdu ki, Sultanzadənin evindən çıxan gündən bəri (o vaxtdan iki il keçirdi) əsl atasını axtarır və qəbiristanlıq yerinə gəlib çıxması onu göstərirdi ki, atasını axtarmaqdan yorulmayıb və tapmasa, qalan bütün ömrünü də bu işə sərf eləyəcək. Ancaq qızın nə üçün anasını deyil, yalnız atasını axtarması sirr idi, bəlkə də özünün taleyində günahkar anasını bilməyindəndi.

«...Görən qızı uşaq evindən götürüb saxlamış, iyirmi il atalıq eləmiş Sultanzadənin vətəninə nə çəkib gətirmişdi. Qız niyə atasını bu qəbiristanlıqda axtarırdı. Nəyə görə ona elə gəlirdi ki, atasının qəbri bu unudulmuş qəbirlərin arasında ola bilər. Bu yuxudamı ayan olmuşdu, ürəyinəmi dammışdı, yoxsa kimsə xəbər vermişdi qıza?.. Qəbirləri dönə-dönə axtarmasından hiss olunur ki, onu dünyaya gətirən insanın sümüklərinin bu qəbiristanlıq yerində olduğuna qəti inanır...».

Səhərdən bəri qəbiristanlıqda böyüklü-kiçikli atasını soruşmadığı adam qalmamışdı. Qabağına çıxana tanıdı-tanı-madı:

– Mənim atamın qəbrini tanımırsınız? - deyirdi.

Adamlar başlarını bulayırdılar.

– Bilirsiniz, atam ucaboylu, qarayanız bir adamdı. Qaşının üstündə çapığı vardı. Üzü, gözləri eynən mənimki kimi olub. Özüm neçə dəfə yuxumda görmüşəm.

Qızı tanımayanlar:

– Atanın adı nə idi? - soruşurdular.

– Adını bilmirəm, - deyirdi, - təkcə nişanələrini xatırlayıram. - Qız atasını yuxuda görərkən yadında saxladığı nişanələri sayırdı.

Ancaq gördüm deyən yox idi, heç kəs o nişanədə adam tanıdığını xatırlamırdı.

Qız qəbiristanlıqdakı adamların onun atasını tanıma-dıqlarını yəqinləşdirəndən sonra daha heç kəsdən heç nə soruşmadı, təzədən əlindəki çınqılla başdaşılarını döyəcləməyə başladı. Başdaşını döyəcləyəndən sonra qulağını daşa söykəyib dinşəyirdi, ancaq yerin təkindən səs, hənir gəlmirdi. Qəbirlər inadla susurdular. Ancaq qız ruhdan düşmürdü, başdaşılarını döyüb dinşəməkdən yorulmurdu və inanırdı ki, atasının qəbrini tapsa, mütləq torpağın altından onun səsini eşidəcək, atası mütləq ona hay verəcək.

– Get, təzə qəbiristanlıq yerinə də bax, bəlkə atanın qəbri ordadı, köçürüblər. - Bayaq atasının qəbrini soruşduğu qoca, beli bükülmüş kişi dilləndi.

Ancaq qız təzə qəbiristanlıq yerinə getmədi, çünki inanırdı ki, onun atasının qəbri unudulmuş qəbirlərin arasında olmalıdı, atası tək-tənha, kimsəsiz qalmalıdı. Və bu unudulmuş qəbirlərdə yatanların taleyi onun atasının taleyinə bənzəməlidi, ona görə heç cür burdan aralanmaq istəmir, eyni qəbirlərin üstünə dönə-dönə gedir, başdaşını çınqılla döyüb dinşəyirdi.

Sultanzadənin qəbrinə çatanda dayandı. Qız onun öldüyünü bilsə də, qəbrini görməmişdi, ancaq bilirdi ki, Sultanzadə bu qəbristanlıqda basdırılmağını vəsiyyət eləyib. Qız Sultanzadənin qəbrini köçürülməmiş qəbirlər arasında görəndə təəccübləndi, çünki ömrü boyu xeyirxahlıq eləmiş belə bir insanın qəbrinin unudulacağına inanmırdı.

Ancaq qız Sultanzadənin başdaşını döymədi, uzun müddət qəbrin önündə dayanıb durdu, sonra özü də hiss eləmədən qəbrin üstünə çökdü. Qız Sultanzadənin evindən çıxıb getdiyi gündən bu yana iyirmi il ona atalıq eləmiş bu insana qarşı içərisində hansı hisslər gəzdirdiyini özünə də izah eləyə bilmirdi. Bu hisslər nə nifrətə bənzəyirdi, nə də sevgiyə. Burası ona məlum idi ki, Sultanzadəni görmək, onunla üz-üzə gəlmək istəmirdi. Onun varlığını unutmaq istəyirdi, taleyin amansızlığı ucundan həyatına daxil olmuş bu insandan uzaqlaşmaq istəyirdi.

Ancaq indi qəbrini görəndə birdən-birə Sultanzadəyə qəlbində mərhəmət hissi duydu. Ömrünün erkən çağlarını xatırladı. O illəri xatırladı ki, ayağı təzə-təzə yer tuturdu, Sultanzadə hər axşam əlindən tutub dənizin kənarına gəzməyə aparırdı. Kövrəldi, gözləri doldu, ancaq özünü saxlaya bildi, ağlamadı.

Qız özünün sadəlövhlüyünə inana bilmirdi. Bu iyirmi ildə Sultanzadənin onun atası olmadığını hiss eləmədiyinə heç cür inana bilmirdi. Bir vaxt qəlbində, varlığında Sultanzadənin tutduğu yer çoxdan boşalmışdı və bu boşluq daha onu ağrıtmırdı.

Bəs niyə kövrəldi, niyə gözləri doldu? Axı niyə, niyə? Və qız birdən-birə dərk elədi ki, Sultanzadəni özündən tamam qova bilməyib, keçmişindən qova bilməyib və bəlkə heç zaman yaddaşından çıxara bilməyəcək...

* * *

Axşam tərəfi qız artıq büsbütün ümidini itirmiş halda bu başdaşından o biri başdaşına yüyürürdü. Bir azdan qəbiristanlığın uçurulacağını bildiyindən tamam başını itirmişdi. Daha bayaqkı kimi dayanıb səbirlə başdaşılarını döyməyə, sonra da qulağını daşa söykəyib dinşəməyə vaxt qalmırdı, eləcə ağzını başdaşına tutub qışqırırdı:

– Ata! Ata!

Qızın səsi daşa dəyib qayıdırdı, əks-səda verirdi, ancaq əbədi yuxuya getmiş qəbirlərdən səs-hənir gəlmirdi; daşlar inadla susurdular. Bu qəbri buraxıb o birinə yüyürürdü, fırfıra kimi qəbirlərin arasında fırlanırdı.

– Ata! Ay ata! Ataaa!!! - Elə qışqırırdı ki, eşidənin tükü ürpəşirdi.

Tanıyan olmasaydı, onu dəli zənn eləyərdi.

Sonra səs birdən-birə kəsildi, qız harasa qeyb oldu.

* * *

İlkindi vaxtı Çolaq Səftər işini qurtarıb köhnə qəbi-ristanlıq yerinə gəldi. Bütün günü əlləşməkdən it kimi yorulmuş adamlar yerbəyerdən Səftərin üstünə düşdülər.

