Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:12

Çıx bayıra, əclaf!..


Seymur Baycan
Seymur Baycan

-

"Bir dəfə mən evə qayıdanda qapını açıq gördüm. Televizor da işləyirdi. Amma evdə heç kim yox idi. Səsimə səs verən olmadı. Qorxdum..."

Seymur Baycan

YADDAŞ HAQQINDA

Çoxdan, lap çoxdan bir rus yazıçısının müharibə haqqında romanını oxumuşdum.

Əsərdən yalnız bir məqam yadımda qalmışdı:

Bir kiçik zabit və bir qız mühasirəyə düşürlər. Onların cəmisi bir gecəsi var. Sabah onları ölüm gözləyir. Kiçik zabit və qız sevişmək qərarına gəlirlər. İkisi də kirin-pasın içindədirlər. Yuyunmaq, təmizlənmək üçün heç bir imkan yoxdur. Bədənlərini spirtlə silirlər. Səhəri gün kiçik zabit mühasirədən çıxır. Qız isə ölür.

Sonralar üstündən xeyli vaxt keçəndən sonra adını və müəllifini unutduğum bu əsəri bir daha oxudum. Bu, Yuri Bondarevin “Sahil” əsəri idi.

Oxuduqca öz-özümə düşünürdüm: - Niyə bu boyda əsərdən yalnız bir məqam yadımda qalmışdı? Bəlkə bu, əsəri yeniyetmə dövrümdə oxumağımla bağlı idi. Ola bilsin yeniyetməliyim kiçik zabitlə qızın sevişmə səhnəsinə daha çox diqqət ayırmağıma səbəb olmuşdu. Axı əsərdə başqa maraqlı məqamlar da var idi.

Yuri Bondarev sovet yazıçısıdır. Əsərdə yazıçı sovet hökümətinin ideoloji sifarişini yerinə yetirsə də, rus ədəbiyyatının ənənəsi burda da öz sözünü demişdi. Xüsusən, əsərin sonunda müəllif öz ustalığını göstərməyi bacarmışdı.

Adını və müəllifini unutduğum xeyli romanlar, adını və rejissorunu unutduğum xeyli filmlər var. Bu romanlardan, bu filmlərdən yalnız bir məqam, bir kadr yadımda qalıb.

Bəzən həmin filmlər təsadüfən qarşıma çıxır. Elə bil çoxdan, illərlə axtardığım doğma bir adamla qarşılaşıram. Çox sevinirəm.

Tapa bilmədiklərim isə mənə sonsuz dərəcədə qəribə bir əziyyət verməkdədir.

Uşaqlıqda xeyli filmə baxmışam. Mənim uşaqlıq dövrümdə indiki kimi kanal bolluğu yox idi. Qapalı ölkədə yaşayırdıq. Axşamlar film göstərirdilər. Bütün camaat bu filmə baxırdı. Axşam göstərilən filmi səhəri gün günorta təkrar göstərirdilər. May ayı yaxınlaşanda ikinci dünya müharibəsi, oktyabr və noyabr aylarında isə vətəndaş müharibəsi haqqında filmlər göstərilirdi. Səhəri gün məktəbdə uşaqlar bu filmlərdən danışırdılar. Əlbəttə ki, öz sözlərini demirdilər. Evdə deyilən sözləri təkrar edirdilər. Uşaqların timsalında hər ailənin səviyyəsi ortaya çıxırdı.

"Elektronikin macəraları" filmindən kadr
"Elektronikin macəraları" filmindən kadr

Tətil günlərində isə məktəblilər üçün filmlər nümayiş olunurdu. Ekran - efir qəzetində dərc olunan proqramda beləcə də yazırdılar- Məktəbilərin qış tətili günlərində- Elektronikin macəraları.

Bir də mövsümə, bayramlara uyğun nümayiş olunan filmlər vardı. Məsələn, yeni il bayramlarında mütləq “Həmişə təmizlikdə” filmini göstərirdilər. Bütün bunlar indi, seçim imkanının hədsiz dərəcədə artdığı bir dövrdə nə qədər uzaq görünür. O qədər uzaq görünür ki, adam özü-özündən şübhələnir. Bəlkə heç bütün bunlar olmayıb. Bütün bunlar bir ilğımdır.

