Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:49

“Oyunlar bitdi – müharibəyə dönürük”


politico.eu saytından görüntü
politico.eu saytından görüntü

.

Ermənistan və Azərbaycanda dinc sakinlərin sülh yanğısı...

“Azərbaycanla Ermənistan 27 ildir savaşır. Avropanın vecinədir?” bunu “Politico.eu” saytında Andrew Connelly sual edir:

“Deyirlər ki, qədim Yunanıstanda Olimpiyaya görə bütün müharibələr dayanıb, oyunlar zamanı silahlar yerə qoyulub, atəşkəs elan olunub. İyunun 28-də Bakıda birinci Avropa Oyunlarının bağlanış mərasimi gedərkən belə bir atəşkəsin Azərbaycan və Ermənistan arasında mümkünlüyünü təsəvvür etmək çətin idi.

Tamaşaçıların çoxu anlamırdı ki, Avropanın ən çox hərbləşdirilmiş sahillərinə necə yaxındılar. 20 min əsgər Birinci Dünya Müharibəsini xatırladan səngərlərdən bir-birinə göz qoyur.

1994-cü il atəşkəs sazişinə baxmayaraq, vertolyotların vurulması, minalardan ölüm halları, hərbi əsirlər son iki ildə lap artıb, Avropa isə bütün bunları gözardı etməkdədir.

Rusiya hər iki tərəfi silahlandırır və Ermənistanın ikinci şəhəri olan Gümrüdə 5 min əsgər saxlayır. Azərbaycan isə neft satışı hesabına hərbi büdcəsini artırmaqdadır. Hazırda müdafiə xərcləri Ermənistanın ümumi büdcəsindən 3 dəfə çoxdur.

Avropa Olimpiya Komitəsinin tərəfləri Bakı oyunlarına cəlb etməsi diplomatiyanın qələbəsi idi. Ancaq idmanın müharibə yaralarını örtəcəyəni düşünmək sadəlövhlükdür. Hər yarışmada erməni atletlərinin fitə basılması, komanda ətrafında yüksək təhlükəsizlik tədbirləri buna sübut idi. İdmanın siyasət üzərində zəfər çalmamasına daha bir sübut açılış mərasimində məşəli 19 yaşında erməni snayperinin gülləsi nəticəsində gözünü itirmiş İlham Zəkiyevin daşıması oldu”.

Jurnalist İlham Zəkiyevlə Sumqayıtda paralimpiya zalında görüşüb. Ondan soruşub ki, bu cür idman tədbirləri iki ölkəni yaxınlaşdıra bilərmi? “Tərcüməçi daha sonra mənə dedi ki, Zəkiyev dostuna sarı çevrilib deyib: “Bu, dəlidi?”

Soruşdum ki, Avropa Oyunları Qarabağ münaqişəsi barədə bilgiləri artırmaq üçün Azərbaycana bir fürsət yaratdımı, onun da mərasimə qatılması buna sübut idimi? “Hə, bu, dünyaya hayqırtımız idi,” İlham Zəkiyevin cavabı belə oldu”.

Müəllif Xocalı faciəsini, Sumqayıtda ermənilərə qarşı talanları da yada salır, hər iki faciənin kədərlə anıldığını qeyd edir.

O, daha sonra Ermənistanın Azərbaycanla sərhədinə baş çəkib. Qeyd edir ki, Azərbaycanın Qazax rayonu ilə sərhəddə, Ermənistanın Voskevan kəndində uşaqlar snayper mövqeləri yaxınlığında futbol oynayırlar. Kəndin ağsaqqalı hər iki ölkənin rəhbərliyinin münaqişəni uzatdığını söyləyib: “Özümüzə qalsaydı, bunu azərbaycanlı qardaşlarımızla üzbəüz, dinc yolla həll edərdik”. Müəllif dərhal da vurğulayır ki, düz eyni fikirləri azərbaycanlılar da ona deyiblər.

