Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:20

Keçmiş şirkət əməkdaşı: "Səbəb göstərilmədən işdən qovuldum"


Arxiv fotosu
Arxiv fotosu

-

"İşdən çıxarılmağımın səbəbini özüm də bilmirəm. Onu bilirəm ki, həmişə işimin öhdəsindən layiqincə gəlmişəm, heç bir nöqsanım olmayıb. Bir gün səhər işə gələndə qapıdan içəri buraxmadılar, dedilər ki, işdən çıxarılmısan".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə "Pətək Group" şirkətinin işçisi olmuş Rüfət Mehdiyev deyir. Əvvəl baş mütəxəssis, sonra isə texniki işlər üzrə direktor vəzifələrində çalışmış Rüfət Mehdiyev bu ilin mart ayında işini itirib. Səbəbi özünə də aydın deyil.

"HAMIMIZ BİR-BİR İŞDƏN UZAQLAŞDIRILDIQ"

"Pətək Group" şirkəti Azərbaycanda, xüsusilə də paytaxtda avtoparklarda və sair yerlərdə avadanlıqların quraşdırılması, idarə edilməsi, nəzarəti işləri ilə məşğul olur. Azı 3 ildir ki, bir sıra genişmiqyaslı dövlət sifarişlərini də bu şirkət həyata keçirir. Keçmiş işçisinin deməsinə görə, son vaxtlar şirkətdə işçilər xəbərdarlıq olunmadan və kompensasiya ödənilmədən işdən çıxarılır.

"Əvvəl baş mütəxəssis işləyirdim. Mən və işdən çıxarılan digər yoldaşlarım şirkətin ilk addımlarından orada çalışmışıq. Elə bircə işimizi desəm kifayətdir. 2 il əvvəl mayın 10-da "Qış parkı"nın açılışı olmalıydı. Ancaq parkın altındakı avtodayanacaqda işlər yarımçıq idi. Mayın 5-də bizə işləri tamamlamağı tapşırdılar. Biz 4 gün ərzində iri bir layihənin öhdəsindən gəldik və işi lazımınca yerinə yetirib təhvil verdik. Demək istəyirəm ki, biz bu şəkildə işləyirdik. Ötən ilin yayında bəzi işçilər işdən çıxarıldılar. Mən əvvəl yaxın dostum işdən çıxarılanda rəhbərliklə əməlli-başlı əlbəyaxaya çıxdı. Məni də işə həmin dostum gətirmişdi. Ondan sonra rəhbərlik bir-bir hamımızı işdən uzaqlaşdırdı".

"TƏCRÜBƏLİLƏR GETDİ, TƏCRÜBƏSİZLƏR GƏLDİ"

İşdən çıxarılanda ona bildiriblər ki, Bakı ofisi bağlanır. ancaq sonradan yerinə başqa işçi götürüblər:

"Yerimizə işi bilməyənləri götürdülər. Bir sözlə, təcrübəsi olanları işdən çıxarıb işdən xəbərsizləri yerimizə götürdülər. Onları təcrübə toplamaq üçün Türkiyədəki ofisə göndərdilər".

Şikayətçi deyir, şirkətlə onun arasında əmək müqaviləsi əslində ötən ilin oktyabr ayında bitib. Müqavilənin müddəti uzadılmasa da, o, bundan sonra daha 6 ayı şirkətdə hansı əsaslarla çalışdığını özü də bilmir.

"Deyirlər, yüz minlərlə iş yerləri açılır, kasıbçılıq ortadan qalxır və sair. Hanı? Mən bunu görmədim. Tam əksinin şahidi, hətta qurbanı oldum. Başımıza gələnlər göstərdi ki, iş yerləri açılmır, əksinə, adamların axırıncı nəfəsi də kəsilir. Mənim iki azyaşlı uşağım var. Neçə aydlır ki, mən onlara qarın dolusu yemək verə bilmirəm. Adamları səbəbsiz işsiz qoymaq nə deməkdir?"

Məsələyə aydınlıq gətirilməsi üçün şirkətin rəsmi saytında qeyd olunan (012) 510 78 24 saylı telefona bir neçə gün ərzində dəfələrlə zəng etsək də cavab verən olmadı.

XS
SM
MD
LG