Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:34

Marfuşa. Hekayə


- Oqtay Əhmədov

MARFUŞA

Hamının İmran Cəfəroviç çağırdığı kişini iş yerindən üç-dörd il qabaq xəstəliyilə əlaqədar təntənəylə təqaüdə göndərmişdilər. Bundan indi "Bekarovun zavodunda" çalışan ali təhsilli Osmanın da xəbəri vardı. Osman İmran Cəfəroviçin uzaq qohumuydu, xəstəyə baş çəkmək adıyla onlara gələndə əvvəlcə əsl məqsədini açıqlamadı, yalnız getməyə hazırlaşanda, onda ki, qonağın ayaqqabılarını cütləmişdilər, ayaqüstü, utana-utana mızıldandı:

— İmran Cəfəroviç, bir ilə yaxındır avarayam, bəlkə bir işdən-zaddan…

Osman güman edirdi ki, qohumu təqaüdə çıxsa da, vaxtıyla vəzifədə olub, neçə-neçə imkansıza, fağıra əl tutub, düzdür, indi ixtiyar sahibi deyil, heç bir səlahiyyəti yoxdur, amma yəqin ki, keçmiş əlaqələri durur, kimə ağız açsa sözünü yerə salmazlar.

Xəstə barmaqlarını boynunun arxasında daraqlayıb yataqda uzanmışdı. On-on beş gün qabaq keçirdiyi ikinci infarktdan sonra indi-indi özünə gəlirdi. Osman dediyinə peşiman olmuşdu. "Hənanın yeri deyildi".

İmran Cəfəroviç çuxura düşmüş gözlərini evin tavanına zilləyib bir xeyli fikirləşdi, sonra baxışlarını qonağına yönəldib:

— Marfa yadındadır? — soruşdu.

Osman çiyinlərini çəkib yaddaşının "arxivini" qurdalamağa başladı. Ad tanış idi ona, amma xatırlaya bilmirdi.

— Qabaqlar bir rus şoferim vardı e, onun arvadı, — İmran Cəfəroviç izah elədi. — Bizdə çox görmüsən onu…

— Hə, tanıdım! — Osmanın yadına düşdü. Marfagil doxsanıncı ilin yanvar qırğınından sonra tökülüşüb gəlmişdilər İmrangilə. Osman onu ilk dəfə onda görmüşdü. 30-32 yaşlarında çopursifət, kökəlməyə meyilli kifir bir qadın idi Marfa. Balaca, məktəbli qızlarını bağrına basıb yoluq cücə kimi oturmuşdu stolun arxasında. Əri Vasili qorxu, təlaş dolu mavi gözlərini İmrana zilləyib küçük kimi zingildəmişdi:

— Mı boyimsya, İmran Djafaroviç…

İmran da əlini ehmalca onun çiyninə qoyub köhnə tanışına ürək-dirək vermişdi:

— Fikir eləməyin, sizə gözünüz üstə qaşınız var deyən olmayacaq. Millətimiz qisasçı deyil, indiyədək necə yaşamısızsa eləcə də yaşayacaqsız Bakıda.

Bu kasıb rus ailəsinə yazığı gəldiyindən, deyəsən hələ Osman da söhbətə qarışıb inamla pafoslu bir nitq irad eləmişdi:

— Sovet qoşunlarının vəhşiliyinə görə sizin nə günahınız?! Heç ürək-göbəyinizi yeməyin. Güldən ağır söz deyən olmayacaq sizə… Xalqımız tükü tükdən seçən xeyirxah, böyük xalqdır…

Səsindəki arxayançılıq o vaxt bir az sakitləşdirmişdi onları.

— Mı iz za detey boyimsya… — Marfa başını qaldırıb mızıldanmışdı.

