Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:40

Markesdən sonra Latın Amerikası ədəbiyyatı


Marquez
Marquez

-

“Gerçəklik yetərli deyil, bundan başqa, “sehr” də yoxdur”

"Nəşriyyatlara sehrli realizm istəyən tənqidçilər və redaktorlar rəhbərlik edirlər. Onların fikrincə, Latın Amerikasından Thomas Mann-lar çıxa bilməz"

"Yazarların yaşları 25-dən də aşağı idi..."

Latın Amerikası yazarlarının Markes təsirindən qurtuluş savaşı

Adnan Özər

Latin Amerikası ədəiyyatının 20-ci əsrdəki ən böyük hadisəsi 1960-1970-ci illər arasında yaşanmış ədəbi partlayışdır.

Avropa və Şimali Amerikada bu hadisəyə “Latın Amerikası Bumu” deyirlər. Latın Amerikası kültüründə isə bunu qısaca “El Boom” adlandırırlar.

"El Boom" deyildikdə Argentinadan Julio Cortazar, Kolumbiyadan Gabriel García Marquez, Meksikadan Carlos Fuentes və Perudan Mario Vargas Llosa adları yada düşür.

Bumun içində (1920-ci illərdə başlayaraq) indigenism (Juan Rulfo, Jose María Arguedas), criollism (Ricardo Güiraldes), sosial realizm (Jorge Amado), siyasi ədəbiyyat (Miguel Otero Silva), sürrealizm (Ernesto Sabato), yeni barok (José Lezama Lima), Meksika İnqilabı ədəbiyyatı (Mariano Azulea) kimi meyl və istiqamətləri vardı.

Dövr etibarilə, sehrli realizm bütün bu meyl və istiqamətlərə təsir göstərib.

Güclü bir virus olan bu cərəyan bölgədə yaşayan nəinki yazıçıları, tənqidçiləri də bürümüşdü: Jorge Luis Borges, Juan Carlos Onetti, Mario Benedetti kimi yazarlar bunlardan bir neçəsidir.

Latin Amerikası Bumunun mərkəzi şəxsiyyəti olan Kolumbiyalı Gabriel García Márquez eyni zamanda sehrli realizmin də mərkəzi şəxsiyyətidir.

Sözügedən qitədən kənarda hamı bu axını onun başladığını düşünür.

Halbuki, Marquez’dən əvvəl bir üçlük vardı, sehrli realizm adına ilk şüurlu yazılar onlardan gəlmişdi:

Alejo Carpentier (Kuba),

Arturo Uslar Pietri (Venezüela)

Miguel Angel Asturias (Guatemala)

Sehrli realizmi bir anlayış olaraq da ilk ifadə edən Alejo Carpentier olub. Buna baxmayaraq, sehrli realizmin mərkəzi şəxsiyyəti yenə də García Márquez sayıla bilər. Bumun da həmçinin.

1960-cı illərdən sonra ortaya çıxan nəsillər onun təsiri altında yazdılar. Bu, fövqəladə bir dövr idi, 1969-cu ildən bu yana qitəyə təkcə dörd Nobel Ədəbiyyat Mükafatı (Asturias, Neruda, García Marquez və Llosa) qazandırdığını xatırlamaq kifayətdir.

1980-ci illər nəsli yazarlarından Kolumbiyalı Hector Abad Faciolince belə deyir: “Bum normal deyildi. İstisna bir vəziyyət idi. İndi normala döndük.”

Faciolince, Bum dönəmiylə (xüsusən sehrli realizmlə) ciddi şəkildə ilk dəfə hesablaşmağa girən yazarlardan bəzilərinin etdiyi kimi bir etiraf edir:

Bum - dünyaya açılmamızı təmin edən oydu.”

Əvvəlki nəsildən Argentinalı Tomas Eloy Martínez (1934-2010) Bumun tərifinə üsyan edənlərdəndir: “Latın Amerikası ədəbiyyatı Bumdan üstündür, aşağı deyil.”

"Bumdan sonrakı dövr" və ya "sehrli realizmdən sonrakı dövr" demək kobudca García Marquez-dən sonra demək kimi başa düşülür bu gün. Amma “Dördlər şəbəkəsi - Cortázar, Marquez, Llosa və Fuentes - sonrası” kimi ifadələr də var, hərçənd bu, o qədər də məşhur deyil.)

Postmodernizm gəlir

Çilinin önəmli qəzetlərindən biri olan “El Mercurio”-nun “Gənclik ədəbiyyat əlavəsi” olan “Zona de Contacto” 1991-ci ildə yayımlanmağa başlayıb.

