Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:48

Ucqar havası (kitab)


İbrahimkhalil
İbrahimkhalil

İbrahimxəlil

Ucqar havası

Şeirlər

«Vətən» nəşriyyatı

Bakı -2014

Rəyçilər: Fikrət SADIQ

Azər QARAÇƏNLİ

Tərtibatçı: Anar TAMI

Müəllifin redaktəsi ilə

Ədəbiyyata 80-ci illərdə gələn İbrahimxəlil (İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev) “Cəllad günü”, “Yar”, “Durna diasporu”, “Əyriqarda kim qaldı?” kitablarının müəllifidir. Onun vaqiflərə ünvanlanan zərif poetik duyğuları, özünəməxsus mövzuları, dağ havası qədər, dəniz havası qədər yaxın olan şair havası-ucqar havası həmişə ruhu və diqqəti çəkməkdədir.

© İbrahimxəlil 2014

«????????» nəşriyyatı

Bakı, ?????????????????? tel: 00000000,

E-mail: 000000000

İSBN 000-000-000-000-0-0-00

Köçmədim...

köçə bilmədim;

Sınıq körpü sınar deyə...

***

Arazı su ilə doyuzdurdular...

azara qoydular Azərbaycanı.

Doyar indən belə ayrılıqlarla –

vətənin ayranla doymayan canı!

Araz tərəflərdə qubar yolları

sarılıq tutduqca sayrı düşərsən.

...Mən sənə çox dedim: gəl, ayran içmə;

dedim: ayran içib ayrı düşərsən...

...Onda dövlətquşu uçurdurdular,

onda dövrəyarpaq dövran keçmişdi...

Qaşıq-qaşığaydıq ayranaşıyla...

...elə bil Araz da ayran içmişdi.

***

Mən gözümü naməhrəmdən qoruyuram...

sədəqəmin savabını yazdılarmı?

Müjdə kimi pıçıldadım pak sulara,

hər yuxumu yaxşılığa yozdularmı?

Nəhayətdə öz nəfsini qınamayan

imansıza, insafsıza quruyuram.

...Baxışlarım ona görə yer süpürür:

mən gözümü naməhrəmdən qoruyuram –

ona görə baxışlarım yer süpürür...

...Yaxşıya ki yaraşan yar Sarı Aşıqdı.

...ona görə yer süpürən saçlarına

arazbarı ümidlərim sarmaşıqdı.

***

Padşahın başına and içir içən...

çoxu and yerində oğurluq edir.

Baxır baltakəsməz boynuma cəllad;

başım bədənimə ağırlıq edir?

Bu da palazqulaq padşahpərəstlər –

dövrün damörtüyü devrilən yerdə.

Nişan bir yol yoxdu nicat tapasan

padşah and yerinə çevrilən yerdə.

Padşah and yerinə çevrilən yerdə

zəqqum içən çöllər elə “Çin!” deyir?

...Padşahın başına and içir içən;

and içən: “Padşahın başı üçün!” deyir.

Çöldən ha tapmayıb başını padşah...

eləmi yüngüldü daşı padşahın?

And içən: “Padşahın başı üçün!” deyir;

axır ağrı tapar başı padşahın.

...Dünən erkən çıxdım Saray yoluna,

bir müjdə istəməz bu yuxum dedim.

...Axır ağrı tapıb başı padşahın:

gedim padşahımı yoluxum dedim.

Gedim padşahıma baş çəkim dedim,

pak pay da qoymuşdum qoynuma axı!

Vurdular başımı Saray yolunda;

cəllad çox baxırdı boynuma axı!

***

Əyriqarda nalı düşən ömrümü

nəqşi-xəta nəlbəkiyə xərclədim?

Güneylərdə gərdiş edən ömrümü

gah Şəkiyə, gah Bakıya xərclədim.

Tamam-dəsgah bəlkə tarzən tərpədə,

bəxtsiz idi ağzıyanıq kirpi də.

...Sınıq könülü dünən Sınıq körpüdə

tülkü oğlu tünbəkiyə xərclədim.

Ölçüb-biçən təslim-təhvil ölçmədi,

köçhaköçdə köhnə dərdim köçmədi.

Təpəl ömrüm tənhalıqda keçmədi –

çox tütünə, tənbəkiyə xərclədim.

***

Sözü padşahına vururdum sənin;

gedib sənə dəydi – dilim qurusun.

Daşı padşahına atırdım sənin;

gedib sənə dəydi – əlim qurusun.

Söz sözü gətirər Arazdan elə:

sözümün dalında sinib dururam.

...Sözü padşahına vururdum, vətən, –

sən demə sözümnən səni vururam.

Vəzirin-vəkilin söz götürəndi...

sən elə yandıqca yanasısanmış.

Sözü padşahına vururdum, vətən! –

demə... padşahın da anasısanmış.

...Durur dastanında mən atdığım söz,

durur bostanında mən atdığım daş.

Qayıdıb-qayıdıb yarama dəyir,

ay vətən, yaranı qanatdığım daş...

***

Sınıxmış, sısqa-mərəz

yanar axırıncı şam.

–Bir sıxıntın olmasın! –

deyib getdin bir axşam.

Hər sınaqdan bir küncə

sıxcalanmaq qalacaq.

Sıxıntılar içində

nə sıxıntın olacaq?

Sıcaq sığınacaq yox –

sığallı sazaqlarda.

Bir sıxıntın olmasın –

sənin də uzaqlarda.

Sıxıntılı sözləri

sinədəftər sazlamaq!..

Sızanaqdan deyil ki –

sızım-sızım sızlamaq...

***

Mən səni yerdə gəzirdim illər uzunu,

yolları da saçlarıntək hörəydin keşkə.

Ümidimə çökdü axır çəkməmin tozu,

son ümidim ölən günü görəydin keşkə.

Ucqar çoxdan uçuşlara yasaq bölgədi...

eh, ayazda kol dibinə çökməyə nolub?

...Ümidimə çökdü axır çəkməmin tozu,

cırılan ki ürəklərdi, çəkməyə nolub?

Eh, çəkməyə bir təzə üz çəkməyə nə var!

ümidin astar üzündə hey dağ-daş gördük.

...Mən səni yerdə gəzirdim illər uzunu,

mən səni yerdə gəzirdim... göydə xoş gördük!

***

Araz axır qıyqacı...

Dünya elə əmanətlər mülküdü...

hər əməl də bir niyyətdi dünyada.

...Əmanəti sahibinə çatdırın! –

Araz da bir əmanətdi dünyada.

Əmanətə xəyanətmi elədim? –

xəyanətsə, Əyriqar da çökəcək.

Əməllərin çəkildiyi tərəzi

məni o gün Araznan bir çəkəcək?..

Araz da bir əmanətdi dünyada...

mülk sayır hey bircə manat sahibi.

Əmanətin axıb gedir qıyqacı...

bəri çıxsan, ay əmanət sahibi!

***

Bağışla, əlimdə yazı yazıram;

əlindən tutardım – əlim boş deyil.

Allah qəhr eləsin qəhri-qəzəbi;

az-az qəmküsardı qəlbim, daş deyil.

Yarı Azər canın yarısı Baycan,

baltala bağrımı – bağrım badaşsa.

...Bağışla, əlimdə yazı yazıram;

gələrdim əlimdə yağım da daşsa...

Əlindən tutardım – əlim boş deyil...

tozanaq sözlərin tozu yoxdu, yox?

Ya – sən, ya – bu yazı... hansını seçim? –

yassar yazılara pozu yoxdu, yox...

***

Bilmirdim bu qədər kitabsevərsən...

Hayıf, kitablarım pərakəndədir.

Kitabdar vətənim Kitabıstanda

yarı kitab canım gör nə gündədir!

Qolları qələmtək kitabçıların...

qələti-məşhur da qələm yondurar!

Eh, odur, padşah da papirosunu

kitaba vurulan odla yandırar...

Yanar çıtır-çıtır kitab evləri...

...yanıb da üz tutar ozan Allaha.

Yazdığım kitaba qurban olmadım;

qurbanam mən səni yazan Allaha!..

***

Mənim qanım yerdə qaldı;

hayıf alan olmayacaq?

Qanun da hey demirdimi:

qanın yerdə qalmayacaq.

Qiymələnər qiymə-qiymə

bu kitab-hesab yığını.

Qətrə qərəznən qanımı

yoxladar qəssab yığını. –

Yoxladıb heçə çıxardar...

cidalarda canım haray!

...Qarabağın qanı qədər

yerdə qalan qanım haray!

***

Yarama duz basdım Arazdan uzaq;

eh, daha Arazın suyu duz dadar...

...Körpüdən bircə kor keçirməyən də

ayazda körpüdən yazı addadar...

Neynim, Səmərqənddən Dərbəndə qədər

şəhər-şəhər, kənd-kənd yanıyırdılar.

Qızıl bazubənddi qolumda Araz;

məni bazubənddən tanıyırdılar.

Dağlar alçalırmı – görəm necədi...

yaylaqçı yadına yay düşə bilər!

Ümidim üzülən siyah gecədi –

gözləyin, siz Allah, Ay düşə bilər!..

Yarama duz basdım Arazdan uzaq...

ucqar ümidlərim, eh, donhadondu.

...Gözləyin, siz Allah, Ay düşə bilər:

Ayın yarasının duzu ton-tondu.

***

Küləkdən qeydiyyat soruşan yoxdur;

nə pasport, nə viza vecinə deyil.

Səhər qar gətirsin, axşam da yağış –

əsdiyi yerlərdə əcnəbi deyil.

İstər Aydan əssin, istər Günəşdən;

ümidi ulduzlu eləməyi var.

Qürbətdə qəribtək obaşdan durub

gözünün on yerindən ələməyi var.

Küləkdən qeydiyyat soruşan yoxdur;

keçdiyi yerlərdən “qanuni” keçir.

Qovur küçə boyu köhnə-kültəni;

kürlüyü adamın qanına keçir.

Çox çıraq keçirir – çaparaqlama;

qara günə qoyur çox qara damı!

Arada yelkənsiz, sükansız görüb,

təpədən dərəyə atır adamı.

Küləkölçən bilir küçədə məni:

gözümü ovcuma tökərdi yoxsa...

Polis yaxasını ələmi verir –

çəkib paqonunu sökərdi yoxsa.

***

Əyriqardan gəlirəm:

dağı – bürcündən tanı.

Dəyirmançı deyiləm:

barı, xurcundan tanı.

Əyriqarın yolları

dəliqanlı yollardı.

Dəyirmançı olsaydım

üstüm unlu olardı.

Dəyirmançı olsaydım

çənə çığırardımmı? –

Durub “dən!” çağırardım,

səni çağırardımmı?

***

Gözlə! gözlərin var olsun –

yükü göy olan gözlərin.

Var olsun gözlərin həmişə –

kökü saralan gözlərin.

Tapar bəxtəvər yaylaqçı:

yaylağa bir yaylıq düşüb.

Gözlərindən öpdüm deyə

araya ayrılıq düşüb.

Bir şeirdə axşamın şəri

gecəni gizləyəntək.

Gözlə, gözlə mən Borçalıda

Göyçəni gözləyəntək.

Arazdan uzaqda evim

az-az alçaqdan tikilib.

Eh, mənim çıxmış gözlərim

ovcuma çoxdan tökülüb.

Gözlə! gözlərin var olsun...

odur, qalaqnan çən köçür.

Kor qalan ümidlərimi

Sınıq körpüdən sən keçir!

***

Ucqar canımızda Sibir soyuğu...

yaya ümid olub yaz yazışırdıq.

Sən Qarayazıdan, mən Əyriqardan

Günəşə sürgünə hazırlaşırdıq.

Səbət toxuyurdu səbrimiz sanki:

buzxanadı əsrin eşiyi bizə.

Neyləmək, gəlhagəl... gəlib çatmırdı

günəşli vətənin günəşi bizə

Günəşə qar yağır orda elə bil;

Ağrıdağıdımı qala da qarı?

...Sər-sahman sürgünə hazırlaşırdıq,

sürgünlük halımız olaydı, barı!

***

Mən qələmin quluncunu qırıram...

söz uğrunda oda yanan ayrıdı!

Qələm qola “qələmyonan” deyirlər,

cani-dildən cəllad yonan ayrıdı!

Qurbangahda Sənət – qurban, sadağa...

quruluşu qılıncnanmı qururam?

Hələm-həlbət mən qələmnən yazmıram;

mən qələmin quluncunu qırıram.

Tez-tez durur şairlərin quluncu

qələmdanın qarmaq-qarmaq oduyla.

...Qarı cəllad qırmızını geyinib

yola çıxır qulunc qırmaq adıyla.

***

Dənizə baxmaq da ibadət idi...

sahiltək ilahi mülk – ifçin-ifçin.

Dəstəmaz alırdı dəniz elə bil;

haqqa şükr edirdi təmizlik üçün!

Naməhrəm deyildi... məhrəmə baxmaq

ruha hakim olan bir adət idi.

Dəstəmaz alırdı dəniz elə bil...

...dənizə baxmaq da ibadət idi.

Hətta halal geyən gözəlliyə də

bir dəfə baxırsan – bir baxmaq olmur.

...Dənizə baxırdım, sənə baxmırdım;

gözün cilovunu buraxmaq olmur.

***

Mən sənin lütfünə sığındım, Yarəb,

ümidi Günəşsiz üfüq kar olur.

Lütfən! nur bəxş elə zülmətdən çıxım;

lütfünə sığınan lütfkar olur.

Lütfən! nur bəxş elə zülmətdən çıxım,

günəşli ümidim ürbənddi mənə.

Yol aldım qürbətdən vətənə doğru;

Göyçəsiz vətən də qürbətdi mənə.

Yağdır lətif-lətif lütf yağışını...

sənə itaətdə müti çıxaq biz.

Dad-bidadda düşdüyümüz zülmətdən

bəlkə bu yağışdan tutub çıxaq biz...

Göyçənin günahı nə idi, Yarəb,

bütün küfrləri günah saymaqmı?

Şadyana şəraba “yox!” deyib orda

bir “donuz rəqsi”nə oynamamaqmı?

And olsun qələmə! yazılanlara!

lal ollam lütfünü almasa Göyçə.

Məhşər ayağına məni çəkərsən

Qiyamət gününə qalmasa Göyçə...

***

Alınan hər nəfəs hesabdadı, bax,

aldığım hər nəfəs sayıldı mənim.

Nəfəsotu gəzdim niyyət axşamı,

nəfsim yox, nəfəsim soyuldu mənim.

Əməl toxumları əsəbdədi, bax:

türkdə, ərəbdə, əcəmdə elə...

Alınan hər nəfəs hesabdadı, bax:

ömür – bu nəfəslər cəmidir elə!

Ömür – bu nəfəslər cəmidir, neynim,

sığınacaq yeri – sinə əmanət!

Sən əhdə hamıdan əmanətdarsan –

sonuncu nəfəsim sənə əmanət!

***

Ümidimin nəfəsidi qanayan...

əhdə sadiq vəfalıya ərk etdim.

Nicat tapır öz nəfsini qınayan;

mən ötəri ləzzətləri tərk etdim...

Araz orda üzüqoylu axmırmı? –

ağlamaqdan üzüqoylu çökülər!

Insan oğlu imtahana sözlə yox,

əmanətdar əməliylə çəkilər.

Sən nəfsini ləzzətlərə tapşırdın;

nəfsin elə mərəzini çoxaldar.

Batilləri param-parça edən Haqq

nəfsimizi tərəziyə çıxardar.

***

Günəş də elə bil qürbətə gedir...

haqqı batil olmaz daha hicrətdə?

Köçənlər eləmi nicat tapırdı...

...Günəş də yaşayar mühacirətdə.

Yaxdıqca “Allaha yaxın” adıyla

ad dəftərindəki adını görər.

Qərbdə qürub yeri elə qızarıb! –

Günəş də qürbətin dadını görər.

Günəş də yaşayar mühacirətdə...

həsrətlə yan-yana... yanaşı gerçək.

...Günləri göy əysi qəriblər orda

haqqa qərq olarlar Günəşi görcək.

***

Bu mənim Axirət axtarışlarım –

axirət haqqını alınca gedər.

...Bu sənin şeytana xidmətçiliyin;

şeytan da şeytanın dalınca gedər.

Eh, halal haqqadır hər ehtiyacım...

bəlalar böyüyür, kiçilmir neynim.

Başçı da batili haqtək tanıdır,

hərdən haqq batildən seçilmir neynim.

Bu sənin şeytana xidmətçiliyin...

zalımla vaxt keçir zinada, şeytan!

Allah salamlayar cənnət əhlini...

cəhənnəm əhlini salamla, şeytan!

***

Gün gələr bir karlı kölgəlik qalmaz...

haqq da hazırlanar lal dolanmağa.

Başını soxmağa yer gəzər insan;

bir yumaq yer qalmaz daldalanmağa.

Üst belə alt olar, eh, alt üst olar;

tox gedib sığınar bir ac altına.

Padşah doğulduğu şəhərə qaçar;

qaçar doğratdığı ağac altına...

Eh, qalmaz nə xaqan, nə xan kölgəsi...

ört-basdır ölülər ölkəsi qalar.

Bu yeganəmiz Yer üzündə bircə

Bir olan Allahın kölgəsi qalar.

***

Qürbət dadan dodaqları

öpdükcə yüz “ah” çağırdı.

Yaraşıqlı yarpaqları

yüz iki günah çağırdı.

Qarlı-qubarlı qışları,

çırın-çılpaq alqışları,

çobanaldadan quşları

sevdalı “Segah” çağırdı.

Çox dad-bidaddan addadıq,

qürbət dodaqdan addadıq,

torpağa göydən addadıq –

naqafil nagah çağırdı.

***

Mən dağı arana çox daşıyırdım;

boynum Əyriqartək bükülüb qalıb.

Yaxşı yükdaşıyan olmadım yəqin:

bax, yolboyu dağlar tökülüb qalıb...

Ümidim dağ-dağdı, dağdibi deyil...

bostanları belə, bağları belə.

Tökdüm dənciyimə, dağarcığıma

dünyaya çəkilən dağları belə.

Mən dağı arana çox daşıyırdım,

öyümdə, göyümdə Göyçə yaranıb.

Sən də demirdinmi baxıb dağlara:

ucqarda bu dağlar necə yaranıb?

Durnalar çatdırdı... Araza yaxın

yenə qara-qara bağlar odlanır.

Eh, biz tərəflərdə sənin dağların

əzəlkitək... “Bizim dağlar” adlanır.

Mən dağı arana çox daşıyırdım...

dağdöşü işıqdan içdim beləcə.

Günlərin bir günü dağ daşımaqdan

kitab daşımağa keçdim beləcə.

Kitab daşımağa keçdim, ay lələ!..

dağlar saçlarını hayana darar?

...Bir gün Borçalıda bir Kitab Evi

qarlıca dağlarnan yan-yana durar...

***

...Nə deyim, ay Sınıq körpü, –

suda sınan işıq kimi?!

Hər fərağı Ərəfatdan

sadə sanan aşıq kimi!

Ümidə batan oxların

biri qopurmu – qoparam?

Səni hoppadan götürüb

sınıqçıyamı aparam?..

Qadağan yerdə qıyqacı

baxan tərəf həbsdədir? –

Araz adlı sınıqçının

xan tərəfi gipsdədir.

Səhər yelləri içində

ulduzdan əsən olsaydın...

Kaş ki, bu sınıq könlümün

sınıqçısı sən olsaydın...

Nə deyim, ay Sınıq körpü, –

yonulan qələm qollarla?..

Mən qadağan durnasıyam,

nə işim qubar yollarla?..

Nə deyim Arazdan uzaq –

köç günü köçdümmü gələm?

Körpü ayrılıqlarını

körpüdən keçdimmi biləm?..

***

Amma çaylar axır üzü Allaha...

yolumu Allahın qışı bağlayır.

Dərd üzüyoladı üzüqoyluya;

adam üzüqoylu düşüb ağlayır.

Belə ağlamaqdan canmı çıxar heç?..

gecəyə hönkürən Gəncə, Göyçə var.

