Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:24

Nərgiz Paşayevanın ailə biznesi


Nərgiz Paşayeva
Nərgiz Paşayeva

-

Nərgiz xanımın və qızlarının özəl biznes fəaliyyəti Bakı ilə məhdudlaşmır və xeyli vaxtdır ki, Türkiyədə də kök salır...

Elmi-pedaqoji fəaliyyət, ictimai həyatda aktiv mövqe, mədəniyyət və incəsənətə özünəməxsus dəstək...

Bunlar prezident ailəsinin yaxın üzvü, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Arif qızı Paşayevanın həyat və fəaliyyətinin ictimaiyyətə təqdim olunan bir hissəsidir.

N. Paşayevanın fəaliyyətinin bəhrəsi təkcə ədəbiyyatşünaslıq sahəsində müəllifi olduğu çoxsaylı elmi kitablar, Azərbaycanın və başqa ölkələrin yüksək dövlət təltifləri deyil.

Birinci xanımın bacısı özü və qızları Ülviyyə, Aida artıq çoxdandır ki, özlərini biznesdə də sınayırlar.

Nərgiz Paşayeva "Rusiya və Azərbaycanın strateji tərəfdaşlığında humanitar tərkib hissənin möhkəmlənməsinə şəxsi töhfələrinə görə" Rusiya Federasiyasının Prezidenti D. Medvedevin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilmişdi.
Nərgiz Paşayeva "Rusiya və Azərbaycanın strateji tərəfdaşlığında humanitar tərkib hissənin möhkəmlənməsinə şəxsi töhfələrinə görə" Rusiya Federasiyasının Prezidenti D. Medvedevin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilmişdi.

Odur ki, Ticarət, kommersiya və sənaye Avropa İqtisadi Palatasının “Qızıl orden”nin 2012-ci ildə N. Paşayevaya təqdim olunması təsadüfi sayılmamalıdır.

Azərbaycandakı şirkət və layihələr

Rəsmi qaynaqlara görə, Nərgiz Paşayevanın biznesdə ilk addımı onun dramaturgiya və teatra olan marağının ifadəsi olub. 2004-cü ildə Bakıda, Neftçilər prospektində kiçik bir binada onun rəhbərliyi ilə “ÜNS Yaradıcılıq Səhnəsi” adlı teart qurulur.

Bir qayda olaraq burada teatr, musiqi və incəsənətin müxtəlif sahələrində çalışan məşhur əcnəbilərin iştirakı ilə tamaşa və gecələr təşkil olunur. Deyilənə görə, kiçik zalda yer almaq heç də ucuz əyləncə deyil, lakin buraya yığışan şənliklərdə gözə girməyə adət etmiş Bakının qlamur təbəqəsi üçün bahalı sayılmaz.

“ÜNS Yaradıcılıq Səhnəsi” teatr olmaqla yanaşı, bir kommersiya təşkilatıdır və onun ofisi Paşayevlər ailəsinə məxsus olan JW Marriott Absheron Baku otelində yerləşir.

2012-ci ildə “NARGİS Publishing House” şirkəti tərəfindən Bakıda birinci nömrəsi çap edilən “NARGİS” dərgisi son üç il ərzində sərhədləri aşaraq Gürcüstan, Türkiyə və Ukraynada da oxuculara təqdim olunmaqla regional jurnala çevrilib.

Nərgiz Paşayeva qızı Ülviyyə ilə "Nargis" jurnalının təqdimatında
Nərgiz Paşayeva qızı Ülviyyə ilə "Nargis" jurnalının təqdimatında

Təsisçisi və baş redaktoru Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanova olan bu jurnal ilk vaxtlar geyim-keçimdə dəbi nümayiş etdirirdisə, indi həm də mədəniyyət və incəsənət, eləcə də tarix haqda bilgilərə yer ayırır.

Ülviyyə Rəhmanova həm də Buro 24/7 dəb, gözəllik, media, mədəniyyət, incəsənət, memarlıq, dizayn, texnologiya, avtomobil və idman dünyasındakı yeniliklərdən bəhs edən İnternet layihəsinin Azərbaycan versiyasının təsisçisi və baş redaktorudur.

Əlbəttə, istənilən şəxsin bizneslə məşğul olmaq haqqı var. O cümlədən Nərgiz Paşayeva və qızlarının. Sadəcə, sual doğuran bir məsələ var ki, onlar bu mərtəbəyə həqiqətən də yalnız öz işgüzarlıqları ilə yüksəliblər, yoxsa hakim ailəyə yaxınlıqları və yüksək vəzifəli dövlət məmuru olan qohumları İlham Əliyevin hesabına?

2012-ci ilin yayınadək açıq olmuş şirkətlərin təsis məlumatlarına görə, 2010-cu ildə yaradılan “Karvansaray-2010” MMC-nin iki sahibindən biridir. Bu şirkətin nə işlə məşğul olduğu açıqlanmır.

Əvəzində o məlumdur ki, Ülviyyənin qohumu olan Ramin Rauf oğlu Hacıyevlə 2012-ci ildə birgə qurduğu “Olive ADS” şirkəti geniş reklam yayımı fəaliyyəti göstərir.

Bu şirkətin saytında təqdim edilən məlumatlardan görünür ki, o, Bakıda ən müxtəlif reklam daşıyıcıları (skroller, monitor, prizma, bilbord və meqabord) vasitəsilə yayılan reklamlardan heç də az gəlir götürmür.

Ülviyyənin bacısı Aidə Mahmudovanı incəsənətə bağlayan tellər var. Müxtəlif üslubda çoxsaylı rəsm əsərlərinin müəllifi olan Aidə “Yarat” Müasir İncəsənət Məkanı İctimai Birliyinin qurucusu və rəhbəridir.

"Nargis" jurnalının təqdimatı
"Nargis" jurnalının təqdimatı

Bakıda, Venesiyada, Parisdə və başqa yerlərdə keçirilən sərgilərin təşkilatçısı və iştirakçısı olub. “Yarat”ın saytında deyilir ki, onun fəaliyyətinə sponsorluq dəstəyini Mehriban Əliyeva, eləcə də Bakıda 30-dan çox butik mağazalar şəbəkəsini birləşdirən “Sinteks” şirkətinin sahibi Vüqar Əliyev, eləcə də isveşrəli iş adamı Natiq Heydərovdur.

Aidə və bacısını xalası qızları Arzu və Leyla ilə tez-tez beynəlxalq sərgilərdə bir yerdə görmək olar.

Aidə Mahmudovanın hələ 2009-cu ildə yaratdığı iki şirkətin (“Bisgue LLC” və “Bazarchic LLC”) olduğu məlumdur. O, peşəkar fəaliyyətinin çox zaman almasına baxmayaraq, şirkətlərinə rəhbərliyi də özü yerinə yetirir.

Bacılar sosial şəbəkələrdə də fəaldırlar, dostları və ailə üzvləri ilə çəkdirdikləri şəkillərlə yanaşı, bisnesdəki addımları barədə məlumatları da paylaşırlar. Facebook-da yazıblar ki, bu ilin əvvəlində dostları olan gənc İbrahim Zahidli ilə “Zİ Media”nı, apreldə isə “UL-ZA Collection” dəb geyimləri butikini qurublar.

Beşiktaş sevdalıları

Nərgiz Paşayeva (soldan ikinci) prezident və xanımı ilə birlikdə Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında, 2012
Nərgiz Paşayeva (soldan ikinci) prezident və xanımı ilə birlikdə Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında, 2012

Nərgiz xanımın və qızlarının özəl biznes fəaliyyəti Bakı ilə məhdudlaşmır və xeyli vaxtdır ki, Türkiyədə də kök salır.

İstanbul Ticarət Palatasının açıqladığı məlumata görə, 2011-ci ilin sentyabrında Nərgiz xanım və qızları otel xidmətləri sahəsində fəaliyyət göstərən “Onüçler Turizm İnşaat Senayi ve Ticaret Limited” şirkətini yaradıblar. Əsas hissəsi N. Paşayevaya məxsus olmaqla İstanbulun Beşiktaş məhəlləsində qurulan şirkətə 1 milyon türk lirəsi sərmayə yatırılıb. Şirkətə Ü.Rəhmanova başçılıq edir.

Bu ilin aprelində Ülviyyə 50 min lirə ilkin sərmayə ilə yenə də Beşiktaşda restoran açır. Rəsmi məlumata görə, restoran “Nergis Restorant İşletmeciligi Gida ve Turizm Senayi Ticaret Limited” şirkəti olaraq fəaliyyət göstərir.

Əlbəttə, istənilən şəxsin bizneslə məşğul olmaq haqqı var. O cümlədən Nərgiz Paşayeva və qızlarının. Sadəcə, sual doğuran bir məsələ var ki, onlar bu mərtəbəyə həqiqətən də yalnız öz işgüzarlıqları ilə yüksəliblər, yoxsa hakim ailəyə yaxınlıqları və yüksək vəzifəli dövlət məmuru olan qohumları İlham Əliyevin hesabına?

Bir neçə il öncə Paşayevlərin ailə biznesini Amerika diplomatının dili ilə mətbuata gətirən WikiLeaks Nərgiz Paşayevanın “Nargis” kosmetika məhsulları istehsalında iştirakı olduğunu yazırdı. O zamandan ailənin biznes şəbəkəsi xeyli böyüyüb.

Xeyriyyəçilik

Azərbaycan - Birinci ledi Mehriban Əliyeva və qızı Leyla (sağda) "Nargis" jurnalının təqdimatında. Solda Ülviyyə Rəhmanova
Azərbaycan - Birinci ledi Mehriban Əliyeva və qızı Leyla (sağda) "Nargis" jurnalının təqdimatında. Solda Ülviyyə Rəhmanova

Qeyd etmək lazımdır ki, Nərgiz Paşayeva və qızlarının fəaliyyəti bununla məhdudlaşmır. Onlar həm də sosial və humanitar layihələr həyata keçirən “Nargis Fondu”nun yaradıcılarıdır. buro247.az yazır ki, “Nargis Fondu” xeyriyyə və müxtəlif məqsədlər üçün vəsait toplanması ilə məşğul olan qeyri-kommersiya təşkilatıdır.

Onun əsas hədəfi bütün ehtiyacı olanlara yardım göstərilməsidir. Fond qocalar evi, uşaq evləri və s.-ə yardım edilməsi də daxil olmaqla, bir sıra layihələr həyata keçirilir.

IDEA mebel evinin və Atelier JAN-ın keçirdiyi tarixi açıqlanmayan xeyriyyə tədbirindən əldə olunan bütün vəsaitlər də Nargis fonduna yönəldilib.

Sizcə, Paşayevlərin biznesi nəyin hesabına çiçəklənir?

XS
SM
MD
LG