Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:40

Əliyevlər bahalı gəmilərdə xalqın puluyla gəzir


"Xədicə Layihəsi" üzrə Azərbaycan prezidenti İlham Əliyev və ailəsi barədə yeni təhqiqatının nəticələrinə dair reportaj dərc olunub.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) Azərbaycan prezidenti İlham Əliyev və ailəsi barədə yeni təhqiqatının nəticələrinə dair reportaj dərc edib.

“Azərbaycan: Əliyevlər ailəsinin və dostlarının SOCAR-ın superyaxtalarında kruiz səfərləri” sərlövhəli həmin reportajda bildirilir ki, hakim elitanın qiyməti 59 milyon dollar olan iki lüks gəmidəki səyahətləri Azərbaycanı xalqını ildə 12 milyon dollar neft gəlirindən məhrum edir.

Hakim elitanın qiyməti 59 milyon dollar olan iki lüks gəmidəki səyahətləri Azərbaycanı xalqını ildə 12 milyon dollar neft gəlirindən məhrum edir

Məqalədə bu da qeyd olunur ki, SOCAR-dan əvvəllər də hakim ailənin xərclərinin ödənməsi üçün istifadə edilib.

Ailə Londonda 25 milyion dollar dəyərində olan malikanəsini də SOCAR-ın adına qeydiyyatdan keçirib.

Bu gəmilərin ekipaj üzvləri OCCRP-yə bildiriblər ki, İlham Əliyevin ailəsi və onların dostları bu yaxtalarda tez-tez San-Tropez və Kann kimi yerlərə səyahətlər ediblər.

Məqalədə deyilir ki, Əliyevlər ailəsinin real gəlirlərindən dəfələrlə bahalı yeni xarici mülkiyyətləri barədə də məlumatlar əldə olunub.

Prima yaxtası

Əliyevlər ailəsinin istifadəsində olan uzunluğu 54 metrlik Prima yaxtasının 2012-ci ildəki satış qiyməti 32 milyon dollar olub.

Onun dəbdəbəli interyeri 12 qonaq üçün nəzərdə tutulub. İnteryerin divarları mərmər, dəri və bahalı parçalardan üzlənib.

General və cangüdənləri

Yaxtanın ekipaj üzvlərindən biri İtaliya Təhqiqat Jurnalistikası Layihəsinə (IRPI) bildirib ki, ailənin özü burada həmişə olmasa da, başqa nazirlər, o cümlədən nəqliyyat naziri Ziya Məmmədov gəminin daha çox qonağı olurlar.

Ekipaj üzvləri bunu da bildiriblər ki, məsələn, 2013-cü ildə keçirilən Kann Festivalı zamanı rəsmilər Primadan yalnız nahar etmək üçün istifadə ediblər. Heyət üzvlərinin fikrincə, onlar jurnalistlərin diqqətini cəlb etməmək üçün gəmidə yox, şəhərdəki otellərdə gecələyiblər.

Məsələn, general Bəylər Əyyubov bu yaxtaya Sardiniyadakı Porto Cervo şəhərində öz cangüdənləri ilə bir neçə dəfə baş çəkib.

Yaxta heyətinin üzvləri deyiblər ki, onlar heç vaxt gəmidə gecələmirdilər, əvəzində gecəsi 51-57 min dollara olan bahalı otellərdə qalırdılar.

Prezident maaşına bir bak yanacaq

Yaxta ekipajının üzvləri qabiliyyət və peşəkarlıqlarına görə kirayələniblər və OCCRP-dən xahiş ediblər ki, kimlikləri gizli qalsın.

Belə gəminin bir bak yanacağının qiyməti təxminən prezident Əliyevin bəyan edilmiş illik maaşı qədərdir

Gəmi heyəti bildirib ki, onlara vaxtaşırı müxtəlif yerlərə üzmək tapşırılır. Heyətin üzvləri düşünürlər ki, bu, yaxtanın sahibinin kim olmasından və getdiyi yerlərdən diqqətin yayındırılması üçün edilir.

