Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:29

Sahibkarın 14 köçkün ailəsindən tələbi


İllüstrasiya
İllüstrasiya

-

Bir sahibkar Keşlə qəsəbəsi, Babək prospekti 22/24 ünvanda yerləşən və “Azərittifaq”a məxsus olmuş ərazini özəlləşdirib.

Ancaq deyəsən, özəlləşmə zamanı burada yaşayanların sonrakı taleyi nəzərə alınmayıb. İndi sahibkar tələb edir ki, 14 köçkün ailəsi məskunlaşdıqları ərazidən məcburi çıxarılsınlar.

Köçkünlər də daş atıb başlarını tuturlar ki, başqa yaşayış yeri ilə təmin olunmayanadək buranı tərk etməyəcəklər.

Köçkün Sahib Dadaşov “Qaynar xətt”ə danışır:

“22 ildir burada məskunlaşmışıq. Bu ilin aprelində məhkəməyə dəvət olunmağımız barədə bildiriş aldıq. Getdik, gördük iddiaçı bir nəfərdir, tələb edir ki, qaldığımız yeri özəlləşdirdiyinə görə ailələr çıxarılsın. Çıxarılsın, hara köçürülsün? Əvvəl bunu düşünərlər, sonra tələb irəli sürərlər. O adam buranı 2 ildir özəlləşdirib. Mən orda 22 ildir məskunlaşmışam. Harda görünüb ki, köçkünün məskunlaşdığı ərazi özəlləşdirilsin?”

BİR HİSSƏSİ KÖÇKÜNLƏR, BİR HİSSƏSİ İDARƏ

Ərazi “Azərittifaq”ın balansında olub. 1993-cü ildə köçkünlər ərazinin bir hissəsində məskunlaşıblar. Bir hissəsində isə idarə fəaliyyət göstərib. 2004-cü ildə “Azərittifaq” fəaliyyətini dayandırıb və sonradan ərazi özəlləşdirilib.

Bu ilin əvvəli sahibkar məhkəməyə müraciət edərək köçkünlərin ərazidən cıxarılmasını tələb edib.

“Getməyə yerimiz yoxdur. Etiraz etmirik ki... Çıxırıq... Ev versinlər, çıxaq...”, - bunu ərazidə məskunlaşmış başqa köçkün Dursun Əhmədova deyir. O, burada məskunlaşdığı 22 ildə mənzilə çevirdiyi otaqları bir neçə dəfə təmir etdiyini söyləyir:

“Uçulub dağılırdı, özüm neçə dəfə xərc çəkib təmir etdirmişəm. 14 ailənin yaşadığı ərazi bir məhəllə deməkdir. Neyləyəcəklər? Bir məhəllə adamı küçəyə atacaqlar bunlar? Bu ərazini özəlləşdirən qurum o sahibkara deyə bilmirdimi, “əvvəl adamları yerbəyer et, sonra gəl, özəlləşdirək”? Ən ağır işlərdə işləyirəm, iki xəstə uşaq saxlayıram. Hara çıxım burdan?”

SAHİBKAR TƏLƏB EDİR Kİ, ƏRAZİNİ BOŞALTSINLAR

Bu ilin aprel ayında köçkünlər məhkəməyə çağrılıb. İddia ərizəsində onların ərazini zəbt etdikləri göstərilib. Və tələb qoyulub ki, zəbt etdikləri yerlərdən çıxarılsınlar.

“Hakim dedi, köçkünün məskunlaşdğı yeri heç kəs özəlləşdirə bilməz. İddiaçı isə iki ayağını bir başmağa dirəyib ki, ərazini boşaltsınlar”.

Hüquqşünas Namizəd Səfərov deyir, köçkünün məskunlaşdığı ərazi özəlləşdirilə bilər. Lakin köçkün başqa yaşayış yeri ilə təmin olunmayanadək ərazidən çıxarıla bilməz.

Nizami rayon Məhkəməsindən bildiriblər ki, köçkünlərlə sahibkar arasında məhkəmə davam edir.

“Qaçqınkom” köçkünlərin ərazidən gələcəkdə mərhələli şəkildə köçürüləcəyini deyir. Qurumun mövqeyi belədir ki, əgər sahibkar tələsirsə, o zaman özü həmin ailələri başqa yerlərdə mənzillərlə təmin edə, ya da kompensasiya ödəyə bilər. Ya da dövlətin köçürməsini gözləməlidir.

TƏCRÜBƏ NƏ DEYİR?..

Köçkünlərin məskunlaşdığı ərazidə 1-ci qrup Qarabağ əlilləri də var.

Hüquqşünas Namizəd Səfərov deyir, köçkünün məskunlaşdığı ərazi özəlləşdirilə bilər. Lakin köçkün başqa yaşayış yeri ilə təmin olunmayanadək ərazidən çıxarıla bilməz.

“Əslində həmin köçkünləri “Qaçqınkom” köçürməlidir. Lakin təcrübədə var ki, belə məsələlərdə köçürülməni həmişə sahibkarın üzərinə qoyurlar”, - deyə hüquqşünas bildirib.

XS
SM
MD
LG