Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:02

Günel Mövlud. Özünüzü elə aparırsınız ki, elə bil...


Günel Mövlud
Günel Mövlud

-

"Millət nə qədər güclüdürsə, yazıçının şişirdilmiş tənqidini bir o qədər sakit və təmkinlə qəbul edir."

Günel Mövlud

AZƏRBAYCAN XALQININ ÇÖRƏYİ

“Bu xalqın çörəyi sənə haram olsun!”, “Sən bu ölkənin çörəyini yemisən!”... Xalq, mentalitet, milli dəyərlər barədə azacıq mənfi fikir bildirən kimi, kim olursa-olsun, üzləşdiyi ilk reaksiya budur.

Arqument, səbəb, fakt, heç nə işləmir, bəd ayaqda, söz tapmayanda, ən daşdan keçən məsələyə əl atırlar: Sən xalqın çörəyini yemisən!

Xalqı tənqid etmək hər zaman qıcıqlandırır. Sadə davranış kodeksindən tutmuş xalq olaraq mənəvi dəyər elan elədiyi şeylərin tənqidinə qədər.

Xalqı tənqid etmək məsələsinin mahiyyətini bir az aça biləcək sitat gətirək, sonra keçək çörək söhbətinə.

Əksinə, bir millət nə qədər zəif və özündən bədgümandırsa, yazıçının sadə həqiqətini bir o qədər ağrılı və əsəbi qarşılayır

Ötən ayların birində gürcü yazıçısı Mixail Cavaxaşvilinin kitabına yazılmış ön söz diqqətimi çəkdi.

“Ədəbiyyatın ilkin məqsəd və öhdəliklərindən biri də təkcə cəmiyyətin hansısa hissə və ya təbəqəsinin bədii təsviri deyil, bəzən hətta millətin tarixən formalaşmış şübhəli və mənfi tərəflərini yazmaqdır.

Çünki, heç bir xalq öz kəm-kəsirini görmədən inkişaf edə bilməz.

Millət nə qədər güclüdürsə, yazıçının şişirdilmiş tənqidini bir o qədər sakit və təmkinlə qəbul edir.

Əksinə, bir millət nə qədər zəif və özündən bədgümandırsa, yazıçının sadə həqiqətini bir o qədər ağrılı və əsəbi qarşılayır”.

Əlbəttə, yazıdan, mətndən ağlasığmaz qədər uzaq, mətnə, yazıya izahagəlməz dərəcədə ögey insanlara bu dərin mənalı, düşündürücü cümlələrin mahiyyətini izah etmək mümükün deyil.

Şəxsən mən hərdən dəhşətlə düşünürəm ki, oxucuların böyük əksəriyyəti bizi dolayıb.

İstəyir, lap ürəyin partlasın, xeyri yoxdur.

Bir-iki nəfər başa düşsə, dərk eləsə belə, qəsdən özünü anlamazlığa vuracaq.

Çünki xalqın tənqidə dözümlülüyünün lazımlı olduğunu dərk etmək sərf eləmir. Qısa bir haşiyə çıxım.

Şəxsən mən hərdən dəhşətlə düşünürəm ki, oxucuların böyük əksəriyyəti bizi dolayıb.

Xüsusilə də, ən çox nifrət qusanlar, kin püskürənlər, ən narazı görünənlər. Mənə elə gəlir ki, onlar hamıdan yaxşı başa düşürlər nə demək istədiyimizi.

Yazdığımız fikirlərlərlə onlar hamıdan çox razıdırlar. Sadəcə, bizi dolayıblar.

Məsələn, gün gələcək, erməni xalqı ilə Azərbaycan xalqı yenidən dostaşanda, normal münasibətlərə başlayanda, yəni bu dostluq artıq bir hakim siyasət olanda indi bizə “sənin qanında erməni qanı var” deyənlər sakitcə deyəcəklər:

- Düzdü də, biz guya həmişə bilmirdik ki, bizim xalqlarımız qardaşdı?! Siz qrant alıb sülhdən danışırdınız, amma biz erməniləri qəlbən sevirdik...

Və indi bizi düşmən elan etməklərindən bir qram da utanmayacaqlar. Eyni şey dinlər, mentalitet, davranış kodeksləri ilə, ənənələrlə bağlı da baş verəcək.

Sadalanan problemlər həll olunsa, həmin gün deyəcəklər ki, düzdü də, belə də olmalı idi.

Bizimlə isə ancaq ona görə razılaşmırlar ki, şəxsən nifrət edirlər. Səbəbsiz-filansız.

“Ay Yerin peykidir” kimi bir şey yazsan belə, etiraz eləməyə nəsə tapacaqlar. Çünki əsas məqsəd razılaşmamaq, əla salmaq, kin püskürməkdir. Bir xalqın öz qələm adamlarına nifrət eləməsi çox dəhşətlidir.

Qayıdaq çörək söhbətinə.

Əvvəla, Azərbaycan çörək sexi deyil. İkincisi, şəxsən mən çox ölkənin çörəyini yemişəm.

Azərbaycanda o çörəyə 40 qəpik, Berlində 1 avro, Türkiyədə 2 lirə, Tiflisdə 70 tetre verib almışam.

Yəni bütün ölkələrdə çörəyin də, bütün ərzaq məhsulların da haqqını vermişəm.

İşləmişəm, zəhmət çəkmişəm, maaş, qonorar almışam və pulunu verib Azərbaycanın çörəyini almışam.

Yəni Azərbaycanda 40 qəpik vermişəm, çörək almışam.

O 40 qəpik olmasaydı, Azərbaycanda mənə heç bir dükan çörək verməzdi.

Yəni, hələ başa düşməmisinizsə, bir az da izah edim. İşləmişəm, zəhmət çəkmişəm, maaş, qonorar almışam və pulunu verib Azərbaycanın çörəyini almışam.

Eləcə də, hər kəs, ölkəsindən asılı olmayaraq, xalqın deyil, zəhmətinin, istedadının çörəyini yeyir.

Azərbaycan xalqı da daxil olmaqla, heç bir xalq heç kimə çörək vermir. Xalqın nə belə bir xidməti var, nə də belə bir öhdəliyi.

Amma siz hərdən özünüzü elə aparırsınız ki, elə bil, biz evdə otururuq, Azərbaycan xalqı da evimizə çiynində un tayları daşıyır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG