Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:23

«İşləri çətinə düşəndə qaçqını qabağa verirlər»


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Neçə illərdir deyirlər, «evlər tikirik, dözümlü olun»... Gəlsinlər bircə gün sığındığımız bu xarabalıqda qalsınlar, görək dözümlü ola bilirlərmi?».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Buzovnadakı keçmiş «Xəzər» sanatoriyasında məskunlaşan köçkünlər deyir. Azı 20 ildir ki, keçmiş sanatoriyanın binasında 135 məcburi köçkün ailəsi məskunlaşıb. İndi binanın qəzalı olması burada yaşayanları narahat edir.

Köçkün Mina Əzizova: «Bizə inkişafdan, qayğıdan dərs keçmək lazım deyil. Belə nağılları çox eşitmişik. Bizə konkret kömək lazımdır. İşləri çətinə düşəndə köçkünü, qaçqını qabağa verirlər. Ancaq yaşayışımız heç kəsi maraqlandırmır».

«BİNA BAŞIMIZA UÇUR»

Köçkünün dediyinə görə, binanın qəzalı olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara yazıblar, ayaq döyüblər. Hər dəfə də onları ümidləndirib geri qaytarıblar:

«Bizimlə nə «Qaçqınkom», nə də Fövqəladə Hallar Nazirliyi maraqlanır. Gedirlər orda-burda muzeylər təmir etdirirlər, ancaq burunlarının ucunda bina başımıza uçur, divara bir suvaq çəkməyə əlləri gəlmir. Sığındığımız binanın zirzəmisi su ilə doludur, hər an çökmə təhlükəsi var. Elektrik xətləri çoxdan istifadə müddətini başa vurub, naqillər açıq, bir-birinə qarışıq... Uşaq dəhlizə çıxanda narahat oluruq ki, cərəyan vurar, faciə baş verər».

Binanın başqa sakini Qənirə Məmmədova 1-ci qrup əlildir. Uzun illərdir ki, köçürüləcəkləri günü səbirsizliklə gözləyir:

«Buradan çıxartsınlar bizi... Hər ailə birotaqlı mənzildə yaşayır. Hamam yox, tualet yox... Hamı bir mətbəxdən istifadə edir. Antisanitariya baş alıb gedir. Adamlar növbə ilə yuyunurlar, çirkli paltarları yuyub-qurutmağa yer yoxdur. Yayda toz-torpaq, qışda palçıq... Sınıq-salxaq eyvanlar... Pilləkənlər ayağımızın altından qaçır. Dəhlizlər zir-zibilli, üfunət qoxuyur. Belə şəraitdə yaşamağa məcburuq. Mən əliləm, mənə daha çətindir».

«NƏSİL ARTIRMAQ DÖVLƏTİN MARAĞINDA OLMALIDIR»

Qənirə Məmmədovanın həyat yoldaşı Qarabağ müharibəsində həlak olub. Özü isə müharibə əlilidir. İki övladını keçmiş sanatoriyadakı təkgözlü otaqda təkbaşına böyüdüb. Köçkünlük düşəndə və sığınmağa buranı seçəndə, otaq çatışmazlığına görə başqa qohumları ilə eyni otağa sığınıblar:

«Heç bilmədim cavanlığım hara getdi. 20 ildir buradayıq. Bir otaqda 7 nəfər yaşayırıq. Oğlanlarımı nişanlamışam, toylarını edə bilmirəm. Biri 4, o biri 2 ildir ki, nişanlıdır. Gəlinləri hara gətirim, bilmirəm... Dövlət bunu düşünməlidir. Çox ciddi məsələdir. Nəsil artırmaq olmur. Nəsillərin artması dövlətin öz marağında olmalıdır. Sabahımızı düşünən yoxdur. Evsizlikdən, işsizlikdən, imkansızlıqdan heç kəs ailə qurmaq istəmir. Bu, dövlətin gələcəyi üçün faciədir. Elə televizorda göstərirlər ki, köçkünləri təzə şəhərciklərə köçürdürlər. Bəs bizi niyə köçürmürlər?..Bizim durumumuz daha ağırdır. Axşam yatırıq, səhərə salamat çıxacağımıza ümid yoxdur. Bina dağılsa, heç canımızı götürüb qaça da bilməyəcəyik. Daş-kəsəyin altında qalacağıq. Vallah, bezmişik».

Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsi isə köçkünlərə səbirli olmağı məsləhət görür. Bildirir ki, Dövlət Proqramına uyğun olaraq binalar, şəhərciklər tikilir, köçkün ailələri növbəli qaydada təzə evlərə köçürülür. Vaxt çatanda keçmiş «Xəzər»ə sığınmış köçkünlər də təzə evlərdə yaşayacaq.

Köçkünlərsə dövlət qurumlarının, heç olmasa, sanatoriyanın keçmiş binasına əl gəzdirmələrini istəyirlər. Təzə binaya köçüncə köhnəsinin altında qalıb məhv olmamaq üçün...

XS
SM
MD
LG