– Rəhmətliyin oğlu, bu dərinliyində qəbir qazarlar, sən qazmısan? Day meyiti eşib çıxaranacan anadan əmdiyimiz süd burnumuzdan gəldi.Adam bir iş görəndə sonrasını fikirləşməz ki, işdi-şayət yerə quyladığımı çıxarası olsam, neyləməliyəm...

Çolaq Səftər:

– Ə, mən neyniyim, - dedi, - indiyəcən heç olmuşdumu ki, qəbiristanlığı bir yerdən başqa yerə köçürəsən. Ə, Oruc əmi, sənin yaşın doxsanı keçib, heç bu doxsan ildə görmüsənmi ki, qəbiristanlığı köçürsünlər.

– Yox, Səftər, balalarımın canı üçün görməmişəm. Mən o Nikolayın qan-qan deyən vaxtlarını görmüşəm. Kişi gərək sözün düzünü danışsın, onda da belə şeylər yox idi. Atam balası, qəbiristanlığı da köçürərlər...

– Mən bilmirəm, nə deyib köçürürlər axı bu qəbiris-tanlığı, - geyimindən bura adamına oxşamayan birisi dilləndi.

– Əşi, nə bilim, deyirlər plana düşüb. Bilmirsən ki, Sovet hökumətində hər şey plannandı...

– Necə yəni plana düşüb. Plan bəyəm zənbillə göydən-zaddan gəlir? O planı tutan insan döyül? Kağız, qələm onun əlində döyül? Planı tutanda bu yolu qəbiristanlığın böyrüylə, lap bir az aralı çəksə, başına daş düşər onun?

– Ay atam, bunu mənə niyə deyirsən, get hökumət başçılarına de də.

– Hökumət başçıları məni eşidir bəyəm? Bütün bu bəlaları törədən elə hökumətin başında oturanlar döyül? Əgər hansı bir nadan deyibsə ki, qatıq qaradı, qatığın ağ olduğun sübut eləməyə çalışsan, vay sənin halına. Bütün ömrün gedəcək, ancaq adicə bir şeyi sübut eləyə bilməyəcəksən. Rəhmətliyin oğlu, nəyi qoyub nəyi axtarırsan.

– Heç olmasa, camaat yığışıb gedəydi, deyəydi ki, a kişilər, ölülərin ruhuyla oynamaq olmaz. Nə vaxta kimi kabinetdə oturub əmr, göstəriş verəcəksiniz. Bir gəlin bu kəndə baxın, bu kəndin qəbiristanlığına baxın, sonra papağınızı qabağınıza qoyub fikirləşin ki, neyləyirsiniz...

– Boş söhbətdi, - Oruc əmi dedi. - Bir mənim saçlarıma bax, ay oğul, bircə qara tük tapmazsan. Mən dünyanın hər üzünü görmüşəm, fikirləşirdim ki, ahıl adamam, daha məni heç nəylə təəccübləndirmək olmaz. Ancaq demə, səhv eləyirmişəm, yanılırmışam, bu dünyada hər şey olarmış.

– Axı bu nə təhər işdi... Yuxarıdan hansısa qərar, ya göstəriş verilir, bir qədər keçəndən sonra məlum olur ki, bu səhvmiş, kökündən yanlışmış, ölkəni uçuruma aparırmış. Mən indiyəcən bir dəfə görməmişəm ki, yuxarıdan ağıllı bir qərar verilsin. Nə vaxta qədər belə olacaq.

– Sənin sözünün qüvvəti, qərar verəndə bir camaatın ağzını arayırlar ki, bəyəm görsünlər onların ürəyincədi, ya yox? Bir fikirləşirlərmi ki, ayə, bu qərarı axı biz daşa, torpağa verməmişik, adamlardan ötrü vermişik, onlar bundan narazıdırlarsa, day onda bu qərar nədən ötrüdü, kimdən ötrüdü...

– Elədi, qardaş, elədi, bax indi bu kənddə ağlı kəsən uşağından tutmuş ahılınacan kimdən soruşsan ki, bu qəbiris-tanlıq məsələsinə necə baxırsan, hamısı daş atıb başını tutacaq. Çünki haqsız qərardı.

– Haqsız yox ey, vicdansız qərardı...

– Vallah, adam bilmir başını götürüb hara getsin bu dünyadan. Nə ölüyə rahatlıq var, nə diriyə...

Bayaqdan bəri göyün başgicəlləndirən dərinliklərindən mat-mat insanları süzən qartallar uçub getmişdilər. İndi aydın səmada özgə bir canlı gözə dəymirdi.

...Sümsük it ağzında sahibinin sümükləri qəbir çuxur-larının arası ilə qaçırdı. Ağzında tutduğu sümüyü təzə qəbiristanlıq yerində qazdığı çuxura qoyur, təzədən geri qayıdırdı. Nə vaxtdan bəriydi ki, sahibinin sümüklərini bir-bir ağzındaca təzə qəbiristanlıq yerinə daşıyırdı. İt böyür-başında qan-tər içində işləyən adamlara məhəl qoymadan göz qırpımındaca gedib qayıdırdı.

...Bir dəstə adam dövrələmə dayanıb gendən-genə Əlişin xortdayıb çıxdığı qəbir çuxuruna baxırdılar. Adamların baxışlarından sir-sifətlərindən bir-birindən gizləmək istədikləri qorxu boylanırdı. Dövrəsində dayansalar da, heç kəs Əlişin qəbir çuxuruna yaxınlaşmağa cürət eləmirdi. Qəbrin torpağı da, yanı da üstə düşüb qalmış başdaşı da nə isə sirli idi, vahiməliydi.

Əlişin qəbrindən çıxan torpağın üstündə barmaqların yeri aydınca bilinən yalın ayaq izləri vardı və bu ayaq izləri içəridən başlayaraq qəbrin başına dolana-dolana təzədən qəbrin içərisinə qayıdırdı. Hamıya elə gəlirdi ki, Əliş xortdayıb çıxsa da, təzədən qayıdıb qəbrin içərisində gizlənib, ona görə də heç kəs yaxınlaşmağa ürək eləmirdi.

Ağzında sahibinin ayaq sümüyü təzə qəbiristanlıq yerinə tələsən it bu mənzərədən durdu, sümüyü yavaşca yerə qoyub qəbir çuxurunun başına toplaşan, üzündə, baxışlarında qorxu, təlaş gəzdirən bu adamlara baxdı, baxdı. Ancaq bir şey anlamadı, təzədən yerə qoyduğu sümüyü ağzına alıb qəbir çuxurunun başına toplaşan adamların yanından sivişib təzə qəbiristanlıq yerinə baş aldı.

Bir az bundan qabaq qəhqəhə səsi qəbiristanlığı başına götürən Həlimə qarı indi qucağındakı daşlara layla çalırdı. Arvad daşın birini götürüb o birini qoyurdu. Qarının səsi su səsi kimi qəbiristanlığın üstüylə axıb keçirdi. Bu səsdə elə bir həzinlik, kövrəklik vardı ki, sanki qarı layla çalmırdı, ağı deyib ağlayırdı.