“Zona de Contacto” elə ilk sayındaca “artıq Çilidə sehrli realizm olmadığını, qüvvədən düşdüyünü” elan edir.

Bu əlavə əslində təkcə Çiliyə yox, bütün Latın Amerikasına aid edilə biləcək şəkildə “yeni bir ədəbi dövrün başladığını, buna da ümumi mənada postmodernizm – deyilə biləcəyini” yazır.

Sehrli realizmin ardınca ortaya çıxan yeni axının bir adı “Novissimo” idisə, digər adı “postmodernistlər” idi.

Novisimo necə ortaya çıxdı?

Bumdan sonra yazarlar bir-birinə bənzəməyən (heterogen) meyllər göstərdilər.

Bu yazarlardan kimisi öz meylləri arasında sehrli realizm texnikalarına əks-təsir nümayiş etdirirdi, kimisi isə sehrli realizm tərəfindən assimilyasiyaya məruz qalırdı.

Ortada bir sintez vardı. Alfredo Bryce Echenique, Severo Serduy, Antonio Skarmeta kimi imzalar irinci qrupda, Manuel Puig, Reinaldo Arenas, Laura Esquivel və Isabel Allende isə ikinci qrupda idilər.

Tənqidçi Mihaly Des-in bu qrupdakı yazarlardan Isabel Allende və Laura Esquivel haqda fikri daha “amansız”-dır. O, adı çəkilənlərin sehrli realizmin “layt” versiyası olduğunu deyir.

Fikirləri:

a. Meta-ədəbiyyat arxasınca qaçmaq kimi məcburi bir meyldən uzaqlaşdılar. Çünki Cortazar, Llosa, Márquez və Fuentes-in belə bir dərdi olduğuna inanırdılar.

b. Oxumaq üçün daha doğruçu bir tərz yaradılması gərək olduğuna, bununla da əsl realizmə qayıtmaq lazım olduğuna inanırdılar.

c. Ayaqlarını yerə sağlam basan tarixi nəsr qurmaq istəyirdilər.

d. Tarixi nəsrin tarixi qətiyyətlə dəstəklənməsi gərək olduğuna inanırdılar. Bu da realizmi dəstəkləyən bir tərz yaradırdı: konkret zaman və məkanda problemləri dilə gətirmək.

e. Latın Amerikası realizminə aid sürgün mövzularının işlənməsi.

f. Qadın ədəbiyyatı və cinsəllik.

Novisimo dövrü 1970-ci illərdə Latın Amerikasında özünü göstərən kütlə kültürüylə də bağlıdır: İstehlakın artması, kütləvi medianın genişlənməsi və s.

Siyasi mənada arxa planda isə 1968-ci ilin iki vacib hadisəsi vardı: Bunlardan birincisi, 2 oktyabrda Mexiko şəhərinin Tlatelolco meydanında o dövr hökumətinin reallaşdırdığı tələbə qətliyamı, ikincisi isə 5 yanvarda başlamış Praqa baharı, məlum olduğu kimi, 20 avqustda Rusiyanın Çexoslovakiyanı işğal etməsindən sonra baş vermişdi.

Novisimo azadlıqsevərliyinə bu iki hadisənin böyük təsiri olub.

Kolumbiya mutantları

1970-ci illər Kolumbiyada da Bumdan çıxış yollarının axtarıldığı bir dövrdür. Post-bum Kolumbiya mühitində də postmodern cəhdlərlə ifadə olunurdu.

Kolumbiya postmodernizmi böyük bir coğrafiyaya aiddir. Belə ki, García Marquez-dən sonrakı yazarların demək olar ki, hamısı bu coğrafiyanın içinə daxil edilir.

Onların topasına birdən “Mutantlar” adı yaraşdırılıb. “Literatura mutante” deyimi 1960-cı illərdə Şimali Amerikada Lee və Kirby’nin çıxardığı “The mutants” və “X-Men” dərgilərindən təsirlənərək işlədilib.

Bununla elmi fantastika və ya kiber-ədəiyyat janrları nəzərdə tutulmur. “El mutante” əslində qlobal dünya qarşısında Çevrilişə uğramış yazar – insan mənasında işlədilir.

Kolumbiyalı mutantların García Márquez fenomeni qarşısında durumları olduqca dramatik idi; böyük ustad Gabo’ya heyranlıq duymaqla yanaşı, onun yıxıcı təsirindən özlərini qorumaq istəyirdilər.

Bu 1980-ci illərə qədər belə davam edəcəkdi. Urbanismo və yeni detektiv meyllərinə qədər.

