Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:33

Zahid Sarıtorpaq "Dərdin sarı çəpkəni" (Roman)


Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq

-

Zahid Sarıtorpaq

Dərdin sarı çəpkəni

(roman)

birrəng üzüntü

mən heç zaman yaşıl ağaclar altından əli baltalı keçmədim – düşündüm: qəfildən diksinib quruya bilər ağaclar...

birinci hissə

...Qırxayaq yeriyəndə hara getdiyini görürsən, amma ayaqlarını saya bilmirsən. Eləcə də səni içinə alan gərdişin hansı yana yön tutduğunu anlayanda, heç nəyin hesabını aparmağa gücün çatmır, zaman da qırxayaq sürətiylə, həm də səssiz-səmirsiz ömrünün divarındakı çatlara təpilir, adama acılı-şirinli bəxş etdiklərinin qədər-qəsəmini sayıb-sadalamaq, anşırıb-çözmək olmur.

Bu məsələlərin gerçəkliyini götür-qoy etməkdə indi aciz qalmışam, heç bilmirəm ömrümün bu saralmış günləri necə gəlir, necə gedir və hara təpilir qırxayaq kimi...

* * *

Ovçu dədəm düz deyirdi: sürəyə gedən tula ovun şirin yerində qəfil dayanıb qıçını qaldırdısa, onda heç nəmənə – hər şey bitdi deməli, bir ovçu kimi o günkü ovdan heç nə gözləmə, yaxşısı budur, yığış, qayıt geriyə...

İndi marağından çox marığında olduğum, kin-küdurət bilməyən canımı, gül kimi pak ruhumu hər addımda üfunət saçan burnuyla imsiləyib-iyləyən bu tula misallı gərdişdən heç nə gözləmirəm daha, heç nə. Deyəsən, artıq o, qıçını qaldırıb... Bəs yığışıb hara qayıdım? Belə götürəndə, qayıtmağa heç yerim də yoxdu bu xarabada. Tək bircə qapı qalıb üzümə açılası, o da sınıq-salxaq gor qapısıdı...

Hayıf ki, şair deyiləm, daha doğrusu ola bilmədim, taleyim məndən ədəbiyyatçı əvəzinə saxta bir texniki fənn müəllimi düzəltdi, yoxsa indi kağızlara köçürərdim dərdimi, oxucularla bölüşüb yüngülləşərdim. Əvəzində həyat məni elə bir hala saldı ki, indi dərdimə kitab-kitab dastanlar qoşula bilər. Əslində, vallah, bu elə bir dərddi ki, deyəsən, buna nəinki dastan, lap komediya da yazmaq olar. Əlini qələmə atana minnət.

Hə, mən ədəbiyyatçı olmalıydım, daha doğrusu – şair. Doqquzuncu sinifdə oxuyanda bahar haqqında inşa yazdığım düşür yadıma. Orada belə bir cümlə işlətmişdim: "bahar – torpağın sözlərinə yazılmış ən gözəl sevgi nəğməsidi..." Bu cümlədən dördəlli yapışan atamın uzaq qohumu, rəhmətlik ədəbiyyat müəllimim Feyzi əmi (mən ona nədənsə, "müəllim" deyil, həmişə "əmi" deyirdim, o da buna pis baxmırdı), uşaqların içində məni ayağa qaldırıb bir xeyli tərifləyəndən sonra, sözünü belə bitirmişdi: uşaqlar, unutmayın, bəlkə də dövrünüzün ən böyük şairiylə bir sinifdə oxuyursuz, gələcəkdə bununla fəxr edəcəksiz.

O, qohum-əqrəba arasında da bu sayaq fikirlər bildirmişdi və məni şeir yazmağa ruhlandırmışdı. Amma mən o rəhmətliyin, qohum-qonşunun, sinif yoldaşlarımın umudunu doğrultmadım, şeir-filan yazmadım, düzünü desək, toqquşdura bilmədim, yaza bilmədim... Mən şair olmadım – ola bilmədim, heç buna cəhd də göstərmədim. Elə bahar haqqında yazdığım o sığallı, o gülməşəkər cümləni də qəzetlərin birindən çırpışdırmışdım, özümdən, içimdən gəlməmişdi o sözlər, canımdan pardaxlanmamışdı.

* * *

İndi mən bitvurmuş, girdirmə bir fəlsəfə doktoru olduğum üçün belə düşünmürəm, yox. Savadın olub-olmamasının bura nə dəxli? Başıma gələn məni sadəcə başmaqçıya deyil, ozana döndərib və göndərib buraya – yəni, kənardan baxanda şadlıq saraylarından seçilməyən, içindənsə adama tamam ayrı bir ovqat kündələyən bu özəl klinikaya.

Məncə, harada olmasına baxmayaraq, irili-xırdalı bütün klinikaların foyelərində eyni ab-hava, bütün xəstəxanaların, hospitalların dəhlizlərində eyni qoxu dolaşır. Burada insanlar nəyləsə, hansı davranışlarına görəsə, elə bil bir-birlərinə bənzəyirlər. Bunu yəqin hamı müşahidə edir ki, bu bənzəyiş öz sakitliyilə, səssizliyilə, mübhəmliyilə çox darıxdırıcı olur. Xüsusən də, ümidsiz olanlara bu birrənglik dözülməz görünür. Burda adamların üzündə bəzən heç nəyə gərək olmayan saxta təbəssüm də dolaşır. Bu da, təlaş hissini ört-basdır etmək üçündü. Bu hiss başa düşülən olduğu qədər də sirlidi. Bunun nəyə görə belə olduğu sualı doğursa, ən sadə, hamıya anlaşıqlı ola biləcək cavabı da böyründə boy verir: çünki ayrı-ayrı dərd yiyələrinin tavırından eynilik yağır, bu da onları istər-istəməz eyni qəlibə pərçimləyir. Bu eyniliyin nəzəri cəhətdən, yəni insan dərdiylə bağlı bir şey olduğu baxımından, hal oxşarlığı ucbatından baş verdiyini qavramaq asan olsa da, ruhi baxımdan anlamaq mümkün olmur ki, bu da təlaşın, həyəcanın alt qatında nəsə ayrı, daha dərin, daha çözülməz, aşkarlanarsa insanı şaşırda biləcək bir sirr gizləndiyindən xəbər verir. "Yaxşısı budu, buraların fəlsəfəsindən uzaq olasan, Uca Yaradandan diləyəsən ki, qismətinə haçansa yolunun buralardan keçməsini yazmasın..."

Adam foyedə qoyulmuş rahat kürsüyə yayxanaraq, qıçını qıçının üstə aşırıb divardan asılmış azman televiziya ekranında gedən səssiz və gözəl təbiət mənzərələri görüntülərini izlədikcə, bu fikirlərdən uzaq olmağa çalışır. Ara-bir saatına baxaraq, elə bil fikirlərini toparlamaq üçün taym-aut götürür, sonra yenidən nəzərlərini qarşı divardakı azman teleekrana dikir, amma deyəsən bayaqdan onu özünə çəkən, içinə alan düşüncələrdən qopmaq elə də asan olmur. Olsun ki, bu düşüncələrə burada olan hər kəs qapıla bilər, bundan ötrü qapsamlı bir təfəkkürə malik olmağa da ehtiyac yoxdu, adamı o düşüncələrin qucağına elə burdakı ovqat özü itələyir, sonra da daş olub dabanlarından asılaraq çəkdikcə çəkir dərinliyə. Bəlkə də heç belə deyil, sadəcə adam bu an kökləndiyi, az qala "o yanı taxta, bu yanı taxta, Şahqulu bəy otaqda" tapmacasındakı Şahqulunun rahat olduğu qədər də dar bir auranın qucağında özünü qərib hiss etdiyi üçün bu düşüncələrə qapılır, bu məqamla ruhən çarpışmada zəif olduğunu dərk edir. Elə məsələ də ondadı ki, dərk edir və elə əsl mənasız çarpışma da ondan sonra başlayır. Adam çağdaş bir klinikanın gözləmə salonunda qoyulmuş dəri üzlüklü, olduqca rahat kürsünün dərin yumşaqlığı içində qurdalanıb-tərpənməklə sanki düşdüyü psixi durumdan qurtulmağın hər an mümkünlüyünü yoxlayır, içində buna bir əminlik yaradır. Qarşıda qoyulmuş üstü qalın şüşədən olan dairəvi dərgi masasındakı ingilis dilli şəkilli broşürlərdən birini götürüb, içindəkilərin məğzinə-mənasına varmadan vərəqlədikdə də məqsəd eynidi: yəni "istədiyim an çıxa bilərəm bu qılafın içindən", yəni "hələ başımı başqa şeylərlə qata bilirəmsə, demək buraların yaratdığı bu maskalı, üzü yalandan gülən bu qorxunc ovqata əsir düşməmişəm hələ, ayağa durub, eşiyə çıxıb bir siqaret çəksəm, ümumiyyətlə onu alt-üst edə bilərəm. Hələ bir mehribanlıq körpüsü salıb kiminləsə şirin bir söhbətə başlamış olsam, bu durumu biryolluq yerlə yeksan edərəm..." Amma iş ondadı ki, bir yandan öz dərdin, bir yandan da bu məkanların hiss olunmadan adamı mistik dərkolunmazlıqlara sürükləyən, sürükləyib də içində öz əlinlə ucaltdığın qorxu saraylarının qapılarını döydürən həmin o mübhəm ovqat heç də fikirləşdiyin kimi asanca dağılan, məhv olan, özün dediyin kimi, bir həmləylə yerlə yeksan olan deyil... Çünki sən xəstəsən!

...nə qədər eləyirdimsə o nəhəng, o uzun bacaqlı atlı qarışqanın belinə dırmaşıb çıxa bilmirdim. bir əlimlə qanadından sallana-sallana qalmışdım. kim idisə qolumdan tutub qaldırırdı və töyşüyə-töyşüyə deyirdi ki, tez elə, tez elə, odu haa, qızıxmış öküz fınxıra-fınxıra, yorta-yorta yaxınlaşmaqdadı, indicə özünü yetirib səni vurub öldürəcək... mənsə: yooox! yooox! yooox! – deyə bağırırdım, amma deyəsən, səsim çıxmırdı...

Məndən sağdakı kürsüdə oturan, gözünün biri çəpəki sarınmış orta yaşlı kişi yüngülcə qoluma toxundu ki, yatmısız? Yuxu görürsüz? Niyə belə zarıyırsız? Axı indi sizin növbənizdi, özünüzə gəlin, a yoldaş!..

Bir dəqiqədən sonra mən artıq hər şeyi, yuxudakıları da, foyedəkiləri də, bir qədər öncə düşündüklərimi də unutmuşdum, əfsanəvi göz həkimi, professor Bürhan Nəcəfovun qəbulundaydım. Bu arıq, balacaboy və çəlimsiz kişi öz dağ boyda şan-şöhrətinin yanında lap uşağa oxşayırdı.

Ona baxanda, yadıma vaxtilə bizim tərəflərdə kənd soveti sədri işləyən Şiralı kişi düşürdü. Boy-buxun, görünüş cəhətdən baxanda deyirdin ki, onlar eyni adamın burnundan "fırt" eləyib düşüblər, sanki bir almadı yarı bölünüblər. Yadımdadı ki, kolxoz sədrimiz Baləmi camaat içində həmişə onun balacaboy olmasına rişxəndlə sataşardı və ucadan, guruldayan, qorxunc, xır-xır səsiylə soruşardı ki, ay Şiralı kişi, düzünü de, gün boyunca sənə neçə dəfə təşərlik gəlir, hı? Yazıq Şiralı kişi artıq bu suala eşşək gərməşov zopasına öyrəncəli olduğu kimi öyrəncəliydi, hər dəfə gözünü qıyıb bic-bic, daha doğrusu yaltaqcasına qımışar, bərkdən: "Baləmi müəllim, beş dəfə, əlbəttə, başına dönüm, ay sədr, gündə beş dəfə gəlir mənə qadasın aldığım o təşərlik..." deyirdi, sanki bununla da canını qurtarırdı. Baləmi müəllimsə göbəyini ata-ata ucadan bir xeyli gülürdü, həndəvərindəkilər də kolxoz sədrinə qoşulurdu, çünki başqa cür ola bilməzdi, müdirin, sədrin qahmarı olmaq, səhvsə də, doğrusa da tərəfini tutmaq o vaxtın əxlaqına görə vacib idi (deyəsən, indi lap ondan da betərdi), yoxsa ayrı şey fikirləşərdilər adam haqda, yoxsa adamın kitabı bağlanardı heç nədən. Elə Şiralı kişinin özü də yalandan hırıldamağa məcbur olardı və cubbulu barmaqlarını övkələyə-övkələyə mırıq dişlərini qoyardı çöldə...

Nə isə... İndi bu Şiralıfason kişi, bu hədsiz zirək görünən göz həkimi məni diqqətlə dinlədikdən sonra, uzun müddət heyrət dolu gözlərini üzümə zilləyib susdu, sonra qəfildən elə hərəkətə gəldi, maşın kimi elə işə düşdü ki, elə bil oturduğu kürsüyə qor tökdülər, fır-fır fırlandı. O, sanki dediklərimi eşitdikdən sonra özündə deyildi, yerində qərar tuta bilmirdi. Handan-hana, elə bil, bir az ayılan kimi oldu, yaşımı soruşdu. "Əlli ikidi" dedim. Sonra bir-biriylə heç bir ilişgisi olmayan bir sıra xırda-para suallar da verib, sanki dözümümü, dəyanətimi test elədi, əvvəllər uzun müddət ali məktəblərdən birində işlədiyimi bildikdə, bəs indi nəylə məşğul olduğumu soruşdu.

– Heç nəylə – dedim – oğlanlarımın ikisi də Moskvada bizneslə məşğuldu, məni işləməyə qoymurlar, "ayda iki yüz, üç yüz manatdan ötrü yollara təpik döyüb, əsəblərini korlayıb özünü öldürmə", deyirlər.

Məni dinlədikcə onun necə həyəcanlandığını, noutbukunda sürətlə nəsə qeydlər etdiyini görürdüm. Bir neçə dəfə rənginin tutqunlaşdığını da açıq-aydın sezdim. Sonra o mənə heç nə demədən tələsik yan otağa keçdi, keçməmişdən öncə məni otağındakı çoxsaylı cihazlardan birinin arxasında otuzdurub, selektorla başqa bir otaqdan assisentini çağırdı, ona mənimlə bağlı bir sıra göstərişlər verdi. Cavan qız gözlərimi aparatlardan birinin bir cüt polietilen sağanaqlı obyektivinə söykədi, fotoşəkil çəkirmiş kimi bəbəklərimin içinə bir neçə dəfə güclü işıq vurdu, amma bu o qədər sürətlə baş verdi ki, heç ruhum da incimədi. O, bu proseduru fasilələr edə-edə bir neçə dəfə təkrarladı. Bu müddət ərzində professorun o biri otaqda rus dilində kiminləsə telefonla uzun-uzadı əngə verdiyini, özü də həyəcanla danışdığını eşidirdim, danışıq aydın eşidilməsə də, işlətdiyi elmi terminlər anlaşıqlı olmasa da, dalağım sancdı ki, söhbət mənim xəstəliyimdən gedir. Bir azdan o gəlib, assisentindən nəticələri soruşdu, onu dinlədikcə ağlı üstündə olmadığı sezilirdi, çoxlu "aha... aha..." dedi və yenidən noutbukunda qeydlər apardı. Assisent işini bitirib otağı tərk edincə, o düşüncəli-düşüncəli üzümə baxdı:

– Xəstəliyiniz barədə kiməsə demisizmi?

– Yox...

–Yaxşı-yaxşı xatırlayın, bəlkə demisiz?

– Yox, əlbəttə yox – deyə israr etdim, həm də fikirləşdim ki, bunun mətləbə nə dəxli?

– Əla! – dedi – Yaxşı eləmisiz! Niyəsini başa salacam. Sizin psixoloji durumunuzu yaxşı anlayıram. Bu, xəstəlik deyil, desəm, doğru olmaz. Əksinə, siz oftalmologiyanı bütün dünyada aciz duruma salmış ən nadir xəstəliklərdən birinə tutulmusunuz. Amma əndişələnməyin, bunun insan orqanizminə heç bir qorxusu yoxdu. Bunu dərd eləməyə dəyməz. Amma istəsəniz mən sizi ölkədən kənara, dünya şöhrətli bir klinikaya göndərə bilərəm, dediklərim orada da təsdiqlənər, bütün narahatlığınıza son qoyular. Bunu qol-qanadınızı qırmaq üçün demirəm, sadəcə bilməyiniz vacibdi, açın qulağınızı birdəfəlik eşidin: sizin xəstəliyinizin müalicəsi yoxdu! Desəm, inanmayacaqsınız, bu xəstəlik yer üzündə elmə məlum olan cəmi altı nəfərdə var, altıca nəfərdə! Siz yeddincisiz! Təxminən milyardda bir nəfərdədi bu xəstəlik! – başa düşürsüz bu nə deməkdi?

O, danışdıqca, balaca uşaq barmaqlarına oxşayan gülməli barmaqlarıyla masanın üstünü tıqqıldadırdı:

– Sizdən bunu sirr kimi saxlamağınız tələb olunur, faş etməyə ixtiyarınız yoxdu, çünki burada işin bir ucu dövlət əhəmiyyətli məsələlərə gedib dirənir, çünki beynəlxalq konvensiyalara qol çəkmişik, bu haqda qanunçuluqda da təsbit olunan maddə var, istəsəniz sizə hərfi mənasınacan açıqlaya bilərəm.

Nədənsə fikirləşmədən:

– Ehtiyac yoxdu... – dedim.

Düzü, bu xəstəliyin niyə məxfi saxlanmasının, buna niyə bu boyda önəm verilməsinin mənasını başa düşmədim.

– Üzr istəyirəm, adınız necə oldu?

O, cavabımı eşitsə də masanın üstündə kağızları eşələyib xəstəlik kağızıma baxandan sonra dedi:

– Hə, Bulud müəllim, deməli, rəngi, bir də vaxtı daha dəqiqliyi ilə deyə bilərsinizmi?

– Rəng – bayaq dediyim kimi, – sarıdı. Vaxta gələndəsə, bu xəstəliyə düçar olduğum cəmi on gündü. Əsasən, sarı rəngdə görürəm hər şeyi... Yəni elə bil ki, gözlərimdə sarı rəngli bir linza var: gecə, gündüz hər şeyə onun arxasından baxıram. Amma onu da deyim ki, həyatda tünd rəngli hər şeyi – tünd sarı, açıq rəngli nə varsa – açıq sarı görürəm. Məsələn, işıqforun yuxarıdan birinci rəngini, yəni qırmızını – yaxşı tutmuş xına rəngdə, sarını elə olduğu kimi, yaşılısa, ondan bir az tünd görürəm. İşıqforun qara dirəyisə qabıqlı yerkökü rəngdə dəyir gözümə. Üzr istəyirəm, sizin üzünüzü zəfəran rəngdə seçirəm, bu ondan irəli gəlir ki, yəqin yüngül qarabuğdayılığınız var, ağ olsaydınız, limonun suyu rəngdə olardı üzünüz. Görünür saçlarınız ağappaqdı, bunu ondan bilirəm ki, rəngi üzünüzün rəngindən açıqdı – Quba almasının içi rəngdədi. O ki qaldı xəstəliyim haqda kiməsə deyib-deməməyimə, həyatda tənha yaşayan bir insanam, bunu sirr hesab etmək olarsa, hələ bir kimsəyə açmamışam bu sirri, heç vaxtaşırı telefonla danışdığım uşaqlarıma da deməmişəm...

– Bəs həyat yoldaşınız? O da bilmir?

– Axı dedim ki, tənha bir insanam...

– Bağışlayın... Davam edin, davam edin!

Mən danışdıqca, bu dəfə bu əfsanəvi göz həkiminin, bu "balaca kişinin" sözlərimə alayarımçıq qulaq asması gözümdən yayınmadı. Bu məni bir qədər məyus etdi. Elə bil, dediklərimin bu hissəsi onu elə də maraqlandırmırdı. Hər halda mən də elm adamıyam, necə olmasa özümə görə mən də "a"-nan, "t"-nı qanıram, burda nəsə bir iş olduğunu hələ fəhm edə bilməsəm də, başa düşürəm ki, mənim xəstəliyimin nədən ibarət olduğunu bilincə, bu kiçik klinikanın böyük həkimi necə də eyforiyadan uçunan bir insan durumuna düşdü, üz-gözündə necə də həyəcanqarışıq sevincə oxşar əlamətlər dolaşmağa başladı. Xüsusilə də, içəri otağa keçib kiminləsə rus dilində uzun-uzadı həyəcanla danışdıqdan sonra onun bu halı birə-beş artdı. Bir sözlə, cənab professor tamam başqa bir aləmdəydi. Ürəyimdən qəfil keçdi ki, belədə bir az köntöy olasan, fıştırıq çalıb deyəsən ki, "ay professor, heeey!.. ay kişi! səninləyəm eeeey! səbət... yırtığından gilas tökülmür eey! dinlə də, gör nə deyirəm!" Amma yaxşı ki, mən nə o səbrin, daha doğrusu o səbirsizliyin və nə də o əxlaqın yiyəsi deyiləm.

– Bulud müəllim, zəhmət olmasa telefonlarınızın nömrələrini deyərdiniz.

Dedim. Sürətlə, dodağı altında uşaq kimi mızıldana-mızıldana, təkrar edə-edə, dəfələrlə üzümə baxaraq, eşitdiklərini bir daha, kərən-kərən soruşa-soruşa nəhayət ki, yazdı. Zalım heç özündə deyildi. Mənsə nə baş verdiyini anlaya bilmirdim. Fikirləşirdim ki, bəlkə elə bunun xasiyyəti belədi, mən də kişinin qarasına nahaqdan içimdə ölçü-biçi aparır, bu hörmətli adamı qara yuyub, ağ sərirəm.

Artıq mənim bu birrəng gözümdə hər şey əhəmiyyətini itirmişdi, həkimin kimliyi, xasiyyətinin necəliyi, məşhur olub-olmaması da indi kal qafama keçmirdi, dərdimin hayına qalmışdım. Neyləyəcəyimi bilmirdim, xəstəliyimin sağalmazlığını bilməyim bir yandan, burdan da bunun qadağası, necə deyərlər, dərdimi sirr kimi qorumağa "məhkumluğum" məni narahat etməyə başlamışdı. Amma özlüyümdə bayaq izaha "ehtiyac yoxdu" deməyimin səhv addım olduğunu bilirdim, ondan xəstəliyimi faş etməklə bağlı qadağanın nə məna daşıdığını soruşub öyrənməyə qəfil dərin ehtiyac duydum. Elə bu barədə sual vermək istəyirdim ki, o məni qabaqladı:

– Kimliyinizdə göstərilən ünvanda yaşayırsınız, eləmi?

– Elədi.

– Axşam evdə olun, heç yana getməyin. Səhiyyə nazirliyinin və müəyyən orqanların nümayəndələriylə sizə gələcəyik, bəzi kağızlara qol çəkməlisiniz. Yaxşımı?

Sonra da professorluğuna, titullu bir həkim olmasına yaraşmayacaq bir tərzdə dişlərini ağartdı... yox, yox – əslində "saraltdı". Hə, hə, "saraltdı" desəm daha düzgün olar...Elə bil zalım oğlunun ağzında bütün dişləri qızıldan idi, özü də yüksək əyarlı, sapsarı qızıldan. Dişləri bu görkəmdə, naxçıvanlılar demiş, məkə-buğda dənələrinə oxşayırdı, pırıl-pırıl yanırdı.

– Qorxmayın, ya iki, ya üç nəfər olacağıq...

Elə bil lap təpəmə qaynar su tökdülər. Bu tösmərəy düdük (Əstafurullah! Ay Allah, keç mənim günahımdan!) nəyə eyham vurur belə? Səhiyyə nazirliyini başa düşdük, yaxşı bəs bu "müəyyən orqanlar" hardan çıxdı? "Ay balam, mən neyləmişəm ki?.." Özümü güclə toparlayıb:

– Yaxşı – dedim.

Sanki qurd ağzından qurtuldum, qapıya sarı yönəldim, əsəbimdən az qala buzlamış və artıq titrəməyə başlayan əlimi qapının əlcəyinə uzadanda o məni arxadan çağırdı:

– Bulud müəllim...

Geriyə dönüncə onun sevincək üzünün əməlli-başlı işıqlandığını gördüm, çöhrəsində sapsarı bir xoşbəxtlik şöləsi dolaşırdı. İçimdən keçdi ki, mən nə hayda, bu nə hayda, burda sevinməli nə var axı?

–Bulud müəllim, – dedi – heç yuxunuzdan danışmadınız. Bəs yuxularınızı necə görürsünüz? Rəngli görürsünüz, ağ-qara görürsünüz, yoxsa sarı?

Bilmirəm nəyə görəsə, bəlkə də bu qeyri-səmimi adamın yanından təcili çıxıb getməkdən ötrü, aurasında özümü tam miskin hesab etdiyim bu klinikadan tez uzaşmaq üçün fikirləşmədən :

– Mən yuxu görmürəm! – dedim.

Dedim və qapını açıb çıxanda o, arxadan bir də səsləndi:

– Mütləq gələcəyik, bizi evdə gözləməyinizi xahiş edirəm, mütləq...

Etika xatirinə ayaq saxlayıb geri qanrıldım:

– Oldu – dedim.

Və o, gözləmədiyim halda, çox qəribə də olsa, nədənsə dərindən ah çəkdi, elə bil bu an ingilis şahzadəsinə qibtə edirdi, üzümə dərin həsəd hissiylə baxaraq:

– Siz necə də xoşbəxt adamsız... – dedi.

* * *

Avtomobilimin əyləc sistemində əngəl olduğundan həmişə getdiyim servisə baş çəkməyi planlaşdırmışdım, bundan ötrü dünəndən ustaya zəng də etmişdim. Amma imkan olmadı. Yenidən ustaya zəng edib üzr istədim, başqa vaxt – sabahda-birigündə gələcəyimi bildirdim. Bu tərəfdən narahatlığıma son qoydum, qaldı əsas məsələ. Neyləyəcəyimi bilmirdim. Dərd ürəyimi deşir, axşam professorun başının dəstəsiylə bizə təşrif buyuracağını fikirləşəndə lap gic olurdum. "Qələt eləyib yəni bu lənətolmuş klinikaya qədəm basdım? Məni bu professorun şan-şöhrəti çaşdırdı, vallah. Zalım oğlu axşamacan televiziya ekranlarından düşmür, dedim, yəqin yaxşısı elə budu. Hayıf, hayıf zənnimdən, məni aldatdı..." Bu düşüncələr içində evdə yır-yığış etdim. Qonaq otağını elektrik süpürgəsiylə təmizləyib, xırda tör-töküntümü yığışdırdım. Qapının zəngini gözləyirkən, telefonumun çağrısı səsləndi.

– Bulud müəllim, bağışlayın, gəlişimiz qaldı iki gündən sonraya – bazar ertəsinə. Hazırlıqlı olun. Amma, xahiş edirəm, bu barədə heç kimə bir kəlmə də... Sağ olun.

Təzədən fikir məni götürdü. "Hazırlıqlı olun..." Zibilə düşməyinə düşmüşəm, özü də əməlli-başlı!..

Gündüzlər həyətin kişiləriylə nərd oynamaqla başımı qatsam da, axşamlar gələndə dərdim birə on artırdı. Qaranlığı artıq ruhən deyil, canımla da "həzm" edə bilmirdim. Çünki qaranlığı ağlasığmaz çalarlarda görürdüm, təbiətlə aramda ilahi uyğunsuzluq yarandığına inanmaq istəmirdim, axşam olduğunda yaşadıqlarımı yəqin ki, heç kim təsəvvür edə bilməz. Amma deyir, guya məndən başqa yer üzündə altı nəfər də var bu sayaq. Pah! Gözüm aydın! Yaxşı ki, tək deyiləm, yoxsa bağrım "çatlardı"... Heç dəxli var?

Bəs professorun işlətdiyi o son sözlər nəydi? "Siz necə də xoşbəxt adamsınız..." Mənim xoşbəxtliyim nədədi, axı, qardaş, hə? Bəlkə, səhər-axşam süfrədə qarşıma qoyduqlarımın hamısını lax yumurta rəngdə görməyimdədi? Bəlkə ağacların yaşılına həsrət qalmağımdadı? Axı mən Bakıda xəzrinin əyiş-üyüş etdiyi küknarları, şam ağaclarını təbiətin şikəst balaları kimi sevirəm. İndisə onların həmişəyaşıl, iynəyarpaq budaqları, elə bil, qarğıdalı saçağından bulud bağlayıb. Budur eey, bəxtəvər başıma, Köhnə Günəşlidə – qılıcın belində, Bakının, Xəzərin mənzərəsinin ən gözəl göründüyü yerdə yaşayıram. Amma indi eyvanımda dayananda Xəzər öz nəhəng hövzəsində mərci şorbasına oxşayır. Aşağılarda evlər elə bil açıq və tutqun rəngli cilasız kəhrabadan tikilib. Adamların üzünə baxa bilmirəm. Bilmirəm nə rəngdədilər. Əksəriyyəti meyit rəngdədi, elə özüm də həmçinin – day güzgüyə baxa bilmirəm. Aydan, ulduzdan gəlməmişəm eey mən! Nədən mənə, özün demişkən, nadir, sağalmaz bir xəstəliyin daşıyıcısına iştahla, həsədlə "siz necə də xoşbəxt adamsınız..." deyirsən? Bu rəzil, düzü dünyanı sidik və nəcis rənginə boyayan korolmuş gözlərim baxa-baxa alnımın ortasına nədən xoşbəxtlik kimi bir saxta yarlıq yapışdırırsan?.. Mən heç vaxt xoşbəxt olmamışam! Lap on gün bundan öncə də, gözlərim dünyanı öz rəngində görəndə də xoşbəxt deyildim! Dərdimin bu vaxtında bəs sən hardan qurdalayıb çıxartdın, hansı məntiqlə üzümə üfürdün saxta xoşbəxtliyi, bu qondarma içinəpoxolmuşu!?

Yaxşı ki, Şəfiqənin sağlığında tutulmadım bu bəlaya, ürəyi partlardı bilsəydi. Həm də, ağzının qıyı-qıpı yoxuydu – çənəsində söz duran deyildi rəhmətliyin. Gözünün yaşını tökə-tökə həyətlə, qohum-qonşuyla bir eləmişdi indi sirrimi. Sirrimi? Əcəb beynimə yeriyib eeyy: sirr... Nə qəşəng də səslənir eeyy... Cənab professor, xəstəliyin məxfi saxlanması nə deməkdi? Bəlkə sümüklərim qızıla dönüb, gözlərim ona görə dünyanı 583 əyarına bürüyür? Məndən gizlədirsən, bəlkə, hə? Bəlkə kağız-kuğuz hazırlayıb qol çəkdirmək istəyirsiniz ki, ölsəm sümüklərimi könüllü şəkildə dövlət götürsün, hə? Lap belədisə bundan sənə nə? Sən niyə ortalığa düşüb sevinirsən? Bəlkə canımda daşıdığım var-yatırın sənə faizi çatacaq? Yoxsa elə bilirsən mən səndən qabaq öləcəm, hə?..

İndi yadıma düşür ki, ötən əsrin səksəninci illərində, indiki Zərgərpalan küçəsində, rəssam kimi saçları çiyinlərindən olan ağbaş bir qoca yaşayırdı. Başının-üzünün tükləri kipriklərinəcən ağappaq idi, dərisi də çəhrayıya çalırdı. Deyilənə görə onun sümükləri fosforluydu və o, rəsmən müqavilə bağlayıb vəsiyyət edibmiş ki, öləndən sonra sümükləri dövlətə qalsın. Deyəsən, ona bəri başdan avans da veriblərmiş, hansı dərəcədəsə "görüm-baxım" ediblərmiş, amma əsas məbləği o öləndən sonra ailəsi alacaqmış. O şəkildə insanlara hələ də rast gəlinir. Bildiyimə görə, belələri çoxdu və onlara albinos deyilir. Bu, irsi keçən metobolizm xəstəliyidi. Bəs mənə, mənim xəstəliyimə nə deyilir? Bəs mənim dərdimin adı nədi? Daltonizmdi? Yox eyy, daltonik doludu yer üzündə, statistikaya görə, yer üzündə hər on adamdan biri daltonikdi də. Onlar yaşılla qırmızını, qırmızıyla göyü, göylə yaşılı dolaşıq salırlar. Loru dildə desək, daltoniklər bayrağımızın rənglərini qarışdırırlar. Bəlkə də elə bununla yer üzünün böyük bir qisminə türklüyü, azadlığı, islamı dərk eləməyi Allah-təala özü rəva görmür?.. Nə bilim. Amma bir şey də var ki, oxuduğuma görə, insan beynində dünyanın bütün rəngləri yalnız bu üç rəngin köməkliyi ilə ərsəyə gəlir, başqa cür mümkün deyil. Bəs niyə, görəsən, yer üzündə mənim kimi xəstələr vur-tut yeddi nəfərdi?.. Bu nədisə, alahı şeydi. Bir yandan da professor məni qorxuzur ki, sağalmaz dərddi bu. Deməli getdi dünyanın dadı-ləzzəti... İndi farağat yaşa daha, ay adı it dəftərində də olmayan qondarma fəlsəfə doktoru! Heç yana burcudub eləmə! Uşaqlara da qətiyyən demək olmaz, fikir eləyərlər... Səhərlər südü qaynadıb stəkana tök və aralıdan bax, elə biləcəksən "fanta"dı buğlanır – çaşma ha... Yumru düyünü südə töküb sıyıqdan-zaddan bişir ye – zəfəran, sarıkök vurmasan da olar, onsuz da sapsarı olacaq, kef elə getsin...

– Bulud müəllim, Bulud müəllim!..

Yenə Zeynalgildi. Ya nərdə, ya da dominoya çağırırlar. Bu zalım uşağı hardan bilsin ki, mənimçün gecə alatoranlıq düşəndən başlayır, hardan bilsinlər ki, gündüzüm qısalıb, gecəm uzanıb, özü də ömürlük. Desəm ki, şəhərin bütün maşınları indi mənimçün taksi rəngdədi, adımı dəli qoyarlar yəqin. Sevdiyim heykəllərə də baxa bimirəm day, dilim-ağzım qurusun, elə bil hamısını nəcisdən düzəldiblər...

–Qonşu, üstünə sağlıq, bir az başım ağrıyır, bu günlük mənsiz keçinin...

– Problem yoxdu, Bulud müəllim, özünüzə yaxşı baxın.

Yuxarıdan aşağı baxanda Zeynal öz amiranə daz başıyla qızıl suyuna çəkilmiş büstə oxşayırdı, işıq düşdükcə par-par yanırdı. Köynəyi nə rəngdəydisə bilmirdim, amma bu an mənə təzə soyulmuş kartof rəngini xatırladırdı, görünür qar bəyazlığındaydı. Hə, belə-belə işlər... İndi ay Bulud müəllim, bütün dünyanı bürümüş sarının çalarlarının tündlüyünə, açıqlığına bax, rəngləri beləcə saf-çürük elə görək axırı necə olacaq...

* * *

Bu keçən on gündə mənə ən dəhşətli təsir edən şey sərçələri bülbül rəngdə görməyim idi...

Bunu həzm edə bilmirdim. Əslində bu quşcuğazlar pis görünmürdülər, amma rənglərinə diqqət kəsiləndə elə bilirdim onların hamısının yuvası mənim içimdədi və içimin rənginə boyanıblar... Vallah, oxusaydılar elə bilərdim gerçəkdən bülbüldülər, amma onlar oxumurdular və bülbül kimi şux deyildilər, həyətimizdəki donqabel şam ağacının mətbəximizin pəncərəsinə sarı boylanan qarğıdalı saçağı rəngli bulud-bulud budaqlarında əzgincəsinə büzüşür, uzaq başı ara-bir bir-iki ağız cikkildəşirdilər...

Necə oldu axı bu dərd məni yaxaladı? Nə baş verdi görəsən? Bəlkə uzun illər institutda "qulaqlarını çərtdiyim" tələbələrin ahı tutudu məni, hə? Guya o pullar hamısı mənə qalırdı? Ona qalsa, gərək mənim alıb-ötürdüyüm, verib-yedirtdiyim adamlar indiyə təmiz kor olaydılar. Yoxsa, bu tələbə-müəllim arasındakı "görüm-baxım" məsələsini mən icad eləmişəm bu xarabada? Bu yırtıq el palazının bir cucuğuna da mən bürünüb sürünürdüm də, neyləyirdim ki, yəni? Aldıqlarım, yığdıqlarım "aldım qoz – satdım qoz"a bərabər idi, mənə quruca tozdan başqa nə qalırdı ki? Yox, heç cür inanmıram ki, gözlərimi sarıya tutan həmin "toz" ola... Ona qalsa, həndəvərimdəkilərin doxsan doqquz faizi indi mənim günümdə olmalıydı.

Hə, necə oldu axı bu dərd yaxama ürcah oldu? Nə baş verdi görəsən? Heç nə, heç nə, vallah. Həmin gün elə bir fövqəladə şey baş verməmişdi. Allahın ver günü olduğu kimi həmin səhər də yuxudan oyandım. Düzdü? – düzdü. Gözlərimi açıb birinci tavana baxdım. Doğrudu? – doğrudu. Bəs nə gördüm? – ağ rəngli tavanımızı sanki mən yuxuda olanda zəfəran sarısıyla boyamışdılar... Elədi? – elədi ki var, bu da düppədüzdü! Hə, sonra nə baş verdi? – durub yüyürdüm vanna otağına, gözlərimi bərəldib güzgüyə ha baxdımsa, sarı rəngdən başqa gözümə heç nə dəymədi. Evin divarlarından tutmuş bütün əşyalaracan hər şey sapsarıydı. Elə bil mənzilim sarılıq keçirmişdi. İnanmadım. Eyvana çıxdım, düzü-dünyanı sarının cürbəcür çalarlarında görəndə az qala havalandım: "bu nə işdi, Allah!" – dedim. Dedim? – elədi ki, var... Bəs nə oldu? – bir saat, üç saat, beş saat, bir gün keçəndən sonra da heç nə dəyişmədiyini görüncə, içimdə yavaş-yavaş bu bəlayla barışığa meyillənən kimi oldum, amma yenə ümidimi üzmədim. Günlər ötdükcə nə baş verdiyinin fərqinə varmağa başladım, özümü toparlayaıb əl-ayağa düşənəcən aradan bütün həyatımı alt-üst etmiş ömrümün bu rəzil on günü keçdi və gözümü açdım ki, artıq adlı-sanlı oftalmoloq Bürhan Nəcəfovun qəbulundayam. Di gəl ki, vallah, heç o məşhur professorun – o dəmdəməki adamın dediklərinə dərin inanmıram, aradan keçən bu on gün gözümə on il kimi görünsə də, içimdə, elə bil, bir dinclik var və mənə mütləq sağalacağımı diqtə eləyir!

Budur, artıq qaranlıq düşüb. Mənimçün bu qaranlıq qançır olmuş yaradan axan irinli qan rəngdədi. Yox, tünd, lap tünd bir sarılıq var bu çalarda. Qumru quşunun tünd rənginə çalır ulduzsuz, aysız göy üzü. Qaranlığın içindəki ağ buludlarsa həmin rəngin bir az avazımış çalarına bürünüb Xəzərin üstünə dartındıqca lələk-lələk didilir elə bil. Dərd canımı alalı, fikir başımı necə qatırsa, budur, bax, qarşımdakı boz-bulanıq gördüyüm çayım da buza dönüb artıq. Bu işə bir əncam çəkməliyəm, belə olmaz. Yatmaq lazımdı, yatmaq! Səhər durub Umudgilə – kəndə gedəcəm. Qoy Umuda danışım sirrimi, qoy o da bilsin məni giriftar eləyən bu andır xəstəliyimi, bəs doğma ağsaqqalıma – qardaşıma deməyib kimə deyəcəm dərdimi? Onsuz, o da rəhmətlik atam kimi ağzıbütöv adamdı, lap ona oxşayıb sirr saxlamaqda. Özü də fərasətlidi, hər şeydən baş çıxarandı. Bəlkə bir xeyirli məsləhət verəcək? Hə, hə, getməyim yaxşıdı kəndə. Orda bir-iki gün dincələndən sonra qayıdıb gələrəm, professorla görüşərəm, lazım olsa lap telefon açıb uşaqlara da xəbər eləyərəm üstüörtülü...