Məni çıxarmayın sıxıntılardan;

üzüqoylu qalım qoyun – necə var!

Dərdi salxım-salxım dərirlər, sanki

payızın sonunda ura üzümü.

Adam üzüqoylu düşüb ağlayır;

qara yerə sürtür qara üzünü.

Yazı yorğunuyam, yaz yorğunu yox,

sıxıntı yerində görək yazdımı?

...Amma çaylar üzü Allaha axır;

üzüqoylu axan tək Arazdımı?..

***

Səni düz yonsalar da, eh,

əyri də yazdın, ay qələm!

Çox canı buz baltalını

sayrı da yozdun, ay qələm!

Müftəsə mövsümi mövzular

get, İrandan, Turandan yaz.

Saçı ağaran gecədə

neynək, alatorandan yaz.

Qarabağ mövzu ha deyil;

Qarabağ – candı, ay qələm!

Ümidləri yonqar-yonqar

Azərbaycandı, ay qələm!

Araza yaxın həzinlik

hey “hələm-hələm”mi olar?

Danqır dəryalar mürəkkəb,

meşələr qələmmi olar?

Qələm olsaydı meşələr

qəriblikdən qəm getməzdi?

Cəllad belə yonqarlayıb

qolumu qələm etməzdi...

Hanı o sərbəst mövzular? –

Araz aşığından idi...

Əfsanəvi əlifbanın

sərməst işığından idi?..

Unudulmaz söz urası...

sözün də özümü olum?

Ölüm – qaşnan göz arası;

ölüb... sənə mövzumu olum?

Ay qələm, sayrı da yazdın

saysız məzar daşlarına.

Sabah ayrılmaq adıynan

sarıldım göz yaşlarına...

Mürəkkəbli xumar gözün

mənim xətrimə yaşadı?..

...Xan dediyim xanalarda

xəttin xəttimə oxşadı...

***

Sənə qul lazımdır, ay Söz...

...örtüb – açmağı lazımdır.

Kimlərəsə Çənlibeldən

qulun qaçmağı lazımdır.

Şehlədimi cəllad günü

qələmtək quruca qolun?

Sənə qul lazımdır, ay Söz, –

bu da mən – Qaraca Qulun!

Bir vaqiflər bilir, ay Söz,

şirin ömrü, acı ömrü.

Bu da mən – Qaraca Qulun! –

qul ömrü – yazıçı ömrü...

***

Köhnə dəbli yazılarım

hələm birtəhər oxunar.

Xətrimə bir xata gəlməz,

xəttimə xətər toxunar.

Xəzəllər altda – xəzinə;

xəlbirlə! – xəzan ötüşsün.

Göydən düşən üç almanın

biri də yazana düşsün.

Sən yaman padşahpərəstsən...

qubar tök yoluma görüm!

Xəttimə xətər toxunar;

qandalla qolumu görüm!

***

Məsəl var deyərlər:

“bəlkə”ni əkiblər bitməyib

Bəlkə də günün birində

Günəşə də qar yağacaq.

Bəlkə də qarlı dağlara

narlı bağlar qarğayacaq.

Güldən köynək biçiləcək

bəlkə də gil adamlara.

Nifaq salacaq nidalar

nöqtəli vergül damlara.

Bəlkə dəmiryollarıyla

bir gün gəmilər gedəcək.

Danüzü dənizçiləri

lüt-üryanlar ürküdəcək.

Əyri düzəldəcək düzü

bəlkə də günün birində.

Yerə verəcək böyrünü

şair Tanrının böyründə...

***

Elə bil ulduzdan gəlib bu zalım;

dostanə duzdağa bu, duz ələyib?

Elə bil təzə Ay çıxandan sonra

köhnəni bu ulduz-ulduz eləyib!

Elə qayçılayır Araz ümidi:

çay giryan olmamış girmək istəmir.

Bu zalım elə bil ulduzdan gəlib;

Aydan gələn məni görmək istəmir.

Elə bil təzə Ay çıxandan sonra

belə qayçılanmaq dözdüyümdəndi.

Bilmir canımdakı aylı yaralar

Ayda yalınümid gəzdiyimdəndi.

***

Deyirlər sən yaxşı mətnşünassan...

hürufat neçənci qatda gözlənir?

Müşkül mənalartək mənim mənam da

mətnaltı mənanın altda gizlənir.

Köhnə mənbələri baxsan görərsən...

çox məna dərsləri keçmişdik neynim.

Müstəsna mətnlər arasında biz

“Borçalı” mətnini seçmişdik neynim.

Yadlar sərin baxıb ağlamırdı ki!

sərhesab olurduq sərinliyindən.

...Bəri çıx, üzünü yaxşı görüm bir –

bəri çıx, bir mətnin dərinliyindən!

***

Ulduz-ulduz göylərdə də

Allahdan sonra birincim!

Yavuz, yalqız yerlərdə də

Allahdan sonra birincim!

Axşam-səhər ata kimi,

səhər-axşam ana kimi...

Allah oyanana kimi –

Allahdan sonra birincim!

Bu bürəm-bürəm bürüyən

payız, qış həyəcandımı?

Vaqiflər yazan dəftərdə

adın Azərbaycandımı?

Qərib qürbətdə könlünü

ulduzdan əsənə versin?

Hərdən Allah da az qalır

birinciliyi sənə versin!

Allahdan sonra birincim, –

yerdə-göydə sağ ol gerçək!

...Hərdən Sınıq körpüyə də

sağ əlinlə bir sığal çək...

***

Bir çiçək dərirsən günün birində:

adın ta dilindən düşmür ellərin.

Yabanı əllərlə dərirsən, hayıf, –

peyğəmbər əlləri deyil əllərin...

Tutulursan çiçək xəstəliyinə:

qalırsan ləb-dərdin ləvənd oduyla!

Qoluna mismarlar düzdürür cəllad;

hey çiçəyə qarşı peyvənd adıyla!

Bir çiçək tapırsan günün birində:

yəqin eləyirsən yaz olduğunu.

Bir çiçək tapırsan – ömür də bitir;

kol demir dibinin ayaz olduğunu...

***

Dilimdə bar verir qəlbimdə bitən...

nəvaziş selləri qəlbimdən axıb.

Üzümdə-gözümdə nə axtarırsan? –

Allah üzümə yox, qəlbimə baxıb!

Girən bəhanəsiz girər qəlbimə;

görər ki, ümidim boş deyil mənim.

Dilimdə bar verir qəlbimdə bitən;

onunçün ürəyim daş deyil mənim.

Allahdan qeyrisi qeyri mümkündür:

qurtara bu aran quraqlarından!

...Şeytan keşik çəkir şübhələrimə

qarğ olan qəlbimin qıraqlarından.

***

Yazıçı dostum Əlabbasa

Əyriqarda bir mən qaldım…

…qaldım sellər, sular döyə!

Köçmədim… köçə bilmədim…

Sınıq Körpü sınar deyə?..

Adamı erkən şehlədər

bu ucqarın od örtüyü…

Əyriqarda bir mən qaldım,

bir də bu cəllad kötüyü…

Qar deyil, əriyə gedə;

bu qubara girmə, qardaş!

Bəlkə, mən Quransız öldüm,

məndə günah görmə, qardaş!

Sən hələ evləri dedin…

ümidlər də uçuq qaldı.

Məzarçıya çatdırarsan –

bəlkə, qəbrim açıq qaldı…

***

Elə bil boyuma biçilçb ucqar…

qəriblik zərrəcən eynimə gəlmir.

Köhnə fəlsəfədi bu dünya, vallah,

tikdiyi köynək də əynimə gəlmir.

Boyuma biçilən cəllad kötüyü

şehləməz güllərin hər göyçəyilə.

…Elə bil boyuma biçilib ucqar,

boyumu ölçərlər boyçiçəyilə?..

Köhnə fəlsəfədi bu dünya, vallah,

nə infarkta baxır, nə insaf edir.

Hərləyir-fırlayır adamı payız;

fırlayıb lap köhnə filosof edir! –

ya filosof edir, ya da məzarçı…

…qəm köynəyim belə biçilib mənim!

O da işğal altda olan torpaqlar!...

Ruhum yox, Ərazim kiçilib mənim.

Elə bil boyuma biçilib ucqar…

gördünmü heç – cəllad nə kefnən içir?

Xiffətnən uzandım qarın içinə;

elə bil ağ qardan qış kəfən biçir…

***

Şeir «Tarix-Nadir»dimi

Məşədi İbad oxuya?

Təzə hökumət adbaad…

…cəllad dad-bidad oxuya.

Kitablarda sətir-sətir,

gərək payız qoxuyasan!

Şeir «Tarix-Nadir»dimi

yarıyadək oxuyasan?

Vaqiflər üçün olanı

dəli ürək duyar dedim.

Bilirdim «can yanğısı»dır;

yarımasam da «yar» dedim.

Qubarlı yol ötənimdir

elə gizlində, oğrunda.

Şeir mənim vətənimdir;

irəli – vətən uğrunda!..

***

Bu dünya – paytaxt yoludu;

bazubəndi qolundadı.

Bu dünya – paytaxt yoludu;

hamı paytaxt yolundadı…

Göstərib yalın bəxtini

gözündə duman yaşayır.

Hərdən bizim kənd yoluna

yolları yaman oxşayır!

Görüşür köhnə kəndçitək…

heç xətrinə dəymirəm bax!

Bir-iki günlük qonağam;

taxt davası döymürəm bax!..

***

Borçalıdan uzaqlarda necəsən –

canım-gözüm, borc canını üzürmü?

Araz üstü – buz üstüdü bir zaman…

…çadır evlər həyəcana dözürmü?

Nədir belə çadır-çadır sayrışan?

qanayan qəm çal-çağırmı qoxuyur!

Köhnə dərdin köhnə dəbli mahnıdı:

«binələri çadır-çadır» oxuyur?..

Çadır-çadır günə sərdin dərdini,

göydə Allah görmədisə… kor baxtdı…

Qərib, qəmgin durnalar da qayıdır,

canım-gözüm, qayıtmağın nə vaxtdı?

***

Elə bil Borçalı yer adı deyil…

payızın dilində Yar adı kimi!

…Təbriz də bir vaxtlar durna adıdı;

uçub gəlmirdimi ziyarət kimi?..

Belə bürəm-bürəm tumurcuqlayan

hər il qarqabağı… əhdim – andımdı…

…Elə bil Borçalı yer adı deyil;

Borçalı elə bil mənim adımdı…

Peyğəmbər ətəyi – kol ətəyidi…

…dağ ətəklərinə duman əyilsə!

Elə bil Borçalı mənim adımdı;

«coşaram» adına yaman deyilsə!

Canım, birər-birər borçalılartək

səndəmi payızın sirdaşısan ki!?

Dedikcə bacımın dili titrəyir;

mən yox, Borçalıdır – qardaşı sanki!

***

Payız resept yazır ağrılarıma…

Görür – gözlərimdə gün axşam olmur.

Şair başdan-başa ağrıdır deyə:

haranız ağrıyır? – soruşan olmur.

Mən yarı adamam, yarı kitabam…

mənim yarammı var – yaram ağrısın?

Haranız ağryır? – soruşan olmur –

eh, mənim haram var, haram ağrısın?

hanı Göy tərəfim, Göyçə tərəfim!..

peyğəmbər adıma gün doğa – dözəm.

Durnalar «Yar» yazır göyün üzünə…

mən cəllad günündə qadağan Sözəm.

Haranız ağryır? – soruşan olmur…

…qürbətmi əlacdı ağrı-acına?

Mən cəllad günündə qadağan Sözəm…

dan üzü «Yar» dedim dar ağacına.

***

Keç – qoy bu namərd də keçsin…

ömür sanki oyun keçir.

…Qarqabağı çılpaq ümid

payızla qol-boyun keçir.

Təzələnə-təzələnə

keçir neçə dərd dünyadan.

Keç – qoy mən namərd də keçim;

keçim bu namərd dünyadan.

Dünyanı pəncərə bilib

hərə bir daş atdı, keçdi…

Şuşada şüşəsiz evlər

hey qarı-qubarı seçdi.

Ordan Laçına dönməyə

hələ çarıq, çəlik alım…

Keç – qoy mən namərd də keçim;

keçim, çilik-çilik olum!..

***

Gec-tez tapılar çarəsi

günorta… gecə yarısı…

sağalar Göyçə yarası,

şeirin yarası sağalmaz.

Yeriyib Mil, Muğan gələ…

azdı – yüz bir loğman gələ.

Allahdan ərməğan gələ –

şeirin yarası sağalmaz.

Söz canıyla çox sağ olsa…

çox yarıyır – yasaq olsa…

şeir olmaz – o sağalsa;

şeirin yarası sağalmaz.

Dərdin dağ arası nədi?

de, bəxtin qarası nədi?

Qarabağ yarası nədi?

şeirin yarası sağalmaz.

Şeir olmaz – o sağalsa…

çayı, dənizi sağaldar.

…unudub özünü biryolluq;

durub hey bizi sağaldar.

***

Bəxt bəlkə bir də oyana –

yaz əritməz qarda qaldı.

Biz harda qaldıq, ay ana, –

bizim dağlar harda qaldı!..

O qıyqacı axan çay da

dərd döyə-döyəmi axır?

Görən, yenə bizim dağlar

üzü bəriyəmi baxır?

Başı cəllad kötüyündə,

ayağında göz yaşıdı.

Yadındamı, bizim dağlar –

«cəmi dağların başıdı».

Göyçə gözlü xatirələr

dalğalanır yana-yana.

Bizim dağlar harda qaldı,

biz harda qaldıq, ay ana!..

***

Bu karvan elə bil kefə gedir, bax.

neçə karvançını kefində gördüm.

Ağ günü kəfəndə – Göyçə, Qarabağ;

çox köç karvanını kəfəndə gördüm.

Cəllad kötüyündə çox baltalanıb

dumanlı dağların karvan həvəsi.

Hərə bu bünyada bir karvançıdır;

kimin dərdi ölür, kimin dəvəsi.

Hərə bu bünyada bir karvançıdır…

…qəribdi misralar, rədiflər bölən?

Köhnə qəbristanın üç addımında

hərə bir Karvandır – vaqiflər bilən…

***

Dünya belə gəlib, belə də gedir;

şeiriylə, şəriylə, yağışlarıyla.

Dünya belə gəlib, belə də gedir;

belə – pisləriylə, yaxşılarıyla!..

Hamı bu dünyaya baxıb gedir, bax!..

…Ucqarda bir köhnə əyyamçı qalır.

Bir sən… belə gəlib… elə gedirsən;

eh, adın onunçün qiyamçı qalır!

Dünya belə gəlib, belə də gedir…

padşaha ürəkdən bir əl etmədin!

Haran artığıydı hamıdan sənin –

niyə belə gəlib… belə getmədin?..

Şeiriylə, şəriylə, yağışlarıyla

eşqə varan dünya aşiqli olar.

Allahın qolu üstə ölənin qəbri

padşahın qəbrindən işıqlı olar…

***

Kefcil karvançılar Təbriz tərəfdə

ucqar ümidini üzdürmədimi?

Dərdini yüklədib qəflə-qatıra,

sonra kəcavələr düzdürmədimi?

Bir də qayıdasan – qayıtmayasan…

Tanrı əyləyərdi əgər əyləsə.

Bəlkə qiyamətə qaldım – nə bilim –

dərdim diriləndə xəbər eyləsə…

Sonuncu ümid də yanar şam oldu,

dizi tab gətirməz dərdə gecənin.

Gəlib çıxmaq bilməz – gün axşam oldu –

bir sənin karvanın, bir də Göyçənin…

***

Bir Kitab Karvanı keçər payızdan…

…nifaq almaları tapar divləri.

Köçəri bəxtlərdə çadırlar yanar;

yanar çıtır-çıtır Kitab Evləri.

Bilirsən nə qədər musiqiliydi! –

zınqırov səsini andığım yerlər.

Bir zaman sən Kitab Karvanı idin;

hanı kitab-kitab yandığım yerlər?

Bir Kitab Karvanı keçər payızdan…

şehli gözlərimdə Göyçə – alışım.

Mən dilim yanmaqdan qorxmuram, vallah,

sözlə demək olmur – necə danışım…

***

Payızı da anamı doğub –

yarpaqlarmı yas saxlasın?

Payızı da anamı doğub –

anasımı var – anası ağlasın?..

Ölümü də arabasız gələr;

arazbarı gələr – elə azaddı!

Az-az üz verdikdə… qış da

açıq yaxasına əl uzatdı.

Payızı da anamı doğub –

yellərdən özgə döyəni olmaz?

Ümidinə daş dəydikcə

«anan ölsün!» – deyən olmaz…

***

(yaşayış yerimqızıl çıxan Kazreti qəsəbəsi üçün depressiyalı bəndlər)

Qollarımda qızıl mismar yerləri

ölənəcən hələm-həlbət getmədi.

Bu dünyaya demək belə lazımdı! –

Tanrı bizi bircə millət etmədi…

Elə bil ki, qızılyeldə daranır;

qızıllanır hələ qızmar yerləri,

İsa Məsih çarmıxdadı elə bil;

qollarımda qızıl mismar yerləri...

Qızıl taclar, Qızılbaşlar tarixi

əsrlərin daş yerini deşərdi?..

Tanrı bizi bircə millət etmədi;

bəlkə mənə bircə qızıl düşərdi!..

Qollarımda qızıl mismar yerləri…

xəzəl olan qızıl bəxtlə güclüyəm?

Dərdlərin ki milliyyəti yazılmır!..

Tanrı hərdən elə bilir gürcüyəm…

***

Yenə gələn ilə qaldı

adını tutduğum səfər.

Elə söz-söz, sətir-sətir

danışıb udduğum səfər.

Qayıdanın söhbətilə

günü də axşam elədim…

…İşıqlandımı yolların? –

on barmağı şam elədim.

Harasa… xəzəl tək yağır,

haradasa qəhət – pul.

Gəl indi sən sökük ciblə

«səyahət et, səhhət bul!»

***

Qəribin də günü budur –

kor bəxti gülənə qədər.

İçində qürbət gəzdirir;

gəzdirir ölənə qədər.

Ümidinin keçmədiyi

yeddi qara qapı qalır.

Axır yaralı qoynundan

bir ovuc torpaq tapılır.

…Bir ovuc torpaqdı vətən;

kəfəndə – günün lap ağı!..

Bir ovuc torpaq olaram;

artar vətənin torpağı..

***

«Sözə meydan tapana kimi dilə gəlmərəm».

Saib Təbrizi

Ucqar deyiləni meydan bildim mən;

bilib dilə gəldim… hesab köhnədi…

Cəllad kötükləri çiçəkləyən gün

gördüm yazıçılıq əzabı nədi.

Bildim şair azdı, şeir yazan çox…

ərzin damı boyu edammı yoxdu?

Meydanı olanın sözü yoxdu, eh…

sözü olanın da Meydanı yoxdu.

Füzuli meydanı… Laçın meydanı…

Təbriz meydanımı yoxdu, ay lələ?

Kimi meydan yıxdı – Azadlıq adda…

kimi meydansızlıq yıxdı, ay lələ!..

***

Bu payız elə bil Bakıya gedir;

toya dəvətnamə alıb elə bil!

Elə tələsir ki, Sınıq körpüyə –

sürət qatarından qalıb elə bil...

Tələsik-tələsik tənbəki bükür! –

Araz üstdə söhbət-saz olmalıdı?

...Bu payız elə bil Bakıya gedir –

hesabla Bakıda yaz olmalıdı!

Gözümə görükür bəlkə... nə bilim...

dalınca qış üçün qəfəsmi dartır?

Köhnə bakılı tək qəlyanı köhnə,

eh, tənbəki bükmək həvəsim artır!

Dedim ismarışsa göndərrəm sənə,

səni qarqabağı görəcəkmi ki?..

Bakı bu vaxtacan fəth olunardı;

paytaxta fatehtək girəcəkmi ki?..

Borçalı Göyçəyə gedəntək... hərdən

qubarlı yolları çəndə keçərdim.