Hərdən də adama elə gəlir ki, sən bir yox, bir neçə ömür yaşamısan. Bugünkü həyatınla o vaxtkı həyatın arasında birləşdirici xətti tapa bilmirsən. Yalnız bu vaxt yaddaş öz köməkliyini göstərir. Yalnız yaddaşın hesabına sən o həyatın davamını yaşadığına əmin olursan. Bunun üçün yaddaşım mənim üçün çox dəyərli və qiymətlidi. Baxdığım filmlərdən coxunun adları yadımdan çıxıb. Yalnız hər filmdən bir, bəzilərindən iki kadr yadımda qalıb. Bəzi filmlərin süjetləri dumanlı şəkildə yadımdadı. Yaddan çıxanlar və yadda qalanlar eyni dərəcədə adama əziyyət verməkdədir.

Yaddan çıxanlar yaddan çıxdığı üçün əziyyət verməkdədi. Yadda qalanlara təkrar baxdıqda isə zamanın artıq ötüb keçdiyini dərk etdiyin üçün adam əziyyət çəkir. Bu bir növ öz yaranı qurdalayıb qəsdən ağrı çəkməyə bənzəyir. Sənət baxımından güclü oldu-olmadı söhbətə dəxli yoxdur, bu filmlər, bu əsərlər bizim keçmişimizin bir parçasıdır. Artıq bu filmlərə baxdığım ev yoxdur. O ev yer üzündən silinib. Heç divarları da qalmayıb.

O filmlərə bir yerdə baxdığım adamlardan bəziləri də yoxdur. Ölüb, çürüyüb torpağa qarışıblar. Sağ qalanların isə tale hərəsini bir tərəfə atıb. Dərdin-sərin, problemlərin içində itib-batıblar. Filmlik halları yoxdu. Gedib bu haqqda onlarla danışsan, heç nə başa düşməyəcəklər. Üstəlik ilin-günün bu vaxtı durub belə bir söhbət etdiyinə görə ağlına şübhəylə yanaşacaqlar.

Belə hallar olur. Eyni hadisə iki adamın başına gəlir. Biri hadisəni tamam unudur. O birisi isə hadisəni xırda detallarına qədər yadında saxlayır. Çünki biri xatırlamır. O birisi isə daima xatırlayır. Ona görə Misima deyirdi ki, insan ildə bir dəfə təkliyə çəkilib üç gün bütün həyatını xatırlamalıdır.

Qış günlərində məktəbdən evə kim birinci qayıdırdısa evi və axşamdan qalmış yeməyi o qızdırmalı olurdu. Valideynlər işdə olurdular. Soyuq evə girmək, yemək qızdırmaq, çay dəmləmək mənim üçün çox əzablı bir məşğuliyyət idi. Buna görə bəzən mən yemək yemirdim. Evi də qızdırmırdım. Elə paltarla oturub televizora baxırdım. Ya da çantamı evə atıb başqa yerə gedirdim. Bir dəfə dərsdən gələndə evi qızdırılmış gördüm. Çay hazır idi. Təzə bişirilmiş yeməyin iyi ətrafa yayılmışdı. Xalam gəlmişdi. Bu mənim ən xoş xatirələrimdən biridir. Çox sevinmişdim .

Sonralar bunu ona nəql edəndə heç xatırlamadı. Üstəlik nəyə sevindiyimi, bütün bunları niyə yadımda saxladığımı da anlamadı. Bir hadisə də yadımdadı. Bir dəfə mən evə qayıdanda qapını açıq gördüm. Televizor da işləyirdi. Amma evdə heç kim yox idi. Səsimə səs verən olmadı.