...Səhər ayılanda özümü toparlayıb bu gecəki yuxumu rəngli, ağ-qara, yoxsa bu lənətə gəlmiş sarı rəngdə görüb-görmədiyimi yadıma salmağa çalışdım. Neylədimsə, xeyiri olmadı, xatırlaya bilmədim.

* * *

Yüngül qəlyanaltıdan sonra maşınıma əyləşib, servisə – ustanın yanına getdim. On beş dəqiqəlik təmirdən sonra artıq dədə-baba ocağıma – kəndə sarı yola düşdüm. Yolu az qala yarı eləmişdim ki, telefonuma zəng gəldi.

– Kimdi? – soruşdum. Çünki gözlərim telefonun kiçik lövhəciyinə yazılanları seçmir artıq, tutqun sarının içində hərflər südlü şokoladın açıq rəngli ərintisinə bulaşmış qarışqalara oxşayır, aydın sezə bilmirəm.

– Professor Bürhan Nəcəfovdu. Necəsiniz?

– Təşəkkür edirəm, professor.

– Özünüzü necə hiss edirsiniz? Gözlərinizdə heç bir dəyişiklik yoxdu ki?

– Hər şey əvvəlki kimidi. Yəni nəsə ola bilər?

O bir qədər susdu. Sonra aramla izah etməyə başladı:

– Bilirsiniz, hər bir insan özəl bir varlıqdı. Dərd dərdə bənzəməyə bilər. Mən bilirəm ki, prinsipcə heç bir dəyişiklik olmamalıdı. Olsa da, bu dəqiqə bunun sizə böyük anlamda xeyirindən çox ziyanı ola bilər. Amma yenə də... hər ehtimala qarşı soruşmağı vacib bildim. Ona görə narahat elədim.

– Nə narahatlıq? Xoşdu... (Bu "xoşdu"nu candərdi dedim amma) Diqqətinizə görə çox sağ olun. Bir şey olsa özüm xəbər edəcəm.

– Sağ olun, Bulud müəllim, özünüzə yaxşı baxın. Sözümüz sözdü. Sabah yox, biri gün axşam sizdəyik...

Yenidən qanım it qanına döndü. Qardaşımgildə də rahat dincələ bilməyəcəyimi anlayırdım. Çünki professor zalım oğlunun qarşıma şərt qoyması mənə əməlli-başlı yer eləmişdi. "Sabah yox, biri gün sizdəyik..." Belə də şey olar? Əcəb zibilə düşmüşəm eey...

Mənim bir adətim var ki, bəzən sözü gec anşırıram, amma mütləq anşırıram. Deyilənlər beynimə həkk olur, sonra yavaş-yavaş yaddaşımın laboratoriyasında analizdən keçir, çözələnir. Lap loru dildə desəm, eşidən kimi anlamadıqlarım sonra yavaş-yavaş başımın "cəhrə sexində" necə var, "əyrilir, ərişlənib-arğaclanır". Yəni ağlımın "bostanında" kifayət qədər "dırmıqlanır, arınır". İndi də elə oldu. Yolun qalan hissəsində professorun dediklərinin beynimdə sökülüb-yığılma prosesi işə düşdü və tezliklə özümü çox pis hiss etməyə başladım. Mənim onun sualına verdiyim cavab: "Hər şey əvvəlki kimidi. Yəni nəsə ola bilər?" sözlərimin qarşılığında, onun işlətdiyi "olsa da, bu dəqiqə bunun sizə böyük anlamda xeyirindən çox ziyanı ola bilər" ifadəsi beynimin mikrohissəciklərində qısa qapanma verir, bütün ovqatımı alt-üst edirdi.

Növbəti yamacı aşandan sonra maşını yolun bir kənarına verib saxladım. Fikir məni götürdü. Necə yəni, gözlərimin halında nəsə bir dəyişiklik olsa, "bunun... böyük anlamda xeyirindən çox ziyanı ola bilər." Bu nə deməkdi? Nəyə işarədi? Bəlkə elə mənim dərdimin dərmanı var, sadəcə bu adam nəyə görəsə, məndən gizlədir, bunu demək istəmir? Burda onun nə marağı ola bilər? Nəyə görə belə eləyir axı? Elə onun bu müəmmalı zəngi də dərin narahatlığından xəbər vermirmi? Qara qaşıma, ala gözümə aşiq olmayıb ki, şənbənin günü məni bu cür arayıb-axtara. "Gözlərinizdə heç bir dəyişiklik yoxdu ki?" Deməli, ola bilər də, yəqin ola bilər ki, soruşur də. Bir də, ölümə çarə yoxdu, yəqin bunun da bir çarəsi var... Gözlərimdə bir dəyişiklik baş versə, bəs o hansı mənada deyir ki, "xeyirindən çox ziyanı ola bilər?" Özü də "böyük anlamda". Həm də sözə bax ha: "böyük anlamda!.." O "böyük anlam" deyilən şey nədi axı? Nə durur onun arxasında?

Avtomobili işə salıb yenidən yola düzəlirəm, fikirsə məni cəngindən buraxmır – lap "böyük anlamda..." Lap bağrım çatlayır. Umudgilə bircə tez çatsaydım...

Umud kəndimizin yaxınlığındakı istirahət mərkəzində inzibatçı işləyir. Dolanışığı pis deyil. Qızını köçürüb, oğlunu evləndirib. Hamısına da özü nəzarət edir, yəni əl yetirir, korluq çəkməyə qoymur.

Fikirləşdim ki, indi yəqin işdə olar, maşını kəndə yox, onun iş yerinə sürdüm. Gözəl mənzərəli, meşə talasının çəmənliyində (amma hayıf ki, gözlərim sarıya bürüməklə bu gözəlliyin dadını qaçırır, talanın çəmənliyi saralmış taxıl zəmisinə oxşayır) yerləşən "Zümrüd" istirahət mərkəzində ilin hər fəslində olduğu kimi dincələn az deyildi. Mənim gəlişimə sevinən Umud həm də şaşırdı.

– Xeyirdi?

– Elə-belə gəlmişəm...

– Evə dəymisən?

– Yox.

Tez-tələsik göstəriş verib qocaman ağaclardan birinin altında, boş masalardan birini mənim üçün hazırlatdı, süfrəyə yemək, çeşidli şirniyyat və çay gətizdirdi. Özü də mənimlə oturdu. Çay süzüb, hal-əhval tutdu. Amma deyəsən ovqatımın heç də yaxşı olmadığını duydu.

– Noolub?

– Heç, bir az yorğunam.

Nəsə birbaşa mətləbə keçə bilmədim. Fikirləşirdim ki, deyəsən, ona heç nə deyə bilməyəcəm. Axı nə deyim? Necə deyim ki, iraq olsun, səni meyit rəngdə görürəm, a qardaş... Necə başa salım ki, bir zibilə düşmüşəm, başım qaldadı, qadağa qoyulub dərdimi də açmağa? Özüm az fikir çəkirəm ki, onu da dərdimlə yükləyim? Yox eey, heç nə deməyəcəm, qoy sirrim qarnımı yırtsın...

Umud məndən yeddi yaş böyükdü, ağlımız kəsəndən aramızda pərdə saxlayırıq. Mən adamayovuşmazam, o isə həm tez-qaynayıb-qarışan, həm ciddi, həm hirsli, həm də hədsiz diribaşdı.

– Bulud, qağa qəbri, Allah üzümüzə bir yaxşı qapı açıb. Buraları satırlar. Sarvanla, Şirvanla bir danış, gör imkanları varsa gəlsinlər, alsınlar buranı. Şef mənim xətrimi çox istəyir. Lap yarı pulunu düzəldib versələr, yarısını mənə görə gözləyər, yavaş-yavaş verərlər. İşlətməyi də ki, mənim əlimdə çətin deyil. İşin cikini də bilirəm, bikini də. Çörəkli yerdi. Ömürlük çörəkdi. Mağıl biryolluq yığışarlar Rusyətdən.

– Mən belə görürəm, heç onları fələk özü də gələ, o Rusyət xarabadan qopara bilməyəcək. Yazıq Şəfiqəni onların dərdi çərlətmədimi?

– Məncə, deyib də bir ağızlarını arasan, yaxşı olar. Bəlkə ağıllarına batar. İstəyirsən lap özüm zəng eləyib danışım, hər tərəfli də başa salım onları. Basyerisin bir dövrandı da, qardaş, indi elə bir vaxtdı ki, nə qapdın – qapdın. Bir azdan kim bilir vəziyyət necə olacaq. Cavan uşaqlardı, orda, qürbətdə ticarət mərkəzlərində zülüm çəkənəcən, burda evlərinin içində yay-qış rahatca dolanacaqlar, özü də bəy kimi, nəyivar pul qazanacaqlar! İşi də ki, inşallah, nə qədər canım sağdı özüm idarə eləyəcəm, özü də necə lazımdı. İtindən-qurdundan da qorxmasınlar, hamısı məni tanıyır, hamısına da "xod"um var, əlim çatır.

Umud həmişə ağıllı olub, gərdişin, dövranın həmişə nəbzini tutan olub. Onun sözlərində həqiqət vardı. Ağlabatan fikirlərdi. Amma nə bilim, uşaqların bir o qədər pulu-parası olarmı yəni?

– Neçəyə verir, görəsən?

– Bir restoran, beş kotec, iki hektar bağ-bağat... cəmi-cümlətani ikiyüz min dollara. Vallah, yiyəsi insan adamdı, əlli minini də mən sındıraram söhbətdə, yüz əlliyə razılaşar. Köçünü yığıb Türkiyəyə getmək istədiyindən varını-yoxunu su qiymətinə satır, vallah. Bu şans göydəndüşmədi haa, bu qiymətə belə yeri heç vaxt almaq olmaz. Bu heç quruca yerin qiyməti deyil. Buranın müştərisi yay-qış əskik olmur. Bulud, bilirəm sən belə şeylərdə səriştəsizsən, amma vəziyyəti düz başa düş. Uşaqların taleyini birdəfəlik həll eləyə bilərik. Hələlik şef bu barədə ancaq mənə deyib, heç kimə bildirməyib. Bir karlı adam eşidib-bilsə, o dəqiqə qamarlayacaq... Yalvarmışam ki, bir həftə heç kimə deməsin, müştərini özüm tapacam. Razılaşıb, deyib sənin xətrinə lap bir ay da gözləyərəm.

Çaydan bir-iki qurtum içdim, doğma yerlərin havası üz-gözümə dəydikcə elə bil əhvalım durulurdu. Uşaqlığımız bu meşəliklərdə keçmişdi. Balaca vaxtı buralardan təndirdə yandırmaq üçün o qədər şax-şəvər, çır-çırpı yığıb aparardıq ki... Dövranın birdən-birə bu şəkildə dəyişməsi yuxumuza belə girməzdi. Bir vaxt buralarda belə həngamələrin olacağı kimin ağlına gələrdi axı...

– Hə, nə deyirsən? Zəng eləyirsən uşaqlara?

– Gəl nömrələrini verim, özün zəng elə.

O, telefonumdan uşaqların nömrələrini köçürdü. Axşam zəng edib danışacağını dedi. Dedi ki, şənbənin günüdü, indi ticarət mərkəzində qızğın iş gedən bir vaxtdı, axşam evə gəlib dincələrlər, ondan sonra telefon açaram.

Əslində uşaqların bu işə razılıq vermələri mənim üçün də yaxşı olardı. Yaşları da keçir, yığışıb gəlsəydilər, toylarını da eləyərdik, mən də rahat nəfəs alardım. Bu obyekti alsaydılar, vallah elə özüm də yığışardım buralara. Bəlkə bu doğulub-böyüdüyüm yerlərdə dərdimə də bir əlac olardı. Amma hələ ki, deməyəcəm, heç kimə heç nə deməyəcəm bu barədə. Umudu da bilmək olmaz, nə qədər ağzıbütöv olsa da, gecənin bir yarısı baş yastığında elədiyi qulaq söhbətində-zadda özünü saxlaya bilməyib Nailəyə pıçıldasa – bəsdi. Arvad xaylağıdı da, özü də kənd arvadı bir qədər dələgey-dəmşalağ olur, o da səhər kiməsə xısınlayar, qurtarıb gedər. Kənddə-kəsəkdə azdan-paradan, keçmişdənqalma xətir-hörmətim var, heç nədən vedrə bağlayarlar, "Sarıgöz Bulud"dan-zaddan bir ayama da qoşarlar adıma, olaram bir qəpiklik. Hə, salamatı susmaqdı elə...

Axşam kəndə gəldik. Umud Moskvaya telefon açıb Sarvanla danışdı. Uzun-uzadı bir söhbət etdilər. Sarvan bir həftəyə yurda dönəcəyini bildirdi, gəlib məsələni yerində öyrənmək istədiyini söylədi. Əmisini əmin etdi ki, borc-xərc də olsa, bu məsələni həll etməyə çalışacaq. Sonda bir-iki kəlmə də mənimlə danışıb hal-əhval tutdu. Tezliklə görüşmək ümidiylə sağollaşdıq.

Həyətdə, qocaman tut ağacının altında oturmuşduq. On dörd günlük ay elə bil Nikolayın qızıl onluğuydu – asılmışdı gecənin boynundan, bərq vururdu. Gecənin rəngi də, nəfəsi də şamama qoxuyurdu. Dünya dəyişsə də bu kəndin gecələri dəyişən deyil, öz saflığıyla içimdə məhrəm duyğular oyadır həmişə, belədə gözlərimi yumub bir an içində ömrü geriyə ayaqyalın yüyürürəm sanki...

Sarvanın yurda dönüşünə içimdə sevinsəm də bir nigarançılıq da məni bürümüşdü. Bu üzdən çörəyi də iştahsız yedim. Hansı ki, Nailənin bişirdiyi çığırtmanın misli yoxuydu, yeyən barmaqlarını yalamalıydı. Nigarançılığımın səbəbi, əlbəttə ki, xəstəliyimlə bağlıydı. İstəmirdim uşaqlarım bu tezkən canımı yağır eləmiş dərdimlə bağlı nəsə bilsinlər.

Səhər yuxudan qalxınca axşamdan bəri içimi dolduran kəndin doğma havası yenə də canımda xoş duyğular oyatdı. Pəncərədən həyətə baxdığımda samavarın tüstülədiyini gördüm. Samavar özü qızılı, tüstüsüsə futbol azarkeşlərinin yandırdığı fişənglərin tüstüsü kimi tünd narıncı rəngdəydi və eynən eləcə burum-burum qalxırdı. Qəfil gözlərim doldu... "Axı bu nə dərddi, İlahi, mən ürcah olmuşam? Nə vaxtacan belə olacaq axı? Niyə belə oldu? Nəydi mənim günahım?"

Umud işə getmişdi, Nailə gəlini Arzuyla birgə həyətdə gündəlik işləriylə məşğuluydular. Səhər naharından sonra maşınımı işə salıb dədə-baba ocağımdan Bakıya – qondarma ocağıma yola düşdüm. Kim nə deyir desin, mən həmişə Bakıda özümü qonaq kimi hiss etmişəm, elə bil beynimin içinə həkk olmuş bir qəriblik kodu var canımda və bu şəhərdə bu kod həmişə aktivdi. Bu üzdən də Bakını həmişə özümün, ruhumun doğma deyil, qondarma ocağı hesab eləmişəm, həmişə elə bilmişəm ki, gəldi-gedəriyəm, buraları gözəl günlərin birində atıb çıxıb gedəcəm doğulub böyüdüyüm yerlərə və hər şey də bununla sona çatacaq...

Bu gün özümçün bir məsələni də kəşf etmişəm: mən daha dünyanın retro görüntüsünə baxıram – hər şey köhnə filmlərdə olduğu kimi eyni rəngdədi, hər şeydən bir qədimlik, özü də pas rəngli cansıxıcı bir qədimlik yağır... Amma bir şey də var ki, mən bu retro dünyanın içindəkilərlə birgə pas rənginə bürünsəm də, tamamilə fərqli bir insanam – məndən yoxdu! Pəh-pəh! Yoxdu məndən! Doğrudan da yoxdu! O yeddi nəfərin içində də təkəm dünyada. Çünki o adamların da hərəsi bir rəngdə görür dünyanı yəqin. Təbii ki, sarı rəngdə görəni yoxdu! Çox güman yoxdu. Bu üzdən də təkəm... Bəlkə elə buna görədi ki, belə kövrək olmuşam. Yalqızam, qəribəm, tənhayam, Allah!..

Kəndin içindən yavaş-yavaş adlayıb keçdikcə, arabir gözümə dəyən balqabaq rəngli üzlərin mənə sarı necə çevrildikləri də kövrəldir içimi. Deyirəm, ay Allah, keşkə bu doğma üzləri haçansa bir daha öz rəngində görə biləydim...

Bakıya çathaçatda Çingizdən – Umudun oğlundan telefonuma zəng gəldi:

– Əmi, evə çatanda bağaja baxmağı unutma.

– A bala, nə əziyyət çəkmisiz...

Bilirdim ki, Nailə mütləq çolpadan-zaddan kəsdirib qoyacaq, yumurtadan-filandan yığıb dolduracaq, ölüsü bir hətəlik, on-on beş günlük azuqəmi məndən xəbərsiz yükləyəcək maşınıma. Bu, birinci dəfə deyildi. Amma düzü bu dəfə elə fikirli çıxdım ki, heç yadıma da düşmədi dil-ağız eləyim. Allahın quru bir "sağ ol"unu da olsa demədim heç. Dərd qoyur ki, başım aynısın?...

* * *

Artıq mən bu saxtakar göz professoruna inanmıram. Gündə bir qəmbərqulu çıxardır, əsəblərimlə oynamaqdan zövq alır elə bil. Qardaşımgilə səfərimi yarımçıq qoyaraq, yekə-yekə danışan bu çüllütfason adamın "ziyarətini"– evimə sirr dolu gəlişini canımı dişimə tutub gözlədiyim halda, telefon açaraq yenə yubanacağı barədə mənə xəbərdarlıq etdi. "Başımız bir qədər qarışıqdı. Müəyyən prosedurlar var ki, onları adladıqdan sonra sizi hökmən mənzilinizdə ziyarət edəcəyik..." söylədi. Bu dəfə haçan gələcəyini də demədi heç. Onun bu sözlərindən sonra elə bil atamı qəbirdən quduz bir it silkələyə-silkələyə dartıb çıxartdı. Lap zəhləm getdi bu adamdan. Hirsimdən partladım, nə partladım! Düşündüm ki, artıq bu mığmığaya oxşayan adam məni dolayır, artıq məsələ abır-həyadan keçib, onun cavabını vermək lazımdı. Yoxsa belə getsə, bu bəbək "ustası", bu göz "uzmanı", bu fırldaqçı cüvəllağı, bu beşqarışlıq Şiralısifət kişi, bu başdanxarab "ali" tibb məmurciyəzi özündən təzə şeylər uyduracaq, həddini elə aşacaq, məni çıxılmaz durumlara elə salacaq ki, dərdimin üstünə yeni dərdlər yüklənəcək.

"Müəyyən prosedurlar var..." – söz tapıb danışmağa! Uşaq başı aldadır elə bil. Bəlkə ovcuma bir-iki konfetdən, manpasıdan-zaddan da basasan, hə? Kimə gəlirsən, axı! Bəlkə indi bir çəngə sapsarı samana oxşayan bu cod saçlarımı yetim bir cocuq başına sığal çəkirmiş kimi tumarlayasan? Bəlkə cibimə bir-iki stəkan qovrulmuş günəbaxan tumu da alıb tökəsən?

"...Müəyyən prosedurlar var ki, onları adladıqdan sonra sizi hökmən mənzilinizdə ziyarət edəcəyik..." Çox elə gözüm atırdı sizdən ötrü, belə ürəyim gedirdi gəlişinizdən yana! Hələ bir cəm halında danışmağına bax bunun: "...ziarət edəcəyik..." Rus demişkən, "podumayeş!" Sənin adlamaq istədiyin o prosedur da təpənə dəysin, məni edəcəyin ziyarət də! Sən kimsən axı?! Kim?! Mənə nağıl danışmağına bax bunun! Guya böyük bir zibildi bu! Fırıldaqçı bir göz həkimisən də, kimsən axı? Guya mən bilmirəm bizim bu həsənsoxdu dövründə o professor titulunu, o televiziya reklamlarını hansı yolla almısan? Guya mən sənin kimilərin noxtalı başının heç vaxt öz əlində olmadığını bilmirəm? "Başımız bir qədər qarışıqdı..." Belə gözüm aydın qarışıqdı o tülküyə oxşayan xaltalı başın!.. Görəsən indi o eybəcər başın içində mən yığvalsızla bağlı hansı iyrənc planlar cızırsan, goreşən!..

Nə isə... Özümü yeyib-tökməyim hər dəfə elə özümə qalırdı. Sadəcə heç nəyə gücüm çatmırdı, palanı döyəcləyirdim. Çünki mən mampağam, əzvayam, əməziyəm!.. Günü günə calayıb gözləməkdən başqa əlimdən heç nə gəlmir. Umud demişkən, maygülüyəm...

Sentyabr olsa da havalar isti keçirdi. Özümə bir az əyin-baş almaq üçün Binə ticarət mərkəzinə getmişdim. Qayıdan baş Milli Parkın yanından keçəndə maşınımı saxlayıb bir qədər gəzişməyə qərar verdim. İlahi, buralar necə də dəyişib, gözəlləşibdi! Dünyadan xəbərim yoxmuş, vallah. Cəhənnəmə, hər şeyi bir rəngdə görsəm də, gördüklərimi beynimin içində öz doğma rənglərində canlandıra bilirəm, bununla da tarazlığı ruhən qoruyuram. Neyləyim, çıxış yolum yoxdu. Məsələn, Milli Park boyunca gəzişən, yarımqol yay köynəkləri geymiş insanlar sanki Braziliya yığma futbol komandasının oyunçularıdı – hamısının köynəyi sapsarıdı. Amma mən bilirəm ki, bu belə deyil, yəqin burada gəzişənlərin çoxu ağ köynəkdədi, sözsüz, bu üzdən mən belə görürəm. Bir qədər tündə çalanlar mavi köynəkdə də ola bilər, boz köynəkdə də, dəvəyunu rəngli köynəkdə də. Xəzər bu dəfə nəhəng məcrasında mərci şorbasına deyil, açıq sarımtıl köpükləri sahili öpən pivə dənizinə oxşayırdı... Amma bu dəfə yaxınlığındaydım və bunun belə olmadığını yaxşı bilirdim, əslində məni pivə qoxusu deyil, dərd-ələm qoxusu vururdu bu sahildə...

Mən bircə şeydən qorxurdum: davranışlarımla insanlarda gülüş doğura bilərdim. Qorxurdum ki, gözlərimin qəddarcasına retrolaşdırdığı bu çağdaş dünyanın insanları qəfil məndən nəsə soruşa bilərlər və verdiyim cavabda rənglərdən dolayı nəyisə baş-ayaq söyləyərəm və gülünc bir duruma düşərəm.

Bir də burada keçmiş iş yoldağlarıma – müəllim dostlarım İldırıma, Böyükağaya rast gəlməkdən çox qorxuram. Vallah, əl çəkməyəcəklər. Yenə həmişəki yerdə – məşhur Əyyub kişinin zirzəmi-kafesində qarın qutabıyla araq içməyə üz vuracaqlar, boyun qaçıra bilməyəcəm, heç buna aman da verməyəcəklər, dartıb aparacaqlar. Sonra da başlayacaq "gətir-götür". Əyyub kişi də ki, yaxşı şeir, qəzəl bilən adamdı, söz sənətinin alovlu vurğunudu. Dost kimi süfrəmizə buyuracaq, bir-iki kəlmə deyəcək, yenə kövrələcəm. Belədə zibil sirrimin üstü də açıla bilər, başım dumanlanandan sonra özümü saxlaya bilmərəm yəqin, açaram sandığı, "müştəri" belə çağırmadan, tökərəm nəyim varsa ortalığa, "buyurun – deyərəm – görün bir başıma nələr gəlmiş, dostlar!" Hə, bu çox pis olar yəqin. Yaxşısı budur, buralardan tez sürüşüm.

Bu fikirlər içində ürkə-ürkə bir qədər gəzişdikdən sonra geriyə qayıdıb köhnə "Mersedes"imi işə salınca telefonuma gələn zəng ovqatımı durultdu. Sarvan idi, sabah səhər çağı Bakıda olacağını deyirdi.

Sarvan böyük oğlumdu. Gözü həyata açılandan ana babasının yolunu tutub gedən bir cavandı. Sarvan lap körpəlikdən anacanlı bir uşaq idi. On dörd-on beş yaşınacan Şəfiqə onun hər axşam böyrünə girib oxşamasaydı, yatmazdı. Anası gözlərini dünyaya yumandan sonra Sarvanı uzun müddət kiritmək mümkün olmadı. Hər gün ağlayırdı, gözləri ağlamaqdan qıpqırmızı olurdu. Moskvadan hər gələndə, yolunu birinci qəbirstanlıqdan salardı, evə girincə isə, öncə anasının divardakı şəklini öpərdi. Elə, indi də elədi, anasından söz düşən kimi, yan otağa keçir, anasının şəklini öpdükcə öpür, "sənə ölüm yaraşmırdı, can ana..." deyir, gözlərindən bıldır-bıldır, oncərgə yaş tökür...

Onu da deyim ki, uşaqlarımın heç biri mənim yolumu deyil, mənim tərəkəmə, ovçu dədəmin yolunu deyil (bu heç mümkün də deyildi, mümkün olsaydı belə, buna razı olmazdım), ancaq ana babalarının yolunu davam etdirirlər – alverçidilər, indiki dillə desək biznesmendilər. Rəhmətlik qayınatam Məlik kişi hələ çovet dönəminin basıb-kəsən vaxtlarında, heç nədən qorxub-çəkinmədən Rusyətdən alver malları alıb gətirər, buralarda xırıd etməklə dolanardı. Dolanardı deyəndə ki, dolanışıq baxımından bəlkə heç raykom katibləri də onun yerişini yeriyə bilməzdilər. Kişi əsil bəy idi. Bir də görərdin ki, heç Rusyətə getməzdi, on min, iyirmi min pulu belinə bağlayıb axşam sərnişin gəmisinə minər, səhər çağı olardı Krasnovodskda (indiki Türkmənbaşı şəhərində), ordan da qatarla gedərdi Aşqabada. Bazarlığını eləyib, bir ovuc brilyant üzüklə qayıdardı Bakıya. Burada onları Təzə bazarın yaxınlığındakı zərgərxanada usta Mehdiyə, ya da Zərgərpalandakı məşhur zərgər Qurban kişiyə verər, hər bir üzüyü sökdürüb ondan bir neçə sırğa-üzük dəsti düzəltdirərdi. Sonra da o dəstləri öz alverçi dost-tanışlarının əliylə satdırardı raykom arvadlarına, prokuror arvadlarına. Hər üzükdən düzəldilən dəstdən düz dörd qat, beş qat artıq pul qazanardı.

Uşaqlarımın öz babalarının yolunu tutub getməsində rəhmətlik analarının da rolu az olmayıb. O, mənim naftalin qoxuyan müəllim həyatımı görüb, uşaqlarının ehtiyac içində yaşamasını arzulamazdı. Mən də susardım, belə bir tərbiyəyə razılaşardım. Çünki, zaman da dəyişirdi artıq. Qayınatam, sağlığında bizə çox əl tutardı. Şəfiqənin ad gününə hədiyyə kimi bu evi də o almışdı elə bizim üçün. Bir vaxtlar çox əlləşdi, məni öz peşəsinə cəlb eləyə bilmədi. Bu üzdən məndən zəhləsi getdiyini bilirdim. Amma heç vaxt üzə vurmurdu. Şəfiqəyə mənim barəmdə: "Bilmirəm, ağəz, bu malaqqayı kəndçi balasını hardan tapdın sən!.." dediyini qulağımla eşitmişdim. Gözünün ağı-qarası bircə qızı hər kimi istəsə ona verəcəyini əhd eləyən qayınatam Məlik kişi sadəcə öz əhdinə sadiq qalmağa möhtacıydı. Çünki Şəfiqə körpə çağında ağır qıcolma xəstəliyi keçirərkən, onu Mir Möhsün ağanın ocağna aparıb orada belə bir niyyət edib əhd bağlamışdı və o ocağın xatirinə bu niyyətinə, bu əhdinə də sadiq qalmışdı. İnstitut illərində onu çoxları sevirdi, o isə, mənə "hə" demişdi. Yəni bu varlı qızıyla bizi tale beləcə qovuşdurmuşdu. Məlik kişi də bu sevgiyə yox deyə bilməmişdi. Çünki ortada o ağır, müqəddəs ocaqda etdiyi əhd dururdu.

Hə, indi Sarvan gəlir. Umudun çağırışıyla gəlib məsələni öyrənmək, güman ki, imkan edib çözmək istəyir. Bu, mənlik olmayan biznes işinin nəylə nəticələnəcəyi dərdli başım üçün dərin önəm daşımasa da, "sirrimin" açılacağı anlarının gəlib yetişdiyi qənaətindəyəm. Mən Sarvandan dərdimi gizlətməyə çalışsam da, maşallah, o elə həssasdı ki, üzümə baxan kimi başımın qalda olmasını biləcək və cəngindən qurtula bilməyəcəm, bir-iki solaxay sual versə, çərəlib qalacam.

Məhəlləmizə çatıb maşını qaraja saldım. Evə sarı addımlayarkən ixtiyarsız başımı qaldırıb urvatsız payız günəşinə baxdım. Baxdım... və birdən-birə titrədim: qaynaqçıların göz qoruyucuları qaynaq işığını necə boğub ziyansız hala gətirirsə, gözlərimi çulğalamış sarı rəng də bu solğun payız günəşini, deyəsən, eləcə neytrallaşdırırdı. İşıq o qədər təsirsiz idi ki, elə bil mən indi dünyanın adi bir portağala oxşayan – şair Sərxan Şirxan demişkən – Ana Çırağına baxdıqca, bunu lap uşaq kimi cəsarət, öyünc bilirdim, bununla da özlüyümdə sanki xəstə gözlərimə nəyinsə anlaşılmaz bir bəraətini qazandırırdım. Amma binamıza çatmamış ağaclıqdakı kimsəsiz söhbətxana köşkünün üzü dənizə baxan skamyasına çökürəm, kipriklərimi kipləşdirib xeyli eləcə qaldıqdan sonra, deyəsən, səhvimi anlayıram, örtülü göz qapaqlarımın arxasında al qırmızı girdə işığın uzun zaman sönməyən konturları mənə düşüncələrimin bəsitliyini sübut edir, ümumiyyətlə, durumumun fəlsəfəsini hələ qavramaq iqtidarında olmadığımı göstərir və mən bir də çalışıb bu hisslərə qapılmamağın gərəkliyini dərk edirəm. "Adam lap dəli olar..."

* * *

Sarvan əmisigilə birgünlük səfərini başa vuranacan evdə girinc-giriftar olmuşdum, otağın içində boş başımı fikirlərin küt baltası altına qoyub, var gəl edə-edə o qədər vird eləmişdim ki, axırda köhnə divana haçan sərələndiyimdən, altım yalın, üstüm açıq – yorğansız-döşəksiz necə yatdığımdan xəbərim olmamışdı. Yuxuda gördüm ki, təzəcə evlənib ailə qurduğum gənclik çağlarımdı. Kənddəyəm. Dədə həyətimizdəki köhnə pəyənin arxasında quzu küzünün qapısı ağzına bağladığımız qurdbasar itimiz Qızıl zəncirini qırıb. Bu zaman mən də kəndin cavanlarıyla məhlədəki qoca qarağacın altındayam, gap eləyirik. Bu dəmdə it zəncirini cingildədə-cingildədə gəlib dayanır düz qabağımda, hamını bir-bir süzür və adam kimi dil açıb mənə deyir: "Məni hardan gətirmisənsə, ora da apar, yoxsa səni parçalaram." Bu vaxt çığırmaq istəyirəm, dilim ağzımda qatanğaz kimi olur, ətim ürpəşir, hamı qaçır, Umud da dördələmə göbələkləyir, mən qalıram Qızılın qabağında yalqızca. İt üzümə baxr, baxır: "yetimçə, sən niyə qaçmırsan?" – deyir, yenə bağırmaq istəyirəm, o, gözünü gözümdən çəkmir, elə bu vəziyyətdə də ayağının birini qaldırıb qarağacın dibini islatmağa başlayır. Gözləri bərəli halda o sapsarı, o zəif sidik şırnağının nə vaxt qurtaracağını gözləyirəm, mənə elə gəlir ki, itin mərəzi qurtaran kimi məni basmarlayıb parçalayacaq. O isə, ayağnı aşağı salandan sonra bərkdən silkinərək bayaqkı ətürpədən kobud səsiylə: "adam kişi olar!.." – deyir və zəncirini sürüyə-sürüyə çıxıb gedir...

Qaynatam bu iti hələ küçüklüyündə Türkmənistandan almışdı. O, bu iti hələ mən nişanlı olanda kəndimizə gətirmişdi və bağışlamışdı Umuda. Bu, məşhur Albay cinsindən olan azman bir köpək idi, heç yerdə tayı-bərabəri yoxuydu. Onu paxıllıqca kimin zəhərlədiyi bu vaxtacan müəmma olaraq qalır. Umuddan başqa heç kimin əlindən yal yeməyən, heç kimi yaxına buraxmayan bu itin necə zəhərləndiyi hələ də canımı acışdırır, yadıma düşəndə tüstüm təpəmdən çıxır. Amma bu yuxudan sonra bəlkə də onun zəhərlənmədiyini, gəldiyi yerlərin həsrətiylə öldüyünü düşünmək də olar. Amma, sözün düzü, mən ayrı şeylər düşünürdüm.

Hə, kəsəsi, yuxudan ayılınca: "Sənə min şükür, İlahi!" – dedim, alnımı basmış puçur-puçur təri buz kimi soyumuş əllərimlə silib divanda oturdum, uzun müddət bu bədheybət, bu yozumagəlməz yuxumu çin-darağ eləyib xəlbirlədim, axırda da, gör bir nə nəticəyə gəldim, vallah, adam utanır da deməyə, mən boyda bir kişinin bu yuxudan çıxardığı sonucu kimə desən qəşş eləyər. Yox eey, mən yuxuyozan-zad deyiləm, məni bu gecə sirr dağarcığı kimi altına almış, ruhumu əzib canımı qorxutmuş yuxumu yozmamışam, yox, mən belə şeylərə inanmıram, ikincisi də, rəhmətlik Kərbəlayı Əbülfəz babam həmişə deyərdi ki, hər yuxudan qorxmayın, çünki hər yuxunun hökmü olmur. O, ağır bir dindar idi, dedikləriylə bütöv bir nəsil hesablaşırdı. Nə isə... hə, mənim yuxumdan çıxardığım nəticə, gülməli də olsa, onun məğzi barədə deyil, mənə lazım olan tərəfi barədəydi: yəni, ondan ibarət idi ki, mən onu rəngli görmüşdüm! Hə, rəngli! Hə, hə, bu yuxuda Qızılı elə qızılı rəngdə görmüşdüm, sidiyini də – sapsarı!

Muştuluğumu ver, professor Bürhan Nəcəfov müəllim! Mənim yuxularım rəngliymiş! Belinə çöpdən dirək!..

* * *

Sarvanın gəlməsiylə qayıtmağa hazırlaşması bir oldu. Əmisiylə işləri yönünə qoyduqdan sonra Rusiyaya qayıtmamışdan öncə görəcəyi işin xırdalıqlarından söhbət açaraq, yığcam bir bilgi verdi:

– Hər şey həll olundu, şükür. Pulun qalanını da hissə-hissə verəcəyik – dedi, – sağ olsun Umud əmim, böyük hörməti varmış obyekt sahibinin yanında. O boyda kişi onun üzünə bizə əlli min keçdi, pulun qalanınısa yavaş-yavaş verəcəyimizlə razılaşdı. Sabah alqı-satqıyla bağlı əmimlə notariusa gedəcəklər, pulun hamısını almamış yeri adımıza qeydiyyata saldırır. Bunu heç kim eləməz. Gör ortada nə boyda halallıq, xətir-hörmət varmış. Bu, balaca məsələ deyil, Allah əmimi qorusun!..

Sarvan danışdıqca fikrim keçmişlərə uçurdu. Hələ rəhmətlik qayınatam deyirdi ki, bu uşaqdan muğayat olun, bu, gələcəkdə bir nəsilə ağsaqqallıq edə biləcək bir adam olacaq. Sarvanın danışığı doğrudan da yaşını ötüb keçmiş kimiydi, salxarlıydı, bir ağsaqqal tavrı vardı onda. Ağır, gur səsi eyniylə rəhmətlik atamın səsiydi.

O, yenə bir para sözlər dedi, fikirli olduğum üçün anşıra bilmədim.

– Ata, heç gözümə yaxşı dəymirsən haaa... – deyəndə, elə bil özümə gəldim.

– Heç zad olmayıb, hər şey qaydasındadı – dedim.

– Yox eey, səni bir həftəliyə də olsa Moskvaya aparacam, bir az gəzərsən gözün-könlün açılar, oradakı yerimizə də bir baş çəkib xeyir-dua verərsən, sonra birlikdə gələrik. Hə? Nə deyirsən? Şirvanı qoyarıq hələlik oradakı obyektlərə nəzarət etsin, gəlib burda işi sahmanlarıq, borcumuzu qurtardıqdan sonra onu da gətirərik, gələr oturar əmimlə birgə istirahət mərkəzimizdə, inşallah...

Tanrı hər bir qərarını məqamında verir. Elə bil, Sarvanın arzusuna dayaq olmaq və ya mənim gələcəkdə başıma gələnləri haqq yola yönəltmək üçün bu vaxt qapının zəngini çaldılar. Əvvəlcə elə fikirləşdim ki, qonşumuz Məsməxanım bacıdı, yenə də mənə isti ev çörəyi gətirib, yenə də güllü dəstərxana büküb gətirdiyi çörəyi verən kimi doluxsunacaq və: "Şəfiqə mənim bacım idi, hayıf, Allah yerini behişt eləsin, gidi dünyadı da..." – deyəcək, sonra da: "ağız şirinliyiylə yeyin, Bulud qardaş..." – deyib başını aşağı salaraq tosqun bədənini yırğalaya-yırğalaya gedəcək, mən də bu vaxt arakəsməyə salıb onun Murovda qulluq eləyən, gözünün ağı-qarası bircə balasından – Aqşindən nə xəbər olduğunu soruşacam, "Məsməxanım bacı, sən Allah, məktub yazanda, məndən də salam-dua yaz..." deyəcəm. Ürəyimdə: "nə yaxşı oldu ev çörəyi gətirdi Məsməxanım bacı – dedim – mağıl Sarvan da yeyər, fağır uşaq anası öləli güman ki, ev çörəyi yeməyib, hə, yəqin yeməyib heç..." – düşündüm. Qapını açanda gördüm ki, bu, xeyirxah və istiqanlı qonşumuz Məsməxanım bacı deyil. Bəs kim olsa yaxşıdı? Vallah gözlərimə inanmadım – Bürhan həkim idi. Hə, hə, professor Bürhan müəllim-bəy-yoldaş!.. Özü də tək-tənha, yapa-yalqızca!.. Yekə ad-sanın yiyəsi olan cubbuluca kişi!..

Ani olaraq donub qaldıq. Biz bir neçə saniyə bir-birimizin üzünə beləcə mat-mat baxıb durduq. Sonra da öncə o qımışdı, dalıyca da mən gülümsündüm:

– Buyurun – dedim – xoş gəldiniz...