Yanaşı sığsaydıq Sınıq körpüyə

payıza qoşulub mən də köçərdim!

Yanaşı sığsaydıq – sevgililərtək...

yol verdik hər ağzı yanıq kirpiyə.

Qismətdən körpü də Sınıq oldu, eh,

sığmadıq payızla Sınıq körpüyə...

***

Söz məni çölləmə etdi...

...çarıq geyməz həyəcanım.

Canımı çöldən tapdılar...

bir ucqar Söz idi canım.

Çöllük nədi sən bilməzsən;

çilik-çilik eləmədi.

Eh, tutaq ki, mən dəliydim,

payız niyə çölləmədi?

Hələ ki, çöl-biyabanda

çapır yüzdilli kələklər.

...Məni Söz çölləmə etdi,

payızı dəli küləklər...

***

Çörəyə çatdırdı atam əlimi;

bir quru çomaqnan çatdırdı, ay dost!

Ağlı başdan alan dağ yollarında

Başkeçid adında çat durdu, ay dost!

Atamın yastığı qayalar durur;

durur baş-başaca... ac qarda gördüm.

...Cəllad da çörəyə çatdırdı dünən

oğlunun əlini – ucqarda gördüm.

Karvan misralarda sarban oluram,

nə yazım Göyündə çat duran Elə?

Atamın əlitək qurban oluram

əlimi şeirə çatdıran ələ...

Əyriqardan belə dağ yollarında

görən çat yerləri dolurmu, ay dost?

Oğlumun əlləri çörəyə çatsın...

qələmlə çatdırmaq olurmu, ay dost!..

***

Canım-gözüm! sən canına niyə baxmırsan?

...canı səhra tanımayan sarban olarmı?

Elə bil ki, ura günü çöldən tapmısan –

belə candan heç Vətənə qurban olarmı?

Ucqar yerdi… sən canına candərdi baxma,

belə cansız-çəlimsiz də çənə girirsən!

Öz canını görmürsən heç… sən elə təkcə

“Azərbaycan” sözündəki canı görürsən…

“Azərbaycan” sözündəki can demiş... neynim

səhər-axşam Araz boyu həyəcan döyər.

Neçə milyon can içində gözəl bilirəm;

bilirəm ki, Azərbaycan canlara dəyər! –

Ona görə çağırıram: can Azərbaycan!

ona görə uçunuram – Azərbaycanım!

Gedir vətən çəkişməsi, can çəkişməsi...

ucqar yerdə vətənpərvər, canpərvər canım!

...Elə bil ki, sən canını çöldən tapmısan;

gecə Göyçə tərəflərdə çən izi təki.

Elə bil ki, qara yellər canında əsir –

“Azərbaycan” sözündəki can sözü təki.

***

Bir Füzuli qırığı da mən idim...

Araz boyu Füzulilər yağaydı!

Birini də Ucqar doğsa nə olar –

gərək elə Kərbəlamı doğaydı?..

Göyçə kimi mən gözləri çən idim...

şirin şərbət belə döndü ağıya.

Bir Füzuli qırığı da mən idim...

...qırıb verdik Füzulini yağıya.

Düzüm-düzüm Borçalıdan uzaqlar...

Füzulidən həzin-füzun danışdım.

Torpaq günü gərək dilim olmaya...

...bağışlayın, bir az uzun danışdım.

***

Adam hərdən ümidini yeyir ucqarda;

fikirləri köçaköçdü – ürəksiz yeyir?

Axşam-axşam ulduz altda duza batırıb,

adam hərdən ümidini çörəksiz yeyir, –

yeyib hələ saxlayır da dar günü üçün...

kim deyir ki, bir çiçəklə yaz olmur ümid?

...Adam hərdən ümidini yeyir ucqarda;

yeyir... yenə azalmır ki, azalmır ümid!

Baxıb yanır Göyçə səmtə Arazdan uzaq;

giley edir gecə ağzı yanıq kirpiyə...

Adam hərdən ümidini çörəksiz yeyir;

sınıqçıtək baxır hərdən Siniq körpüyə.

Tənhalığı tab gətirmir Təbrizə qədər...

dad da çəkmir: başı üstdə bir dam olaydı!

Deyir: Allah, ayrılıqlar yaylığa dönə;

kaş, canpərvər cudamlar da adam olaydı!

Ümidsizlik bir bəladı lap bal da qatsan...

ara-sıra ümidgahda ürəksiz yeyir.

Bəlkə çörək bolluğunu artıran odur:

adam çox vaxt ümidini çörəksiz yeyir.

Sınıq körpü sınar deyə çıxmır körpüyə...

təki orda Azərbaycan var olsun deyir.

Arazbarı olur ümid qonaqlıqları,

nəfs özünü qınamasa, ar olsun deyir.

Eh, sən nahaq sızlayırdın: ümidsizdi yurd...

qadağanda elə bil ki, qoca dağ durur!

Sizdə hələ yağış yağır, hardan biləsən,

bu ucqara Allah təkcə ümid yağdırır...

***

Mənim fikirlərim köçkündü bir az...

iki sahil boyu iki cür olmaq?

Ucqarda əlimdən özgə nə gəlir –

elə fikir çəkib fikircil olmaq!..

Sən də gün-günorta ucqar adamtək

bir iynə ucunda ev-eşik saldın.

Mənim fikirlərim köçkündü bir az,

sən məni köçkünlə dəyişik saldın.

Sən dəyişik saldın... köçən Göyçədi...

bax, hərdən fikirlər haçalı qalır.

Hələ Qiyamətə çox qalmış olar...

...hələ mən qalıram, Borçalı qalır.

Elə kök salmışam vaqiflər bilən...

nadanlar biləni heç eləyirəm.

Mənim fikirlərim köçkündü bir az;

mən elə içimdə köç eləyirəm.

Bir fikrim Hələbdə qatır satmadı!

...köçər karvan-karvan bir azdan köçər.

Dağ seçmək adıyla qardan-ayazdan,

su içmək adıyla Arazdan keçər.

***

Uyduğun Ucqarda, ay kor ürəyim,

kor gözlər açılar torpaq tökəndə.

Ruhuma çəkərdim – dedim – Yol boyu;

yaralı ümidtək yarpaq tükəndi.

Kitabı bağlanan yollar həyəcan...

bürəm-bürəm qarla qəm-kədər çökər.

Çəkər yuxularım Borçalıyacan...

...korun yuxuları nə qədər çəkər?

Lap qanlı köynəklə, nankor ürəyim,

fərmansız gör səni kimdi asdıran?

...Uyduğun Ucqarda, ay kor ürəyim,

itsən bilən olmaz, ölsən basdıran...

***

Sən mənim şeir yazmaq xəstəliyimsən;

ver son qərarını – sona qalmayım.

Odur, payızı da sarılıq tutub...

qoy bu xəstəlikdən heç sağalmayım;

qoy şeirdən-şeirəcə yaşayım elə!

...həzin misralarım, qəmli bayatım.

Sən mənim şeir yazmaq xəstəliyimsən;

mənim xəstəliyim – mənim həyatım!..

Sınıq körpünün də könlü sınıqdı;

keçmə! – burda qalsın yaz həyəcanın.

Qövr edir gecələr... yəqin bilirəm –

göycə xəstəliyi Azərbaycanın...

***

Bu da gülün göyçəyi! –

qadağanda mən dərrəm.

Yazdığım sandıqdadır –

göyərçindən göndərrəm.

Göyərçinin dimdiyi

qanadı, qəmər, daha!

Ümidini qəm üzər,

belini kəmər daha.

Qəmər, mənim ürəyim

dözmək asandı! – dözür.

Yazdığım sandıqdadır –

dəryada sandıq üzür...

Dəryalar da mürəkkəb!..

olurmu usandığı?

Sandıq ədəbiyyatı,

ədəbiyyat sandığı?..

Göyərçindən göndərrəm:

gecəqondu yazımdır!..

...Sənə ədəbiyyat yox,

yəqin sandıq lazımdır...

***

Hərdən ucqar adama “çöldəqalmış” deyirlər...

qardaş, Çöl – İç arası köçəri olan mənəm.

Dərd çöldə qalmaz, qardaş, dərdin dərdini çəkmə;

çöldə qalmış dərdləri içəri alan mənəm.

Çölqaranquşu kimi, çöllaləsi misallı...

dərdlər çöl qapısını əliyanmış döyürlər.

Qəlbim yovşan ətrində, ruhum Böyük çöldədi...

Hərdən ucqar adama “çöldəqalmış” deyirlər.

Yağır Göyçə dərdlərim... yağışdan tut göyə çıx...

belə yağışlı gündə çöl qapımı döyəsən!

...Eh, ulduzlararası.. Allah çöl-biyabanda;

onun da yapıncısı evdə qalıb deyəsən...

***

“şəhri -Tiflis dedikləri budurmu?”

“Aşıq Qərib”dastanından

...anan ölsün, qoca Tiflis,–

Güntək sözlərin saçıldı!

İllər həsrətlisitək

gördüm – gözlərim açıldı!..

Bənd-bənd, bəndərgah-bəndərgah

qıfıllandın altdan-üstdən?

Vəsfini şah misralardan,

qismətini Allahdan istə!

Baxıram qana bilmirəm...

artırma qeylü-qalları.

Bax, qıyıb qona bilmirəm,

yolların – qərib qolları...

...anan ölsün, qoca Tiflis,

vaqiflər bilən işıqsan...

Duruşundan bildim o saat:

bildim ki, sən də aşiqsən!..

***

Şair üçün soyulmağın nə fərqi:

şəhər olsun – Hələbdi, ya Tiflisdi.

Nə fərqi var – hansı donda, nə cilddə:

mələk... mələk, iblis... elə iblisdi!

Şəhər olsun – Parisdi, ya Tiflisdi...

...qarqabağı acı yellər yengəsi!

Asdırmağa meydanı ki olacaq,–

tapılacaq bir küçəsi, döngəsi...

...əsas nədir? – aşiqlərə Azadlıq!

...bir də qanda adrenalin artması.

Bir də bizi xilas edən gözəllik...

...bir də Kürün ipə-sapa yatması.

***

Təkəmseyrək tənbəkindən oddadım,

nevroz dünya, əsəblərin sağ olsun!

Yeyin-yüyrək cəlladından addadım,

sınıq-salxaq qəssabların sağ olsun!

Nevroz dünya, əsəblərin sağ olsun!..

...yarpaq üstdə xəstə qurdlar qurudu.

Qara keşiş, qara dərviş dövründən

səni Allah, məni dostlar qorudu.

Mən ki sənin halal-hümmət oğlunam,–

bu da oğlun atasına çəkməyi!..

...Oxşadımı Xocalının süqutu,

bir də mənim bu nevrozdan çökməyim?..

***

Mən də dedim: yaşadım...

payız çəkən ah bilir.

Mən də dedim: yaşadım...

nə yaşadım – Allah bilir.

Yerim elə yelçəkərdi,

şehli tale nəmə yazır.

Didərgin ruhum hardadı? –

kimlərə “Ruhnamə” yazır?..

Ayda gün işığı yığan,

ulduzda pinəçi oldum.

Necə yaşadım – Allah bilir;

Allah bilir – nəçi oldum.

İbrahimxəlil adlı qələmin

vida nəğməsi yağışladımı?

Ömrümü kitaba bağışladım...

...çapçılar məni bağışladımı?

***

Mən sənə nə yazım cəllad günündə –

yolum bir şəhərdən, yüz şərdən keçir?

Şeir kitabları yolla Bakıdan –

keçici xəstəlik şeirdən keçir?..

Keçirəm çin olan yuxularımla,

saxlayır sən yazda səpən səməni.

Keçici xəstəlik qorxularımla

uzaqdan-uzağa öpürəm səni.

Ümidim ucqarda kitaba köçər,

deyərlər: Vaqifin xəstəsidi bu.

Kitablar cəlladın əlinə keçər –

bilməz xilasetmə dəstəsidi bu.

Bilməz ağ günlərim harda ağarar…

…ağ günü kəfəndə aşıq yarımaz.

Tüstülü-tüstülü cəllad bağırar:

«nədir içindəki işıq, yaramaz?!»

…Mən sənə nə yazım cəllad günündə –

bilirsən havalar nə məğşuş keçir?

…Quş keçir Allahdan aşağı, qardaş,

yaza nə qalıb ki – qarlı qış keçir…

***

Ayrılıq – yağışdı ad dəftərində,

yağışdı… əsrdən uzun gecədi…

Peyğəmbər adınla… hardan biləsən

cəllad dəftərində adın necədi?

Necəsən küləyin Aydan əsəndə –

xınalı əllər də kədərə yozar!..

Azadlıq istəmə nə istəsən də –

cəllad tez götürüb dəftərə yazar!

Ayrılıq – yağışdı ad dəftərində,

dumanlı havada gerçəklər itdi.

…Elə şehli-şehli gəlib dərərsən –

cəllad kötüyündə çiçəklər bitdi…

***

…İçimdən eşiyə söz çəkirəm mən;

vətənə bəladı bu iş azlığı.

Gəl görək, ay ürək, nəyin çatışmır;

gəl görək, ay ürək çatışmazlığı! –

yaxşı bəhanəsən cəllad əlində;

deyər ki: ölümü özündən oldu.

…Sim üstdə bir sarı gəlin ağlayar,

gör yoxsa onunmu sözündən oldu?..

Gəl görək, ay ürək çatışmazlığı! –

sözü şehli-şehli yenə baş aldım…

O qədər doludur ürək deyilən

bilmirəm heç bu gün hara boşaldım.

Qorxuram od tuta cəllad kötüyü;

yana qəm köynəyi, köhnə gödəkcə…

…Sim üstdə bir sarı gəlin ağlıyar;

mənimmi ürəyim ətdəndi təkcə!..

***

Kimin ürəyinin qubarıdı bu? –

yoldan niyə yığmır – yarıb gedəsən!

Boğazda həsrəti ipnən ölçürlər;

cəllad günüdüsə varıb gedəsən…

Yaşayış yerindən arayışmı var? –

görüb kimliyini yoxladar cəllad.

Sən ki yarı insan, yarı kitabsan –

cəllad kötüyündə oxudar cəllad.

Yayda nə qartopu oyunu, qardaş? –

bir vaqiflər bilir nə qarıdı bu!..

…Zülf deyil – dərdini dəstələyəsən;

kimin ürəyinin qubarıdı bu?..

***

Zülf deyil – dərdini dəstələyəsən;

yolun tozu dəyir, izin qubarı.

Yaranı şeirlə sarımadım mən,

döz – qəm köynəyində yazın bu qarı.

Ayrılıq – yağışdı bir vaxt, bilirsən…

durnalar tel saldı, dağ yanıxdı, bax!

Zülf deyil – dərdini dəstələyəsən;

günorta şeiri də dağınıqdı, bax…

Eh, cəllad – kefində, ağ gün – kəfəndə,

bükən də büksünmü ağa? – bilmədi.

…Dağınıq zülfləri, dağınıq şeiri

can atdı… cəllad da yığa bilmədi.

***

Vaxtdı – havamızı dəyişək daha;

qışla yaz üfüqdə döyüşən kimi.

Bir də… ümidini yeyən bir qərib

vətəni qürbətə dəyişən kimi.

Vətəni qürbətə dəyişən kimi

seyrəngah yerində kimə şəkk edək?

Vaxtdı – havamızı dəyişək daha;

cəllad kötüyündə dəyişək – gedək!

…Gedib də bilmədik qəm köynəyinə

sol əllə yazdığı nədi ayazın?..

…Cəllad kötüyündə söz baltalanır;

ya sənin sözündür, ya da payızın!..

***

Dar ağacı çiçəkləməz, – deyirdin…

çiçəklədi – demək, yüz dərd dirildi!

Qadağanda köhnə bazar gül açır…

demək, gülün göyçəyi də dərildi.

Qarı cəllad güldən ağır söz deməz…

qadağalar gerçəklədi, əzizim?

…Dar ağacı çiçəkləməz, – deyirdin, –

biz asıldıq – çiçəklədi, əzizim.

Çiçəklədi – demək, yüz dərd düzülər…

bağladımı qubar – yolun dördünü?

Köhnə dərdlə sən nə qədər yaşadın!

gəlsən gəlib təzələyəm dərdini!

Gəl, dərd kimi az zülfünü dəstələ!..

cəllad günü kimə çələng hörürsən?

…Gəlsən gəlib təzələyəm dərdini –

köhnə dərdlər təzələnir – görürsən…

***

Başım bədənimə ağırlıq edir,

ömür – haqdan keçir, əcəl – bayraqdan.

Başım bədənimə ağırlıq edir;

başıma çox baxır cəllad bayaqdan.

Çox baxır… elə bil birincisiyəm –

başımı bədəndən necə üzəcək…

Bir yaz! yurdum-yarım, necə dözürsən…

…bəxti gülənədək Göyçə dözəcək.

Qarladı ayrılıq dərdiyimiz gün…

…dərdlərin yenə də dərindədimi?

Hardadı baş-başa verdiyimiz gün…

…hələ ağ tellərin yerindədimi?

Saçım cəllad günü sığal istəməz…

başını dik tut ki, bir yad gülməsin.

…Hələ ağ tellərin yerindədimi…

…elə dəstələ ki, cəllad bilməsin.

***

Cəmi cəlladlar yeridi –

yeridi cəllad gününə.

Qardaş, sən niyə getmədin

cəlladların ad gününə?..

Baş ha kəsilmirdi, qardaş, –

qənddi, qadındı… çaxırdı…

…Düzdü, bir az köhnə dərdin

qanı köynəyə çıxırdı.

Yollara yağan qubardan

Əyriqarda qar əridi?

Qardaş, sən niyə getmədin;

cəmi cəlladlar yeridi. –

Yeridi cəllad gününə,

cilovlu atlar haylandı.

Hələ qolsuz oğullara

qollu köynək də paylandı.

Təzə cəllad kötüyünü

gecə ölçüb də biçdilər.

…Sənin sabahkı gününün

sağlığına da içdilər…

***

Hərdən bizdən də söz sal

sarı-sarı sim üstündə.

Bizi də köklə hərdən

açılmaz tilsim üstündə.

Hərdən bizi də köklə;

dərdini kökləyəntək.

Qorxma – qəddimiz düzəlir

bizə dərd yükləyəntək.

Cəllad sarı sim üstündə

səbrimi sərin yoxlayır.

Açılmaz tilsim üstündə

bir sarı gəlin ağlayır…

Sarılıq tutar yolları,

yolçu yüz yerdən çapılar.

Sözüm qonmağa yer tapmaz,

sarı simlərə çırpılar.

***

Məzarçı yuxu dağıdır;

öləziyən bircə şamdı…

Hər qəbristanda qorxulu

təkcə birinci axşamdı…

Qarı cəllad da öyrənir

vallah, gün gəlir, ay lələ.

Hər qəbristanın qapısı

gec-tez köhnəlir, ay lələ.

Vətəndə ki, şam azalmır;

qorxma ki – bir şam da keçər.

Qorxulu bir bu axşamdı;

nə var – bu axşam da keçər.

Saçı ağarar gecənin;

qəmli nəğmədi – oxudar.

…Bir köhnə belə söykənib,

məzarçı yuxu dağıdar.

***

Qardaş, bu dünya nədir ki? –

baxırsan – gözə yerləşir…

Göy göllü, Qara dənizli

bir ucqar sözə yerləşir.

Hərdən Borçalıdan uzaq

iynə ucunda gecələyir.

Gözəl qadıntək özünü

güzgülərə xərcləyir.

Parisdə, Təbrizdə də

mələk donundadırmı?..

…Heçdən yarandığı gün

qardaş, yadındadırmı?..

Yadındadırmı, qardaş,

dərdli-dərdli güldüyü?

…Dünya yerləşən gözün

cəllad kötüyünə töküldüyü…

***

Sən cəlladla qohumsanmı?..

…hər badədən qum çıxır?

Dünyadı… bir də görürsən

Əzrayıl da qohum çıxır…

Ya bəlkə mən bilmirəm,

bəlkə qəribdi ellərin?

