Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:33

Hərbi əlil: «Deyirlər nə tiksəniz, traktorla sökəcəyik»


Foto: Arxiv
Foto: Arxiv

-

Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsinin sakini, 2-ci qrup hərbi əlil Rövşən Novruzov «Qaynar xətt»ə şikayət edib. Onun dediyinə görə, 1996-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirərək Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olub. Həmin məktəbi taktiki qoşun kəşfiyyatı komandiri ixtisası üzrə bitirib. 2 il əvvələdək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Müdafiə Nazirliyinin tərkibindəki hərbi hissələrdə zabit kimi işləyib. Hazırda ehtiyatda olan zabitdir. 18 illik xidmət dövründə nə yaşayış yeri, nə də torpaq sahəsi ilə təmin olunub:

«ONUN-BUNUN QOLTUĞUNDA QOCALIRAM»

«Xidmətimin 8 ili Qazaxın erməni hərbçiləri ilə təmas xəttində olan Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçu-ayrım, Cəfərli, Qızılhacılı kəndlərində keçib.

2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşam. Yaşamağa sığınacağım olsaydı, özümü daha xoşbəxt hesab edərdim. Kirayələrdə, onun-bunun qoltuğunda yaşaya-yaşaya qocalıram».

Əlil 2013-cü ilin sentyabr ayından torpaqla təmin olunmaq üçün Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə müraciət edib. 1 il əvvəl Suraxanı rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olub. Onun imtiyazlı şəxs olduğuna görə torpaqla təmin olunması üçün Hövsan bələdiyyəsinə göstəriş verilib. Bu ilin əvvəli 4 sot torpaqla təmin olunub. Hövsan bələdiyyəsi ona torpağın yerləşdiyi yerin çertyojunu və Bakı şəhər İcra Hakimiyyətinə təqdim etmək üçün müvafiq məktub verib. Suraxanı rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən, icra hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi və Hövsan bələdiyyəsinin sədri onunla torpaq sahəsi ayrılan əraziyə gedib. 2-ci qrup hərbi əlil, keçmiş zabit kimi torpaqla təmin olunduğu sahə ona göstərilib.

«SEVİNCİM UZUN SÜRMƏDİ»

«Çox sevindim. Düşündüm ki, nəhayət, mən də bir daxma tikib içərisinə yığışacam. Ancaq sevincim uzun sürmədi. Ev tikmək istəyəndə tökülüşdülər, dedilər, nə danışırsan, burada ev tikmək olmaz. Müxtəlif bəhanələr gətirdilər. Süründürməçilik başlandı. O bunun, bu onun üstünə yollayır, hamı məsuliyyəti öz üzərindən digərinin üzərinə yıxır, olan-qalan əsəblərimi də pozurdular. Hövsanın icra nümayəndəsi Ağasəlim müəllimə zəng edirəm, deyirəm, şəxsən başçı özü mənim üçün torpaq ayrılmasına göstəriş verib, siz kimsinz ki, mənə əngəl yaradırsız? Telefonu qapadır, sonra da zənglərimə cavab vermir. Elə deyir olmaz, vəssalam. Halbuki, mənim torpağıma bitişik torpaq sahələrində minlərlə ev tikilib. Bir sözlə, özlərinin ayıdığı torpağa kənardan tamaşa etməkdən başqa əlimdən heç nə gəlmir. 18 il xidmət etmiş hərbi əlilə qarşı belə haqsızlıq etmək olmaz».

«RƏY ALSIN, BUYURUB TİKİNTİSİNƏ BAŞLASIN»

Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan üzrə nümayəndəsi Ağasəlim Əliyev «Qaynar xətt»ə bildirib ki, Rövşən Novruzova ayrılmış torpaq sahəsində tikinti aparılmasına maneçilik edən yoxdur. Sadəcə, əlil hələ bəzi sənədləşmə işlərini başa çatdırmayıb:

«Ona Hövsan bələdiyyəsindən məktub verilib ki, Bakı şəhər İcra Hakimiyyətinə göndərsin və tikintiyə görə müvafiq rəy alsın. Bu rəy olmadan tikintiyə icazə yoxdur. O isə hələ icra hakimiyyətindən rəy almayıb. Biz də gözləyirik, rəy alsın, təqdim etsin, buyurub tikintisinə başlasın».

XS
SM
MD
LG