İçəri geçəndə başımın içində elə bil bir qəza baş verdi, beynimdə mısmırığını sallamış hansısa qatların qəfil qırışığı açıldı və sirr boxçasının düyünü çözülən şüurumdan bir-biriylə heç bir bağlantısı olmayan ərik, banan, Qubanın ağ alması, kərə yağı, iydə çiçəyi, nərgiz gülü, şamama, Kürdəmir yemişinin qabığı, Cərco yemişinin içi... və sair və ilaxır bu kimi nəsnələrin, şair demişkən, obrazları ötdü bir anda. Elə bil, onlar mübhəm bir konveyerdən tökülürdü bir-bir. Bütün bu dediklərimin rəng çalarları dolayısıyla bu balacaboy həkimin üz-gözündə, əyin-başında, hətta onun haqda olan düşüncələrimdə cəmlənmişdi.

Onu Sarvanla tanış eləyib kresloya əyləşdirdim, ikicə dəqiqəliyə üzr istəyib tez-tələsikbinamızın tinindəki marketə, konfet-şokalad dalıyca dabrıdım. Çünki süfrəyə çay verəsi olsaydım (təbii ki, verəcəkdim) evdə yalxı qənddən başqa heç nə tapılmayacaqdı. Sarvanı da göndərə bilərdim, amma nəsə qıymadım, daha doğrusu, elə bilirdim bazarlıq işini özümdən başqa heç kim ürəyimcə bacara bilməz. Bu qənaətə Şəfiqədən sonra gəlmişdim. Belədə rəhmətliyin yeri necə də görünür, İlahi, yoxluğu içimi necə də acışdırır... İndi o yəqin, masaya cürbəcür mürəbbələr düzər, gözəl şirniyyat süfrəsi açardı. Özü də bir adəti vardı Şəfişin, öldürsən də, istəməzdi süfrəsi kasıb görünsün. Hər şeyin yaxşısını, gözəgəlimlisini, indikilər demişkən, brendini istəyərdi qonaq qarşısına çıxara və çıxarırdı da. Rəhmətliyin ağ ciyərində o adıbatmışdan aşkarlananda, müayinədən sonra kəndçimiz, onkoloq Musa həkim him-cimlə məni təkliyə çəkib hər şeyi olduğu kimi dediyi gün, indiyəcən yadımdadı, onu ömrümdə birinci dəfə aldatdım və dedim ki, "şükür, səndə heç nə yoxdu". Sevindiyindən bilmədi neyləsin. Onu evin qabağında düşürüb maşını qaraja apardım, qapını bağlayıb düz yarım saat içəridə ağladım. Sonra zəng elədi ki, "bəs harda qalmısan, süfrəni açmışam, səni gözləyirəm, zəng elə, qoy Musa həkim də gəlsin, hə, hə, mütləq çağır. Onu şadxəbər olsun, bizi sevindirib bu gün..." Təzədən məni ağlamaq tutdu. Nə isə... Bir bəhanə elədim, Musanı çağırmadım. Evə dönəndə gördüm, ilahi, bir stol açıb, bir vur-çatdasın düzəldib ki, gəl görəsən, süfrəyə can dərmanı desən qoyub... Hə, süfrə düzəltməyin ustasıydı cənnətlik...

Marketdən qayıdanda qəfil dalağım sancdı ki, Sarvanın həkimdən söz qoparmasına evdən çıxdığım bu beş-on dəqiqə kifayət edər, çünki o ayıq uşaqdı, sözü də adamdan elə çəkir ki, lap şit yağdan sarı tük kimi. Deyəsən, ürəyimə daman düz idi. Mən gələnəcən, onlar söhbətləşməyə macal tapmışdılar, necə deyərlər, xısınlaşmışdılar, içəri girəndə qapını üzümə açan Sarvanın baxışlarından bildim bunu. Ürəyimdə "əşi, eybi yoxdu, onsuz da biləcəkdi də..." deyib özümə təsəlli verdim.

– Necəsiz? – deyə çaydan bir qurtum vuran Bürhan həkim çini fincanı nəlbəkiyə qoymadan balaca əlləri arasına alaraq sanki cubbulu barmaqlarını isidirdi, ütük kipriklərinin arasında oyur-oyur oynayan beçə balı rəngində bir cüt muncuq kimi xırdaca gözlərini üzümə zilləyib təbəssümlə cavab gözləyirdi.

Qarşı tərəfdə yerimi rahatlayıb incik baxışlarımı ondan yayındırmağa çalışdım:

– Necə olacam ki? Elə həminki kimi...

– Bilirsiz, Bulud müəllim, dərd eləməyə dəyməz. Oğlunuzla da danışdıq, maşallah, ağıllı oğlandı, xoşum gəldi, siz mütləq Moskvaya getməlisiz. Hər şeyi ona başa salmışam, telefon nömrəmi də vermişəm, nə çətinlik olsa, mənə zəng edin. Sizi artıq orada gözləyirlər.

– Kim?

– Gedərsiz, görərsiz...

Sarvan da səsinin yoğun yerinə saldı:

– Əşi, heç nəyi vecinə də alma eey! Hər şey yaxşı olacaq. Ortada sənin bilmədiyin başqa məsələlər var. Qəti narahat olma haa!..

Bu da özümünkü!.. "əşi, vecinə alma!.. başqa məsələlər var!.. narahat olma!.." Off! Ürəyim yara oldu! Yara oldu başıdaşdı ürəyim!..

* * *

Yerimin içində qurcalanırdım. Çərdəymiş gözlərimə yuxu getmirdi. Eşikdə şıdırğı, küləkli bir yağış yeri göyə, göyü yerə calayırdı. Eyvanı islanmaqdan qorumaq üçün yaxalığına günlük kimi vurduğum dəmir təbəqə xəzrinin sovurduğu damcıların nizamsız səpələyi altında qəribə bir ahənglə dınqıldayır, elə bil mənim acığıma şellənir, narahatlığımı bir az da artırırdı. Bu cür yağışlar yağanda Şəfiqənin ölən günü düşür yadıma və içim parçalanır. Onda da belə bir gecəydi, yağış küləyə qarışmışdı, külək də yağışa. Bir də ölənəcən heç kimə deyib başa sala bilməyəcəyim bir xatirəm var Şəfiqəylə bağlı: onu qəbirə qoyanda kəfəndən qalxan məhrəm bir qoxunu içimə necə çəkmişəmsə, indiyəcən harda kövrəlsəm, həmin qoxu gəlir burnumun ucuna və o an, elə bil yetimliyimi, yalqızlığımı, kimsəsizliyimi duyuram. İndi də, elə bil, o qoxu burnumun ucunda puçurlayırdı...

Aradan nə qədər keçdiyini bilmədim. Özümə qapılıb qalmışdım. Heç cür aram tapa bilmirdim. Mətbəxə keçərək dalbadal iki parç soyuq su içdim, üzümü yudum, bir az ayılan kimi oldum. Pəncərəmin nəfəsliyi açıqıydı və qəribə də olsa, yağışlı gecədən kiflənmiş kartof iyi gəlirdi. Fikirləşirdim ki, gərək Umuda hər şeyi danışaydım. İndi də yaxam qaldı Sarvanın əlində, o da ki, Allahköməkolmuş, tərs balası tərsdi, nüzuldu, dediyini eləməyincə əl çəkməyəcək. Bir də ki, görünür, hər şey heç də mənim düşündüyüm kimi asan deyil. Burada nəsə bir müəmma var. Çünki, Bürhan həkimi yola salanda, Sarvan onu avtomobilinəcən ötürəsi oldu, orada təklikdə düz yarım saatacan söhbətləşdilər. Güclə sezsəm də, pəncərədən bir xeyli onlara göz qoydum. Axırda onların çox mehribanlıqla qucaqlaşıb ayrıldıqlarını görəndə, şaşırdım. Axı onları mən tanış etmişdim. Düşündüm ki, bir-iki saatın içində nə tez doğmalaşdılar belə? Sonra, Sarvan evə dönəndə tavırına fikir verdim, zalım oğlunun halı tamam dəyişmişdi, elə bil ağlı üstündə deyildi, uçurdu, qəribə bir həyəcanın içindəydi, sevinirdi. Hə, hə, sevinirdi!.. Bu sevinc eynən klinikada Bürhan həkimin üzündə gördüyüm həmin o toy-büsata oxşayırdı. Yatmamışdan öncə, o, üzümə baxıb qəribə tərzdə gülümsündü. Ata-oğulluqda birinci dəfəydi ki, onun ciddi sifətində bu cür anlaşılmaz, bir qədər də bayağı bir təbəssüm görürdüm. Amma çoxbilmiş balam elə bil, sudır anladı, bildi ki, duyuq düşmüşəm, özünü o yerə qoymadı, bəlkə də mənim fikrimi özündən yayındırmaq üçün araya söz qatdı, xarici pasportumun vaxtının keçib-keçməməsini soruşdu. "Yox – dedim – ananla Moskvaya yanınıza gələndə düzəltdirmişdim pasportumu, müddəti onillikdi məncə, aradan üç-dörd il keçməyib heç... " "Çox yaxşı, sabah biletlərimizi alacam" – dedi və yan otağa keçib yatağına girməmişdən öncə, deyəsən nootbukunu açıb işə saldı.

Mən onun sözünün üstə heç vaxt söz qoymamışam, o, ilkimiz olduğundan son dərəcə ərköyündü. Lap anası sağlığında da bu evdə onun dedikləri həmişə qanun olub, bütün ailə buna vərdiş edib. Özüm də bilirəm ki, böyük-kiçiklik baxımından saqqalı bir qədər vermişəm ələ. Amma o, tərbiyəlidi, qətiyyən qəlbimə dəymir, hər şeyin yerini-yurdunu bilir. Qoy olsun, noolacaq ki, o qadasın aldığımın sağlam ağlı var və canı enerjiylə doludu. Necə olmasa, məndən bir qarış, bir addım... yox, yox, xeyli, lap xeyli qabağa gedib. Qoy elə, ağsaqqallığımı da o eləsin, burda nə qəbahət var ki? Öz balamdı də...

Amma bir yandan da başqa bir fikir canımı mürgünə kimi yeyir, içimi dağıdır, məni girinc-giriftar eləyir. Ha götür-qoy etsəm də, yenə düşünürəm ki, hər halda kişi olan bəndə gərək heç kimdən asılı olmasın. Hə, asılı olmaq kopoyoğlu şeydi, dəngüşlükdü! Asılı olduğun adam lap iki gözünün işığı da olsa, lap ciyərparan da olsa, səni qızıl taxtda da bəsləyib-süsləsə – xeyiri yoxdu: sən möhtaclıq yaşayırsan eeey, möhtaclıq!.. Ələ baxırsan – məsələ bundadı! Bu isə, heç kişilikdən deyil haaa, hər şeydən betərdi!..

– Şirvan, bilirsən noolub? Mama qəbri, bilsən havalanarsan eeey...

Sarvanın pıçıltısıydı. Qulağım çaldı. Nə qədər yavaş danışsa da, kobud və boğuq səsi sanki quyunun dibindən gəlsə də, aydın eşidilirdi. Deyəsən, qardaşıyla canlı kompüter bağlantısındaydı. Maraq içimi bürüdü. Yataqdan qalxdım. Barmaqlarım ucunda eyvana çıxdım. Yağış səsinin dəlik-deşik elədiyi sükutun içiylə yeriyib Sarvan olan otağın eyvana açılan pəncərəsinə tərəf gəldim. Nəfəslik açığıydı.

– Noolub axı? Yoxsa düzəlmədi o məsələ?

– Alə, cəhənnəm olsun eeey o məsələ! Restoran nədi? İstirahət mərkəzi nədi? Elə bir hadisə baş verib ki, tezliklə bütün dünya bizdən danışacaq, mama qəbri, bütün dünya!.. Bilirsən yaxın günlərdə nə boyda pulun yiyəsi olacağıq? Yüz il yüz ilə də qalsa, ağlına gəlməz...

– Beynimi xarab eləmə!.. Lotareyan udub? Axı noolub ki? Bir açıq danış görüm...

– Atamızın gözləri...

Elə bu vaxt öskürək məni boğdu, özümü saxlaya bilmədim, əlimi ağzıma tutub, bir neçə dəfə öskürdüm. Eyvana barmaqlarım ucunda necə gəlmişdimsə, eləcə də, yaşıma yaraşmayacaq tərzdə bir cəldliklə, oğrun-oğrun, geri döndüm. Təbii ki, Sarvan mənim eyvanda – pəncərə önündə olduğumu duyuq düşdü və söhbətini kəsdi. Amma sonda Şirvana nə dediyini eşidə bilmədim, zibil öskürək məni qoymadı məqsədimə çatam. Bu vaxt fikrimdən keçdi ki, Sarvanı çağırım hər şeyi ondan soruşum. Nəm-nüm eləsə acıqlanım üstünə. Qələt eləyir, küçük! Qoy hər şeyi danışsın, görüm o tülküsifət göz həkimi ona nə deyib, nə başa salıb ki, onun çiçəyi belə çırtlayıb. Bəlkə, hər şeyi sarıya bürüyən bu korolmuşlarımın özəyi almaza, brilyanta dönüb? Bəlkə, pəhəpəhlə bəbəklərimi çıxarıb hərraca qoyacaqlar? Bəlkə, artıq bazarlıq da yapıblar, sadəcə mənə bildirmirlər, qorxurlar ki, qaçıb eləyərəm? Bəlkə, elə qaçım? Hə? Bəlkə, nə qədər ki, məni Rusyətə-zada sürükləməyiblər, başımı tovlayıb gözlərimi bıçaqburnu eləyib birdəfəlik əlimdən almayıblar – çıxım aradan?.. Yoxsa bunlar məni təmiz key-karnağ hesab edirlər? Məni yoxsa təmiz düşüb-itmiş sayır bu köpək uşağı? Hə?

Burda ulu babam Uzun Bilaldan qalma, bütün nəslimizdə dillər əzbəri olan o məşhur, o biədəb məsəl yadıma düşür: "əldən qoydun – gülmədim, elə bildin bilmədim?" Nədi, a zalım uşağı, yoxsa doğrudanmı siz məni bu qədər aciz-avara, ağzı qatıq kəsməyən, özünüz demişkən, "lox" hesab eləyirsiz? Elə bilirsiz qarnınızın azarını bilməyəcəm? Onu görməzsiz! Özünüzə gedin! Mən iyirmi birəm!

Əsmə tutmuşdu canımı. Neyləyəcəyimi bilmirdim. Təzədən yerimin içinə təpilib ağzıquylu sərələndim. Alnım təndir kimi yanırdı. Ayaqlarımdan buz sallanmışdı sanki. Hər şeyə nifrət eləyirdim, dodaqlarımı gəmirə-gəmirə yeri-göyü, ərşi-gürşü söyürdüm. "Belimdən gəlmiş uşaq da məni dolayıb!.." İçim bu fikirdən qanayırdı elə bil. Çox pis üzüntü keçirirdim. Gicgahlarımdakı damarlar atdıqca, gubbultusu beynimin içində qaytarış verirdi. Deyəsən, qan təzyiqim qalxmışdı. Başım hərlənirdi. Bu ayaqyolu çirkabı rəngində gördüyüm gecənin üstünə, bu iyrənc və çözümsüz dünyaya ögümək istəyirdim...

Elə ögüdüm də. Ögüyə-ögüyə özümü ayaqyolu paçalına güclə çatdırdım.

– Nooldu, əşşi? Ürəyin bulanır? – Sarvan iri cüssəsiylə dalımca ayaqyoluna təpilib çiyinlərimdən tutmuşdu. Mənsə ögüyürdüm. Başıma, elə bil, gürzlə vururdular. Amma qusa bilmirdim. Ağzımın içi zəhərlə doluydu, elə bil ödüm dağılmışdı. Mənə elə gəlirdi ki, başımın gubbultusunu Sarvan da eşidir.

– Bəlkə ambulans çağırım? Hə?

– Yox...

– Bə birdən-birə nooldu sənə?

– Heç... keçər...

– Yox, qoy çağırım, dava-dərman eləsinlər.

– Ay bala, dedim yox! Bir dəfə də mən deyənə qulaq as! Bu xarabada bir kərən də mən deyən olmalıdı, ya yox?! – Üzgün səslə də olsa, ona acıqlandım.

Bəlkə də uzun illərin başında birinci dəfəydi ona çımxırırdım. O, belə şeylərə vərdiş eləməmişdi, amma susdu. Susdu, amma məni qolları arasına alaraq yıxılmağa qoymadı, yatağımacan gətirdi. Onun güclü qolları arasında özümü lap qanadı qırıq qarğa kimi, lap bostan uyuğu kimi hiss eləyirdim. O, məni sakitcə yatağıma uzadıb üstümü örtdü, böyrümdə bir az ləngiyib:

– Yaxşısan? – soruşdu. Başımı tərpətdim ki, yəni "hə". O, otağına qayıtdı və işığı söndürdü.

Pəncərəmdən həyətdəki elektrik dirəyi görünürdü, orada yanan işığın fonunda qaranlığı yarıb çıxan və küləkdə çarpazı uçuşan yağış damlaları ərik şirəsi kimi bulanıq bir rəngdəydi.

O işıq Şəfiqənin divardakı şəklinə də düşürdü, yenidən o məhrəm qoxu burnumun ucunda puçurlayırdı və mən üzümün islandığını duyurdum...

* * *

Domodedovo hava limanından eşiyə çıxanda, soyuq məni çaşdırdı. Heç bu xarabanın iqlimindən xoşum gəlmirdi. Dəfələrlə gəlib-getməyimə baxmayaraq, mən bu şəhərə uyuşa bilmirdim. Bircə yağışlarını sevirdim bu şəhərin, nağıl kimi gəlirdi mənə buranın leysanları. Bir də yazda-yayda çox-çox aşağılarda, az qala adamın başı üstündə çaxıb-gurlayan ildırımlarını xoşlayırdım Moskvanın. Hər dəfə elə bilirdim əlimi uzatsam toxunar o ildırımlara.

Havanın dolub durmasını vecimə almırdım, çünki qorxub çəkinəcəyim bir şey yoxuydu, Şirvan bizi qarşılamağa öz maşınıyla gəlmişdi. Artıq rahatca əyləşib meşəli yolla şəhərə sarı gedirdik. Bayaqdan ha fikirləşirdimsə, yapon istehsalı olan bu maşının əsil rəngini yadıma sala bilmirdim, deyəsən, ya tünd göy idi, ya tünd qəhvəyi, nə rəngdəydisə gözlərim onu bir hala salmışdı ki, gəl görəsən... Bir azdan bu başıbəlalı bəbəklərimin şəffaf sarı çalara bürüdüyü qabaq şüşəyə dənəvər sarı yağış damcıları düşməyə başladı. Fikrim duman kimi dağılıb getdi. Amma çox çəkmədi ki, artan yağış damlaları yavaş-yavaş azalıb səngidi və dayandı.

Artıq oktyabrın ikisiydi. Moskvanı çalpaşıqlı bir payız bürümüşdü. Ağacların sapsarı, əlçim-əlçim yarpaqları yerlə bir idi. Uşaqların uzun illərdi kirayələyib yaşadıqları 16-cı Park küçəsindəki bu ikiotaqlı balaca mənzilin Şolkov şosesinə açılan pəncərəsindən baxanda, başı göylərə dəyən ağçaqayınların saatbasaat necə üryanlaşdığı görünürdü. Məni bu gün-sabah Qelmqolts adına Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutuna aparasıydılar. Bir həftəydi burdaydım. Artıq yetim quzu kimi boynumu burub nələr olacağını gözləyirdim, heç kimdən də heç nə soruşmurdum. Uşaqlar axşamlar işdən gəlib nahar etdikdən sonra o biri otağa çəkilir, az qala sabahacan xısın-xısın pıçıldaşırdılar. Mən də qalırdım andıra qalmış televizorun qarşısında. Amma uşaqların mənə qarşı ağlasığmaz dərəcədə nikbin, sevinc-şadyanalıq dolu münasibətləri gündən-günə daha da artır, hər gün də təsəlli dolu sözlərlə sanki könlümü almağa çalışırdılar: "İnşallah, gör bir burdan Bakıya necə dönəcəksən. Özün də inanmayacaqsan baş verənlərə..." – bunu bir dəfə sonbeşik qoduğum Şirvan dedi. "Nə baş verəcək ki?" – soruşduğumda, "Ata, sən mama qəbri, gəl bu barədə heç nə soruşma, özün görəcəksən nələr olacaq..." – söylədi. Vallah, mən belə başa düşürdüm ki, heç bu vələdüzinaları, bu qurumsaqları mənim gözlərim maraqlandırmır, bunların söz-söhbətlərinin arxasında, deyəsən, tamam başqa şeylər dayanır, neçə gündü ovqatlarının göynən getməkləri sanki mənə ayrı şeylər diqtə eləyirdi, elə bil, bu davranışlarıyla gündən-günə onlar mənə daha da əlçatmaz olurdular, daha doğrusu, mən özümə qapılaraq bütün dünyadan uzaşdıqca uzaşır, yalqızlaşdıqca yalqızlaşırdım, lap yalquzaqlaşırdım söyləsəm, doğru olardı.

Birdən-birə ağlıma gəldi ki, bir adama, çox yox, bir müddət, məslən, bir ay, gündə bir neçə dəfə yaxınlaşıb "sən itsən!" deyilsə, o adam həqiqətən də hürəcək! Mütləq hürəcək! Çünki, özündən ürkəcək, təkliyə çəkilib bunun doğru olub-olmamasını yoxlamaq üçün mütləq hürəcək, hürməsə də vəngildəyəcək, zingildəyəcək ki, görsün doğrudan da itdi, ya yox... Ağlıma hardan gəlməsindən asılı olmayaraq bu fikir məni bürüdü, nə bürüdü! Çünki, bax bu deyimlər, bu ibarələr yaddaşıma elə ilişmişdi ki, məni gəldiyim bu qənaətin doğruluğuna inandırırdı: "Sən necə də xoşbəxt adamsan...", "Elə bir hadisə baş verib ki, tezliklə bütün dünya bizdən danışacaq, mama qəbri, bütün dünya!.. Bilirsən yaxın günlərdə nə boyda pulun yiyəsi olacağıq? Yüz il yüz ilə də qalsa, ağlına gəlməz...", "İnşallah, gör bir burdan Bakıya necə dönəcəksən. Özün də inanmayacaqsan baş verənlərə..." Mən içimdə gəldiyim qənaətin, bu məntiqin göz görəsi qolları bağlı quluna çevrilirdim. Hərdən qorxa-qorxa güzgüyə yaxınlaşıb meyit rəngli vücuduma elə ürkə-ürkə baxırdım ki, guya mumyalanmış bir firoun cəsədini seyr edirdim... "Hanı o xoşbəxtlik? Mən nədən xoşbəxt olmalıyam axı? Adamın da xəstəliyi xoşbəxtlik gətirər? Qazanc gətirər? Harda görünüb bu? Bu nə düşük məntiqdi?!" Güzgünün qabağında ha gülümsəyib özümü xoşbəxt kimi göstərmək istəsəm də alınmırdı. Necə deyərlər, hələ ağlım üstümdəydi. Amma bu gedişlə tezliklə məhv olacağımı bilirdim. "Zingildəyib-vəngildəmək", "hürmək" bir yana dursun, tezliklə lap quduz kimi "qapacağımdan" da qorxurdum daha, hətta qurd kimi ulayacağımdan da...

Axşam uşaqlar evə gələndə gördüm ki, məndən ötrü əməlli-başlı bazarlıq ediblər: kostyum, zərif toxunmuş boğazlı köynək, ayaqqabı, gödəkçə, plaş... – hamısı da bahalı-bahalı. Bir sözlə, vur-çatdasın! Hər şey alıblar!

Onların təkidiylə yeni pal-paltarımı geyinib-kecindim. Uzun güzgünün qabağında sarının çeşidli çalarlarına boyanmış yeni görkəmimi azacıq seyr etdikdən sonra, onlara bir yağlı "sağ olun!.." deyib, tez də əynimi dəyişdim və Bulqakovun bu gün evdə təsadüfən əlimə keçmiş "Ağ qvardiya"sını oxumağa cəhd etdim. Amma nə qədər elədimsə, alınmadı. Bezdim açığı. Sapsarı vərəqlərdə qurumuş qan rəngli hərflər ürəyimi çəkdi və tezliklə məni usandırdı. Düzü indi heç bədii əsər oxumağa hövsələm də yoxuydu, amma başımı qarışdırmaq, fikrimi dağıtmaq üçün etmək istəyirdim bunu. O da ki belə, baş tutmadı, kitabı köhnə dolabın üstünə fırlatdım. Ayağımı-ayağımın üstünə aşırıb, televizorun qarşısına yenicə keçmişdim ki, Şirvan qulağında mobil telefon otağa daxil oldu və:

– Gəl özüylə danış, özünə de – söyləyərək, enli, yastı, adına "milçəköldürən" dediyi yekə cib telefonunu mənə uzatdı. Umud idi. Xəstəliyimi ondan gizlətdiyimdən dolayı möhkəm incimişdi. Bir xeyli giley-güzardan sonra:

– Qağa, – dedi – sən uşaqsan, əşi? Oxumuş adamsan, niyə bu boyda naşılıq eləyirsən, axı? Sən bilmirsən ki, qonşu Giləmərzi kəndindəki Güllü qarının yanına göz xəstəliyi olanlar Avropanın özündən belə gəlirlər? Bəs bilmirsən ki, onun türkəçarəsiylə İngiltərədən gəlib maraqlanırlar? Ölkə qalmayıb eey, üstünə axışmasın. Əşi neçə korun gözünə işıq verib eey, xəbərin var? Bilirsən də hansı Güllü qarını deyirəm, Əlövsətin nənəsini deyirəm ey, sənin tələbə yoldaşın Əlövsətin nənəsini. Deyilənə görə, bu qızılgüllük gəlsə, yəni, üzümüzə gələn yazda Güllü qarının yüz on üç yaşı olmalıdı, amma iynəni qıypınmadan saplayır... Bax, bəri başdan deyirəm, görsən ki, dükan tozdu, orda səni əməliyyat-zad eləmək istəyirlər, qətiyyən qol qoyma ha, çıx gəl bu yana. Özüm aparacam səni onun yanına, çarəsini tapmasa, vallah, it olub hürərəm. Bulud, mən sənə söz deyirəm, dədə qəbri, inan, elə indicə maşın sürüb gəlmişəm Giləmərziyə... Əlövsəti axtarıram...

– Ay Umud, deyirsən da... Ay qardaş, havayı yerə əziyyət çəkmə! Dünya elmi bu xəstəliyin qabağında dizini qatlayıb eey, acizdi, bilirsən bunu? Sənin o Giləmərzili Güllü qarın mənə neyləyə bilər axı? Dünyanı sapsarı görürəm eey, sapsarı, hər şeyin üstünə elə bil ac bir adam sifrağ eləyib, elə bil dünyanın başına lax bir yumurta çaxmısan, başa düşürsən? Yer kürəsində, mənimlə birgə, cəmi yeddi adamda var bu xəstəlik, başa düşürsən bu nə deməkdi? Özü də, böyük-böyük alimlər deyirlər ki, bunun çarəsi-filanı yoxdu...

Mən danışdıqca Şirvan bir qıraqda dayanıb gözlərini döyürdü, hiss edirdim ki, narahatdı, üzündə təlaşqarışıq bir ifadə dolaşırdı, deyəsən, istəyirdi ki, danışığı tez kəsim.

Şirvan Sarvandan iki yaş kiçikdi, təbiətən cığal bir uşaqdı. Amma o da böyük-kiçik yeri biləndi, axır vaxtlar dinlə hədsiz maraqlanır, çoxlu dini kitablar oxuyur, həm də sözünün altını-üstünü gözləyəndi. Qəfil şıltaqlığı, cığallığı tutanda dava həddinəcən söz güləşdirməsi də var, amma tez də yumşalandı, razılaşandı adamla, barışandı. Dədəm rəhmətlik demişkən, xasiyyətcə "hürər-tutmaz"dı. Umudla söhbətimi bitirənəcən, onun yerində qurcuxması, gözlərini döyə-döyə, əllərini ovuşdura-ovuşdura, divanda sağa-sola fırlana-fırlana "eşənək atması" gözümdən yayınmadı.

– Noolub, – dedim – nöş narahatsan?

– Ata, sən Allah, heç kimə qulaq asma, bu gün-sabah hər şey bəlli olacaq. Olsun ki, yüksək çinli həkimlərin son rəyi hər şeyi həll edəcək. Axı biz savadsız adamlar deyilik. Hansı dövrdə yaşayırıq ki, gedəsən hansısa bir dağ kəndində qoca bir qarı sənin gözlərinə nəsə sürtüb müalicə edə? Əmimdi də, Allah köməkolmuş, elə bilir elə hər şey asandı...

Yenə başım çöyrükdü: "Olsun ki, yüksək çinli həkimlərin son rəyi hər şeyi həll edəcək..." Kiçik qoduğumun bu sözləri elə bil ürəyimə neştər soxdu.

– Bəri bax – dedim – deyəsən hamınız özünüzü artistliyə qoymusuz! Bakıdan buraya məni həkimə gətirmisiz, yoxsa dolamağa? Sənin o həkimlərinin rəyi nəyi həll etməlidi ki, deyirsən "hər şeyi həll edəcək", hə? Bu azarımdan, dərdimdən savayı nəyim var həll olunası? Mən susduqca, elə bil dərdimə mağlata-mərəkə qurursuz, şadyanalıq edirsiz, birinizin də üzündə heç olmasa atanızın dərdinə yanğı işartısı görmədim, çox hayıf, çox hayıf!.. Nə fırıldaqdısa – baş açmıram, baş aça bilmirəm baş verənlərdən, a tövbə!...

– Ata, sən mama qəbri, səbirli ol. Sabahı da yola verək, özün görəcəksən, görəcəksən yanıldığını...

Şirvan əsəbləşdiyimi görüb, bu sözləri bir təhər deyərək, aradan sürüşmək istədi. Bu vaxt Sarvan o biri otaqdan üz-gözünü ovuşdura-ovuşdura, yarıyuxulu halda zala – biz olan otağa girdi:

– Noolub əşşi, qoymadız yatmağa bir tikə. Niyə qırğın salmısız? Nədi? – deyərək, yuxulu gözləriylə gah mənim, gah da Şirvanın üzünə baxdı.

Elə bil, bu vaxt birdən-birə dalağım sancdı ki, bunlar artıq kişiləşib, bunlara daha "küçük", "qoduq" demək yaramaz, bunlara uşaq gözüylə baxmağın zamanı keçib daha. Nə oyuna düşdüyümü içimdə bir daha götür-qoy elədim, öz-özümə pıçıldamaq istədiyimi qəfil ucadan "pah atonnan!" deməklə püskürdüm, eyni zamanda ağır durumda olmağımın daha çox fərqinə varmağa başladım.

Bu zaman Sarvan düşüncələrimi alt-üst elədi:

– Ata, bu günəcən sənə heç nə demirdim, amma görünür indi deyəsi olacam. Sən burada keçəcəyin müayinədən sonra ya Bakıya bir zəngin kimi dönəcəksən, ya da ciddi müalicə alaraq sağlam qayıdacaqsan, Bürhan həkim də, internetdən oxuduğumuz elmi informasiyalar da ikinci variantın mümkünlüyünü rədd edir...

– Yaxşı, bəs o birinci variant? Bəs o zənginlik məsələsi nədi? – deyə kükrədim – Xəstəlik adama pul gətirər? Mən bunu başa düşə bilmirəm eey, a bala, ay atam-anam sizə qurban, bu nə deməkdi axı?! Bir məni də başa salın, ürəyim yağır oldu ki!..

Bu vaxt onun çöhrəsindəki sarının solğunlaşdığını görüncə üzünə işıq gəldiyini bildim və həmişə ciddi olan sifətində bir gülümsəmə hiss edincə necə sevindiyini duydum. Elə az qalmışdı ki, ağzımı doldurub küçüyü (yenə "küçük"! xeyiri yoxdu!) bir yaxşıca yoğurum-yapım, Allahından olan kimi, onun telefonuna zəng gəldi, düyməni basaraq bircə kəlmə "əleykümə!" dedi və dalıyca da "danış!" söyləyib telefonu mənə uzatdı.

Umuddan başqa kim olasıydı ki?

– Bulud, bax, bayaq dediyim kimi, Əlövsətgilin kəndindəyəm, Giləmərzidə. Dostunu tapdım axır ki. O, özü səninlə danışmaq istəyir, o da sənin Moskvaya getməyinə dilxor olub, gör nə deyir...

Telefonda Əlövsətin kirkirə səsinə oxşayan xırıltılı, sərxoş səsi eşidildi. Həmişəki kimi kefliydi. Zalım oğlu lap tələbə vaxtından içkiyə güclü meyilliydi. O, elə sonralar da içkidən əl götürə bilməmişdi. Vaxtilə möhkəm içdiyinə görə, işlədiyi rayon statistika idarəsindən qovulduğunu da bilirdim. Adamın adı çıxınca, canı çıxsa yaxşıdı, bu bədbaxt həm də bir vaxtlar ara qarışıb-məzhəb itəndə cəbhəçilərə qoşulmuşdu, bundan sonra onu heç yerdə işə götürmürdülər. Məncə, indi kənddə heyvan-qara saxlayır, amma "vurmağı" yenə də yerə qoymayıb. Hələ tələbə vaxtı bilirdim ki, Əlövsətin qəlbi çoxununkundan təmizdi. Nədənsə həmişə onu özümə yaxın bilir, dost sanırdım, düşünürdüm ki, ona arxa bağlamaq olar. Amma içki düşgünü olmağı, harda gəldi iqtidar əleyhinə boşboğazlıq etməsi məni ondan bir qədər soyutmuşdu. Çox az görüşürdük. Son görüşümüz də bir neçə il qabaq olmuşdu. İndisə, budur onun səsini telefonda eşidirdim:

– Bulud... Bulud... Sənə can qurban, qardaş... Qorxma... qayıt gəl bizə... Heç nəyi vecinə alma... Gör nənəm səni necə sağaldacaq... Ayə, Allah sənə kömək olsun, camaat bizim inəyimizi tutub iyləyir ki, ondan gül kimi Güllü nənəmin qoxusu gəlir, sən də gedib gör nağayrırsan, özgə eşşəyinin dodağından öpürsən... Ayə, heç utanmırsan? Ayıb döyül? Çıx gəl bu yana! Özü də təcili!.. Pulun-paran da lazım döyül. Qardaş döyülük bəs? Bəs çörək kəsməmişik? Dost dosta nə gündə lazımdı axı? Başa düşdün nə deyirəm? Çıx, gəl!..

Sonra da:

– Sənin gözlərinə nooldu axı, qardaş?.. – deyib qəfil hönkürdü.

O danışdıqca, xüsusilə də axırda hönkürəndə əsəbiləşdim. Bəlkə də buna heç haqqım yoxuydu. Özüm də bilmədən hirsləndim. Deyəsən, içim buzlayırdı daha. Gözlərim üçün dünyanın əbədi payızı necə gəlmişdisə, içimin də eləcə ömürlük qışı gəlmişdi, canımın buz dövrü başlamışdı deyəsən. Heç kimə inanmırdım daha...

– Yaxşı... Yaxşı... – deyib əsəbimdən telefonu söndürdüm. İçim buz bağlasa da, tüstüm təpəmdən çıxırdı. Vallah, yanımda kim olsaydı gözləri acışardı. Amma yanımda heç kim yoxuydu. Qoduqlar ikisi də çıxmışdı evdən. Pəncərədən baxanda Sarvanı ikinci cib telefonuyla danışa-danışa qardaşının maşınına oturan gördüm. Sonra maşın tərpəndi, onlar harasa getdilər. Var gücümlə "tfu!" deyib başımı əllərim arasına aldım. Elə bil, buz tutmaqda olan canıma qəfildən bir qazan qaynar su tökdülər, durduğum yerdəcə sanki çat verdim, eynən Əlövsət kimi hönkürdüm...

gerçəyin yuxulu üzü

mən heç vaxt göy üzünün quşlarına həsəd aparmadım – düşündüm: gec-tez ruhum onlardan ucalarda uçacaq sözsüz...

ikinci hissə

Bu güzəran, bu həyat bizi ölüm həddinə qədər bezdirmiş olsa da, yenə də beynimizin künc-bucağında, ruhumuzun yırtıq-söküyündə Yaşamaq Eşqi qalmaqdadı. Mən inanıram ki, hətta intihar edənlərin də canları ağızlarından çıxana kimi o Eşq onları yalqız buraxmır. Bəlkə Son Nəfəsdən bir qədər sonra İnsanı ən axırıncı tərk edən Canın İstisinə qoşulub gedən də elə o Eşqdi. Yaşam və Yaşamaq Eşqi ayrı-ayrı bucaqlarda dursa da, bir-biriylə heç də həmişə kəllə-kəlləyə gəlmir. Yanğın düşmüş meşədə son anda sağ qalmaq üçün qaçaraq eyni mağaraya, eyni kahaya, yuvaya, koğuşa, yarğana, kalafaya, dəlməyə... təpilən qurdla dovşan kimi onlar da bəla gəldiyində bir-birinə sığınmağa məcburdu. Çünki başqa yol yoxdu!..

Dar macalda, deyəsən, İnsan da Dərdinə eləcə sığınır...

* * *

Yalqızca oturub rahatlıqla yayxandığım Şirvanın "Toyota Camry" markalı avtomobilinin arxa oturacağından baxanda sağdakı binanın divarına vurulmuş lövhə diqqətimi çəkdi. Ünvanı göstərən bu lövhəni indi nə rəngdə görməyim bir özümə bəlliydi, bir də Allahıma. Vaxtilə Moskvaya etdiyim səfərlərimdə binaların divarlarına vurulmuş kənarları ağ zeyli mavi lövhələrdə elə ağ rəngdə də ünvanlar yazıldığını görmüşdüm, nədənsə xoşuma gəlmişdi, artıq bizdə də bəzi küçələrdə lövhələrin bu cür yazıldığını xatırlamışdım, amma Bakıda o lövhələrin diqqətimi niyə bu qədər cəlb etmədiyini anşıra bilməmişdim. İndi isə, budur, günəbaxan çiçəyi rəngdə tünd sarı lövhədə sanki qızdırmalı uşaq sidiyiylə "Sadovaya-Çernoqryazskaya ulitsa, 14/19" yazılmışdı. Yazı güclə sezilirdi. Təbii ki, bu lövhə də əvvəllər gördüyüm rəngdəydi, yəni mavili-ağlıydı, sadəcə, məlum səbəbdən mən onu indi öz rəngində görə bilmirdim.

Uşaqların məni maşında gözlədərək girdikləri həmin binanın qapısının qabağına nə yazıldığı görünməsə də, maşının qabağındakı avtobus dayanacağına sarı boylananda, oradakı ayrı bir lövhədə açıq-aydın "ostanovka İnstitut Qlaznıx Bolezney" bildirişini görmək olurdu. "Hə, yəqin o məşhur, dünya şöhrətli Qelmqolts adına institut buradı" qənaətinə gəldim və "görək nə olur..." deyə düşündüm.

Sakit bir oktyabr səhəriydi, dünya hüzur içindəydi. Dayanacağın yanında beli bükük bir qarı çəliyinə söykənərək göyərçinlərə çörək doğrayırdı. Yeddi-səkkiz çöl göyərçini bir-birini itələyə-itələyə yem üstə sanki dalaşırdılar. Aralarında bir axsağı da vardı, o biri quşlardan rənginin açıqlığıyla seçilirdi və qanadlarını yana açaraq yemdən ötrü ən çox canfəşanlıq edəni də o idi. Fikir məni çox uzaqlara apardı. Uşaq vaxtı mən də göyərçin saxlayırdım. Bir cüt düm ağ rəngdə göyərçinim vardı, dədəm rəhmətlik Bakıdan alıb gətirmişdi. Bir gün gördüm ki yuvalarında bir cüt balaca ağ yumurta qoyublar. Elə sevindim ki... Dədəm dedi ki, on səkkiz günə balaları çıxacaq. İlahi, günləri necə səbirsizliklə sayırdım. Günlərsə getmirdi, on səkkiz gün az qala on səkkiz il kimi keçdi. Axırıncı gün səhər alatordan gedib gördüm bir ətcə bala çıxıb, o birisi də "did" vurmuşdu, bir gün sonra o da çıxdı. Bir gün məni məktəbin yanından – Həzrətqulunun dükanından nəsə almağa gödərmişdilər. Kəndimizin yeganə quşbazı Səlmi qarının nəvəsi Çil Səftər kəsdi qabağımı:

– Ayə, Məbudun oğlu, sən də quş saxlayırsan? Ayə, yadında saxla, uçub bizə sarı gəlsələr, tutsam verməyəcəm haa, dədən-məmən qapımıza gəlməsin...

