Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:54

Daha peyğəmbərin karikaturasını çəkməyəcək


«Charlie Hebdo» qəzeti
«Charlie Hebdo» qəzeti

-

«İslamda tapdığınız səhvləri digər dinlərdə də tapmaq mümkündür»

Fransanın satirik «Charlie Hebdo» qəzetinin baş redaktoru və naşiri deyir ki, qəzet daha Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyəcək.

Bu ilin yanvarında elə həmin karikaturalara görə qəzetin redaksiyası hücuma məruz qalıb, əməkdaşları həlak olub.

İSLAMDAKI SƏHVLƏR DİGƏR DİNLƏRDƏ DƏ VAR

«Biz Məhəmmədin fotolarını ona görə çəkirdik ki, istənilən şeyi çəkə bilmək prinsipini müdafiə edək», - Laurent Sourisseau ötən həftə Almaniyanın «Stern» jurnalına müsahibəsində deyib.

«Riss» ləqəbiylə tanınan Sourisseau deyib ki, «Charlie Hebdo»nun İslamı tənqid etməklə tanınmaq niyyəti olmayıb. «İslamda tapdığınız səhvləri digər dinlərdə də tapmaq mümkündür», - o bildirib.

Yanvarın 7-də iki islamçı silahlı qəzetin redaksiyasına hücum etmişdi, baş redaktorlar və aparıcı karikaturaçılar daxil olmaqla 12 nəfər öldürülmüşdü. «Al-Qaeda»nin Yəmən bölməsi hücuma görə məsuliyyəti öz üzərinə götürmüş, peyğəmbərə rişxənd edən fotolara görə qisas aldığını bildirmişdi.

Bu faciədən sonra ifadə azadlığı hüququ üzrə qlobal debatlar başlandı. Dünyada milyonlarla insan «Je suis Charlie» şüarıyla qəzetlə həmrəyliyini bildirdi.

Hücumdan sonra «Charlie Hebdo»nun ilk nömrəsi üzqabığında Məhəmmədin ağlayan fotosuyla çıxdı. Fotonun altında yazılmışdı: «Tout est pardonné» (Hər şey bağışlanandır). Həmin nömrədən 8 milyon satılmışdı.

YORĞUN KARİKATURAÇI

Bu işdən yorulmuşam. Sarkozy-ni (Fransanın keçmiş prezidenti) çəkməkdən də beləcə yorulmuşdum. Bütün həyatım boyu onları çəkəsi deyiləm.

Ən yaxşı satılmış üzqabığı fotosunun müəllifi, «Luz» ləqəbli Renald Luzier apreldə dedi ki, Məhəmmədi çəkmək daha onu maraqlandırmır:

«Bu işdən yorulmuşam. Sarkozy-ni (Fransanın keçmiş prezidenti) çəkməkdən də beləcə yorulmuşdum. Bütün həyatım boyu onları çəkəsi deyiləm».

Luzier mayda «Charlie Hebdo»dan getdiyini açıqlayıb. O, yorulduğunu, qətlə yetirilmiş dostları və həmkarları olmadan hər bir nömrəni hazırlamağın işgəncə olduğunu deyib.

«The Washington Post» Charlie Hebdo-nun əməkdaşlarının polis mühafizəsi altında yaşadığını, qəzetin mənəvi stress altında hazırlandığını yazır. Üstəlik, əməkdaşlarda da qəzetin mənəvi rolu barədə fikir ayrılıqları yaranıb. Hücumlardan sonra artan gəlirlərin, yardımların hara xərclənməsi da müzakirə doğurub.

Şirkətin səhmlərinin 40 faizinin sahibi olan Sourisseau «Charlie Hebdo»nun son gəlirlərinin çox hissəsini mənimsədiyinə görə tənqid olunub.

Sourisseau mayda «The Guardian» qəzetinə deyib ki, qəzetin çapı davam etməlidir. O, yanvardakı terror hücumundan özünü ölülüyə vurmaqla çıxdığını deyir.

XS
SM
MD
LG