Osmanın o vaxt nazik səsli, ucuz, kəsif ətir qoxusu verən nimdaş libaslı cavan qadına, onun titrək əllərilə könülsüz halda çay içən ərinə, iki sarı cücə kimi analarına sığınmış günahsız körpələrinə doğrudan-doğruya yazığı gəlmişdi…

Sonra İmran Cəfəroviçdən eşitmişdi ki, Vasiligil evlərini satıb Rusiyaya köçmək fikrinə düşmüşdülər. Bu məqsədlə Vaska Stavropol diyarına kəşfiyyata yollanıb gözdən-nəzərdən uzaq, balaca kəndlərdən birində həyəti, bağ-bağçası olan xudmani bir ev də gözaltı eləmişdi. Bircə qalırdı Bakıdakı mənzillərini münasib qiymətə satıb şələ-şülələrini qablaşdırmaq.

Vasili tarixi vətənlərindəki xutoru İmran Cəfəroviçə ağız dolusu tərifləyib demişdi ki, yemək-içmək sarıdan oralarda bir az qıtlıq olsa da çaxır, samaqon boldu, özü də su qiymətinə. Traktorçu işləyəcəkdi, arvadını da donuz fermasına düzəldəcəkdi.

Beləcə həftələr, aylar biri-birini qovalamış, amma Vasiligil köçəsi olmamışdılar. Ya evlərinə elə qiymət oxumuşdular ki, müştərilər hürküb qaçırdı, ya mənzilləri təmirsiz, bərbad vəziyyətdə olduğundan alan tapılmırdı, ya da ki, təlatümlü, qarışıq dövrün tezliklə durulub düzələcəyi ümidilə bir az da gözləmək qərarına gəlmişdilər, nəydisə, ilişib qaldmışdılar şəhərdə. Bu arada İmran Cəfəroviçin bir telefon zəngiylə Marfanı hansısa zavoda xidmətçi qəbul elədilər və Osman onu bir də doxsan üçüncü ilin axırlarında gördü. Qızlarını götürüb yenə İmran Cəfəroviçgilə gəlmişdi. Vasili yox idi aralarında. Marfanın dediyinə görə, hələ yay vaxtı Stavropol diyarına üz tutub geri qayıtmamışdı.

— Navernoye spilsya i padox tam kak sabaka… (tərcüməsi: "Yəqin əyyaşlığa qurşanıb və haradasa it kimi gəbərib")

Bunu Marfa demişdi. Elə etinasızlıqla, biganə-biganə demişdi ki, guya söhbət onun doğmaca ərindən deyil, həqiqətən də hansısa avara bir köpək barəsində gedirdi və Osman o vaxt anlamışdı ki, tay bu arvad o kişidən əlini üzüb.

Marfanın o səfərki gəlişinin səbəbi başqaydı. Hakimiyyətdə cəbhəçilərdi. Dövlət dili haqqında qanun imzalanmış, prezidentin fərmanıyla bütün müəssisə və idarələrdə yazışmalar latın qrafikasına keçirilmişdi. Bu da təbii ki, Marfanı bərk hiddətləndirmişdi. Heç cürə gizləyə bilmədiyi qəzəblə soruşmuşdu ki, İmran Djafaroviç, a çto budet s moimi detmi? Yəni sabahdan rus məktəblərini bir-bir bağlamağa başlasalar fağır, məsum qızlarım neyləyəcəklər?..

Osmanı onda yaman gülmək tutmuşdu. Guya İmran Cəfəroviç elə hüdusuz səlahiyyət sahibiydi ki, bir əmrlə, bir qərarla prezidentin, parlamentin fərmanını ləğv etmək qüdrətindəydi və əgər istəsəydi, sabahları, işdi-şayəd, rus məktəblərini bir-birinin ardınca bağlamağa başlasaydılar, o bu prosesin qarşısını almaqda heç bir çətinlik çəkməyəcəkdi!