...İlantutan ovsun oxuya-oxuya qəbiristanlığın içərisilə dolaşırdı. Ağzını çataqlayıb heybə kimi çiyninə atdığı salafan torbalarda ilanlar bir-birinə elə sarmaşmışdılar ki, deyirdin bir baş bir bədəndilər. Daha bayaqkı kimi nazik, tükürpədici səslərlə mələşmirdilər. Üstlərinə şaxıyan günəşin istisindən, ağzı bağlı torbanın havasızlığından tamam solmuşdular. Və ilantutanın son ilanı da yuvasından çıxarmaq üçün oxuduğu ovsun onlara bürkünü də, havasızlığı da unutdurur, dəlicəsinə məst eləyirdi.

İlantutan qəbiristanlığın yuxarı başına çatıb dayandı. Bayaqdan bəri neçə dəfə ovsun oxuya-oxuya qəbiristanlıq yerini fırlanmışdı, ancaq daha ilan gözə dəymirdi. Çiynindəki ilan dolu salafan torbaları yerə qoydu, iri, yastı bir daşın üstündə oturdu. Qolsuz köynəyi tamam su içərisində idi. O baş bu başa fırlanmaqdan tamam yorulub əldən düşmüşdü.

Qəbiristanlığın hər daşına, hər ilan yuvasına bələdiydi; on ildən yuxarıydı ki, hər yayda yoldaşıyla buraya gəlir, ovsun oxuya-oxuya ilanları yuvalarından çıxarıb tuturdu. Ötən yay hansısa ilan yoldaşını kürəyindən çalıb öldürmüşdü. İlan elə hirslə çalmışdı ki, yarımca saat keçməmiş, yoldaşı gözlərinin qabağındaca gömgöy göyərmişdi. Günün günorta çağı gözlərinin qabağında solub getməkdə olan yoldaşına baxa-baxa qalmışdı, heç nə eləyə bilməmişdi.

İlk dəfəydi ki, bu qəbiristanlığa təkcə gəlirdi. Yoldaşını ilan çalıb öldürəndən ürəyi peşəsindən sınmışdı. Qəbiristanlığın köçürülməsi xəbərini eşitməsəydi, bəlkə heç gəlməyəcəkdi.

İlantutan özündən xəbərsiz dodaqlarının altında ovsun oxuyurdu. Ovsun oxuyanda hər şey gözlərində dumana bürünürdü, keçmiş-gələcək yaddaşında bir-birinə qarışırdı. İlantutan oxuduqca yüngülləşirdi, yorğunluğu ovsun səsinə qarışaraq hiss olunmadan canından ayrılıb gedirdi.

Bir də başını qaldırdı ki, bir cüt körpə ilan balası gəlib ayaqlarının altındaca durub. İlan balalarının xırda gözləri elə duru, elə təmiz idi ki, onlara yazığı gəldi. Ovsun səsindən ağıllarını itirmişdilər, o səsdən savayı heç nə eşitmirdilər. Səsini kəsdi ki, bəlkə ilan balaları özünə gələ, çıxıb gedə. Ancaq ovsundan xumarlanmış ilan balaları xırda, duru gözlərini ona dikib dururdular.

Bir xeyli beləcə gözlərini körpə ilanların gözlərindən çəkmədən dayanıb baxdı. Sonra qalxıb salafan torbaları çiyninə aşırdı, yola tərəf baş aldı.

Hava isti olsa da, çiynindəki salafan torbalara yığdığı ilanlar soyuq idi və bu soyuqluğu qanında, damarlarında hiss eləyirdi.

On-on beş addım atmamış dönüb arxaya baxdı; ilan balaları sürünə-sürünə ardınca gəlirdi. İlanları azdırmaq üçün addımlarını yeyinlətdi. Ta şəhərə gedən daş yola çıxana qədər arxaya çevrilmədi.

* * *

...Buldozerçi çevrilib qəbiristanlıq boyu gəldiyi yola boylandı. Bilirdi ki, bu qəbirlərə, qəbir daşları üzərindəki yazılara sonuncu dəfə baxır, bilirdi ki, bu qəbirlərdən həmişəlik ayrılır və bir az sonra bu qəbirlər yerlə-yeksan olacaq, bir az sonra bu unudulmuş adamları yer üzünə bağlayan son izlər, son nişanələr büsbütün silinəcək.

«...Qəbirlər də insanlar kimiymiş, onların da yetimi, yiyəsizi varmış, atalı-analısı varmış, xoşbəxti-bədbəxti varmış». - Çala-çala çuxurların arasında dikələn başdaşılarına baxa-baxa düşünürdü.

Hava cəhənnəm kimi istiydi. Gün vurduqca əlləşməkdən sızıldayan sür-sümüyü yumşalır, dəli bir mürgü gözlərində, bəbəklərində oynayırdı. Bel-külüng səsləri çox uzaqdan gəlirdi ona. Və bu səs sehrmiş, ovsunmuş kimi yaddaşında olan hər şeyi qovub çıxarırdı. Başının altına bir daş parçası qoyub uzandı.

Lap yaxınlıqda qəbir yeri qazırdılar. Səsini tanımadığı birisi danışır, o biri qaza-qaza qulaq asırdı.

– Hə, onu deyirdim axı, dünən gecə rəhmətlik gəlmişdi yuxuma, deyirdi, ay oğul, bu qəbri köçürəndə bəs baxmadın ki, saqqalımı götürmüsən, ya yox? Çaş-baş qaldım, bilmədim nə cavab verəm. Dedi, ay oğul, məni bu ahıl çağımda xəcalət eləmə, ayıbdı, saqqalsız adam arasına çıxa bilmirəm, gör harda qoymusan mənim saqqalımı, tap gəlir. Səhər gəlib qəbir yerini ələk-vələk eləmişəm, çürük kəfən əskisindən başqa gözümə heç nə dəyməyib. Fikirləşdim ki, orda saqqalmı tapmaq olar, on il bundan qabaq qoyulubdu torpağa. Dedim, kişinin ruhu tutar uşaqları, gedim Molla Məhəmmədə bir Quran oxudum. Ancaq elə həmin gecə kişi yenə gəlib girdi yuxuma və bu dəfə dişinin dibindən çıxanı dedi mənə. Dedi, sənə söz tapşırmışam, iş buyurmuşam ki, yerinə yetirəsən, day deməmişəm ki, yersiz yerə ruhuma dua oxutdurasan. Dözəmmədim, obaşdannan bir də gəlib qəbir yerini töküb-töküşdürdüm. Saqqalı topasıynan yuxuda kişinin nişan verdiyi səmtdən tapmışam. İndi bu hadisədən sonra yuxum büsbütün çəkilib, heç cür özümü ələ alıb rahatlıq tapammıram, az qalıram dəli olam. Bunu mənə bir başqası danışsaydı, ələ salardım, gerçəkdən güman eləyərdim ki, yəqin başı xarab olub, ağlı üstündə deyil. Ancaq bədbəxt-likdən bu əhvalat öz başıma gəlib...

– Cəfərə xəbər eləyəmmədik, gəlib anasının qəbrinə yiyə dursun. Qayıdıb qəbiristanlığı yerlə-yeksan görsə dəli olacaq yazıq. Day neynim, bir həftə bundan irəli vurduğum teleqrama cavab alammadım. Srağagün gedib təzədən zəng eləmişəm Bakıya, iş yerinə, deyiblər hansı şəhərəsə ay yarımlıq məzuniyyətə gedib. Qalmışam odla su arasında. Bir anasının qəbrinə görə bizləri yad eləyirdi, qəbir itəndən sonra ayağı tamam yığılar buralardan.

