Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:21

Astara sakinləri nazir Hüseynqulu Bağırovdan iş istədilər


Hüseynqulu Bağırov Astarada vətəndaşları qəbul edir- 29 may 2015
Hüseynqulu Bağırov Astarada vətəndaşları qəbul edir- 29 may 2015

-

Mayın 29-da Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Astarada vətəndaşları qəbul edib. Qəbula 4 rayondan gələn 60-dan çox şikayətçi yazılıb. Sakinlər arasında iş istəyənlər, torpaq mübahisələri ilə bağlı şikayət edənlər, müxtəlif təkliflərlə gələnlər var idi. Dəfələrlə qəbullarda olub problemlərini həll etməyə çalışanlara da rast gəldik. Belə şikayətçilər deyirdilər ki, hər dəfə söz verilsə də, onların problemləri olduğu kimi qalır.

ƏRİZƏSİZ GƏLƏNLƏR QƏBULA BURAXILMIRDI

Qəbul Heydər Əliyev Mərkəzində aparıldı. Mərkəzin birinci mərtəbəsində şikayətə gələnlər qeydə alınırdılar. Qəbula gələnlərə rəsmi sürətdə ərizə yazdırırdılar. Ərizəsiz gələnlər isə qeydə alınmırdı. Məsləhət görürdülər ki, bu qaydalara əməl etsinlər. Şikayətçilər arasında əlillər də var idi. Onlar əsasən maddi kömək üçün müraciət edirdilər.

«NEÇƏ İLLƏRDİR OĞLUM İŞSİZDİR»

Astara rayon sakini Mehman Quliyev ali təhsilli oğlu üçün iş istəyirdi.

«Neçə illərdir oğlum işsizdir. Görək nazir nə edir. Ümidim var ki, bir köməklik edəcək».

Şikayətə gələnlərdən biri Zeydulla Cəbiyevin isə problemi torpaqla bağlı idi:

«Meşə torpağını icarəyə götürmüşəm, qanunla. Lakin məni o torpağa yaxın buraxmırlar».

ŞİKAYƏTİNƏ BAXILMADI, İNTİHAR ETDİ

Astara şəhər sakini Elçin İbrahimli deyir ki, yüksəkrütbəli məmurların yerlərdə qəbul keçirmələri yaxşı haldır. Buna baxmayaraq şikayətçilərin sayı heç də azalmır. Bir çox hallarda problemlər həll olunmamış qalır. Nəticədə ölkədə getdikcə intihar hadisələri artır:

«Mayın 27-də Astarda dəhşətli hadisə baş verdi. Astara şəhər sakini Cavid Həsənov özünü yandırdı. İndi həmin şəxs Lənkəran mərkəzi xəstəxanasında müalicə alır».

Elçin İbrahimlinin fikrincə, vətəndaşların şikayətlərinə vaxtında baxılsa, belə hadisələr baş verməz.

XS
SM
MD
LG