1980-ci illər Latın Amerikası ədəbiyyatında bir ara dönəmdir; ilk postmodernist dalğanın arası kəsilmişdi.

1990-cı illərin ədəbiyyat aktivistlərindən Jorge Volpi bu dönəm üçün “sehrli realizm virusunun müalicə edilməz bir şəkildə xərçəngə döndüyünü” deyir.

1990-cı illər və Çili nəsri

1990-cı illərdə Çili ədəbi mühitindəki canlılığa nəzər yetirək.

Paytaxt Santiaqoda Mulato Gil de Castro meydanında "Café de la Pergola" adlı bir kafe var.

Bu məkana müxtəlif ədəbiyyat qruplarından çoxlu gənc şair və yazarlar gəlirdi, “tertulia” deyilən ədəbiyyat söhbətləri edirdilər. O kafedə bişirilən ev yeməkləri ucuz və keyfiyyətli idi. Şərab da həmçinin.

Şairlər “üçüncü gün günorta yeməyi” görüşləri icad etmişdilər.

Kafenin yazarları arasında Alberto Fuguet, Sergio Alberto Gómez, Carlos Franz, Manuel Peña Muñoz ("Çilinin Ədəiyyat Kafeləri" adlı kitab çıxaracaqdı sonradan), Arturo Fontaine Talavera (bu kafenin atmosferini canlandırdığı "Səsini eşitmək" adlı bir roman yayımlayacaqdı sonradan), Gonzalo Contreras, Jaime Collyer kimi imzalar vardı.

Filosof Martín Hopenhayn, şair və tənqidçi Antonio Cussen və arada bir ora baş çəkən Jorge Edwards kafenin “ağır topları” idi.

Cafe de la Pergola’da çox vacib bir layihə meydana gəlmişdi: “Cuentos con Walkman” ("Walkman ilə Hekayələr") adlı layihə idi bu. 1991-1992-ci illərdə “El Mercurio” qəzetinin gənclik ədəbiyyat əlavəsi “Zona de Contacto”-da nəşr olunmuş bir seriya hekayələr idi bu layihənin əsasında dayanan iş.

Alberto Fuguet və Sergio Gómez bir ədəbiyyat atelyesi qurmuşdu, bu atelyedə 36 hekayə yazılmışdı. Yazarların yaşları 25-dən də aşağı idi.

Layihənin məqsədi gənclərin dövrün sürəti və hərəkətliliyinə münasibətini üzə çıxarmaq idi. Gənclər qulaqlarında “walkman”, rok və pop mahnıları dinləyə-dinləyə bu hekayələri oxuyacaqdılar. Hekayələrdə populyar mədəniyyətin çoxlu elementindən istifadə olunmuşdu.

Bu antologiya 1993-cü ildə Alberto Fuguet’in redaktorluğuyla Planeta Nəşriyyatında yayımlanmışdı. Alberto Fuguet və Sergio Gómez bu layihələrilə məqsədlərinə çatdılar.

Çilidə yeni bir hekayə növü ortaya çıxdı və sehrli realizm aşıldı.

Amma Çilidə 1990-cı illərin “yeni təhkiyəsi” ortaq bir manifest ortaya qoymadı. Yazarlar sehrli realizm ilə aralarına məsafə qoymaq mənasında ortaq bir mövqedəydilər, amma bu ortaq manifest yaratmaları üçün kifayət deyildi.

Düşkün bir bohemlik içində fərdi yaradıcılıq azadlığının dadını çıxaran, bir-birinə bənzəməyən yazarlar idi.

İngilis tənqidçi David Gallagher, “TLS”-də (Times Literary Supplement) onların beynəlxalq bazara oynamaq kimi bir düşüncələri olmadığı kimi, kütlə qarşısında məsuliyyətlərinin də olmadığını yazır.

Yenə Gallagher onların xüsusi diqqətlə, öyrənmək məqsədilə Vladimir Nabokov, Philip Roth, V.S. Naipul, Julian Barnes, Martin Amis, Bret Easton Ellis, Ian McEwan, Raymond Carver, Hanif Kureishi və J.M. Cootzee-ni oxuduqlarını deyir.

1990-cı illərin Çili təhkiyəsi oxucuların “yenidən García Márquez və Isabel Allende tərəfəmi, yoxsa intellektual dərinlikdə eksperimental romanlar tərəfinəmi?” gözləntilərinə rəğmən, bir tərəfə çıxmadı, dağılıb getdi.

1996-cı ildə iki başqa axın manifest verərək, özlərini bəyan etdilər: McOndo Crack ədəbi axınları.