Son vaxtlar, əlbəttə, Marfanın dediyinə görə, zavodlarında da rusları sıxışdırmağa başlamışdılar, hamını azərbaycanca danışmağa məcbur edirdilər; bu dili bilməyən, öyrənmək istəməyən rusların, hətta rusdilli azərbaycanlıların belə xoruzlarını qoltuğuna vurub işdən qovacaqlarıyla hədələyirdilər və s. və i.a…

Marfanın gəlişinin məqsədi məlum idi: İmran Cəfəroviç onun arxasında dağ kimi durduğunu bir daha təsdiqləməli, onun və uşaqlarının "təhlükəsizliyinə" bir növ təminat verməliydi. Guya İmranın Cəfər dədəsinin Marfanın atası İvana borcu vardı; guya rəhmətlik Cəfər kişi oğlu hələ südəmər ikən İvanla müqavilə bağlamışdı ki, İmran böyüyüb əli çörəyə çatan kimi qızını, nəvələrini hamiliyə götürəcək, onlara sponsorluq edəcəkdi…

İmran qələt eləyib bir dəfə Vasyaya üz göstərmişdi! Buyur, indi də əhli-əyalı tökülüşüb kişidən astar istəyirdi…

O gün də İmran Cəfəroviç adətinə sadiq qalıb Marfanı arxayınlaşdırmışdı ki, get başının altına bir balış da qoyub rahat yat, nə qədər sağam, sizə ölüm yoxdur! Osman yanılmırdısa, İmran Cəfəroviçin yoldaşının da yuxa qəlbi riqqətə gəlmişdi, şəxsi əmanətindən yüz min manat götürüb basmışdı Marfanın cındır pul kisəsinə:

— Baxanda adamın ürəyi ağrıyır, qızlarına ayaqqabı alarsan!

Marfa pul kisəsini dolu sinəsinə sıxa-sıxa ağlamsınmışdı:

— Oy, rodnenkiye vı moyi, kak ya vam blaqodarna… (tərcüməsi: "Ah, mənim əzizlərim, sizə necə də minnətdaram")

O bu sözləri siçan civiltisini xatırladan nazik səslə bir yazıq-yazıq söyləmişdi ki, Osman da kövrəlmişdi. Özü də elə kövrəlmişdi ki, cibindəki beş-üç "şirvanla" uf demədən əlüstü vidalaşmaq xəyalına düşmüşdü, amma son anda ağlı gəlmişdi yerinə. Fikirləşmişdi ki, heç əməlli-başlı tanımadığı yad qadın bu səxavətini, iraq-iraq, tərsinə yozar, yəni birdən qayıdıb soruşar ki, İmran Cəfəroviç bizim böyüyümüzdür, ağsaqqalımızdır, ərkimiz çatır ona, bəs sən kimsən?! Yuyulmamış qaşıq kimi nə düşmüsən ortalığa? Dilənçi-zadam bəyəmləri?!.

İki-üç il əvvəl Marfanın çalışdığı zavodu bağlayıb işçiləri çölə atmışdılar. Elə o gündən Marfa başlamışdı İmran Cəfəroviçgilin telefonlarını zənglərilə "bombardman" eləyib imdad diləməyə. Bəs ölmüşəm, götürün məni yerdən…

Osman sonra eşitmişdi ki, İmran Cəfəroviç Marfanı tanış-tunuşlarından birinin köməkliyilə hansı idarəyəsə işə düzəldib. Həmin idarədə rəhbər işçilərdən birinə katibə lazım olmuşdu, şəxsən İmran Cəfəroviç də tənbəllik eləmədən Marfanı gətirib tanış eləmişdi onunla, tərifini göylərə qaldırmışdı. Guya bu qadının bir çay dəmləməyi, bir kofe hazırlamağı vardı ki, gəl görəsən. Təmizliyinə, səliqə-sahmanınasa söz ola bilməzdi…

İmran Cəfəroviç Marfanı vəsf eləyə-eləyə bir şeydən nigaran idi ki, Bakıda boya-başa çatmış bu qadın azərbaycanca hırnan-zırı qanmırdı, yəni dilimizdə yazılmış sənədlərdən, ərizələrdən necə baş çıxaracaqdı, yalnız bu səbəbdən katibəliyə yaramaya bilərdi. Amma nədənsə müdir dil probleminə toxunmadan elə o saat Marfanın əmrini verib işə qəbul eləmişdi onu…