…Sən cəlladla qohumsanmı –

belə zərifdi əllərin?..

Belə zərif əllərin

önündə güllər çökə!..

…Cəllad günü adamı

dara bu əllər çəkə…

***

Gülün göyçəyini dünən dərdilər,

mənə çatmayanı göyçəklənirmi?

Öpdüm ürəyimlə ürəyinizdən –

görün ürəyiniz çiçəklənirmi?..

Görün qəlbinizin dərin guşəsi

gülürmü çən-duman getməyən yerdə.

Öpdüm ürəyimlə ürəyinizdən…

…neyləyim, əllərim yetməyən yerdə.

Daha ürəyiniz, yəqin, ağrımaz;

hərdən sinənizi Siz tutsanız da.

Mən yaxşı bilirəm… dünya dağılmaz

Siz məni biryolluq unutsanız da.

Görün ürəyiniz çiçəklənirmi…

…çox da ki, gül məni gec qocaltmadı.

…Qadağan yerində şeir göndərdim,

vallah, özgə şeyə gücüm çatmadı.

***

Dərd məni qoymadı dil öyrənməyə;

qoymadı… hər səsi-ünü bilmirəm.

Ay Allah, mənim də üç bənd sözüm var;

türkcə danışdığın günü bilmirəm.

Qoy olsun lap ölüm dərəcəsində –

demirəm: gəl qurtar kədərdən bizi.

Gücünü bilməyən kafirdi, vallah, –

istəsən, bir millət edərdin bizi.

…Mən heç… gör gürcücə nə deyir bu qız;

vaxt hanı, dan atıb – gün batıb gedir.

…Odur sözlə deyə bilmədikləri

yaramı yüz dəfə qanadıb gedir.

***

Mən şeirin bayrağı altına keçdim,

sözümün dininə keçdim, ay lələ.

Bu dünya binadan köç tarixidir –

bir az da içəri köçdüm, ay lələ.

Dövlət bayrağını dəyişən nə çox!..

…qatma gələcəklə görüm indini.

Sözümün dininə keçdim, ay lələ, –

dinimdən deyilmi sözümün dini!..

İçimdən eşiyə söz çəkirəm mən;

bir az da içəri köçdüm , ay lələ.

Anama söylə ki: gözlərin aydın! –

günorta şeirindən keçdim, ay lələ…

***

Dünyada İbrahim nə çox, ay ana, –

yetimi- yesiri zəlil olmadı?!

Dünyada İbrahim nə çox, ay ana,

amma hər İbrahim Xəlil olmadı. –

Olmadı Allahın sevimlisi, yox,

peyğəmbər adını daşıdı elə.

Kimdi qürbətçitək ona yer verən,

bir iynə ucunda yaşadı elə. –

Bir iynə ucunda yaşadı elə. –

bir iynə ucunda köç adı yoxdu…

Bəlkə də Allahın Ad dəftərində

kim bilir, ay ana, heç adı yoxdu.

Köçəri yollara qadağan yerdə

şehli söz karvanı çıxdı, ay ana.

…hər günə cəllada iş tapılar, eh,

dünyada İbrahim çoxdu, ay ana…

***

Anam Gülzara

Əliboş yanına gələ bilmədim;

əllərim bağlı ha deyildi, ana.

O kökü saralan gözünə qurban,

kim gəlir – qapınmı döyüldü, ana?..

Alxışın həmişə üstümüzdədi,

ötüb keçənlər ki nağıl olmadı.

Eh, gedib könüllü sözə qul oldu –

oğlun varlı-hallı oğul olmadı.

Üzü qara olsun hər ehtiyacın,

ana, bir xəfifcə gülməyin bəsdi.

Əliboş yanına gələ bilmədim,

quru ayaqlamı gəlməyim bəsdi?..

Artır gündən-günə işıq vergisi –

kəsmək çətindimi işıqlarımı?

Əliboş yanına gələ bilmədim…

…yanına götürdüm uşaqlarımı.

Yanına götürdüm uşaqlarımı,

nəvəli analar küsüb neyləsin?..

Allahın ver günü acları doyur…

…uşağı olmayan kasıb neyləsin?

***

Mən səni şeirlə çağırdım dünən;

mən dünən səsimə qəlbimi qoydum!

İfadə etdimi sözüm özümü? –

qadağan yerində sözümə qıydım.

Mən səni şeirlə çağırdım dünən;

səsimə qoşulub gecə çığırdı!

Eh, hardan bilirdim cəllad günüdü;

gördün cəllad məni necə çağırdı?..

Bilirdim hər səsə geri dönməzsən,

çağırdım – şeh düşdü, gül üşümədi?

Səsim çilik-çilik oldu dan üzü…

…qırılıb cəlladın əli düşmədi.

Mən səni şeirlə çağırdım dünən,

dünən haqq bildiyim dinmədi neynim.

Çağırdım – səsimə bir gəmi döndü,

cəllad dediyindən dönmədi neynim.

Çağırdım – şeh düşdü səsimə dünən…

…səs salma deyirdim… Şuşa yatırdı…

Gəzirdim gecədə ayağı yalın,

yalın ümidimə şüşə batırdı…

***

Yaramı şeirlə sarıyın gəlin –

odur daş yerinnən dağ çiçəklədi.

Mən də çəkilərdim içərilərə;

qadağan yerində dərd gerçəklədi.

Neynək, heç olmasa cəllad günündə

güc tapıb bu şəri geri döndərin!

Mənim xilasetmə dəstəm gəlmədi;

məni xilas edən şeiri göndərin!..

Əmziklə azadlıq içmədim neynim;

bəxt ilə tütün də, tüstü də böldüm.

Yaramı şeirlə sarıyın… bəlkə

Allahın qolları üstündə öldüm.

***

Sən payıza çatdırarsan, sən Allah, –

qasid yükün sənin ifçin-ifçindi.

Sən payıza çatdırarsan, sən Allah, –

yayda qaldım – yay kasıblar üçündü.

Yatırmı ki yuxu görə bu payız;

yatanda da yuxuları qarışar.

Yayda qaldım – yay kasıblar üçündü;

inanmasa yaylaqçıdan soruşar…

Sən payıza çatdırarsan… gözünün

həsrət qonan qadasını alam de.

Buraxmadı qışdan çıxmaq qorxusu…

…get qış ağzı kasıblara salam de!

Qasid yükün sənin ifçin-ifçindi;

qorxmuram ki, nar bağında «batarsan».

…Yayda qaldım – yay kasıblar üçündü;

qışdan mənə bir qartopu atarsan…

***

Tutqun havalarda tənbəki bükdüm;

oxuyun – payızım üzümə çıxdı!

Əmrə ki müntəzir dururdu cəllad;

tüstü görən kimi izimə çıxdı.

Ağactək qış ağzı çırın-çılpağam;

bir qara mərmər də ayaz yondurar.

Tutqun havalarda tənbəki bükdüm;

əli əsə-əsə payız yandırar.

Əli əsə-əsə yandırar payız;

vaqiflər yerində sizə əyandı.

Xəzəllər oxuyar səhərə qədər;

hökümət yazır ki: çəkmə ziyandı!

Belə üşüyürmüş gül – şeh düşəndə –

bir qəm köynəyilə istilənirmi?..

…Əlimdən yarımçıq qalan papiros

cəllad kötüyündə tüstülənirmi!..

***

Borçalıda borc içində yaşadım,

duya bildim dünyanın son ucunu.

Külli-aləm: möhlət bitdi, – deyən gün

bircə payız istəmədi borcunu.

Əl gəzdirib təkəmseyrək saçımda:

ata borcu, ana borcu var, – dedi.

Ulduz altda gecələyər neçəsi,

neçə borcu buza yazar qar, – dedi.

Borçalıda borc içində yaşadım;

qəriblikdən gələn kimi görərsən.

Nar bağında payız mənə çox dedi:

kitab yazıb borclarını verərsən.

Ona görə mən payızdan çox yazdım;

borc qələm hey borc kağızın üstədi!

…Mən bu qədər yaşamazdım bəlkə də;

borcum olan sağlığımı istədi…

***

Payız sözlərimə musiqi yazdı,

ritmlə vururmu ayaz gölləri?

Öpdüm bir günorta… görən olmadı,

açdı gözlərində payız gülləri…

Dalımca su atdın, damcılar dondu,

yollar doluxsundu uğurlarıma.

Payız sözlərimə musiqi yazır…

payız resept yazır ağrılarıma.

Sabaha çıxıram şehli gecədən,

qadağan yerində hələ dözürəm.

Yağışla keçirəm sizin küçədən –

bəhanəm budur ki, aptek gəzirəm.

Yetən cəllad günü sənəd istədi,

xəzələ dönməyə «vəsiqəm» hazır?..

…Payız resept yazır ağrılarıma.

payız sözlərimə musiqi yazır…

***

Yəqin Günəşə qar yağır…

…ya da şeir Günə şərdi!

Yəqin Günəşə qar yağır;

belə soyuqmu düşərdi?..

Dağdan kim qar gətizdirsin? –

yüz iki xəstə ağlayır.

Zülmət gecə hönkürtüylə,

Göyçə ahəstə ağlayır…

Əsrim keçməyə nə qalıb…

hələ vətən arayıram.

Sən atdığın qəmtopudur…

…qartopunu tanıyıram.

Canımda Sibir soyuğu…

şüşəsi yox otaqların.

Yəqin Günəşə qar yağır –

nə soyuqdur dodaqların…

***

Dodaqların qürbət dadır…

qadağanda adı nədi?

Dodaqların qürbət dadır;

gözlərinin dadı nədi?..

Durna köçər qarqabağı…

qürbətçitək yenə azım!

Qürbət Sənsən… daha mənə

qürbəti görmək nə lazım?..

Nə lazım qürbəti dadmaq?..

qərib küləklər döydükcə.

Ayrılıqla həsrət orda

dodaq-dodağa dəydikcə…

Saçı ağaran gecədə

yuxusuz qalan Göyçədir.

Qürbət dadan dodaqların

gördüm şəkəri necədir…

Vaqiflər yazmamışdımı:

aramıza yaylıq düşsün.

Gözlərinin dadı nədi? –

qoy öpüm – ayrılıq düşsün…

***

Payızın da əlində

bir qızılı əsadır –

neyləsin, dünya… balaca,

ömür də ki, qısadır.

Payız – yəqin – qış ağzı

nar bağında kürləşib.

Köçür oxuya-oxuya:

qocalığı kim fikirləşib?..

Baxıb qəmli gözünə

az canından usandır!..

…Belin qırılsın, məzarçı,–

payız ölmək asandır…

***

Gəl mənim sözümü qəribliyə sal;

dünya qəriblikdir – Göyçədən belə.

Dağınıq saçları ağaranadək

səhərə çıxaram gecədən belə.

Sən mənim sözümü qəribliyə sal;

heç qorxma – o qədər ağciyərəmmi?

«Sinəmdən yol saldın» – Ələsgər demiş…

…səndən buna görə inciyərəmmi?

Dünya – qəriblikdir onsuz da elə;

neynim, inanmayan gəlib yoxlasın.

Sən mənim sözümü qəribliyə sal –

bir ovuc torpaqtək qərib saxlasın.

Saxlasın bir durna tel salanadək…

…kor qalan ümidə versinlər onu.

Gəl mənim sözümü qəribliyə sal –

elə şehli-şehli dərsinlər onu.

Axır mirvari də çevrilir toza,

bağlı əllərimdən yazda nə gəlir…

…Sən mənim sözümü qəribliyə sal –

sal, sənin əlindən özgə nə gəlir…

***

Nədən bilim, ay Göyçədən baxan çən,

Borçalıdan keçəcəksən, yoxsa yox?

Nəyim qaldı bəri baxan dağlarda,

üzü bəri köçəcəksən, yoxsa yox?

Hardan bilim, ay Göyçədən baxan çən,

…İsa, Musa bu dünyanın köçündə.

Kimə hürür o zəncirdə qalan it? –

özüm ümman, gözüm duman içində.

Qonaq olsan yer verərdim illərlə,

niyə elə için-için gülürsən?..

Nə qəsdin var Qaraçöplə, Dəllərlə –

yoxsa zəif damarımı bilirsən?..

Abad elmi tüstüsündən bəllidi?..

…bu kor dünya görməz Göyçə tüstümü.

Nədən bilim, ay Göyçədən baxan çən;

nədən bilim – qəfil alma üstümü…

***

«… yıldızlı yalan

H.Cavid

Dərd – ulduzlu gecələrdə

necə dadlı-duzlu olur!

Ucqar belədi, yavrum, –

yalan da ulduzlu olur!..

Ulduz üstdə dara çəkir

hərdən qardaş qardaşı da.

Yalan da ulduzlu olur;

yalan da… qəbirdaşı da…

Qubar yolda qəribləri

ümidində ox yaşadar.

Bax – bu ulduzlu yalanlar

çox adamı çox yaşadar.

Evi yıxılan yalançı

bizəmi oxşadı, yavrum?

O, təzəcə sönən ulduz

elə bil Şuşadı, yavrum…

Alışar elçi daşları;

ulduz ulduza ad olar.

…Eh ulduzlu yalanlarla

dünya belə azad olar…

***

Şeirin nevrozudu mən gəzdirdiyim…

Poeziya günü yaz qubarıdı?

Göyçə tərəflərə getməsin ağlın;

Borçalıda bir az arazbarıdı…

Şəkərtək qaldırır qan təzyiqini,

dəli bənövşənin şəri Novruzdu?

… Şeirin nevrozudu mən gəzdirdiyim;

ay lələ, mənimki şirin nevrozdu.

Dünən Əyriqarda tək qaldığım gün

vaqiflər ucqarın dərd şeirin böldü.

Ay lələ, mənimki şirin nevrozdu –

dağ yardığım yerdə de: Şirin öldü…

***

Məni vergilər yıxdı:

budur dərdin doğrusu;

nə şeir yazmaq xəstəliyi,

nə də ürək ağrısı…

Hökumət yüz vergi qoydu…

ərz – könüllü əsirliktək.

Üzdü hərdən ucqar həyat

Vergilər Nazirliyitək…

Yağış, ya qar şəklində

yağdı elə yağanlar?

Şehli Sözə də vergimi? –

gəldi vergiyığanlar…

Nə nöqtələr günahkar,

nə də viran vergüllər…

Məni vergilər yıxdı…

…Allah verən vergilər!

***

Vaqif Bayatlıya

Mən gil adamlardan nə gileylənim?

...Araz qırağında yazım gəlsəydi!

Allah adamları gildən düzəldib;

güldən düzəldərdi lazım bilsəydi!..

Çox dar ağacında tumurcuqladım;

kimsə elə bildi daha yaz olur...

Əsrim belə keçdi: gildən – güləcən!

bildim gülün ömrü niyə az olur...

Az olsun, ay lələ, gül ömrü olsun!

...cəllad kötüyündə gülün şaxları!

Mən gil adamlardan nə gileylənim? –

başa çıxartdılar gil padşahları.

Təzə qəbristanda gil adamların

qəbirləri üstə güllər düzdülər.

Borçalıda bunca üzülərdimmi? –

məni əməlləri gillər üzdülər.

Kimin xalı güllü, kimin xəncəri...

dağları alçaqlı-ucalı idi.

Araz qırağında ümidi yorğun;

mənim bir xocam da Xocalı idi.

İbrahim bütləri sındırdı neynim,

durub sındırmadı gil adamları.

Düşmən quş deyilmiş, eh, topa-topa;

biçdi ot qarışıq gül adamları...

Eh, bu da gilpərəst, bütpərəst əsri!..

Ərz addım-addım hər gün «ah»dı, bax.

...Ucqarda mən bir az gülpərəst idim;

boynuma qoyulan o günahdı bax!..

***

Cəllad… Allah üçün üstünü cırdı,

bax, cındır cəlladlar düzülüb gedir.

Hamı ətəyindən tutduğu üçün

Allahın ətəyi üzülüb gedir?

Bax, cındır cəlladlar düzülüb gedir,

aparmır qəlbimin göynəklərini.

Cəllad… Allah üçün üstünü cırdı;

cırdı qan-qırmızı köynəklərini…

Görürsən – geydiyim qəm köynəyidi;

hərdənbir çəkirəm əynimə gəlmir.

Düyməsi yox – açam, cırılmır – cıram;

yenə də qəriblik eynimə gəlmir.

Üstünü cıranlar ölkəsində mən

keçirdim əsrimlə… qubarda, qarda.

Bircə sənin üstün səliqəliydi,

bir sən ürəyini cırırdın orda…

***

Təhləli Novruzun xatirəsinə

Dağlar, əyil yar görünsün!

ulduz axır gecə yarı.

Dağlar, əyil yar görünsün –

qoy görünsün Göyçə yarım!..

Xatirələr qarlı-qarlı…

elə qubar kürüyərəm.

Şuşa kimi… çilik-çilik

şüşələr üstə yeriyərəm.

Eh, gizlətdim Əyriqarda;

yıxdı bu yağmurlar məni.

Daş olum – zirvənə qaldır;

yar səmtə dığırla məni!

Ay dağlar, daha keçmirmi

yoxsa tilsimlər-oysunlar?

Dığırla Göyçə tərəfə –

dığalar bir də soysunlar…

***

Orxana

«Bir gün paşa olacaqsan!» – deyən olmadı...

ucqar yerdi, canım-gözüm, kimdən inciyim?

Orda payız çıxmış olar indi görkəmə,

payız getdi küləklərlə birinciliyim.

«Bir gün paşa olacaqsan!» – deyən olmadı...

«Göyçə!» deyə çırpınanlar oda düşürdü.

Araz üstü – buz üstüydü... alatoranda,

paşalıqmı, padşahlıqmı yada düşürdü?!

«Bir gün paşa olacaqsan!» – deyən olmadı...

orda Şuşa çilik-çilik... paşa gözlədi.

Xocalının gözlərinin kökü saralmış...

yenə üzü dan yerinə boşa gözlədi?!

Hərdən paşa bildiyin də poşa çıxır, eh,

hərdən əlin göylərdən də boşa çıxır, eh...

Yonqarlanıb qələm oldu qolum, ay Araz, –

Tale seçdi... mən Talenin əlində idim...

«Bir gün paşa olacaqsan!» – deyən olmadı...

bəlkə indi bir ağ atın belində idim...

***

Mən çəlləkdə yaşamadım Diogen kimi,

hərdən «çaxır çəlləyinin odu» – dedilər.

Nə mətləbsə bircə dəfə Saraya getdim:

bizim Saray şairimiz budur, – dedilər.

Mən çəlləkdə yaşamadım, vətənim insan!

...mən çəlləkdən içmədim ki, günah qazannam!

Araz üstü – buz üstüdü, keçməkmi olur,

buz üstünə yazılmır ki, Allah yazannar!..

Göyçəli tək necə köçüm gecəqonduya?

mən ucqarın şairiyəm – vaqiflər bilir;

ucqar sözlə mən Tarixə burdan qatıldım,

məni yarı – misralarla rədiflər bölür. –

hərdən-hərdən Araz elə bir bəhanədi...

bəhanəsiz hökumət də naşı olardı!

Cəllad günü cahillərə, riyakarlara

mən çəlləkdə yaşasaydım yaxşı olardı.

Kim yoğurub yapdı bunca gil adamları? –

ucqar yerdə gil adamlar gülə – şərdilər!

...mən çəlləkdə yaşamadım Diogen kimi;

Diogeni lağa qoyub gülüşərdilər...

Mənim əsrim keçib getdi iynə ucunda...

«belə gedər gözlərinin odu!» – dedilər.

...Nə mətləbsə bircə dəfə Saraya getdim:

bizim Saray şairimiz budur, – dedilər.

***

Dişlərim dilimə qəsr olub mənim...

...orta əsrlərdi vaxt da elə bil.

Süd arxı həsrəti sıxır süd dişi;

padşah əyləşibdi taxtda elə bil.

Payız – nar bağında... yaxası açıq...

çox ümid yupyumru döşə dəyirdi.

...Dilimi dişlədim düşdü yadıma;

eh, dil ki, ağrıyan dişə dəyirdi...