Heç nə demədim, yüyürdüm evimizə. Ağlaya-ağlaya dədəmə dedim. O da dinməz-söyləməz pilləkənimizin altındakı quşxanaya çevirdiyimiz köhnə toyuq hininə girib quşları tutdu və qanadlarını bir-bir qayçıladı. Mənə də: "Qorxma, day uçmayacaqlar, day tuta bilməz Səlminin gic nəvəsi..." dedi. Yadıma gəlir ki, sonralar Çil Səftərlə dostlaşmışdıq. Çünki bir dəfə onun bir göyərçini – indiyə kimi yadımdadı – micəquyruq ağ mayası uçub gəlmişdi bizim həyətə, mənim quşlarımın arasına düşmüşdü. Tutub qanadını sapla bağlamışdım ki, uçmasın. Səlmi qarının, dədəm demiş, gic nəvəsi Çil Səftər bir gün sonra qapımızın ağzını kəsdirib başını aşağı salaraq:

– Məbudoğlu, – demişdi – o mayanı qaytar, bala üstədi, günaha batarsız, Allah hamınızı qırar. Bir də deyirəm, o quş bala üstədi, inanmırsan, get bax, ağzı zığlıdı. Yazıqdı balaları...

Heç nə demədən yüyürübbə gətirib vermişdim quşunu. Ondan sonra əlini mənə uzadaraq:

– Bir də quşlarının qanadlarını qayçılama, tutsam qaytaracam – demişdi – day sənlə olduq dost, rahatcana uçurt. Bundan sonra, day tutdu-verdimiz var.

Sonralar öyrənmişdim ki, "tutdu-verdi" quşbazlar arasında ən vacib anlaşmadı.

Axşam bu barədə dədəmə deyəndə "düz eləmisən..." demişdi.

Sonra quşlarım çoxalmışdı. Göyərçinlərin quşbaz "dilində" adlarını Çil Səftərdən öyrənmişdim: qoşaçəp, qaraboyun, beştük, sarıbel, micəquyruq, gözüxallı, kəkilli, lütayaq, burmalələk, çil, əbrəş...

Hətta göy üzünün də quşbazlar üçün öz bölgüsü vardı: "yarımhava" və "hava".

Bala quşlar qanadlanmağa başlayanda, əvvəlcə onları dam-damı uçurdub "cəldləşdirirsən", yəni öz yerini yuxarıdan görüb-tanımağı yavaş-yavaş öyrədirsən. Sonra onlar uçuşda dörd mərhələ keçirlər: əvvəlcə hardasa bir həftə "bel sındırır" – yəni göydə geri qacınır, hardasa on gündən və ya bir aydan sonra yarımhavaya qalxaraq "göttəyir" – yəni uçduqları zaman qəfil qanadlarını açaraq hərəkətsiz saxlayıb ağırlıqlarını daş kimi dallarına salır, özlərini aşağı buraxırlar, sonra "aşırmağa" başlayır – yəni səssiz mayallaq aşır, daha sonra isə "oyuna" düşürlər – yəni şappıltıyla, baxanda sezilməz dərəcədə cəldliklə səsli mayallaq aşmağa başlayırlar və hər oynayanda da, daha aşağı deyil, əksinə sürətlə yuxarı dikəlirlər. Onlar bir-biriylə "cüt düşəndə" – yəni maya-erkək izdivacı quranda daha gözəl uçur, bir-birinin eşqinə daha ucalara qalxmağa, daha şux oynamağa çalışırlar. Yerdə nə qədər gözəl görünsələr də, erkəklər "küttəyəndə" – yəni mayasına sevgi bildirmək üçün quruldayanda, mayalar isə "açılanda" – yəni sevgini qəbul etdiklərini nazlı nəvazişləriylə bildirəndə, daha sonra isə, dimdik-dimdiyə verib kərən-kərən, şirin-şirin öpüşərək bir göz qırpımında cinsi yaxınlıq edəndə, yəni erkəklər mayaları "tapdalayanda" kənardan baxana bir ayrı zövq versə də, quşbazlar üçün əsas olan göyərçinlərin havada oynamasıdı, çünki oynamaq uçuşda son hədd sayılır. Quşbazlar göyərçinlərin yaxşı-pis cinsdən olmalarını onların oynamaqlarıyla bilirlər. Elə göyərçinlər olur ki, onlar oyuna düşsələr də, "hava"nın nə olduğunu bilmirlər. Elə damların üstündən – "yarımhava"danca geri dönürlər. Belələrinə quşbazlar "şopu" deyirlər və onları nəsil artırmağa qoymur, azdırır, uşaq-muşağa satır, pay verir, necə deyərlər, "başlarını əkirlər". Elə göyərçinlər də olur ki, oyuna düşəndə, oyun onları çox yüksəklərə aparır, quşbaz diliylə desək "tük kimi girirlər havaya". Oyunun əlindən beş saat, altı saat, hətta on saat, on bir saat göydən enə bilmir, bəzən də gecəyə qalır və haraya getdikləri məlum olmur... Bəzən də, səhərisi günü oynamaqdan qanadlarındakı lələklərin, şahpərlərin dibi qan içində gəlib düşür, ya da biryolluq qayıda bilmirlər. Yadıma gəlir ki, uzun müddət göy üzündə qalan quşları düşən kimi su içməyə qoymazdıq. Çünki, elədə qanadları tutular, ömürlük göy üzünə həsrət qalardılar. Məncə, xəstəlik, şikəstlik – qanadı olanlar üçün lap dözülməzdi... Bir də, yadıma gəlir ki, quşları qızmar havalarda heç vaxt uçurmazdıq. Bilirdik ki, belə havalarda göy üzündə həmişə ley, qırğı olur və bir göz qırpımında göyərçinləri çalıb aparırlar...

Çox-çox sonralar Çil Səftər Qarabağda şəhid oldu. Hələ ordusu olmayan bir ölkənin könüllü özünümüdafiə dəstəsində quş tüfəngiylə döyüşən qəhrəman həmkəndlimin dəfninə bütün el-oba yığışmışdı. O zaman ən yaddaqalan hadisə isə, doqqazın ağzından onun nəşini götürəndə damdakı bütün göyərçinlərin uçaraq bir göz qırpımında al örtüklü tabutun üstünə tökülüşməsi olmuşdu. Uzun illər camaat bu tükürpədən, sirli, müəmmalı hadisədən danışardı... Danışardılar – amma çözüb bir yana çıxa bilməzdilər.

Mənim göyərçinlərimsə bir az artan kimi, onları gah siçovul, gah da ağdöş bir gecədə boğub öldürərdü. Yadıma gəlir ki, axırıncı dəfə quşlarımı ağdöş boğanda, üç gün ağlayıb dərsə getmədim. Çil Səftər onda məni görüb əlini çiynimə qoyaraq:

–Məbudun oğlu – demişdi – göyərçin saxlamağın düşər-düşməzi olur, yəqin nəslinizdə çiy adam var ki, qapınızda quş qalmır, sizə düşmür...

...Nəslimizdə çiy adamın kim olduğunu heç indi də bilmirəm. Yəqin elə mən özümdüm...

* * *

– Əşi, gəl.

Şirvan idi. Maşından yerə enəndə, çox qəribədi, hardansa, yadıma uşaqkən mənə Kərbəlayı Əbülfəz babamın öyrətdiyi altı ayəlik "Nas" surəsi düşdü. Bismillahdan sonra "Qul əuzu birəbbin-nas..." deyərək, ixtiyarsız dilimin altında bu surəni zikr etməyə başladım və Şirvanın dalıyca yola düzəldim. O, avtomobilin qapısını örtəndə quşlar pırıltıyla uçaraq avtobus dayanacağının damına qondular, təkcə o şikəst göyərçin qanadlarını yana açaraq çırpına-çırpına, axsaya-axsaya qarının ayaqları altında heç nədən qorxub-ürkmədən hələ də yem axtarmaqda, çörək qırıntılarını tapıb yeməkdəydi. Onların böyründən keçəndə qarının meyit rəngli sifətində şırım-şırım, şülək-şülək qırışlar olduğu da diqqətimdən qaçmadı. Elə bu vaxt həmin o şikəst göyərçin pırıltıyla yerindən necə qalxdısa və çox qəribədi, çox qəribədi... heç yana yox, məhz mənim üzümə arxası üstə qəflətən necə çırpıldısa, deyəsən, qanadlarının bükük yerləri, hə, hə, qadanadlarının qatlanacaqları düz gözlərimin içinə necə zərblə dəydisə, mənimçün dünyanın işığı qəfil söndü, əllərimi üzümə tutub yerə çökdüm, göyərçin şırıltıyla harasa alçaqdan uçub getdi, sonra bir küt gubbultu eşidildi, deyəsən o, yoldan keçən maşınlardan birinə çırpıldı, qarı zəif səsiylə qıyya çəkdi: "o boje! o boje!... qospodi!.. qospodi boje moy!.." deyərək həşir saldı, əlimi üzümdən çəkib nə baş verdiyini anlamaq istədim, cəmi bircə saniyəlik, vur-tut bircə saniyəlik hər şey öz rəngində göründü gözümə: göyərçin bəyaz rəngdəydi, o, yoldan keçən qırmızı bir maşına dəyərək ağ zolaqlı qara asfaltın üstünə, yolun ortasına düşmüşdü, sürücü qorxudan avtomoibilini saxlayıb qəza faralarını yandırmışdı. Göyərçin yolun ortasında arxası üstə ömrünün sonuncu, bəlkə də ən şirin titrəyişini yaşayırdı, bunları görməyim cəmi bircə saniyəlik, bilmirəm, bəlkə də lap yarım saniyəlik oldu, ardıyca dünya yenidən zülmət qaranlığa büründü. Amma mən hər şeyi öz rəngində görmüşdüm, görmüşdüm axı... Yarım saniyəlik, lap onda bir saniyəlik olsa da, ötüşən avtomobilləri, adamları, asfaltı, ölməkdə olan göyərçini Allah verən rəngdə görmüşdüm...

– Əşi, nooldu sənə?

– Gözlərim kor oldu...

– Əşi, burda, göz institutunun qabağında da adamın gözləri kor olar?...

Bu, mənimçün olduqca "tüklü" bir sual idi.

– Bilmirəm... heç nə görmürəm...

O, məni yenidən avtomobilinə otuzdurdu. Nə baş verdiyini anlamaq iqtidarında deyildim...

Gözlərimi aça bilmirdim, açan kimi dünyanın bütün rəngləri bir-birinə qarışırdı, gözlərimin dibində sonsuz bir burulğan əmələ gəlmişdi və hər şey oraya sovrulurdu, qarışıb-qarışıb zülmətə dönüşürdü... Şirvan nəm salfetlə üzümü silir, boyun boğazımı isladırdı.

– Əşi, sənə nooldu belə axı? Bu nə oyundu düşdük? Orada o boyda alimlər bizi gözləyir...

Canımı dişimə tutub gözlərimi açdım, hər şey yenə sapsarıydı, düzü-dünya bu dəfə sarının bir az daha qatısına, bir az daha tündünə boyanmışdı, ürəyim sıxılırdı, elə bilirdim daha axırım gəlib... Gözlərimin içinə elə bil xırda şüşə qırıntıları tökülmüşdü, sancırdı. Özümü toparlayıb, ürkək-ürkək maşının pəncərəsindən yolun ortasına – göyərçinin düşdüyü yerə baxdım, amma... heç nə görmədim, göyərçin-zad yoxuydu, qarı da elə bil qeybə çəkilmişdi, yəqin avtobusa minib gedib, deyə düşündüm. Bəs göyərçinin ölüsü hanı? Müəmmaydı...

– Gedək – dedim.

Şirvan qoluma girmək istədi, qoymadım. "Sərxoş deyiləm ki..." deyib, əlini itələdim. Sən demə, qarı burdaymış. O, dayanacağın skamyasına çöküb, çəliyini böyrünə söykəmişdi, göyərçinin ölüsü dizlərinin üstəydi. O, dodaqları altında nəsə mızıldanır, quşun ölüsünü sümükləri çıxmış arıq əlləriylə nəvazişlə sığallayırdı...

İnstitutun foyesindən içəri girdik, yenə klinikalara məxsus o tanış qoxu, o tanış ab-hava məni vurdu. Hansı mərtəbəyə qalxadığımızı bilmirəm, amma uzun dəhlizin qurtaracağındakı qapının üstündə rusca "Konsultasiya otağı. Professor-oftalmoloq İvan Vladimiroviç Yenkov" yazılmış bir lövhə vardı. Növbədə, demək olar, heç kim yoxuydu. Şirvan qapını açıb məni içəri saldı. Gözlərimə inanmadım, içəridə sanbalları üz-gözlərindən, tavırlarından bəlli olan azı doqquz-on nəfər həkim vardı. Bu, böyük bir kabinet idi. Əyinlərindəkilər gözlərimə narıngi qabığı rəngdə görünən, eyni biçimdə geyinmiş bu insanlar divar boyunca düzülmüş masalar arxasında oturmuşdular və hamısının da qarşısında nootbuk vardı. Onlar başlarını qaldırıb mənə sarı baxdıqca, üz-gözlərindən maraq süzüldüyünü də, bəzisinin son dərəcə ciddi, bəzisinin vecsiz bir şəkildə baxdığını da gözümdən yayındırmadım. Baş masanın arxasında əyləşmiş, orta yaşlarda olan kişi, elə bil, məni yüz ildi tanıyırdı, mehribanlıqla gülümsünüb:

– Buyurun əyləşin, Bulud Məbudoviç – dedi.

Düşündüm ki, a kopoyoğlunun pulu! Deyəsən, Sarvan bunun, necə deyərlər, "bığının altından" keçib artıq. Yoxsa bu nə canfəşanlıqdı axı?..

O, mum rəngdəydi. Sarvan da onun yaxınlığında oturmuşdu. Fikir verdim ki, Sarvanı da əvvəlkindən tünd görürəm, gözümün ciddi zədələndiyini anladım. Nə isə... başladı konsultasiya deyilən həngamə, nə başladı... Suallar, suallar yenə də suallar... Bürhan həkim bunların yanında toya getməliymiş ki! İki daşın arasında mənə o qədər sual yağdırdılar ki, cavab verməkdən nəfəsim qaraldı. Lap hövsələm daraldı, Sarvanın üzünə baxdım, eşikdə başıma gələn hadisədən xəbəri olmayan böyük küçüyüm gülümsünərək, mənə yüngülcə göz vurdu, "darıxma" dedi. Dalıyca da: "hələ həngamə qabaqdadı..." pıçıldadı. Bir yandan da it balası bunları pıçıldamaqla ürəyimi yara elədi! Doğrudan da az keçmədi ki, buraya toplaşanlar kompüterlərdə etdikləri qeydlərin surətlərini çıxardılar, deyəsən tutuşdurub öz aralarında hansısa razılığa gəldilər və məni başqa bir kabinetə dəvət etdilər, artıq oraya Sarvansız, Şirvansız girəsi oldum. İçəridə ən müasir avadanlıqlar quraşdırılmışdı, onlardan bəzilərini Bürhan həkimin kabinetində də görmüşdüm, ancaq buradakılar çoxçeşidliydi.

Day burda başıma gətirilənləri xırdalamıram. İçəridə həmin o gördüyüm həkimlərdən başqa bir nəfər alman və bir nəfər də səhv etmirəmsə, yapon mütəxəssis vardı, hərəsinin də yanında bir tərcüməçi cavan qız durmuşdu. Aparatlarda təxminən saat yarımlıq bir prosedur keçdim və əldən düşmüş halda, "itqusdu" vəziyyətdə eşiyə çıxdım. Eşiyə deyəndə ki, əvvəlki kabinetə qaytardılar məni, burada oğlanlarım üstümə atılıb boynuma sarıldılar, ağlamaq məni tutdu... Amma onlar sevindiklərindən uçurdular. Bur yandan da həkimlər bir-bir yaxınlaşıb məni təbrik edir, ehtiram göstərirdilər. Niyə? Qoy deyim! Qoy deyim, day vaxtı çatıb! Hər şey mənə burada alman və yapon mütəxəssislərin hansısa protokolu İvan Vladimiroviçlə birgə imzaladıqdan sonra agah oldu. Sən demə, bu, beynəlxalq bir komissiya imiş, hər şey də onun gələcəyi nəticədən asılıymış. Deməli, məsələ beləymiş: Yer üzündə məni dərddə olan yeddi xəstənin biri yaponmuş. Bu, Tokomoto Uatanabe adlı milyarder bir xanımmış. Və o, hər şeyi yaşıl rəngdə görürmüş. O, yapon avtomobillərinə aid ehtiyat hissələrinin satışı üzrə dünya maqnatlarından biriymiş. Bu yaxınlarda, dünyasını dəyişməmişdən öncə, öz varidatından külli miqdarda pul ayıraraq Almaniyada Qəribə Görənlər Fondu təsis edir və vəsiyyət edir ki, bu il oktyabr ayının 11-də – yəni Beynəlxalq Görmə Günü, xüsusi komissiyalar tərəfindən bir daha sağalmayacaqları elmi təsdiqini tapmış belə xəstələrin hər birinə, bir dəfə verilmək şərtilə həmin fonddan üç milyon avro civarında pul bağışlansın... Bu fond fəaliyyətini davam etdirsin, bu xəstəliyin çarəsi tapılanacan dünya səhiyyə təşkilatına yardım etsin və növbəti illərdə də yeni xəstələrə pul ayırsın. Amma nədənsə – çox qəribədi, çox müəmmalıdı – edilən bu maddi köməyin mümkün qədər gizli saxlanmasını, geniş kütləyə açıqlanmamasını vəsiyyət edibmiş.

Sən demə bu vaxtacan başıma gətirilən bütün həngamələr də buna görəymiş. O yapon da, o alman da, yəqin ki, digərləri də buraya məhz mənim yoxlanmağım üçün, elə həmin fonddan gəliblərmiş. Demə, Sarvan da Bürhan həkimin zəmanətiylə sənədlərimi buraya təqdim edibmiş. Bürhan həkim özü də zəng edib bu barədə buradakı həmkarlarına bildirib, üstəlik fonda da yazılı məlumat göndəribmiş. Sən demə, bu məsələ üzrə fondun bizi də əhatə edən Avrasiya regional komissiyası Moskvada, Qərbinki – Amerikada, qalan yerlərinki isə, Avropada – Berlində yerləşirmiş. Sən bir fikir ver haa, nə boyda şəbəkələri varmış zalım uşağının, amma xəstələri cəmi yeddi nəfərdən artıq deyil...

Demə qoduqlarımın yerə-göyə sığmamasının əsil səbəbi buymuş. Hələ bu mənə nağıl kimi gəlirdi, heç cür ağlıma sığışmırdı. Bakıda Bürhan həkimin cilddən-cildə girməyinin, uşaqlarımın şadyanalığının, buradakı moskvalı həkimlərin "təbriklərinin" arxasında, demə, elə kopoy oğlunun əlahəzrət pulu dayanırmış!.. Hamısı darmınmaq arzusundaymış, dadmaq eşqindəymiş qismətimdən! Noolsun? Qoy olsun da, var-yatır olan yerdə nə paxıllıqdı!

Hə, mən milyonçuyammış, deməli! Milyonçu Bulud Məbud oğlu! Pah atonnan, əşi!.. Dədəm demişkən, açıl a kələm dolması!..

Mən buna heç cür inana bilmirdim, bunun fırıldaq olduğunu düşünürdüm, çünki elə bir zamanada yaşayırıq ki, belə-belə nağıl-tapmacalar ancaq uşaq-muşağı çaşdıra bilər, mənim kimi bir xalvurmuş ahıl adamı yox!..

Avtomobilə oturub Sarvanı bir xeyli gözlədik. Şirvan sevindiyindən uçurdu az qala:

– Gördün, ata?! Mən sənə nə deyirdim? Deyirdim ki, darıxma, hər şey yaxşı olacaq. Allah haqqı, mama qəbri, ürəyinə başqa şey gəlməsin, birinci sənin gözlərinin hayındaydıq. Öyrənəndə ki, bu xəstəliyin sağlamlığa heç bir fəsadı yoxdu, sevinməyə haqq etdik. O boyda professorlar bu xəstəliyin, bircə yekrənglik deyilsə, heç bir fəsada yol açmadığını bildirirlər. Burda nə var ki?

– Heç nə... Day nə olacaq ki?.. – deyib üzümü yana çevirdim.

"Bunların, bu zalım uşağının heç biri mənim yerimdə heç yarım gün də duruş gətirə bilməz. Elə bilirlər asandı, ağızları isti yerdədi... Hardasan, ay Şəfiş, goruna qurban, gəl gör canı üzülən can sirdaşın, gəl gör başsız qalan baş yoldaşın, gəl gör bulud kimi dolub durmuş Buludun nə gündədi?!.."

Gözlərimin içi sapsarı suyla doldu...

– Əşi, Allah sənə kömək olsun, elə bil, hələ bir narazısan da? Əşi, sən milyonçusan eey, milyonçu!!! Uzağı bir həftədən sonra, inşallah, pulun qəbzi cibişdanında olacaq! Əlini-ayağını öpəcəklər eey hər addımda! Bizi də, bütün nəslini də dartıb çıxartmısan bataqlığın içindən. Sən Allah, inanmırsan? Bizləri sərgərdan yaşamaqdan, dərddən-azardan, artıq əzab-əziyyətdən qurtarmısan eey, bəs buna sevinmirsən?

Görəsən, doğrudan da sevinməliydim? Axı o sevinmək deyilən şey necə olmalıydı bu məqamda? Anlaya bilmirdim...

Sarvanın maşına oturmağıyla əllərini göyə qaldırıb: "Şükür!" deməsi bir oldu. Sonra da içdən gülərək qardaşına: "Sür, a milyonçu balası, sür getdik evə!" dedi və irişə-irişə mənə göz vurdu, qucaqlayıb möhkəm-möhkəm üzümdən öpdü.

* * *

...göyərçinin ölüsünə qarışqalar daraşmışdı. hər biri az qala barmaq boydaydı. atlı qarışqalara da oxşayırdılar. amma bunlar alahı cür idi. qanadları yoxuydu, amma uzun bacaqları vardı. kəsmək bilməyən sərt külək göyərçinin səpələk atılmış tüklərini sovurub aparınca, beş dəqiqə keçmədi ki, ətini qarışqalar sümürmüş zərif skeletin ağappaq ağaran bütün cizgiləri asfaltın üstündə açıq-aydın göründü. qarışqalar göz qırpımında çəkilib getdilər. qanadların qatlanan yerindəki oynaq sümüklərinin ucu, yəni mənim gözlərimə çırpılan qığırdaqlar qapqara qançır olmuşdu. üzü şülək-şülək şırımlı həmin o meyit rəngli qarı əyilərək skeleti yerdən qaldırdı, əlləri əsə-əsə bir küncündə sarı çiçək şəkli toxunmuş bəyaz ipək dəsmalı açdı, olduqca nəvazişlə, ehmalca onu dəsmala bükdü və acıqla mənə uzatdı, əlimi geri çəkmək istədim, "al!.." dedi, "dərmanın budur, al!" amma səsi kobud kişi səsiydi, həm də bu səs çox tanışıydı, əlimi dala çəksəm də o dəsmalı ovcuma soxur, dəsmal əlimə toxununca barmaqlarımı üşüdürdü...

Sonuncu dəfə də "əşi, al da, niyə qorxursan ki?" deyəndə gözümü açdım ki, Sarvan bir stəkan suyu əlimə verməyə çalışır...

– Əşi, otduğun yerdəcə yuxu görürdün? Niyə elə zarıyırdın? Allah sənə kömək olsun, al bu suyu iç görüm...

Kresloda oturduğum yerdəcə yatmışdım. Buz kimi soyuq su dolu stəkan artıq əlimdəydi. Bismillah eləyib suyu qurtum-qurtum udduqca, qırpım-qırpım oyandım. Gözlərimi qırpıb bir xeyli kirimişcə durdum.

– Hər şey yaxşıdı?

– Yaxşıdı...

– Hə, necədi səninçün, bəlkə fond yiyələrindən xahiş eləyək, pul qəbzinin təqdimatında xoruz səsi eşitməmiş bir təşəkkür nitqi söyləyəsən?

– Başın xarab olub deyəsən...

– A milyonçu dədəm, nöşün?

– Elə ona görə ki sən...

– Hə, tutalım mən... sonra?

– Sən...

– Hə, mən... mən... Sonrasını de də... mən – yəni, nəə?

Düzü yuxulu başla bilmədim, bilmədim bu salxarlı, bu ağırtaxta balama – yekə qoduğuma nə deyim. Balaca da, ona qoşulub bic-bic gülümsünür, məndən cavab gözləyirdi. Bilmirdim bu köpək uşağını söyüm, danlayım, yoxsa tərifləyim. Onların ikisi də ali təhsilliydi, savadlıydılar, balaca kibernetikanı yenicə bitirmişdi, dediyim kimi, axır vaxtlar dinlə çox ciddi maraqlanırdı, açığı, bu məni bir qədər narahat edirdi, böyüksə tarixçiydi. Belə götürəndə, çox məntiqli uşaqlardılar, onlarla söz güləşdirmək mənim işim deyildi. Bir yandan da heç cür qəbul və həzm edə bilmədiyim bir ticarətçi sırtıqlığı da vardı canlarında ki, o da ana babalarından və zəmanədən gəlmə bir şey idi, bu isə mənim yaralı yerimiydi.

Sarvan əl çəkməyərək bir də: "de də, de də..." deyəndə, dişlərimi qıcıyaraq, yarı hirsli, yarı gülümsər, özümdən asılı olmayaraq, bəlkə də ömründə ilk dəfə mənə qarşı məzəsi tutub şitəşən bu ciyərparama:

– Sən... sən bilirsən nəsən? – dedim.

– Hə, nəyəm ki?

Onun üzündə şıltaq bir sevinc, oyur-oyur oynayan, adama "gəl-gəl!" deyən gözlərində uşaq saflığıyla dolu bir biclik vardı. Elə soruşdu ki, nəfəsimi dərməyə imkan vermədi. O çalışırdı ki, bircə məni çaşdırsın, sonra da iki qardaş bir-birinə qoşulub, özləri demişkən, ləzzətli bir "mırt" tutsunlar, doyunca gülsünlər. Qoduqlar məni qıcıqlandıraraq şitəşirdilər sadəcə. Nə deyəcəyimi bilmirdim, yalandan üzlərinə marıdıb gülümsünürdüm. İxtiyarsız bir də təkrarladım:

– Sən bilirsən nəsən?

– Hə, de də, de də, əşi, ürəyim partladı ki, de də görüm, mən nəyəm axı?

Cavabım ilk baxışda heç zada oxşamayan, alabirtəhər olsa da, amma deyəsən çox tutarlı alındı:

– Əgər bilsəydin nəsən, onda bilərdin nəsən!..

Sarvan bir anlıq duruxdu, dediklərimi dodağı altında astadan təkrarlaya-təkrarlaya, mızıldana-mızıldana, deyəsən, anlamaqdan ötrü çözdü və birdən əlini əlinə vuraraq elə gülməyə başladı, ilahi, elə uğunmağa başladı ki, balaca qoduq da qoşuldu ona, elə ixtiyarsız özüm də...

Gözlərim dərdə düşəli birinci dəfəydi ki, ürəkdən gülürdüm, birinci dəfəydi ki, mənim ovqatımla uşaqlarımın kefi beləcə üst-üstə düşürdü. Birinci dəfəydi ki, gözlərim sevincdən yaşarırdı. Amma siləndə bürünc rəngli barmaqlarımı islatmış göz yaşlarımın açıq sarıya çaldığını görüb də kiridim.

...Deyəsən, elə o sevinmək deyilən şeyin mənim üçün bundan o yanası yoxuydu. Artıq xoş ovqatım mənə bu dar macalda gördüyüm o alayarımçıq, o atüstü və tanış yuxunu unutdurmuşdu...

Bir azdan Sarvan geyinib-kecinib çıxdı və gedəndən xeyli sonra Şirvan da yavaş-yavaş cahazlanıb aradan sürüşdü və gethagetdə xısınladı ki, qardaşı Bürhan Nəcəfovun məsləhətiylə komissiyanın yerli fiqurlarından birinə restoranda qonaqlıq verməyə gedib, üstəlik, ona dünən axşamçağı başqa "xələt" də çatdırıb, özü də necə lazımdı. Hələ Bürhan həkimə də ayrı cür "şirinlik" veriləcək.

Artıq bu şeylərin mənim üçün elə bir əhəmiyyəti yoxuydu, çünki adamlarımızı yaxşı tanıyırdım, həm bizdə, həm də burda belə bir işin başqa variantı ola bilməzdi heç vaxt, çünki bura köhnə sovet məkanıydı. Əl əli yumalıydı, əl də üzü. Amma bu işə görə üz qaralığı yuyulmurdu, əksinə, daha da tündləşirdi, əlbəttə, anlayan üçün.

Umud zəng edəndə yatağımın içindəydim, hələ yatmamışdım. Ev telefonunun gəzərgi dəstəyini götürüb yenidən yerimə uzandım və baş verənləri qardaşıma biddə-biddə danışdım. Oysa mən danışdıqca ağladı... Elə bil dilindən batmanlıq qıfıl asılmışdı, o boyda adam aradabir "Bulud... Bulud..." zarıltısından savayı heç nə deyə bilmirdi... Təskinlik verib bildirdim ki: "darıxma, qağa, deyəsən Allah bir tərəfdən bağlayanda, o biri tərəfdən açır: nəsə, dədə qəbri, elə bil doğruya oxşayır burda baş verənlər. Pulun iyi gəlir yavaş-yavaş burnuma! Goruna quzu kəsdiyim yapon xanımı, bizimlə həmdərd olduğundan, bağrımız çatlamasın deyə, ölüb gedəndə var-yoxunu bizlərə vəsiyyət eləyibmiş, demə. Sən Allah, pulumuz olsaydı, bizlər elə şey eləyərdik? Hı? A tövbə! Bizlərin imkanı olsa, ar-qır eləməsək, paslanmayan dəmirdən seyf düzəltdirib qəbirə qoydurarıq, nə bilim, kəfənə cib də tikdirərik ki, pulu özümüzlə gora da aparaq, vallah... Amma dünyada adamlar varmış eey, ürəkləri nə boyda!.. Bir fikir ver, sən Allah!.. "

Umud bir xeyli susandan sonra, hıçqırığını kəsib sakit səslə dilləndi:

– Bulud, dədəmizin vəsiyyəti yadından çıxmayıb ki?

Tutuldum. O, bunu niyə soruşur axı, anlaya bilmədim.

– Yox... – dedim.

– Canı ağzından çıxanda səni mənə tapşırmadımı?

– Hə...

– Bax, odur ki, bir böyüyün kimi deyirəm: çıx gəl bu yana! O pula-zada inanma, boş şeydi! Deyirsən, burnuna pulun iyi gəlir. O, pul iyi ola bilməz! Yəqin rənggörməyin kimi iybilməyin də ailt-üst olub artıq, çıx gəl! Əlövsətin nənəsi səni sağaldıb dumbul kimi eləyəcək, yola salacaq evinə...

Dalıyca da ağlamsınaraq dedi:

– Güllü qarı deyir ki... iraq olsun, dilim-ağzım qurusun, yeddi dağlar aşım... üstünə tez düşməsən, kor da ola bilərsən, o yanlıq da... – o, yenə kövrəldi – Nə qədər gec deyil qayıt!

Canımı dişimə tutub:

– Axı, ay Umud, sən bilirsən ki, noxtam öz əlimdə deyil – dedim.

O, bir anlıq duruxdu, qəfil çox eybəcər bir şəkildə mənim dediklərimi yamsılayaraq, acıqlı halda çığırdı:

– "Noxtam öz əlimdə deyil!.. " Bu nə deməkdi, ayə,?! Yekə kişisən eey sən!..

Birdən dədəmin Umud haqda dediyi bu sözlər yadıma düşdü: "Umudla həmişə ehtiyatlı olun haa, üstündə cini var..." Budur, o, qəfildən hirslənmişdi, özü də necə! Səsi də tamam dəyişmişdi, kövrəkliyindən əsər-əlamət qalmamışdı:

– Gəlib o düdüklərin ikisini də orda mal balası kimi çırparam, haa! Ağıllarını başlarına yığsınlar! Düdüklər! Özlərini nə sayırlar axı o şapalaqlar?! Allaha and olsun, beynim çönər, günü sabah uçub gələrəm o xarabaya, başlarına it oyunu açaram orda haa!..

– Yox, ay Umud, sən düz başa düşmədin eey, yəni ixtiyarım həkimlərin əlindədi demək istəyirdim, uşaqların nə taqsırı?

– Sən də maygülüsən ki, maygülü! Yaşın əllini də keçdi, Təti Gülbacılığını yerə qoymadın, bədbaxt oğlu, bədbaxt! Heç birinin yamını vermə, heç birinin üstünə acıqlanma, birdən zəri tökülər o mütrüflərin, xançallarının qaşı düşər birdən! Sənə nağayrırlarsa, yerində eləyirlər!..

Dud-dud-dud...

O, telefonu qapadı. Bu dəfə məni bir gic ağlamaq tutdu ki, gəl görəsən. Canımı almasını dönə-dönə Allahımdan dilədim. Diləyib yalvardım ki, məni tezliklə öldürsün, bəlkə canım bu çək-çevirdən azadlığa çıxa. Amma, müəllifinin kimliyini unutduğum o məşhur qəzəldə deyildiyi kimi, görünür gerçəkdən: "Hökm Onun hökmüdürür, fərman Onun fərmanıdır..." Canım-zadım çıxmadı. Ağlayıb, kiriyib, nə vaxt büzüşüb yatdığımdan xəbərim olmadı.

... buynuzlarının ucu qanlı, qızıxmış bir öküz uzun bacaqlı atlı qarışqanın belindən məni var gücüylə vurub yerə salmağa az qalmışdı ki, bərkdən bir qıyya çəkdim...

Və öz səsimə diksinib ayıldım. Bu vaxt qapının zəngi çalındı. Tərin içində, yuxulu-yuxulu qapıya sarı dabrıdım. Qonşu qadınıydı. Əlində nəsə dolu və ağır bir bağlama vardı. Gülümsünərək:

– Bağışlayın, siz Saşanın atasısız? – deyə soruşdu.

Key-key üzünə baxdım. Başdan ayağacan açıq sarı çalara bələnmiş bu qadına öncə nə demək lazım olduğunu bilmədim. Sonra elə bil ayılan kimi oldum.

– Hə. Buyurun içəri. Qapıda durmayın, lütfən.

O, himə bənd imiş kimi içəri adladı və əlindəki bağlamanı yerə qoydu.

– Bu, konservləşdirilmiş mal ətidi. Qızım Rimma Qazaxıstandan göndərib. Bir dəfə bir bankasını Saşaya hədiyyə etmişdim, çox xoşuna gəlmişdi. Çıxarıb iyirmi bankanın pulunu verdu ki, imkan olsa, Rimma bundan bizim üçün də göndərsin. Zəng eləyib demişdim. Aradan nə keçib ki? Bir də gördüm bağlama gəlib çıxıb... Budur, buyurun. Bəs özləri hardadı?

– Harasa gediblər. Bir azdan gələrlər yəqin... Buyurun içəri, lütfən.

Cəmi ikicə dəfə gördüyüm və salamdan başqa aramızda heç bir ünsiyyət olmayan bu yaraşıqlı, beliylə sağrısının biçimi neft lampası şüşəsinin quruluşluna oxşayan, uzun bacaqlı... hə, hə, uzun bacaqlı qadın gülümsünərək getdi və qapıdan çıxanda:

– Çox sağ olun – dedi – tələsirəm, bu gün işlərim çoxdu, başqa vaxt...

"Başqa vaxt? Yəni, başqa vaxt nə?" Öz-özümə bu sualları verib, key-key çiyinlərimi çəkdim, cəftəni vurdum. Gözlükdən bir də onun bacaqlarının doğrudan da uzun olub-olmamasını süzdüm və nəyə görəsə ah çəkdim. Onu bilirdim ki, ah çəkdiyimdə söhbət şəhvətdən gedə bilməzdi, əsla! Amma niyə belə etdiyimi anlaya bilmədim. Qalın kağıza səliqəylə bükülərək yapışqanlı lentlə sarınmış bağlamaya bir xeyli boynumu ovuşdura-ovuşdura, yuxulu-yuxulu baxdıqdan sonra, onu mətbəxə gətirib böyrünü bıçaqla cırdım və konserv qutularından birini çıxardım. Üstündə bir suyu yuxuda gördüyüm o qızıxmış öküzə oxşayan inək şəkli vardı. Amma bu, həmin öküzdən fərqli olaraq həlim və kök bir inək idi. Yarlığın nə rəngdə olduğunu anlaya bilməsəm də, iri hərflərlə yazılmış: "Buktırılqan siyır eti" kəlmələrini oxuyub başa düşdüyüm üçün məmnun-məmnun gülümsədim, yəni, bu, mənim fəhmimə görə qazax dilində "buğa verilmiş mal əti" demək idi. Və tezliklə birini açaraq qızdırmaq üçün mikrodalğalı elektrik sobasına qoydum...

Qoduqların qonaqlığı nəsə çox uzun çəkdi, gəlib çıxmaq bilmirdilər.

Şam yeməyindən sonra üzümü qırxmaq üçün vanna otağına keçdim, güzgünün önündə uzun-uzadı özümə baxıb başımı buladım və özüm özümdən əvvəlcə: "Salam əəə, milyonçu qədeş, necəsən?" – deyə soruşdum. Sonra da: "Heç məndən də milyonçu olar?.. Lap elə deyək ki, o pulu mənə verdilər, hə, bəs sonra? Uşaqlar baş verənlərə əl bulamasa, guya əlimdən-zadımdan iş gələcək? Mənə qalsa, neyləyəcəm o pulu? Hə? Neyləyəcəm ki? Başıma qapazı vurub alacaqlar əlimdən. O qədər anasının əmcəyini kəsən var ki..." düşündüm, özlüyümdə canım-ciyərim, başımın tacı, ata əvəzi ağsaqqalıma – Umuda haqq qazandırdım. Kişi doğru deyir də, maygülüyəm ki, maygülü. Doğrudan da, bizlərdə acizliyin nişanəsi tək ta qədimlərdən adı hallanan, dədə-babamızdan eşitdiyimiz, amma kimliyini, nəçiliyini, hansı acizliklər etdiyini bilmədiyimiz o Təti Gülbacı deyilən maymaq var haa, bax elə indi mən onun kimi bir şey olduğumu anlayıram. O boyda institutda işlədim, camaat tələbələri "söküb-yığanda", yəni, qaz vurub qazan dolduranda, mən evə əlim ətəyimdən uzun gəlirdim. Yazıq Şəfiqə dirənib məni pərt eləməsə də, incidiyini, acizliyimə görə qohum-əqrəba yanında sındığını bilirdim. Deyim ki, guya mən pul almırdım? Alırdım eey, amma dekan, prorektor, rektor "xox!" eləyən kimi hamısını verib dərindən nəfəs alır, üstündən qəpik-quruş nə verirdilərsə, şükür edirdim, ad da olurdu ki, Bulud müəllim guya tələbələrə qan uddurur. Uşaqlarımın məni işləməyə qoymamasına əvvəllər sevinsəm də, özümü necə deyərlər, azadlıqda hiss etsəm də, amma get-gedə nəsə çatmadığının, nədənini bilmədiyim şeylərdən ötrü dəhşətli sıxıntı keçirdiyimin fərqinə varmağa başladım. Bir yandan da bu əndirəbadi xəstəlik... Elə bil, bircə bu çatmırdı, bunun yeri gədik idi ki, gəlib çıxdı!