Bu qadının nə elmi vardı, nə helmi, sir-sifətdən də kifirdi, amma əndamlıydı. Bəlkə təzə müdiri Behbud Qasımov cənablarının yoğun, ətli-canlı arvadlardan xoşu gəlirdi-nəydisə, kişi bir könüldən min könülə vurulmuşdu ona. Bunu indi İmran Cəfəroviç danışdı Osmana. Onun öz təbirincə desək, Behbud Qasımov "saxlayırdı" Marfanı, yəni katibə-məşuqəsinin yel vurub yengələr oynayan mənzilini avrostandartlara uyğun əsaslı təmir elətdirmiş, qızlarının hər ikisini instituta düzəltdirmişdi. Marfanın təkcə geyim-keciminin, "pudra-kraskasının" aylıq xərci bir fəhlənin yarım illik maaşı qədərdi. Bəxtəvəri işə, işdən evə aparmağa Behbud Qasımov xüsusi maşın da ayırmışdı… Xülasə, Behbud Qasımov cənabları — o boyda vəzifə sahibi dağ kimi durmuşdu Marfanın arxasında…

Osman gördü ki, İmran Cəfəroviç yatağında xəstə yata-yata yaman məlumatlıydı.

— Behbud Qasımov o idarədə ikinci adamdısa, Marfa üçüncüdür… — Bunu İmran Cəfəroviç kinayəli səslə arxayın-arxayın dedi, hələ üstəlik gülümsəməyə də çalışdı. — Bəxti açılıb İvanın qızının… Gedərsən yanına, adımı verərsən, bir şey fikirləşər. Bəlkə elə səni də tanıdı…

Ertəsi gün Osman yollanmışdı Marfanın ardınca. Onu idarənin giriş qapısı ağzında, darısqal polis köşkünün yanında görmüşdü. Arvadın sir-sifətindən od tökülürdü. Ağzı köpüklənə-köpüklənə çığırıb, yaşından xeyli qoca görünən bir gəlini kürəyindən kobudcasına dümsükləyə-dümsükləyə qabağına qatıb qovurdu.

— Von otsyuda, bejenka nesçastnaya! Çto b bolşe tvoyey protivnoy noqi zdes ne bılo! İş tı, rabotu zaxotela, ya pokaju tebe rabotu, çuşka urodlivaya! ("Rədd ol buradan, qaçqın bədbəxt qızı! Bir də murdar ayağın bura dəyməsin! Buna bax, iş axtarır, mən sənə göstərərəm iş nə olan şeydir, idbar donuz!")

Marfanın qaçqın, "çuşka" adlandırdığı qadınsa üst-başından cin hürkən beş-altı yaşlarında his-paslı oğlan uşağının əlindən tutub arxasınca sürüyərək yazıq-yazıq zarıyırdı:

— Ay Allah, günahımız nədir, ay Allah?!. Söz də soruşmaq olmur, kimə deyək dərdimizi, ay Allah?!

Köşkdən çıxan pəzəvəng polis bu yerdə özünü yetirib anayla balanı çölə vızıldatmışdı. Bu polis nəfəri xırda küçə alverilə məşğul olan qarıları, qız-gəlinləri əlindəki qara zopasını hərləyə-hərləyə pərən-pərən salan söyüşkən qanun keşikçilərinə zahirən necə də bənzəyirdi!

Sonra Marfa polisin üstünə düşüb abrını ətəyinə bükmüşdü. "Səhərin gözü açılmamışdan bu qaraçılar necə keçiblər idarəyə? Kim izn verib? Sən hara baxırdın? Yaxşı ki, özümü yetirdim, yoxsa Behbud Qasımov cənablarının kabinetinə soxulacaqdılar..."

Qorxudan sarısını udmuş yekəpər polis Marfuşanın qarşısında farağat durub dili topuq çala-çala sınıq-salxaq rus dilində üzrxahlıq eləmişdi:

— Bağışlayın, Marfa xanım (!), bir anlıq diqqətim yayındı, heç bilmədim necə soxuldular içəri. O həyasız qadın üç gündü gəlib-gedirdi idarənin qabağına, hər dəfə qapının ağzından qovurdum geri. Rəhbər işçilərlə görüşmək istəyirdi. Guya əri müharibə əliliydi, rəhmətə gedib, qalıb uşağıyla tək, acından ölməməkçün iş axtarır...