Orta əsrlərdi vaxt da elə bil...

əsir də olmağa hazıram sənə!

... Dişlərim dilimə qəsr olub mənim;

mən qəsrin içindən yazıram sənə.

***

Payızın əllərində

xəzəl pul kimidirmi?

Hüzn çökən vağzalda

qərib qul kimidirmi?

Tənhaca gecələri

ümidlə kiridərlər.

Qar basmış küçələri

qəribə kürüdərlər...

Axır qürbət deyilən

gördü – nə işıqlıdır!

Bəxti çirkin olmaqnan,

dərdi – yaraşıqlıdır!..

***

Həştərxana gedən gəmi bənd olar, geriyə dönəndə yükü qənd olar.

Xalq mahnısı

Həştərxana gedən gəmi! –

gəl, üzmə qəm içiynən.

Qorxma, dava salmaram

gəmidə – gəmiçiynən ...

Həştərxana gedən gəmi! –

ümidin istandımı?

Pünhanı – vaqiflər bilər;

adın «Türküstan»dımı?

Yarı rus, yarı türkcə

oxuyar göy ləpələr?

Bu dənizin duzunu

hey yarama səpələr...

Həştərxana gedən gəmi! –

bənd olub qalma, sən Allah!

Mənə verdiyi səbri

gəlməsən kəsər Allah...

Bənd olub qalma, sən Allah! –

yüz həsrət bənd olar mənə.

Yükün – qənd olmasa da,

gəlişin – qənd olar mənə...

***

Gilanar da çiçəklədi

çiçəklə, ürək, çiçəklə!

Ucqar ümid gerçəklədi –

çiçəklə, görək, çiçəklə!

Duru – qardaş, doğru – bacı,

qışda qaldı ağrı-acı?

Çiçəklədi dar ağacı;

çiçəklə, ürək, çiçəklə!

Çiçək çiçəyi çağırar,

gülün göyçəyi çağırar,

Araz Göyçəni çağırar –

çiçəklə, ürək, çiçəklə!

Həsrət qoxuyar ləpələr,

az-az qar, qubar səpələr...

...şehlədi Sınıq körpülər;

çiçəklə, ürək, çiçəklə!

Demə: dərdi necə dərdim?

...arazbarı... gecə dərdim...

Çiçəklədi Göyçə dərdim;

çiçəklə, ürək, çiçəklə!..

***

Dərdə tərcümanlıq etdim hər payız...

kədər – hərdən ölüm dərəcəsində.

Səni tərcümədə oxudum, hayıf;

oxudum payızın tərcüməsində.

Hanı sənin əslin, orijinalın?

pünhanda, gizlində yananı göstər!

Bəs sənin dominant mənan yoxdumu? –

sən mənə, gəl, əsas mənanı göstər!

Məcazi mənalar zamanı getdi...

«mənəvi» sözündə «mən» necədisə...

Sən hansı gecənin gündüzündəsən?..

...Göyçənin yolları – çən gecədisə...

Səni tərcümədə oxudum, hayıf...

bəxt Sibir sürgünü, yatabı kimi!

Mən də tərcümədə oxundum, neynim;

mən də bir tərcümə kitabı kimi.

***

Elçin Hüseynbəyliyə

Bu da günahın gül üzü!

bu da gecənin səsi!..

O Laçın «dəhliz»inin,

bu, Göyçənin nəfəsi...

Bu da günahın gül üzü:

öpüb «doyduq» demədik.

Dərdi çörəyə qatıb,

arazbarı yemədik?

Qanadımız qara batdı

qəmli dağların başında.

Xalq yağışda islanır,

biz – yağışın göz yaşında.

Bizim dirilən dərdimiz

Adəmdən də qabaq idi...

...bu yağışın göz yaşında

göllənən – Qarabağ idi...

***

(peyzaj)

Bu dünyada

ata qocaldıqca

oğlu çiçəkləyir,

ana qocaldıqca

qızı çiçəkləyir.

Bu dünyanın

göyü qocalanda ulduzu,

payızı qocalanda

yazı çiçəkləyir.

...Aydan baxırsan –

Yer çiçəkli şar kimi...

səhər-səhər

Günəşi gəzməyə çıxan Allah

məsum uşaq kimi...

***

“Araz üstdə, buz üstdə”...

dedilər: sənnik deyil.

“Kabab yandı köz üstdə”...

Dedilər: sənnik deyil.

“Ağ dəvə düzdə qaldı” ...

dedilər: sənnik deyil.

“Yükü Təbrizdə qaldı”...

dedilər: sənnik deyil.

“Araz belə lil gələr”...

dedilər: sənnik deyil.

“Ayda, ildə bir gələr”...

dedilər: sənnik deyil.

...Bir gün dirilsə dərdim,

torpaq-torpaq döyülsə...

Dedim: kimlikdi, bəylər,–

əgər mənnik deyilsə?..

Dedim: kimlikdi, bəylər?–

əldə qalıb el yazıq...

çəmən bürkü, çöl sazaq,

padşah bu qədər uzaq...

Dedim: kimlikdi, bəylər?

dərd yeri – dənnik deyil.

...Sonra dilim öyrəndi;

dedim ki: mənnik deyil.–

Yerə girən papağa,

zulum görən yarpağa,

paralanan torpağa

dedim ki: mənnik deyil.

“Ağdamın yastı yolu”...

dedilər: sənnik deyil.

“Namərdlər kəsdi yolu”...

...dedilər: sənnik deyil.

***

Allahverdi Təhləliyə

Özgə nə deyim, ay lələ,

sözmü qalıb ki, söz deyəm?

Özüm dözə bilirəmmi –

bir yol sənə də “döz” deyəm.

Sabah ayaz ayan eylər:

yanaqlarım – yaz qurağı...

Mən hardan bilim, ay lələ,

qardımı Araz qırağı?

Dağı o qədər daşıdıq,

dağda dağlıq da qalmadı...

Bir də qatarından qalan

qərib durna sağalmadı.

Özgə nə deyim, ay lələ,

topuq dilim sözmü tutur?

Səsmi düşüb qulağıma,

siz tərəfdə sazmı ötür?

Qara Təhləynən Ağtəhlə

hansı yanıq kefindədir?

Mənim kimi sənindəmi

ağ günün – ağ kəfəndədir.

***

Dedilər: mart çıxdı – dərd də çıxacaq...

dərd elə Arazın o tayıdımı?

Yenə əyni yuxa... dərdi də qalın...

...Şuşada hələ də mart ayıdımı?

Dünya belə gəlib, belə də getsə,

torpaq acları da hey acıxacaq.

Mart çıxdı, bəs bu dərd niyə çıxmadı?

...dedilər: mart çıxdı – dərd də çıxacaq.

Mənim Borçalıya sığmayan səbrim

yayından çıxmayan oxdumu, ya Rəbb!

...Şuşada hələ də mart ayıdımı?

o martın Novruzu yoxdumu, ya Rəbb?!

***

Divin canı şüşədədi, ay lələ...

...dan yerində gecədəki canımız.

Xocalıda qar üstündə yanırdı

Şuşadakı, Göyçədəki canımız.

...Bir vaxt bircə işarədən qanırdın;

divin canı şüşədədi, ay lələ...

...Yarı Azər, yarı Baycan canların

ürəyi ki, Şuşadadı, ay lələ!

Divin canı şüşədədi, ay lələ...

...Araz üstə həyəcanlar yaşayır.

Şüşə ilə Şuşa az-az oxşardı...

yoxsa canım div canına oxşayır?

Mənim canım Şuşadadır, ay lələ,

borc içində Borçalıynan tapışıb!

...yağı düşmən yaxşı bilir, ay lələ, –

ona görə Şuşadan bərk yapışıb!

Xan Araza xannığı kim vermişdi

səhərini, axşamını qaytar sən!

Mənim canım Şuşadadır, ay lələ...

...məni qurban ver, Şuşanı qaytar sən!..

***

Hərə fəth etməyə bir qala seçir;

hər mühasirədə mərhəmət olmaz...

Hamı fəth etməkdən danışa bilər;

hamı Fateh Sultan Məhəmməd olmaz!

...mən dar ağacında tumurcuqladım;

ruhum ucqar yerin sözünü seçir.

Kimi fəth etməyə bir özgəsini,

kimi fəth etməyə özünü seçir!..

Bütün qalaları kim saya alıb?

...hələ Qum qalası, şüşə qalası...

Dünyada alınmaz qalamı qalıb? –

fəthini gözləyir Şuşa qalası!..

Hərə fəth etməyə bir qala seçir;

çökdüm, eşqin pünhan isminə çökdüm.

...Nə çəkdim Qalanın həndəvərində!..

mən səni fəthimin rəsmini çəkdim!

Yaza nə qalırdı... o zərif yaza...

qala qapısına çatam az qalam!

Dünyada alınmaz qalamı qalıb?..

...təslim ol, ay mənim alınmaz qalam!

Mən səni fəthimin rəsmini çəkdim...

çəkilənlərisə bir gözdən keçir!

Nə rəssama gülmə, nə rəsmlərə...

...hərə fəth etməyə bir qala seçir.

***

Mən qəzet üstündə yatırdım onda...

nəsə gözlərimin ağı batırdı.

Qəzetə bürünüb yatırdım onda...

...onda torpağımda yağı yatırdı.

Yatırdım qəzetlər yazdığı üstdə...

əzbər səhifələr deyirdim neynim.

Qəzetə bükülü – çörəyim, düzüm...

qəzet yazdığını yeyirdim neynim.

Eh, qəzet içində qəzetdi həyat,

qəzetdən mən yarpaq-yarpaq doymuşdum.

Unudub babamın çal papağını,

başıma qəzetdən papaq qoymuşdum...

***

Dolur köhnə qəbiristanlıq,

bir boş yer də qalmayacaq.

Elə dolur, elə bil ki,

daha ölüm olmayacaq.

Güllər son ümid qoxulu,

yanan da sanki son şamdı.

Hər qəbiristanda qorxulu,

təkcə birinci axşamdı.

Öyrənərsən yavaş-yavaş,

göy dolu göz yaşın olar.

...Axır yaşayış yerindən,

sənin də arayışın olar!..

***

«Artık dişiniz çıktı der,

süt vermez cici annemiz...»

Fazil Hüsnü Dağlarca

Payızın gözləri eşikdə qalıb...

süd bəhanəsiylə qış gələr, xanım!

...İnamın çəkdiyi süd arxlarına

ümidi qanayan quş gələr, xanım...

Süd bəhanəsiylə qış gələr, xanım;

dişini qıcadı – qurtardı getdi!

...Torpaq elə bildi süd istəyirəm,

gözlətdi... gözlətdi, qatar da getdi...

Dünən protezdi diş də, ümid də –

eh, dişli oğullar istədi vətən.

Dişimi qırdırdım Göyçədən delə...

...anamın südüdü burnumdan gələn.

***

Köhnə fəlsəfədi bu dünya, vallah,

tikdiyi köynək də əynimə gəlmir.

Az bu qəribliyi qəm eylə, xanım,

bax, mənim qəriblik eynimə gəlmir.

Köhnə qürbətçitək qadağan yerdə

qəmi də qürbətlə bölürəm, axı!

...Bax, mənim qəriblik eynimə gəlmir,

dünya – qəriblikdi, bilirəm, axı!..

Dünya – qəriblikdi... küsmək nə lazım;

içdik həm göyündən, həm göynəyindən.

Mənə «oğlum» dedi, sənə də «qızım» –

keçdik bu dünyanın qəm köynəyindən...

***

Padşahla bir gündə doğulmuşam mən...

...ümidimi şehli dərdilər neynim;

bir qızı var idi Günəşdən ötə –

bir padşah oğluna verdilər neynim...

Vaqiflər bilirdi qadağan yerin

qarlı payızını, şehli qışını.

Gördüm gözləyirsən... deyə bilmədim:

kababda yedilər şahlıq quşunu.

Bildim, sanamaqla qurtaran deyil...

dərdləri düzərsən daşa sazaqda.

Gördüm gözləyirsən... deyə bilmədim:

Allah yuxarıda, padşah uzaqda.

Xəzəllər elə bil bir xəstə ruhu...

qollar qandallıdır, bağlar üzümdür.

Payıza qoşulub ahəstə oxu:

«fərman padşahındır, dağlar bizimdir».

Bəlkə də peyğəmbər çiçəklərinin

padşah fərmanıyla artar əlacı!

Bəxti çox «gətirər» gözləyənlərin;

ya cəllad göndərər, ya dar ağacı!

Ulduzlar Allahdan aşağıdır ki! –

dərd görüb, ulduzdan aşağı düşdü?

Padşahla bir gündə doğulmuşam mən;

bəlkə sənə də bir işığım düşdü...

***

Bildir gedən bildirçin,

hanı sənin bir qıçın?

Rüsxət, izin yerinə

bir-iki gün almadıq…

Biz də özgələr kimi

bir az nikbin olmadıq.

Cəllad Cıdır düzündə:

ifçin-ifçin gətir! – dedi.

Yerindən duran yağı:

bildirçin əti! – dedi.

Qıraqdan baxan Təbrizə

arazbarı köç nə gərək?..

Bildir gedən bildirçin! –

qanadlıya qıç nə gərək!..

***

Mənim ümidlərim boğulmur heç vaxt…

üzüb keçdiyi yer əyri olmadı.

Eh, yüz sürgün qəsdi, yüz bir qadağan, –

nə qədər boğdular… xeyri olmadı.

Araz qırağında, Kür sahilində

gecələr Göyçətək dözmək öyrətdim.

…Mənim ümidlərim boğulmur heç vaxt;

çünki mən onlara üzmək öyrətdim!

Desən: Xocalıda xocan kim idi?

neçə dərdin vardı: yüz min? əlli min?

Sənin ümidlərin üzə bilirmi?

desən: kimdi sənin ümid müəllimin?

Ulduzlu göyləri silkələyəntək

ümidini çırpır, dərirlər yoxsa?

Yoxsa sənədəmi gündə yüz kərə

ümid qonaqlığı verirlər yoxsa?..

***

Məni qürbət doğdu, ana doğmadı...
son payız yanında saxlasın qalım.
Yenə qürbət yerdə anama qurban, –
yenə də anamın qadasın alım.

Mən yarı adamam, yarı da kitab...
bir vaqiflər bilir, bir sən bu yerdə.
Qürbətçilərindi – qərib havalar;
bir ağız oxuyam gəlsən bu yerdə!

Bu dünya qəriblik olan yerdə, bax,
Günəş də kor bəxtdən yana doğmadı.
Çapçılara çatdır, sən Allah, orda:
məni qürbət doğdu, ana doğmadı...

***

Atəşə məni verin:

eləməyin güzəşt mənə!

Axı mən İbrahiməm –

zərər verməz atəş mənə!

Qorabişən olum qoyun;

qor dolu bir çalıda.

Atəşə məni verin –

Təbrizdə, Borçalıda.

Axı mən İbrahiməm ­–

İbrahimi yandırın!

Nə vida mərasimi...

nə də mərmər yondurun!

Gül olsa alov dilləri,

yandırın o gülləri də.

Sualları, nidaları,

nöqtəli vergülləri də.

İbrahimi yandırın siz! –

nə qəm... nə də qəlb dayanar.

Qurunun oduna yaş da

yanırsa... Xəlil də yanar...

İbrahimlərə görk olan

hamıya xəbərmi olur?

Od oğlu – Azər oğlutək

yanan peyğəmbərmi olur?

Eh, Ucqar deyilən yerdə

dərd də gülün göyçəyidir.

Bu alovun hər dili də

bir peyğəmbərçiçəyidir.

***

...Durnagözlü dar ağacı! –

göyçəklən görüm, göyçəklən...

Şehlədin dünya-aləmə;

bir gün də mənimçün şehlən!..

Şehlə ki, tumurcuq açım,

açıldı ilqar ağacı.

Gəl, halallaşaq ayrılaq! –

durnagözlü dar ağacı...

Yaradanın verdiyi ki

can qurban qıymaq üçündür.

...Başımı verərdim... başım

Şuşada qoymaq üçündür.

***

Bu qılıncın qaşı qələmqaşlıdır,

qan tökməyə yaranıbdı – duydunmu?

Qadağanda qılıncı, ya qələmi,

insanoğlu, bir gün əldən qoydunmu?

Bu qılıncın qaşı qələmqaşlıdır,

bu dünyanın qulaqları hələm kar...

...Sanki qından qılınc çıxır bu qələm...

bu qılınc da – qələm yonan qələmkar!

Çıxmadımı orda qılınc qınından?

çox sövdəyə qara qələm çaxıldı!

Qələm olan qolum! qılınc qanından

bu qələmin tökdüyü qan çox oldu.

Baxsan padşah fərmanında nələr var:

söz yarası... dağların alçalmağı...

... Eh, qələmin qəribanə görkəmi

unutdurdu mənə qılınc çalmağı.

Qələm yazan qılıncvarı yollarım

anama de, hələm-hələm daşlıdır.

Yonulmaqdan qələm olan qollarım! –

bu qılıncın qaşı qələm qaşlıdır...

***

Nə şah nəslindənəm, nə xan nəslindən,

nə qul nəslindənəm, nə də ki, quldar.

...Çıxdım Həqiqətin çətin yoluna

yolçu yoldaşlarla...di gəl ki, yol – dar.

Çıxdım Həqiqətin çətin yoluna,

doğru danışılan yalanlar gəlsin!

Saxla oralarda cüdam nəslini,

qoy Adam nəslindən olanlar gəlsin!

Mən adam çağırdım, zir-zibil nədir?

haramzadəyə nə haram azlığı?

Allahı sevərsən...durnalı göyə

qaldırma yerdəki yaramazlığı.

Saxla oralarda cüdam nəslini:

dilində “sevirəm” kəlməsi olmur.

Qoy durna nəslindən olanlar gəlsin;

durnanın yerlisi, gəlməsi olmur.

Çıxdım Həqiqətin çətin yoluna,

nazilən həqiqət üzülürmü gör?

Bir çimdik “diaspor” sözündən hürküb,

durnalar qatara düzülürmü gör?

Durnanın yerlisi, gəlməsi olmur...

sözünü göyərdir darğa da elə –

sanır göylərdəmi dərəbəylikdi?

...quzğunu səsləyir qarğa da elə.

Çıxdım Həqiqətin çətin yoluna...

yoluna düzələ ölkə deyirəm.

Bircə ümidimə yüz ox tuşlanıb:

durna nəslindənəm bəlkə...deyirəm.

***

Dəryalar mürəkkəb idi, ay lələ,

dayazlı-dərinli durnalar içdi?

Başımın altına yastıq qoydular...

başımın üstündən durnalar keçdi...

Bir roman olardı bəlkə...yazmadım,

olmadı...eh, hələm-hələm olmadı.

Dəryalar mürəkkəb idi, ay lələ,

di gəl ki, meşələr qələm olmadı.

Bir durna telinə dəymədi, vallah,

qan ilə, eh, tarix yazan ordular...

Başımın üstündən durnalar keçdi...

...onunçün boynumu asan vurdular.

***

Yarı Azər, yarı Baycan canımın

Araz üstdə həyəcanı yaşıyır.

Bu durnanı hicabından tanıdım;

bu durnadır – bu hicranı daşıyır.

Karvan gələ – götürməzdi bu yükü...

eh, xan Araz daşıdığı nə yükdür?

Bu durnadır – bu hicranı daşıyır;

Şahdağından, Qoşqardan da böyükdür.

Əyriqarda – yanan canın ahları...

sufi lələ yana-yana içibdir.

Cəllad tez-tez oxqabını yoxlayır –

bilir...ruhum bir durnaya keçibdir.

***

Ağac da əlini göyə qaldırır –

kökü hər nə qədər aşağı çəkir!

Ağacla adamın oxşarı çoxdu;

ağacı göylərin işığı çəkir!

Köklüyə, köksüzə o da bölünür,

şimşəklər başında çaxmırmı, canım?

Ağacla adamın çox oxşarlığı

gedib “ilk günah”a çıxmırmı, canım?

Qadağan meyvəyə gedib çıxmırmı?..

eh, indi o bağlar oyaq da deyil.

