Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:32

Bakı Olimpiya atletlərinin hesabını ödəyə biləcək?


Azərbaycanlı ağırlıq qaldıran Sərdar Həsənov London Olimpiadasında - 2012
Azərbaycanlı ağırlıq qaldıran Sərdar Həsənov London Olimpiadasında - 2012

-

«Ola bilsin, Azərbaycan Qafqaz qonaqpərvərliyini bu cür göstərir. Ucuzlaşan manat və düşən neft qiymətləri vətəndaşlarını var-yoxdan çıxarmaqdadır. Ancaq bunlar ölkəni iyunda Avropa Oyunlarında 6 mindən çox atletin xərcini çəkməkdən çəkindirə bilməz». Bunu eurasianet.org-da Giorgi Lomsadze yazır.

Müəllif qeyd edir ki, heç də bütün azərbaycanlılar bu əliaçıqlığa elə də ürəklə yanaşmırlar. Ancaq Avropa Olimpiya Komitəsi atletlərin hesabının ödənməsini Olimpiya oyunlarına ev sahibliyi edən ölkələr üçün standart sayır. Müəllif 2012-ci ildə «Eurovision» oyunlarına 80 milyon dollar xərcləndiyini, builki Avropa Oyunlarına isə 8 milyard dolların sərf olunacağını vurğulayır: «Baxmayaraq ki, manat indi 33.5% ucuzlaşıb və ölkənin neft gəlirlərinin bu il yarıbayarı azala biləcəyi sarıdan qorxular var».

«Ancaq Azərbaycan parlamentinin üzvü Rasim Musabəyov 1news.az saytına yazıb ki, bu vəsait uzunmüddətli investisiyadır. O, Bakı 2015-i Soçi 2014 Olimpiadası ilə müqayisə edib. Musabəyov qeyd edir ki, Olimpiya oyunları, sadəcə, böyük idman tədbirləri deyil, həm də kommersiya və imicyaratma layihələridir. Bu beynəlxalq tədbirin ölkəyə faydaları da olacaq. Ancaq deyəsən, Musabəyov Olimpiya oyunlarından sonra Soçidə baş verənləri unudub. Bir il ərzində milyardlarla dollar investisiya axıdıldı, ancaq sakinlərə Olimpiya Oyunlarının iqtisadi faydası az oldu».

Lomsadze-nin fikrincə, Avropa Oyunları prezident Əliyevin əzizlədiyi layihədir. Axı o, həm də Milli Olimpiya Komitəsinin sədridir. Oyunlarda məqsəd milli nailiyyət görüntüsü yaratmaqdır, yəni Azərbaycan postsovet dönəmindən çıxıb Avropa sosial nərdivanı ilə yuxarı dırmaşır:

«Əliyev yanvarda Davosda deyib ki, iqtisadi inkişaf və müasir infrastruktur Bakıda Oyunların keçirilməsi qərarında rol oynayıb. Ancaq tənqidçilər başqa şey deyir. Yeni, şüşə binaların arxasında hər şey sovetsayağı gedir. Xəbər mediası hökumətin uğurlarına tərif yağdırır, dissidentlər həbsxanada yatır, hər yerdən milli liderlərin plakatları boylanır».

«Demokratiya fəallarının dediyinə görə, «Eurovision»da olduğu kimi, bu Oyunlar da diqqəti Azərbaycanın repressiv reallığından yayındırmağa xidmət edəcək. Bakı bu tənqiddən qəzəblənsə də, təmkini saxlamağa çalışır. Əliyev deyib ki, «qonaqları və turistləri səbirsizliklə gözləyirlər»».

ERDOĞAN YAXIN ŞƏRQDƏ NÜFUZUNU GENİŞLƏNDİRİR

«Prezident Erdoğan-ın rəhbərliyi altında Türkiyə Yaxın Şərqdə daha fəal rol oynamağa başlayıb. Bu da ölkənin daha Qərbin etibarlı müttəfiqi ola bilməyəcəyi sarıdan narahatlıq yaradır». Bunu Alexander Christie-Miller «Christian Science Monitor»da yazır.

Fələstin prezidenti Mahmoud Abbas Ankarada - 12 yanvar 2015
Fələstin prezidenti Mahmoud Abbas Ankarada - 12 yanvar 2015

Müəllif yanvarda Fələstin lideri Mahmoud Abbas-ın Ankarada təmtəraqla qarşılanmasını yada salır. Onu 1500 otaqlı sarayda, tarixi əlbisələr geyinmiş 16 döyüşçünün əhatəsində qarşıladılar.