– Heç olmasa, təzə qəbirləri köçürəydik gərək. Eləsi var ki, hələ meyiti soyumayıb...

– Əşi, birdi, ikidi, hansını köçürəsən...

– Sultanzadənin qəbrinə nə deyirsən, ona ki, gücümüz çatardı. Axı, bir vaxt gələcək, bunu eləmədiyimiz üçün başı-mıza döyəcəyik.

– Vallah, mənə qalsa, bu işi boynuma götürərdim, nə çətin şeydi ki, iki nəfər cavanla bir təhər yoluna qoyardım, ancaq məni yandıran budur ki, bu bədbəxtin qohum-əqrə-balarından bircə nəfərin yadına düşmür ki, qəbiristanlıqda belə adamları var.

– Sənin sözünün qüvvəti, neçə gündür ki, söhbət qal-xandan qəbiristanlıqdayam, Sultanzadənin qohum-əqrəbala-rından bircə nəfəri görməmişəm bu tərəflərdə...

– Hələ Umuxanımın ərinə nə deyəsən? Oğlanları istə-yiblər ki, analarının qəbrini köçürələr, ataları qoymayıb, deyib ki, çəkilin oturun yerinizdə, sizin ananız qəhbə olub, belə adamın gərək izi-tozu da qalmasın, qoyun versinlər buldozerin ağzına. Əşi, nə olub-olub da bu köpəyoğlunun qızı. Uşağa da anası haqqında elə söz deyərlərmi?..

– Eşitməmisiniz ki, Faiq müəllimin arvadı nə oyun çı-xarıb? O günü bir vaxt dərs dediyi şagirdlərindən beş-altı nəfər gəlibmiş. İstəyiblər qəbri söküb təzə qəbiristanlıq yerinə köçürsünlər. Arvadı eşidib başı lovlu abırlarını verib. «Faiq müəllimin arvadı, uşağı, qardaşları dura-dura siz haranın itisiniz, – deyib, köçürərlər də özləri bilərlər, köçürməzlər də». Yazıqlar da kor-peşman qayıdıblar geri. Bəs, buna nə deyəsən?

Birdən gördülər ki, çılpaq, belinə kəfən dolamış, bəri-bədəni ağappaq tük içərisində olan bir adam onlara tərəf gəlir. Elə heybətli görünüşü vardı ki, adamlar qeyri-ixtiyari əl saxladılar, nəfəslərini çəkmədən donub yerlərindəcə qaldılar. Ancaq bədəni başdan-başa tük gətirmiş bu eybəcər vücud onlara tərəf gəlirdi. Bircə anda adamlar işindən ayrılıb bir yerə toplaşdılar.

Ağ tüklü vücud da dayandı.

Heç kəs danışa bilmirdi, elə bil hamının dili birdən-birə lal olmuşdu.

Ağ tüklü vücud:

– Mən Əlişəm, - dedi, - dirilib gəlmişəm...

Adamların üstündən elə bil qorxu küləyi əsib keçdi, kütlə əsməcəyə tutulubmuş kimi titrəməyə başladı. Ancaq heç kəs dillənə bilmədi.

Əliş:

– Niyə belə qanlı-qanlı baxırsınız? - dedi. - Yoxsa tanımadınız məni?..

Qəfildən gözləri adamların arasında Bəkiri aldı. Əlişin ömrünün yarıdan çoxu Bəkirnən bir yerdə keçmişdi və indi Əliş Bəkiri əsməcə tutan kütlənin içərisində görəndə giləsi ağarmış gözlərinə işıq gəldi. Sevindi ki, heç olmasa, Bəkir adamları onun dirilib gəldiyinə, Əliş olduğuna inandıracaq.

– Bəkir! - dedi və yerindən qopub ixtiyarsız Bəkirə sarı yeridi. Bir-iki addım atmamışdı ki, bayaq Bəkirin ürəyi gedib tirtap yerə uzandı, başı kəsilmiş heyvan kimi çabalamağa başladı.

Əlişin üzündəki işıq qeyb oldu. Hələ də əsim-əsim əsən kütlənin içərisindən kimsə özünü ələ alıb:

– Rədd ol burdan, - dedi, - xortdamısan sən... Bu saat çıxıb getməsən, öldürəcəyik səni.

Ölüm adı gələndə Əlişin qolundakı güllə yarasının yeri göynədi:

– Siz allah, mənə toxunmayın, qoyun gəlim, girim öz qəbrimə, - dedi. - Vallah, xortdamamışam mən. Gecə qəbrimi qazıb üzüyümü, qızıl dişlərimi oğurlamaq istəyirdilər. Diri olduğumu görüb qaçıb getdilər. Mən sətəlcəm olmuşam, ölmüş bilib gətirib dəfn eləmisiniz...

Yerbəyerdən:

– Yalan deyirsən, xortdamısan sən. Bir həftə qəbirdə sağ qalmaq olmaz, - qışqırışdılar.

Kimsə:

– Öldürməsək, bir xata çıxarar bu, - dedi, - nə durmu-sunuz...

Camaat daş-kəsəyə cumdu. Əliş üstünə yağdırılan daş zərbələrindən güclə qaçıb qurtardı. Ancaq heç kəs dalınca yüyürməyə ürək eləmədi.

* * *

Əliş daş-kəsək zərbələrindən qaçıb qurtararaq çayı keçdi, sahil boyu uzanıb gedən xırda təpəciklərin arxasında görünməz oldu. Nəfəsini dərmək, bir azca toxtamaq üçün yerə çökdü. Sinəsindən tər su kimi axıb gedirdi. Əliş yalnız indicə, səhər açılandan bəri ilk dəfə havanın bürkü olduğunu hiss elədi. Əynində heç nə yox idi, belinə doladığı kəfən də hardasa düşüb qalmışdı. «Bəs niyə isti onu belə yandırır. Elə bil ki, yayın cırhacırında yun paltara bürünüb». Elə bil özünü indicə gördü: bədəni gözlərinin içinəcən ağappaq tük gətirmişdi. «...Xortdayıb, vəssəlam! Bu insan rəngidimi, insan sifətidimi? Özü-özündən qorxursa, başqaları neyləsin? Bir də axı, insan olsaydı, yemək yeyərdi, yemək istəyərdi. Basdırıldığı gündən gör bir nə qədər vaxt keçir, ac-susuz dolanır, yemək-içmək yadına belə düşmür... Elə buna görə də adamlar heç bircə sözünə də qulaq asmaq istəmədilər. Sən bir işə bax, Bəkir, onunla bir yerdə böyümüş Bəkir də qorxub özündən getdi... Xortlayıb... Başqa cür ola bilməz. Yoxsa, niyə onu görən kimi bu qədər adamı əsməcə tutdu?.. Adam görməmişdilərmi? Lap olsun ki, onu tanımadılar, bəs niyə görən kimi işlərini buraxıb bir yerə yığışdılar. Görünür, o dərəcədə qorxuncdu, heybətlidi ki, adamlar ondan üşənir...».

Əlişin yaddaşında hər şey bir-birinə qarışmışdı və bu qarmaqarışıqlıq içərisində iynə ulduzu boyda işıq, aydınlıq görünmürdü. Əliş özü özündən qorxurdu, hövllənirdi, özündən qaçmaq istəyirdi, ona dəhşətli gələn bu əzablardan biryolluq qurtarmaq istəyirdi.