Məqalədə bildirilir ki, bu yaxta bir saatda 1900 dollarlıq yanacaq işlədir və onun bakı 118 min 600 litr tutumuna malikdir.

Belə gəminin bir bak yanacağının qiyməti (220 min dollar) təxminən prezident Əliyevin bəyan edilmiş illik maaşı qədərdir.

Hazırda Prima Panama bayrağı altında üzür və Panama Dənizçilik İdarəsində qeydiyyatdadır.

Gəminin sahibi kimdir?

OCCRP yazır ki, yaxtaya aid lisenziya ilə tanışlıq üçün Azərbaycanın Londondakı konsulluğuna müraciət edib. Konsulluq bu işə əvvəlcə canla-başla razılıq versə də, bir neçə gündən sonra belə bir gəminin onların məlumat bankında yerli-dibli olmadığını bildirib.

Onlar heç vaxt gəmidə gecələmirdilər, əvəzində gecəsi 51-57 min dollara olan bahalı otellərdə qalırdılar

OCCRP Panama Dənizçilik İdarəsinin ABŞ ofisindən bu yaxtanın orada qeydiyyatda olduğunu öyrənə bilib. Təşkilat bu məlumatı təkrar London konsulluğuna bildirəndə isə, bu dəfə diplomatlar başqa cür danışıblar və deyiblər ki, gəminin daimi heyəti yoxdur və buna görə də onun sahibliyi barədə məlumatı almaq qeyri-mümkündür.

Lakin Prima həm də Amerika Gəmiçilik Bürosunda (American Bureau of Shipping) qeydiyyatdadır və idarə gəminin SOCAR-a məxsus olduğunu bildirib. Amma büro gəminin bundan əvvəlki sahibləri barədə məlumata malik olmadığını söyləyib.

“Bir növ nazir müavini kimi…”

Bütün bunlara baxmayaraq, büro əməkdaşlarının birindən bu məlumatı almaq mümkün olub.

O bir növ Dövlət Gəmiçilik Administrasiyasında nazir müavini kimidir. Bura həmişə formada gəlir

Həmin nümayəndə bildirib ki, Primanın hazırda bağlı olduğu “Prima Shipping and Marine Services” şirkəti Panamada qeydiyyatdadır və onun sahiblərindən biri Rəsul Həsənov adlı şəxsdir.

Bu da bildirilib ki, Həsənov Azərbaycanın Dövlət Gəmiçilik İdarəsinin işçisidir.

Gəmi heyəti onu da deyib ki, Həsənov bu gəmidə olub.

“O bir növ Dövlət Gəmiçilik Administrasiyasında nazir müavini kimidir. Bura həmişə formada gəlir” – deyib ekipaj üzvü.

Başqa bir ekipaj üzvünün dediyinə görə, yaxtadan Azərbaycan Dövlət Gəmiçilik İdarəsinin rəhbəri Qüdrət Qurbanov da istifadə edib.

“Balaca” yaxta ürək bulandırıb

Həmin ekipaj üzvü bildirib ki, prezident Əliyevi bu yaxtada bir dəfə görüb.

Bundan əvvəl yaxtadan prezidentin qızlarından biri və oğly Heydər istifadə edib. O vaxt gəmiyə şam yeməyi üçün Sardiniyadan Cəbəllütariqə üzmək komandası verilib.

OCCRP-nin hesabatında deyilir ki, prezidentin böyük qızı Leyla Əliyeva bu gəmidən başqa ailə üzvlərindən daha çox istifadə edib.

Ekipajın verdiyi məlumata görə, Leyla Əliyeva gəmiyə ildə bir neçə dəfə, o vaxtkı əri Emin Ağalarovla gəlibmiş.

Məqalədə deyilir ki, başqa bir ekipaj üzvü Əliyevlərin bu yaxtaya niyə hərdən bir gəlməsinə aydınlıq gətirib.

O deyib ki, bir dəfə prezident xanımı ilə qısa bir dəniz səyahətinə çıxanda birinci ledinin ürəkbulanması olub. Bundan sonra birinci ledinin işçiləri şikayətləniblər ki, yaxta çox balacadır. Onlar həmçinin 70-100 metrlik daha böyük yaxta almaq barədə söhbət ediblər.