İndi adam kökü... Adəmdən bəri

ağac kökü kimi ayaqda deyil.

Bir kökdən ayrıldıq, kökdən xəbərsiz!

“köksüz” deyildikcə “döz” deyirəm mən.

Ağac kökü kimi ayaqda deyil;

kökümü başımda gəzdirirəm mən!

Kökümü başımda gəzdirirəm mən!

başım buludlarda dayanır, canım!

...Adəmə, Həvvaya yaraşmazdı, yox,

yeni adam kökü yaranır, canım. –

Yeni “köklü” nəsil yaranıb gedir.

...göz qırpımındakı anlardan özgə.

Hamı “gəlmə” imiş... əsilsiz-zatsız...

hamı “köksüz” imiş... onlardan özgə.

Kökümü başımda gəzdirirəm mən...

...o da əsili-kökü öyə qaldırır.

Mən öysüz olsam da...göysüz olmadım.

...ağac da əlini göyə qaldırır.

***

Yenə Araz üstü – buz üstüdümü?

yoxsa Araz üstü bu qış donmayıb?

Açdım qollarımı – budaqlarımı,

elə budaq var ki, bir quş qonmayıb.

Yolum qurtarmaz ki, ömrüm qurtarar,

məndən ömrümü yox, yolumu istə!

Sənə qollarımı aça bilmədim –

durna yuvası var qolumun üstə.

Gördüm oxçuları… yollarım üstə

tovlayıb bozbaşa, aşa tuturlar.

…Durna yuvası var qollarım üstə;

bəs məni nə üçün daşa tuturlar?

***

Qürbət mənim içimdədir, ay lələ,

çölümdəki qış dilini öyrəndim.

Sən deyirdin: bir Süleyman bilirmiş,

bax, qürbətdə quş dilini öyrəndim!

Quş aləmi qəribədir, ay lələ,

durna teli dilim-dilim alışır.

Hərdən şeir hönkürürəm Göyçəyə;

bu, – deyirlər, – quş dilimi danışır?

Sən deyirdin: bir Süleyman bilirmiş…

paralanmış torpağımtək çat durdum.

Qarqabağı yazı-pozu boş şeydi,

sənə… durna deyənləri çatdırdım.

***

(İrəvan çuxuru)

Gözlərim çuxura düşür, görürsən…

…qorabişən yerdə çoxlu qor dolar.

Gözlərim elə bil quyudan baxır;

bu minvalla gedib Çuxuryurd olar.

Orda Borçalının çala yerləri:

batıq ümidimi işığı çəkir!

Göyçənin oyulmuş arzuları, bax, –

Yerin səthini də aşağı çəkir!

Çuxuryurd deyilən yerdə… elə bil

cildi çarmıxda bir kitaba baxırsan.

…gözlərim çuxura düşür, ay Araz, –

sən öz çuxurunu tapıb axırsan…

Gözlərim çuxura düşür, ay Araz, –

zamanın, eh, axır-uxuru kimi.

Sözüm qırıq-qırıq… dərdim rəvandı,

rəvandı… İrəvan çuxuru kimi!

Göyçənin oyulmuş ümidləri, bax,

oyum-oyum qara qayadan baxır.

Gözlərim çuxura düşür, ay Araz, –

gözlərim elə bil quyudan baxır.

Bu il də toylarda «Göyçə sağlığı»

Allahın qadağan çaxırındadı?

Gözlərim çuxura düşür, ay Araz, –

gözlərim İrəvan çuxurundadı…

Borçalıdan uzaq… şehli sözləri

çala-çuxurlara səpdim, ay Araz.

Ayrılıq düşürmüş gözdən öpəndə…

bilmədim… gözündən öpdüm, ay Araz!

Mən yarı qürbətəm,

yarı vətənəm

***

Bütün vaqiflərə salam!..

…yazdı – tüfəng tətiyində?

Bütün vaqiflərə salam! –

salam – cəllad kötüyündə…

Könüllü gəldikcə – göyüm

Göyçə qədər qəşənglənir.

Bu kötük də Allahınsa,

bir baxın – necə şehlənir!..

…Şehlədi cəllad kötüyü,

növbəyə yazılam – olar?

Allahın şehli yerindən

şehlicə də salam olar…

Borçalıda borc içində

ümidimi ayaz alsın!

Mən özümə vaqif oldum,

sənə vaqif payız olsun!..

günahlardan keçər Allah –

gözlərimə yaş dolmaqla?

Bütün vaqiflərə salam! –

vətən başda olmaqla!..

***

Yazsam roman olar, qardaş;

vergisi haqdan verilən.

Hey Təbriz tərəflərdə

arazbarı dərilən...

Sözlər elə şehli-şehli,

mirvari toz-toz dərilir.

Payız ölüb, yaz dirilən

dərdim məndən tez dirilir.

Neçə bənd, neçə bayatı

ucqar sözün hesabında!

Necə cazibələr yatır

yazıçılıq əzabında!..

Eh, yaz demiş... hələm-hələm

ürəyin də möhkəm ola!

Həm də göy meşələr qələm,

dəryalar mürəkkəb ola!..

Orda çapçılara çatdır...

az-az çən tutub aranı.

...Yazsam roman olar, qardaş, –

bir Borçalı romanı.

Göyçənin sarı simləri

göyə toxunurma görən?

Sınıq Körpüdən o yana

roman oxunurmu görən?

Orda çapçılara çatdır;

çatdır – dərd alışa bilir!

Yazsam bir roman olardı –

şüşələr üstə... Şuşa bilir...

***

Staj artırıram yazın yanında;

usdufca-usdufca ustalaşaram.

Bir gün bir qışağzı, bir qarqabağı

payıznan biryolluq vidalaşaram.

Yolum qurtarmamış, yetər, nə qədər

iynələr ucunda qəm qucaqladım!

... Staj artırıram yazın yanında;

bir də gördün yaztək tumurcuqladım!..

Ömür belə getdi treninqlərə...

bilmirəm, bəlkə də yaz razı qaldı...

...Bir onu bilirəm... Xəzərdən uzaq

xannığım... qıyqacı Araza qaldı...

***

Gecə ulduzlar tökülür…

baş qoymağa şeirin olsun.

Gecə ulduzlar tökülür;

sən yat – yuxun şirin olsun.

Dünən yollar qubar idi…

bu gün bir-bir yada düşür.

Bir bəxt ulduzum var idi;

eh, əzizim, o da düşür.

Saçı ağarır gecənin;

dan üzü dərd yükü gülür.

Göyləri kim silkələdi –

gecə ulduzlar tökülür.

Sən yat – yuxun şirin olsun...

kimsə yol azıb bu gecə.

Ay da yatmır – yarasına

o da duz basıb bu gecə.

Göyləri kim silkələdi? –

kim bilir?.. görmək olarmı?

…Qoynuna girmək qadağan,

yuxuna girmək olarmı?..

Sən yat – yuxun şirin olsun…

yaxa tanıdım dərdə mən!

Odur, külli-aləm yatır…

Bir Göyçə yatmır, bir də mən…

***

Vaqif Səmədoğluna

Bircə vaqiflər bilir

hansı yurda yatabam mən,

hansı yerdə – yarı adam,

yarı da kitabam mən.

Kitab Eviyəm… bura

elə bil Gülhanədi.

Öpülmüş dodaqlarda

vətən bir bəhanədi?

Padşahın əllərində

yumşaq qabıqda kitab…

Yarı ki, kitabam mən:

cildi çarmıxda kitab!

Qadağan yerdə gördüm

cudamı… adam etdi.

Bu yerdə kimdi cəllad? –

məni dərd edam etdi.

Eh, nə Azərbaycandan,

nə də Gürcüstandanam.

Təkcə Vaqiflər bilir;

mən Kitabıstandanam!

Vaxt da daşyonan təki

yonub azaldar məni.

Hərdən Qoca Bukinist

kitabtək satar məni.

Mən – Kitabıstandanam…

oxuya bildilər, bax!

Məni Azərbaycantək

ikiyə böldülər, bax!..

Arazbarı kitabda

ümiddə ox yaşadım;

ona görə vətənə

hamıdan çox oxşadım…

***

Bakının yolu ki, su yolu olub!..

mən çoxdan Bakıya köçüb gedərdim.

Dağlar da saxlaya bilməzdi, vallah;

vallah, Əyriqardan keçib gedərdim.

Üstündə yüz iki istintaq olub…

…eh, Bakı da baxtabaxtdı, ay lələ.

Şuşa da şüşələr üstündə qalıb?..

…keçəlim görünən vaxtdı, ay lələ!

Bir barmaq kəsməklə soyuyan deyil;

təpədən-dırnağa sayamı kədər?

…Bakının yolları su yolu olub;

keçəl hələm-hələm suyamı gedər?..

Keçəlim görünən vaxtdı, ay lələ…

payız arazbarı ağladan deyil?

Bakı küləkləri kəkil yerinə

durub dərdimi ha dağıdan deyil!..

Mən çoxdan Bakıya köçüb gedərdim;

baxmazdım hər bəxti yanıq kirpiyə!

Nə köçə baxardım hər qarqabağı,

nə də sına bilən Sınıq körpüyə!..

Getsin, kimə paytaxt havası düşür…

eh, dağdan dənizmi səfalı olub?..

Bütün su yolları aydınlıqdırmı? –

Bakının yolları su yolu olub…

Keçəl hələm-hələm suyamı gedər?..

ağ gün ağ kəfəndə – əcələ qaldı.

«Vətənin qıraqdı qalan yerləri»

belə kora qaldı, keçələ qaldı…

***

«Analar yanar ağlar,

dərdini sanar ağlar,

dönər göy göyərçinə

yollara qonar ağlar»

Bayatı

Qarqabağı bütün yollar tutuldu…

qar deyil… kim bu qubarı kürüyər?

Qadağanda hara qonsun, ay ana,

göy üzündə yanar-yanar… kiriyər.

Göy göyərçin elə bilər Göyçədi;

ümidləri ulduzlara toxunar.

Bilirsənmi, belə həzin gecədə

ölüm hökmü yalqızlara oxunar.

Dar ağacı yaxşı yuva yeridi…

…qarı cəllad qadağanı saxlasın.

Göy göyərçin yola qonub ağlayar…

ay ana, Yol hara qonub ağlasın?..

…göy göyərçin elə bilər Göyçədi;

qanadları hələm-həlbət odlanar.

…Belə dönər qürbətçiyə göyərçin!

vətən dönüb belə qürbət adlanar!..

***

Allah yuxarıda, padşah uzaqda…

…həzin həyəcanlar qara çökdürür.

Allaha yazırsan – açılmır səhər…

…padşaha yazırsan, dara çəkdirir;

Vergiyığanları gəlir vaxtında! –

paylayır «dirilik» dərmanlarını.

Dağlar havasının yerinə… aşıq

oxuyur padşahın fərmanlarını.

Gözlədiyin gəlmir… qibleyi-aləm

göndərən «pay» olur bu ağrı-acı.

Bir payız mən sənə yazmamışdımmı:

ya cəllad göndərər, ya dar ağacı.

Ya cəllad göndərər, ya dar ağacı…

qan eylər bu xiffət, qəhər hər payız.

…Aşiqəm padşahın kiçik qızına,

Allaha tapşırar anam hər payız…

***

Qəribin qürbətə ziyanı yoxdu;

ulduz da tökülsə hər hönkürəntək.

Ziyankar ziyanı vətənə verər;

bir zaman sən məndən ziyan görəntək.

Gizlində boylanar durna köçünə,

bir karvan görəndə qəlbi atdanar;

qəribin qürbətə ziyanı yoxdu –

o, elə qəriblə Qürbət addanar!..

Daha nə danışaq xaldan-xınadan?

dedik: gəlib çıxan, əlbət, gəmidi…

…Qəribtək keçirsən gömrükxanadan;

hərdən Azərbaycan qürbət kimidi…

***

Allahın altından hara qaçasan?..

keçdiyin Ayınmı işığıdı ki!

Səndəmi bir ulduz olmaq istədin?

ulduzlar Allahdan aşağıdı ki!..

Dünən… kol dibində bənövşələrtək

üz görüb qəlbimi ayaza açdım.

Allahın altından hara qaçasan?

…Allahın altından payıza qaçdım.

O yerdə gəldim ki, ura günüdü –

küləklər saç yolur, eh, acığından;

dərilib ağaclar yarpağa kimi…

…mən də səni dərdim dar ağacından.

***

Dəniz havasıtək, dağ havasıtək

şair havası da var bu dünyada!

Bir az yağışları kədərli yağar,

bir az qəmli yağar qar bu dünyada.

Həsrəti boğazda qürbətçilərin…

dərd düyün düşəndə sinə deşirmi?

Müşfiqə «düşmədi» dəniz havası…

gör şair havası sənə düşürmü?

Gör şair havası düşürmü sənə? –

könüllü sürgünlər həvəsinə köç!

Dəniz havasından, dağ havasından

şair iqliminə, havasına köç! –

keç qadağan yerdə… qəribdi sözüm…

yanıb kül olmaq da «mədəni» olsun?

Keç qadağan yerdə, keç, canım-gözüm,

qadağan öpüşlər qadanı alsın!

Qış ağzı söz-sözdən şirin gəlir, bax,

şeirlə danışır ölkə… nə bilim…

Şair havasına keçmədi payız,

keçməsən yaxşıdı bəlkə… nə bilim?..

***

Bilirəm şirin yatırsan…

Bağdad, Kərbəla yatır,

bilirəm şirin yatırsan –

yuvası uçan belə yatır!..

Necə qarlı qışlar keçir! –

meylin yenə gecədədi?..

Xanım! vaqiflər bilir –

mənim yuvam Göyçədədi…

Ümidimi yel ağzına

cəllad ətbala çıxardır.

Mənim yuvam Göyçədədi –

odur, dərd – bala çıxardır!..

***

Günəşə qar yağan gün

qərib qum saymırdımı?

Son ümidimi qəssab

həvəslə soymurdumu? –

qara qum süzülürdü

barmaqlar arasından.

Qan yox… vətən fışqırırdı

qəribin yarasından.

Günəşə qar yağan gün

şehlədi həyəcanım…

İkicanlı vətənim!

…iki vətənli canım!

***

«...а умирать поедем в Самарканд»

A.Axmatova

Gedək Səmərqəndə, xanım…

yollara qubarmı yağır?

Bu qarda qəbir qazılmaz…

…Günəşə də qarmı yağır?

Payızı ölüm qabağı

oyum-oyum oydurardıq?

«Göy üzü daş saxlamır» ki! –

bir başdaşı qoydurardıq.

Bu qarda qəbir qazılmaz,

qəribliklə əlbir – «ah»dı!

Qarda adam elə bilir

qəriblikdə bir Allahdı!..

Gedək Səmərqəndə, xanım! –

nədir qara bağlamağın?

Anası yoxsa, nə fərqi var –

öləni

hansı dildə ağlamağın?..

***

Sultan Süleymana qalmadı dünya…

bəzənib bir belə hara gedirsən?

Söyləsən, səni də Yarmı yaradıb? –

sən Allah, səndəmi Yara gedirsən!

Görüm, cəllad günü təbəssüm göstər!

azadlıq payımı bölə bil indi.

Bəzənib bir belə hara gedirsən? –

Günəş qərbdən doğur elə bil indi!..

Düzdü – adlanmağa Dəftər adlanır –

sənin torpağında, daşında yazdım.

Mənə ayağında yer göstərsən də

adını şeirimin başında yazdım…

***

Kimi şeir, kimi də şər öldürər,

kimi şələ, kimi bəşər öldürər,

ümidində kəklikotu kəndçini

bir basırıq, tünlük şəhər öldürər.

Sən ki mənim xilasetmə dəstəmsən! –

hər Bakıdan gələn kimi şər itsin.

Ay şeir, məni bu ucqarda sən öldür –

sən öldür ki, üstümdə də şeir bitsin!..

Oxçulara oxqabını yoxladar

Araz boyu durnaların bölümü.

Ay şeir, məni bu ucqarda sən öldür –

qoy desinlər: gözəl oldu ölümü…

***

Mən sənə payızdan mesaj göndərdim

yollar güllələnir, güllənmir, neynim.

Qərib quş çox içir yağış gölündən,

Günəşin göz yaşı göllənmir, neynim.

Yollar güllələnir, güllənmir, neynim…

gör necə çırpılır həyəcan – tara!

Günəşin göz yaşı göllənmir neynim –

göllənmir, batasan – canın qurtara!

Qərib quş çox içir yağış gölündən…

yol qurtarhaqurtar… ömür – öc gedir.

Mən sənə payızdan mesaj göndərdim;

daha Borçalıdan məktub gec gedir…

***

Gəlib gördüm dar ağacın

qarda qurulub, əzizim.

Hanı sənin bir qanadın –

harda qırılıb, əzizim?

Hanı sənin bir qanadın? –

dünyanın qızmar yerində .

Paralanmış Borçalıtək

qan sızır – mismar yerində…

Nə deyim Qarayazıya! –

bir dəfə məni yoxlamaz…

Bir qanadla dar ağacı

saxlamaz səni, saxlamaz…

***

«…insan payız ölə…»

Aşıq Ələsgər

Hamı yaza qaldı, mən payız öldüm…

kövrək xəzəlləri yandırmasınlar.

Hamı yaza qaldı, mən payız öldüm;

neynək, qara mərmər yondurmasınlar.

Məzarçı qocadır, acışar gözü…

…qərib durnalara çox açıqladım.

Bircə qadağanda vaqiflər bildi;

mən dar ağacında tumurcuqladım.

Getdi, yaz dirilmək ümidi getdi…

ümid verən səsin az gəlir, Allah!

Mən dar ağacında tumurcuqladım;

kimsə elə bildi yaz gəlir, Allah!..

***

Cəllad günü nə göndərim, ay Araz,

gücmü qalıb şəri geri döndərəm?

Cəllad günü – şeir günü deyil ki! –

siz tərəfə üç bənd şeir göndərəm.

Əsrim bitər… əsən yellər döyər az…

ayrılıq da dizin-dizin gözləyər.

Yarı canım yanındadır, ay Araz,

yarı canım durub izin gözləyər.

Borçalıda borc içində yaşadım…

…qonşuların, qohumların hücumu.

Axır bütün borclarımı qaytarram,

hara yazım sənə olan borcumu?..

Cəllad günü – şeir günü deyil ki!..

niyə solğun gül göndərim, ay Araz?

…Yarı canım yanındadır – bilirsən;

yarı cannan nə göndərim, ay Araz?

Yatırammı Göyçə girə yuxuma?

az-az artar yaz həyəcan tərəfim.

Sən bilirsən belim hardan qırıqdı…

sən tərəfdi – Azərbaycan tərəfim.

***

Anadan qoca doğuldum –

qaçqın Qarabağlı kimi.

Yurd deyilən yuvaların

qapıları bağlı kimi…

Dərdi necə dəstələdin –

zülfləri hördüyün təki.

Anadan qoca doğuldum;

bax, belə – gördüyün təki.

Nə deyim… bizim dağların

vaxt toyunu çalmış olar!

Gecə ki belə təsbeh çəkir –

Göyçə də qocalmış olar…

***

«…şəkərin necədir

Rəsul Rza

Borçalı deyilən borca ha baxmır…

cana çox xeyri var az həyəcanın?

Araz qırağında vaqiflər bilər –

şəkəri necədir Azərbaycanın…

Yolların qubarı şəkər tozudur? –

Göyçədən Gəncəyə köçənlər bölməz.

Şəkəri necədir Azərbaycanın;

necədir – vətəndən keçənlər bilməz.

Qalxır qan təzyiqi neftli torpağın? –

qonşuya ümidi bir ətəkdimi?..

Şəfa tapsın deyə çaldırdıqları

şəkər qamışından bir tütəkdimi?..

Borçalı deyilən borca ha baxmır…

şeirdən – ömürlük – axır iş aldım.

Payızın şəkərli dodaqlarından

şəkər qıtlığında bir öpüş aldım.