Belə fikirləşə-fikirləşə xışıltı səsinə arxaya döndü. Ar-xaya çevrilməyiylə gözünə dəyən havaya qalxmış bel tiyəsi oldu. Dərhal sıçrayıb qalxdı. Tanımadığı iri cüssəli adam bel tiyəsi başının üstündə quruyub qaldı. İri cüssəli adam Əlişin giləsi ağarmış gözlərinə tuş gələn kimi əsməcəsi tutdu və ba-şının üstünə qaldırdığı bel tutan əlləri boşaldı. Əlişin gözlərinin qabağındaca uşaq kimi tir-tir titrəməyə başladı.

Əliş heç nə deməyib yovşanlı düzənliyin içərilərinə doğru getdi. Bir xeyli gedib dayandı, çevrilib arxaya baxdı. Onu öldürmək istəyən iri cüssəli adam başının üstündə bel tiyəsi hələ də tir-tir titrəyirdi.

* * *

– Ay oğul, səni bura göndərənə bir demisənmi, ay belə-belə olmuşun doğduğu, heç bir vicdanın, qeyrətin varmı ki, yolu burdan çəkirsən? Bir neylədiyini fikirləşirsənmi, ölüb yerə girirsənmi? Soruşmusanmı ki, ay allahın kor bəndəsi, dünyanı tutub duracaqsanmı, bir gün sən də bu cəmi məxluqat kimi ölməyəcəksənmi? Onda heç sənin cəmdəyinə tüpürməyəcəklər...

O dinmədi, cavab verməyə söz tapmadı, gözlədi ki, qoca çıxıb getsin, çünki heç bir şey eşitmək istəmirdi, yaddaşında indiyəcən eşitmədiyi cürbəcür səslər bir-birinə qarışmışdı. Hər şeydən, hər şeydən qaçmaq istəyirdi.

– Ay oğul... - sözün ardını eşitmədi, qulaqlarında dəhşətli bir uğultu başladı. Bu uğultu hansısa bir dibsiz dərinlikdən gəlir, daş səslərinə, külüng səslərinə qarışaraq böyüyürdü. Bu uğultuyla müqayisədə insan səsləri, böyür-başındakıların danışıqları pıçıltı kimi gəlirdi ona.

Uğultudan xilas olmaq üçün adamlardan aralanıb yov-şanlı düzə tərəf qaçmağa başladı.

Bayaqdan bəri ara vermədən danışan qoca:

– Ə, buna nə oldu, niyə belə elədi bu?

Ona cavab verən olmadı, hamı buldozerçinin arxasınca baxırdı. O isə qulaqlarında böyüyən, içinə, varlığına sığmayan səsdən canını qurtarmaq üçün qaçırdı. Səs isə azalmaq, öləzimək bilmir, uğultudan beyni çatlayırdı.

Sonra gördü ki, daha qaça bilmir, ayaqları torpaqdan aralanmır, uğultu o dərəcədə güclüydü ki, bütün varlığını sarsıdırdı. Yerə uzandı, istidən, bürküdən qovurğa kimi olmuş torpağı qucaqladı. Səs elə güclüydü ki, dəli olurdu. O üz-bu üzə çevrilir, əlləri, barmaqlarıyla torpağı eşib tökür, çabalayırdı. Səs isə böyüyür, böyüyürdü.

Sonra heç bilmədi ki, nə vaxt huşunu itirdi.

Özünə gələndə ilk duyduğu qoxu yovşan ətri oldu. Baxdı ki, bayaqdan bəri başını yovşan topasının üstünə qoyub uzanıb. aradan nə qədər keçdiyini bilmirdi. Başını qaldırıb göy üzünə baxdı, gün xeyli əyilmişdi. Uzaqdan qəbiristanlıq yerindəki adamlar qarışqa kimi görünürdülər. Bu qədər yolu qaça-qaça gəldiyinə özü də heyrət elədi.

Ayaqlarına baxdı, ayaqqabıları yoxdu, hardasa düşüb qalmışdı. Bayaq varlığını sarsıdan o uğultu o qədər güclüydü ki, ayaqqabılarının harda düşüb qalmasından xəbəri belə olmamışdı.

Ləpirlərini tutub qayıtmağa başladı. Bayaqkı gurultu qulaqlarından çəkilib getmişdi, canında, varlığında qəribə bir yüngüllük duyurdu. Neçə gündən bəri ona kimliyini belə unutduran bu gözlənilməz əhvalatlar nağıl kimi gəlirdi. Elə bil gördükləri, eşitdikləri olmamışdı, bunları hardansa kimdənsə eşitmişdi. Ancaq yox. Yaxınlaşdıqca böyüyən, aydınlaşan qəbir daşları, qəbir daşlarının arasında tələsə-tələsə, təntiyə-təntiyə işləyən insan qaraltıları onu təzədən sərt, amansız həyata qaytarır, yaddaşını təzələyirdi.

Qəbiristanlığa gəlib çatanda günəş bir az əyilmişdi. Adamlar bir az tələsə-tələsə işləyirdilər. Xeyli aralıdakı alçaq dikdirin üstünə çıxıb qəbiristanlıq yerinə göz gəzdirdi. Bayaq qoyub getdiyi adamların hamısı yerindydi, hələ də nəfəslərini dərmədən işləyirdilər. Sümsük it bayaqkı kimi sahibinin sümüklərini təzə qəbiristanlıq yerinə daşıyırdı. Həlimə qarı adamlardan ayrılıb bir tərəfdə oturmuşdu, oğlunun qəbrindən çıxan daşları qabağına qoyub layla çalırdı. Uşaqları analarından bir qədər aralı ayaq üstə durub ağlayırdılar. Arvad heç kəsi yaxına buraxmırdı.

– Rədd olun burdan, - deyirdi, - səhərdən başımı-beynimi aparmısınız.

Uşaqlar isə analarını tək qoyub getmək istəmirdilər.

Uşaqlar bilirdilər ki, arvadı bir yolla inandırıb daşları əlindən ala bilməsələr, arvad evə qayıtmayacaq, gecəli-gün-düzlü bu qəbiristanlıqda qalacaq. Arvad isə uşaqlarının bircə sözünə belə inanmır, onları heç cür yaxına buraxmaq istəmirdi.

Həlimə qarının böyük qızı Sona anasına sarı yeridi. Arvad özünü daşların üstünə yıxdı:

– Qoymaram, - dedi, - yaxın gələsiniz.

Arvadın üzünün-gözünün yaşı toz-torpağa bulanıb ona eybəcər bir görkəm vermişdi. Kəlağayısı sürüşüb boynundan düşmüşdü, çal saçları çılpaq çiyinlərinə səpələnmişdi. Oğlunun qəbrindən çıxan bu qara daşlardan savayı heç nəyi görmürdü, görmək istəmirdi...

Həlimə qarı qara daşların üstündə uzanıb qalmışdı. Qaragünlü Sona anasının bu halına dözməyib yaxınlaşdı, əyilib onu qara daşlardan ayırmaq istədi, ancaq nə illah elədisə arvadı yerindən tərpədə bilmədi.

