Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:19

"Məhkəmə özünü ifşa etdi"


Leyla Yunus və Arif Yunus
Leyla Yunus və Arif Yunus

-

«Azərbaycan insan haqları cütlüyünü həbsə atır». Bu başlıqlı məqaləni «Financial Times» dərc edib.

Müəllif Jack Farchy yazır ki, məhkəmə ölkənin iki tanınmış insan haqları müdafiəçisini həbsə atıb və bu, hökumətin tənqidi səslərə hücumları silsiləsindən son addımdır.

Avqustun 13-də məhkəmə Leyla Yunusa 8 il yarım, Arif Yunusa isə 7 il həbs cəzası kəsib. Onlar dələduzluq və vergidən yayınma kimi ittihamlarla təqsirli biliniblər.

«Yunusların məhkəməsini insan haqları qrupları və Qərb dövlətləri siyasi motivli adlandırıb. Bu məhkəmə Azərbaycanda narazılara daha geniş təzyiq kampaniyasının bir hissəsidir. Müşahidəçilər təzyiqlərin 2011-ci ilin «ərəb baharı»ndan sonra başlamasına, ötən il sürətlənməsinə diqqət çəkir», - müəllif yazır.

Yazıda ötən il ölkədə 30-dan çox fəalın ya saxlanması, ya da məhkum olunmasından, AzadlıqRadiosunun Bakı bürosunun, eləcə də ATƏT-in Bakı ofisinin bağlanmasından bəhs olunur.

«Bu təzyiqlər Orta Asiya və Qafqazın bir sıra ölkələrində artan paranoyya ilə eyni vaxta təsadüf edir. Belə ki, bu ölkələr Ukraynada 2014-cü ildə Viktor Yanukovych-in devrilməsinə gətirmiş kütləvi etirazların təkrarlana biləcəyindən narahatdırlar. Azərbaycan prezidenti İlham Əliyev, Rusiyada olduğu kimi, QHT-lərə xarici yardımı məhdudlaşdırıb. Hökumət rəsmiləri də Moskvanın antiqərb ritorikasını qəbul edib».

Leyla Yunusun vəkili Elçin Qəmbərov «FT»yə deyib ki, cütlük məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcək, ancaq buraxılmağa ümidləri çox azdır. «Hökumətimiz «rəngli inqilab»dan qorxur, ona görə vətəndaş cəmiyyətini neytrallaşdırmaq istəyirlər», - vəkil deyib.

«AZƏRBAYCAN ƏDALƏTƏ RİŞXƏND EDİR»

Bunu isə «The Guardian» qəzetində «Human Rights Watch» hüquq-müdafiə təşkilatının Rusiya üzrə proqram direktoru Tanya Lokshina yazır.

«Hökm oxunanda məhkəmə zalında idim və hakim hökmü oxuyanda ağlıma gələn ilk fikir bu oldu ki, bu, əslində ölüm hökmüdür. O qədər xəstə və zəifdirlər ki, həbsxanada yeddi il onların axırına çıxacaq», - müəllif yazır.

Tanya Lokshina Leyla Yunusu beynəlxalq konfranslardan tanıdığını, ancaq şüşə qəfəsdə oturan qadının əldən düşmüş, solğun və sarımtıl rəngdə olduğunu qeyd edir: «Əri Arifi görə bilmədim, o, otura bilmirdi. Hökmün oxunduğu 90 dəqiqə ərzində skamyada uzanıb başını həyat yoldaşının dizinin üstünə qoymuşdu… Məhkəmə zalı dolu və havasız idi, kondisioner avqustun qızmar istisinə tab gətirmirdi. Leyla Yunus ərini yelləyir, ona tərəf əyilib qulağına nəsə pıçıldayırdı. O, açıq-aşkar məhkəməyə fikir vermirdi, fikri-zikri ərinin yanında idi. Hökm oxunub bitəndən sonra məni çağırdı, «Arifin vəziyyəti çox ağırdır. Səhhəti o qədər pisləşib ki, nə baş verdiyini də anlamır» dedi».

«Hakimiyyətin Yunusları barmaqlıqlar arxasına salmaq, məhv etmək üçün hansı texniki və hüquqi bəhanələr gətirməsindən asılı olmayaraq, məhkəmə zalına bircə nəzər bunun siyasi məhkəmə, müttəhimlərin də əslində müstəqil tənqidçilərə qarşı repressiya kampaniyasının qurbanları olmasına şübhə yeri qoymur».

«MƏHKƏMƏ ÖZÜNÜ İFŞA ELƏDİ»

«The Guardian» həmçinin «Amnesty International» təşkilatının mövqeyini dərc edib.

Qurumun Azərbaycan üzrə kampaniya koordinatoru Levan Asatiani deyib: «Leyla və Arif Yunus vicdan məhbuslarıdır, dərhal və qeyd-şərtsiz buraxılmalıdırlar. Məhkəmə sistemi bir daha özünü ifşa etdi ki, prezident İlham Əliyevin əlində narazıları və rejimin tənqidçilərini susdurmaq üçün həyasız alətdir. Onun hökumətinin insan haqlarına münasibəti, sadəcə, sarsıdıcıdır».

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi, ABŞ Dövlət Departamenti, AŞPA rəhbərliyi, Avropa Şurası rəsmiləri də Yunuslara kəsilən cəzanı kəskin pisləyiblər. Azərbaycan Xarici İşlər Nazirliyi isə məhkəmə hökmünə hörmət qoymağa, qərarı siyasiləşdirməməyə çağırıb.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında təqsirli biliniblər. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb. Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.

XS
SM
MD
LG