Şəkər qıtlığında bir öpüş aldım…

…yeraltı axınlar hər gün dərində.

Şəkəri necədir Azərbaycanın?

…necədir şəkərin sürgün yerində?

***

İndi mənim çiçəklənmə dövrümdür…

kim deer: çiçək ümidində çat durar?

Zindançının dərdiyini dan üzü

çiçəkçilər ala-tala çatdırar.

Səhər-səhər yaralıydı – «yar» dedim –

Araz boyu dərd əkilən torpaqlar.

…İndi mənim çiçəklənmə dövrümdü,

payızındı bu tökülən yarpaqlar.

Tanıdınmı mələk donlu – ölümdü…

tanrı səni xilaskar şeir eyləsin!

İndi mənim çiçəklənmə dövrümdü;

hökumətin qadağanı şehləsin…

Dəyişirmi sabah hava durumu?

dolu nədi – sən buluddan bilərsən.

Qadağalar qalsın ura gününə…

dar ağacı çiçəklədi – gələrsən…

***

– как поживаешь?

– с большими слезами.

И.Бунин

Belə gidi, gəldi-gedər dünyanın

enişiylə, yoxuşuyla yaşadıq.

Biz yaşadıq, canım qardaş, di gəl ki,

iri-iri göz yaşıyla yaşadıq.

Yer deyilən yumru yerin gözündə

göz yaşları kərdi-kərdi dərildi?

Kim ağlayan gördü bizi – düzün de!

kimin özü, kimin dərdi dirildi…

Qubar dolu yeni bir yol başladıq,

arazbarı hönkürtülər qardandı?..

İri-iri göz yaşıyla yaşadıq;

canım qardaş, bə dənizlər hardandı!?.

***

Mən yarı qürbətəm, yarı vətənəm…

demə ki: qanadı, əlbət, yarası!

Mən sənin dərdini çəkirəm elə;

qalarsan sən vətən – qürbət arası!..

Yenə verdiyinə şükür… nə deyim –

gündoğan yerinə qürub verirdi.

Heç nəyin yarısını istəmirdim mən;

verən verdiyini qırıb verirdi.

Görürsən ? – vətən də yarı verilib…

qələmim qürbətin, dilim vətənin.

Ölməyə ki vətən yaxşıdı… sən de:

hansı yarısında ölüm vətənin?

Heç nəyin yarısını istəmirdim mən…

ayrılıq… Araztək adında olar.

…Verən verdiyini qırıb verirdi;

pendir-çörək payım yadında olar!

Mənim dağlar payım… Şəhriyar payım…

…qubarın dililə payız toz dinir.

Verən verdiyini… yarı verirdi;

bilirsən? – belə pay buza tez dönür!

Bir də yarıkönül, yarıyuxulu…

Ruhumda bu duman… çən… artardımmı?

Verən verdiyini yarı verməsə,

Bütövlüyə belə can atardımmı?

Mən yarı qürbətəm, yarı vətənəm…

güneyin, quzeyin qarı qalmadı?

Vətən tərəfimiz əkizdi bizim,

qürbət tərəfimiz yarı almadı…

***

Hər payız Göyçə – sən, Borçalı – mənəm…

şehlədik qırılan qanadımızla.

Hərdən qarqabağı bilmirəm bizi

niyə çağırmırlar öz adımızla?..

Kim bilir, Allahın ad dəftərində

necə adlanırdı bu ağrı-acı?

Hər payız Göyçə – sən, Borçalı – mənəm;

bəsdir ikimizə bir dar ağacı…

Bir gün çağırarlar öz adımızla!..

…son ümid yenəmi gecəyə gedir?

Yolu tutub gedir fikir karvanım;

elə bil Borçalı Göyçəyə gedir…

***

Qərib ümidini son günə saxlar;

saxlar – ümidini yeməz qürbətdə.

Çox da ki, Bağdaddan xəracı gəlməz,

xərcləyər – pula pul deməz qürbətdə.

Payız çəkdiyini, qış çəkdiyini

istədim bu gələn bahardan bilim.

Məndən soruşursan: qəriblik nədir? –

mən qərib deyiləm, mən hardan bilim.

Eh, xəbər aparıb gətirənlər də

hər dəfə sözləri haça olarlar.

Qərib ümidini saxlar son günə;

ona da kəfənlik parça alarlar.

Ümid qonaqlığı bitmədi erkən…

kim isə: yollara çıx, – dedi – mənə.

Çörəyin bol vaxtı ümid yeyərkən

qürbət: anan ölsün, – çox dedi – mənə.

Elə yarpaq-yarpaq, ya varaq-varaq

qubarlı yollara töksünlər məni.

Kəfənlik parçadı Araz elə bil;

o taylı – bu taylı büksünlər məni.

***

Sanki köynəkdən saz çıxır –

namərbut əldən sınacaq;

elə çıxır – elə bil ki,

öz-özünə çalınacaq.

Döş yiyəsi bilər, balam,

həsrət çəkən qoy mələsin!

«Yaxan düymələ» deməklə…

qol bağlı – kim düymələsin?

«Pəpə» yeyən də «məmə» deyir;

Vəlisidi, balam, Əlisidi!..

Nə yaxşı ki, məmləkətin

cəlladı baş dəlisidi…

…nə yaxşı döş dəlisi deyil!

***

Cəllad kötüyündə gün aydın, xanım!

…çadır şəhərcikdən bir çalıyacan.

Sən heç belə aydın gün görmüşdünmü? –

gün aydın! – Göyçədən Borçalıyacan!...

Ümidi iki od arasındadı

o taylı – bu taylı dözən vətənin.

Hər şeyi nə qədər qaydasındadı

papağı yan qoyub gəzən vətənin?..

Gün aydın! – Göyçədən Borçalıyacan!..

…yaylaqçı ümidi yay səyyahdımı?

Cəllad kötüyündə yazarsan… – Günəş,

Araz qırağında – Ay siyahdımı?

***

Payızı xəttindən tanıyıram mən;

qanıylaca yazır «sevir» sözünü.

Hələ qurumayıb yaylığı onun;

hələ yarpaqlarla silir gözünü.

Qış ağzı nə məktub quş dimdiyində?

demədim iki nar əyləsin mənə!

…Ya nekroloq yazar, ya ölüm hökmü;

özgə nə yaxşılıq eyləsin mənə…

göyə salxım-salxım göz yaşı yazır –

küləklər gülləri talayan kimi.

…Payızı xəttindən tanıyıram mən;

səni xətti-xaldan tanıyan kimi…

***

Keçici xəstəlik keçirdi şeirdən…

…ən şehli çiçəkdən adama keçir.

Qalxıb Azərbaycan paytaxtı, odur, –

elə bil sabahdan Ağdama köçür!

Alın yazısından bir parçadır şeir –

bu qubar bu yola dolmalı idi?

Eh, paytaxt ya Ağdam, ya da… bu yerdə

bir çadır şəhərcik olmalı idi!..

Damır… yaman damır ümidim indi…

üstəlik, sən də bir yağmursan, neynim.

Vətən bir yaralı çadıra sığır,

sən bu imarətə sığmırsan, neynim…

Mən lirika

dəftərində yaşadım...

***

Çıxdım təmiz hava almaq adına...

...havası qaralan haqq aşığıydı.

Hava kimə dərman, kimə... sadəcə,

azotla oksigen qarışığıydı!

Göyçənin atmosfer təzyiqi kimi

qarlayıb qaralan bağlar vüsallı...

Elə bil dağlara çən qoşun qalxır;

təntik təzyiqölçən dağlar misallı...

Çıxdım təmiz hava almaq adına...

sərpir saz havası gecəyə sarı.

Azotla oksigen qarışığında

Borçalı boylanır Göyçəyə sarı.

***

Mən havamı qadağanda dəyişdim...

axşam izi arxayınca itirdi.

Eh, qaralan vaxtı idi havanın;

qaranəfəs qarayonca bitirdi.

Görmədimi hər divanə dağdağan? –

dağ-dağ olub gündoğanda döyüşdüm.

Cəllad ucqar havasını nə bilir? –

mən havamı qadağanda dəyişdim.

Xarı bülbül havasıydı ən yanıq;

ondan yanıq və yanıqlı yoxdu, bax!

İnanmırsan köksünə bax bülbülün;

ucqar havam bülbülü də yaxdı, bax!

***

Qışın soyuğundan necə qorundun –

bir kədər börkünə büründün yoxsa?

Siyah Ay altında... gecə soyuqdan

Göyçə qorunantək qorundun yoxsa?

Səmavi səbrini bilirdim sənin...

səmayi-şəms idin yuxularımda.

Vəsfi-qəlb qışlaqmı var? – qışlayaydın –

bir qışçiçəyiydin qorxularımda.

Yeddiqat yar oldum mən agah kimi...

ümid çilik-çilik şüşə yarası.

Bir xəfif xəcalət xanəgah kimi

qalmışam Borçalı – Şuşa arası...

***

Zəlimxan Yaquba

Bu dünyada hərəmiz bir kəpənəkçiyik...

ümidlərin həm kəpənək, həm gül ömrü var.

Əmanətdar əməllərdi əsas, nə fərqi,

kimin nöqtə, kimin də ki, vergül ömrü var.

Bu dünyada hərəmiz bir kəpənəkçiyik...

boy-buxunda bəlli Bamsı Beyrəklər kimi...

Üzülmədik üfüqdəki ümid misallı,

biz böyüdük yağ içində böyrəklər kimi...

Hərdən-birdən boy ölçəndi boy çiçəkləri...

Borçalıyla boyaboyu fərəhlə yozdun.

Hardan çıxdı amma böyrək çatışmazlığı...

olsun! sən ki, böyrəklə yox, ürəklə yazdın!

Onda onun harasıdı şair ürəyi:

necə daşqın sahilini aşmasın ürək?!

Bəsirətdə böyrəklə yox, ürəklə yazdın,

ona görə yüz yol dedik: yaşasın ürək!..

***

Dünən dərz bağladım düşüncələrdən;

eh, yaxşı dən tutdu işgəncələrim.

Şükür, dərd olmadı dərzdaşıyana

mənim fikirlərim, düşüncələrim.

Daşqalaq durnalar depressiyalı...

dərzlərə od vuran dərziquşutək.

Dünən dərz bağladım düşüncələrdən;

bu ərzin bu əyni nazik qışıtək.

Get, ay yolnan gedən, mən evdə yoxam,

düşünüb-daşınan doqqazı bağla.

Hələ ki, dərz yanır... ərz hələ yanmır...

get, məni ağlama... Arazı ağla...

***

Balıqlar sudan bıqantək

balıqçıya baxmış olar.

Bıqmaq olmur bu ucqardan...

...amma Araz bıqmış olar.

Bıqmış olar... yarı Azər,

yarı Baycan cannan orda.

Çoxun da çox dərdi var, eh,

az-az həyəcannan orda!

Bıqmaq olmur bu ucqardan...

bax, tər gəlir bığ yerinə.

Balığın bıqsa, ay Araz,

atıllam balıq yerinə.

Tutullam balıq yerinə...

sınmaz balıqçı barmağı.

...Yenə tanış taytaq tilov,

yenə erməni qarmağı!..

***

Üzülmə, mən Sirat üzərindəyəm...

kor da, koranə də köçər, görərsən.

Sıxvarılıb suyu süzülən əsrim

Sirat üzərində keçər, görərsən.

Yuva ha yapmıram – yuvam yurd ola;

məxluqat keçəcək yerdə yuva olmaz!

Bu qılıncdan iti, tükdən incə yer...

bura elə yerdi – kimsə evə almaz.

Sirat üzərində nə deyim, ya Rəbb! –

ümidi kül olmuş körpələrinə?

Az-az oxşarı var bu Qıl körpünün

Göyçənin dağılmış körpülərinə...

***

Gedər-gəlməz arası... vaxt

getdi guppagupa getdi.

Neçə ömür yarı gapa,

yarı da ki, gopa getdi.

Keçər, ahu-vaynan keçər

eh, Hələbnən Şamın ömrü.

Ən şirin laylaynan keçər

ən aylı axşamın ömrü.

Asta səslə Nəsimini;

bu ara qoşun adlayır.

Bəşər Əsəd dönəmini

qara qurğuşun odlayır.

Toplar nə gap, nə gop qanır,

sağ şahlıq quşunu göstər!

...Gördük “ərəb baharı”nı,

yəhudi qışını göstər!

***

Mən orta əsrlər xəttatı kimi...

hərf dəfə-darağım hələm hədd demək?

Baxma yonqarına qələm qolumun;

peşəm – xətt döşəmək, qələm qəddəmək...

Xərc-borc xanədanda nə xələt-barat?

xəttü-xal da xəcil etdi eləcə.

...Mən orta əsrlər xəttatı kimi;

ömür bir kitaba getdi beləcə.

Ömür bir kitaba getdi beləcə...

xəttat təmasından daş oyanırmış!

...Yaxşı günün olsun... yaxşı yandırdın;

kitab tərəfim də yaxşı yanırmış.

***

Bu yolla yola getmədim,

qırıldım xəyallarına.

Sonra bir yolayrıcından

keçdim hava yollarına.

Yerdə yol qurtarmırdı ha...

qubar yolun yarası mən.

Yerdə ömür qurtarırdı;

Ucqar-Uzaq arası mən...

Keçdim hava yollarına,

səbəb yox dava qaldıram...

Daş yox, ayağım ilişə...

...təkər yox, hava dolduram.

***

Payızdan bir mesaj yolla:

yarpaq-yarpaq daşıyım.

Qışağzı... Borçalıda

mesajlasa yaşayım...

Sacayağı ümidlərim

durub sacla qurdalanır.

...Şuşa şüşələr üstə, bax, –

quru mesajla dolanır.

Eh, hönkürtülər qələmə,

yanğılar yazıma çıxar.

Quru, qumru mesajlarla

xan Araz yazamı çıxar?..

***

Birdən-birə qarladı su, qaraldı hava...

cında cəllad amanında analarımız.

Indi “hava vannası”na vaqiflər gəlib;

ülgüc-ülgüc olar indi venalarımız?

Bir vaxt “hava vannası”nın vaqif vaxtıdı,

indi Goyçə dağlarının yönü o yana.

Ülgüc-ülgüc olar indi venalarımız;

vaxt – vəbalı... vüqarını saxla, ay ana!

Eh, Göyçədə gecə keçər, göynərti keçməz...

eh, təbilçi təbiblərin testləri elə...

Həkim mənə elə “hava vannası” yazır;

həkim mənə Göyçə səmti göstərir elə...

***

Köhnə fəlsəfədi bu dünya vallah;

çox filhəqiqətlər öyüncək olar.

Bir gün fırı çıxar fırfıraların;

oyun quran bir gün oyuncaq olar.

Suçsuzun səhrada da süzülər suyu...

hay-həşirdə hansı səfil səhv etmir?

Bu köhnə fəlsəfə dünya hər dəfə

hər yoldan ötəni filosof etmir.

Fanilik feyz olmaz fənər tutmaqla,

fanini hamıdan firon keçdim, bax!

Bir gün fırı çıxdı fırfıraların;

eh, vəsfəgəlməzi viran keçdim, bax!

Fərman da hər dəfə padşahın oldu...

gəldim fərraşbaşı çığıran kimi.

Amma fışqırıqla çağırdı cəllad;

vaxtsız festivala çağıran kimi!..

Köhnə fəlsəfədi bu dünya vallah;

çox filhəqiqətlər öyüncək oldu.

Filan-behman oldu hakimin fiti...

...oyun quran bir gün oyuncaq oldu.

***

Bilmək olmur ovsan, yoxsa ovçusan?

kənardan kamanın, oxun görünür.

Yoxsa qarqabağı düymələnmirmi? –

yaxan arazbarı yaxın görünür.

Sövdəgərlər getdi kəcavələrdə...

sevdada saziş yox, anlaşaq, – dedim.

Bilmək olmur ovsan, yoxsa ovçusan? –

yaxanı düymələ, danışaq, – dedim.

Ucqar ovlaq oldu... ovxantıları

eh, ya Qaraçöpdə, ya Dəllərdədi.

Yaxan arazbarı yaxın görünür...

...Arazın yaxası yad əllərdədi.

***

Göyçəni heç dolu döymürdümü ki?..

göydə gecələdi, bax, həyəcanım!

Hey adam-adama demirdimi ki:

yarama duz basma, sən Allah, canım!

Elə bil canım da kitab canıdı...

cəllad baxmaz az-az ayazdı rəfdə.

“Yarama duz basma!” deyirdi hamı...

can elə şirindi Araz tərəfdə.

Can elə şirindi... alatoranda

əyrini buraxıb düzə qıyırlar.

Yaxşı duz basırlar yarama mənim;

elə bil canımı duza qoyurlar.

Duzxana canımda duzçiçək bitər...

duzsuz dodaqları gülüb öpməyin.

Baxmayın ölkədə duz qıtlığıdı;

yarama duz basın... gülab səpməyin.

Gecədi Göyçənin duzluqölçəni,

hüzn-həsrət qoy aram-aram incəlsin.

...Yarama duz basın, siz Allah, mənim! –

yarama duz basın, yaram dincəlsin...

***

Bu da hava həyəcanı! –

göylər sulartək bulanar.

Başlar gizlənər bəladan,

ümidlər bombalanar...

Yanar dağtək yanar söz;

külü vergüllər yığar.

Bu da hava həyəcanı! –

gül yox, güllələr yağar.

...nənəm də söyləmirdimi:

dolu, leysan olmasın;

bəndə bombardmanı heç,

təki... Allaha bir ziyan olmasın...

***

Hərə özünə bir havadar gəzir...

yetim də hər dəfə Yəməni seçir.

Yenə deyəcəklər: himayəsizdi...

həmail, eh, həmən-həməni seçir.

Orda cazibəli cəllad amanı...

əmin-amanlıqdı, ay əmin edən?

...Yetim də hər dəfə Yəməni seçir;

geri qayıdırmı Yəmənə gedən!

Qargülü bitməmiş qarladı ümid,

vaiz demirdimi: ac qar avamdı.

Hərə özünə bir havadar gəzir;

mənim havadarım ucqar havamdı.

***

Ay lələ, nə gəlir havadan gəlir:

bax, bu yağışdandı, bu da qardandı.

Havadan gəlmirsə bu “həsb-hallar”,

bu qədər havalı adam hardandı?

Hardandı bu qədər hava yolları?..

lülatəş kəhkəşan gülür, ay lələ!

...Ay lələ, nə gəlir havadan gəlir, –

ucqar havasından gəlir, ay lələ!

Ucqar havasına keçənlər bilir:

bu, aşıq Şəfitək deyişmək deyil.

Bilməyən nə bilsin... hava dəyişmək

Göyçəni Gəncəyə dəyişmək deyil.

***

Hələ sağam, Göyçə, göyənək yerdə,

göynərtilər çıxır az-az kürəkdən.

Canımda qaçağan qançıra baxma;

az-az qorunuram göyöskürəkdən.

Qanımı içənlər elə bilirlər

Allahın qadağan çaxırıdır, bax!

Gözlərim elə bil çuxurdan baxır;

gözlərim İrəvan çuxurudur, bax!

Hələ sağam, Göyçə, göyənək yerdə;

bağışla, bayrağı ağ olduğumçün.

Hələ sağam, Göyçə, günahımdan keç;

bağışla, sən Allah, sağ olduğumçün...

***

Bir də görürsən ki, çor çıraqbanda

çar-naçar adamın çırağı keçir.

Onda hüzn üstündə addımlamağın

çarəsi... biçarə çarığa keçir.

Bir də görürsən ki, çapıq çarıqçı

bir sinədağının nəşinə sinib.

Sanki çarmıxdadı o... çarın-çarpaz;

sanki çırağı yox, Günəşi sönüb.

Mən çarıqbağımı bağlamadım, bax,

açarla çargahı yanaşı göndər.

Allahım, Allahım, ağlamadım, bax –

mənə çırağı yox, Günəşi göndər...

***

Borçalıda neçə ümid nisyə götürdüm;

çəmini tut çərəkənin, ya da çərəyin.