Osman mat-məəttəl qalmışdı: səsinin yoğun yerinə salaraq bar-bar bağıran bu qadın hər dəfə İmrangildə başını aşağı dikib sıxıla-sıxıla, fağır-fağır, siçantək civildəyən həmin o Marfaydımı?!

Bu həngamədən sonra qadına yaxınlaşmağa ürək eləmədi, qaş düzəldən yerdə vurub göz çıxara bilərdi. Marfa orda polisi qaçqına qatmışdı, qaçqını polisə, bu cinli vaxtında bəlkə heç dədəsi İvanı da tanımazdı, sən də bu yandan gəl ki, bəs məni filankəs göndərib, iş axtarıram.

Sonrakı iki gün istirahət günlərinə düşdü, bazar ertəsi tanışının atası rəhmətə getdi, başı qarışdı hüzürə. Bir də onda ayıldı ki, həftənin axırıdır. Cümə günü səhər tezdən gəlib kəsdirdi Marfanın işlədiyi idarənin qapısının ağzını. Köşkdəki növbətçi polis gəlişinin məqsədini öyrənib daxili telefonla Marfaya zəng elədi.

— Marfa xanım, vas xoçit vidit odin çilavek. Qto? — Dəstəyin mikrofonunu əliylə qapayıb üzünü Osmana tutdu. — Adınız nə oldu?

— Osman.

— Qavarit Osman. Qakoy Osman?

— İmran Cəfəroviç göndərib, İmran Cəfəroviç!

Polis telefonla "xaraşo, xaraşo" deyib dəstəyi yuvasına qoydu.

— Belə adam tanımır.

Osman pərt oldu. Zalımın qızı onu tanımırdı-tanımırdı, İmran Cəfəroviçi — xeyirxahını ki xatırlamalıydı! Yəni belə qudurmuşdu? Yox, bu bir anlaşılmazlıq idi, yəqin polis kişinin adını düzgün tələffüz etmədiyindən Marfa "İmran"ı "Kamran" kimi eşitmişdi. Hə, bəs necə, başqa variant mümkün deyildi, dünyanın ən alçaq adamı belə birdən-birə bu dərəcədə harınlaşa bilməzdi axı. Hər şeyin bir həddi-hüdudu olmalıydı, nankorluğun da həmçinin!

Daxili telefonla özü zəng eləmək istədi Marfaya. Qorxudan polisin rəngi qaçdı.

— Sən nə danışırsan, a kişi! Bir tikə çörək qazanırıq uşaqlarçün, istəyirsən onnan da olaq? O arvadın bir sözünü iki eləyənin bu idarədə atasını dalına… — "sarıyırlar" sözü ağzında qaldı, çünki bu vaxt Marfanın pilləkənlərlə aşağı düşdüyünü görüb özünü yığışdırmışdı.

Osman əvvəlcə tanımadı qadını. Bəxtəvərin qızı cavanlaşmışdı elə bil. Əyin-başı da abıra minmişdi. Zərif, bahalı ətir iyi verirdi.

— Zdrasti, Marfa İvanovna, kak dela?

Qadın bir anlıq ayaq saxlayıb gözlərini döydü.

— Ne uznali? Eto je ya — Osman!

— ?!.

— Skolko raz v dome u İmrana Djafaroviça…

— Kakoy İmran? — Marfa onun sözünü kəsib ağız-burnunu büzüşdürdü.

Osman uzun illərdən sonra indi onu lap yaxından gördüyündən diqqət yetirdi ki, arvad öz sir-sifətinə əməllicə maya qoyub, çünki gözlərinin kənarlarındakı qırışlar xeyli hamarlanmış, üzünün çopurları da sanki silinib getmişdi.

— İmran da, İmran Cəfəroviç! — Osman onun yadına salmağa çalışdı, hələ istədi "səni işə düzəldən adam" deyə aydınlaşdırsın, amma kişinin adını bica yerə çəkdiyinə görə əlüstü peşman oldu, çünki Marfa onun sözlərini qulaqardına vurub polisə təpinmiş, dişinin dibindən çıxanı demişdi paqonluya.