Həlimə qarı eləcə üzü üstə torpağa uzanıb qalmışdı, dinmirdi, danışmırdı, qarğımırdı. Sona bir də anasını daşlardan qoparmaq istədi, ancaq gücü çatmadı. O biri uşaqlar köməyə gəldilər. Anasını yerdən aralayıb arxası üstə çevirdilər. Cəmi bircə dəqiqə əvvəl özünü daşların üstünə yıxan arvad indi quruyub ağaca dönmüşdü. Daşların ikisi arvadın bükülü qolları arasında qalmışdı. Nə illah elədilərsə, arvadın qollarını aralayıb o daşları çıxara bilmədilər.

Həlimə qarı elə bil ölmüşdü, bütün bədəni günün cırhacırında buz kimi soyuq idi. Ancaq təkcə arvadın gözləri danışırdı. Gözlərinə baxanda hiss eləyirdin ki, arvad ölməyib yaşayır. Gözlər qəribə tərzdə sağa-sola hərəkət eləyir, elə bil hədəqəsindən çıxmaq istəyirdi.

Arvadın kürəyini torpağa söykəyib oturtmaq istədilər, ancaq bədəni quruyub ağaca döndüyündən nə illah elədilərsə, əyilmədi ki, əyilmədi.

Gözlər yerində işlədiyindən arvadın sifəti rəng verib rəng alırdı, baxan kimi bilinirdi ki, danışmaq istəyir, ancaq dili tutulduğundan gözləri ilə nə isə demək, anlatmaq istəyir.

Uşaqlar anasının bu halına dözməyib ağlayırdılar. Təkcə Sona ağlamırdı. Gözlərini anasının gözlərinə dikib durmuşdu. Anasının nə istədiyini gözlərindən oxumaq istəyirdi.

– Kiriyin, - dedi, - bəsdirin uşaq kimi göz yaşı tökdü-yünüz, qoyun görüm arvad nə istəyir.

Uşaqlar xırp səslərini kəsdilər.

Sona təzədən anasına tərəf əyilib gözlərini onun gözlərinə dikdi. Arvadın gözlərinə qan gəlirdi və qan gəldikcə bəbəkləri daha ehtirasla yerində oynayırdı.

Anasının qollarını ovxalamağa başladı, ancaq arvadın bədəni yumşalmaq bilmirdi, daş kimiydi, əl vurduqca gərilirdi. Damarları şişib qaralmışdı.

– Ana, ana, nə istəyirsən, bircə dillənsənə... - Sona göz yaşı içərisində soruşurdu.

Həlimə qarı dillənmək üçün gücünü toplayır, ancaq danışammırdı, əvəzində gözlərinə bir az da qan sağılırdı.

Sonanı hıçqırıq boğdu.

– Ana, ay ana... - dedi və içərisinə axan göz yaşından sözünün dalını gətirəmmədi.

Arvadın gözlərinə yenə qan sağıldı.

Sona qızların kiçiyinə dönüb:

«– Qaç çaydan su gətir», - dedi.

Qız çaya tərəf götürüldü.

Arvadın gözləri qandan sulanmışdı, baxmaq olmurdu. Sona hiss elədi ki, anası daha onu görmür.

Qızlara tərəf dönüb:

– Götürün evə aparaq, - dedi.

Sona anasının qollarından, o biri qızlar ayaqlarından tutdular. Ancaq qaldıra bilmədilər, arvadın quruyub ağaca dönmüş bədəni elə bil ikiqat ağırlaşmışdı.

– Dayanın, daşları qollarının arasından çıxaraq. - Bunu Sona dedi.

Hərəsi bir tərəfdən arvadın qollarını aralayıb daşları çıxarmaq istədilər. Ancaq ha əlləşdilərsə, arvadın qollarını aralaya bilmədilər.

Sona birdən anasının gözlərinə baxdı. Anasının qandan bulanmış gözləri böyümüş, eybəcər bir hala düşmüşdü. Uşaqlarının ikisi arvadın qollarını tutdular. Sona birtəhər daşları anasının qucağından çıxardı.

Bundan sonra arvadı yerdən aralamaq istədilər. Ancaq Sona gözlərini anasının gözlərindən çəkə bilmirdi.

– Dayanın, - dedi, bir az gözləyin.

Kiçik qız bir şüşə su ilə qaça-qaça özünü yetirdi. Sona suyu alıb anasının üzünü islatdı, boyun-boğazını islatdı. Sonra arvadın gözlərinə baxdı. Arvadın gözləri tanınmaz dərəcədə böyümüşdü. Sona anasının gözlərinə baxa-baxa birdəncə başa düşdü ki, bu gözlər heç vaxt öz əvvəlki təravətinə qayıtmayacaq, bu gözlər heç vaxt durulmayacaq.

Gözlər böyüyürdü.

Uşaqlar lal-dinməz dayanıb anasının gözlərinə baxırdılar. Heç biri danışmaq, dillənmək istəmirdi, eləcə gözləyirdilər ki, bu işin axırı nə ilə qurtaracaq.

Birdən arvadın gözlərinin ikisi də pırtlayıb yerindən çıxdı, ayaqlarından bir qədər aralı düşərək torpağa bulaşdı.

Hamısı birdən qiyyə çəkdi. Gözlərin pırtlayıb çıxmağıyla arvadın bədəni boşaldı.

Sona qara yaylığını başından çıxarıb anasının gözlərini bağladı. Arvadın meyitini götürüb ağlaşa-ağlaşa evə tərəf yönəldilər.

* * *

İşləyə-işləyə qarğış eləyirdilər. Köhnə, quzulamış başdaşılarını çıxarıb necə gəldi tökürdülər.

Qulaqları dumanlı şəkildə bu qarğış səslərini eşidirdi, ancaq nə deyildiyini, kimin ünvanına söylənildiyini ayırd eləyə bilmirdi. Səslər hayandansa, çox uzaqdan gəlirdi, adamlar da uzaqlığın toranında seçilmirdi. Əlləri, qolları, sir-sifətləri boz rəngdəydi, heç adama da bənzəmirdilər, boz-boz kölgələr idilər. Və bu kölgələr hərəkət eləyirdilər, yerlərini dəyişirdilər. Kölgələrin biri ona sarı gəlirdi. Hərəkət elədikcə böyüyür, əli-qolu, üzü-gözü aydınlaşırdı. Ancaq addım-addım ona yaxınlaşan kölgənin çox qəribə, qorxunc yerişi vardı, elə bil insan deyildi, nə isə başqa bir canlı idi.

Onda gördü ki, dəmir kimi möhkəm iri barmaqlar xirt-dəyindən yapışdı. Xırıldadı. Gözləri böyüyüb yumurta boyda oldu. Böyümüş gözlərilə dönüb barmaqların sahibinə baxdı. «...Dəyirmançı Xıdır döyüldümü? Ancaq gərək ki, dəyirmançı ölmüş olsun. Özüydü ki, durmuşdu». İstədi desin, ə, Xıdır, məni niyə boğursan? Sənə neyləmişəm? Sənnən qabaq-qənşər oturub bir pud çörək kəsmişik. Kişinin çörəyi dizinin üstündəmi olar... Ancaq gördü ki, hulqumu Xıdırın barmaqları arasındadı, istəsə də dillənə bilməyəcək. Bununla belə mütləq bir şey deməlidi, çünki dəyirmançının dağ boyda skeletinin mismar barmaqlarından yaxa qurtarmaq üçün bir söz demək lazımdı. Gördü dillənə bilməyəcək, var qüvvəsini toplayıb aşağıdan-yuxarı Xıdırın çənəsinin altından bir yumruq ilişdirdi. Bayaq Xıdırın kəlləsi bədənindən üzülüb daşlığa düşdü, üzü aşağı dığırlandı. Xıdırın cər-cəsədi də yıxılıb dağım-dağım oldu. Ancaq baxdı ki, Xıdırın əlləri qopub qalıb hulqumunda, boğur onu. İlahi, əllərdə, barmaqlarda bu qədər qüvvəmi olardı? Xıdırın çənəsinə ilişdirdiyi yumruğu yaman ağrıyırdı. Ağrıya tab gətirməyib inildədi.