Üzümü qırxandan sonra bir qədər televizorun önündə, şairlər demiş, vaxtın qətliylə məşğul oldum. Deyəsən, əməlli-başlı yorulmuşdum, daha ağlım heç nə kəsmirdi. Boşuna oturmaqdan bir xeyli tənbəl-tənbəl zəvzədim, mürgülədim və yatdım.

Elə bil, yuxuda xilas olurdum. Elə bil, məni yuxular qurd ağzından qurtarırdı, dartıb həyatın saralmış dişləri arasından – üfunətli cəngindən qoparırdı. Amma təzədən elə bir aləmə atırdı ki, nə qədər mübhəm, qorxunc olsa da, ruhumu tamamlayırdı, içimin ahəngini süsləyirdi, həm də dünyanın rənglərini gözlərimə qaytarırdı...

* * *

Artıq oktyabrın yeddisiydi. Səhər alatorandan quşbaşı qar yağırdı. Bu qarın başqalarına necə təsir etdiyini bilmirəm, amma məndən ötrü gözlərim önündə tam yeni bir mənzərə açılırdı. Elə bil, kimsə göy üzündə ancaq və ancaq məndən ötrü nəhəng bir nərgiz gülünü yolaraq sapsarı ləçəklərini yerə səpirdi, bu ləçəklər yavaş-yavaş endikcə özüylə bərabər füsunkar bir gözəllik, bir dinclik gətirirdi, dünyanı bürüməsindən savayı, gözlərimin retro birrəngliyini də sanki dəyişir, ovqatımı yeniləyirdi.

Amma heyif bu nərgizli sabahdan gül qoxusu gəlmirdi...

Səhərin gözü açılar-açılmaz baş verən bu təbiət hadisəsinə eyvanda dayanıb siqaret çəkə-çəkə tamaşa edirkən, qəfildən yadıma göz xəstəlikləri institutunun qarşısında baş vermiş o qəribə hadisə düşdü və özümdən ixtiyarsız vücudumu bir gizilti sardı. Göyərçinin qanadlarıyla gözlərimin içinə çırpılan o zərbədən, ötəri də olsa, lap bircə anlığa da olsa, dünyanı öz rəngində görmüşdüm. Hə, hə, göyərçinin çırpılıb öldüyü o avtomobil qırmızı rəngdəydi, ağ zolaqlı asfalt qapqaraydı, yerdə sonuncu can titrəyişlərini yaşayan göyərçinsə – ağappaq... Deməli, mənim doğru-dürüst görmək şansım tükənməyib! Deməli, mən bu qotur dünyanı yenə əvvəlki kimi öz rəngində-urufunda görə bilərəm! Vallah, tüpürmək lazımdı o pula da, bundan sonra Allah bilir başıma hansı olmazın oyunlar açacaq var-yatıra da, o göydəndüşmə milyonların gücünə doğacaq o saxta ad-sana da! Çıxıb getmək lazımdı xarabama! Lap elə birbaşa Giləmərziyə getmək lazımdı – Əlövsətin nənəsinin yanına! O ki qaldı uşaqlara... Yəni çıxıb getsəm, uşaqlar neyləyəcək ki? Öldürəcəklər məni? Dəhşətə bir bax eey, atalarının xəstə gözlərinin hesabına bunların milyonçu olmaq istəklərinə bax! Yoxsa dədə-babamız milyonçu-zad olub, hə? Getmək lazımdı, vəssalam! Onda əlacları kəsilər, canları çıxar, qoşularlar əmilərinə, aldıqları o istirahət mərkəzini işlədərlər və xan-bəy kimi yaşayarlar. Tezliklə toylarını da vurdurub baş-göz eləyərik, qurtarıb gedər. Day bu milyonlar söhbəti-zadı da yığışar birdəfəlik, mən də adam kimi dərindən nəfəs alaram. Bəs mən adam deyiləm? Məni də axı bir kişi əkib, bir arvad doğub bu cındır həyata! Mən də axı beş gün adam kimi yaşamaq istəyirəm, axı mən də hər şeyi necə var eləcə görmək istəyirəm! Bu gedişlə, yəqin ki, tezliklə mən hər şeyi dolaş-bulaş eləyən, hər şeyi kəllə-mayallaq görən, ovçu dədəm demişkən: günəşə – məməş, qazançaya – tapança deyən birisi olacam. Odur ki, qurtulmaq lazımdı, çıxmaq lazımdı bu girdabdan.

Hə, mən bircə anlığa da olsa, dünyanı öz rəngində görmüşdüm... Bu hal indi ruhumun bir tutalğacıydı ki, ondan yapışıb hər şeyin, hətta vəd olunan o milyonların da fövqünə asanca qalxa bilərdim.

– Sabahınız xeyir. – Uzun bacaqlı qonşu qadınıydı. Yan tərəfdə, bizimkinə bitişik eyvanda zivəyə paltar sərirdi. – Nə tezdən durmusuz? – deyə mehribanlıqla soruşdu.

– Sabahınız xeyir. Hə, uşaqlar işə gedəndən sonra yata bilmədim nəsə. Yağan qara baxmaq maraq gəldi mənə. Deyirəm, oktyabrın yeddisi hara, qar hara...

Daha demədim ki, mən bu qarı hansı rəngdə görürəm.

– Yox, siz səhv eləyirsiz. Bizim qədim inanclarda belə göstərilir ki, əgər Moskvada məhz oktaybrın yeddisində lap bircə zərrə də qar dənəciyi göydən ensə, deməli, düz beş həftədən sonra qar dizdən olacaq, həm də qış çox sərt keçəcək...

– Hə, maraqlıdı, bax, bunu bilmirdim...

O, gülümsündü. Uzunbacaqlının savadlı danışması xoşuma gəldi. Maraq mənə güc gəldi, üzümə üz tutub soruşdum:

– Bağışlayın, siz harda işləyirsiz?

– Heç yanda... Sifarişlə evlərə gedib tibbi xidmət göstərirəm. Həm tibb bacısıyam, həm də masajçı.

– Hə... Çox yaxşı.

Bir qədər susduq. O, paltarları sərməkdə davam edirdi. Hər dəfə də pəncələri üstə qalxaraq ipə sərdiyi paltarlara sancaq vuranda əynindəki qısa xalatı bir az da yuxarı qalxır, uzun bacaqlarının çılpaq və kök yerləri görünürdü. Deyəsən, qəfil baxışlarımı onun baldırlarına zillədiyimi hiss etdi, elə bil yatmışdım, ayıldım, utanan kimi oldum və bəlalı gözlərimi yayındırıb aşağı dikdim. Bədənimdən bir gizilti keçdi. "Bu nə oyundu əə, düşdüm..." Siqaretimə sonuncu qullabı vurub sürahıdakı külqabıya basdım.

– Bağışlayın adınız, atanızın adı nədi?

– Bulud Məbudoviç.

– Mən də Veronika Naqdaliyevnayam...

"Naqdaliyevna... Andır nə qəşəng səslənir. Qəribədi, bəlkə dədəsi bizimkilərdən olub bunun? Görəsən, doğrudan Nağdəliyevna dedi bu? Vallah, soruşacam."

Əvvəlcə tanışlığımıza görə:

– Çox xoş oldu – dedim – sonra da əzilə-büzülə soruşdum – bağışlayın, atanız azərbaycanlı olub deyəsən.

– Hə...

Nəsə çox soyuq cavab verdi, başqa heç nə demədi və mən yersiz sualıma görə üzr istədim. O, gülümsünməyə çalışdı:

– Boş şeydi – dedi.

Söhbətimiz beləcə qapandı. Veronika paltarları sərib evə girdi. Mən heç olmayan kimi bir dənə də siqaret yandırdım. Qar dayanmışdı. Görünən nə varsa, hamısı – səki, həyətdə dayanmış avtomobillər, kürən gövdəli, uca boylu ağacların çılpaq budaqları bu dünyada təkcə mənim üçün nərgiz gülü rəngində yağan qara bələnmişdi. Amma havadan nərgiz qoxusu deyil, nədənsə içimə kövrəklik gətirən anşıra bilmədiyim ayrı bir ətir gəlirdi...

– Bulud Məbudoviç, bağışlayın, siz şahmat oynaya bilirsiz?– Bu, o idi. Eyvanın açıla qalmış qapısı ağzında dayanaraq, artıq qalmış paltar sancaqlarını divardakı mıxçadan asılmış halqavari ipə düzürdü.

–Şahmatdan ötrü ölmürəm bəs? – Sanki gözlərimə işıq gəldi. Sanki gördüyüm bütün tünd rəngli nə varsa avazıyaraq işığa bələndi.

– Amma mən oynaya bilmirəm... Oynaya bilmirəm sadəcə, kütəm – deyə o gülümsündü.

Bilmədim nə deyim. Tutulub qaldım. Qardaşımın sözü yadıma düşdü: "maygülü!.." Doğrudan da, görəsən, maygülülük edirəm? Yoxsa, bu, adi bir söhbətdi? Bəlkə, bu, bir şahmat gedişidi elə, hə? Axı bu axmaq başıma niyə ayrı şeylər gəlir?

Özümü toparlayıb:

– Hayıf ki, bir-iki günə gedirəm – dedim – yoxsa sizi əməlli-başlı öyrədərdim, özü də böyük məmnuniyyətlə.

– Neynək, qismət belədi. – O, çiyinlərini çəkərək əllərini yana açdı. Sonuncu sancağı ipə keçirəndə birdən-birə duruxdu və üzümə diqqətlə baxaraq – Siz cecə arağı içirsiz? – deyə bir qədər alçaqdan soruşdu, sanki kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi ətrafa boylandı.

"Hə... Qəribi burda ağlamaq tutur eey..." İndi buna nə deyim, şahmat barədə verdiyi sualda olduğu kimi məni üstələyəcəyini ağlımdan keçirərək:

– Yox – dedim – nəinki cecə arağı, umumiyyətlə, yerli-dibli içən deyiləm, içə bilmirəm çünki. Sadəcə, bacarmıram, kütəm...

Ani olaraq dediyim bu zarafatqarışıq yalana görə, bir xəcalət istisi də vurdu məni və deyəsən o bunu hiss elədi. Qəfil bərkdən güldü. Elə güldü ki, elə bil, bu nərgizli sabahın qucağına hardasa bir pəncərə şüşəsi çiliklənib töküldü... Ardıyca da hər iki əlinin şəhadət barmağını yuxarı qaldıraraq:

– Xoşum gəldi! Hesab 1:1 oldu! Əla! – dedi.

Gülümsündüm, içimi yeyə-yeyə üzümə saxta bir təbəssüm taxdım. Açılan səhərin nəfəsindən, məncə indi gül qoxusu gəlməyə başlayırdı. Amma deyəsən, bu qoxu saxta deyildi artıq...

Heç beş dəqiqə keçmədi ki, qapının zəngi çalındı, gözlükdən baxanda onun gülümsər üzünü gördüm, bir əlində şahmat taxtası, birində isə ağzına kağız tıxac keçirilmiş litrlik içki şüşəsi vardı...

"Umud, qağa, mən heç də maygülü deyiləm!.."

* * *

...Axşamüstü yerimdən qalxanda çılın-çılpaq idim. Canımda bir istilik vardı. İçimi quru buxar kimi yandıran, öyrəşmədiyim qəribə bir istilik sarmışdı məni. Veronikanın dırnaqlarının yeri kürəyimdə, yanbızlarımda sızım-sızım sızlasa da, hələ nə baş verdiyini anlaya bilmirdim, it balası məni didik-didik eləmişdi... Amma mən bunu hələ bir xeyli sonra biləcəm. Hələliksə, nə baş verdiyi heç ağlıma da gəlmirdi, yatsam yuxuma da girməzdi.

Saata baxdım, "İlahi, biabır olacam!" deyə yerimin içindən dik atılıb geyindim. Masanın üstündəkiləri tezbazar yığışdırıb mətbəxə apardım, yuyub-yaxalayıb yerinə yığmağa başladım. Başım ağrımırdı, amma heç nə düşünə bilmirdim: elə bil beynim yağmalanmış, talan edilib viran qoyulmuş boş bir karvansaraydı və bu karvansarayda böyük darvazalar vardı, taybatay açıq qalmışdı bu darvazalar, canımda can adda heç nə yoxuydu, hər şey sovrulub getmişdi, əvəzində sərin bir meh əsirdi, sanki göy üzündən içimə mübhəm bir nəfəslik açılmışdı, o sərin meh içimə də dolurdu, içimi quru buxar kimi yandıran o qəribə istiliyi həmin nəfəslikdən qovub aparırdı və yavaş-yavaş üşüdürdü məni... Eləcə heç nəyin dərininə vara bilmirdim, su üzündə quş lələyi kimi bir ovqat içindəydim.

Mətbəxdən otağa qayıtdım, özümü yamanlamağı da bacarmırdım, bilmirdim neyləyim, elə bil düşünmək hissimi itirmişdim, etdiklərimi sanki kənardan kiminsə diqtəsiylə edirdim, yatacağı yığışdırdım, gözüm masanın üstündəki şahmat taxtasına sataşdı, baxıb-baxıb neyləyəcəyimi bilmədim, fiqurları qutunun içinə yığdım, ağzını bağlayıb bir xeyli bu balaca otağın içində, köhnə dairəvi döşənəcəyin tən ortasında heykəl kimi durdum, sonra sürətlə mənzilin qapısını açaraq Veronikanın qapısının zəngini çaldım. Çox çəkmədi ki, o, qapıda göründü, yuxulu gözünün birini qıyaraq üzümə baxdı, altdan-altdan, bir qədər də sirli-sirli gülümsünərək:

– Bulud Məbudoviç – dedi – sən əməlli-başlı ayılmısan, ya yox?

– Noolub ki?

– Heç nə... heç nə... Hər şey yaxşıdı.

Şahmat taxtasını əlimdən aldı:

– Buyur içəri.

– Yox... İndi uşaqlar gələsidi, həm də işlərim var. Sağ ol.

Qayıdıb evə girmək istəyirdim ki, onun kal səsi məni qapının arasında haxladı:

– Bulud Məbudoviç, bağışla, bir söz soruşacam: sizin dilinizdə "şafiş" nə deməkdi?

– Nə olub ki? – deyə key-key soruşdum.

Uzunbacaqlı o yan-bu yana baxıb astadan dedi:

– Bu gün biz o qələti eləyəndə... – deyə o, ar-qır etmədən üzümə qarşı sırtıqcasına irişdi – hə, o qələti eləyəndə, o qədər bu sözü qulağıma pıçıldamısan ki, hələ də başımın içi cingildəyir...

Duruxdum. Əvvəlcə anlamadım. Sonra sanki hər şey bircə anda mənə aydın oldu: mən onunla yataqda olmuşam, hə, hə... yatmışam onunla! İlahi, bu zaman özümü unudub Şəfişi səsləmişəm, görünür, keçmişlərdə olduğu kimi, o məhrəm məqamda onun adını pıçıldamışam ehtirasdan... Rəzilliyə bir bax!.. Tfu!!!

– Hə, doğrudan da o "şafiş... şafiş..." deyilən şey nəydi ki, axı sən onu bu qədər yanğıyla, az qala hıçqıra-hıçqıra, hönkürə-hönkürə pıçıldayırdın qulağıma? Hə? Maraqlıdı...

– Bilmirəm! – dedim.

Özümü içəri təpib qapını bağladım. Divana necə çatdığımı bilmədim, sərələnib uşaq kimi yastığı qucaqladım, uzun müddət titrədim, titrədim və... özümü saxlaya bilməyib, göz yaşımı yaz yağışı kimi tökdüm. Özümü çox naqolay hiss edirdim; mən öz sevgimə, ailəmə, dünyasını dəyişmiş baş yoldaşımın ruhuna xəyanət etmişdim! İndi mənim bir adım vardı: əclaf! Görəsən, bütün ömrüm boyu eləmədiyim bir qələtə birdən-birə necə oldu ki, qol qoydum, ilahi!.. Mənim halım oğraşlıq eləmiş kişi durumundansa, zorlanmış qız durumuna oxşayırdı... Hə, hə... elə bil, yeniyetmə bir qız uşağıydım, öz dəngüşlüyüm, başıboşluğum, quşbeyinliyim, maymaqlığım ucbatından tutub zorlamışdılar məni, özümü o cür hiss eləyirdim! İki stəkan cecə arağına mənliyini, kişiliyini satan mənim kimi görməmiş bir eşşəyin, saqqızını bir gülüşə əldən verən bir yekəbaşın nəfsinə zibil olsun! – bağırmaq istəyirdim bu an, bundan savayı deməyə başqa söz tapa bilmirdim, amma səsim çıxmırdı, bu rəzil vəziyyətdə mənim kimi zır boyda bir kişinin ağlamaqdan başqa əlindən heç nə gəlmirdi... Sonrası da lap, çığırıb-bağırsaydım belə, kim eşidəcəkdi ki? Ya bəlkə, nəsə dəyişəcəkdi guya?

Uşaqlarım duyuq düşərsə, bu məsələyə necə baxacaqlarını düşünəndə, elə bildim, uzun zaman başımın içinin gizildəməsiylə ürəyimin eyni zamanda sancmasından saçlarım ağarır artıq... Sonra, öz-özümə fikirləşdim ki, görəsən Umud xəbər tutsaydı nə deyərdi? Ətim ürpəşdi, vallah!.. Yenə "maygülü"nü guplayardı alnımın ortasına, yoxsa, gülüb: "Əə, noolsun? – deyərdi – kişi dəyilsən? Bədbaxt oğlu bədbaxt, "a. havayı, dam havayı", kef eləmisən dəə özünçün... bir ərsiz arvadı xoşbaxt eləmisən daa bə! Gözünəgirmişinin əti – ətinə xeyir olub, suyu da – canına... nöş peşmansan axı?.." Hə, hə... yəqin ki, elə beləcə də deyərdi və əlini əlinə vurub şaqqıldayıb gülərdi doyunca, sonra da, qəfildən üzünü ciddiləşdirib, dişlərini bir-birinə qəzəblə sıxaraq, çənəsini hirslə sağa-sola yelləyib, zurnaçılar kimi ovurdlarını şişirdib peşmançılıq içində təndir kimi alışıb yanan sifətimə bir lomba tüpürərdi! "Nəslimizdə heç vaxt oğraş adam olmayıb, sən südüçürük kimə çəkdin axı?!" – deyərdi.

Allah o günündən saxlasın! Həmin günü asardım özümü, vallah!

Neyləyəcəyimi bilmirdim, yenə gözümün gördüyü nə varsa, tünd çalarlara bürünmüşdü, vəziyyətim heç yaxşı deyildi.

İçki şüşəsini zibil qabına qoyub aparıb atdım həyətdəki çirkab qutusuna, uşaqların duyuq düşməməsi üçün evdə səliqə-sahman yaratdım. Ağzımdan araq qoxusu gəlməsin deyə, bir diş sarımsağı əzişdirib uddum, dalıyca da quru çay çeynədim. Cecə arağının və siqaretin iyi-bıyı otaqların havasını dözülməz etmişdi. Pəncərələri iki tərəfdən də açdım, tezliklə otaqlarda oynayan soyuq meh narahatlığıma əncam çəkdi. Duş qəbul elədim. Amma görünür, içimin pozulmuş dəngəsini hələ uzun zaman, bəlkə də ölənəcən yoluna qoya bilməyəcəkdim...

... qaçmaqdan təngnəfəs olmuşdum. bədənimin hər tərəfindən tər şoruldayırdı. atlı qarışqanın yaralı cəsədi yerdəydi. indicə canını tapşırasıydı. uzun bacaqları qırılmışdı, titrəyirdi. öküz məni vurmaqdansa, onu vurmuşdu. deyəsən yanıldığını anlamışdı. böyürə-böyürə arxamca yorturdu, mənsə qarışqanın başına fırlanırdım. öküzün ayaqlarının səsini bir addımlığımda eşidirdim. nəfəsi kürəyimi yalayırdı. elə bil, dırnaqlarıyla hansısa nazik dəmir təbəqə üzərində bir ritm tutmuşdu: mənim ayağımın səsi, eyni ahəng içində onun ağır, sərt dırnaqlarının səsinə qarışmışdı, eləcə də, boynumun ardını yalayan fınxırtılı-böyürtülü nəfəsiylə, mənim az qala kürəyimin arasından çıxan, od saçan yanğılı nəfəsim bir-birinə dolaşaraq o ritmin içində səngimək bilməyən əcaib bir musiqiyə dönüşmüşdü...

Qəfildən musiqi kəsildi. Gözümü uşaqların səsinə açdım. Öncə hamamda üzünü qırxan Sarvan qapını aralayıb Şirvana gileyləndi:

– Qoy oxusun da, niyə söndürdün, qaqa? O xitdən ötrü ölürəm. Sənə mane olur? Dindarlara qoşulandan bəri lap zayın çıxıb haa... Qorxuram axırda sən də mini-şalvar geyib saqqalını uzadasan.

– Qaqa, söhbəti başqa yerə niyə döndərirsən? Bəs görmürsən kişi yatıb?

– Yatmamışam. Xoşu gəlirsə, oxut qoy qulaq assın – dedim və uzandığım yerdəcə əlimi uzatdım, siyirmədən Bulqakovun saralmış kitabını götürüb boş yerə vərəqləməyə başladım. Niyə belə etdiyimi özüm də bilmədim.

Şirvan yenidən televizoru yandırdı. O ritmik musiqini hansısa bir rok qrupu şıdırğı ifa edirdi. Qəribədi... bu, həmin musiqiydi – yuxumu bürümüş ritmin içində məni də, öküzü də odlu-odlu töyşüdən həmin o sirli musiqi.

Mən bilmirəm, axır vaxtlar yuxumdakılarımı çəkib aşkara gətirirdim, yoxsa aşkarımdakılarımı dartıb yuxularıma aparırdım? Arada qalan bircə o uzun bacaqları qırılmış atlı qarışqaydı ki, ondan da heç cürə baş aça bilmirdim... Bir də mən idim, mən anasıölmüş, mən yığvalsız...

* * *

– Almaniyaya gedəsi olmayacağıq. Təqdimat mərasimi Moskvada keçiriləcək. – deyə Sarvan otağına keçərəkdə üzümə baxmadan dodaqaltı söylədi.

Onu geri çağırıb üzbəüzümdə otuzdurdum, vəziyyəti ata-balalıqda dərindən, bütün ciddiyyətiylə götür-qoy etməyə başladıq. O, məni fondun nizamnaməsinin pulun təm-təraqsız verilməsinə aid olan bəndləriylə şifahi tanış etdi. Dönə-dönə tapşırdı ki, bu xəstəliyə görə pulun verilməsi dilə-dişə düşməli deyil, kifayət qədər gizli qalmalıdı. Bu, xanım Tokomotonun vəsiyyətidi. Nizamnaməyə əsaslanan komissiya üzvləri də məsələnin bu tərəfiylə bağlı, çox ciddi olmasa da (bu, mümkün deyil axı...) yazılı iltizam veriblər. Bundan imkan daxilində heç kimə – nə mətbuat, nə də başqa informasiya qurumlarına açıqlama verilməməlidi. Biz də, rəmzi də olsa, iltizam verməliyik. Elə ona görə də, ilk dəfə yanına gedəndə, Bürhan həkim səndən bu xəstəliyin gizli saxlanmasıyla bağlı xahiş edibmiş.

Sonra Sarvan mənə pulla necə davranmaq lazım gəldiyi barədə düşündüklərini söylədi. Qurban olum balama, çox ağıllı baladı! Mənə başa saldı ki, pulu Almaniyanın Döyçebankından heç yana köçürmək lazım deyil. Başqa yerdə onu əlli cür yolla fırladıb əlindən alar, yeyib üstündən də su içərlər, özünü də şərləyib damlayarlar. Pulu elə orada saxlamaq, amma depozitə qoymaq lazımdı ki, hər ay faizini alıb arxayınca hərəkət edəsən. Onun aylıq faiziylə nəinki Bakıda, Moskvada, dünyanın hər yerində iş qurub dolanmaq, kiçik bizneslə fırlanmaq olar. Pulun da dəf kimi qoy dursun özüyçün dünyanın ən etibarlı banklarından birində, məxfiliyinə də söz ola bilməz. Ortada qalan bircə Bürhan həkimdi ki, onu da yaxşıca "görsək", problemimiz qalmayacaq, yəni sirrimizi bilən olmayacaq. Geri qayıdandasa, əmimgilə deyərik ki, iş alınmadı... Hə? Necə bilirsən? Düzdü, bu xəbəri əmimə elə mən özüm vermişəm. Tələskənlik etmişəm, düzü. Əmimdən arxayınam eey, amma evdə deyibsə, artıq işlərin zibili çıxıb demək. Əmidostumun çənəsində söz duran deyil. Yaxşısı budur, alınmadı deyək, sonrasına baxarıq.

Bədbəxt gözlərimi döyə-döyə qalmışdım. Bilmirdim Sarvanın tutarlı sözləri qarşısında nə deyim. Amma ürəyimdə Umud sarıdan bir nigarançılıq da vardı. Mən axı onu necə aldada bilərdim? Gec-tez biləcəkdi onsuz da. Bir də, cidanı çuvalda nə vaxta qədər gizlətmək olacaq axı?.. Bilsə, üzümə tüpürməzmi bəs? Onsuz da, gedən kimi qolumdan yapışıb, məni quzu balası kimi mələdə-mələdə Giləmərziyə – Güllü qarının hüzuruna aparacaq...

Həmin gecə ilan vuran yatdı, mən yatmadım. Səhərə qədər aranı dağa, dağı arana daşıdım, yerimdə qurcuxa-qurcuxa qaldım.

Bircə onu bilirdim ki, mənim bu xəstəliyim insanlıq dışı bir xəstəlikdi.

Mənim cavan vaxtı sevgim də eləydi – Şəfiqə yazıq həmişə deyirdi ki, sənin adamı sevməyin, vallah, insanlıqda görünməmiş bir şeydi.

Varlanmağım da elə o cür bir hadisədi, sözsüz.

Yəqin ölümüm də elə olacaq – insanlıq dışı bir ölüm...

* * *

...Pilləkənlə qalxdıq. Zalın girişində, qapının sağında və solunda tünd eynəkli, iyirmi beş-otuz yaşlarında, bədən quruluşundan idmançıya oxşayan, demək olar ki, bir-birindən seçilməyən iki nəfər katletdodaq zənci dayanmışdı. Onların rənglərini ayırd edə bilmirdim, üzləri çox tünd idi – qulaqqurdalayan çöpün ucundakı pambığa xəstə qulaqdan çıxan tünd çirk rəngdəydilər. Özləri də bizi görcək farağat durdular. Deyəsən, fond işçilərinin cangüdənləriydi. Kostyumları açıq rəngdəydi. Təbii ki, gerçəkdə nə rəngdə olduğuğnu ayırd edə bilmirdim, amma balqabağı qabığının rənginə çalırdı əynindəkilər. Çox səliqəli geyinmişdilər. O qədər səliqəli geyinmişdilər ki, şalvarlarının ütüsüylə lap xiyar doğramaq olardı.

Bura zaldan çox kabinetə oxşayırdı. Ortada səliqəli, çox da böyük olmayan dairəvi bir masa vardı. Üstünə gül dəstələri, boş vərəqlər, qələmlər, içmək üçün su və sadə, uzunsov qədəhlər qoyulmuşdu. Gözucu saydım və gördüm ki, cəmi səkkiz yerlik bir masadı. Burada hər şey zəfəran suyunda üzürdü sanki.

Açığı, mən indi Qurbanolduğumu başımın üstündə görüb boynuma almalıyam ki, bu şeylərə hazır deyildim və özümə qalmış olsaydı, təpəmə güllə də çaxsaydılar, belə işlərə qol qoymazdım. Axı mən hara, bu cür həlləm-qəlləm işlər hara? Ortada inadcıl uşaqlarım vardı və bu haqda düşünməyin vaxtı deyildi artıq, iş-işdən keçmişdi. Burada, bu kiçik çevrədə mənə indi bank sənədləri təqdim olunmalı, güman ki, ütülü çıxışlar edilməliydi. Əvəzində mən yetim, canımı dişimə tutub, təşəkkür nitqi söyləməliydim.

Amma bir neçə dəqiqədən sonra zala daxil olan fond işçilərinin sakit, təmkinli üzlərinə baxdıqda yanıldığımı anladım. Deyəsən, Allahdan olan kimi, heç bir çıxış-filan olmayacaqdı, bunu içimlə duydum. Mən və uşaqlarım – hər üçümüz şıq geyinmişdik, hər üçümüzün boynunda bantlı qalstuk vardı. Dərd ondaydı ki, cavanlar özünü dambataraq tutsalar da, mən lovğalana bilmirdim, elə həmişə olduğu kimi, qırışığım açılmırdı, özümü şux tutmağa deyil, üzgün göstərməyə meyilliydim.

Yanıma Barbi kuklasına oxşayan bir qız yaxınlaşdı, yumurtadan təzəcə çıxmış cücə rəngdəydi, rus dilində məni salamlayaraq, tərcüməçim olduğunu bildirdi və indi burada olacaq söhbətlərin hamısını mənə çatdıracağını, həm də tərəfimdən deyilənləri fondun əməkdaşlarına tərcümə edəcəyini söylədi, bir gözüylə də yanımdakı iki yaraşıqlı gənci süzərək gülümsündü.

Amma düşündüyümün əksinə, çıxışlar olacaqmış sən demə. Birinci çıxış edən fondun yapon təmsilçisi çox az danışdı, tərcüməçi qızın dediyinə görə, mənə bu pulları insanlıq naminə, xoş güzəran naminə sağ-salamat xərcləməyi arzuladı, xanım Tokomotonun vəsiyyətinə əməl etməyi tövsiyə etdi. Sonra alman təmsilçisi də danışdı, o da təxminən eyni sözləri, fikirləri təkrarladı. Onun ardıyca milliyyətini bilmədiyim bir nəfər iştirakçl da fikirlərini bildirdi, o bir az uzun danışdı, zalım oğlu elə bil it başı yemişdi, çərənləyirdi, tərcüməçi güclə çatdırırdı dediklərini. O, mənə nizmnamədən irəli gələn öhdəliklərimi xırdalayırdı. Nə isə, axır ki, o da bitirdi çıxışını, bir daha bu fondun dünyada analoqu olmadığını, çox unikal olduğunu bildirdi, mənə uğurlar dilədi.

Qəfildən sözü mənə verdilər, boğazım qurudu, elə bil, buradakı insanların üzünə baxmağa cürətim çatmırdı. Ayaq üstə quruyub qalmışdım. Gözümü bağlı pəncərəyə, üstündə gülxətmi rəsmi olan tül pərdəyə dikmişdim. Rus təmsilçi:

– Bulud Məbudoviç, buyurun – dedi – lütfən bir neçə kəlmə... protokol xatirinə...

Vallah, dünyada möcüzəyə inanmayan kafirdi, məncə. Elə bil, mənə vəhy gəldi, gözümü pəncərə pərdəsindən ayırmadan:

– Hamınıza təşəkkür edirəm! – dedim – Xanım Tokomoto Uatanabenin goru nurla dolsun, ruhu önündə baş əyirəm. Bldiyiniz kimi mən dünyanın nadir xəstələrindənəm. Bütün insanlar kimi, əlbəttə, mən də hər şeyi öz rəngində görmək istərdim. Amma bu da bir qismətdi. Hər şeyi eyni rəngdə görürəm, deməli belə çıxır ki, dünyada mənim gözlərim üçün fərqli heç nə yoxdu. Dünyada hər şeyi, hər şeyi eyni gördüyü üçün, heç nəyə fərq qoymadığı üçün, deməli, siyasətçilər demiş, gözlərim demokratdı...

Mən bunları deyəndə, ilk baxışdan ciddi görünən bu adamlar bir-birinin üzünə baxıb qımışdılar.

Bu vaxt Sarvan ayağıyla ayağıma toxundu ki, yəni "bəsdi daha, dərin getmə".

Sonra davam edərək bir daha fond işçilərinə təşəkkür etdim.

Cəmi bir saata yaxın çəkən məclisimiz axır ki, sona yetdi. Sənədləri qovluqda mənə təqdim etdilər, bir-bir əlimi sıxaraq təbriklər söylədilər.

Bəli, mən – koıxozçu, tərəkəmə, ovçu, şələbığ Məbud kişinin oğlu, beləcə rəsmi milyonçu oldum, amma hələ o hiss məndə yoxuydu, hələ qoltuqlarımın altının qarpızlandığını duymurdum, lovğalana bilmirdim, yəni doğrudan da, borçalıların sözü olmasın, hiss eləmirdim ki, "qırraneyram", ya yox...

Sonra binanın üst qatlarından birindəki restoranda kiçik bir ziyafət məclisinə yığışdıq. Sarvan tost söyləmək üçün ayağa qalxaraq qonaqlara ailəmizin təşəkkürünü bildirdi, inşallah, ilk səfərimizi mütləq Yaponiyaya edəcəyimizi, tezliklə xanım Tokomoto Uatanabenin məzarını ziyarətə gedəcəyimizi söylədi. Bu, məclisdəkilərin çox xoşuna gəldi. Mən, əlimdə sapsarı salxımdan qopardığım bir zingirəy üzüm, oturduğum yerdəcə donub qalmışdım, oğlumun çıxışına heyran kəsilmişdim.

İçimdə isə, hələ də aranı dağa daşıyırdım, dağı arana. Baş verənləri heç cürə yozub bir yana çıxa bilmirdim.

Burada da üstündə gülxətmi çiçəklərinin rəsmi olan tül pərdəni qızdırıcının üfürdüyü ilıq hava titrətdirdi. İçdiyim bir badə şərabın təsirindən elə bilirdim içimdədi bu tərpəniş, eləcə içim də sapsarı çiçəkləmişdi. Barbi kuklasına oxşayan tərcüməçi qızın bir gözü məndə qalmışdı, amma hərdən əyilib Sarvanın qulağına nəsə deyir, astadan gülüşürdülər... Qəfildən çərdəymiş Veronikayla bir neçə gün öncə etdiyim biabırçılıq düşdü yadıma, ardıyca da Səfiş gəlib durdu gözümün qabağında, birdən-birə içimdə "hardasan?" hayqırdım, amma deyəsən, bərkdən çağırmışdım onu, hamı mənə baxırdı, mənsə əlimdə sapsarı salxımdan qopardığım bir zingirəy üzüm, oturduğum yerdəcə səssiz-səssiz hönkürürdüm... Ürəyimdə Şəfişlə danışırdım deyəsən: "Şəfiş, sənin gorun haqqı, pullarımı gərəyli yerlərə xərcləyəcəm, qohum-əqrabada ölənlərimizin də hamısının qəbrini qara mərmərdən düzəltdirəcəm. Bacılığın, qonşumuz Məsməxanımın aman-zaman bircə oğlunu – Aqşini yaxşıca pul basıb Murovdan gətizdirəcəm Bakı hissələrindən birinə, yetim uşaqdı, iraq, gülləyə tuş gələr, qoy gəlib şəhərdə qulluq eləsin... Sonra qoduqları evləndirəcəm, hərəsinə halal süd əmmiş bir qız, şəhərin ən yaxşı yerindən də dəm-dəsgahlı bir mənzil alacam. Hər şey ürəyin istəyən kimi olacaq, arxayın ol... Amma sən insafsızsan, insafsız... Məni yalqız qoydun. Bu pulu vurub əlimdən almasalar yaxşıdı sənsiz..." Yenə ağlayırdım... Çiynimə toxunan əldən diksinən kimi oldum. Yapon idi. Gülümsünürdü. Barbi kuklasına oxşayan qız da yanında, bir tərəfdə də uşaqlarım. O, qısa olaraq ingiliscə bir neçə söz dedi. Qız dərhal çevirdi:

– Bilirəm, bu göz yaşları sevincdən doğur. Xoş hisslərdi. Bir daha təbrik edirəm. Bizimlə əlaqə saxlamağı unutmayın.

Başımı qaldırıb məclisdəkilərin artıq getmək üzrə olduqlarını gördüm. Mən gözümün yaşını silə-silə, bir-bir hamısıyla görüşüb təşəkkürümü bildirdim.

Pilləkəni enəndə katletdodaq zəncilər hələ də ordaydılar, qapının ağzında farağat durmuşdular.

Mənsə, elə bil uçurdum, ayaqlarım yerə dəymirdi.

Lap göyərçin yüngüllüyündəydim.

Hər qanadımdan bir oğlum tutmuşdu...

dərdin sarı çəpkəni

mən heç vədə içimlə dışımın, dünənimlə bu günümün sınırında qurulmuş dar ağaclarından asılanlara ağlamadım – düşündüm: onsuz da olacaqların çarəsi mən deyiləm...

üçüncü hissə

... Deyəsən, həyat qurbanlıq quzunun gözü önündə bıçağını bülov daşına çəkib itiləyən qəddar bir qəssaba dönür yavaş-yavaş. Gözüm baxa-baxa, diri-diri sonuma götürür məni...

* * *

Tezliklə mən bu boyda pulun əlində giriftar olacağımı başa düşdüm, uşaqlarla açıq-aydın danışıb, məsləhətləşib, bu işin mənlik olmadığını bildirdim. Hüquqi yolunu dəqiqləşdirib hesabımdakı pulun idarəçilik işlərini Sarvana etibar edərək notarial qaydada təsdiq etdirdim. Sözsüz ki, bu işi Şirvanın razılığı ilə gördüm. Qorxdum ki, qardaş da olsalar, aralarında narazılıq düşə bilər, çünki pul kopoyoğlu şeydi, özü də, bir halda ki, söhbət milyonlardan gedir!

Onlara xeyir-dua verdim, öpüşüb-qucaqlaşıb ayrıldım, təyyarəyə bilet alıb üz tutdum Vətənə. Bakıda bir-iki gün qalıb getdim Umudgilə. Uşaqlar cibimə yaxşıca pul da qoymuşdular, bir az da şirniyyat-zad gətirmişdim Moskvadan. Elə-eləcə hamısını götürüb dəbərdim canımın qibləsi dədə yurda – Harayçılar kəndinə.

Burada Giləmərziylə əlaqə saxlayıb, Güllü qarının naxoş olduğunu öyrəndim. Sən demə o, sağalarsa, bəs, birinci mənim dərdimlə əlləşəcəyini Əlövsətə bildirib.

Artıq iki aya yaxın idi kəndimizdə qalıb burdan heç yana getmək istəmirdim, gətirdiyim pulu lazım gəldi-gəlmədi sağa-sola səpələyirdim. Gündüzlər Umud işdə olurdu, mən də qohum-əqrabayla görüşüb, söhbətləşib gün keçirirdim. Gecələr uşaqlarla zəngləşib uzun-uzadı söhbət edirdik. Amma axır günlər Sarvan mənə Şirvanla bağlı canımı üzən xəbərlər verirdi. Şübhələndiyimiz kimi, onun həqiqətən də, hansısa dindarların təsirinə düşdüyünü deyir, saqqalını uzatdığını, şalvarının ətəklərini gödəltdiyini söyləyirdi. Tüstüm təpəmdən çıxırdı, vallah. Telefonda bu barədə nə qədər onu danlasam da, "Şirvan, canım, axı sən ali təhsilli bir oğlan, özü də müəllim oğlusan, sənə elə geriqalmış adamların təsirinə düşmək, onlarla oturub-durnaq nə yaraşar axı, dünya üzü Avropaya gedir, sənsə qan çanağı, gələcəyi qaranlıq olan ərəbistana çevirmisən yönünü. Yığış, bala, mən cəhənnəmə, özünə yazığın gəlsin..." desəm də, xeyiri yoxuydu, dediyində dirənib durur, az qala sözlərimi qaytarıb ağzıma təpirdi: "Siz hamınız cahilsiz! Allah sübhan-təala sizə rəhm eləsin, ata!.." deyirdi, qolumu, qanadımı "baltalayıb" yanıma salırdı eləcə. Elə o da qardaşı barədə ağlasığmaz şeylər danışırdı. Sarvanın bir rumın qızına uyduğunu, onun təhrikiylə müxtəlif qumar oyunlarına girişdiyini, əvvəl udsa da, axır vaxtlar çoxlu pullar uduzduğunu, əlində olub-qalanına isə, Santa-Kruz adasında gizlicə əmlak almağa hazırlaşdığını, beləliklə pulun "mitilinə vurduğunu" bildirirdi.

