Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:54

Bu küçədə uşaqlar qapıdan boylanmır...


Arxiv fotosu
Arxiv fotosu

-

"Sovet vaxtı Mingəçevirdə su anbarı tikildi... Buralar sənaye şəhərinə çevrildi. Həmin vaxt Samux şəhərin sənayeləşdirilməsinə qurban getdi. Sonra da adı yaddaşlardan silinməsin deyə, şəhərin küçələrindən birinə Samux adı verdilər. Ancaq gəlin, bu Samux küçəsinin vəziyyətini görün bir... Adamlar qorxularından başlarını çölə çıxara bilmirlər. İri tutumlu maşınlar günün 24 saatını küçədən yüksək sürətlə o başa-bu başa şütüyür. Hətta bu üzdən küçəmizdə ölüm hadisəsi də baş verib".

"HƏR AN ÖLÜMLƏ ÜZ-ÜZƏYİK"

Mingəçevir şəhəri, Samux küçəsinin sakini Elton Əsədov "Qaynar xətt"ə yaşadığı küçənin qayğılarından, sakinlərin həyatını anbaan təqib edən təhlükədən danışır.

"Küçəmizin sakinləri hər gün təhlükə ilə üz-üzədirlər. Səbəbi də odur ki, günün 24 saatı küçəmizdən sürətlə yük və minik avtomobilləri keçir. Uşaqları qapıdan çölə buraxa bilmirik. Dəfələrlə faciə baş verib, hətta adam da ölüb. İri tonajlı avtomobillərin səsindən evdə otura bilmirik. Maşın keçəndə evlərimizin döşəmələri silkələnir".

Sakinlər rayon icra hakimiyyətinə müraciət etsələr də, dərdlərinə çarə edən olmayıb.

"Bu küçədə dəfələrlə təhlükəli vəziyyət yaranıb. Avtomobillər qəza vəziyyəti törədərək evlərə çıpılıb. Hətta, bir dəfə sürətlə hərəkət edən minik maşını yoldan çıxıb həyətinin giriş qapısı yanında oturmuş yaşlı qadının həyatına son qoyub. Yük maşınlarının hərəkəti evlərimizin divarlarında çatlar yaranmasına səbəb olub".

AXŞAM DÜŞDÜ, GÖZ-GÖZÜ GÖRMÜR

İnsanların təhlükəsindən söhbət açılan küçədə bir problem də işıqlandırmanın olmamasıdır.

"Sovet hökumətinin zamanında basdırılan işıq dirəkləri çürüyüb, ömrünü çoxdan başa vurub. Elektrik naqilləri də eyni vəziyyətdədir. İşıqlandırmanın olmaması küçə sakinlərinin həyatına təhküləni birə-beş artırır".

Şəhər icra hakimiyyətindən bildirdilər ki, Samux küçəsinin sakinləri quruma dəfələrlə müraciət ediblər.

"Mingəçevir abadlaşır, küçələr işıqlandırılır, asfalt döşənir. Növbə o küçəyə də çatacaq. Konkret Samux küçəsinə gəlincə, o küçə Yevlaxın ərazisinə düşür".

Lakin küçə sakinləri deyir, Yevlax rayon icra hakimiyyətindən onlara bildirilib ki, yaşadıqları küçə Mingəçevir ərazisinə düşür.

İndi sakinlər qalıblar iki qurum arasında. Həyatlarını təhlükədən uzaq tutmaq üçün kimə müraciət etsinlər, bax, bu sualın üzərində baş sındırırlar.

XS
SM
MD
LG