– Əmi, ay əmi!

Qulağı bu səsi çaldı. Yuxuyla oyaqlığın arasındaydı. Deyəsən, onu səsləyirdilər. Handan-hana gözlərini açdı; bayaqkı uşaq idi, qəbir daşlarının arasında bitib durmuşdu. Uşaq onun əlinə işarə elədi. Barmaqlarının arasını qan örtmüşdü. Bayaq yuxusunda Xıdırın çənəsinə çaldığı yumruğu daşa dəyib yaralanmışdı... Və birdən hiss elədi ki, indicə yuxu görürdü və onu boğurdular. Əlləri ilə boğazını ovxalayıb yoxladı. Bunun yuxu olduğuna inanmağı da gəlirdi, inanmamağı da. Və doğrudan da Xıdırın skelet barmaqlarının qüvvəsini xirtdəyinin üstündə hiss eləyirdi. Hiss elədikcə də elə bil nəfəsi tıxçanırdı, boğulmağı gəlirdi.

...Sümsük it təzə qəbiristanlıq yerində sahibini basdırdığı qəbirin yaş torpağı üstündə oturub ac-ac ulayırdı. Elə bil ulayan it deyildi, qışın zəlov-zəlovunda dünyayla tək qalmış ac, həris yalquzaq idi. İtin ulartısı bir səs mənzilini aşıb dörd yan kənd-kəsəyəcən gedib çıxırdı. Bu ulaş səsində insanın içərisini doğram-doğram eləyən, ölüm kimi ruhunu, varlığını sarsıdan nə isə əbədi, gizli bir qüvvə vardı. Bu səsi eşidən özünə acıyırdı, ağlı-idrakı olduğuna, daş-torpaq deyil, insan doğulduğuna acıyırdı.

Ayağa qalxıb qəbiristanlığın içilə üzü aşağı addımladı. Uzaqdan baxanda rəngi-ruhuyla, boyu-qamətiylə bomboz başdaşılarından seçilmirdi, hərəkət eləməsəydi, uzaqdan baxan onu da başdaşı hesab eləyərdi. Təzə qəbirlərin əksəriyyəti köçürülmüşdü, başdaşılarının yerində əcayib çuxurlar qalmışdı. Çürük kəfən qırıqlarıyla dolu bu çuxurlara baxdıqca vahimə bürüyürdü onu.

Qaş qaralırdı. Axşam toranı özüylə vahimə gətirirdi. Qəbiristanlığın yuxarısındakı Babalı bağında ağaclar bir az da hündürdən pıçıldaşmağa başlamışdılar. Kəndə yuxu kimi, ölüm kimi qaçılmaz bir qaranlıq çökürdü. Sanki qaranlıq Babalı bağının keçilməz pöhrəliklərindən başlayır, qəbiristanlığın üstündən adlayaraq kəndə yayılır, sonra bütün dünyanı bürüyürdü. Unudulmuş qəbirlərin arasında dayanıb həvəssiz-həvəssiz ətrafa çökən qaranlığa tamaşa eləyirdi. Axşamın gətirdiyi sirli qəriblik dünyanın üstüylə keçib gedirdi.

Qaranlığın düşməsiylə itlər hürüşməyə başlamışdı.

«Qəbiristanlıq uçurulanda gör bir nə qədər insanın ömür tarixçəsinə son qoyulacaq. Gör bir nə qədər insanı bu ulu dünyaya bağlayan son ilmə qırılacaq. Qəribəydi, bu adamlar ən çox ölümləriylə yadda qalmışdılar. Bu adamların həyatında başqaları üçün ən maraqlı ölümləri idi».

* * *

Axşamın belə erkən düşməyi onu qorxutdu. Böyür-başına nəzər saldı. Qu desən qulaq tutulardı. Qəbiristanlıqdan əl-ayaq yığışmışdı. Adamların çıxıb getməyindən, qəbiristanlığın büsbütün boşalmağından xəbəri olmamışdı. Birdən qulağına zəif xışıltı səsi dəydi. Üşəndi, tükləri biz-biz oldu, amma özünü toplayıb yavaş-yavaş səs gələn tərəfə addımladı. Səs deyəsən qəbir çuxurundan gəlirdi. Yaxınlaşdı. Uzun tükləri yer süpürən əcayib bir heyvan idi. Tüklü pəncələrində tutduğu insan sümüyünü gəmirirdi. Qəbir təzəydi, xeyli qazmışdılar, ancaq iş yarımçıq qalmışdı.

Goreşənin həssas qulaqları insan həniri duyduğundan ağzındakı tikəni yerə saldı və başını qaldırıb həris gözlərlə qarşısındakını pis-pis süzdü. Ancaq qarşısındakının duruşunda nə isə hiss elədiyindənmi, yoxsa ağzında insan əti çeynədiyindənmi, nədənsə ona məhəl qoymadı. Və təzədən ağzından saldığı sümük parçasını tüklü pəncələrilə sıxıb gəmirməyə başladı. Goreşən çeynədikcə əti ürpəşirdi. Qəbirdən qalxan boğucu üfunətdənmi, insan barmaqlarının gözünün qarşısında çeynənməyindənmi, ürəyi qalxdı. Öyüdü. Bu gün dilinə sudan savayı bir şey vurmamışdı. Gömgöy sarfa qusdu. Ancaq qusmaqla öyüməyi kəsmədi. Öyüdükcə öyüyürdü. Sanki yarandığı gündən bəri nə yemişdisə, hamısını qaytaracaqdı. Və yedikləri ilə birlikdə içi-içalatı da ağzından çıxıb tökülmək istəyirdi.

Handan-hana özünə gəlib bir daşın üstündə oturdu. Taqətsizlikdən oturduğu yerdə güclə duruş gətirirdi. Ağzının, burnunun, gözlərinin suyu bir-birinə qarışmışdı. Goreşən öz işində idi. Bu əcayib heyvana sarı baxmaq istəmirdi, baxsaydı yenidən öyümə tutacaqdı onu.

– Əmi, ay əmi! - uşaq hönkürə-hönkürə yalvarırdı, - qoyma, ay əmi, anamı goreşən yeyir, - gəl qoyma, ay əmi.

Bu uşaq kim idi, ilahi! Gah peyda olurdu, gah da qeybə çəkilirdi. Ancaq uşaq nə isə ona doğma gəlirdi. Doğma?! Onun dünyada doğma adamı vardımı? Bəlkə... Hardasa varıydı... ancaq tanımırdı. Bəlkə də atasıyla, anasıyla, qeyri doğmalarıyla min dəfə, milyon dəfə üz-üzə gəlmişdi.