Qorxdum. Elə bildim evə oğru girib. Televizorda film göstərirdilər. Birdən televizorda belə bir cümlə deyildi: -Çıx bayıra, əclaf. Bacım gülə-gülə soyuducunun arxasından çıxdı. Demə o, məni qorxutmaq üçün soyuducunun arxasında gizlənibmiş.

Filmdəki cümlənin bu qədər yerinə düşməsi onu elə güldürürdü ki, dayana bilmirdi. Həmin filmin süjeti dumanlı şəkildə yadımdadı. Filmin adı yadımda qalmayıb. Film yeniyetmələrin həyatından bəhs edirdi. Deyəsən rus filmi idi. Bir qızı iki oğlan sevirdi. Biri dalaşqan idmançı, biri də sakit təbiətli. Dalaşqan yeniyetmə sakit yeniyetməni döyür. Yadımda qalanlar bunlardır.

Yaddaş yazıçının sərvətidir. Başqalarına o qədər də aidiyyatı olmayan bu kimi şəxsi xatirələr yazmaq və yaratmaq üçün yanacaq rolunu oynayır. Bu kimi şəxsi xatirələri ədəbiyyata, yazıya çevirmək yanğısı adamı yazmağa vadar edir. Əlbəttə şəxsi xatirələri yazarkən zaman, məkan, şəxs anlayışlarında dəyişkənliyin baş verməsi labüddür.

Yetər ki, insan bu şəxsi xatirələrdən doğan hisslərinə sadiq qalsın. Yaddaşı daima müxtəlif vasitələrlə qıcıqlandırmaq vacibdir. Bir dəfə Tiflisdə köhnə əşyalar satılan bazarda xeyli dolaşdım. Köhnə əşyalar, kitablar, jurnallar, paltarlar nə qədər hadisələri, nə qədər məkanları, nə qədər insanları mənə xatırlatdı.

Yaddaşım xeyli qıcıqlandı. Rozalin Maylzin “Edemə qayıdış” əsərini gördüm. 90-cı illəri xatırladım. O dövrlər ki, qapalı sovet rejimindən çıxan insanlar informasiya bolluğuna düşmüşdülər. Bu informasiya bolluğu adamları çaşdırmışdı.

O vaxta qədər qadağan olunmuş mövzuların birdən-birə müzakirəyə açıq olması nə qədər şaiəyə yol açmışdı. Qar adam haqqında nə qədər söhbətlər gəzirdi. Eləcə də Hitlerin ölmədiyi, Argentinaya qaçdığı, Şaumyanın da ölmədiyi, Hindistanda yaşadığı haqqında qəzetlərdə dərc olunan məqalələr geniş müzakirə olunurdu.

Köhnə əşyalar bazarında gördüyüm pioner qalstuku pionerə qəbul olunduğum günü, pioner qalstuku gəzdirdiyim günləri, müxtəlif medallar və şüarlar isə sovet dövründə keçirilən paradları mənə xatırlatdı. Köhnə sovet radioları, televizorları, soyuducuları isə evləri xatırlamağıma səbəb oldu.

Yaddaşı qıcıqlandırmaq üçün müxtəlif vasitələr mövcuddur. Bir dəfə bir gənc hind filminə baxdığımı görüb xeyli təəccüblənmişdi. Ona elə gəlirdi ki, mən ancaq ağır filmlərə baxmalıyam. Hind filminə baxmağım bir növ özünü ciddi sənət keşikçisi rolunda görən gəncin qüruruna toxunmuşdu.

Dedim ki, mən bu filmə uşaq vaxtı kinoteatrda baxmışam. İndi bu filmə baxmaqla həmin dövrün qayda-qanunlarını, adətlərini, o dövrün adamlarını, kinoteatrdakı ab-havanı, kinodan əvvəl və kinodan sonra baş verən hadisələri xatırlayıram. Bu film yaddaşımı qıcıqlandırır. Keçmişdə baş verənləri daha dolğun, daha canlı xatırlayıram.

