Proses başladı...
Avqustun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi davam edir.
Proses yenə yarıqapalı vəziyyətdə keçirilir. Böyük Britaniya səfirliyinin və Avropa Birliyinin nümayəndələri məhkəmə zalına buraxılmayıblar.
ABŞ, Almaniya və Norveç səfirliklərinin əməkdaşları isə içəridədirlər.
Avqsutun 13-də Xədicə İsmayıl vəkilləri ilə istintaq təcridxanasında məsləhətləşəməyə ehtiyacı olduğunu demişdi və buna görə hakim məhkəməni bu gün saat 15-dək təxirə salmışdı.
14 avqust - Bir neçə dəqiqədən sonra məhkəmə başlayır...
Xədicə 1 gün vaxt istədi
10 dəqiqəlik fasilədən sonra vəkillər deyib ki, bir neçə şəxsin qanunsuz əməyə cəlb edilməsi ittihamı ilə bağlı cəmi bir şahid – Esmira Cavadova dindirilib. Qalanları da dindirilməlidir. Bu vəsatət baxılmamış qalıb.
Hakim bildirib ki, məhkəmə prosesi sabah saat 3-də davam edəcək. Vəkillər də, Xədicə İsmayıl da məhkəmənin çox sürətlə keçirilməsinə etiraz edib. Bildiriblər ki, «ekspress məhkəmə» keçirirsiniz.
Vəkillər məhkəmədən onlara vaxt verilməsini istəyib. Xədicə də hakimə etiraz edib: «Məni 15 il cəza gözlədiyini deyirsiniz. Mən 15 il də, 25 il də həbsdə olmağa razıyam. Heç olmasa, bunun cüzi hissəsini burda, məhkəmə zalında səy göstərərək, hüquqlarım uğrunda mübarizə apararaq keçirərəm. Hüquqlarımı təmin edin. Mən başa düşürəm, mənimlə bağlı sizə sifariş veriblər. Nə qədər həbs cəzası verəcəyinizi də bilirsiniz. Bəlkə də hər gün burda gəlib məni görməkdən vicdan əzabı çəkirsiniz. Ancaq imkan verin, mən də hüquqlarımı qoruyum».
Xədicə İsmayıl qohumları və vəkilləri ilə görüşməyi üçün, heç olmasa, bir gün vaxt ayrılmasını istəyib. Ancaq buna imkan verilməyib.
Xədicə İsmayıl məhkəmənin gedişindən məyus olduğunu da deyib.
Məhkəmə prosesi avqustun 14-ə təyin edilib.
«Məni tutmaq üçün radionu bağlamısınız»
Vəkil Fariz Namazov Tural Mustafayevin işdən çıxarılması məsələsinin ayrıca araşdırılması ilə bağlı vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.
Xədicə İsmayıl deyib ki, həbsindən əvvəl prokurorluq heyətinin «Maqnitski siyahısı»na salınması üçün beynəlxalq təşkilatlara müraciət edib: «Ona görə prokurorluq heyəti mənə qarşı qərəzidir». Deyib ki, «Tural Mustafayevin işdən çıxarılmasını, intiharı məsələsinin araşdırırsınızsa, bütün əlaqəli şəxsləri dindirməkdə maraqlı olmalısınız». Hakim bu vəsatəti təmin etməyib.
Vəkil Fariz Namazlı isə Tural Mustafayevin işdən çıxması ilə bağlı AzadlıqRadiosunun Bakı bürosunun ovaxtkı rəhbəri Babək Bəkirlə elektron yazışmasının sübutlar siyahısına salınması haqda vəsatət qaldırıb. Bu da təmin olunmayıb.
Vəkillərin başqa bir vəsatəti AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılovun məhkəməyə çağırılması haqqında olub. Prokuror isə deyib ki, buna ehtiyac yoxdur, çünki AzadlıqRadiosunun işi araşdırılmır. Bu vəsatət də təmin olunmadı.
Xədicə İsmayıl deyib ki, «heç olmasa, radionu mənə görə yoxlayıb bağladığınızı açıq bildirməyin. Məni tutmaq üçün radionu bağlamısınız. Çünki radioda yoxlama aparıb məni tutmalıydınız, siz isə əksini etmişiniz».
Məhkəmədə 10 dəqiqəlik fasilə elan olunub.