Varlığa nə darlıq?

Məqəladə deyilir ki, “Əliyevlərin xoşbəxtliyindən onların dəbdəbəli yaxtalar arasında bir neçə seçimi var”.

Ekipaj üzvlərindən biri OCCRP-yə bildirib ki, onların Xəzərdə ən azı iki yaxtaları var və başqa məkanlarda da yaxtalar mövcuddur.

Gəmilərdən birinin – 44 metrlik yaxtanın maraqlı adı var: Sedation A (dərmanların köməyi ilə sakitləşdirmə, bihuşetmə).

Məqalədə deyilir ki,superyachts.com saytının yazdığına görə Sedation A yaxtası 10 qonaqlıqdır. Yaxtada gəmi sahibi üçün ayrıca kayut və VİP kayutu da var.

Sedation A yaxtasının tayı olan My Petra adlı gəmi 2010-cu ildə 27 milyon dollara satılıb.

“Orta azərbaycanlı” 5357 il işləyə bilərmi?

“Orta azərbaycanlının illik maaşının 5040 dollar olduğu nəzərə alınarsa, həmin azərbaycanlı Sedation kimi yaxtaya sahib olmaq üçün 5357 il işləməli olardı” – yazır müəlliflər.

Orta azərbaycanlı Sedation kimi yaxtaya sahib olmaq üçün 5357 il işləməli olardı

“Lakin bu yaxtanı alan adi azərbaycanlı deyil” – vurğulanır məqalədə. Bu da SOCAR vasitəsilə alınıb. Onun balaca tayı olan Atlant yaxtası adətən Sedation A gəmisi ilə yanaşı Bakı Yaxta Klubunun körpüsündə lövbərlənir.

Xəbər verilir ki, Sedation A yaxtasının sahibi SOCAR-a çox bağlı “Caspian Marine Services” şirkətidir, lakin bu yaxta həm də Rusiyada qeydiyyatdadır.

Prezidentlərin yaxta şakəri

“Belə görünür ki, lüks əşyaları dövlət şirkətləri vasitəsilə almaq xüsusiyyətini Əliyevlər dost münasibətdə olduqları ən azı iki dövlət başçısı ilə bölüşürlər” – deyilir məqalədə.

Rusiyanın gəmiçilik reyestrində Sedation A yaxtasından başqa bir gəmi də var.

Wind adlı bu yaxta Türkmənbaşı Neft Emalı Kompleksinə məxsus olsa da, Wikileaks saytının məlumatına görə əsl sahibi hazırkı Türkmənistan prezidentidir. 77 milyon dollarlıq bu yaxtanın köhnə adı Qalxınış olub.

Bu siyahıda Vladimir Putinə aid edilən Çayka yaxtası da var.

2380 azərbaycanlının illik maaşı

Bu məqalədə söhbəti gedən əsas iki yaxtanın – Sedation A və Primanın ümumilikdə 59 milyon dollar dəyəri var.

Bu "donanma”nın illik 12 milyon dollar xərcinin əvəzində orta əməkhaqqı ilə 2380 azərbaycanlı işçiyə bir ilin maaşını vermək olardı

Onların istismarı üçün illik xərc, yaxtaların öz dəyərlərinin 10 faizini təşkil edir.

Hələ 10 faizlik də təmir, təzələmə və sair kimi cari xərclər də mövcuddur.

Məqalədə deyilir ki, ara-sıra istifadə olunan bu "donanma”nın illik 12 milyon dollar xərcinin əvəzində orta əməkhaqqı ilə 2380 azərbaycanlı işçiyə bir ilin maaşını vermək olardı. Bu xərclər prezident İlham Əliyevin də illik 228 min dollarlıq maaşından 50 dəfə artıqdır.

Məqalənin sonunda müəlliflər sual edirlər ki, ən azı Primadan danışanda, görəsən onun sahibi olan SOCAR niyə bu yaxtadan istifadə etmir?

Şirkət jurnalistlərin bu sualını cavabsız buraxıb.

XS
SM
MD
LG