Yaddaşın qıcıqlanması nəticəsində keçmişə doğru böyük bir səyahət başlayır. Xatırlaya-xatırlaya keçmişə doğru səyahət edirsən, ən sonuncu xatirələrdə dayanırsan. Ondan o tərəfə daha xatırlamaq mümkün deyil.

Bəlkə də nə vaxtsa hansısa hadisənin nəticəsində mümkün oldu. Hələlik isə ən uzaq xatirələrim bunlardı. Çox balaca idim. Bilmirəm neçə yaşım vardı. Qış aylarında əmimgilə yığışardıq. Söhbət edirdilər. Oyunlar oynayırdılar. İnternet yox, sosial şəbəkələr yox, bu qədər kanal yox. İndiki kimi hərə başını bir telefonun içinə soxmamışdı.

Adamlar arasında ünsiyyət vacib idi. Mən bir az hərlənib-fırlanıb yatırdım. Məni yatmış vəziyyətdə qucaqlarında gətirirdilər evə. Bir dəfə gecə qucaqda (bilmirəm kimin qucağı idi) gözümü açdım. Hər tərəf ağappaq idi. Sakitlik. Təkcə iki adamın ayağının altında qalan qarın səsi eşidilirdi. Azca, lap azca ətrafa baxdım və təzədən yatdım.

Bir dəfə də hardansa gəlirdik. Maşınla. Mən qucaqda oturmuşdum. Zil markalı yük maşınının qaranlıq salonunda yağın, suyun, yanacağın dərəcəsini göstərən əqrəblərin işığı elə sehrli, elə maraqlı görsənirdi ki, gözümü o balaca işıqlardan çəkə bilmirdim. Bu mənim ən sonuncu xatirələrimdi. İndinin özündə yekəlib yekə kişi olmağıma baxmayaraq gecə maşınla yol gedərkən gözüm suyun, yanacağın qədərini göstərən əqrəblərə dikilib qalır.

Bir də həyatımda heç bir rol oynamayan, amma yaddaşıma əbədi həkk olunmuş sözlər, sifətlər, mənzərələr var. Konkret heç bir hadisəylə əlaqəsi olmayan bu sözlər, bu sifətlər, bu mənzərələr ən müxtəlif məkanlarda birdən-birə yaddaşın dərinliklərindən üzə çıxır. Nə dəxli var, nə mənası var sualı adamı düşünməyə vadar edir.

Tələbəlik vaxt bir dostumla kirayələdiyimiz zirzəmi evdə qalırdıq. Evin pəncərəsindən baxanda küçədə hərəkət edən adamların yalnız ayaqları görünürdü. Sifətini görmədiyin adamların yalnız ayaqlarını görmək çox qəribə idi. Bir dəfə pəncərə açıq idi.

Bir küçə iti başını pəncərədən evin içinə uzatdı, sağa baxdı, sola baxdı bircə dəfə hürüb getdi. O itin sevimli sifəti, sağa-sola baxması, bircə dəfə hürməsi əbədi olaraq yaddaşıma həkk olunub. Ən müxtəlif məkanlarda həmin it birdən yadıma düşür. Yaddaşıma əbədi həkk olunmuş daha bir mənzərə də tez-tez ən müxtəlif məkanlarda səbəbi məlum olmadan özünü xatırladır. Evimizin bayır tərəfində divarda yağışın yaratdığı bir ləkə vardı. Bir az yandan baxanda bu ləkə şlyapalı kişiyə oxşayırdı...

İnsan həyatında heç bir rol oynamayan, konkret bir hadisəylə əlaqəsi olmayan, amma yaddaşa əbədi həkk olunmuş bu kimi mənzərələri, sifətləri, sözləri ədəbiyyata gətirmək, yazıya oturtmaq asan deyil.

Amma lazımdı. Çünki yaddaşa əbədi həkk olunmuş mənzərələr, sifətlər, sözlər bacarıqla yazıya çevrilsə həssas oxucuda təsir oyadacağı şəksizdir. Oxuduqlarım arasında bu işin iki ustasını tanıyıram- Andrey Platonov və Tomas Vulf.

"Reytinq" qəzeti

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG