Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:56

Ana azyaşlı övladlarını tələb edir


Arxiv fotosu
Arxiv fotosu

-

"Uşaqları apardı. Dedi, axşamtərəfi qaytarıb gətirəcək. Getdikləri gündən 10 ay keçib, hələ də uşaqları qaytarmayıb. Qapılarına gedirəm ki, uşaqlarımı verin, məni qapıdan qovurlar".

"BİZİ ATIB VALİDEYNLƏRİNİ TUTDU"

AzadlıqRadiosunun "Qaynar xətt"inə müraciət edən Bakı sakini Ədilə Quliyevanın deməsinə görə, az qala 1 il olacaq ki, 3 yaşlı qızı Aydanla 5 yaşlı oğlu Orxanın üzünü görmür. Elə təqribən 1 il əvvəl rəsmən boşandığı həyat yoldaşı Fikrət Babayev qadının yaşadığı məhəlləyə gələrək uşaqları bir neçə saatlığa geri qaytaracağını deyib və uşaqları özü ilə aparıb. O gedən bir daha geri qaytarmayıb. Qadın deyir ki, indi uşaqlarını geri qaytamaq əməlli-başlı müşkülə dönüb:

"10 il əvvəlailə qurmuşduq. İki övladım oldu. Həyat yoldaşımın ailə üzvləri ilə eyni mənzildə yaşayırdıq. Xasiyyətimiz uyğun gəlmədi, münasibətlər dözülməz hala çatmışdı. Ailə kimi onun valideynlərindən ayrı yaşamaqdan başqa çarə qalmamışdı. Evdən çıxdıq, kirayəyə getdik. Ancaq bizimlə cəmi bir neçə gün yaşadı. Bir gün gözlədik, gəlmədi. Sabahı gün narahat olub zəng vurdum, dedi, mənə anamgil lazımdır. Bir neçə ay gözlədim ki, bəlkə övladlarına görə çıxıb yanımıza gələr. Gəlmədi... Mən də boşanmaq üçün ərizə verdim".

Məhkəmə nikahı pozub. Azyaşlı uşaqları da ananın himayəsində saxlayıb. Məhkəmə qərarına əsasən, ata uşaqları həftəsonu öz yanına apara bilərmiş. Bir neçə dəfə uşaqları aparıb, 2-3 saatdan sonra geri qaytarıb. Ancaq ötən il sentyabrın 6-da uşaqları aparıb və geri qaytarmayıb.

"Mən ona uşaq verməmişəm. Uşaqlar həyətdə oynayarkən gəlib məndən xəbərsiz maşına mindirib, aparıb. Az sonra zəng vurub ki, uşaqlar mənimlədir, günün sonu qaytarıb gətirəcəm. Bir neçə gün uşaqların dalıyca getdim. Hər dəfə söyüb qovdular. Polisə şikayət etsəm də, baxılmadı. Polis dedi get, məhkəməyə şikayət ərizəsi ver".

Arxiv fotosu
Arxiv fotosu

MƏHKƏMƏ NİYƏ LƏNGİYİR?..

Ədilə xanım uşaqların alınaraq ona verilməsi, ərindən aliment və əlavə xərclər tutulması iddiası ilə məhkəməyə üz tutub. Məhkəmə 6 aya yaxındır davam edir. O, məhkəmənin qarşı tərəfin xeyrinə həll olunacağından narahatdır:

"Məhkəmə komissiya yolladı, gəlib mənim kirayədə yaşadığım evə baxış keçirdilər. Məhkəməyə rəy verdilər ki, ananın həmin evdə uşaqlarını saxlamaq imkanı yetərlidir. Ancaq nədənsə məhkəmə ləngiyir. Artıq məndə belə şübhələr var ki, qarşı tərəf rüşvət verib qərarı öz xeyrinə çxıartdırmaq istəyir".

HÜQUQŞÜNAS DEYİR Kİ...

Suraxanı rayon Məhkəməsindən bildiriblər ki, tərəflərin yaşayış şəraiti öyrənmək üçün yaradılmış komissiya yalnız iddiaçı tərəfin – Ədilə Quliyevanın yaşayış şəraitini öyrənib. Hakim cavabdeh tərəfin də yaşayış şəraitini öyrənmək üçün komissiya üzvlərinin rəyini gözləyir.

Hüquqşünas Fuad Hüseynov deyir ki, uşaqlar 10 yaşları tamam olanadək ananın yanında qalmalıdır. Ancaq məhkəmə ananın gəlirlərini, o uşaqları saxlamaq imkanlarını, keçirdiyi həyat tərzini və yaşayış şəraitini mütləq nəzərə almalıdır:

"Məhkəmə müəyyən etsə ki, ananın sağlamlığında, həyat tərzində, yaşayış şəraitində qüsur yoxdur, uşaqları saxlamaq imkanı var, üstünlük mütləq onda olacaq. Qanun uşaqların 10 yaşınadək anada qalmasını göstərir. 10 yaşdan sonra uşaq özü sərbəst qərar qəbul edə bilər".

XS
SM
MD
LG