McOndo

McOndo, qurama bir söz idi, McDonald’s, Macintosh kompüter və García Márquez’in “Yüz il tənhalıqda” romanındakı Macondo xəyali ölkəsinin birləşdirilməsindən yaranıb.

Çili 1990-cı illər nəslinin yazarları Alberto Fuguet və Sergio Gómez’in yaratmışdı bu çox maraqlı sözü.

1990-cı illərdə Latın Amerikasında olduğu kimi, dünyanın bir çox yerində qidanın Şimali Amerikadakı fastfood tərzində dəyişildiyi məlumdur. Texnologiyadakı asılılıq isə Machintosh (Windows 95) istifadəsilə bağlıdır.

Üçüncüsü, böyük bir coğrafiyada Márquez’in yaratdığı təsirə görə, Latın Amerikası adətən “Macondo diyarı” kimi təsəvvür olunur. Fuguet və Gómez həmin sözlə - McOndo sözülə bunu ələ salırdılar.

McOndo fikrinin ortaya çıxmasını izah edə biləcək bir hadisəni nəql edək:

Alberto Fuguet Şimali Amerikada Iowa Universitesində keçirilən beyəlxalq yazı festivalına qatılır. Fuguet burada ingiliscə yazdığı bir hekayəni “Iowa Review”-nun redaktoruna göstərir.

Redaktor bir Çili yazıçısının belə tərzdə hekayə yazmasına təəccüb edir. Redaktorun bu hekayəni rədd edərkən dediyi cümləni unutmur yazıçı: “Gerçəklik yetərli deyil, bundan başqa, “sehr” də yoxdur.”

Redaktor əslində bir Latın Amerikası yazarının sehrli realizmdən kənarda qələm oynatmasını qəbul edə bilmir.

Márquez-in adı sehrli realizmin bütün növlərinin təsbitində bir ölçü olaraq qalmamış, özündən sonra yazılan hər bir hekayənin, romanın “Macondo”-nun içində mikro-hekayələr kimi görülməsinə və nəhayət, bütün o qitənin ədəbiyyatına qitədən kənarda “Macondo ədəbiyatı” deyilməsinə gətirib çıxarmışdı.

Fuguet və Gómez bu mühakimələrə qarşı hücuma keçirlər. Madam ki, Latın Amerikası haqda belə düşünürsünüz, onda Latın Amerikası McOndo’dur.

Manifestlərinin başlığı bunu daha yaxşı ifadə edir: "McOndo Ölkəsi Təqdim edir".

McOndo axımının önə sürdüyü García Márquez’in şəxsinə qarşı bir şey olmadığı kimi, onun əsərlərinə qarşı da bir tənqid deyildi. Onlar sadəcə sehrli realizmdən sui-istifadə edilməsinə etiraz edirdilər.

Onlar aşağıdakı fikirləri irəli sürürdülər:

a. İqtisadi geridəqalmışlıq, üstəgəl mədəni ekzotika sousunda bir ədəbiyyat gözləntisinə qarşı çıxmaq.

b. Pitoresk yerli təhkiyənin tənqidi.

c. Keçmişin böyük mövzusu olan “Biz kimik?” əvəzinə “Mən kiməm?” sualı əsas olmalıydı. Fərdə əhəmiyyət verilməliydi.

d. Təhkiyədə tarixi kəskinlik “an”a qədər enməli, burada və indi - tarixiliyi əvəz etməli idi.

e. McOndo ölkəsi sadəcə Latın Amerikasından ibarət deyildi, Latin-Anglo bir kültür içinə yayılmalıydı.

f. Xəyali yerlər yerinə yaşayan canlı şəhərlər haqda danışmalıydı təhkiyə.

g. Keçmişin “məhəlli, folklor, solçu” düşüncəsinə qarşı çıxrdılar.

h. McOndo’nun istifadə edəcəyi dil "Spanglish" (Spanish və English-in qarışığı) və ondan da o yana, hibrid bir dil olmalıydı. Hər cür şəhər jarqonu, arqo, kitsch, televiziya dilindən sözlər işlədiləcəkdi.

i. Cinayət, zorlama hadisələrinin baş verdiyi məkanlar romana gəlməliydi.

j. Cinsi azğın mövzular nəql olunmalıydı.

k. Avropa, yaxud başqa bir ədəbi hegemoniya ilə qovuşmaq kimi bir niyyətləri yox idi.

McOndo manifesti ilə hekayə antologiyası 1996-cı ilin mart ayında yayımlandı. Bu kitab Barselonada “Grijalbo-Mondodori” nəşriyyatında Fuguet’in ön sözülə (McOndo manifesti) çıxdı.

