Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:44

11 ildir küçədə yaşayan köçkünlər...


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Çayniki küçədə ocaqda qaynadıram, yeməyi də küçədə bişirirəm. Elə küçədəcə taxtalarla böyür-başını bağlayıb bir yer düzəldib çimirik, sonra o taxtaları yığıb qoyuruq kənara. Çiməndən-çimənə «hamam» düzəltməyə istifadə edirik. Ayaqyolu isə qaş qaralanda ətrafdakı kolların dibi olur. 11 ildir beləcə sürünürük. Öz yaşayışımızdan xəcalət çəkə-çəkə...».

KÜÇƏDƏ YATIRDIQ

Nəzakət Əhmədova məcburi köçkündür. İns-cins hənirtisi gəlməyən bir yerdə - naqillərlə elektrik qatarı yolunun arasında oradan-burdan sürüyüb gətirdikləri tikinti materiallarından özlərinə bir otaq düzəldiblər:

«Ailədə 3 nəfərik – oğlum, ərim və mən. Oğlum əlildir. Ərimsə ürək xəstəsidir. Bununla belə tikintilərdə fəhləlik edir, kürəyində qum, sement kisələri daşıyır. Aylıq qazancı 250-300 manatdan o tərəfə keçmir. O da dərmanlarına gedir. Bir də 50 manat çörəkpulu alırıq. 11 il əvvəl elə indi yaşadığımız yerdə küçənin ortasında qalmışdıq. Küçədə yatırdıq. Sonra ərim oradan-burdan müxtəlif materiallar gətirib dörd divar düzəltdi, girdik içərisinə. Yalnız yatmağa yarayır. Çox darısqaldır. Demək olar ki, elə indi də küçədə yaşayırıq».

Deyir, yay-qış, səhər açılar-açılmaz sınıq-salxaq stol-stulu küçəyə düzüb otururlar. Ta qaş qaralanadək küçə həyatı sürürlər. Yemək, içmək, qonaq-qara qarşılamaq da açıq havadadır. Bircə yatmağa daxmaya yerləşirlər. O daxmaya ki, kommunal təyinatı da yerli-dibli yoxdur:

«Qaz, işıq, su, kanalizasiya – heç biri yoxdur. Bu yaxınlarda yazıqları gəldi, gətirib elektrik naqilləri çəkdilər. Ancaq hələ ki, işıq verilməyib».

EV TİKİLİR

Əhmədovlar ailəsi «Qaçqınkom»dan onları 11 illik əzab-əziyyətdən qurtarmasını istəyir.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi isə bildirir ki, komitənin sifarişi ilə qaçqın və köçkünlər üçün evlər inşa edilir. Növbəti il üçün də dövlət proqramına əsasən evlərin inşası nəzərdə tutulub. Yalnız bundan sonra ailə evlə təmin oluna bilər.

Əhmədovlar ailəsi 11 ildən sonra 1 il də gözləyə bilər. Ancaq sonrası necə olacaq, bunun cavabı qarşısında hələ ki sual işarəsi dayanır.

XS
SM
MD
LG