Amma mən buna inanmırdım. Eşitdiklərimin gerçək olub-olmamasını Sarvandan soruşanda, ciddi-cəhdlə: "Yalandı, ata, inanma! Sənin bu başdanxarab, dindən xəbərsiz "dindar" oğlun öz zibilini ört-basdır eləməkçün mənə qara yaxır!" deyirdi.

Nədənsə Şirvanın deyil, Sarvanın dediklərinə daha çox inanırdım.

Günlər beləcə ötüşür, hələ pul barədə, Moskvada baş verənlər haqda canımı dişimə tutub Umudgilə bir söz demirdim. Allah var adamın başı üstə, heç Umudgil də dərindən bir şey soruşmurdular. Bir gün axşam işdən gələn Umud avtomobilindən düşər-düşməz mənə sarı səslənib, Əlövsəti gördüyünü söylədi. Dədə əvəzi qağam onu bildirdi ki, yubanmaq olmaz, Güllü qarı artıq sağalıb, dönə-dönə deyib ki, təcili çatdırmalısan özünü Giləmərziyə. Bir də onu əlavə elədi ki, Gülllü qarı eləb-belə loğman deyil haa, onun ayağı biləni sənin Moskvadakı professorlarının başı yüz il də bundan sonra bilə bilməz. Çünki onunku Allah vergisidi. Getmək lazımdı, özü də elə günü sabah, sübh tezdən.

Gecə yerimin içində fikirləşirdim ki, görəsən, doğrudan gözlərimin çarəsi tapılacaq, ya yox? Bax buna inana bilmirdim. Bir yandan da uşaqların bir-biri haqda çuğulladıqları üzürdü məni. Bu üzdən ruhumun aramgahı saydığım dədə ocağımızda da, özümü çox rahatsız hiss edirdim.

Nə isə, gecəni səksəkə içində yatdım.

Ovçu dədəm demişkən: ala qancıq tayanın belindən enməmiş, yəni, hələ səhərin gözü açılmamış, Umudun yoğun səsi eyvanın o başından eşidildi, zalım elə bil qulağıma həcəmət qoyub bağırırdı:

– Bulud, qalx, vaxtdı...

Heç qalxmaq istəmirdim. Ürəyim istəsə də, ayağım getmirdi, vallah.

Payızın axırları olsa da, hava soyuq deyildi, dünyaya ilıq bir sabah açılmışdı. Çayımızı içib mənim maşınımda dinməz-söyləməz yola düzəldik. Şükür, Giləmərziyə gedən yollar pis deyildi. Çınqıl döşənmiş yolda avtomobilimi rahatlıqla idarə edirdim. Az keçməmiş Umudun kal səsi sükutu pozdu:

– Qabaqda yol xarabdı, uçqun olub, xeylağ piyada gedəcəyik...

Məşhur Keçiqıran dərəsinin sol tərəfində maşını yolun qırağına verib düşdük. Burada sahibsiz qoyulmuş bir neçə maşın da vardı. Görünür, kənd camaatının idi. Qapçaqlı dərənin bir böyrünü uçqun aparmışdı, dolanbac yolun bir hissəsi sürüşüb getmişdi. Uçuntu yerindən sızıntı sular süzülərək təzə düşmüş cığırı islatmışdı. İndi mən, adam izlərində, heyvan ləpirlərində sarıca suların badya-badya gölməçələndiyi bu cığırla, çılpaq gəndalaş və sumağ kollarının arasıyla palçığa bata-bata, tez-tez də ayaqqabılarımı kolların dibində adda-budda ilişib qalmış kəngərlərə, dəvədabanlarına silə-silə gedirdim. Ürəyimdə özümü söyürdüm ki, niyə gəldim axı Moskvadan? Oturmuşdum da, uşaqların yanında. Divana böyrü üstə yıxılıb günü axşam edirdim də özümçün. Nə belə matah düşmüşdü tez-tələsik qayıtmağım? Yaxşı, deyək ki, qayıtmışdım, nə vardı axı bu kənddə iki aya yaxın veyil-veyil hərlənib, səmə-səmə söhbətlər edirdim, xeyir ola? Orda da uşağımın biri, nə bilim, hansı təriqət-məriqət oyununa girdi, o biri qumara, qıza uydu, yanlarında olsaydım, belə olmazdı yəqin. Babal yuya bilmirəm, bəlkə elə böyük doğrudan da azıb yolunu, qurşanıb qıza, qumara, nə bilim... Amma yox eey, inana bilmirəm Sarvan yolunu aza və o pulları heç nədən korlaya. İnanmaram yüz il qala. Çünki ağıllı balamdı o mənim...

Budeey, indi dərd içimi yeyə-yeyə yetim quzu kimi düşmüşəm ağsaqqalımın dalıyca, palçığa bata-bata gedirəm, heç bilmirəm də başıma nə gələcək. Bəlkə elə Güllü qarı artıq olub-qalanını da xəstələnəndə itirib? Axı, onun hay-hayı gedib, vay-vayı qalıb. Bəlkə gözlərimi bir hala salacaq ki, bu günümü mələyə-mələyə axtaracam? Əlbəttə, istəyirdim ki, Güllü qarı gözlərimin əlacını tezliklə tapsın, məni bu bəladan qurtarsın. Bir yandan da dünya elminin bu xəstəlik önündə acizliyi barədə bildiklərim məni içəridən üzürdü. Bir də fikirləşirdim ki, ey dadi-bidad, bəs gözlərim belə tez sağalsa, verilən pulu tutub əlimdən almazlar yəni? Birdən, Sarvan, iraq olsun, pulu doğrudan da, alt vurub, üst çıxıbsa, bəs mən hardan qaytararam onu geriyə? Hə, düşünürdüm bu barədə, üzülürdüm həm də. Pul kopoyoğlu şeydi! Pul hələm-hələm adamı adam eləmir, amma cinayətkar eləyir, dəyyus eləyir, oğraş eləyir, sözsüz. Təbii ki, belələrinə də, camaatın çoxu hörmət eləyir, önündə baş endirir... Bəs onda nə xəbərdi? Tibb elmindən əlin üzülüb, onda türkəçarədən yapışmağın nəyi pisdi? Vallah, indi kənddə-kəsəkdə bilsələr ki, yaxşı pulum var, (əgər doğrudan da, varsa...) bilsələr ki, ölkədə beş kişidən biriyəm (əgər həqiqətən də belədisə...), bilirsən nə oyun durğuzarlar?

Bəlkə təklikdə Güllü qarıya yalvarım ki, gözümün birini sağaltsın, birini yox, hı? Alanda, cəhənnəmə, qoy pulun yarısını alsınlar əlimdən. (Yəqin, Sarvan nə qədər israfçılıq eləsə də, pulun yarısı qalmış olar.) Bəlkə bu barədə Əlövsətə xısınlayım, bir az da pul verim, heç kimə deməsin, amma nənəsini yola gətirsin ki, gözümün tək bircəciyini sağaltsın, hı?

Bu xoruzquyruğu fikirlərə özümün də gülməyim tuturdu.

– Bulud, gələ bilirsən?

– Gəlirəm, qağa...

Yadıma düşür ki, balacaydım. Kolxoz sədri Baləminin inəyi itmişdi. Bütün kənd tökülmüşdü inəyi axtarmağa. Böyüklü-kiçikli hamı axtarırdı. Sən demə həmin gün rəhmətlik Musa müəllim xəstəymiş, inəyi axtarmağa getməyib evdə qalıbmış. Pəncərədən baxıb görür ki, inəyi tapa bilməyən camaatın bir hissəsi, budur, meşə tərəfdən, bir qismi də qamışlıq, fısıllıq sarıdan təlaşla, tərin-qanın içində, dəstələmə, özləri də əlləri ətəklərindən uzun, kor-peşman gəlirlər. Musa müəllim baxıb, baxıb durduğu yerdə birdən əllərini göyə qaldırıb deyir: "Ay Allah, sənə yalvarıram, məni Baləminin inəyinə döndər!.." Arvadı Tamam xala eşidir, bıy, deyib, soruşanda ki, əşi, niyə elə deyirsən? Qayıdıb nə desə yaxşıdı? Deyir ki, camaatımız bəlkə kənddə məni də o inək kimi bir itirib-axtardı, bəlkə mənə də o inəkcən bir xətir-hörmət qoydu... Müəllim olmaqdan, kolxoz sədrinin inəyi olmaq yaxşıdı bu zamanada, arvad! Görürsən, camaat sədrin inəyindən ötrü nə həşirdədi? Bu camaatçün sədrin inəyi müəllimdən min pay yaxşıdı.

Arvad da ki, nə arvad! Çənəsində söz dururdu bəyəm? Maşallah, axşama artıq kəndin tən yarısı Musa müəllimin dilindən qopan zərb-məsəldən danışırdı: "Allah, məni Baləminin inəyinə döndər!.."

Yəqin mənim də qapımdan bircə cücəm itsə, nəinki bütün kənd, bütün rayon düşüb axtaracaq, belədə Musa müəllim kimisinin biri, beşi, onu, yüzü, mini... əllərini göylərə qaldırıb mənim cücəmə çevrilməyi Allahdan diləyəcək. Kopoyoğlu şeydi çünki bu pul deyilən zəhirmar!

– Daşlar mamırlıdı, sudan keçəndə ustufca keç, sürüşmə.

Qurban olum qağama! Mən onun gözündə hələ də uşağam, ay Allah!

– Nigaran olma...

Birtəhər yeriyirdim. Artıq sudan adlayıb dərəni ağzıyuxarı qalxırdıq. Çoxdandı dabanqırma gəzməyən adama qapçaqlı dərədə yerimək asan deyildi. Kürəyim islanmışdı, canımın buxar kimi qalxdığını duyurdum, nəfəsimin, bəlğəm dolu ciyərlərimin xırıltılısıyla ürəyimin döyüntüsü qulaqlarımda bir-birinə qarışaraq sanki bir ritmə dönmüşdü. Bilirdim ki, kəndin girəcəyinə lap az qalıb, gədiyi qalxan kimi evlər görünməlidi.

Yadıma gəlir ki, tələbə vaxtı, elə sonralar da, öz maşınımda Əlövsətlə bir-iki dəfə gəlmişdim bu kəndə. Kəndin ətrafları sucaqlıq idi. Çoxlu gölməçə vardı. Odur ki, camaat çoxlu qaz-ördək saxlayırdı. Elə indi də qazların, ördəklərin qaqıltısı eşidilirdi.

Gədikdən çıxanda, canıma gic bir üşütmə gəlmişdi. Titrədirdim. Hava soyuq da deyildi, amma bədənimdə sanki qarışqalar gəzirdi, üzümün tükü biz-biz olmuşdu. Gözüm qabağımca yeriyən Umudun boynuna sataşdı. Cantaraq, bər-bədənli qağamın boyun-boğazı tərin içindəydi. Lap utandım, büzüşən kimi oldum, az qala, ölüb yerə girdim. Ürəyimdə "Allah məni öldürsün!.." dedim, hamını girinc-giriftar etdiyimə görə xəcalət çəkdim.

Boynuma alıram, hərdən içimdən elə gic-gic fikirlər keçir ki, sonradan özümə də gülməli gəlir. İndi də elə oldu. Çamura batmış ayaqqabılarımıza, şalvarlarımızın balaqlarının zığına, palçığına gözüm sataşanda milyonçu olmağım düşdü yadıma və belə bir fikir məni içimdən buynuzlamağa başladı: axı mən bu boyda var-yatırın yiyəsi ola-ola niyə palçığa batmalıyam, niyə? Olmazdımı buraya bir helikopterlə gələydim?

Sonra da bir gic gülmək gəldi mənə, özümü güclə saxladım ki, Umud eşitməsin, yazıq qağam elə bilər day havalanmışam. Öz-özümə: "Yavaş elə, Məbudun oğlu, boğazında qalar!.." dedim. Çünki pulumun doğrudan da küləyə sovrulduğuna içimdə bir qırıq da olsa şübhəm varıydı, yoxsa o fikrin dalıyca içimdən bu sözlər keçməzdi heç vaxt. Dərdimi isə heç kimə – qorxumdan Umuda da deyə bilməzdim.

Göyün üzüylə böyük bir quş dəstəsi keçirdi: deyəsən, bəzgək dəstəsiydi. Hə, dəstəsinin qarma-qarışıqlığından, iti uçuşlarından, bir də hədsiz çox olmalarından bəzgək olduqları bilinirdi. İlin-ayın bu vaxtı bəzgəklərin uçuşunu çox görmüşdüm. Arana doğru uçurdular. Bir vaxtlar, biz balaca olanda, dədəm bəzgək ovlayıb gətirəndə, anam qaragünlüyünü qablayardı, öz-özünə deyinərdi: "yenə bəzgək gətirdi bu yığvalsız... bu quşun əti iylənir axı, yüz dəfə demişəm, xeyri yoxdu, zalımın oğlu bu quşdan ötrü tənbəllik də eləmir, burdan basa-basa arana at sürür, bir ucdan vurduğu elə bəzgəkdi haa, başqa heç zad..." Dədəm bir dəfə onun gileyini eşidib demişdi: "arvad, sən onun üstünə çoxlu ziriş tök, soğanını bol elə, gör yeyəndə barmaqlarını yalayırsan, yoxsa yox..." Anamınsa dodağının altında dediyi sözlər indiki kimi yadımdadı. Onun "dərdim-azarım qurtarmışdı elə, zirişdən ötrü Quru çaya getməyim qalmışdı bircə, tikanlı kol-kosla əlləşməyim qalmışdı..." deyərək mızıldandığı, acıqlı-acıqlı, deyinə-deyinə iyli bəzgəkləri qaynar suya basıb "püff!.." eləyə-eləyə yolduğu indiyəcən gözümün önündədi. Anamın acığı gəlsə də, mənim o quşlardan nədənsə xoşum gəlirdi, ətlərinin dadını xatırlamıram, görünüşcə çox gözəl idilər amma... Bir də o yadıma gəlir ki, dədəm öləndə, anam ağız açaraq: "ovçu Məbud, a Məbud..." deyib hökürəndə, o quşlar gəlib durmuşdu gözlərimin önündə...

– Nooldu? Gəl da!

– Gəldim, qağa...

Gözümü göydən çəkdim, həm də, necə deyərlər, fikrimin kəndirini yaddaşımın quyusundan dartıb çıxartdım və dabrıdım.

Bu da Giləmərzi. Əlövsətgilin evləri kəndin lap kənarındaydı. Neçə il bundan öncə necə görmüşdümsə, hər şey olduğu kimi eləcə qalmağındaydı – çay daşından tikilmiş köhnə bir ev, üstü qamışla örtülü tövlə və bir neçə yosmaca daxma.

Allah, bu nədi? Kəndin yuxarı başında iki böyük villa tikiblər. Görəsən hansı dadaşındı bunlar? Misilsiz mənzərəli bu qədim və nağılvari kiçik dağ kəndinin evləri həmin villaların yanında lap tövləyə oxşayırdı. Ürəyim ağrıdı. Bu bir cüt villa kəndə yaraşıq deyil, eybəcərlik gətirirdi. Sanki onlar özlərinin bayağı, buralara yad olan, uyuşmayan gözəllikləriylə bu sadə kəndi aşağılayırdılar. Məncə, o villaların özləri də "darıxır", hər biri kasıb bir ailəyə təsadüfən gəlin gəlmiş varlı qızına oxşayır, sanki özlərini qərib hiss edirdilər.

Əlövsətgilə sarı yönəldik, itlər hürüşdü, qazlar qaqıldaşdı.

Bizi Əlövsətin arvadı Abgül qarşıladı. Hə, hə, onun adı Abgüldü – kişi adı. Amma Əlövsət onu Gülab çağırırdı, ya da Gülü. Yarı zarafat, yarı ciddi: "Bunun da dədəsi məni kimi alkaşın biri olub – deyirdi. – Bu anadan olanda deyiblər ki, əşi, get uşağın adını Gülab yazdır, o da gedən baş yolda dostlarına rast gəlib, möhkəm vurub, sonra nə qədər eləyib deyilən adı yadına sala bilməyib, fikirləşib, fikirləşib, deyib: "həə... həə... tapdım! tapdım! Abgül demişdilər!" eləcə, zalım oğlu, qızının adını Abgül yazdırıb..."

Nə isə... Abgül itə acıqlandı, bizə "xoş gəldiz!" deyib həyətin o başındakı daxmaya apardı. Əsas evin qənşərindən keçib üstü qamışla örtülü yastı-yapalaq daxmaya sarı getdik. Qadın bizi daxmaya sarı yönəldəndə əvvəlcə dala qalmışdı, sonra bir az iti yeriyərək irəli keçdi, ağır, taxta qapını cırıltıyla açıb: "Əlöysət! Əlöysət! Gələn var!.." – dedi.

Əlövsət handan-hana köynəyinin yaxasını düymələyə-düymələyə qapıda göründü, yatmaqdanmı, ya "vurmaqdanmı" üz-gözü şişmişdi.

Əvvəlcə duruxdu, sonra:

– Pah! Gör kimlər gəlib eey! – deyərək, irəli yeridi və biz qucaqlaşdıq. Hal-əhval, xoş-beş-on beşdən sonra, onun dəvətiylə içəri keçdik.

Təzədən bir də "necəsən? nətəərsən? nə var-nə yox?" eləməyə başlamışdıq ki, Umudun telefonuna zəng gəldi və onu təcili işə çağırdılar. Umud tutulub qaldı, deyəsən müdiri idi. "Hə, bir saata ordayam..." deyib üzümə baxdı. Avtomobilimin açarlarını ona uzatdım: "Qağa, get, nigaran olma..." dedim.

Əlövsət işi başa düşüb:

– Umud lələ, Buluddan qətiyyən nigaran olma, burdadı da, öz qardaşının yanındadı – dedi – arın-arxayın əlini döşünün üstə qoy, işinlə məşğul ol. Düz on gündən sonra gələrsən. O gün soruşmuşam, nənəm deyib ki, on gün çəkər sağalması. Amma hələ tələsmə, bir stəkan çay iç, sonra gedərsən, qaçhaqaç deyil ki...

Umud çay içməyə qalmadı. Gethagetdə məni kənara çəkib: "Əlövsət səni içirdəsi olsa, az iç..." – dedi. Elə bil, söhbətin nədən getdiyindən Əlövsətin dalağı sancdı, sakitcə Umuda yanaşıb dedi:

– Nigaran olma, bir həftədi tövbə eləmişəm, day içmirəm, namaza başlamışam.

Umud gülümsünüb başını yellədi, heç nə demədi, çıxıb getdi.

Əlövsət məni bir də bağrına basdı. Sonra gədikdə gözdən itməkdə olan Umudun arxasıyca pəncərədən bir xeyli sirli-sirli boylandı, üzünü mənə tutub gülümsündü, göz vurub yavaşcadan xısınladı:

– Hə, nə deyirsən, bəlkə bir əlli-əlli vuraq?..

Əlimi əlimə vurub:

– Heç dəyişməmisən, ay Əlövsət, ay saqqalı ağarmış!.. – dedim və onun istiqanlığı, duruluğu önündə az qala gözlərim yaşardı.

Doğrudan da, bütün xırda-para sapıtmalarına, qüsurlarına, gərəksizcəsinə başını siyasətə soxmağına baxmayaraq, Əlövsət ayrı oğuldu.

– Zarafat eləyirəm, Bulud, içkini atmamışam, namaz-zad da qılmıram, olsun ki, vaxt başı hamısını yoluna qoyacam. Umuda dedim tövbəliyəm, sən də inandın? İstəsən elə indicə, səninlə birgə "tövbəmi" poza bilərəm.

– Yox, Əliş, ehtiyac yoxdu. Özün də bilirsən ki, içkiylə sən deyən aram yoxdu. Gözlərim əldən gedir...

Təzədən kövrəldim. Onun da gözləri yaşardı.

– Qorxma – dedi – gör indi Güllü nənəm səni necə sağaldacaq.

Çay süfrəsindən sonra Əlövsət məni ağaclığın arasıyla həyətin o başındakı qədimi evə – Güllü qarının yaşadığı yosmaca daxmaya apardı. Bu da Əlövsətin bizi bayaq qarşılayıb içinə dəvət etdiyi o daxma kimi, yerli dağ kəndlərinə məxsus çay daşından hörülmüş qaba bir tikiliydi, qarı da içində yalqızca oturmuşdu, qarşısında da kiçicik bir mücrü və zəif işıqlı neft lampası vardı.

İlahi, Əlövsətin dalıyca içəri adlayıb keçdiyim an heç vaxt yadımdan çıxmaz! Bayaqdan üşüyən canım, titrəyən vücudum başımın tüklərinəcən biz-biz oldu. Yerdə, döşəkçənin üstə bardaş qurub oturmuş Güllü nənə, eynən Moskvada, Göz Xəstəlikləri İnstitutunun qarşısındakı dayanacaqda gördüyüm, göyərçinlərə çörək doğrayan həmin o üzündə şülək-şülək, şırım-şırım qırışları olan qarının elə bil özüydü, ya da əkiztayıydı! Baxışları da həmin qarının baxışlarıydı, hərəkətləri də... Elə bilirdim, indicə ağzını açıb: "o zavallı göyərçin sənin ucbatından öldü..." deyəcək.

Amma o, quyunun dibindən danışırmış kimi dərinlərdən gələn bir səslə ayrı şey soruşdu:

– Əlöysət, o gözləri hər şeyi sarı görən budu?

– Həə...

Qarı ütük kipriklərini qırpmadan bir andaca içimə vəlvələ salmış tanış üzünü mənə çevirdi, bir xeyli baxıb, baxıb, birdən heç gözləmədiyim halda, mətləbə dəxli olmayan tamam ayrı bir məsələ haqda, bir az da hirsli-hirsli soruşmağa başladı:

– A bala, qızdırmalısan? Üzünün tükü biz-bizdi, niyə titrədirsən belə?

– Nəsə, indi oldu, durduğum yerdəcə titrətdim, ay nənə.

– Onda... onda... çıx eşiyə!..

Özümdən ixtiyarsız pis oldum. Qarı heç nədən məni qovurdu, elə bil. Əlövsətin üzünə baxdım, göz elədi ki, çıx. Çıxdım eşiyə. Amma mən çıxandan sonra Əlövsətə dediklərini eşitdim:

– Əlöysət, bu adam cənabətdədi, üşüyür. Kişi ki titrətdi – cənabətdədi, murdardı deməli. Apar bunu Qaynayan nohura, qoy qüsul alsın...

– Ay nənə...

– Apar!.. – Qarı cır səslə çığırdı.

Əlövsət başını bulaya-bulaya içəridən çıxdı:

– Ayə, a Bulud...

Udqundum:

– Hə, qardaş.

Boynunun dalını qaşıya-qaşıya soruşdu:

– Sən canın düzünü de, Moskvada, Bakıda, ya elə Harayçıda nəsə bir zibil iş qaynatmamısan ki? Sən bilirsən ki, nənəm qazdan ayıq arvaddı. Deyir, bəs sən... bəs sən cənabətdəsən, ona görə titrədirsən. Doğrudu?

Rəng verib, rəng aldım. Tay-tuş olsaq da özümü çox pərt hiss etdim. Hıqqana-hıqqana:

– Nə bilim, ay Əliş... – dedim, başımı aşağı saldım – Allah məni öldürsün...

Deyəsən, o, işi başa düşdü, utandığımı da duydu, üstünü vurmadı.

– Onda, gözlə bir dəqiqə...

Əlövsət arvadını səslədi, nəsə ikilikdə danışdılar, sonra evə girdilər. Az keçmədi əlində selofan kisə evdən çıxdı və "getdik!.." dedi. Həyətdən çıxıb üzü kəndin sol yanına tərəf yönəldik. Yolda o, kisəni mənə verdi, arakəsmədə baxıb gördüm ki, içində sabun, saplıca və qətfə var. Lap pərt oldum, həm də fikirləşdim ki, mənim üşüməyimin mətləbə nə dəxli varmış görən?

Hardasa meşənin içiylə iki kilometr yol gedəndən sonra Qaynayan nohura çatdıq. Bu, meşə talasında, ucu-bucağı görünməyən, dərələr dərəsi, adına zaman-zaman dastanlar, əfsanələr qoşulan məşhur Keçiqıran dərəsinin qırağında, sıldırımlı qayaların iyirmi addımlığında, içindən pıqhapıq qaynayan, çox da böyük olmayan, girdə, gözəl, bir də suları və sudan qalxan buxarı gözümə limon sarısı rəngdə dəyən qəribə bir nohur idi. Bəlkə mən onu limon suyu rəngində gördüyüm üçün belə gözəl görünürdü, bilmirəm. Nohurun içində, qırağa yaxın bir yerdə, iri sal daşları palçıqsız, sementsiz sadəcə üst-üstə düzməklə kənd ayaqyolusu biçimində, üstü açıq, girəcəyindən qapı əvəzinə qalın və o üzü görünməyən, rəngini ayırd edə bilmədiyim brezent parça asılmış kiçik bir çiməcək hörmüşdülər. Qaynayan suyun artığı çiməcəyin daşları arasıyla süzülərək bir qədər axdıqdan sonra, şəlalə kimi dərəyə tökülürdü. "Görünür, elə bura kənd camaatının çimmək yeridi..." deyə düşündüm. Əlövsət sanki fikrimi anladı:

– Bilirsən də, nöyüt-qaz ölkəsində yaşasaq da, bizim kənddə hələ də qaz yoxdu, belə getsə, heç olmayacaq da. Bu balaca kənd, rayon rəhbərliyinin yuxulu gözündən həmişə qıraq olsa da, Allahın nəzərindədi, qağa... Yandırmağa odunumuz da var, bax, çimməyə isti sulu nohurumuz da. Hamımız burada – bax, bu köntöy çiməcəyin içində yuyunuruq.

O, dinmədiyimi görüb:

– Hə, sən axı iqtidar adamısan, yap-çısan axı, qardaş, mən də başlamışam giley-güzara – dedi. Dalısıyca da gülə-gülə fikrinin iliyini vurdu – Qoy, cibində biletini daşıdığın o təşkilatda nəzir-niyaz paylasınlar ki, sıralarında səni kimi gözəl bir oğul da var...

Bir balaca səbrimin cilovu boşaldı:

– Ay Əliş, dərindən götürsək, vallah mən heç bilmirəm iqtidar nədi, müxalifət nə. Yəni biz hamımız Keçiqırandan deyilikmi? Bir qarış yerimiz var, a başına dönüm, hamımız da bir-birimizə doğma adamlarıq. Nə fərqi axı? Mən hara, siyasət hara, a saqqalı ağarmış, söz tapmısan danışmağa. Bu saat gözlərimin hayındayam, başqa heç nə ağlıma batmır... – Sonra da söhbəti uzatmaq istəmədim, mətləbə keçdim. – Hə, de görüm indi məni bura niyə gətirmisən, mən yetim neyləməliyəm?

– Heç nə. Niyyət eləyib girməlisən suya...

– Bilmirəm axı necə niyyət eləyim.

O, mənə niyyət etməyin və cənabət qüsulu almağın təhərini öyrətdi. Soyunub suya girməmişdən öncə, onun öyrətdiyi kimi: "cənabət qüsulu almaq üçün niyyət edirəm, vacibən-qürbətən-iləllah" dedim və üst paltarlarımı soyunub, şalvarın balaqlarını dizləriməcən çırmalayıb, bir əlimdə sabunla saplıca, birində qətfə suya girdim, çiməcəyə daxil oldum. Su dizdən idi. Orada tam soyunaraq, bu gözəl, pak nohurda, bir tərəfdən sal daşların aralarından girərək, o biri tərəfdən aramla axıb gedən isticə suyla ləzzətlə yuyundum. Axırda da Əlövsət öyrədən kimi "Bismillah!" deyib, suyu saplıca dolusu üç dəfə başımdan, üç dəfə sağ çiynimdən, üç dəfə də sol çiynimdən əndərdim, qurulandım, geyinib qırağa çıxdım. Əlövsət qımışdı:

– Yadında saxla ki, bütün ömrün boyu birinci dəfədi paklanmısan...

Özümü saxlaya bilmədim:

– Ay Əlövsət, onda belə çıxır ki, dünyada cənabət qüsulu almayanların hamısı murdardı?

– Bəs sən bunu bu vaxtacan bilmirdin? Bəs kafir nətəər olur, hı? Öləndə, Allahın da hüzuruna elə gedirlər də hamısı. Murdar şəkildə.

O, üzümə çox ciddi baxdı. Özümü naqolay hiss elədim. Belə çıxırdı ki, bu vaxtacan o – gecə-gündüz "vuran" Əlövsət pak imiş, mən – suyu üfürə-üfürə içən bədbaxt Bulud – murdar, nə bilim, kafir, nə bilim, mürtəd, nə bilim, nə... Özü əlli qadınla, qızla yüz oyundan çıxırdı, mən yetimsə, kefliykən özümdən xəbərsiz, özü də bu yaşımda, özü də dul çağımda, həm də qürbətdə, həm də cəmi bircə dəfə, vur-tut bir dəfə bir qələt eləmişəm. Pah atonnan! Yadıma onun hələ tələbə vaxtları elədiyi əlli cür hoqqabazlıq düşdü. "Allah, bu da paklıqdan danışır!" düşündüm. Xatırlayıram ki, bir dəfə nişanlı vaxtlarımızda bulvarda Şəfiqəylə gəzərkən, rastımıza çıxdı, qoltuğunda da... pozğun bir qız. Lül-qəmbər idi, güclə ayaq üstə dururdu, valaylaya-valaylaya bir gözünü yumaraq üzümə xeyli baxıb dodağımın üstündə – bığ yerimdəki iri, qara xalıma işarə edərək: "Bulud, dodağına poxmilçəyi qonub, uçurt getsin, Şəfiş səndən iyrənər..." dedi və şaqqıldayıb güldü. Məni Şəfiqənin yanında pərt elədi. Uzun müddət onu danışdırmadım. Sonralar nədən inciyib ondan yan qaçdığımı soruşsa da, söhbəti açıb-ağartmırdım, candərdi etdiyim "salam-sağol"dan başqa onunla heç bir əlaqə saxlamırdım. Amma bir dəfə Şəfiqənin canına and verib dirəndi, əl çəkmədi, onda dediklərini söylədim, inanmadı, heç nə xatırlamadığını bildirdi, Şəfiqədən də dönə-dönə üzr istədi, onun gözü qarşısında məni bağrına basaraq duz kimi yaladı, hələ məcburən xalımdan da öpdü və həmişəki kimi, o dəqiqə də gözləri yaşardı, "qələt eləmişəm əbəjdadımla!" dedi... Toyuma da çağırmamışdım. Amma gəlmişdi, keflənib sağlıq deyəndə köyrəlib ağlamışdı da... Sonra da birdən-birə hırıldayıb kefli-kefli, sözlər ağzından tökülə-tökülə demişdi: qardaş, o şakaladı niyə yaxmısan dodağının üstə, hı?"

Hə, Əlövsətin keçmişindən çox şey bilirdim, bığ yeri tərləyən, özünü təzə-təzə tanıyan çağlarında Keçiqıranda qoyun-quzu nobatına gedəndə keçiləri tutub dal ayaqlarını çəkmələrinin quncuna salaraq hansı qələtlər etdiyini öz dilindən eşitmişdim. Onun keçmişi bu cür "paklıqlarla" zəngin idi. Di gəl, qəlbinin saflığına inanırdım. Sözsüz, onu bəzi məqamlarda korlayan içkiydi. Kimi korlamır axı, o zibil?

Sözü dəyişdim:

– Bu suyun misli yoxdu, qağa! Oliqarx dadaşlar bilsələr, qapazlayacaqlar. Üstündə sanatoriyadan-zaddan bir şey tikib yerli camaatı tamarzı qoyacaqlar buralara...

– Camaatın canı çıxsın, malına yiyə dursun, lazım gələndə haqqın tələb eləməyi bacarsın... Onların gücü mənə çatır elə. Onları qoyasan arxamca orda-burda "odunçu İrzanın piyanska oğlu, cəbhənin acındanölən quru bəyi Əlöysət" kimi sözlər deyib mənə lağ eləyələr. Bir-birinin ayağından çəkən bu camaatın hamısı qohum-əqrabadı, hamısı da bir-birinin paxılıdı, bir-birinin üzünə gülüb, dalıyca danışandı. Vallah, bunların axırı necə olacaq, bilmirəm. Bu bədbaxtlar dilbir-əlbir olsalar, Keçiqırandan bu yana bir nəfər də yad adam buraxmazlar. Yoxsa odeey, iki nəfər tanımadığımız varlı gəlib kəndin başı üstündə qoşa villa tikdiriblər. İçində yaşamasalar da, köçünü salıblar da buralara. Nə var-nə var... yuxarıda işləyirlər!

Sonra əlini çiynimə qoyaraq son dərəcə ciddi bir şəkildə dedi:

– Bilirsən, Bulud, o adamların kişilikləri çatsa, gəlib bizim bu Qaynayan nohurda cənabət qüsulu alıb carranar, paklanar, sonra da Tövbə eləyərlər. Əməllərinə görə, cənabətdədilər, çünki...

Əlövsətin dərdi açılmışdı, elə bil.

– Hmm... – dedim – ürəyin doluymuş, qardaş...

Üzümə baxdı:

– Bulud, inanıram ki, sənin ürəyin mənimkindən də doludu. Amma nə fayda, biz ikimiz də eyni bezin qırağıyıq. Bir yana baxanda, elə mənim kimi axta müxalifətdən , sənin kimi saxta iqtidar yaxşıdı...

Sonra da, mənə qəribə bir baxışla göz yetirib, əlini yellədi:

– Nə isə... Lənət şeytana!

Bəlkə də, mənim siyasətdən uzaq adam olduğumu bildiyindən, bəlkə də, əksinə, nəyə görəsə, məni həmişə iqtidar adamı saydığından, sözünü bitirdi, həm də yəqin fikirləşdi ki, mən onun qonağıyam, qəlbimə dəyə bilər...

Qətfəni kisəyə qoymamışdan öncə, bir də başımı quruladım və bu zaman gözüm suyun buxarı arxasında yuxu kimi görünən, çiməcəyin divarına qonmuş, ürkək-ürkək boylanan tənha göyərçinə sataşdı. Qəfil başımın içində, elə bil, bir sazın cingirəy simi dartılıb, dartılıb, ən zil həddinə çatdı, səsi beynimin içində qaytarış verə-verə, durmadan cingildədi, cingildədi və... qırıldı. Limon sarısı rəngdə bir göyərçin idi, divarın üstündə oturmuşdu, küyümüş kimi dörd bir yana boylanırdı. O, sudan qalxan limon sarısı rəngdə buxarın arxasında, ağlagəlməz sarıca bir xəyal kimi görünürdü...

Ah, mən nədən şair olmadım, ilahi!.. Nə qədər acizəm gördüyümü təsvir etməkdə, nə qədər miskinəm!..

Yola düşdük. Ayaqlarım pas rəngli torpaqda sürünürdü, getmirdi sanki, hər addımımla uzaşsam da, canım ordaydı ancaq. Bir az getmişdik ki, tala bitdi, meşəyə, cökə pöhrəliyinə çathaçatda qanrıldım, onu Qaynayan nohurun sarıca sularının qırağında, bayaq biz durduğumuz yerdə vurnuxa-vurnuxa dən axtaran gördüm. Həm də, o, Moskvadakı üzü şülək-şülək, şırım-şırım olan o çəlimsiz qarının yemlədiyi, sonra gözlərimə çırpılaraq məni az qala kor etmiş, çapalayıb uçaraq maşına dəyib ölən və bir anlıq da olsa dünyanın rənglərini gözlərimə qaytaran o şikəst quş kimi, eynən eləcə – axsaya-axsaya, yanlarını basa-basa yem axtarır, vurnuxurdu! "Bu nə oyundu, İlahi!" Ürəyim çırpındı. Meşənin üryan ağacları arasına girəndə bir də qanrılıb baxdım, bu dəfə heç nə görmədim, heç nə! Möcüzəydi, quş yoxuydu... Hə... yoxuydu quş!..

– Əliş, kəndinizdə quş saxlayan var?

Üzümə baxıb başını buladı:

– Camaat özü çörək tapmır yeməyə, quşu nəylə yemləyəcək? İkincisi də, bizim kənddə heç vaxt quşbaz olmayıb. Niyə soruşursan ki?

– Heç...

Yol boyu ordan-burdan söhbət eləsək də, yuxu kimi mənə toxunan, əslində əhəmiyyətsiz kimi görünən, amma dərindən içimi dara çəkən anlaşılmaz bir mübhəmliyin özümdən ixtiyarsız əsirinə çevrilirdim. Öncə Güllü qarı, indi də bu görünüb yox olan tanış göyərçin – qismətimin şikəst qaraçuxası...

Keçiqıranda bayquş uladı. Üzümün tükü yenə biz-biz oldu. Özümü danladım, qınadım. Öz-özümə deyindim: "Gör adamı şəhər nə günə qoyur, İlahi! Bəs qurd ulasaydı neylərdim görən? Ürəyim qorxudan tük gətirərdi ki!.. Elə bil, o ovçu Məbudun, o şələbığ tərəkəmə Məbudun belindən gəlməmişəm heç..."

* * *

Biz evə dönəndə Abgül həyətdə yekə bir qazı yolmaqla məşğuluydu. Mənim gözlərimdə, onun turuncu rəngə çalan qaba kəndli əlləri qazın narıncı rəngə çalan zərif tüklərini yolduqca, addımlarını səngidib diqqətlə baxan Əlövsətin qırışmış üzünə, elə bil, toy-bayram işığı gəlirdi. Mən onun necə udqunduğunu görürdüm, ağzının necə sulandığını duyurdum. Üzünün ifadəsi onun çoxdandı dadlı-ləzzətli heç nə yemədiyindən xəbər verirdi. Udqununca sivri hülqumu arıq boğazının qırmızı ləkəli dərisi arasında bir-iki dəfə aşağı-yuxarı enib-qalxdıqdan sonra, o, özünü dambataraq tutub, elə bil, mənə eşitdirsin deyə ucadan:

– Qəşəngcə qovurarsan haa, Gülü. Axırda üstünə nar da sıxarsan. Soğançasını da bol eləyərsən. – Dedi.

Bu zaman mənim də ağzım sulandı.

Abgül çərtməli-ləçəkli başını qaldırmadan, astaca cavab verdi:

– Yaxşı... – Sonra da altdan-altdan, ayrı bir tavırda onu süzdü. Bu bir anlıq, bir saniyəlik, çəpəki, sözlü, gileyli, qiyam dolu dərdli baxışlar mənə çox şey söylədi. Ürəyimdə: "Əlövsət öldürsə də, bu evdə içməyəcəm!" dedim.

Bu ailənin çətinliklə dolandığını bilirdim. Əlövsətin yol boyunca danışdıqları da bundan xəbər verirdi. Bu evi bir dərd də sarmışdı: onların övlad sarıdan aman-zaman bir qızları vardı, o da Türkiyənin Adana şəhərindəki Tibb Universitetində oxuyub qurtardıqdan sonra geriyə dönməmişdi, "onsuz da gəlsəm, cəbhəçi atama görə mənə heç kim, heç yerdə iş verməyəcək" söyləmişdi və qalmışdı orada. Əlövsət də, Abgül də bunu özlərinə dərd etmişdilər. Zarafat deyil, bu kasıb kəndli biçarələr süddən, qatıqdan sata-sata, qızlarının ödənişli təhsilini ölümə-zülüm yola vermişdilər. Axırı da ki, belə. Qız orada ata-anadan icazəsiz, xeyir-duasız, yerli bir biznesmenlə ailə qurmuş, üstündən az keçməmiş valideynlərinə ondan ayrıldığını, amma buna baxmayaraq, bir daha vətənə dönməyəcəyini bildirmişdi. Bəlkə də Əlövsəti yaşının bu çağında içkidən ayrılmağa qoymayan da, elə bu dərd idi. Əslində, Əlövsət heç də aciz adam deyildi, olduqca məntiqli, hər şeyə öz xüsusi baxışı olan, dünyanın altını-üstünü çoxundan qat-qat yaxşı bilən, savadlı, mütaliəli birisiydi. O, rayonda tanışı olan, gündəlik şəhərə işləyən bir taksi sürücüsünün evinə hər gün pulsuz bir bərni qatıq verirdi, o adam da əvəzində Əlövsətin sifariş etdiyi qəzetləri Bakıdan alıb-gətirirdi. Bir sözlə, həyatda öz yerini bəlkə də tuta bilməmiş, bəlkə də yanlış tutmuş (bax, bunu dərk etmək mənimçün çox çətindi) bu insanın çox vaxt içkili, dumanlı başıyla yürütdüyü fikirlər, hazırcavablıqlar adamı heyran qoyurdu.