Hərdən anası yuxularına gəlirdi. Hər dəfə də eyni simada, eyni boy-buxunda. Anasının mixəyi saçları, mavi gözləri vardı. Oyananda az qala dəli olurdu. Üzünü görmədiyi bir adam necə yuxularına gəlirdi? Əvvəllər hər dəfə belə yuxulardan sonra şəhərin gur yerində dayanıb gəlib-gedənlərə baxardı. Bu saysız-hesabsız adamların içərisində bir vaxt anasını tapacağına inanırdı.

Anası yuxularında yad bir kişinin qoluna girib harasa gedirdi. Və qolunu o yad kişinin qolundan çəkmədən baxıb əl eləyirdi, gülümsəyirdi. Ona elə gəlirdi ki, üzünü görmədiyi anası yuxularına gəlirsə, o da mütləq anasının yuxusuna girir. O, anasını necə axtarırsa, anası da onu eləcə axtarır. Hər dəfə anasını yuxuda görəndə istəyirdi onunla vədələşib görüşsün, ancaq hər dəfə də bunu unudurdu, nədənsə. Ancaq bir dəfə anası ona görüş vəd elədi. Uzaqdan-uzağa o yad kişinin qoltuğunda gedə-gedə: «Sabah bazarın qabağına gələrsən, - dedi, - gözləyəcəyəm orda səni». Nə isə demək istədi, amma anası tutqun kölgəyə dönüb havaya qarışdı.

Səhər anasının dediyi vaxtda bazarın qabağına gəldi. Bir tərəfə çəkilib gözləməyə başladı. Tələsə-tələsə keçib gedən adamların arasında anasını axtarırdı. Ürəyinə dammışdı ki, anası mütləq gələcək. Ancaq vaxt ötür, gəlib çıxmaq bilmirdi.

Fəhmlə duymuşdu ki, anası adamların arasıyla onu iz-ləyə-izləyə çıxıb gedir. Eynən yuxularındakı kimi yad kişinin qoluna girmişdi. Yerindən qopub dəli kimi özünü camaata vurmuşdu. Qadın onu görüb qaçmağa başlamışdı. Adamları itələyə-itələyə anasına çatmağa çalışırdı. Ancaq başa düşəmmirdi ki, anası ondan niyə qaçır. Adamlar seyrələndə artıq anası qaçıb haradasa gizlənmişdi, nə qədər axtarmışdısa, tapammamışdı.

Bu əhvalatdan sonra anasını yuxularından qovmağa çalışırdı. Anası yenə yuxularına gəlir, dil tökür, onu görüşə çağırırdı. Ancaq daha onu axtarmağa getmədi. Mixəyi saçlı, mavi gözlü o qadın yad kişinin qoluna girib ömürlük onun yaddaşından çıxıb getdi.

...Sonrası yadına gəlmirdi; goreşəni öldürmüşdümü, uşağı sakitləşdirmişdimi, burasını bilmirdi. Bir də ayıldı ki, buldozeri qəbiristanlığın içərisiylə aşağı-yuxarı sürür, projektorun işığında qorxunc görünən başdaşılarını əcayib kölgələrilə birlikdə uçurub tökür.

Qəbiristanlıqda nə qədər işlədiyini hiss eləmədi. Vücudundan qan-tər su kimi axıb gedirdi. Traktor hayqıra-hayqıra işlədikcə vahiməsi daha da artırdı. Və elə bil işin qurtarmağından qorxurdu. Qəbir daşları uçulub töküldükcə sanki içərisindəmi, damarlarındamı, qəlbinin dərinliklərindəmi nə isə gərilir, burulub-burulub mamırlı başdaşları kimi uçulub tökülür, içini-içalatını şil-küt eləyirdi. Və başdaşılarının uçulub tökülərkən çıxardığı tükürpədici səsləri elə bil içərisində də eşidirdi.

Hərdən başdaşılarının arasında ağappaq bir kölgə göz-lərinə dəyirdi. Kölgə fəryad qoparırmış kimi əllərini göyə tutub qışqırırdı, ancaq səs eşitmirdi, kölgənin fəryadı səssiz idi, eşidilməz idi. Nə illah eləyirdisə, gözləri bu ağ kölgəni seçəmmirdi, traktorun işığı üstünə dikilən kimi qaranlığa çəkilirdi. O kölgəni buldozerin çalovu başdaşılarına qatıb apardımı, yoxsa özü harasa qeyb oldumu – bunu bilmədi.

Gecənin bir aləmi işini qurtardı, dərhal buldozeri sürüb qəbiristanlıq yerindən çıxardı. Hayana gedirdi? Bunu bilmirdi; ucsuz-bucaqsız yovşanlı düzlə hansısa bir səmti tutub irəliləyirdi. Əslində səmt də tutmamışdı, dənizdə yol azmış kapitan kimi sükanı başlı-başına buraxmışdı.

Elə bil arxasınca düşüb qovurdular. Bu qorxu elə güc-lüydü ki, çevrilib arxaya baxmağa ürək eləmirdi. Qaranlıqlar projektorun selləmə işığında qurğuşun kimi əriyib tökülürdü. Elə yorulmuşdu ki, özünü traktorun yayları çıxmış oturacağında deyil, pərqu yataqda hiss eləyirdi.

Bayaqdan bəri gözlərində oynayan dəli mürgü ona ra-hatlıq vermirdi. Göz qapaqları yorğunluğun ağır yükünə davam gətirməyib bükülürdü. Və bu dəli mürgü içərisində yaddaşında adda-budda ağaran olub keçmiş hadisələr barədə düşünmək çətin idi. «Yüz il sonra bu yerlərə gələnlərin, bu yoldan ötənlərin görən bundan xəbəri olacaqmı? Görəsən, at dırnaqlarının, maşın təkərlərinin altında çürüyən xaraba qəbiristanlıqdan xəbər tutulacaqmı? Bu yoldan keçib gedənlərin ayaqlarının altı sızıl-dayacaqmı?» – mürgüdənmi, yorğunluqdanmı düşüncələri qırılır, sonra təzədən başlayırdı. – «...İlahi, bu işi tutmayacaqdı, axı, tutmayacaqdı... Özünə söz vermə-mişdimi, söz verməmişdimi... Bəs necə rahat olacaq bundan belə... Çalovun ağzında başdaşılarının çıxardığı o tükürpədici səsə necə dözdü, necə... İnsan fəryadına bənzəyən bu səsdən niyə sınmadı, niyə dayanmadı, niyə qayıdıb getmədi. Gecdi daha, gecdi... gecdi...».

Arabir qulaqlarına qəbiristanlıqda gördüyü uşağın çığırtı səsi gəlirdi. Bu səsi eşidəndə yuxusu bir anlığa çəkilirdi. Ona elə gəlirdi ki, uşaq bu zülmət gecədə traktorun arxasınca yüyürür, qışqıra-qışqıra onu səsləyir:

– E-he-heyyyy!!!

Bu səs çox-çox uzaqlardan gəlir. Beşikdənmi, uşaq evindənmi gəlir, bunu bilmir. Ancaq qəribəydi, bu səs əks-səda vermirdi, əks-səda verə bilmirdi və get-gedə bu səs gecənin müdhiş qaranlığında əriyir, eşidilməz olurdu.

«...Gecdi daha, gecdi... gecdi... gecdi...» – elə bil səs ilişib içərisində qalmışdı, çıxıb gedə bilmirdi.

...Buldozer uçurum aşağı yuvarlanıb dəhşətli gurultu qopardı.

1982,

Bakı-Moskva

XS
SM
MD
LG