Osman geri çevrilib arxasına belə baxmadan üz qoydu çölə tərəf. Polislə Marfa idarənin qapısı ağzında durub ardınca hədyanlar yağdırırdılar. Boynunun ardına zillənmiş qəzəbli, kinli baxışlar Osmanın peysərini yandırırdı. Birdən-birə ona elə gəldi ki, boynu yoxa çıxdı, başı batdı çiyinləri arasına, beli də donqarlaşdı…

İmran Cəfəroviçgilə getsin, getməsin? Bəlkə ürəyi xəstə kişiyə zəng vurub Marfuşasının nankorluğu barədə telefonda danışsın? Desin ki, sənin adam bilib bəsləyib ərsəyə yetirdiyin qadın qudurğan dişi uzunqulağın biriymiş, qoşa təpik atdı mənə, canımı əlindən güc-bəla xilas eləmişəm… Darısqal marşrut avtobusun arxa oturacağında əyləşmiş Osman bunları fikirləşirdi. Maşının radiosundan rus müğənni qadının incə səsi ahəstə-ahəstə salona yayılmaqdaydı:

"…Napilas ya pyana,

Ne doydu do doma…"

"İçmişəm, sərxoşam, evimə yetişə bilməyəcəm" — musiqinin sözlərimi, mahnının melodiyasımı-nəsə sürücünün sümüyünə düşmədiyindən radionun düyməsini burub başqa kanalı tutdu. Orda "Xəbərlər" idi: "…Dünən axşamçağı 30-35 yaşlarında bir qadın körpə uşağıyla birlikdə özünü Milli parkda dənizə atmışdır. (Maşını zəif uğultu bürüdü: sərnişinlər içini çəkmişdi.) Bir saatdan sonra dalğıcların köməyilə meyitləri sahilə çıxarmaq mümkün olmuşdur. Rayon polis idarəsindən aldığımız məlumata görə, ölənlər 1969-cu il təvəllüdlü, heç yanda işləməyən Qarabağ qaçqını Filankəsova Filankəs Filankəs qızı və onun doqquz yaşlı oğlu…"

…Osman avtobusu yarıyolda saxladıb düşmüşdü. Evəcən üç-dörd kilometrlik yolu piyada gedəcəkdi. İndi ürəyində yıxıb-sürüdüyü İmran Cəfəroviçə nə baş çəkəcəkdi, nə də telefon vasitəsilə bugünkü olaylardan onu məlumatlandıracaqdı. Bəlkə heç bu adda adam da tanımayacaqdı indən belə. Ona elə gəlirdi ki, (düzdür, bu bir ehtimaldı) dənizdə uşağıyla özünü boğan qadın İmran Cəfəroviçlərin əzizləyib harınlaşdırdıqları, böyük bir təşkilatda Qoçu Əsgərin keçisinə döndərdikləri Marfuşanın ötən həftə idarə qapısından qovaladığı həmin o qaçqın gəlin idi…

Evinə çatar-çatmaz xəyalında qəflətən qəribə mənzərə canlandı: ucsuz-bucaqsız şaxtalı Rusiyanın ucqar əyalətlərindən biri. Təmirə ehtiyacı olan köhnə, uçuq-sökük donuz ferması. Sonra fermanın taxta qapısı cırıltıyla açılır və ayaqlarına "valenkalar", əyninə cındır "teloqreyka" geymiş sərxoş Marfuşa işdən çıxıb dizəcən qara bata-bata cır, donuz civiltisini xatırladan səsilə ucadan oxuyaraq ləngər vura-vura "izba" adlanan daxmasına sarı səmt alır…

"…Napilas ya, pyana,

ne doydu do doma…"

***

…Birdən Osmanın yadına düşdü ki, uşaqlıqda kinorejissor olmaq istəyirdi və bu mənzərə heç vaxt lentə alınmayacaq bir filmin son kadrlarıydı…

XS
SM
MD
LG