O, dərd önündə sınası oğul deyildi.

Bu başıbəlalı dostum təxminən on il öncə, necə oldusa, Bakıda qəfil rastıma çıxdı. Yolun qırağında durmuşdu, deyəsən taksi gözləyirdi. Olduqca məzlum görkəmi vardı, ürəyim ağrıdı, maşınımı əyləyib düşdüm, qucaqlaşdıq. Əlində şəffaf bir selofan paket vardı, içi də limonla dolu. Xoş-beş-on beşdən sonra, evə dəvət etdim, getmədi. Hara gedəcəyini soruşdum, güldü, "desəm, apararsan?" soruşdu, "niyə aparmıram ki?" dedim. "İş dalıyca gəlmişdim, kəndə qayıdıram. Dadaş əmim rəhmətə gedib, bu gün yeddisidi..." dedi və cavab gözləmədən avtomobilimin qapısını ərklə açaraq oturdu, "di, sür!.." deyərək qımışdı. Əlacım kəsildi, telefon açıb Şəfiqəni xəbərdar etdim, şəhərdən çıxaraq böyük Keçiqıran dərəsi istiqamətinə üz tutduq. Onun təkidiylə yoldakı yeməkxanalardan birində nahar edəsi olduq. Mənimlə rastlaşanda, o, artıq içkiliydi, özlüyümdə onun bu halda yas məclisinə nə cür gedəcəyini fikirləşirdim, həm də öz doğmaca əmisinin yas mərasimində kefli görünməyin nə olduğunu təsəvvürümə gətirir, üşənir, az qala onun yerinə xəcalət çəkirdim. Tərs kimi, yenə içki sifariş verdi, mən sükan arxasında olduğuma görə etiraz edəndə, "eybi yox, tək içərəm... amma Keçiqıranda yol polisi olmur haa, Bulud, nahaq qorxursan..." dedi və yalqızca "vurdu". Özümü saxlaya bilməyib: "Əlövsət, doğmaca əminin məclisinə içkili gedəcəksən?" soruşduğumda, "rəhmətliyin özü də qəşəng vuran idi, eyb etməz..." deyib irişdi. O gün Əlövsətin məclisdə, mollaya qarşı bir az kobud da olsa, hazırcavablığı nəinki mənim, yəqin heç ordakıların da heç vaxt yadından çıxmaz. Maşını birbaşa yas yerinə sürdürdüyündən, məcbur olub onunla mağara girdim. Yerli kənd camaatı sakitcə oturub mollanın söhbətinə qulaq asırdı. Molla yaşlı bir kişiydi. Görünür, o da Giləmərziliydi, çünki söhbət əsnasında məclisdəkilərin bəzisinə adıyla müraciət edirdi və biz buraya daxil olanda məni bir qədər süzərək, yanındakının qulağına nəsə pıçıldadı, yəqin kimliyimi, hardan gəldiyimi soruşdu, hansı cavabı aldığını bilmirəm, amma sonra Əlövsətin kefli halına baxaraq başını buladı. Mollanın söhbətinin şirin yerində, birdən Əlövsət mənə sarı qanrılaraq: "Bulud, sən məllim adamsan, özü də ali məktəb məllimi... bu cahil söhbətə qulaq asma... hamısı yalandı, vallah, boş şeylərdi..." söylədi, amma elə ucadan və elə tərzdə dedi ki, necə deyərlər, mollanın ucunu alıb ucuzluğa getdiyi əttökən dini söhbəti yarımçıq qaldı, bir anlığa araya sükut çökdü, fikirləşdim ki, indi Əlövsəti döyüb öldürərlər yəqin, çünki dediklərindən sonra, məclisdəkilər ona çox pis baxmağa başladılar... O isə, üzünü çəp-çəp, gileyli-gileyli ona baxan camaatdan yayındırıb, əhvalı tamam pozulmuş mollaya tutdu: "Hacı Müstər dayı, düz demirəm?.." deyə bir gözünü qıyaraq gülümsündü. Molla da özünü sındırmadı, o da gülümsündü: "Əlöysət, özün də qəşəy bilirsən, Qiyamət günü sənin yerin birbaşa cəhənnəmdi, sən qıl körpüdən keçə bilməyəcəksən, inşallah, yıxılacaqsan qır qazanına, cayır-cayır yanacaqsan..." dedi, razı-razı ətrafındakılara baxdı, məclisdəkilərin də çoxu başını tərpətdi, yəni, "düzdü!" Əlövsət bu dəfə o biri gözünü yumuaraq, bu birini açdı və dedi: "Hacı Müstər dayı, nöş yıxılıram eey, inşallah, həmin gün yəqin sən də orda olacaqsan, ətəyindən yapışıb mən də keçəcəm o körpüdən, elə döyül?" Hacı ucadan və hirslə: "Yox!.. – dedi – yox!.. Elə döyül! Düzdü, orda olmağına hamı kimi mən də orda olacam, amma orda heç kim heç kimə kömək eləyə bilməyəcək, tutub keçməyə ətək-filan da olmayacaq, hamı lüt olacaq çünki!.." Əlövsət hər iki əlini masaya dirəyərək yarıyacan ayağa qalxdı, mənə sarı əyildi: "Bulud... dur getdik burdan..." dedi. Sonra da dikələrək, ləngər vura-vura üzünü özündən razı halda gülümsünən mollaya sarı çevirdi: "Əşi, lüt olmağın eybi yoxdu, noolacaq ki? Belə, ətəyin olmasın, tütəyin olsun, yapışıb birtəhər keçərik o yana, inşallah. Heç ürəyini sıxma..." deyincə üstünə su çilənmiş məclisdən bir uğultu qopdu ki, gəl görəsən, demək olar, hamı çiynini ata-ata, səsli-səssiz uğunub getdi. Biz mağarı tərk etdik. Amma hayıf, Əlövsətin son "zərbəsindən" sonra, bir yol da olsun qanrılıb mollanın üzünə baxmadım, onun nə günə düşdüyünü görmədim... Sonralar Əlövsət deyirdi ki, bizim məclisi tərk etməyimizin ardından, gülməli duruma düşən, ürəyi xarab olan mollanı özünə gətirmək üçün ona "validol"acan veriblər... Amma dostum bircə şeyə üzülürdü, kefli başla dediyi bir-iki kəlmə sözlə məclisi laqqırtıya çevirdiyinə görə, əmisi uşaqları bu günəcən onu dindirmirlər.

Bir dəfə də, beş-altı il əvvəl, müəllim dostlarım İldırımla, Böyükağayla qoltuğumuzda litrlik araq, Əyyub kişinin qutabxanasına çathaçatdaydıq, Əlövsət zəng elədi ki, Bakıdadı, məni görmək istəyir. Harada olduğumuzu başa saldım, gəldi, o da qoltuğunda yarım litir gətirmişdi. Məclis uzandı. Axırda söhbət siyasətə gəlib çıxanda, Əlövsət od-alov püskürdü, Böyükağa onu danladı: "Ayıbdı, bu qədər hətərən-pətərən danışma, unutma ki, bu ölkədə müharibə durdurulub, millətimiz artıq uzun illərdi təhlükəsizlk hissi yaşayır". Əlövsət, elə bil, ağzının danışığını bilmirdi, kefli-kefli sözləri baş-ayaq deyirdi: "Təhlükəsizlik... təklüləsizlik... təhlükə... təklülə... " Böyükağa müəllim əsəbiləşdi: "O nə deməkdi?" Əlövsət halını pozmadı: "Elə o deməkdi..." Bir az qanqaraçılıq oldu. Böyükağa: "Bu adam nə danışdığını bilmir, özü də tərbiyəsizdi! Ayıb olsun!.." deyərək ayağa durub getmək istəyəndə, İldırım müəllim qoymadı, bayaqdan susan bu ağırtaxta kişi söhbəti ustalıqla dəyişməyi bacardı, onları sakitləşdirib siyasi dartışmaya son verdi, məni də pis durumdan qurtardı, ardıyca da kefimiz durulsun deyə, Əyyub kişini masamıza dəvət etdi, o da gəlib bir yüz vuraraq Vahiddən maraqlı söhbətlər elədi, Fizulidən ləzzətli qəzəllər dedi, Əlövsətin gözləri doldu, yanağının qırışlarına göz yaşları süzüldü, şeir-sənət vurğunu Böyükağa bunu görcək elə bil peşman oldu, dostumun daha çox könül adamı olduğunu anladı, qucaqlayıb üzündən öpdü, "Bağışla, qardaş!" dedi... Əlövsət də gözlərini silərək gülümsünüb: "Allah bağışlasın, ay məllim – dedi – vallah, biz hamımız eyni qatardayıq!.. Bərkgedənlərsə elə düşünürlər ki, guya doğrudan da bərk gedirlər, amma qatarın bircə sürəti olur axı, qadan alım, içindəkilərin hamısını eyni sürət aparır axı... Doğumla ölüm arasındakı marşrutda kimin bərk, kimin yavaş getdiyi bir Allaha bəllidi, vəssalam. Yanlışlıq burdadı, qardaş. Nəysə, deyəsən, fikrimi çatdıra bilmədim, gedib fəlsəfəyə çıxdım, aləmi qarışdırdım, lənət şeytana!.." O, əlini yellədi, məclis xatirinə gülümsünüb: "Gəlin, bunu da içək, bizi tanış elədiyi üçün Bulud məllimin sağlığına, o mənim gözəl qaqamdı, məclisi də gözəl məclisdi..." deyib badəsini qaldırdı.

Sonra öyrəndim ki, həmin gün Əlövsət uşağının təhsil haqqını ödəmək üçün məndən borc almağa gəlibmiş, amma utandığından istəməyib, bir cəbhəçi yoldaşının köməyilə bir sələmçidən faizlə pul götürərək işini yoluna qoyub, onu qaytaranacan da, bir neçə il zülüm çəkib.

...Əlövsət belə Əlövsət idi, dərdi ağır, özü də çılğın, çılğın olduğu qədər də fağır, fağır olduğu qədər də məğrur, məğrur olduğu qədər də səmimi, səmimi olduğu qədər də, çox güman, yanlış bir yolun yolçusu (hər halda, bunu dərk eləməkdə acizliyimi duyuram)... Sən demə, indinin özündə də, o, hər səhər alatorandan, satmaq üçün rayona süd-qatıq aparır, üçlitirlik bərniləri un kisəsindən tikilmə zənbillərdə, qollarının damarları çıxa-çıxa, əllərinin içi kəsilə-kəsilə, yağır ola-ola Keçiqırandan o yana keçirir, orada rastına çıxan yol maşınına minənəcən tərin-qanın içində, ərşi-gürşü söyə-söyə xeyli piyada gedəsi olur. Cəbhəçi olduğuna görə, bəziləri indi də heç onu maşınına mindirmir, bu isə, onu qıcıqlandırır, millət haqda, həyat barədə ağır ittihamlar yürütməsinə səbəb olur. Qaynayan nohurdan qayıdarkən yolda elədiyi söhbət ürəyimi göynətdi: "Vallah, Bulud, günü bu gün çıxıb gedərəm. Amma fikirləşirəm: evdəki kəsikləri kimin umuduna qoyum gedim axı? Sadəcə, mənim getməyimlə düzələcəkmi hər şey? Sonrası da ki, söhbət təkcə məndən getmir axı? Özümə qalsa, çoxdan bu batmış başıma çarə qılardım... Belə məqamda qaçıb getməyi qeyrətim qəbul eləmir, qardaş... Umacağım yan-yörəmdəkilərdən də deyil – elə bil, hamısının başına torba keçirilib, bircəciyi məni görmür, dərdimə yanmır... Bilirəm eey, heç sənin özünü də görən yoxdu..."

İçimdən keçdi ki, müalicəmə Güllü qarının çəkəcəyi zəhməti bəhanə eləyim, Əlövsətə bəri başdan bir qədər pul verim, heç olmasa dolanışıq sıxıntısını bir az aradan qaldırım, necə olmasa yoldaşıq. Xasiyyətini bildiyimdən hələ ürək eləmirdim, inciyə biləcəyindən qorxurdum.

Hə, Abgülün yeri-göyü çalxalayan bu qəfil baxışından sancılı-sancılı sıxılan ürəyimdə öz-özümə "Əlövsət öldürsə də, bu evdə içməyəcəm!.." dedim. Amma bilirdim ki, bircə kəlmə "içmirəm" desəm, Əlövsət üzümə elə baxacaq, elə baxacaq... rəhmətlik dədəm demişkən: lap müsəlman donuz ətinə baxırmış kimi, rəhmətlik Musa müəllim demişkən, lap Lenin burjuaziyaya baxırmış kimi... daha nə bilim nə təhər... deməyə söz tapmıram, yəqin məcbur olub içəcəm, çünki mən elə mənəm, həmişə aciz, həmişə tabsız-tavansız, sözəbaxan, üzüyola, müti... Lap milyonçu olsam da cılızlığımı bilirəm. (Milyonçuya bax haa! Kərbəlayı Əbülfəz babam demişkən, əşhədən-billah, heç inanmağım gəlmir, təpəmə güllə vursan da, ürəyimin bir bucağında hələ də buna inanmıram ki, inanmıram!..)

Güllü qarının yanında çox ləngimədik. O, məni qənşərində otuzdurub, lampa işığında gözlərimin içinə bir xeyli baxıb, qırçın-qırçın qırış basmış nazik dodaqlarını tərpədə-tərpədə səssiz dualar oxuduqdan sonra, yeddi gün dalbadal alatordan Qaynayan nohura gedəsi olacağımı söylədi. Bu günlərdə o nohurun qırağında sarı rəngli çəpkən gülü deyilən bir gül açılacağını, mənim hökmən göz-qulaqda olmağımı ismarladı, yəni o gül yeddi günün birində, çox güman, cümə günü, fəcr vaxtı, yəni sübh namazı girəndə – günəş doğanacan zoğ atıb zühur etməli, açılmalıdı dedi, gün işığı dəysə, solub yox olacağını xəbərdarlıq elədi, o gülü dərməzdən öncə hökmən dəstəmazlı olmağın vacibliyini tapşırdı, dərib də ağ dəsmala bükmək, əzmədən evə gətirmək gərəkdiyini söylədi, sonra da, "gerisiylə işin yoxdu, qalanı mənlikdi" bildirdi.

Danışdıqca, quyunun dibindən gəlirmiş kimi, onun dərinlərdən eşidilən səsi, mürgülü adamın yuxuyla aşkarlıq arasında eşitdiyi hönkürtüyə oxşayırdı, uzun illər dili tutulmuş bir adamın qəfil ağlamsınaraq danışmağa başlamasına bənzəyirdi. O, doğma səsə də çəkirdi, yad səsə də. Amma bu səs nə qədər mübhəm olub içimi üşəndirsə də, həsrətində olduğum, bütün ömrüm boyu ac-ac gözlədiyim, özümə də anlaşıqlı olmayan, bəzən yalqızlıqda, bəzən də insanlar içində, tünlükdə eşitmək istədiyim, nələrinsə sirli cəngindən qurtuluşumu yapa biləcək ilahi bir hənirtiyə bənzəyirdi daha çox.

Birinci dəfəydi bu gül haqda eşidirdim. Özü də dekabr ayında belə bir gülün bizim Keçiqıran tərəflərdə açmasını heç vaxt eşitməmişdim. Amma sözün düzü, Güllü qarı məni necə ovsunladısa, onun dediklərinə içimdə qatı bir inam yarandı, hər şeyin uğurla bitəcəyinə əmin oldum. Həm də, az qala uşaq kimi sevindim.

– Bax, a bala, çəpkən gülü sarı rəngdə, ovuc içi boyda, bozlamac fətiri qalınlığında iri bir güldü, ozü də, ləçəkləri nehrə sələsi kimi çox yumşaq olur, nəm olur, ləçəyini əlləşdirib əzmə haa, işləri korlayarsan yoxsa...

– Arxayın ol, Güllü nənə...

– Özün də oraya tək get, Əlöysətsiz.

– Baş üstə.

– Hər gedəndə də çim, dəstəmaz al...

– Oldu, Güllü nənə.

– Soyunub suyun içində oturub gözləsən lap yaxşı olar, sabahın soyuğundansa, suyun istisi yaxşıdı, üşüməzsən onda...

– Çalışaram.

– Di yeri, Allah köməyində dursun.

– Sağ ol.

Güllü qarının daxmasından çıxdım, məni görcək Əlövsət həyətin o başından öskürdü ki, yəni, "burdayam", yaxınlaşınca önu tövlənin yanında işləyən gördüm, kürüyüb yığdığı samanlı-bəlimli təzə peyin topasına əlindəki yabanı sancaraq, qabağıma düşüb məni evə apardı, dörd-beş pilləli, balaca, yöndəmsiz, amma möhkəmliyinə söz olmayan, palıddan düzəldilmə, bizim yerlərə xas ağac pilləkənlə evin aynabəndinə qalxdıq.

– Bir az yat, dincəl, yorğunluğun çıxandan sonra durarsan, iki qaqa bir qəşəy nahar eliyərik... Gülab ləzzətti bir qaz qovurması bişirəcəy. Dəm-dəsgah da ki, öz yerində – lələşin həmişə hazırlıqlıdı... – deyərək üzümə qımışdı, boğazının altına kök bir çırtma vurdu, yəni "içəcəyik!" işarəsi verdi.

– Ay Əliş, ay Allahköməkolmuş, sən nə qoyub, nə axtarıtsan? O dediyin dəm-dəsgah da artıq şeydi, onsuz da keçinmək olardı. Gülab bacıma da çox əziyyət vermə, mən özgə adam deyiləm ki, bu cür əl-ayaq eləyirsiz. O qazın canını almasaydız lap yaxşı olardı.

– Başlama yenə!.. Kiri! Məllim xeylağı oldun, belədi də! – O, məni aynabənddən içəri otağa keçirdi, divandakı iri yastığı götürüb, baş tərəfə qoyaraq bir qədər dikəltdi, üstündə lopar-lopar gülləri olan, amma rəngini ayırd edə bilmədiyim bir yorğanı da yükdən götürüb divana qoydu – Bunu da üstünə sərərsən, yoxsa soyuqlarsan haa... Uzan, dincəl. Arxayınca uyu özünçün – dedi, qapını yavaşca üzümə örtərək çıxıb getdi.

Uyuya bilərdimmi heç, dincələ bilərdimmi? Düzdü, uzanmağına uzandım, amma bir kənd evinin illərlə ağzı bağlı qalan, qıyılıb içində yatılmayan, əziz insanlar üçün bəslənən qonaq otağından gələn bu çox doğma, şirin, mübhəm, min il də yaşasam izahını verə bilməyəcəyim sevimli qoxu canıma yayıldıqca, kövrəldim, gözümün dərdi, uşaqlarımla bağlı iztirablarım çıxdı yadımdan. Duyduğum bu hüzur, dibi görünməyən bu həzinlik mənə çox munis idi, bu məqamda, yalvarsaydılar da, bu otağın bir çöpünü belə dünyanın ən bahalı otellərinə dəyişməzdim... Bu balaca otağın divarlarından birində, divanın arxasında, çox da böyük olmayan bir xalça asılmışdı, amma ha baxsam da, gözlərim rənglərini ayırd edə bilmir, qarışdırıb zayını çıxarırdı. Üzbəüzdəki divardan həyətə iki balaca pəncərə baxırdı. Pəncərələrin birində boğazına lent bağlanmış (yəqin ki, bu cehizlik nişanəsi qırmızı lent idi) bir samavar vardı, başında da qulpu lentli bir dəm çaydanı. O biri pəncərədə sol tərəfdə iki cərgə kitab yığılmışdı, sağ əldəsə üst-üstə iki qovluq qoyulmuşdu. İçi kağız-kuğuzla tıqqızlama dolu olduğundan, bu qovluqlar çox şişman görünürdü. İki pəncərənin arasında Əlövsətlə Abgülün böyüdülmüş qoşa cavanlıq şəkli asılmışdı. Amma bu fotonu yaxşı böyütməmişdilər, şəkil qüsurlu alınmışdı, onlar özlərinə çox az oxşayırdılar. Küncdə kiçik bir sandıq, üstündəsə, üzünə tül örtük çəkilmiş, səliqəylə çin-çin yığılmış yorğan-döşək vardı. Örtüyün üstündə dimdiyində çiçək aparan gözəl bir quş şəkli toxunmuşdu. Miskin gözlərimdə sarıya bələnmiş olsa belə, burada hər şey son dərəcə doğmaydı...

Bəlkə də, deyən tapılar ki, mən dəliliyə doğru yol gedirəm artıq. Xəstəliyimdən yana havalanmışam, ağlımı itirmişəm. Hələ də mənə yuxu kimi gələn, demək olar, heç bir əziyyət çəkmədən, çox asanca yiyələndiyim, əvəzində uşaqlarımı müəmmalı şəkildə yollarından eləyən milyonlar ürəyimə vəlvələ salmır, amma bu barədə dərindən düşünüb özümə qapılanda, elə bil, daha tək qalmağa qorxuram. Çünki axır vaxtlar ruhum əsil xarabalığa çevrilib, içimdəki aramgahın daşı daş üstə qalmayıb. Hə, mən tək qalmağa qorxuram, bu həm xəstəliyimin gətirdiyi dibi görünməyən bir ələmə, həm də get-gedə anladıqca, var-yatırın gətirdiyi dərd sarıdan neyləyəcəyimi anşıra bilməməyimə görədi. Şəfiqə xəstələnəndə də, öləndə də buna bənzər hallar keçirirdim, amma onda daha kəskin və daha anlaşılmaz bir halənin içinə pərçimlənmişdim, dörd bir yanım cəhənnəm alovu saçırdı, təkcə üzümə açılmış bir cüt xilas qapısı vardı ki, o da uşaqlarım – bir cüt balam idi; bu cəhənnəm alovuna oxşayan halə daralıb, daralıb ölüm saçan diliylə məni qarsanda, qaçıb bu "qapılardan çıxırdım", xilas olurdum. O vaxt onlar mənim xilas qapılarım idi, indi isə...

Allah balalarımı saxlasın!..

İndi fikirləşirəm ki, pulun ixtiyarını Sarvana verib, boynumu yükün altından qaçırmaqda səhv etmişəm. Amma daha gecdi...

... çil səftərin kəsilmiş başını üstü ağ dəmirli mürdəşir masasına qoymuşdular. mürdəşirin üzünə baxmaq olmurdu, bu bədheybət adam qara eynəkli, müşəmbə döşlüklü uzundraz bir kişiydi, sir-sifətinin görünüşündən ətyeyən quşlara oxşayırdı. o, ağzından mavi rəngdə od püskürən kəlləütənlə çil səftərin kəsik başını ütürdü. çil səftərin bərəlmiş, hədəqəsindən çıxmış gözləri düz üzümə baxırdı, dodaqları yanıb bürüşdüyündən dişləri damaqqarışıq bayırda qalmışdı. üzündəki çillər böyümüşdü, soyumuş kündədən yapılmış fətir gülləməsi kimi xal-xal olub qızarmışdı. mürdəşir taxtının həndəvərində tanımadığım çoxlu insan vardı, onu halaya alıb durmuşdular. hamı başını aşağı salıb, gözünü yummuşdu. heç kim qorxudan gözlərini açıb baş verən bu hadisəni seyr etmək istəmirdi. böyrümdə dayananlardan kimsə töyşüyə-töyşüyə, astadan və tez-tez pıçıldayırdı: "indicə bəbəkləri partlayacaq!.. indicə bəbəkləri partlayacaq!.. " mən bunun necə baş verməsini görmək istəmirdim, amma nə qədər eləyirdim, gözlərimi yuma bilmirdim. camaatın içində bir mənim gözlərim açıq qalmışdı, bir də çil səftərin kəsik başının od dəydikcə daha da bərələn gözləri. mən durmadan: "Allah! Allah!" çığırırdım. amma çığırsam da, səsim çıxmırdı. bu an gözlərimin örtülməsindən başqa heç nə diləmirdim, bundan dolayı Qurbanolduğuma nə qədər yalvarıb-yaxarsam da, xeyiri yoxuydu. bu vaxt hardansa uçub gələn həmin o tanış, o şikəst göyərçin sinəmə qondu. başımı əydim ki, görüm, gerçəkdən də odu, ya yox? elə bu vaxt, o, qəfildən hər gözümə bir dimdik vurdu. bəbəklərim yırtıldı gözlərimin ağı qarasına qarışaraq yanaqlarımla üzü aşağı axıb getdi və mən gözlərimi yumaraq rahatlandım, ağrı-acım bir göz qırpımında yoxa çıxdı, hər şeyi – çil səftəri də, mürdəşiri də, göyərçini də, dünyada nə varsa hamısını yerli-dibli unutdum, elə bil, cənnətə düşdüm, göylərin sonsuzluğu, hüzuru, dincliyi doldu canıma. qulağıma çil səftərin səsi gəldi: "sən necə də xoşbəxt adamsan, məbudun oğlu!.." gözlərimi açmadan sinəm dolusu nəfəs alıb dərindən bir ah çəkdim...

– Nə möhkəm ah çəkdin, qardaş, qalx görək, nahardı day... –Əlövsət çiynimi yavaşcadan dümsükləyirdi.

...Mən belə məqamlarda Kərbəlayı Əbülfəz babamın "hər yuxunun hökmü olmur" kimi məşhur deyimini xatırlayıram. Bu sözlərin beynimə əbədi həkk olmasına şükür eləyirəm...

* * *

...Çox həlləm-qəlləm bir dünyanın sakini, çox sıntarmış bir həyatın insanı olduğumu gec-tez dərk eləmək yazılıbmış alnıma, demə...

Babamın sözləriylə özümə təsəlli versəm də, gördüyüm yuxunun cəngindən hələ də heç düz-əməlli qurtulmamışdım. Həyətə düşüb əl-üzümü yudum, Keçiqıranın qarşı tərəfdəki xına rəngli çılpaq sıldırımlarına baxa-baxa bir siqaret çəkdim, yavaş-yavaş özümə gəlməyə başladım. Sonra Əlövsətin təkidiylə evə çıxdıq. Ağzımız sulana-sulana, üstündə qaz ətinin qovurması buğlanan masanın arxasına yenicə keçmişdik ki, Abgül onu çağırdı, "gələn var" dedi. Pəncərənin altında Əlövsət həmin adamla uzun-uzadı çənə-boğaz oldu. Arada "kimdi axı?", "çıxıb getsin!", "mənlik deyil, tapşırıq belədi..." kimi sözlər dəyirdi qulağıma. Axırda Əlövsət evə qalxıb məndən utana-utana iyirmi manat pul istədi. "Hə, qardaş, bu dəqiqə..." deyib tez əlimi şalvarımın dal cibinə saldım, bir topa yüzlük, əllilik, iyirmilik çıxarıb ona sarı uzatdım: "al, nə qədər istəyirsən, götür..." dedim. O, pulların arasından bir iyirmilik çəkib qızara-qızara götürdü, "indi gəlirəm" deyib həyətə düşdü. Dözə bilmədim, pərdəni yüngülcə aralayıb baxdım. Gələn adam, rütbəsini ayırd edə bilmədiyim, kərtana oxşayan, lopabığ bir polis zabitiydi. "Əlöysət, dədəmin qəbri haqqı, bu gün rəis başıma oyun açdı ki, get gör o cəbhəçi Giləmərziyə kimi dəvət eləyib? Dedi ki, birdən kəndçiniz mitinq-zad eləyər, birdən Bakıdan-zaddan yığışıb orda təxribat-filan hazırlayarlar, bilmərik. İndi gedib daklad eləməliyəm. Mənim yerimə özünü qoy..." "Başa düşürəm, Nuru, başa düşürəm, səndə taqsır yoxdu, taqsır bu kəndin sukalarındadı, çuğulçu köpəkuşağındadı. Deməli, qonağımın gəldiyi heç üç-dörd saat döyül, artıq gəlişinə bəzək-düzək vurub qoyublar bağaja, hı?.. Pah atonnan! Bəlkə qalxasan evə, bir qismət çörək kəsəsən, hı?.. Xaloğlu döyülük?" "Yox, Əlöysət, vaxtım yoxdu, dədəmin qəbri haqqı, yemişəm, sağ ol. Di qurtar, məni yola sal gedim, gecdi..." Əlövsət pulu onun cibinə basdı.

O, evə qanıqara qayıtdı. Məsələni ucundan-qulağından anladıb, dilxor-dilxor əlini çörəyə uzatdı. Hiss edirdim ki, gözləri dolub.

– Narahat olma, – dedim.

Başını buladı, dinmədi. Heç nə demədən arağın qapağını açaraq yüzqramlıq stəkanlara süzdü, astadan "xoş gəlmisən" deyib özününkünü dərhal başına çəkdi. Qovrulmuş qaz ətindən mənim boşqabıma qoyub, əliylə ye işarəsi verdi, özü də götürdü. Arağı içəndən sonra buğlanan qaz ətindən bir qismət götürdüm, üzümü bir daha ona tutdum:

– Heç narahat olma, Əliş...

– Bulud, bəsdi!.. Necə yəni narahat olma? Birinci dəfə deyil, eey, həmişə belədi! Güdürlər məni, başa düşürsən? Evimə gəlib-gedənlərin, salam verib salam aldıqlarımın hamısının, urus demişkən, atçot-uçotunu aparırlar, köpəkuşağı!.. Elə qəşəng də qoyurlar bağaja ki!.. Canına yel keçməyə qoymurlar heç. Özü də kimlər? – öz kəndçilərimiz, öz qohumlarımız. O gələn heç bilirsən kim idi? Anamın xalası nəvəsi, vicdansız gədə... üç-dörd kəndin sahə polisi Nuru... Ona pul lazımdı eey, nə hərləyir, sən qohumsan, cəbhəçisən, ya kimsən. Bir himə bənddi, adamı boğazlamağa əlinə girəvə düşür dəyyusun...

O, stəkanları bir də doldurdu:

– Sən də deyirsən, narahat olma. Bəs necə yaşayım, harda özümü adam kimi hiss eləyim? Bağışla, Bulud, ortada süfrə də var, Allah keçsin günahımdan, amma yeri gəlib, deyəcəm: bizim bu Keçiqıranda özümü ancaq ayaqyolunda rahat hiss eləyə bilirəm, qardaş, ancaq ayaqyolunda! Vəssalam!

O, gəyirərək dəsmalı ağzına tutdu, gözümün içinə baxa-baxa sözünə davam elədi:

– Sənə qurban, başa düşürsən bu nə deməkdi? Hı?..

Mən yaxşı bilirəm ki, anlamadığım şeylər çoxdu dünyada. Əlövsət danışdıqca qurcuxurdum, nəsə etmək istəyirdim ki, o, sakitləşsin. Guya, onun könlünü almağa çalışırdım, əvəzində öz sandığımı açıb tökürdüm. Görünür, artıq keflilik aləminin qapılarından ikimiz də qoşalaşıb, qol-boyun adlamışdıq "içəri". O indi söz salıb söhbət açdığı kimi, mən də bütün başıma gələnləri ona bircə-bircə danışır, Bürhan həkimin qəbulunda necə olmağımdan tutmuş, ta Moskvada baş verənlərəcən hər şeyi hiccəsindən biccəsinəcən anlatmağa çalışırdım. Əlövsət elə bil, keflilikdən ayılmışdı, gözləri bərəli halda mənə qulaq kəsilmişdi, birdən-birə milyonçu olmuş tələbə yoldaşını – öz doğmaca dostunu heyrət içində dinləyirdi... Dinlədikcə də, adəti üzrə gözündən süzülən yaş, üzünün qırışlarıyla sellənirdi. Elə mən də ağlayırdım...

Bir onu bilirəm ki, danışdıqca keflənirdim. Onu xatırlayıram ki, ayağa duranda, gödəkçəmi kətilin üstündən götürdüm, qoltuq cibinin düyməsini açaraq, əlimi salıb, belinə rezin keçirdiyim bir topa yüzlük çıxartdım və qoydum küncdə üzünə marallı örtük verilmiş televizorun üstündəki büllur konfetqabına. Əlövsət də bunu gördü.

– Bu, qardaşından sənə...

– Gərək deyil!.. Bulud!.. – o, hıçqıraqdan boğula-boğula məni qucaqladı – Götürmərəm!.. Yox...

Bu zaman, gözlərimin yaşını əlimin dalıyla silib, mən də onu qardaşcasına bağrıma basdım:

– Qəti narahat olma... bu, kiçik bir qardaş payıdı... qəti narahat olma... – dedim.

* * *

Artıq üç-dörd gün idi ki, Qaynayan nohura gedib-gəlirdim, amma hələ ortada bir şey yoxuydu, Güllü qarıya çəpkən gülünü gətirə bilmirdim. Bəxtimi söyüb-yamanlayırdım...

Bir gün də axşam Əlövsətlə yenə möhkəmcə "vurduq". Necə yatdığımı xatırlamıram. Gecə yarısı yuxudan ayıldım, gördüm elə pal-paltarlı girmişəm yerimə. Tükürpədici bir gecəydi. Giləmərzinin başı üstündə zəncirini qırmış bir külək çırpınırdı. Evin şifer örtüyü şaqqıldayırdı. Bir tərəfdən də itlər ağız-ağıza verib ulaşırdı. Hər yan işıqlaşmışdı. Ayağa durub kitabların qalaqlandığı pəncərənin pərdəsini araladım. Üfüqlərdən yuxarılara dikəlmiş on dörd günlük Ay, yəqin ki, normal insan gözlərində indi təzəcə qalaylanmış mis teştə oxşayırdı, amma mənim gözümdə gümüşü deyildi, muzeylrdə gördüyüm, dövrələmə paxırı çıxmış bürünc bir tabaq kimiydi, asılmışdı ucu-bucağı görünməyən Keçiqıran dərəsinin üstündə, sanırdım ki, külək ona çırpılsa danqıldayacaq...

Telefonumun saatına baxdım. Saat üç idi. Gözüm mesaj işarəsinə sataşdı. "Allah xeyir eləsin..." dedim və açıb oxumaq istədim, düyməni basdım, mesaj açılmaqdansa telefonum söndü, deyəsən, enerjisi tükənmişdi. İçkinin təsirindən başımın içi uğuldayırdı, səhər açılmamış necə duracağımı, Qaynayan nohura necə gedəcəyimi düşünürdüm, amma bir qərara gələ bilmirdim. Bu yandan da bu mesajı kimin göndərə biləcəyini fikirləşirdim. Enerjiyükləyicim yox idi ki, gecə gözü telefonumu işlək hala gətirə bilim, ümid sabaha qalırdı. Deyəsən, bu sabah heç çəpkən gülünün dalıyca da gedə bilməyəcəkdim. Pəncərədən süzülən Ay işığı düz masanın üstünə düşürdü, stəkanımda boyat çay qaldığını gördüm, içim susuzdan alışırdı, götürüb yanğıyla içdim və girdim yerimə. İtlərin ulartısı və köhnə dam örtüyünün şaqqıltısı kəsmək bilmirdi...

...uzun bacaqlı atlı qarışqanın cəsədini bəbəkləri bərəlib qıpqırmızı qanla dolmuş dəmbələngöz öküzün belinə yıxmışdılar. öküzün buynuzunun biri qırılmışdı, qırıq buynuzuna baxtımın şikəst qaraçuxası – həmin o çolaq göyərçin qonmuşdu, boynunu yetim-yetim içinə qısıb büzüşmüşdü. öküz düz keçiqıranın sıldırımlı yerlərindəki dar cığırla yavaş-yavaş yeriyir, ardıyca da, əyni ağ bürüncəkli, əlində də uzun bir çubuq tutmuş çil səftər gedirdi. o, tez-tez dönüb geri baxır, sonra çubuqla öküzü vurur, "ho!.. ho!.." deyirdi. külək atlı qarışqanın sınmış bacaqlarını, qırıq qanadlarını yellətdikcə çil səftər ağlayırdı... ağlaya-ağlaya da deyirdi: "yeri də!.. yeri də, a çərdəymiş!.. yenə o dığanın kəsik başı diyirlənə-diyirlənə gəlib özünü çatdıracaq, kəsəcək yolumu ki, niyə məni bu günə qoymusan? tərpən də, a dırnağına poxolmuş!.." öküzsə addımlarını yeyinlətmir, amma ara-bir boynunu irəli uzadıb var gücüylə böyürürdü...

Var gücüylə "mooo..." eləyib həşir salan inəklərin səsinə gözümü açdım. Deyəsən, sağım vaxtıydı. Düşündüm ki, Abgül də bu vaxt inəkləri sağır yəqin. Təzəcə geyinməyə başlamışdım, Əlövsətin səsi gəldi:

– Bulud, durmusan?

– Hə, gəldim...

"Görəsən, yuxudan durmasaydım, dığanın kəsik başı Çil Səftəri haxlaya biləcəkdi? Bəs Çil Səftərin o "dığa" dediyi kim idi elə?.." – pilləkənləri düşəndə, mən hələ də bunu fikirləşirdim. "Allah sən saxla, axırda dəli olacam, vallah..." Yaxşı ki, elə "hər yuxunun hökmü olmur"a güzgüdəki mən qədər inanıram...

– Gedək səni ötürüm...

Heç nə demədim. Yanaşı yola düzəldik.

Külək kəsmiş, Ay hələ batmamışdı. Hər yan işıqlıydı, amma hava soyumuşdu, ayaz adamı kəsirdı lap. Yaxşı ki, Giləmərziyə gələndə gödəkçəmi də götürmüşdüm. Əlövsətin çiynində qoşalülə tüfəng vardı, "Bunu niyə götürmüsən?" soruşdum. "Sənə verəcəm, at çiyninə. Meşəyə girəcəksən axı. Birdən çaqqaldan-maqqaldan çıxar qabağına, qorxudar səni..."

Güldüm. "Bəs bu neçə gündə bu, ağlına niyə gəlməmişdi?" soruşmaq istəsəm də, bu fikrimdən vaz keçdim. Heç nə demədən tüfəngi alıb çiynimə atdım. Əlli-altmış metr getmişdik, telefonumun sönük olduğu düşdü yadıma, bu barədə Əlövsətə dedim. Kimdənsə mesaj gəldiyini, amma oxuya bilmədiyimi də söylədim. O, telefonu alıb, mən qayıdana qədər enerji yığmağa qoyacağını bildirdi. Yol meşəyə girəndə, Əlövsət qayıtdı, mənsə içimdə qəribə bir nigarançılıq Qaynayan nohura sarı getməyə başladım.

Nohurun qırağında oturub sudan qalxan zəif kükürd qoxusunu içimə çəkə-çəkə, qaynamanın pıqqıldamasını dinləyirdim. Fəcr doğurdu. Bu çox möcüzəli bir görüntüydü. Günəş doğmamışdan çox öncə üfüqdə ilahi bir işıqlanma baş verirdi, göy üzü avazıyırdı. Amma məni intizarda qoyan çəpkən gülü açmaq bilmirdi. Fəcr məni əməlli-başlı tilsimləmişdi.

Kərbəlayı Əbülfəz babam deyərdi ki, bizim sübh namazımız fəcrin doğuşuyla başlar...