Berkaber kəndində isə qonaq evinin sahibi jurnalistə evin darvazasındakı güllə yerlərini göstərib, danışıb ki, bəzi gecələr azərbaycanlı qonşularının öz əsgərlərini atışmanı dayandırmağa çağırdıqlarını, qışqırdıqlarını eşidirlər. Müəllif azərbaycanlı şairlərin, siyasətçilərin fotoları olan, toz-torpaq basmış kiçik muzeyə də baş çəkib. Sahibindən soruşub ki, bunları niyə saxlayır, cavab bu olub: “Nə vaxtsa azərbaycanlılar buraya qayıdanda istəyirəm görsünlər ki, onlara aid olanları necə sağ-salamat saxlamışıq”.

Müəllif daha sonra yazır: “Bu adamlar hər gün snayper atəşinin altında yaşamağın gərginliyi içindədirlər, ancaq barışığa ən meylli də elə onlardır.

Hər iki millətin başqa ölkələrdə mühacir icmaları var və nisbətən dinc şəraitdə bir-birilə ünsiyyətə girirlər. Ancaq öz ölkələrində ritorika qızışır və bu da, şəksiz, ümumi daxili problemlərin nəticəsidir: demokratiyada qüsurlar, parazit korrupsiya, xaricə daha yaxşı imkanlar ardınca gedən gənclər. Barışığa doğru ilk addımı atmaq üçün hər iki ölkə əvvəla hazırkı rejimlərdən və Moskvanın müdaxiləsindən qurtulmalıdır.

Ötən həftə cəbhə xəttində bir erməni və iki azərbaycanlı əsgər öldürülüb. Avropalılar yaxşı olar öz qitələrində gedən bu münaqişəyə diqqət ayırsınlar, yoxsa çox gec ola bilər.”

“Avropa Oyunları niyə Azərbaycanın PR fəlakətinə çevrildi?”

“Buna dəyərdimi, Prezident Əliyev? Azərbaycanda ilk Avropa Oyunlarına milyardlar xərcləməyə dəyərdimi?” “IB Times” saytı Meydan TV-nin rəhbəri Emin Millinin məqaləsini dərc edib. Müəllif bu oyunların ta başlanğıcdan saxta olduğunu, kənar şəxslər üçün heç bir maraq daşımadığını yazır.

“Əliyev ümid edirdi ki, oyunlar rejiminin xaricdə nüfuzunu düzəldəcək. Ancaq baş verənlər onu yəqin məyus edib. Oyunlarla bağlı hər bir yazıda hökumətin insan haqları pozuntularından narahatlıq dilə gətirilib... Sanki ictimaiyyətlə əlaqələr sahəsində bir fəlakət baş verdi. Ancaq deyəsən bu Əliyevin daha vecinə deyil. Adamları xaricdə yaşayan azərbaycanlıları hədələməyə başlayıblar”.

Emin Milli daha sonra özünün hədələnməsindən yazır. “Bu da rejimin özündənrazılığıdır. Onlara elə gəlir başqa ölkələrdə yaşayan azərbaycanlılara da özünü necə aparmağı diqtə edə bilərlər. Əliyev və yaxınları inanırlar ki, Azərbaycana sahibdirlər: onlar üçün yaxşı olan ölkə üçün də yaxşıdır”.

“Bakı 2015-in PR strategiyası iflasa uğrayıb və rejim qəzəblidir. Dünya hakimiyyətin iç üzü barədə daha çox şey öyrənib. Onlar pulumuzu, xalqın sərvətini məsuliyyətsizcəsinə israf etməyi dayandırmalıdırlar. Jurnalistlərin, fəalların, siyasətçilərin həbsi dayandırılmalıdır. Mən və digərləri nə qədər hədələnsək də, bu tələblərə son verən deyilik. Mənə nəsə olsa, istəyirəm hamı bilsin ki, buna görə ancaq və ancaq İlham Əliyev məsuliyyət daşıyır”.

XS
SM
MD
LG