Xədicənin tərcüməsini görmə əngəllilər üçün hazırladı
AzadlıqRadiosunun daimi dinləyicisi, görmə əngəlli, 54 yaşlı Məhərrəm Şahverdi jurnalist Xədicə İsmayılın tərcümə etdiyi «Çərpələng uçuran» (kitabın müəllifi əfqan əsilli yazar Khaled Hosseini-dir) romanını audio-kitab kimi hazırlayıb.
«Kitabı dostlar səsləndirdi, mən isə onu gözdən əlillər üçün uyğunlaşdırılmış audio proqramında montaj etdim. Hər dəfə bu kitabın üzərində işləyəndə, Xədicəni düşünmüşəm. Ona bir jurnalist, bir insan kimi böyük hörmətim var», - deyə Məhərrəm Şahverdi AzadlıqRadiosuna bildirib.
Rasim Əliyev yad olundu
Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığına toplaşmış jurnalistlər Rasim Əliyevi bir dəqiqəlik sükutla yad ediblər.
Jurnalistlər Xaliq Bahadır, Əvəz Zeynallı, Rövşən Hacıyev Rasim Əliyevin ölümünə səbəb olmuş cinayətkarların tapılıb cəzalandırılmasını tələb ediblər.
Bir qrup şəxs tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da xəstəxanada keçinib.
Tural danışdı
Xədicə İsmayılın intihar həddinə çatdırdığı iddia olunan Tural Mustafayev məhkəmədə şahid qismində ifadə verib. Deyib ki, nişanlısından ayrıldığı üçün intihar etmək istəyib. Onun intihara cəhdinin Xədicə İsmayılla heç bir bağlılığı yoxdur.
Bu haqda vəkil Fariz Namazlı məlumat verib.
Məhkəmə prosesi şahidlərin ifadələri ilə davam edir.
Tural Mustafayev zərərçəkən şəxs qismində ifadə verib
Xədicə İsmayılın məhkəməsində Tural Mustafayev zərərçəkən şəxs qismində ifadə verib.
O ifadəsində deyib ki, psixoloji problemləri olduğuna görə əsəb dispanserində müalicə alıb. Psixi problemlərinin yaranmasında, intihara cəhd etməsində Xədicə İsmayılın hər hansı rolu olmayıb. Eyni məzmunlu ifadəni onun nişanlısı Rövşanə Rəhimova verib.
Bu haqda AzadlıqRadiosuna vəkil Fariz Namazlı məlumat verib.
Məhkəmədə Tural Mustafayevin anası da ifadə verib. Deyib ki, Xədicəni tanımır, oğlu Rövşanə Rəhimovaya görə intihar etmək istəyib.
Müdafiə tərəfi Tural Mustafayevin zərərçəkən statusuna xitam verilməsi ilə bağlı vəsatət qaldırıb: “Tural Mustafayev özü də məhkəmədə bildirdi ki, o özünü zərərçəkən saymır. Hər hansı maddi, fiziki zərərə məruz qalmayıb. Özünü öldürmək istəməsində Xədicə İsmayılın rolu olmayıb.”
Bu vəsatətə hələ baxılmayıb.
Məhkəmə saat 3-ə qədər fasilə elan edib.