Gözümü avazıyan üfüqlərdən çəkib suların buğlana-buğlana axıb-töküldüyü dərənin qırağına dikmişdim, həsrətlə çəpkən gülünün zühurunu gözləyirdim. Ondansa heç bir xəbər yoxuydu. Bir az sonra, Keçiqıranın başı üstə, uzaq üfüqlərdə dan atdı, günəş doğdu... Tüfəngi qucağımdan yerə qoyub əl-üzümü yudum. Bu zaman Güllü qarının dəstəmaz almaq barədə tapşırığı yadıma düşdü, artıq gec olduğunu anladım, buna əməl etməməyimə görə üzüldüm, bu şərti unutduğuma hayıfsılandım. Heç mən ağ dəsmal da gətirməmişdim, gül açmış olsaydı, onu dərəsi olsaydım belə, bükməyə heç nəyim yoxuydu...

Evə dönəndə, Əlövsət artıq satmaq üçün raoyna ağartı aparmışdı. Gülab səhər naharı hazırlayıb süfrəyə qoymuşdu – gilə yumurta, pendir, yağ, yuxa... Həmişəki kimi, hamısı da öz məhsullarıydı, öz təknələrindəniydi. Küncdə kətilin üstündə, altına köhnə bir mis tava qoyulmuş qədimi samavar dızıldayırdı. O, bir stəkan çay süzüb qarşıma qoydu, otaqdan çıxanda bir anlığa dayandı:

– Bulud qardaş, Əlöysət telefonuuzu pəncərəyə qoyub. – Dedi. Əliylə pəncərəni göstərdi – Odeey ordadı.

– Yaxşı, – dedim – götürərəm. Gülab bacı, yeri gəlmişkən, Güllü nənəyə deyərsiz, bu gün də nohurdan əliboş qayıtmışam.

– Deyərəm.

Səhər naharını iştahla yedim. Çayımı içib pəncərədən telefonumu götürdüm, enerjiyükləyicini şəbəkədən çıxardım, amma baxdıqda, mesajı tapa bilmədim, deyəsən silinmişdi. Əlövsətdən başqa bunu kim silə bilərdi? Yəqin ki, heç kim. Ondan başqa evdə kim vardı axı? Sözsüz ki, Abgülün telefondan başı çıxmırdı, bilmiş olsaydı belə, məncə heç vaxt bunu etməzdi. Bəs Əlövsət nədən bu mesajı silmişdi, niyə belə etmişdi? Anlaya bilmirdim...

Günortaya yaxın o, Umudla birgə qayıtdı, tərin-qanın içindəydilər. Keçiqıran kələklərini kəsmişdi. Gözümə birtəhər dəyirdilər. Nəsə baş verdiyini Umudun belə tez qayıtmasından, üzünün səyriməsindən duyurdum. Qanı it qanından qaraydı. Əlövsət gözlərini yayındırır, çalışırdı üzümə baxmasın.

Ürəyim düşdü. Birtəhər özümü toparladım:

– Noolub, qağa, noolub sən Allah? Salamatlıqdı?

Umuddan cavab gəlincə o dünyanı görüb qayıtdım. Amma necə qayıtdım, onu bir Allah bilir.

– Hə... Salamatlıqdı...

– Şükür...

– Şükür eləməyə tələsmə hələ, gör nə deyirəm...

Divana çökdüm. Səsim dolaşa-dolaşa dedim:

–Sən dədə qəbri, uşaqlara bir şey olubsa, bəri başdan de...

O susdu. Kirimişcə hissiz-həyəcansız bir görkəm aldı. Çiyinləri salıxdı, sanki mürmüc oldu, ürəyimi parçalayan xofundan əsər-əlamət qalmadı.

İlk dəfəydi ki, onu belə yazıq görkəmdə görürdüm. Dillənincə, qulaqlarıma inanmadım, elə bil səsi yad bir adamın səsiydi. Astadan:

– Şirvan sənə mesaj göndərib. – dedi – Yazır ki, mən getdim Suriyaya – cihada. Yazır ki, siz hamınız cahilsiz, Allah-sübhan-təala sizə hidayət eləsin!..

Matım-qutum qurudu. Elə bil, dilim batdı.

Əlövsət başını buladı:

– A başınıza dönüm, mən az-maz bu siyasət zibillə məşğul oluram, elə dindən də başım pis çıxmır. Axı o xarabada hansı cihaddan söhbət gedə bilər? Orada iqtidar-müxalifət savaşı gedir, cihadsa Allah yolunda gedən savaşa deyirlər. Bu uşağı görəsən hansı it oğlu çaşdırıb belə?

Dilim söz tutmurdu, elə bilirdim ağzım üyüşüb. Neyləyəcəyimi bilmirdim. Təkcə, dünyanı sarı rəngin içinə pərçimləmiş bədbaxt gözlərim diriydi... Gah Umudun, gah da Əlövsətin qibləsi çönmüş üzünə baxırdım, amma heç nə dəyişmirdi. Otaqda get-gedə sarı rəngə bələnmiş hər şeyin tutqunlaşdığını duyurdum. Gördüklərimin rəngi qatılaşdıqca, elə bil, gündüzün günorta çağı dünyaya yavaş-yavaş çox tutqun, çox da tünd, sapsarı, sarıdan da o yana qorxunc bir axşam çökürdü, axşam düşdükcə də qulaqlarım uğuldayırdı. Umud nəsə deyirdi, Əlövsət başını yelləyir, hərdən onun sözlərinə təkan verirmiş kimi o da nə haqdasa üyüdüb-tökürdü, bu doğma, əziz insanların, elə bil, səsləri səs deyil, qəribə də olsa, şaqqalanmış ət parçalarıydı, sarının qatı çalarlarında boğulan bulanıq havadan sallanmışdı. O səslər, nəyə görəsə, gözəgörünməz bir hərləncəyə vurulan qənarələrdən asılmış qorxunc, əcaib varlıqların dərisi soyulmuş cəmdəkləri kimi gəlirdi mənə, yellənə-yellənə hər dəfə vücuduma toxunduqda oturduğum yerdəcə ağır zərbələrindən ləngərləyirdim. Heç nə eşitmək, heç nə görmək istəmirdim. O səslərdən ürpənirdim, qaçmaq, qurtulmaq istəyirdim, amma bacarmırdım. Elə bilirdim ki, ayaq üstəyəm, bu səslər hər dəfə mənə çırpılanda səndələyib yıxılacam. Qaçmağasa yer yoxuydu, dalana dirənən canım çalpaşıq bir burulğana düşmüşdü, gah da elə bilirdim sanki məni divana sarıyıblar, ayaqlarımı döşəməyə mismarlayıblar, neyləsəm də tərpənə bilmirdim. Bütün bu baş verənlərin qarışıqlığı içində özümdən ixtiyarsız gözümün qabağına Şirvanın körpəliyi gəlirdi, Şəfiqəylə birgə öpə-öpə, nazını çəkə-çəkə bəslədiyimiz bu totuq, bu koppuş balamın doğulduğu gündən bu yana keçdiyim yolu sanki indi tərsinə yüyürürdüm, di gəl ki, gördüklərimdən heç nə anlaya bilmirdim, hər şey bu anda bir-birinə dolaşmış haldaydı. Dumanlı da olsa yadıma gəlirdi ki, Şirvanın bir yaşı vardı, bir aylıq Rusiayaya elmi-mübadilə məzuniyyətinə gedəndə, onun üstü sarı çiçəkli papağını gizlincə çantama qoymuşdum, gecələr yerimə uzanıb darıxanda qoxulayırdım, iyini duyunca canım dinclik tapırdı, həm də o munis qoxuyla çəkdiyim şirin intizarın qarışığından doğan hissdən gözlərim xoşbəxtcəsinə dolurdu, indi isə onunla bağlı hər şey – gördüklərim də, duyduqlarım da, yadıma salmağa çalışdıqlarım da, sanki bir fırtınaya düşüb içimdə sürətlə gərdiş etməyə başlayan nəhəng bir hərləncəkdə fırlanır, getdikcə bu hərləncəyin sürəti artır və gördüyüm canlı-cansız nə varsa, qayıb, qəddar, amansız bir əllə silinib-pozularaq görünüşünü itirir, ölçüyə gəlməyən bir şəkildə tanınmaz hala düşürdü... Umudun, Əlövsətin bu an məni son dərəcə qorxunc, bədheybət bir toxunuşla yağır edən səsləri bir-birinə çırpılaraq yozumagəlməz bir uğultu qoparırdı, gözümün önündəcə surətləri pozula-pozula silinib gedirdi. Onları daha nə eşidirdim, nə də görürdüm. Ölü varlıqların nəhəng cəmdəkləri kimi hərlənərək mənə çırpılan səslərindən içimin bir küncünə qısılan ruhum bayılırdı deyəsən. Eləcə, heç nə ayırd edə bilməyən gözlərim hər şeylə barışırmış kimi selin-suyun içində yavaş-yavaş yumulurdu...

Aradan nə qədər vaxt ötdüyünü bilmirəm, divanda uzandığımı anladım, eşitdiyim ilk sözlər bunlar oldu: "Hə, day mən gedirəm. Gülab, apar məni daxmama. Siz də qorxmayın. Bayılıb. Bir az keçsin, ayılacaq..." Deyəsən, Güllü qarının səsiydi. Abgül onun qoluna girib aparanda, Əlövsətə: "Sabah cümədi, çəpkənin açan günüdü. – Dedi. – Qoyun dincəlsin, fəcr doğanacan Qaynayan nohura gedər, əlbəəl. Gülü gətirsə, üçcə günə sağaldacam..."

Burnuma tünd sirkə iyi gəlirdi. Qoxulayıb ayılmağımdan ötrü, deyəsən, sirkəyə batırılmış pambıq dürtmüşdülər burnuma. Amma gözlərim açılmırdı. Vücudum daş kimi süst olsa da, özümü qu tükü yüngüllüyündə hiss edirdim. Elə bilirdim, yüngül külək əssə, məni sovurub göylərə aparacaq...

" – Bəs o biri oğlunun xəbəri yoxdu qardaşından?

– Kimi deyirsən?

– Sarvanı.

– Heç o da fərli kopoyoğlu döyülmüş...

– Nağayrıb ki?"

Bunları Əlövsətlə Umud öz aralarında xısınlaşırdı. Eşitsəm də, söhbətə qoşulmağa, nəsə bir söz deməyə heç bir amanım yoxuydu, artıq eşitdiyim səslər adi səslər idi, amma hələ ki, bu səslərin, sözlərin kölgələri sürünürdü içimdə, özlərisə görünmürdülər, qayıbdaydılar, ona görə də heç bir kəlmənin məğzini-mənasını çözüb-anşıra bilmirdim, elə bil, yabançı bir filmə baxırdım: titrlərdə yad dildə sözlər yazılırdı, oxusam da, anlaya bilmirdim, heç bir şey mənə aydın deyildi, yəni, qulağımın dibindəcə gedən söhbətin nədən getdiyini anlamırdım...

"– Əlöysət, sən yad adam döyülsən, sən də bu bədbaxt, bu mağmın qardaşımın bir sirdaşı, bir dostusan. Elə bilirsən, Sarvan düz-əməlli uşaqdı? Oğluma zəng edib ki, atam Moskvada olanda anamın ruhuna xəyanət edib, qonşudakı yarıazərbaycanlı, yarırus bir qadınla içib piyan olub, bizim yatağımızdaca kef eləyib. Bunu bu yaxınlarda o qadın öz ad günündəki qonaqlıqda keflənib özü açıb-ağardıb, özü danışıb mənə. Onunla kef çəkəndə, sən demə, utanıb-qızarmadan atam o qancığa "Şəfiş... Şəfiş..." deyirmiş. Məni bu yandırır! Bunu atama heç vaxt bağışlamayacam! O bilir ki, mən anamı nə qədər istəyirdim. Anam öləndən sonra hansı hallar keçirdiyimi, illərlə ağlar qaldığımı, indi-indi güclə özümə gəldiyimi hamınız yaxşı bilirsiz. Bu söhbəti eşitdiyim gün əsəbimdən "düt" deyincə içmişəm, kazinoda pulların çoxunu uduzmuşam, əlimdə qəpik-quruşum qalıb...

Umud danışdıqca, elə bil, boğulurdu.

"– Əlöysət, başın haqqı, oğlum ona deyəndə ki, bəs, ay əmoğlu, sən içən, qumar oynayan deyildin axı, sənə nooldu birdən-birə? Qayıdıb nə desə yaxşıdı? Deyib ki, həm atamın törətdiyi o biabırçılıq, həm də Şirvanın axır vaxtlar o pulların böyük hissəsini xeyriyyəçilik adı altında ərəbistanlı "qardaşlarının" hesabına köçürmək istəyi, məni şaşırtmışdı. Üz döndərməkdən başqa atama qarşı neyləyə bilərdim ki? Amma Şirvana aman vermədim, əvvəlcə onu evdə qəşəngcə döydüm, ağzını, burnunu əzişdirdim, yerə yıxıb o murdar saqqalını yoldum, sonra hirsimdən içdim, kefləndim, elə kefli-kefli yoldaşlarımla milyonçuların kazinosuna getdim. Bir gecədə kazinoda atamın mənə etibarnaməylə verdiyi pulların az qala hamısını uduzdum... "

Umudun səsi çiskinə düşmüş kimi yüz yerdən damırdı sanki – hamısı da mənim üstümə... İslana-islana, üşüyə-üşüyə dinləyirdim, amma tərpənə bilmirdim, cınqırımı da çıxara bilmirdim, heç nə başa düşmürdüm çünki...

" – Əlöysət, Bulud sənə deməmiş olmaz, biz Sarvanla hazırlaşırdıq ki, mənim işlədiyim istirahət mərkəzini alaq. O, qabaqcadan xeyli pul da ödəmişdi. Amma bu dəfə oğluma deyib ki, əmimə de, day istirahət mərkəzini alası olmadım, param yoxdu, gedirəm xaricə, birdəfəlik... Ala bilirsə, özü alsın, ala bilməsə verdiyimiz behi geri qaytarmağa çalışsın. Deyib ki, özüm utanıram deməyə, sən bunları birtəhər çatdırarsan evdəkilərə, deyərsən, bir rumın qızıyla izdivac qurmuşam, körpəmiz də olacaq, neyləyim, belə alındı, məni bağışlasınlar, gedirəm o qızın vətəninə, özü də ömürlük, mənə elə xəyanətkar ata, o cür təpəsi köndələn, iyrənc qardaş lazım deyil...

Əlövsət də vaysınırdı:

"– Bu da belə... Yazıq Bulud indi bilməyəcək gözlərinin hayına qalsın, balalarının dərdini çəksin, yoxsa, pulunun... "

"– Gül kimi qardaşımın tifağı dağıldı... Bunları bilsə, bağrı çatdayacaq. Sən özgə adam döyülsən, ay Əlöysət, mən Sarvana – o dəyyus gədəyə inanmıram artıq, inana bilmirəm, tövbə. İnanmıram ki, o, pulları kazinoda, qumarxanada uduzub. Məncə, bu, fırıldaq bir uydurmadı, qurama bir oyundu. O, məndən möhkəm sızır, yoxsa, tarıya tabaq aparardı, vallah, bəlkə bu mağmın dədəsini də öldürərdi. Nə qədər qəddar olasan ki, nə qədər rəhmsiz olasan ki, doğmaca atana qarşı belə bir oyun qurasan... Bəlkə də, bu dılğır həm dədəsini, həm də o başdanxarab qardaşını çoxdan öldürərdi ki, pullarla irahatca hərəkət eləyə bilsin. Sadəcə məndən qorxur. Onun dedikləri saxtadı, yalandı, böhtandı qardaşıma qarşı.... Qardaşımın oğraşlıq eləməyinə inanmıram. Yox eey, bir də bu bədbaxt belə iş tutmaz heç vaxt, bilirəm. Lap belə bir şey olubsa da, noolsun, böyük bir fəlakət-zaddı? Hı?.. Kişidi da, özü də dul. Hələ məni də müdiriyyətimin yanında bir qəpiklik elədi bu mütrüf! Müdir yeri dəbbələdiyimi eşitsə halım necə olacaq bilmirəm, kişini əməlli-başlı yubatmışam, o xarabanı indiyə çoxdan satmışdı başqasına... Sənin canınçün, Əlöysət, lap başım şişib, yazıq qardaşımın malı-pulu belə, uşaqları da ki, belə... "

Umudun səsi titrəyirdi, deyəsən o, ağlayırdı, urvatdan düşmüş hökümlü səsi çarəsizcəsinə öləziyib-titrədikcə, elə bil, deşik-deşik olurdu, daman damcılar daha da gurlaşırdı, mən daha da bərk islanırdım, daldalanacağımsa yoxuydu. Elə bil, bir çölün düzündə, adamın iliyinə işləyən divanə bir leysanın altında çılın-çılpaq, sığıncaqsız qalmışdım.

Bütün deyilənləri eşidirdim, amma yenə deyirəm, içimin qaranlığında işıqlaşdığı andaca zülmətlərə təpilən, hələ ki, mənə iztirablar belə yaşatmağa cəhd etməyən bu sözlərin surətlərini, şəkillərini görürdüm. Onlar yaddaşıma yazılmağına yazılırdı, di gəl, elə bil, o andaca pozulurdu və mən heç nə çözüb-çözələyə bilmirdim. "Nə baş verirdi, İlahi, axı mənim taqsırım nəydi?.." düşüncəsindən də bu an çox-çox uzaqdım. Söhbətin Sarvandan, Şirvandan, puldan-paradan getdiyini dumanlı da olsa başa düşürdüm, arada Suriya, kazino, qancıq, izdivac, rumın qızı, pul-para, Şəfiş... kimi sözlər içimin qaranlığında qərib, uzaq bir adanın dumanlarda sayrışan mayakı kimi solğun-solğun yanıb-sönürdü...

Sirkənin qoxusu elə bil beynimin içini genəldib, düzləyib futbol meydançası boyda boşluğa çevirmişdi. O boşluq ayazla doluydu, elə bil, o boşluğun soyuğu kəsirdi, dondururdu ağlımdakıları... Umuda bu an zəng gələndə də, "Yenə məni müdiriyyət əlbəəl çağırır bu soxasoxda!" deyib hirsindən telefonu yerə çırpanda da, heç nə anlaya bilmirdim... Zehniyyətim tamam kor olmuşdu, elə bil beynimin bir tərəfi Keçiqıran dərəsi kimi uçuqlamışdı, qədəmini basan hər şey üzünü mənə göstərmədən, məqsədini bildirmədən gurulum-guppaz yıxılırdı gedər-gəlməzə...

Ürəyimin çırpına-çırpına kobud bir süngər kimi sürtüb şəhrəsini çıxardığı içimin qaranlığı iki yerdən çərtilmişdi: yəni, deyəsən, göz qapaqlarım aralanmışdı... Bu an mənimçün o çərtiklərdən süzülərək içimin zülmətini limhəlim dolduran bozumtul sarıya çalan bu bulanıq işıqdan dəyərli bir şey yoxuydu ...

Gözlərimi aralanan görüncə, Əlövsət alnımdan öpdü:

" – Sən dincəl, dincəl qardaş. – Sonra da, üstümü örtüb, sakitcə: – Gedək, Umud, səni də ötürüm, Buluda görə narahat olub müdirinlə üz-göz olma, qoy qardaşımız bir az dincəlsin – dedi. – Bir-iki günə nənəm gözlərini sağaldacaq, inşallah, heç olmasa dərdinin biri yüngülləşər qardaşımızın. Vallah, birdən-birə buna nooldu belə, heç nə kəsdirə bilmirəm, basaratı bağlandı, ya vurma-çalmaya düşdümü bu mağmın?.."

Umud da alnımdan öpdü və onlar otağı tərk etdilər.

Key-karnax bir durumdaydım, baş verənləri unudulmuş bir yuxu kimi ha xatırlamağa çalışsam da aldıra bilmirdim. Anlamağına "Sarvan", "Şirvan" kəlmələrini anlayırdım, bilirdim bu deyimlər dilimin ucunda bir cüt qaranquş kimi çoxdan yuvalayıb, amma məğzində nə durduğunu bilmirdim. Bilirdim ki, bu sözlər mənə çox doğmadı, amma nəyi özündə daşıyır, mənası nədi, bax bu mənə qaranlıq idi. Sehirbaz yaylığının altından nə çıxacağını səbirsizliklə gözləyən balaca uşaqlar sayağı, bu sözlərin alt qatından nə çıxacağının çox fərqindəydim, amma yaddaşım beynimin qaranlıq, kimsəsiz çöllüyündə təkərləri buraxmış, yanacağı tükənmiş köhnə avtomobil kimi hərəkətsizcəsinə çökərək sönmüşdü...

* * *

...hərbi parad başlamışdı. topları, raketləri daşıyan texnikalar, cərgəylə düzülmüş tanklar, zirehli maşınlar azadlıq meydanı boyunca musiqi sədaları altında irəliləyirdi. qabaqda əllərində anlaşılmaz sözlərlə dolu şüarlar tutmuş insanlar gedirdi. hamıdan öndə güllü nənə və moskvada göyərçinlərə çörək doğrayan həmin o üzü şülək-şülək şırımlı qarı əkiz bacılar kimi əl-ələ tutub ağır-ağır addımlayırdılar. onlardan öndə çil səftər, qıçları qırıq azman atlı qarışqa, buynuzunun biri sınmış dəmbələngöz öküz, bir də ən qabaqda dümbəyini əyə-əyə baxtımın şikəst qaraçuxası – həmin o çolaq göyərçin gedirdi... dörd tərəfdə alqış yağdıran insanlar topalaşmışdı. nəhəng qaragüruhun arasıyla əlində kəlləütən tutmuş, qara eynəkli, sifətdən ətyeyən quşlara oxşayan uzundraz mürdəşir və onun da dalıyca yapayalqızca kəhrəba rəngli bir pişik gəlirdi. deməli, ən öndə şikəst göyərçin, ən sonda isə ac pişik yorturdu. deyilən hər şüarın sonunda səsgücləndiricidən bütün şəhərə yanıqlı-yanıqlı bu sözlər yayılırdı: "yadınızda qalsın, göyərçinlərə inanmayın, qiyamət günü canlılar içindən dünyanı ən sonuncu tərk edən pişiklər olacaq, pişiklərə inanın!.." pişiksə meydan boyunca düzülmüş, qanlı qolları dirsəyə qədər çırmalı olan qəssabların təzəcə soyaraq yola sərdikləri buğlanan qara rəngli inək dərilərinin üstüylə yeriyir, quyruğunu dik tutub, belini qabardaraq elə bərkdən miyoldayırdı ki, səsi mikrofonun da gurultusunu batırırdı...

Hə, düz fəhm edirdim: bu, pişik idi, pişik səsiydi, evin içinə pişik girmişdi, bərkdən miyoldayırdı. Ayağa qalxıb işığı yandırdım. Saat beşə qalmışdı. Səhərin açılmasına hələ çox vardı. Pişik susmaq bilmirdi, otağın bu küncündən-o küncünə qaçaraq həyəcanla miyoldayırdı. Onu otaqdan çıxarmaq istədim, tullanıb kitablar olan pəncərəyə çıxdı, bu zaman yerə yazılı vərəqlər töküldü. Mən əyilib vərəqləri yerdən yığarkən pişik düşüb qaçdı, aralı qalmış qapıdan otağı tərk elədi. Deyəsən, bu vərəqlərdə yazılanlar Əlövsətin Türkiyədə həkimlik oxuyan qızı Xumarın qeydləriydi. Maraq güc gəldi, oxumağa başladım:

"Narsissizm – (özündənrazılıq) insan inkişafının ən erkən dövrüdür. Bu dövrə qayıtmış insan sevmək qabiliyyətində olmur. Son həddi ruhi xəstəlikdi..."

"Afaziya – danışma çətinliyi. Afaziya beynin sol yarımkürəsində yaranan nitq pozğunluğudur və özündə nitq fəaliyyətinin sistemli pozğunluğunun bir neçə formasını ehtiva edir."

"Asfiksiya – nəfəs çatışmazlığından ölüm..."

Qeydləri bir ucdan oxuyaraq üyüydüb-tökürdüm, amma başıma heç nə girmirdi. Çünki beynimin darvazaları bağlıydı, bu oxuduqlarımsa o darvazaların önündə boynuburuq qərib yolçular kimiydi, haçansa bu tilsimli, müdhiş qalaya girəcəklərinə umudsuz yolçular kimi baxırdılar...

Növbəti vərəqin başlığında "Nənəmin ilginc resept örnəkləri" yazılmışdı. Birinci resept beləydi: "Ağır iflic keçirmiş insanın müalicə qaydası" – 1. qırx litrlik mis qazanı küllükdən yığılmış sür-sümüklə doldurmaq, üstünə bir piyala su tökərək üç gün, üç gecə şam kimi zəif odda qaynatmaq; 2. qırx litrlik mis qazan dolusu kəklikotu köklərinin üstünə bir piyala su tökərək üç gün, üç gecə zəif odda qaynatmaq; 3. yüz ədəd toyuq yumurtasının sarısından yağ almaq (yağın alınma qaydası: çiy yumurtanın sarısını ağından ayırıb möhkəm qızdırılmış, yağsız, quru tavaya vurmaq və tavanın bir qulpundan tutub yüngül qaldıraraq onu bir qədər çəpləmək, bu zaman cızıltıyla bişməkdə olan yumurta sarısından bir damla şəffaf maye ayrılaraq tavanın o biri tərəfinə axacaq ki, buna yumurta yağı deyilir), alınan yağı kasaya süzmək; 4. Sümüklərdən, kəklikotundan alınan məhlulları bir-biriylə qarışdırmaq, üstünə yüz ədəd yumurta sarısından alınan yağı əlavə etmək, xəstəni güclü qalanmış odun sobasının böyründə çılpaq soyunduraraq iflic olan tərəfini həmin qatqıyla möhkəmcə ovxalamaq, məlhəmi tamamilə bədəninə hopdurmaq; 5. həmin vaxt qara rəngli bir inək kəsmək, onun soyulmuş dərisini isti-isti xəstənin çılpaq bədəninə bürümək, çığırsa belə əhəmiyyət verməmək və onu üç gün, üç gecə qızmar soba böyründə həmin dəriyə bürüncəkli şəkildə uzandırmaq.

– Yandııım!!! Yandııım, ay Allah!!! İstəmirəəəm!!! İstəmirəəəm!!! Yooox!!! Yooox!!! Yandııım!!!..

Bir qədər sonra tuman-köynəkdə yuxulu-yuxulu içəri yüyürən Əlövsət məni qolları arasına aldı:

– Sakit ol, sakit ol, Bulud! Hər şey qaydasındadı... Hər şey qaydasındadı...

Əlövsət məni qucaqlamışdı. Sən demə, uzun müddətdi otağın içində var gücümlə bağırırammış, əlimdə də qızın qeydləri olan əzilmiş vərəqlər. O, məni sakitləşdirib divana otuzdurdu.

– Yuxu görmüsən, nədi?.. – deyə ovcumda titrəyən kağızları əlimdən alaraq fərqinə belə varmadan pəncərəyə atdı.

Başımı aşağı salıb susdum. Handan-hana:

– Hə... – Dedim. – Bir də sobanı o gurluğunda qalama, ölüm ayağının altında, Əliş, bir də məni o qara inəyin dərisinə elə bükmə, yandırır, pis yandırır, Əliş... Bir də o uzundraz mürdəşirə de ki, məni o dəriyə möhtac eləməsin, noolar, qurbanın olum...

O, məni qucaqlayıb başımı sinəsinə sıxdı. Deyəsən, kövrəlmişdi – sinəsi titrəyirdi çünki. Əlövsət bir xeyli beləcə, səsi titrəyə-titrəyə, "sakit ol... sakit ol..." deyə-deyə mənə təsəlli verdi, bir qədərdən sonra sakitləşdiyimi görüb:

– Dur yavaş-yavaş çıxaq havaya, – dedi – gəzə-gəzə gedək Qaynayan nohura sarı, hava da əladı. Allahın təmiz havası dəyər sənə, ayılarsan, fikrin də dağılar. İnşallah, bu gün çəpkən gülünü də gətirərsən, Güllü nənəm gözlərini sağaldar...

Sonra Əlövsət gedib əynini geyindi, bir badya buz kimi soyuq su, bir də ləyən gətirdi:

– Dəstəmaz al, sonra gedək.

Dəstəmaz aldım. Tövbəsiz-filansız. Namazqılan olmasam da, ömrümdə ilk dəfə etdim bunu. Qəbul olacaqdımı? – orasını bilmirəm...

O, divardan asılmış dəsmalı götürdü, çiynimə ataraq üzümə baxdı:

– Bu ağ dəsmala da çəpkən gülünü bükərsən.

Sonra yan otağa keçib bir mələfə də gətirdi:

– Çiməsi olsan, bununla qurulanarsan, gecə gözü qətfə tapa bilmədim – dedi – getdik, Bulud, Allahdan xeyirlisi...

Key-key başımı tərpətdim, gödəkçəmi götürüb onun dalıyca eşiyə çıxdım.

* * *

Qaynayan nohura on-onbeş addım qalanda, Əlövsət məni meşənin aşağısında, cığırın qırağındakı cökə pöhrəliyində gözləyəcəyini dedi. O, mənə arxayınca işimi görməyi, gülün açmasını gözləməyi, tələsməməyi məsləhət gördü, fəcrin tezliklə doğacağını bildirdi.

Bəzi günlərini saymasaq, mənim baxtımdan bu il dekabr ayı olduqca mülayim keçirdi. Bu gecə də havada bir ilıqlıq vardı. Nohura çatan kimi soyunub suya girdim, xeyli irəliləyib çiməcəkdən o yanda, suyun dərəyə sarı axıb töküldüyü yerin yaxınlığında çömbələrək dibə çökdüm. Su çiyinlərimi örtdü, təkcə başım qaldı bayırda. Suyun hərarəti canımın istisiylə həmahəng idi, ləzzət eləyirdi. Ayağımın altında çaqıl daşlar oynadıqca bütün bədənim şirin-şirin güməşirdi. Hər şeyi unutmuşdum. Heç suya niyə girdiyimi də bu məqamda anşıra bilmirdim. Burnuma dolan zəif kükürd qoxusu başımın içini ayazıdırdı. Ara-bir Keçiqırandan bayquş ulartısı gəlirdi, uzaqlarda çaqqallar da ağız-ağıza verib ulaşırdılar, kəndin gecə gözü bir-birinə qoşularaq isqıyan itləri mənasız-mənasız ulduzlara hürüşürdü. Canlılar bu sirli vaxtda bəlkə də öz dillərində bir-birlərinə hansısa mesajlar verirdilər. Nohurdan dərəyə tökülən suyun səsi aşağılarda boğulurdu. Buxar o səsin ruhu kimi qalxıb göy üzündə itirdi. Uzaq dağların başında isə fəcr doğurdu. Dərənin o üzündə çılpaq sıldırımlar vahiməli-vahiməli qaranlıqlardan sıyrılırdı. Nəsə qanad səsi eşitdim. Göy üzünə boylandım. Heç nə yoxuydu. Gözlərimi nohurun çılın-çılpaq sahiliylə gəzdirib suyun dərəyə tökülən yerinə zillədim. Ah! Budur! Sağ əldə, düz nohurun qırağında balaca bir daşın yanında sapsarı bir gül, – özü də necə gül! – bu mehsiz-küləksiz havada mənə sarı diri-diri titrəyən bir gül açılırdı, İlahi... Ovuc içi boyda, sapsarı, qalın ləçəkli... O qədər canlıydı ki, dindirsəm, danışacaqdı sanki... Beş-on addımlığımdaydı... Heyrətdənmi, sevgidənmi, qorxudanmı, sevincdənmi suyun içindəcə, çökdüyüm yerdəcə donub qalmışdım.

– Hə, nə baxırsan? Sən hələ bir qollarını yana aç! Sən hələ bir qollarını çıxart sudan görək!..

İlahi, bu nə səsdi belə? Qulaqlarımda uzun-uzadı qaytarış verən bu səs nə qədər doğmadı, İlahi? Qəfil mənə elə gəldi ki, mən bütün ömrüm boyu bu sehirli səsin sorağında olmuşam, bütün ömrümü bu səsi axtarmağa xərcləmişəm...

– Hə, nooldu? Tərpənsənə...

Bu, o idi!.. Çəpkən gülünün yanındakı daşın üstünə qonmuşdu! Həmin o! – bəxtimin şikəst qaraçuxası! O mənə diqtə edirdi... Özümdən asılı olmadan mən bu diqtəyə bütün içimlə, canımla, başımla, varlığımla təslim olurdum. İradəmdən asılı olmayan səhərlərin doğuşuna, axşamların düşməsinə və ya yaş üstə yaş gəlməsinə boyun əydiyim kimi, çar-naçar, ixtiyarsız təslim olurdum ona...

Onun dediyi kimi, qollarımı ixtiyarsız yanlara açıb suyun içində yavaş-yavaş ayağa qalxmağa başladım.

– Başını döndər, bir qollarına bax!..

Baxdım... İlahi, nə görsəm yaxşıdı? Çeçələ barmaqlarımın ucundan tutmuş, qoltuqlarımın altınacan qollarıma uzun-uzun lələklər çıxmışdı. Qollarım azman qanadlara çevrilmişdi.

"Hiii!" eləyib içimi çəkdim. Bu vaxt o:

– Qorxma – dedi – tərpən dalımca!..

Sonra da boynunu uzadaraq çəpkən gülünün saplağını üzdü, onu dimdiyinə alaraq Keçiqırana sarı qanadlanmamışdan öncə bir də o ovsunlu, o sevgili səsiylə:

– Gəl!.. – Dedi. – Çırp qanadlarını, gecikirik!..

Bu zaman üç hərfli bu "gəl" sözü qədim döyüşçülərin üçdişli çəngəli kimi bir zərbəylə ürəyimi üç yerdən deşib keçdi, acı sancıdan qıvrılıb səndələdim. Elə bil, dərd dolu ürəyim bir suluğuydu və yırtılmağıyla görünməmiş bir rahatlığa qovuşdurdu məni...

O, üzünü dərəyə sarı çevirib, ehmallıca tərpənərək şırıltıyla uçdu. Mən də dalıyca... Mən sudan qanadlanıb ayrılanda, məndən də özüm boyda nəsə ayrıldı və baltalanmış qolsuz-budaqsız bir ağac gövdəsi kimi şappıltıyla geriyə – suya çırpıldı. Ardıyca da dərhal paltarlı-paltarlı suyun içinə yüyrən Əlövsətin bağırtısı eşidildi:

–Buluuud! Buluuud! Qardaaaş!!!.. Ayə, nooldu sənəəə?!.. Ay Allah, öldü ki bu!!!..

Mən geri qanrıla bilmədim, cavab verə bilmədim, buna gücüm çatmadı sadəcə. Çünki göyərçinin arxasıyca uçurdum, ayrı səmtə heç başımı da döndərə bilmirdim, buna dərindən üfürdüyüm nəfəsimin təkanı, qovuşduğum bu ağlasığmaz yeni aləmin sürəkli axarı aman vermirdi.

Yüngülləşmişdim. Canım qu tükündən yüngül idi. "Hiii!" eləyib içimə çəkdiyim və "ahhh!" deyib var gücümlə son kərən üfürdüyüm nəfəs məni elə tük kimi də havalandırıb göyərçinin dalıyca sürətlə aparırdı. Fəcrin gümüşü işığı burulğana çevrilmişdi, şövqündən gözlərimin sarısı yuyulmuşdu. Bu burulğanın ortasında uzun zaman kipriklərimi qapayıb qapqara bir zülmətin içiylə çırpına-çırpına qanad çaldım və ayaqlarım yerə toxununca baxtımın şikəst qaraçuxası: "Aç gözlərini – dedi – çatdıq..."

Açdım. Nə o göyərçin vardı, nə dərdimin o sarı çəpkəni, nə də qanadlarım....

İlahi!!! Yox! Təsvir edə bilməyəcəm!.. Gözlərim hər şeyi öz rəngində görürdü! Tərpəşən gur işıq halələrinin əhatəsindəydim. O halələrin içindən tanış, sevgili surətlər görünür, əl edirdilər. Budur, onlardan biri tərpənə-tərpənə açıldı və... bəyaz örtüyə bürüncəkli Şəfiş... hə, hə, baş yoldaşım, can sirdaşım Şəfiqə bir şirin təbəssümlə, bircə göz qırpımında mənə yaxınlaşdı. O, əllərimi əllərinin içinə aldı:

– əllərin nə yaman istidi, Bulud...

istin nə yaman soyuqdu...

bu nədi?.. gözlərin hanı bəs?

ah!.. gözlərinin yeri oyuqdu...

Lap gənclik illərimdə olduğu kimi onun başını sinəmə – dərd suluğu kimi yırtılmış, yırtılaraq da məni bu misilsiz dincliyə qovuşdurmuş ürəyimin üstünə sıxdım və saçlarını oxşadım:

– Şəfiqə, sən şeir də yazırsan? Heç mən bilmirdim...

O pıçıldadı:

– Bulud, bəs sən bilmirsən ki, Keçiqıranda hamı şairdi?..

– Harada dedin?

– Odey, bax orada...

O, əlimdən yapışıb bir göz qırpımında məni azman bir qayalığın yalçın sıldırımlığına gətirdi. Buradan baxanda bütün Keçiqıran dərəsi görünürdü. Dərənin içi ağa bürünmüş insanlarla doluydu. Onlar sıx-sıx bir-birlərinə söykənmişdilər. Burada insanlar ağac yerinə, kol yerinə də bir-birlərinə qısılmışdılar.

– Onlar ki kəfənə bürünüblər, ay Şəfiş, ağappaq kəfənə...

– Onlar kəfənlə ağ günə çıxıblar, Bulud. Bəs sən bilmirsən ki, Keçiqıranda ağ günə çıxmağın yolu ancaq kəfənə bürünməkdən keçir? Gəl gedək... Bir azdan əməl dəftərini gətirəcəklər. Dalıyca da sorğu-sualın başlanacaq... Bir az tələssən yaxşıdı. O sayrışan halənin içində doğmalarımız bizi gözləyir. Odur haa, bax, açılan o nur qatının alt təbəqəsindən yuxarıda oturan Kərbəlayi Əbülfəz babandı. Görürsən? Öncə ora getməliyik.

– Bəs onun dizlərini qucaqlayıb ağlayan o cavan kimdi?

– Şirvandı...

– Şirvan?

– Hə, odu. Səndən bir az öncə – dünən gəlib. Gələndən də dərgahda ulu babasının dizlərini qucaqlayıb göz yaşlarını tökə-tökə, tövbə çağının şəhdi-şəkərini yaşayır... Elə baban da onu qucaqlayıb nə haqdasa danışır, danışdıqca da, ustuf-ustuf hönkürür. Görmürsən?

– Görürəm, Şəfiş...

Sonra Şəfiqə əlini bir qədər uzağa uzadaraq dedi:

– Bulud, tanıya bildin onları? Bax, bir az o aralıdakıları, bərzəxin tünlüyündən qıraqdakıları deyirəm, görürsən?

– Hə...

– Sənin kəndçin Çil Səftərlə bir erməni dığasıdı, qucaqlaşıb bir-birlərini duz kimi yalayırlar... Onlar xoşbəxtdilər...

– Nədən xoşbəxtdilər?

– Özün biləcəksən...

Hələ bu sözlər mənə mübhəm görünürdü. Halələr qat-qat açıldıqca, bərzəx vərəq-vərəq olduqca, Şəfiş mənə bələdçilik etdikcə içim işıqla dolurdu, sanırdım ki, elə mən də xoşbəxtəm, elə bu gördüklərimdən, eşitdiklərimdən ötrü, bu bəxtəvərlikdən yana nə az, nə çox, bəlkə də min illərlə çabalamışam, çırpınmışam...

Mən halələrə sarı, oradakı hal kimi gözümə görünən doğmalarıma tərəf sanki gözəgörünməz bir qüvvənin pak-pakizə nəfəsiylə dərindən üfürülürdüm. Üfürüldükcə də, o halələr qat-qat içimə yüklənirdi, mənsə o işığa qarışırdım...

Bax beləcə, izaholunmmaz bir sevgiylə limhəlim dolurdum. Elə bu sevgiylə də Şəfiqənin əlini əlimə alıb, laylanan nur qatlarının içiylə doğmalarıma sarı yola düzəldim.

Onun əli çox soyuq idi.

Amma soyuğu elə istiydi ki...

SON

19 .08. 2012 – 11. 05. 2014.

XS
SM
MD
LG