Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:24

Sakin: Vaxt gələcək, bu bina da alışacaq


İnşaatçılar prospekti, 5 ünvanında yerləşən yataqxana
İnşaatçılar prospekti, 5 ünvanında yerləşən yataqxana

-

"21 ildir ki, bu yataqxanada yaşayıram. İndiyədək binanın yola baxan tərəfini - yəni arxasını üç dəfə təmir ediblər. Bəs qalan tərəflərini niyə düzəltmirlər? Axı hər dəfə bu pul bütöv binanın təmirinə ayrılır. Bunlarsa neynirlər, gözəgörünən tərəfini təmir edirlər, içəri tərəfləri qalır. Binanın qarşı tərəfi və içərisi bərbad vəziyyətdədir. Büdcənin pulunu basıb yeyirlər, ancaq burada yaşayanlar heç kimin vecinə deyil. Bu yataqxananın sakinlərinin natəmizlikdən hansı xəstəliklərə düçar ola bilmək ehtimalları barədə düşünən yoxdur".

Mətbəx
Mətbəx

BU BİNADA PİLLƏKƏNLƏR DƏ BUZ BAĞLAYIR

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Bakı şəhəri, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən yataqxananın sakini Rüfət Mehdiyev deyir.

Sovet hakimiyyəti dövründə yataqxana keçmiş Xəzər Dəniz Gəmiçiliyinin balansında olub. Sovet hakimiyyətinin süqutundan və Azərbaycan torpaqlarının bir hissəsi işğal olunandan sonra başqa yataqxanalar kimi bu ünvan da qaçqın və köçkünlərin sığınacağına çevrilib.

Yataqxana metronun "Elmlər Akademiyası" metrostansiyasının beş addımlığında, Yasamal məhkəməsinin keçmiş binasına bitişik həyətdə yerləşir. Binada blokların şüşələri yoxdur. Divarlar deyəsən elə sonuncu dəfə Sovet hakimiyyəti vaxtı boya görüb. İllər hətta məhəccərləri də əyib sıradan çıxarıb. Yataqxana sakini deyir, qışda qar yağanda sınıq-salxaq pilləkənlər də buz bağlayır.

"Burada sakinlər dəfələrlə bu pilləkənlərdə yıxılıb zədələniblər. Hər mərtəbədə mətbəx, vanna otağı və tualet var. Ancaq sakinlər bunlardan məcburiyyət qarşısında iyrənə-iyrənə istifadə edirlər. Hər mərtəbədə azı 14-15 ailə yaşasa da, hamı eyni tualetdən istifadə edir. Su, kanalizasiya xətləri çürük-çürükdür. Yuxarı mərtəbələrdən aşağı mərtəbələrə çirkab sular damır. Bir sözlə, vəziyyətimiz dözülməzdir".

Yataqxana sakini deyir, binadakı elektrik naqilləri çürüyüb, qəzalı vəziyyətə düşüb, adamlar hər an yanğın təhlükəsi ilə üz-üzədilər. Sakin deyir, vaxt gələcək, bu binada da alışacaq.

Dəhliz
Dəhliz

"ƏSL AZƏRBAYCAN BİZİM YATAQXANADADIR"

"Hökumətimizin başı Avropa oyunlarına qarışıb, gələn idmançılarln xərclərini üzərinə götürür, gözəgörünən yerləri abadlaşdırır, siçan iyi verən yataqxanaları abadlaşdırmağa əli gəlmir, özümüzə dəyər vermir. Məndən olsa, o turistləri yoldan tutub bu yataqxanaya gətirərəm. "Əsl Azərbaycan burdadır" deyərəm".

Yataqxana sakinləri yaşadıqları otaqlarda yer olmadığına görə şəxsi əşyalarını (yorğan-döşəklər va sair) onsuz da darısqal və yarıqaranlıq dəhlizlərə yığıb. Dəhlizdən əl-ayaq çəkiləndə buralar az qala pişik boyda olan siçovulların meydançasına çevrilir.

Yasamal rayon İcra Hakimiyyətindən yataqxanadakı vəziyyətin elə də faciəli olmadığını bildirərək, bununla belə, imkan düşən kimi ora əl gəzdirəcəklərini deyirlər. Elə yataqxana sakinləri də binanın yarıqaranlıq dəhlizlərində nə vaxtsa gur işıq yanacağı, kommunal şəraitin yaxşılaşdırılacağı gündən ümidlərini üzməyiblər.

XS
SM
MD
LG