«Məncə, bu, yerli auditoriyaya hesablanmış bir güc ismarışı idi, ancaq eyni zamanda qonaqlara deyirdi ki, «türk liderini qarşılayırsınız», - «Milliyyet» qəzetinin xarici məsələlər üzrə köşə yazarı Aslı Aydıntaşbaş belə deyir. «Hökumətin beyni getdikcə bu düşüncəylə dumanlanır, reallıq hissini itirir. Bu mənzərənin xaricdə necə gülünc göründüyünü anlamırlar».

Ancaq müəllifin fikrincə, Türkiyə dünya səhnəsində regional böhranlara getdikcə daha ciddi yanaşmağa başlayır. Suriya prezidentinin devrilməsi məqsədilə müdaxiləni dəstəkləyir, Misirdə dövlət çevrilişini ucadan pisləyir, islamofobiyanın iddia olunan güclənməsinə görə Avropanı döyəcləyir.

«Daha çox güclü anti-Qərb ritorikası işlətməklə, Erdoğan ölkəsini dünyanın əzilən müsəlmanlarının öncülü kimi təqdim edir. Bu mövqe Türkiyəni Qərblə Yaxın Şərq arasında təcrid durumuna sala bilər», - müəllif yazır. Üstəlik, bu ritorika Qərbdə həyəcan təbili çaldırır – bu ölkə daha etibarlı tərəfdaş olmaya bilər.

«İndi Ankaranın Vaşinqtonda dostu qalmayıb», - Amerika Proqres Mərkəzinin əməkdaşı Michael Werz belə deyir və Ankaranın İncirlik hava bazasını «İslam Dövləti» qruplaşmasına qarşı vuruşan koalisiya qüvvələrinin üzünə açmamasını buna misal çəkir. «Hətta Türkiyənin tərəfdarları arasında da onun sıx müttəfiq kimi öhdəliyini yerinə yetirməməsindən narazılıq artır».

Avropa Birliyi ilə münasibətlər də gərginləşir. Brüssel Türkiyədə mətbuat azadlığı və güclənən avtoritarizmdən narahatlıq bildirir, Türkiyə isə bir sıra dövlətlərin onun üzvlüyünə qarşı çıxmasından narazıdır.

Mərmərə Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Behlül Özkan-ın dediyinə görə, münasibətlər qırılmır, sadəcə Erdoğan Türkiyənin Qərblə münasibətlərində yeni şərtləri razılaşdırmağa çalışır:

Boris Nemtsov-un qətlə yetirildi ərazi - 28 fevral 2015
Boris Nemtsov-un qətlə yetirildi ərazi - 28 fevral 2015

«Bu elita Türkiyəni Qərbin bir hissəsi kimi görmür. Onlar Qərblə strateji münasibət istəyir, ancaq Qərb dəyərləri və ideyalarını bölüşmür. Türkiyə birpartiyalı, birrejimli ölkəyə çevrilir. Erdoğan getdikcə güclənir. Məncə, heç bir Qərb lideri bu günlərdə onunla birgə şəkil çəkdirməyə həvəsli deyil».

18 KAMERA NEMTSOV-UN QƏTLİNİ ÇƏKƏ BİLMƏYİB

«ABC News» Rusiya müxalifət lideri Boris Nemtsov-un öldürüldüyü əraziyə yaxın 18 kamera sayıb.

«Kameralardan bəziləri Moskva Şəhər Şurasına məxsusdur. «Kommersant» qəzeti yazıb ki, bu kameralar cümə günü gecə təmirə görə söndürülüb. Şura isə əksinə, kameraların işlək vəziyyətdə olduğunu deyir. Ancaq kameralar Nemtsov-un öldürüldüyü anı çəkibmi, bu barədə açıqlama verilmir».

Digər kameralar Rusiya Federal Mühafizə Xidmətinə (FSO) məxsusdur və Kremlin divarı boyunca düzülüb. ABC müxbiri azı 9 belə kamera sayıb. FSO-nun sözçüsü müxbirə deyib ki, həmin vaxt kameralardan heç biri körpüyə tuşlanmayıb və heç biri də cümə günü gecə baş verənləri lentə ala bilməyib.

Rusiya dövlət televiziyasının yaydığı video isə uzaqdan çəkilib, körpüdə gəzənlər belə görünmür. Üstəlik, Nemtsov və rəfiqəsi olduğu bildirilən qadının qarşısını qartəmizləyən maşın kəsib. «ABC News» bu videonun həqiqiliyini təsdiqlədə bilməyib.

XS
SM
MD
LG