Kitabda Latın Amerikası əsas olmaq şərtilə, 10 ölkədən 27 yazar yer almışdı.

Fuguet və Gomez-dən başqa, Kolombiyadan Jorge Franco, Mario Mendoza, Santiago Gamboa, Kubadan Pedro Juan Gutiérrez, Argentinadan Rodrigo Fresán, Puerto-Rikadan Giannina Braschi, Perudan Jaime Bayly, Meksikadan (portuqal icmasından) Jordi Soler, Uruqvaydan Gustavo Escanlar, İspaniyadan Ray Loriga və Boliviyadan Edmundo Paz Soldán var idi həmin yeni manifestli kitabda.

Bu yazarlar yüksək sinif ailələrin uşaqlarıydı və neo-liberal dövrdə elit kültürdə yetişmişdilər. Sosial və siyasi mövzulara maraq duymamalarının bir səbəbi də budur.

2000-ci illərdə sosial və siyasi mövzulara yenidən maraq duyulmağa başladı. Latin Amerikası solu ədəbiyyatdakı bu maraqla paralel surətdə yenidən dirçəldi.

McOndo, üzvlərindən biri olan Edmundo Paz Soldan-ın da dediyi kimi, 1996-cı ildən 2003-cü ilədək bir oyun, zarafat kimi yaşandı və bitdi. “Sataşmaq üçün bir söz idi” – deyə əlavə edir Boliviyalı yazar.

McOndo bir antitezis idi.

O hərəkat öləndən sonra onların üzvlərindən biri E.P. Soldán “McOndo ürəkdən gələn bir cavab idi, qurğu-qurama deyildi. Yenə də orada vacib fikirlər var idi...” demişdi.

Crack

Crack’ın ortaya çıxmasının da bir hekayəsi var.

Hadisə 1990-cı illərin əvvəlində Mexiko şəhərində baş verir. Jorge Volpi, Ignacio Padilla və Eloy Urroz – 1960-cı illərdə doğulmuş, orta məktəbdə birlikdə oxumuş üç dost yazıçıdır.

Üçü də sehrli realizmdən, yaxud Latın Amerikalı kimliyini irəli çıxarıb nümayiş etdirməkdən bezmiş vəziyyətdədir.

Mərkəzi Avropa yazarları kimi tarixi, araşdırmalardan süzülmüş realist qurğularla, məzmunca sağlam romanlar yaza biləcəklərinə inanırlar. Sadəcə inanmaqla qalmır, yazırlar da.

Amma heç cür nəşr etdirə bilmirlər o romanları.

Çünki bütün Meksikadakı nəşriyyatlara sehrli realizm istəyən tənqidçilər və redaktorlar rəhbərlik edirlər. Onların fikrincə, Latın Amerikasından Thomas Mann-lar çıxa bilməz.

Gənc yazarların İspaniyadakı nəşriyyatlara müraciətləri də bir nəticə vermir.

“Crack” bu axını ifadə etmək üçün xüsusi olaraq, seçilmiş sözdür. Anglofil terminologiya içində baxsaq, çırtıltı, yarıq, aralıq, möhkəm zərbə endirmək, söhbət mənalarını verir. Bundan başqa, narkotik aləmində “vasitə” mənasında da işlənir.

"Lateral" adlı müstəqil bir qəzet əlavəsində yayımlanan Crack manifesti ortaq qələmə alınmış bir mətn deyil. Manifest beş yazarın mətnlərindən ibarətdir. Hər yazar öz “Crack” anlayışını yazır, geniş etika və estetika içində görüşürlər orada.

Fikirləri:

a. Yazarlar fərqli ifadələrlə olsa da, post-buma daxil olduqlarını deyirlər.

b. Çoxsəsli romanı üstün tuturlar.

c. Roman sürətli oxunmaq üçün yazılmalıdır

d. Movzu baxımından müxtəliflik əsas götürüləcək

e. Nəyi göstərə bilərsənsə, onu təsvir etməlisən.

f. Səhihlik əsas götürülməlidir.

g. Sağlam məzmun

h. Mövzular Meksikadan kənar olmalıdır.

i. Avropa ədəbiyyatıyla bütünləşmək istəyi var

j. Qruplaşmalara, mediya dəstəyinə nifrət edirlər.

Crack yazarları yaxşı təhsil almış orta sinfin uşaqlarıdır. Crack manifestində Italo Calvino’nun “Gələcək milenium üçün altı təklif” başlıqlı məşhur məqaləsinə də istinad edirlər.

(Ardı var. Növbəi hissədə: 1990-cı illərdə Kolumbiya ədəbi mühiti)

XS
SM
MD
LG