Bu möhtəkir milyarderlər çoxluğunda, eh,

dadı qaçar nisyə duzun, nisyə çörəyin.

Yanar nisyə dəftərləri xəzəlqarışıq...

günah gülər yenə bəxti yanıq kirpiyə.

...Borçalıda neçə ümid nisyə götürdüm;

bircə sınıq ümid qaldı Sınıq körpüyə.

Nisyə ümid yağışları çisələyər ki –

giley-güzar küsdümgülü küsəyən görsün!

...Kisəçilər ümidimi kisələyər ki,

arazbarı bircə nisyəm kisəyə girsin...

***

Hər şey təkrar imiş... hərfbəhərf...

xanədan bildiyin xəfif xanaymış.

Hərf-hərf yazmaq imiş, hərf-hərf oxumaq;

həmən-həmən dünya hərfxanaymış...

Bir az həfçi oldum, bir az hərfçi,

“əlif”i “bey” ilə deyişdirdim, bax.

...Həmən-həmən dünya hərfxanaymış;

mən elə əlifba dəyişdirdim, bax!

Hər şey təkrar imiş... hərfbəhərf...

amma təkrar sirrdə açıq-aşkar var.

Nəsə... təkrarda bir təkrarolunmaz,

hər təkrarda nəsə bir ecazkar var.

***

Vallah! Billah! bu havada nəsə var...

silsilədi – sirri səf-səf qaçacaq.

Vacibdisə bu “nəsə”ni vaxtbivaxt,

eh, vaxtbivaxt bir filosof açacaq.

Bu dumanlı danışıqlar dövründə

hər filosof hər gün bir iş bulmalı!

...Vallah! Billah! bu havada nəsə var:

bu “nəsə”nin bir adı eşq olmalı!

Arazbarı eşqnamə üstündə

qocafəndi qotazları hördünmü?

...Elə bil ki, Günəşlə Ay evlənir;

toya gedən ulduzları gördünmü?

***

Doğanaq dünyada dəniz nədi ki?

Dəniz – vaqiflərin bir damcısıdı!

Ümid yem olanda balinalara

yenə də qan olan qazancı sudu!..

Dənizçi olmadım, amma dənizin

hər səs düzümündə səsim oldu hey.

...Dəniz – vaqiflərin bir damcısıdı;

onunçün bir damcı bəsim oldu hey.

Şehlədim ucqarda damcıvarı... bax...

Göyçə göyə belə gül olmurdumu?

Odur, Xəzər gölü də dəniz adlanır;

dərdim dama-dama göl olmurdumu?..

***

Mən bir Prometey müəmmasıyam...

hər ocaqxana bir ad tərsanəsi.

Qədim ocaqçılar bilərdi bilsə:

insan – əsrlərin od əfsanəsi...

Yurddu tısbağanın çanağı ona...

...yurdda hey yumurta döyüşdürərlər?

Eh, Prometeyin pasportu oddu...

...yenə pasportları dəyişdirərlər.

Əlimdə gül kimi gürcü pasportu...

bir gömrükxanada tənha ölmədim!

Eh, yorğa-yumalaq Yer kürəsini

sımsıq sərhədlərə mən ha bölmədim!..

Mən bir Prometey müəmmasıyam...

bilib...odla belə uğurladılar.

...Odun at, keçməsin o çöldəki od! –

içimdəki odu oğurladılar...

***

Canım elə bil ki, qütbçü canıdı! –

Buzlu okeanın astanasında.

Birtəhər yaşadım qütbündə sənin –

birtəhər yaşanır qütb zonasında.

Çıxsın buzdağıtək canımın canı;

Buzlu okeantək əriyir belə.

...Canım elə bil ki, qütbçü canıdı! –

qüsl edib qüruba yeriyir belə.

Dəyişmək olmadı qübbəli qütbü...

qütbçülər qəhr etdi qağayıları?

Oxşarım çoxdumu ayıya mənim?..

...qütb ulduzu altda qütb ayıları.

***

Gecənin birində Göyçədə qaldı

bizim göbəyimiz basdırılan yer.

Ulduzlu arzular, ucqar ümidlər

ahəstə kəsilib asdırılan yer...

Elə bil dünyanın göbəyi düşüb:

tez-tez şalvarını aşağı çəkir.

Bir göbəkgötürən göndərə göylər...

məni hey Göyçənin işığı çəkir.

Cəllad ölüsüydü göbək rəqsinin:

ləlöyün ləliyər, dur laçın kimi!

...Gəl, sənə bir göbəkduası yazım;

yazım sənin köhnə duaçın kimi.

***

Mən getdim... kəpənək tutmağa, yavrum...

pəjmürdə pərvanə pərişan olsa.

Mən getdim çisəkdə çiçək yığmağa;

belə də deyərsən... soruşan olsa.

Ümid varmı, bir də yoxdan var olam?

...ucqar havasından udmağa, yavrum!

Bəlkə bəhanəylə bərqərar olam –

mən getdim... kəpənək tutmağa, yavrum.

Belə də deyərsən... soruşan olsa,

eh, çənəbazarda çən... alışarsan.

...Kəpənəkçilikdə, çiçəkçilikdə

ömür necə keçdi, sən danışarsan!

***

Allahın əlçatmaz, ünyetməz yeri:

ümidin ortadan çatladığı yer...

Nagahan nidalar eşidilməyən,

“Allahü-əkbər!”in çatmadığı yer.

Tüfəng tətiyində sabahın xeyri...

şərindən keçirər axşam hər kəsi.

“Allahü-əkbər!”in çatmadığı yer –

ya Hələb mərkəzi, ya Şam mərkəzi.

Döndü çox xaniman xarabazara...

kədər kəcavədi köç edənlərə.

Hər can amanatdı... nə desin Allah

böyüklüyü belə kiçildənlərə?

“Allahü-əkbər!”in çatmadığı yer

mamontlar yurdunda batsın tarixin?

...Eh, Allah nə desin... yaratdığını

zibil yeşiyinəmi atsın tarixin?!

***

Nə deyim, ey dadi-bidad!

Onu... şir ürəyi yeyənlər bilər;

şir ürəyi yeyib, üstündən də

Şahdağı suyu içənlər bilər...

Nə deyim, ey dadi-bidad!

Araz deyilən

arazbarı ümidini yudu elə.

Şair deyilən

öz ürəyini yedi elə...

Bu durna da

ürək aclarına

ürək qızdırmaqdadı belə;

ürəyini özgələrə

dadızdırmaqdadı belə...

...nə deyim, ey dadi-bidad!

***

Sənə çox deyirdim: Aya çox baxma!..

Ay sanki sularda axırdı, neynim.

Nə qədər aylıdı Xocalı orda...

...Göyçə də Aya çox baxırdı, neynim.

Yerdəki dərdləri göylərə yazdıq;

göynəyən göy üzü hay qoparırdı...

Sənə çox deyirdim: Aya çox baxma! –

Aya çox baxanı Ay aparırdı...

Aya yaxın durna çox baxar Aya...

«günaydın!» söylədi aydın söz, Allah!

Aya çox baxanı Ay aparırdı...

Arazı xəbərdar edin, siz Allah!..

***

Mənə Qarabağ xanının adını qoydular...

...ona görəmi qırılan qanadımla döyüşərəm?

Adımı dəyişəm gərək indi mən...

Adam adama demirdimi:

Şuşanı versəm... adımı dəyişərəm!

Neçəsi ləçək bağladı papaq yerinə?..

...qənd bilib qadını dəyişdi.

Adam adama demirdimi:

Şuşanı versəm... adımı dəyişərəm!

...neçəsi namusa boğulub adını dəyişdi?!

Mənə Qarabağ xanının adını qoydular...

gözlərim «İrəvan çuxuru»tək oyulmayıb, – deyirəm.

Adımı dəyişəm gərək indi mən...

Adımı soruşurlar:

– Mənə hələ ad qoyulmayıb, – deyirəm...

***

Mən sənin nərənlə nəfəs alıram;

onçu gəlib-gedir nəfəsim, dağlar!

Bir gün durnalarla azadlıq gələr;

dağılar mənim də qəfəsim, dağlar!

Başkeçiddə gözünü dörd elə sən;

payız soyundurar... bədəni gizlə.

Badə qaldırırsan Əyriqar boyda;

ayrılıq qatarlar badənə, gözlə!

Sənin nəfəsinlə nəfəs alıram,

yoxsa gözlərində çən görmürdünmü?

Gecənin nəfəsi kəsilhakəsil...

...Göyçəyə nəfəsi sən vermirdinmi?

Ayrım-ayrım olsun bizi ayıran...

bir də ayrılmarıq, inşallah, dağlar!

Bitər al-yaşılın, zərnişanın da –

qardan yamşağına maşallah, dağlar!

Atam-anam dedim yetim günümdə,

çən-çisək günləri çiçəyə döndər!

...Göyçəyə nəfəsi sən vermirdinmi;

nəfəsimi kəsib Göyçəyə göndər! –

amma elə çatdır Araz bilməsin

göycəçiçəklərə gül olduğumu.

Allaha yaxınsan – çatdır Allaha,

ay dağlar, Göyçəsiz kül olduğumu.

***

Mən lirika dəftərində yaşadım…

…qələm dolu kəcavələr yüklənər.

Sabahların xeyirliyə açılsın! –

səhər… Sibir havasına köklənər.

Ümidləri leylək qələm durnalar

dar ağacı şehlədikcə… dözməmiş.

Mən lirika dəftərində yaşadım…

…hara qaldı cəllad məni gəzməmiş! –

hara qaldı… bu Borçalı… o Təbriz…

qələm bilib, neçə qolu yondurar!

Mən dəftərdən bir kitaba köçməmiş

durub Kitab Evlərini yandırar…

***

Sən hamıdan çox oxşadın Sınıq körpüyə,

sanki vətən başlayırdı – səni keçdinmi!

Hansı dildə sayır fələk saydıqlarını –

nəsə səsin gəlmir, yoxsa sən də köçdünmü?

Əyriqarda bağlı əlim yelkən açırdı...

qadağanda aşkar-gizlin əl eyləmədim?

Bu sınaqdan çıxmayıb da sınarsan deyə –

ona görə – sinən üstdən yol eyləmədim.

Sanki vətən başlayırdı – səni keçdinmi,

Əyriqarda ümidimi yellər qoparır.

Ona görə sinən üstdən yol eyləmədim;

sinən üstü ona görə belə qabarır...

***

Əyriqarda bir peyğəmbərçiçəyi

hələ hüznün həssasını gizləyir.

Bir sərhesab səfirlikdə bir qərib

elə bil ki, vizasını gözləyir.

Baxa-baxa, eh, açıq-göy rənginə

divanələr durub başa qaxallar.

...Əyriqarda bir peyğəmbərçiçəyi:

bənövşə döy – dərib döşə taxalar.

Xan Arazdan uzaqlarda bu qədər

o göyçəyə, bu gerçəyə nə deyim?

...Pıçıldadım mən peyğəmbər adımı;

çırtdamadı bir çiçəyi... nə deyim...

***

Aldı görək aşıq Qərib nə dedi…

sazda həsrət görək necə göllənir?

Öz dərdimə güldən ağır gül vurdum;

onda gördüm Gəncə, Göyçə güllənir!

Deyirdilər: karvan çəkib yeriməz,

onda gördüm dərd də bir gün yeridi!

Hara ataq bu kədərli ovqatı?..

biney-başdan dünya sürgün yeridi!

Qürbət ömür durnalıdı, ay lələ…

deyiləni dilsiz duman, çən deyir.

Bax, köynəkdən nazlı dilbər saz çıxır…

aldı görək aşıq Qərib nə deyir:

«Bir saat havada qanad saxlayın,

nizam ilə gedən qoşa durnalar

Mən sizin kimi qəribü-zaram,

eyləməyin məndən haşa, durnalar!».

***

Gəl, könül, şeirə köklənək:

varaq şeirə gedək, könül!

Fani dünya belə uzun,

möhlət belə gödək, könül!

Hələm-hələm qul yanında

nə qədər qul qalmaq olar?

Eh, nə qədər xəstələnib,

nə qədər sağalmaq olar?

Varaq şeirə gedək, könül!

bircə şah beyt gülən yerə.

Göylər zərif silkələnən,

ulduzlar tökülən yerə…

Gözüm – İrəvan çuxuru…

nə şimşəklər çaxar, könül!

Gəl, könül, şeirə köklənək;

kim sağ çıxar, çıxar, könül!

…köz üstə kabab Göyçədən

isti-isticə doyub gedək.

Və bu boyda xan Arazı,

buz üstəcə qoyub gedək…

***

Yüz ömür yerləşir iynə ucunda...

...mən ucdan, ucqardan başladım belə;

hamıya, hər kəsə yer olsun deyə

bir iynə ucunda yaşadım elə.

Daş atan olmadım, daş yığan oldum...

“o, bizə qara daş atdı!” – dedilər.

Biləndə harada yaşadığımı:

iynənin ucunu boşalt! – dedilər.

Üzümü, gözümü demirəm hələ,

ümidimin rəngi – eynən torpaqdır.

...Bir iynə ucunda yaşadım elə;

baxın, yarpağım da iynəyarpaqdır!

Yüz ömür yerləşir iynə ucunda...

iynə -sap həyatın...hər izində mən.

Hamı Yer üzündə yerli sayıldı;

yerli sayılmadım Yer üzündə mən.

***

Hamısı ucqarın havasındandı:

susuz bir kitabı sutək içmək də!

Şeytana uzaqlıq, Haqqa yaxınlıq...

...bir keçəl dağ üçün candan keçmək də!

***

...amma dərdi qalın, əyni də yuxa,

amma yuxarıdan aşağı oldum.

Çünki yoxsul idim Yer üzündə mən.

...və Cənnət əhlinin padşahı oldum.

***

Yay getdimi hər tərəfi qarlayar:

Əyriqarın düz ilqarı qarlamaz.

Qara yellər hər nə qədər hərləyər

Əyriqarın düz ilqarı qarlamaz.

Seyrəngahdı Sənəkuçan tərəflər,

təltif kimi tələ-tülə təriflər...

Halı olsun hərcayılar, həriflər:

Əyriqarın düz ilqarı qarlamaz.

“Göyçə” deyən çox ümidlər üşüyər...

qarlı dağlar dalğalanar, töyşüyər.

Qələm götür... hər yana qar döşüyər –

Əyriqarın düz ilqarı qarlamaz.

***

Yaxşı gündə qırıb atdı tilsimi

yaman gündə evsizlərə – ev dağlar.

Zərifliyi – durna teli, tar simi,

nəriltisi, gurultusu – Dev dağlar!

Darandıqca... dalğalanar dəniztək,

daraqbatmaz düz ilqarmı odlanır?

Bənzəyişdə bəni-insan bənizitək...

...sizin dağ da Əyriqarmı adlanır?

Bürəm-bürəm bayraq sancdığım bulud

günbatandan gündoğana axırmı?

Bir izin ver “Bizim dağlar” oxuyum...

...bizim dağlar qadağana baxırmı?

***

Vuruldum sənə ömrümün

bu oğlan çağında, dağlar!

Belə ki güllərin qalxır –

qalxar naçağın da,dağlar!..

Qərib bax qürbət oyansın,

bir səslə karvan dayansın,

ümidim zirvəndə yansın,

ruhum ocağında,dağlar.

Dərdbilənlə bir də gələm,

dərələrdə dərdi böləm,

bir gün ayağında öləm,

bir gün qucağında,dağlar!

***

Sən – mənim Bodrumum, mənim – Antalyam!

mən səndə görmüşəm kefi, Əyriqar!

Yolunda canımı paytək talıyam –

partdıya yüz paxıl, əfi, Əyriqar!

Yastı balabanda havam çalına,

Başkeçiddən elə – yol haçalana.

Aran Borçalından – dağ Borçalına

səs sala taleyin dəfi, Əyriqar!

Hansı ayrılığı borana yazaq,

basılan duzları yarana yozaq?..

Səni çaşdırmasın arandan uzaq

qərib durnaların səfi, Əyriqar!..

***

Dağlar da qocalır, lələ;

keçəlini qar gizləyir.

Yenə o yol ayrıcında

elə bil ki, Yar gözləyir!

Kim çox yoldaşlıq eylədi

qocalıb huşundan oldu?

Karvan keçməyən yerlərdə

qırılan qoşundan oldu!..

Altay elə, Qafqaz belə...

Agrıdağa umudmu var?

Dağlar da qocalır, lələ, –

dağlar sığan tabutmu var!..

***

Üz döndərmə üzü bəri,

doymur səndən göz, ay dağlar!

Qubar örtən zirvələri

öpsün ucqar söz, ay dağlar!

Üz tutanla üz olmadın,

sən hər saza oynamadın,

yüzə dözüb düz olmadın,

yüz birə də döz, ay dağlar!

Hər İbrahim Xəlil olmaz;

Allah sevən zəlil olmaz...

...Aran! – deyib dəli olmaz;

yandırmaz hər köz, ay dağlar!

***

Üzü dönməz... arazbarı işığa

«ağ cunadan yaşmaq tutan dağlar»ın.

Qismətindən yüz yol razı aşığa

uşaq kimi aşıq atan dağların.

Bir saçları dümağaran gecədi:

soruşdunmu heç əhvalı necədi?

Xəyalında Ağrıdağdı, Göyçədi,

qoşun çəkib qarşı yatan dağların.

Başkeçidə hüzn nəki var hopar...

nar bağından Əyriqara nar qopar!

Qərib-qərib həsrətinə... qar-qubar,

ümidinə yağış yağan dağların.

Aya baxar... Ay da belə siyahkən...

buludlarmı karvan-karvan «ah» tökən?..

Havasıyla evimizi gah tikən,

gah da belə... yaxşı yıxan dağların.

Ağ cunadan yaşmağına heyranam,

qızıl, gümüş başmağına heyranam,

Dalğalanıb daşmağına heyranam

xınasını qaşa yaxan dağların.

***

Payız sözlərimi dostlara oxu;

oxu, ya gülsünlər, ya ağlasınlar.

Yüz ömür yerləşir iynə ucunda

bir ömür keçməyə yol saxlasınlar!

Yurdda yad deyiləm yalvaram elə,

qoçaq belə getdi, avara elə.

Tanrının yadında mən varam hələ –

məni bu ucqarda bir yoxlasınlar.

Adamı kitabtək varaqlayanda

adam yaşıl-yaşıl yarpaqlayar da!

Macal tapıb məni soraqlayanda

ancaq Əyriqardan soraqlasınlar!

***

Allahın altında hamıya yer var:

bu mənim, bu sənin, bu onun yeri.

Düz-dünyanı tutub fironla padşah;

pulsuzdu padşahın, fironun yeri.

Gözüm yox padşahın yerində, vallah,

fironun feilində hələ mətinəm.

Xatırlat cəllada cəllad günündə –

Allahım! mən sənin əmanətinəm!..

***

Ay vətən, mən – sənin qanayan yaran;

eh, mənə nə qədər başın qarışdı.

Güllələr canımdan çıxmışdı tamam;

bircə arazbarı qurşun qalmışdı.

Dildə ya Qaraçöp, ya Qarayazı...

qan lalə bağrını deşirmi hərdən?

...Ay vətən, mən – sənin qanayan yaran;

Xəzər qan rənginə düşürmü hərdən?..

Bayraqdar bayrağı günbatan yerdə

sonuncu ümiddən asır, ay vətən!

Burax mən yaranı qadağan yerdə;

Xocalı yaranı sarı, ay vətən!..

Dedim: Sınıq körpü sınar – köçmədim...

çox «Borçalı» deyib darıxdın orda?

Xocalı yaranı sarı, ay vətən!

...Göyçəni yaralı buraxdın orda.

Mündəricat

Köçmədim... köçə bilmədim; Sınıq körpü sınar deyə 3

Mən yarı qürbətəm, yarı vətənəm ................................................................. 158

Mən lirika dəftərində yaşadım ........................................................................ 195

İbrahimxəlil

(İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev)

Ucqar havası

(şeirlər)

«Vətən» nəşriyyatı 2014

XS
SM
MD
LG